Kənan
Aslanlı
Azərbaycan
Açıq Büdcə İndeksi 2017 üzrə 100 mümkün baldan 34-nü toplayaraq 115 ölkə
arasında 78-ci sıraya geriləyib. Azərbaycanın topladığı 34 bal 2015-ci ildəki nəticəsindən (51 bal)
əhəmiyyətli dərəcədə aşağıdır.
Beynəlxalq
Büdcə Tərəfdaşlığı (International Budget Partnership - IBP) dünyada dövlət
büdcələrinin şəffaflığını və hesabatlılığını qiymətləndirən Açıq Büdcə
İndeksinin 2017-ci il üzrə nəticələrini dərc
edib. Açıq Büdcə İndeksi 145 indikator
üzrə Açıq Büdcə Sorğusunun (Open Budget Survey) nəticələri əsasında tərtib
edilir.
İndeks
8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi,
təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük büdcə icrası
hesabatları, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı)
hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə
açıqlanması səviyyəsini ölçür.
Azərbaycanın
yerləşdiyi sıra o deməkdir ki, bizim ölkə cəmiyyətə minimal büdcə məlumatı
verən ölkələr səbətindədir. Qonşu ölkələrdən Gürcüstan (82/100) daha şəffaf
büdcəsi olan 5 ölkədən biri seçilib. Türkiyə və Qazaxıstanın mövqelərində
irəliləyiş, Rusiyada isə geriləmə var. Diaqram 1-də Azərbaycanın illər üzrə
Açıq Büdcə İndeksini görmək mümkündür.
Diaqram
1-dən göründüyü kimi, 2015-ci ildən bəri Azərbaycanda cəmiyyətə verilən büdcə
məlumatlarının səviyyəsi azalıb.
Açıq
Büdcə İndeksinin ötən il üzrə nəticələrinə görə, Azərbaycanda 8 əsas büdcə
sənədindən ikisini (büdcəöncəsi bəyanat, yarımillik büdcə icmalı) ümimiyyətlə
açıqlanmır, birini isə (vətəndaş büdcəsi) gec yayımlanır. Azərbaycanda əsas
büdcə sənədlərinin açıqlığı Diaqram 2-də verilib. Aylıq və ya rüblük büdcə
icrası hesabatlarında, hökumətin büdcə layihəsində də məzmun zənginləşməli və
verilən məlumatların miqyası artmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycan
büdcəöncəsi bəyanatı və yarımillik büdcə icmalını ictimaiyyətə açıqlamalıdır.
İllik əsasda nəşr edilən Audit Hesabatının məlumatlılıq məzmunu
gücləndirilməlidir. Dövlət büdcəsinin şəffaflığı baxımından mövcud situasiyanın
təkmilləşməyə ehtiyacı vardır.
Düzdür,
2014-2018-ci illərdə Azərbaycan hökuməti “Vətəndaşın Büdcə Bələdçisi” sənədini
Maliyyə Nazirliyinin saytında yerləşdirilib, hökumətin büdcə layihəsində nəzərdə tutulan bəzi məlumatların
miqyası artırılıb, amma bu ölkənin indeksinin yaxşılaşdırılması üçün yetərli
deyil. Çünki, biri tərəfdən də yarımillik büdcə icmalının açıqlanmasının dayandırılması
və təqdim olunan məlumatların keyfiyyətinin də aşağı düşməsi müşahidə olunur.
“Vətəndaşın
Büdcə Bələdçisi” Azərbaycanın illik büdcəsinin asan və anlaşıla bilən bir
icmaldır. Müvafiq ildə ediləcək xərcləmələri və bu xərclərin maliyyə mənbələri ilə
bağlı təməl bilgiləri ehtiva edir və bunları sistemli şəkildə ictimaiyyətə
çatdırır. Digər tərəfdən, icra ediləcək siyasətlərin sadə dildə cəmiyyətə
açıqlanması, maliyyə ehtiyatlarının idarə edilməsinin təməl prinsiplərindən
olan şəffaflıq və hesabatlılığın təmin edilməsi baxımından böyük önəm
daşımaqdadır.
Açıq
Büdcə İndeksinin metodoloji şərhlərinə əsasən hökumətlərin nəşr etməli və
yaymalı olduqları “Vətəndaş Büdcəsi” (Citizens Budget) büdcə ili ərzində baş
verəcək fəaliyyətlər və planlarla bağlı vətəndaşların məlumatını artırmaq və
düzgün qavrayışını təmin etmək məqsədilə büdcə sənədinin qeyri-texniki dil və
əlçatan formatda hazırlanan sadələşdirilmiş versiyası olmalıdır.
Aydın
məsələdir ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsi üçün
kifayət deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının
genişləndirilməsi də zəruridir. Azərbaycanda büdcə prosesində ictimai
iştirakçılıqla bağlı qiymətləndirmədə bu sahədə vəziyyəti təkmilləşdirmək üçün
Maliyyə Nazirliyi və Milli Məclisin birgə şəkildə mərkəzi hökumət büdcəsi
layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirilməsi
vacibdir.
Ölkəmizdə
büdcə üzərində kənar nəzarət büdcə şəffaflığı və ictimai iştirakçılıq
komponentlərinə nisbətən indeksdə yüksək qiymətləndirilib (100-dən 63 bal).
İndeksin Azərbaycan üzrə ölkə hesabatında ali audit qurumu olan Hesablama
Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində müəyyən təsir
imkanlarına malik olduğu da vurğulanıb. Hesabata əsasən, ümumi mövqeyi güclənməli
olan Milli Məclis xüsusilə maliyyə ilinin ortasında büdcəyə nəzarət
tədbirlərini gücləndirməli və yeni hesabatlar açıqlamalıdır.
İctimai
iştirakçılıq komponenti üzrə isə Azərbaycanın 100-dən cəmi 11 bal almağı
göstərir ki, büdcə prosesində ictimaiyyətin iştirakı yox səviyyəsindədir. Açıq
Büdcə İndeksinin tələblərinə görə, büdcə layihəsi hazırlananda və parlamentdə
müzakirə olunanda ictimai iştirakçılıq təmin edilməlidir. Eləcə də dövlət və
qeyri-hökumət təşkilatlarının iştiraki ilə qanunverici orqanda illik büdcənin
formalaşdırılması və nəzarətlə bağlı ictimai dinləmələr keçirilməli,
ictimaiyyətin müvafiq audit yoxlamalarında iştirak etməsi üçün formal
mexanizmlər də yaradılmalıdır.