29 Temmuz 2020 Çarşamba

İnqilab Əhmədov: "Neft gəlirlərindəki azalmanı qaz gəlirlərlərindəki artım əvəzləmək imkanına sahib deyil"



2020-ci ilin sonunda TAP layihəsinin işə düşməsi ilə Cənub Qaz Kəməri tam gücü ilə işləməyə başlayacaq və Azərbaycandan qaz ixracı xeyli artacaq. Proqnozlara əsasən, Avropaya qaz ixracının başlanması hesabına 2021-ci ildən Azərbaycan böyük gəlir əldə edəcək.
Qaz gəlirlərinin artması neft satışından əldə edilən gəlirlərin azalması fonunda baş verəcək. Bəs, qaz gəlirlərindəki artım neft gəlirlərindəki azalmanı kompensasiya edə biləcəkmi?  
2020-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yatağından 2,206 milyard dollar gəlir əldə edilib. “Şahdəniz” yatağından (kondensatla birgə) gəlir isə 197 milyon dollar olub. Bunun 131 milyon dolları kondensat satışından əldə edilib.
Qaz gəlirlərindəki artımın neft gəlirlərindəki azalmanı kompensasiya etmək imkanlarını şərh edən "İqtisadi Forum" ekspert qrupunun üzvü, professor İnqilab Əhmədov bildirdi ki, neft gəlirlərindəki azalmanı qaz gəlirlərlərindəki artım əvəzləmək imkanına sahib deyil. Onun sözlərinə görə bunun bir neçə səbəbi var və əsas səbəb neftin renta dəyərinin daha yüksək olmasıdır. “Neftin bazar qiyməti ilə maya dəyəri arasındakı fərq dəfələrlə çoxdur. Buna görə də ümumi gəlirlərdə neft gəlirlərinin yerini qazdan əldə edilən gəlirlər verə bilmir”, - deyən İ.Əhmədov Azərbaycanın qaz layihələrində maraqlı proseslər müşahidə edildiyini də söylədi. O qeyd etdi ki, qaz satışından əldə edilən gəlir gözlənildiyindən də azdır: “Bizim layıhələrdə nə cür əksini tapıbsa, gəlirliliyimiz qazın renta gücünə uyğun olaraq əldə edilmir. Fikrimcə, qaz gəlirlərimiz daha çox olmalı idi. Son illərdə “Şahdəniz”dən əldə etdiyimiz gəlirlərimiz il ərzində ən yaxşı halda bir neçə yüz milyon dollar təşkil edib. Neftdən əldə edilən gəlirlər fonunda qaz satışından daxil olan gəlirlər olduqca azdır. Bu da çoxlu səbəblərlə, o cümlədən layihələrdəki şərtlərlə bağlıdır”.
Həmsöhbətimiz vurğuladı ki, son illərdə neftin dəyərdən düşməsi, pandemiya ilə əlaqədar daha da ucuzlaşması neftdən çox qazın qiymətinə mənfi təsir göstərib: “Qazın qiyməti neftin qiyməti ilə əlaqəlidir. Hətta əvvəllər qaz satışı müqavilələrini bağlayanda neftin qiyməti nəzərə alınırdı. Sonrakı dövrlərdə müqavilələrdə neft qiymətlərindən asılılıq aradan qaldırıldı. Amma buna baxmayaraq yenə də qaz satışı müqavilələri bağlananda neftin qiyməti nəzərə alınır”.
İ.Əhmədov müxtəlif səbəblərin təsiri ilə qaz bazarlarında konyukturanın qaz ixrac edən ölkələr üçün əlverişli olmadığını və bu vəziyyətin uzun müddət qala biləcəyini söylədi: “Son illərdə qaz qiymətlərinin enməsinin bir səbəbi də maye qaz (LNG) satışlarının artmasıdır. Qaz artıq mobil əmtəəyə, daşına bilən əmtəəyə çevrilib. Qaz ixracında bazarın yaxın olması önəmli məsələdir. Azərbaycana ən yaxın və əlverişli bazar Avropa bazarıdır. Avropada qazın qiyməti ilə bağlı konyuktura qaz ixrac edən ölkələr üçün olduqca əlverişsizdir. Rusiyanın ən böyük qaz şirkəti “Qazprom”un Avropada milyardlarla dolar dəyərində itkiyə uğrayıb.  
Mövcud vəziyyət qaz gəlirlərinin yüksək olmayacağından xəbər verir və bunu indidən nəzərə almalıyıq. Yaxın illərdə, baxmayaraq ki, “Şahdəniz-2” və Cənub Qaz Kəməri tam gücü ilə işə salınacaq, ən yaxşı halda karbohidrogen gəlirlərinin şaxələnməsindən danışa bilərik. Ancaq biz heç bir halda ölkəyə son illərə qədər 10 milyardlarla dollar gəlir gətirən və hazırda gəliri 10 milyard dollardan da aşağı düşən neft gəlirlərinin qaz gəlirləri ilə əvəzlənməsinə nail ola bilməyəcəyik. Qaz gəlirlərində pik dövr 2023-2024-cü illərdə olacağı gözlənilir. Həmin illərdə xalis gəlirin bir neçə milyard dollar olacağı proqnozlaşdırılır. Bu məbləğ neft gəlirlərində azalan hissəni nəinki tam, hətta yarıya qədərini kompensasiya edə bilməyəcək”.

28 Temmuz 2020 Salı

Elçin Rəşidov: "Əmanətlərin Sığortalanması Fondu yenidən təşkil edilməlidir"


 
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqi bu ilin dekabrında başa çatacaq. Mərkəzi Bank rəsmilərinin açıqlamasına əsasən, həmin tarixə qədər əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanıb qəbul ediləcək. Yeni mexanizmdə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bəs, əmanətlərin sığortalanması sistemində hansı yeniliklər, dəyişikliklər olmalıdır?
“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidov hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) işləmə prinsipi bazar iqtisadiyyatı qaydalarına uyğunlaşdırılmalıdır. Onun fikrincə, hazırda ƏSF bazar prinsipləri ilə fəaliyyət göstərmir və bu vəziyyət həmişə problem yaradır.
“ƏSF-nin özünün əvvəldən işləmə mexanizmi, mayası bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil və sığortaçı təşkilat kimi çıxış etmir”, - deyən E.Rəşidov söylədi ki, bütün problemlərin mənbəyi burdadır: “Sığortaçı təşkilat sığortalının risklərini sığortalayır. Burada sığortalı ilə sığortaçı arasında heç bir müqavilə yoxdur. Sığortalı kimdir? Sığortalı bankda əmanət yerləşdirəndir. Problem ondadır ki, sığortalı bankda əmanət yerləşdirdikdə avtomatik sığortalanır. Əmanətçi könüllü şəkildə pulunu ödəməklə vəsaitini sığortalaya bilməlidir. Fond kluba üzvlük haqqı toplayan kimi sığorta haqqı alır, sığortaladığı adamlarla, yəni, əmanətçilərlə müqavilə bağlamır. ƏSF üçün sığorta haqqını banklar toplayır.
Sığortaçı təşkilat bütün banklara eyni sığorta haqqı qoya bilməz. Sığorta haqqı bankın özünün riskinə uyğun olaraq əmanətə nisbətdə müəyyənləşdirilməlidir.  Bu nisbət bankın risk vəziyyətinə uyğun olaraq əmanətin məbləğinin 1-2 faizi qədərində ildə bir dəfə tutula bilər. Burada sığortaçı sığortalının qarşısında məsuliyyət götürür və müqavilə müddətində məsuliyyətdən qaça bilmir. Hazırda isə vəziyyət başqa cürdür.
ƏSF aktuar işlər aparmır, bankların risklərini ölçmür. ƏSF sığortanın riskini ölçmədən sığorta haqqını necə tələb edə bilər? Hansı sığorta təşkilatı sığortalının riskini ölçmədən sığorta haqqı müəyyənləşdirir? ƏSF yalnız sığorta haqqı toplamaqla məşğuldur”.
E.Rəşidov ƏSF-nin daha çox bank bağlayan təşkilat kimi tanındığını və bağlanan bankların inzibatçısı kimi çıxış etdiyini söylədi. Onun fikrincə, ƏSF-nin bu fəaliyyəti maraqların konfliktiki yaradır: “ƏSF əmanətlərin sığortalanmasını, qorunmasını və bununla da Azərbaycanda əmanət, depozit sektorunun böyüməsini, fondların dövriyyəsini təmin etməkdə maraqlı olmaqdansa, bankların bağlanmasında maraqlıdır. Yalnız banklar bağlananda ƏSF üçün iş imkanı yaranır. Bu zaman ƏSF nə edir? İlk işi bankların aktivini nəzarətə götürməkdir. Aktivlər hesabına sığortalı əmanətlər üzrə sığorta ödənişini edir. Burda da bazar iqtisadiyyatı qaydaları pozulur. Sığortaçı təşkilat sığorta ödənişlərini öz vəsaiti hesabına verməlidir, başqasının pulunu götürüb verməli deyil. Çünki banklardan sığorta haqqı alınıb və həmin vəsaitlər hesabına fond yaradılıb. Sığorta hadisəsi də baş verəndə həmin fondun vəsaitlərindən götürüb əmanətləri qaytarmalıdır. Hazırda sığortaçı ilə sığortalı arasında olan münasibətləri düzgün tənzimləmir.
Bankın aktivləri hesabına sığorta ödənişləri həyata keçirildiyinə görə sığortasız əmanətləri, sahibkarların bankda olan vəsaitini qaytarmaq imkanı məhdudlaşır və bir çox həmin pullar batır. ƏSF bu pulların batmasında iştirak edir. Əgər ƏSF sığortalanan əmanətləri aktivlərin hesabına yox, sığorta haqları hesabına yığılan vəsait hesabına qaytarsaydı, sığortasız əmanətçi və sahibkarlar da pullarını alardı.
ƏSF-nin həm sığortaçı, həm də ləğvedici olması 2 müxtəlif maraqların konfliktini əməli gətirir. Bu konflikti aradan qaldırmaq üçün qanun dəyişməlidir. Həmçinin, ƏSF-nin nizamnaməsi dəyişdirilməlidir və o, bazar iqtisadiyyatına uyğun formalaşdırılmalıdır. O, faktiki olaraq sığortaçı təşkilat deyil, əslində ləğvedici orqandır.
Hal-hazırda əmanətlərin sığortalanmasını özəl sığorta şirkətləri həyata keçirə bilmir. Çünki Mərkəzi Bankın davranışlarını heç kim proqnozlaşdırmaq imkanına sahib deyil. Buna görə də əmanətlərin sığortalanmasını dövlət öz üzərinə götürüb və bu məqsədlə ƏSF adında sığorta təşkilatı yaradıb. İstənilən halda dövlət ƏSF formasında sığorta təşkilatı yaratsa da bu qurum bazar prinsiplərinə əməl etməlidir”.
Ekspert düşünür ki, əmanətlərin sığortalanması üçün faiz limiti müəyyən edilməməlidir: “İmkan verilməlidir ki, banklar istədikləri faiz dərəcələri ilə əmanət cəlb etsin. Bankların hər hansı birinin likvidliyi pozularsa, risk yaradarsa, Mərkəzi Bank həmin bankın əmanətlərin qəbulu ilə bağlı lisenziyasını geri ala bilər.
ƏSF faizlərə limit qoymalı deyil. Limit müəyyən etmək sığorta təşkilatının səlahiyyəti çərçivəsində olan məsələ deyil. Banklar istədiyi faizlə əmanət qəbul edə bilməli və həmin əmanətlər sığortalanmalıdır. Əgər bankın vəziyyəti risklidirsə, ƏSF həmin bankda olan əmanətlərin sığortalanmasını dayandırmalıdır. Bunu da obyektiv şəkildə, bankın maliyyə hesabatları əsasında  əsaslandırmalıdır.
ƏSF əmanət faizlərini müəyyən etməkdə banklara sərbəstlik verməli, hər bank üzrə sığorta dərəcəsi müəyyənləşdirilməlidir, ƏSF bununla bağlı məlumatı saytında yerləşdirməlidir, saytda həmçinin hansı bankdakı əmanətlərin sığortalanmadığı göstərilməlidir, bundan sonra əmanətçilərin özü əmanət yerləşdirdiyi bankı müəyyənləşdirəcək. Əmanətçi istəsə ƏSF-nin özü ilə də birbaşa müqavilə bağlamaq imkanına sahib olmalıdır, eyni zamanda əmanətçi istəyinə uyğun olaraq əmanətini sığortalamaya da bilər. Çünki sığorta əlavə haqdır və əmanətçi sığortadan imtina etməklə həmin haqqı özünə götürəcək.   
Hazırkı qaydalarla sığorta haqqını banklar üzvlük haqqı şəklində ödəyir. Banklar üçün maraqlı deyil ki, onlar iflas olduqda əmanətçi pulunu ala bilib, yoxsa yox.
Bankların əmanətlər üzrə faiz dərəcələrini qaldırması sonsuz şəkildə baş verə bilməz. Çünki faizlər banklar üçün xərc olduğundan banklar faizlərin daha çox artmasında maraqlı olmayacaq.
Bank riskinin aşağı düşməsi üçün öz likvidliyini daha çox artırmağa çalışacaq. Likvidliyin həddən çox artırılması bank üçün səmərəli deyil. Bank cəlb etdiyi vəsaitlər hesabına kreditlər verməlidir ki, öhdəliyini icra edə bilsin. Digər tərəfdən kreditləri verən zaman özünün risk səviyyəsini aşağı tutmağa çalışacaq”.
Ekspert hesab edir ki, hazırkı situasiyada ƏSF bankların bağlanmasında maraqlı tərəf kimi görünür. Onun sözlərinə görə, vəziyyəti dəyişmək üçün hökmən ƏSF yenidən təşkil edilməlidir: “Yeni qanun və nizamnamə qəbul edilərək ƏSF yenidən təşkil edilməlidir. Qanunda ƏSF-nin ləğvedici kimi rolu olmamalıdır. Ləğvedici hüququ başqa təşkilatlara verilməlidir. Həmin təşkilatların da bankın aktivlərinə əl qoymaq hüququ olmamalıdır. ƏSF-nin nizamnaməsində göstərilməlidir ki, bank iflas olduqda əmanətlər fondun vəsaiti hesabına qaytarılacaq”.


25 Temmuz 2020 Cumartesi

Rasim Həsənov: "Dövlət borc fəaliyyətində müstəsna mövqeyə malikdir"

2020-ci il iyulun 24-də “İqtisadi Forum” ekspert qrupunun növbəti görüşü keçirilib. Görüşdə “İqtisadi Forum” ekspert qrupunun üzvü, pofessor Rasim Həsənov “Dövlət borcu və onun idarəçiliyi” mövzusunda təqdimatla çıxış edib.

R.Həsənov bildirdi ki, dövlət borc fəaliyyətində müstəsna mövqeyə  malikdir. Çünki borc burada həm iqtisadi siyasətin elementidir, həm də bütün iqtisadi proseslərə çox ciddi təsir vasitəsidir. “Borcu iqtisadi fəaliyyətin resursu”, - hesab edən ekspert qeyd etdi ki, ondan düzgün istifadə etmək vacibdir. Onun sözlərinə görə, əks təqdirdə borcun iqtisadiyyata xeyrindən çox zərəri olur: “Dünya ölkələrinin 43 faizi borclara münasibətdə təhlükəli zonadadır. Bu da ciddi göstərici hesab edilir. Azərbaycanda borcların əsas hissəsi dövlət maliyyəsində yox, dövlət sektorundadır.

Beynəlxalq təcrübədə ölkənin xarici borcunun dayanıqlığı göstəricisi əsasən 3 indikator vasitəsi ilə müəyyənləşdirilir: xarici borc/məhsul və xidmətrin ixracı;  beynəlxalq ehtiyatlar/xarici borc; xarici borc/əhali sayı. BVF-n tövsiyyələrinə əsasən  ölkənin xarici borcunun risk səviyyəsini məcmu xarici borc/ÜDM" göstəricisi ilə müəyyənləşdirmə məqsəduyğundur. 30% səviyyəsində -aşağı riskli, 50%-ən çox isə  yüksək  riskli borc hesab olunur.  Bu kriteriyalara uyğun olaraq Azərbaycanda xarici borcla bağlı təhlükə yoxdur”.

Beynəlxalq maliyyə institutunun məlumatlarına əsasən dünya üzrə borc tarixi maksimuma çataraq 2020 əvvəlinə qlobal milli məhsulun 322% çatmış və 253 trilyon dollar təşkil edib.  ABŞ-da borc yükü -327%, Yaponiya -540%, Avrozona ölkələri -388% olub. Ekspertlərin qiymətlndirmələrinə görə bunun əsas səbəbi faiz dərəcələrinin hamılıqla aşağı salınmasıdır.

R.Həsənov məlumat verdi ki, Azərbaycan dövlətinin borcu ilə bağlı ən mühüm sənəd 2018-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədidir. O bu sənəddə 3 strateji hədəfin müəyyən olunduğunu dedi: “ Həmin hədəflər dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsinə nail olmaq, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsidir.

    2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu 16,87 milyard manat təşkil edir. Adambaşına dövlət borcu 1675,8 manat olub. Ümumi dövlət borcunun 15,454 milyard manatı (91,6 faizi) xaric borc, 1,415 milyard manatı daxili borcdur. Azərbaycanın dəyişən faiz dərəcəsi ilə olan borc öhdəliyi xarici borc məbləğinin 52,8 faizini, sabit dərəcə ilə olan isə 47,2 faizini təşkil edir.

Staretegiyada   2018-2025-ci illərdə   dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM nisbətinin tədricən azaldılmasıdır. Dövlət zəmanəti ilə cəlb edilən xarici borcun tərkibinə əsasən, əsas borclara “Cənubi Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri (3,147 milyard dollar), “Azərenerji” ASC (928,2 milyon dollar), “Azərbaycan Dəmir Yolları” QSC (479 milyon dollar), SOCAR (460,6 milyon dollar) və sair təşkilatların (778,3 milyon dollar) xarici maliyyə mənbələrindən dövlət zəmanəti ilə cəlb etdikləri kreditlər daxildir. Daxili dövlət zəmanətli borcun tərkibinə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın toksik aktivlərinin alınması üçün “Aqrarkredit” tərəfindən buraxılan qiymətli kağızlara verilən dövlət zəmanəti (10,59 milyon manat), SOCAR-ın bir sıra layihələrinin maliyyələşdirilməsinə verilən dövlət zəmanəti (321,7 milyon manat) və Əmanətlərin Sığortalanması Fondunun xeyrinə buraxılan sadə veksel (800 milyon manat) üzrə borclar daxildir”.

     Ekspert R.Həsənov qeyd etdi ki, rəsmi məlumatlara əsasən  2020-ci ildə ümumi dövlət borcunun ÜDM-yə nisbəti 20,7 faiz,  dövlət büdcəsi xərclərinə  isə nisbəti 6,8 faiz səviyyəsində nəzərdə tutulub ki, bu da Strategiya ilə müəyyən edilən həddən 8,2 faiz bəndi aşağıdır: “Aparılan araşdırmalar göstərir ki, milli valyutanın məzənnəsində ola biləcək hər hansı dəyişiklik nəticəsində dövlət borcunun həcminin, həmçinin borca xidmət xərclərinin artması riski daim diqqət mərkəzində saxlanılmalıdır. Borclanmanın institusional təhlili vacibdir. Borcları alanların və istifadə edənlərin borclanma prosesində səmərəliliyin artırılmasının vacibliyi, dövlət borcunun xarakteri nəzərə alınmaqla, ən aşağı xərclə tələb olunan maliyyələşmənin təmin edilməsi mühüm hədəflərə çevirilməlidir”.

      Ekspert  hesab edir ki, ölkəmizdə  nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə və şirkətlərində mövcud kredit xətlərinə fərdi yanaşmaqla borc tənzimlənməlidir. Kredit layihələri və resursların istifadəsinə nəticəlilik və səmərəlilik baxımından maliyyə nəzarəti təmin olunmalı, xarici makroiqtisadi şokların büdcə və xərclərinə təsirinin azaldılması məqsədilə borc yükünün valyuta priorotetləri müəyyənləşdirilməli,   mütəmadi olaraq valyuta riskləri qiymətləndirilməlidir. Borclarla bağlı qanunvericilik təkmilləşdirilməsi və müfəssəl statistik məlumatların açıqlanması da tövsiyə edildi. 

Sonda mövzu ilə bağlı fikir mübadiləsi keçirildi.

 


24 Temmuz 2020 Cuma

İqtisadiyyatda tənəzzül var, amma büdcə gəlirləri artır



2020-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında tənəzzülün olmasına baxmayaraq dövlət büdcəsinin vergi və gömrük gəlirlərində artım qeydə alınıb. İlin birinci yarısında iqtisadiyyatda daralma 2,7 faiz, qeyri-neft sektorunda 2,5 faiz olub. Amma dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıb. İlin birinci yarısında vergi orqanları proqnoza 326,6 milyon manat və ya 8,9 faiz çox əməl edib. Özü də qeyri-neft sektorundan vergi daxilolmaları 367,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Pərakəndə ticarət dövriyyəsi 1,8 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 19,2 faiz azaldığı halda, bu sahələrdən vergi daxilolmaları artıb.
Bəs, iqtisadiyyatda daralmanın olmasına baxmayaraq büdcə gəlirləri necə artır?
“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, rəsmi açıqlamalarda dövlət büdcəsinin gəlirlərinin artması “kölgə iqtisadiyyatı”nın miqyasının kiçildilməsi ilə izah olunur. “Bu versiyanı şübhə altına almaq istəmirəm”, - deyən ekspert söylədi ki, iqtisadiyyatın “ağardılması” istiqamətində müəyyən işlər görülüb. Lakin o “ağardılma”nın hansı sahələrdə və nə qədər dəyişikliyə səbəb olduğu haqqında müfəssəl məlumatın açıqlanmadığını bildirdi: “İqtisadiyyatdan əldə edilən əlavə gəlirlərlə bağlı, hesabatlılıq, şəffaflıq olmalıdır. İctimaiyyət dəqiq bilməlidir ki, böhran olduğu şəraitdə əlavə vergi və gömrük gəlirləri hardan, necə və nə qədər əldə edilib. İlin birinci yarısında iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru böhran keçirib, daralma var. Qeyri-neft sektorunda 2,5 faiz, ümumi iqtisadiyyatda 2,7 faiz daralma baş verib. Belə çıxır ki, “ağarma”nın sürəti, böhranın sürətindən çox böyükdür. Çox ciddi şəkildə şəffaflıq, hesabatlılıq olmalıdır”.
R.Ağayev hesabatlılıq dedikdə nəyi nəzərdə tutduğunu da açıqlayıb: “Vergi Xidməti məlumatı tədiyə növləri üzrə açıqlamalıdır. Bilinməlidir ki, əlavə dəyər vergisi, mənfəət vergisi, gəlir vergisi üzrə artım nə qədər olub. Eyni zamanda sahələr üzrə məlumatı açıqlamalıdır. Məsələn, göstərilməlidir ki, ticarətdə “ağarma” nə qədər olub,  onun nəticəsində dövriyyənin həcmi və vergi daxilolmaları nə qədər artıb. Eynilə tikintidə, ictimai iaşədə, sənayedə və digər sahələrdə dövriyyə və vergi artımı dəqiq göstərilməlidir. Vergi Xidməti bunların hər birinin hesabatında məlumatları dəqiq qeyd etməlidir, göstərməlidir. Bu məlumatları açıqladıqda, ekspertlər və təhlilçilər həmin məlumatlara əsasən analiz verib dəqiq rəylərini ifadə edə bilər”.
Həmsöhbətimiz qeyd etdi ki, müfəssəl məlumat açıqlanmır, sahibkarların bir çoxu isə başqa məlumatlar verir: “Sahibkarların bir çoxu qeyri-rəsmi, anonim söhbət zamanı deyir ki, onları daha çox sıxırlar, sərəncamlar göndərirlər, artıq vergi alırlar. Müstəqil təhlilçilər iki informasiyanın ortasında qalıb. Hökumət ağarma deyir, bir çox sahibkar isə anonim sorğuda sərəncamların gəldiyini deyir. Həqiqət bu iki məlumatın ortasındadır və həqiqəti bilmək üçün hesabatlılıq, şəffaflıq vacibdir”.
R.Ağayev birinci yarımildə dövlət büdcəsində yaranan əlavə gəlirlərin əlavə xərcləri maliyyələşdirə biləyəcəyinə inanmır. Buna görə də o hesab edir ki, dövlət büdcəsinə yenidən baxılması mümkündür: “Prezidentin yanında keçirilən son müşavirədə də Maliyyə naziri bir fakta diqqət çəkdi ki, ilin birinci yarısında bir qədər artım oldu, amma ikinci yarımildə belə davam edəcəyini demək çətindir. Nazir qeyd etdi ki, artan xərclərimiz var, büdcəyə yenidən baxmaq lazımdır. Maliyyə nazirinin narahatçılığından belə başa düşdüm ki, büdcənin əlavə gəlirləri artan xərcləri ödəyə bilməyəcək və büdcəyə yenidən baxıla bilər. Mümkündür ki, Dövlət Neft Fondundan transfertlər bir qədər artırılsın”.

23 Temmuz 2020 Perşembe

Pandemiya kiçik sahibkarlara daha çox çətinlik yaradır


 
Pandemiya və onunla əlaqədar tətbiq edilən sərt karantin rejimindən zərər görən iqtisadi fəaliyyət sahələrinin sayı artır. Karantin rejimi bəzi sahələrə birbaşa zərər vursa da onun digər sahələrə dolayı neqativ təsirləri müşahidə edilir. İlk dövrlərdə əsasən ticarət, xidmət, nəqliyyat və bəzi sənaye sahələrinə zərərin olduğu bildirilirdi. Amma zamanla karantin rejiminin digər sahələrə mənfi təsiri aydın görünür. 
"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı İlkin Qarayevin fikrincə, iqtisadi fəaliyyət sahələri yenidən monitorinq olunmalı və pandemiyadan zərər görən iqtisadi fəaliyyət sahələrinin sayı dəqiqləşdirilməlidir. Onun sözlərinə görə, digər sahələrə, burada fəaliyyət göstərən sahibkarlara da dövlət dəstəyi olmalıdır.
İ.Qarayev qeyd etdi ki, karantinlə əlaqədar məhdudiyyət gətirilən sahələrdə fəaliyyət göstərən sahibkarların hamısı çətinliklə üzləşib. Həmsöhbətimiz onların arasında kifayət qədər mikro, kiçik və orta sahibkarlıq subyektlərinin olduğunu söylədi: “Fərdi sahibkarlar nəzərə alınmasa, Azərbaycanda 150,5 min təsərrüfat subyekti, sahibkar var. Onların 123 minə yaxını mikro sahibkarlıq müəssisəsi, 7 mindən çoxu kiçik müəssisə, 2,9 mini orta müəssisədir. Ümumilikdə təsərrüfat subyektlərinin 132,5 mindən çoxu və yaxud 85 faizi mikro, kiçik və orta sahibkarlıq subyektidir.
Onların əsas hissəsi ticarət, tikinti, emal sənayesi, kənd təsərrüfatı, peşə, elm, texniki fəaliyyət və digər müxtəlif xidmət sahələrində fəaliyyət göstərir. Kiçik sahibkarların maliyyə-iqtisadi imkanları böyük sahibkarlıq subyektlərindən zəif olur. Buna görə də məhdudiyyət tətbiq olunan sahələrin əksəriyyətində daha çox kiçik və orta sahibkarlar əziyyət çəkib. Pandemiya dövründə onların fəaliyyət göstərməməsi onlar üçün ciddi iqtisadi problemlər yaradıb. Bəziləri icarə haqqında razılıq əldə edib, bəziləri icarəyə verənlə razılaşma əldə edə bilməyib, işçilərin əmək haqqının ödənilməsində çətinliklər yaranıb. Bərbərlik, gözəllik salonları, masaj xidməti göstərənlər, idman, pərakəndə ticarət və başqa sahələrdə fəaliyyət göstərən kiçik sahibkarların zərəri böyükdür”.
İ.Qarayev hesab edir ki, hökumət mövcud vəziyyəti yenidən qiymətləndirməli və dəqiqləşdirmə aparılmalıdır.  Onun fikrincə, zərər görən sahələrin siyahısına yenidən baxılmalı və onların sayı artırılmalıdır. O xüsusən kiçik sahibkarlara dəstəyin daha güclü təşkilini vacib hesab edir: “Dövlət zərər görən sahələrdə çalışan kiçik və orta sahibkarlara subsidiya, güzəştli kreditlər, vergi güzəştləri verməlidir. Bu cür iqtisadi və maliyyə dəstəyi olmasa, sahibkarlar öz fəaliyyətini tam dayandıra bilər ki, bu da həm məşğulluğa, həm də dövlətin vergi gəlirlərinə mənfi təsir göstərəcək.
Sektorlar üzrə götürdükdə elə sahələr var ki, böyük sahibkarlar da ciddi zərər məruz qalıb. Məsələn, turizm sahəsində böyük hotel sahiblərinin zərəri daha çoxdur. Turizm, ictimai iaşə, pərakəndə ticarət, gündəlik tələbat malı olmayan malların ticarəti bu sahələrdə hamısına zərbə dəyib. Lakin iqtisadi zərbəyə davamlılıq imkanı kiçik və orta sahibkarlarda aşağı olduğundan onlara əlavə dəstəklər olmalıdır”.

Blok olunmuş əmanətçilərin taleyi necə olacaq?

Dörd bankın lisenziyası ləğv edildikdən sonra həmin banklarda olan əmanətlərin geri qaytarılması məsələsi hələ də gündəmdən düşmür. Bugünə qədər 200 milyon manatdan artıq əmanət qaytarılıb. Lakin hələ də qaytarılmayan böyük həmcdə əmanət var. Xüsusən bloklanan əmanətlər var ki, bu hal əmanət sahiblərini narahat edir.
ARB24 kanalının efirində yayımlanan Gündəm verilişi bloklanan əmanətlərin taleyinin necə həll ediləcəyini aydınlaşdırıb. Verilişin qonağı olan "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev və millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı sualları cavablandırıb.


22 Temmuz 2020 Çarşamba

Milli Məclis dövlət büdcəsində dəyişikliyə baxmaya bilər




Pandemiya ilə əlaqədar Milli Məclis səviyyəsində dövlət büdcəsinə əlavə və dəyişikliklərin  edilməsinə ehtiyac yaranmaya bilər. Dövlət büdcəsinə dəyişikliklərlə bağlı hökumət rəsmilərinin ilk açıqlamalarında dəyişikliklərin may və ya iyunda olacağı bildirilirdi. Amma Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərərgahın iyulun 20-də keçirilən brifinqində qeyd edib ki, hazırda dövlət büdcəsinə dəyişiklik edilməsinə ehtiyac yoxdur. O bildirib ki, 6 ayın nəticələrinə görə, büdcədə qalıq var. “Büdcə gəlirləri və xərclərinin dinamikası normaldır”, - deyən Ş.Mövsümov payızda bir daha büdcənin nəzərdən keçirəcəklərini söyləyib.
Sfera.az xatırladır ki, 6 ayın nəticələrinə əsasən, büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub. Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub.
Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 milyon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib. 
Bununla belə Prezidentin yanında ilin birinci yarısının yekunları ilə bağlı keçirilən müşavirədə Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər olunması məqsədəuyğundur.
Bəs, bu dəyişikliklər Milli Məclisdə müzakirə edilmədən həyata keçirilə bilərmi?
"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Rasim Həsənov qeyd etdi ki, hökumətin dövlət büdcəsinə hansı məqsədlə dəyişiklik etmək istəyi dəqiq bilinmir. Onun sözlərinə görə, dəyişikliklərin istiqamətindən asılı olaraq düzəlişlərə Milli Məclis səviyyəsində baxılmaya bilər: “Dəyişikliklərin nədən ibarət olacağı dəqiq bəyan olunarsa, o zaman biz dəqiq deyə bilərdik ki, dövlət büdcəsindəki dəyişikliklərə Milli Məclis səviyyəsində baxılması lazımdır, ya yox.
Son bir neçə ildə büdcə idarəçiliyində hökumətin rolu artırılıb. Büdcə mexanizmində hökumətə və prezidentə zərurət yarandıqda əməli dəyişikliklər etmək imkanı verilib. Ona görə də Milli Məclis səviyyəsinə qaldırılmadan da büdcə sənədində xeyli dəyişiklik etmək mümkündür.
Dünya təcrübəsində belədir ki, hər hansı bir bölmədə dəyişiklik olarsa, bölmələrarası köçürmələrə ehtiyac yaranarsa, büdcə hökmən qanunvericilik səviyyəsində dəyişilməlidir. Bu, ölkənin büdcə ilə bağlı milli qanunvericiliyindən asılıdır. Son illərdə Azərbaycanın büdcə qanunvericiliyində icra strukturlarına geniş sərbəstlik verilib. Ona görə də bizim qanunvericiliyimizdə büdcə klassik büdcə anlamından fərqlənir. Bu imkanı nəzərə alaraq hesab edirəm ki, büdcədəki dəyişikliklərin Milli Məclis səviyyəsində edilməsinə ehtiyac yaranmaya bilər”.
R.Həsənov dövlət büdcəsinin ehtiyatlı tərtib olunduğunu da bildirdi. “Son illərdə büdcə layihələri hazırlanan zaman ehtiyat imkanlar daha çox nəzərə alınır”, - deyən iqtisadçı söylədi ki, ilk 6 ayın nəticələri büdcənin üzərinə əlavə böyük yük düşmədiyini göstərir. Onun fikrincə, həm büdcənin gəlirlərinin təmin edilməsində, həm də xərclərin həyata keçirilməsində çətinlik müşahidə olunmadığından hökumət dövlət büdcəsinin xərclər hissəsində dəyişiklik etməklə ehtiyac duyulan xərcləri ödəyə bilər.





21 Temmuz 2020 Salı

Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Ekspert bahalaşmanı yaradan səbəblərdən danışdı




Bu il Azərbaycanda meyvə-tərəvəz qiymətləri olduqca yüksəkdir. Rəsmi statistikaya əsasən, ilin birinci yarısında meyvələr ötən ilin eyni dövrünə nisbətən 8,3 faiz, tərəvəzlər 10,2 faiz bahalaşıb. Dinamika göstərir ki, illik müqayisədə meyvə-tərəvəzdə bahalaşma sürəti aydan-aya bir qədər də artır.
Bəs, meyvə-tərəvəzin belə sürətlə bahalaşmasının səbəbi nədir?  
“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Vahid Məhərrəmov bahalaşmanın əsas səbəbini daxili bazarda meyvə-tərəvəz bolluğunun olmaması ilə əlaqələndirir. Ekspertin fikrincə, bu il ölkəmizdə meyvə-tərəvəz istehsalı az olub. V.Məhərrəmov deyir ki, bu səbəbdən idxal xeyli artıb, ixracda isə cüzi artım qeydə alınıb. Həmsöhbətimiz yaranmış vəziyyətdə daxili bazarlarda məhsul qıtlığının formalaşdığını söylədi: “Dövlət Gömrük Komitəsinin ilin birinci yarısına dair açıqladığı məlumata əsasən, meyvə ixracında azalmanın, tərəvəz ixracında cüzi artımın olduğunu görürük. Tərəvəzdə, xüsusən pomidor ixracında artım daha çoxdur. Meyvə ixracında almada 45 faiz, xurmada 25 faiz, fındıqda 27 faiz azalma qeydə alınıb.
Ölkəmizə gətirilən meyvə-tərəvəzin idxalında isə ciddi artım var. 2019-cu ilin birinci yarısına nisbətən bu ilin eyni dövründə meyvə-tərəvəz idxalında dəyər ifadəsində 12 faizdən çox, miqdarda 9,2 faiz artım olub.
Keçən il bu aylarda ölkəmizə təzə meyvə-tərəvəz idxalı həyata keçirilirdi, son 3 ayda bəzi məhsulların idxalı da azalıb.
Yaranmış vəziyyətlə əlaqədar daxili bazarda məhsul qıtlığı müşahidə edilir. Bu il meyvə-tərəvəzin bahalaşmasının əsas səbəbi məhz qıtlıqdır.  
Tələbin vəziyyəti də qiymət artımına əsas vermir. Bu ilin 6 ayında ölkəyə gələn turistlərin sayı xeyli azalıb, əhalinin sayında ciddi artım yoxdur,  əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Deməli, tələb artmayıb, hətta bir qədər azalıb.
Qıtlığın yaranması ondan xəbər verir ki, yerli istehsalda da azalma var. Bazar özlüyündə monopolist qüvvələrin təsiri altında olsa da burada mal bolluğunun olmaması qiymətlərə ciddi təsir edir. Bazarda mal bolluğu olanda monopolistlər maneə yaratsa da istehsalçıların bir çoxunun özü məhsullarını bazara çıxara bilir.
Rəsmi statistikada kənd təsərrüfatı məhsullarının istehsalında 2,2 faiz artımın olduğu deyilir. Əgər artım olubsa, bu, özünü ixracın artımında, idxalın azalmasında və ən nəhayət qiymətlərin aşağı düşməsində göstərərdi. Bazarda vəziyyət elədir ki, bahalaşmaya başqa cür tərif vermək, yozmaq, başqa səbəblər axtarmaq mümkün deyil”.
V.Məhərrəmov hesab edir ki, məhsul istehsalının azalmasına quraqlığın təsiri güclü deyil. Onun sözlərinə görə, istehsalın azalmasında əsas səbəb məhsuldarlığın azalmasıdır: “Məhsul istehsalının azalmasının başlıca səbəbi məhdulsarlığın azalması ilə bağlıdır. Son illərdə biz bu dinamikanı görürük. Bunun da ciddi səbəbləri var. Azərbaycan kimi torpaq-iqlim şəraiti olan ölkələrdən İtaliyada məhsuldarlıq Azərbaycandan 3 dəfə yüksəkdir. İspaniya və Türkiyənin də torpaq-iqlim şəraiti oxşardır, hətta bu sarıdan Azərbaycanda vəziyyət bir qədər də yaxşıdır.
Azərbaycanda istehsalçıların maarifləndirilməsi, biliyinin artırılması vacibdir. İstehsalçı nə qədər məhsul götürəcəyini əvvəlcədən planlaşdırmalıdır və ona uyğun da aqrotexniki qaydalara əməl etməlidir. İsraildə pamdıq istehsalında orta məhsuldarlıq 50 sentnerdir, amma bizdə 30 sentnerə çatanda sevinirik ki, yüksək nəticə əldə etmişik. Halbuki, Azərbaycanın torpaq-iqlim şəraiti İsrailin torpaq-iqlim şəraitindən xeyli dərəcədə yaxşıdır və biz İsraildən 2 dəfə çox məhsul götürə bilərik. Misirdə hər hektardan 70 sentner taxıl yığırlar. Bizdə isə hansısa fermer təsərrüfatında 70 sentner məhsul götürüləndə onu böyük nailiyyət kimi təqdim edirlər. Ölkə üzrə taxılda məhsuldarlıq 31 sentnerdir”.
Ekspert məhsuldarlığın aşağı olmasının əsas səbəblərindən birinin də mütəxəsis azlığı olduğunu dedi: “Niyə, bizdə məhsuldarlıq aşağıdır? Çünki Azərbaycanda mütəxəsis azdır, ölkəmizdə mütəxəsis hazırlığı zəifdir. Torpağın, hər bir bitkinin öz sirri var. Onun hamısına elmi yanaşma lazımdır, dədə-baba qaydası ilə yüksək məhsuldarlığa nail olmaq mümkün deyil.
İndi texnika və texnologiya o qədər inkişaf edib ki, yüksək məhsul əldə etmək olar. Həm də nəzərə alınmalıdır ki, ölkəmizdə əhalinin sayı artır və ona uyğun məhsul istehsalı təmin edilməlidir.
Mütəxəsislərə yer verilməlidir. Kənd Təsərrüfatı Nazirliyində 5 mühüm vəzifədə əyləşən şəxslərin heç biri kənd təsərrüfatı sahəsi üzrə təhsil almayıb, mütəxəsis deyil. Nazir hüquqşünasdır, onun bir müavini hüquqşünasdır, digər müavini neft üzrə müətəxəsisdir, başqa bir müavini tikinti üzrə mütəxəsisdir. Nazirliyə rəhbərlik edənlər mütəxəsis deyilsə, orada mütəxəsis olan şəxslər də problemlər haqqında danışmayacaq. Çünki onlar problemin harada olduğunu desə, nazir və ya müavinləri həmin problemin həll edilməsini tələb edəcək. Həmin şəxslər özlərinə problem yaratmamaq üçün mövcud problemdən bəhs etmir”.

18 Temmuz 2020 Cumartesi

Dövlət şirkətlərinin borclanması dövlətin fiskal yükünü artırır


   
“Dövlətin xarici borcları üçün risk mənbəyi dövlət müəssisələrinin maliyyə vəziyyətinin qənaətbəxş olmamasıdır. Dövlət müəssisələri tərəfindən zəmanətlə götürülən kreditlərin müəyyən bir qismi geri qaytarıla bilmir və nəticədə dövlətin fiskal yükü artır”.
Bu açıqlamanı iqtisadçı-ekspert Rövşən Camalov verib. O qeyd edib ki, 2014-cü ildən etibarən xarici dövlət borcunun ÜDM-yə nisbətinin artımını görürük. 2015-ci ildən 2018-ci ilin əvvəllərinə qədər artım tempi bir qədər də güclənib. 2014-cü ildən sonra xarici dövlət borcunun ÜDM-yə nisbətinin artımını zəruri edən səbəblər neftin kəskin ucuzlaşması, daha sonra milli valyutanın dəyər itirməsi, həmçinin faktiki borc məbləğinin artmasıdır. R.Camalov bildirib ki, 2017-ci ildə faktiki borc məbləğində kəskin artımın şahidi olduq. Həmin ildə borcun kəskin artması Azərbaycan Beynəlxalq Bankı ilə bağlı yaranan böhranla əlaqəlidir. İqtisadçı xatırlatdı ki, Dünya Bankının məlumatlarına əsasən 2014-2016-cı illərdə Azərbaycanın xarici dövlət borcu 19,5 faiz artıb.
R.Camalov deyir ki, xarici dövlət borclarının əsas hissəsi “Azərbaycan Hava Yolları” (AZAL), Dövlət Neft Şirkəti (SOCAR), “Azərkosmos”, “Azərenerji”, “Azəralüminium”,  “Azərbaycan Dəmir Yolları” tərəfindən alınıb. Bu dövlət şirkətləri xarici borclanmaya getmiş və ciddi fiskal yük yaratmış hesab olunur.
2014-2017-ci illərdə dövlətin xarici borc yükünün artması 2018-ci ildə “Azərbaycan Respublikasının dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddət üçün strategiya”nın qəbul edilməsinə zərurət yaratdı. Strategiya 2018-2015-ci illəri əhatə edir.
R.Camalovun sözlərinə görə, bu strategiyanın 3 əsas məqsədi var: “İqtisadiyyatın ehtiyaclarının nəzərə alınmaqla dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin maliyyə ehtiyaclarının ödənilməsi zamanı ən aşağı risk və ən az xərclə borclanmanın təmin edilməsi, ölkədaxili maliyyə bazarlarının inkişafıdır. Strategiyanın əsas məqsədi ondan ibarətdir ki, 7 il ərzində xarici borcun məbləği və onun ÜDM-yə nisbəti azaldılmalıdır. İlkin mərhələdə xarici borcun ÜDM-nin 30 faizini keçməməsinə nəzarət etmək və strategiyanın sonuncu illərinə qədər nisbətin 20 faizə qədər azaldılmasına nail olmaqdır”.
İqtisadçı dedi ki, sənəddə hədəflər ciddi qoyulub, amma strategiyanın zəif tərəfləri də var: “Borcların idarə edilməsi, borclanma mexanizmlərinin təkmilləşdirilməsi, dövlət zəmanəti ilə borclanan müəssisələrin fəaliyyətinin şəffaflaşdırılması, hesbatlılığının gücləndirilməsi, alınan borcların təyinatı üzrə xərclənməsinin təmin edilməsi istiqamətlərində hər hansı bir fəaliyyət müəyyən edilməyib.
Xarici borcların böyük hissəsinin 2020-ci ildən sonra ödənilməsi planlaşdırılır. Buna görə də gələn ildən dövlət büdcəsində dövlət borcu ilə bağlı xərclərdə artım müşahidə olunacaq. 2016-cı ildən xarici borcla bağlı xərclərdə artım müşahidə edilib. 2017-ci ildə dövlət büdcəsində borcun əsas və faiz hissələrinin ödənilməsinə 1,5  milyard manat nəzərdə tutulduğu halda, 2018 və 2019-cu ildə 2-2,2 milyard manat həcmində məbləğ nəzərdə tutulub. 2020-ci ildə xarici borcla bağlı xidmət xərcləri 1,7 milyard manata yaxın olacaq.
Hesab edirəm ki, xarici borclarla bağlı risklərin azaldılması üçün dövlət şirkətlərinin özəlləşdirilməsinə yenidən baxılması, hesabatlılıq və maliyyə şəffaflığı pribsiplərinin əsas götürülməsi, dövlət şirkətlərində səmərəli idarəetmə mexanizmlərinin qurulmasına nail olmaq lazımdır. Dövlət şirkətlərinin özəlləşməsi bu sahədə səmərəliliyi artıra bilər. Amma o, digər bir çətinliyi – kommunal xidmətlərin haqlarının artmasını yarada bilər”.
                                                  

12 Temmuz 2020 Pazar

Azər Mehtiyev: "Dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır"




"Apteklərdə - dərman bazarında - durum bütün əndazələri aşır. Dərmanların qiyməti durmadan artır". 
Bu açıqlamanı "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev özünün facebook səhifəsində paylaşıb. A.Mehtiyev qeyd edib ki, bugünlərdə aptekdən bir neçə dərman alıb və həmin dərmanların qiymətində nəzərəçarpacaq artım müşahidə edib: "Aptekdən bir neçə dərman aldım. Bunlar mənə 1 ay bundan əvvəl aldığımdan 11 manat baha başa gəldi. Srağagün bir hissəsini aldığım (lazımi qədər aptekdə olmadığından) dərmanın qalan hissəsini dünən alanda məlum oldu ki, həmin dərmanın yeni qiyməti 1 manat artıb. Aptekçi and-aman elədi ki, yeni daxil olan dərmanların hamısının satış qiymətini qaldırıblar. Ölkədə guya dərmanların qiyməti Tarif Şurası tərəfindən tənzimlənirmiş, daha doğrusu təyin olunurmuş...".
Ekspert xatırladıb ki, dərmanların qiymətlərinin tənzimlənməsi məsələsi ortaya çıxanda yeni sistemin uğurlu olmayacağını dəfələrlə bildiriblər. "Dəfələrlə dedik ki, bu, dərman bazarında vəziyyəti nəinki yaxşılaşdırmayacaq, əksinə, hətta daha da ağırlaşdıracaq. Hazırda apteklərdə olan dərmanların həm tərkibi, həm çeşidi, həm də qiymətləri ilə bağlı ciddi problemlər yaşanır: zəruri dərmanların qıtlığı, bəzi dərmanların ümumiyyətlə ölkəyə gətirilməməsi, bir çoxlarının molekul tərkibində dəyişikliklər və qiymətlərin çox artması və s. kimi problemlər baş alıb gedir", - söyləyən A.Mehtiyev vurğulayıb ki, ölkəyə dərman gətirilməsindəki inhisarı aradan qaldırmaq əvəzinə, bütün dərman bazarını 1-2 oliqarxın nəzarətinə verdilər: "Amma apteklərin sayı yağışdan sonra çıxan göbələk kimi artır. Ortada isə rəqabət yoxdur (topdansatış bir əldə cəmləşib)".
O, hesab edir ki, bu vəziyyətin qarşısı alınmalıdır: "Dərmanların qiymətinin tənzimlənməsi ləğv edilməli, dərman bazarı liberallaşdırılmalıdır. Ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət mexanizmləri təkmilləşdirilməlidir (mövcud mexanizm işləmir).
Amma daha təcili atılmalı bir addım daha var: bütün apteklərdə (istisnasız olaraq) elə kassa aparatları yerləşdirilməlidir ki, alıcılara verilən çekdə aldıqları bütün dərmanların adbaad siyahısı və qiymətləri göstərilsin (bu, hazırda iri marketlərdə tətbiq olunan sistemdir). Bu, dərman bazarının tənzimlənməsinin daha işlək və səmərəli mexanizmi olardı. Hazırda apteklərin əksəriyyətində heç normal kassa aparatları belə yoxdur. Əksər apteklərdə kartla (nağdsız) ödəniş etmək imkanları yoxdur. Bu da dərman bazarında özbaşınalığı daha da artırır. Alıcılara aldıqları dərmanların adbaad siyahısı və qiymətləri göstərilən çeklər təqdim olunması dərman bazarında nəzarət mexanizmlərinin formalaşmasınayeni imkanlar açacaq".

11 Temmuz 2020 Cumartesi

Səhiyyə Nazirliyi ilə TƏBİB arasında maraq toqquşması


Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında maraq toqquşması artıq cəmiyyətin də hiss edəcəyi həddə çatıb. Pandemiya dövründəki problemlər tərəflər arasında zidiyyətləri daha qabarıq göstərdi. Səhiyyə Nazirliyi faktiki olaraq, proseslərdən kənarda qalmış kimi görünür. TƏBİB isə təkbaşına bu işlərin öhdəsindən gələ bilmir. Eyni zamanda, bir qeyri-müəyyənlik də hökm sürür. Səhiyyə sahəsində səlahiyyət bölgüsü ilə bağlı problem yaşanır.
İllərdir icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin fəaliyyəti ilə bağlı tədqiqatlar aparan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev “Press Klub”a Səhiyyə Nazirliyi və TƏBİB arasındakı konfliktin səbəbləri barədə  danışdı:
– Vaxtilə səhiyyə sahəsi ilə əlaqəli bütün funksiyalar Səhiyyə Nazirliyinin səlahiyyətində idi – həm səhiyyə siyasətini müəyyənləşdirirdi, həm xidmət göstərirdi, həm də xidmətə, vəsaitin ödənilməsinə nəzarət edirdi. Bütün tibb müəssisələri də Səhiyyə Nazirliyinin nəzdində idi. Bu da qarşılıqlı maraqlar konflikti yaradan hal idi. İcbari tibbi sığorta yaradılan zaman bunun aradan qaldırılması məsələsi gündəmə gəldi. İcbari tibbi sığortanın – vəsaitin ödəyicisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sayılır. Vəsaitlər bu agentlik vasitəsilə müxtəlif xəstəxanalara ötürülür. Bu üzdən TƏBİB-i yaratdılar, bəzi istisnalarla əksər xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb, TƏBİB-ə verildi. Xidmət göstərmə, xidmətin keyfiyyətinə nəzarət və vəsaitin ödənilməsi funksiyalarını bir-birindən ayırmaq istəyirdilər. Səhiyyə siyasətinin həyata keçirilməsini isə Səhiyyə Nazirliyinə tapşırdılar. Amma prosesin gedişində məlum oldu ki, qurumlararası ciddi konfliktlər var. İcbari tibbi sığortanın tətbiqinin əleyhinə çalışanlar var. Söhbət maliyyə üzərində nəzarətdən gedirdi. Çünki səhiyyə çox böyük maliyyənin dövr elədiyi bir sektordur. Bu sektora nəzarət uğrunda mübarizə gedirdi. Pandemiyanın meydana çıxması da elə qurumlararası konfliktin kəskinləşdiyi dövrə təsadüf etdi. Koronavirus başlayandan Səhiyyə Nazirliyi tamamilə arxa planda qaldı. Faktiki, xəstəxanalarda xidmət göstərən qurum – TƏBİB həm də Operativ Qərargahda söz sahibi oldu. Siyasətin həyata keçirilməsi ona həvalə olundu. Amma biz pandemiya ilə ciddi mübarizə siyasətini görmədik. Operativ Qərargah ayrı-ayrı addımlar atır, nəticələrini gözləyir, səhv olanda addımlarını dəyişir. Bu baxımdan hazırda ölkədə nə Səhiyyə Nazirliyinin, nə də TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirmək mümkün deyil. Çünki virusla mübarizədə biz uğur görmürük.
– TƏBİB-in mütləq ayrıca bir qurum kimi yaradılması zəruri idi, yoxsa bu işləri Səhiyyə Nazirliyinin nəzdində də həyata keçirmək mümkün olardı?
– O zaman bəyan elədilər ki, TƏBİB keçid dövrü üçün yaradılıb. Xidmət göstərmə funksiyasıyla xidmət haqqının ödənilməsinə nəzarət funksiyasını ayırmaq istəyirdilər. İcbari tibbi sığortanın yaradılması dövlət tibb müəssisələrinin hər birinin müstəqil büdcəyə keçirilməsini tələb edir. Yəni onların hər birinin ayrıca hesabı olmalı, hər biri ayrıca idarə edilməlidir. Onlar da vəsaiti İcbari Tibbi Sığorta Agentliyindən almalıydılar. Xidmət göstərmə funksiyası ilə xidmətin keyfiyyətinə nəzarət funksiyası ayrılmalıydı. Bunu birdən-birə eləyə bilmirdilər. Ona görə dedilər ki, keçid dövrü üçün hələlik TƏBİB yaradılır, bu qurum xəstəxanaların hər biri üçün ayrıca hesabın açılması, onların yeni şərtlərlə idarə olunması işlərinə baxacaq. Yeniliklər mənimsənilənə qədər onları idarə edəcək, bir müddət sonra TƏBİB ləğv olunacaq, tibb müəssisələrinin hər biri müstəqil fəaliyyət göstərəcək. Sanki keçid dövrü üçün islahat addımı idi. Belə izah eləmişdilər. Amma biz görürük ki, TƏBİB Səhiyyə Nazirliyinin funksiyasını təkrarlamaqla məşğul oldu.
– Faktiki, ölkədə eyni işi görən iki qurum mövcuddur. Bu islahatları elə Səhiyyə Nazirliyinin daxilində aparmaq, mümkün deyildimi? Uzun illərdir ki, Səhiyyə Nazirliyindən, bu qurumun rəhbərliyindən ciddi narazılıqlar var.
– İndiki halda rəhbərliyin dəyişməsi heç nəyi dəyişməyəcək. Əgər söhbət ölkədə səhiyyə sahəsində vəziyyətin düzəlməsindən yox, maliyyəyə nəzarət uğrunda mübarizədən gedirsə, bir adamı çıxarıb, yerinə başqasını təyin etməklə heç nəyə nail olmaq mümkün deyil. Yenə də kiminsə maraqlarına uyğun bir şəxsi qoyacaqlar. Son vaxtlar da görürük ki, şəxslərin dəyişməsi siyasətdə, proseslərdə dəyişikliyə gətirib çıxarmır. Əvəz olunanlar da əvvəlkilər kimi göstərişləri yerinə yetirir. Problem odur ki, bizdə heç bir sahədə həmin sahənin həvalə olunduğu şəxslər müstəqil təşəbbüs göstərmək iqtidarında deyil. Bütün hallarda “yuxarıdan” göstərişlə işləyirlər. O cümlədən də səhiyyə sahəsində. Göstəriş əsasında addım atırlar və həmin addımlar fayda verməyəndə başqa bir qərarla əvəzləyirlər. Deyir ki, “prezidentin göstərişi ilə filan addımı atdıq”. Prezident səhiyyə sahəsi üzrə mütəxəssisdir ki, hansısa göstəriş versin? Son mətbuat konfransında Ramin Bayramlı dedi ki, Azərbaycanda bütün vətəndaşlar ölkənin səhiyyəsindən və həkimlərindən razıdır. Hansı tədqiqat əsasında bunu deyir? Bunu əvvəllər qocalar söyləsəydi, deyərdik ki, sovetdən qalma sistem üzrə hərəkət edir. Bunu söyləyən adam xaricdə təhsil alıb. Hansı araşdırma nəticəsində belə qənaətə gəlib? Məsuliyyətsizlikdir.
– Belə çıxır ki, TƏBİB-lə Səhiyyə Nazirliyi arasındakı maraqlar konfliktinin ağrısını vətəndaşlar çəkir.
– Təkcə TƏBİB məsələsi deyil. İcbari Tibbi Sığorta Agentliyi ilə Səhiyyə Nazirliyi arasında da bu vardı. Ümumiyyətlə, bu gərginlik icbari tibbi sığorta islahatları başlayandan var və hələ də davam edir.
– TƏBİB-in funksiyalarının alınıb, yenidən Səhiyyə Nazirliyinə qaytarılacağı ehtimalı da səslənir. Bunu mümkün hesab edirsinizmi?
– Bizdə hər şeyi yerbəyer etməyə ehtiyac var. Əvvəla, səhiyyə siyasətini işləyib hazırlamaq Səhiyyə Nazirliyinin işidirsə, onlar eləməlidir. TƏBİB-in funksiyası xəstəxanaların idarə olunmasına nəzarət etməkdir. Öz işi ilə məşğul olsun. TƏBİB səhiyyə siyasəti müəyyənləşdirəcək qurum deyil. Ən azı, indiki sistemdə belə görünür. TƏBİB-in yenidən Səhiyyə Nazirliyinə qaytarılması islahatlardan geri çəkilmə olardı. Məncə, heç bir halda, islahatlardan geri çəkilmək olmaz. Daha dəqiq bir islahat xətti ilə icbari tibbi sığortaya keçid baş verməlidir. Bu proses də mümkün qədər sürətləndirilməlidir.
"Press Klub"a verilən müsahibənin linki:




10 Temmuz 2020 Cuma

Tədiyə balansında böyük kəsir yaranıb

Bu ilin birinci rübündə Azərbaycanın tədiyə balansında kəsir yaranıb. Kəsirin məbləği 1 milyard 343 milyon dollardan artıq olub. Ötən ilin eyni dövründə tədiyə balansında profisit qeydə alınmışdı. 2019-cu ilin birinci rübündə tədiyə balansında qeydə alınan profisitin həcmi 2 milyard 19 milyon dollardan artıq olmuşdu.
Bu il Azərbaycanda tədiyə balansına təsir edən amillər hansılar olub? Covid-19 pandemiyasının təsiri nədən ibarətdir?
ARB 24 kanalının Gündəm verilişinin qonağı olan "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyevlə qeyd edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



8 Temmuz 2020 Çarşamba

Devalvasiya olsun, yoxsa olmasın?

ARB 24 kanalının Gündəm verilişində manatın mövcud vəziyyəti müzakirə edilib. Verilişin qonağı olan iqtisadçı ekspertlər Xalid Kərimli və Samir Əliyev mövzu ilə bağlı sualları cavablandırıb.


Rövşən Ağayev: "Hökumət nəhayət gerçək islahatlara başlamalıdır"


Sərt karantin rejiminin ikinci mərhələsi bir sıra problemlərlə davam etməkdədir. Həm hökumətin qərarlarında, həm də vətəndaşların davranışlarında müşahidə olunan qüsurlar vəziyyətin daha da qəlizləşməsinə səbəb olub. "İqtisadi forum" ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayev prosesin ilk günlərindən məsələ ilə bağlı məlumatlandırıcı, izahedici məlumatlar paylaşmaqla yanaşı, karantin rejimindən daha az itkilə çıxmaq üçün təkliflərini də əsirgəməyib. Ekspert AFN-ə müsahibəsində də bir xeyli maraqlı təkliflərlə çıxış edib.



- Rövşən müəllim, karantin tədbirlərini necə dəyərləndirirsiniz? Sizcə, hökumət operativ davrana bildimi?

- Hökumət situasiyaya adekvat qərarlar verə bilmir. Söhbət ondan gedir ki, çox ciddi şəkildə biznesin, ev təsərrüfatlarının itkiləri var. Yəni hökumət yalnız aprel-may aylarında biznesə çox kiçik şəkildə yardımlar göstərməklə və müəyyən vergi güzəştləri verməklə işini bitmiş saydı. Sanki itkilər aprel-mayda olacaq, sonra hər şey qaydasına düşəcək. Ancaq sonra məlum oldu ki, iyun ayında da məhdudiyyətlər davam edir, daha sonra iyul ayında karantin yenidən daha da sərtləşdirildi. Amma biz gördüyümüz səhnədə faktiki olaraq iqtisadiyyatın aldığı itkilərə adekvat deyil alınan qərarlar. Ola bilər ki, müəyyən fəaliyyət növlərinin fəaliyyətinə icazə verilir, amma iqtisadiyyatın inkişafı ümumi şəkildə dayanırsa, ev təsərrüfatlarının, insanların qazancı azalırsa, aydın məsələdir ki, bu işləyən biznesin özünə də təsir edir. İqtisadiyyatda bütün subyektlər bir-birindən qidalanır. Biznesin ayaqda qalması üçün gərək ev təsərrüfatlarının yaxşı qazancı olsun, bunun üçün də iş yerləri olmalı, biznes yaxşı çalışmalıdır. Hökumət bu əlaqənin davam etməsi üçün az bir miqdarda vəsait ayırmaqla işini bitmiş sayır. Lakin hökumət hesab edir ki, insanlar da, biznes də özünün bütün ehtiyatlarını xərcləməli, böhrandan necəsə çıxmalıdır, amma hökumətin ehtiyatlarına toxunulmamalıdır. Bu cür yanaşma iqtisadiyyatı iflasa aparar. Dövlət, hökumət biznesin, ev təsərrüfatlarının çiynində mövcuddur. Bunların iflasını biz devalvasiyada gördük. Ev təsərrüfatlarının büdcəsində fakti olaraq 3 il ərzində qənaət mənfi oldu. Çünki insanların xərcləri çoxaldı, gəlirləri aşağı düşdü, nəticədə məcbur olub əvvəlki illərdə yığdıqlarını yeməyə, bu da tükənəndən sonra borca girməyə başladılar. Bunu mən demirəm, rəsmi statistika deyir. Biznes də böyük çətinlik çəkdi, düzdür, hökumətin müəyyən dəstəyi oldu, amma nəticə ondan ibarət oldu ki, yenə biz pandemiya dövründə eyni durumla rastlaşdıq. Hökumət üzvləri 3,5 milyardlıq dəstək paketindən danışırlar, amma hələ ki, heç kim o paketin içini açıb ortaya qoymayıb. Biz onu görürük ki, 190 manat verildi iki ay 600 min insana, bir ay da 280 min insana veriləcəyini deyirlər, biznesə müəyyən yardım olundu, hansı ki, çox az – 500-600 manatdan 3-4 min manata qədər bir sahibkara pul ödəyirdilər. İtkilərin müqabilində bu, çox az idi. Özü də birdəfəlik oldu. Bir də işini itirmiş muzdlu işçilərə cüzi bir məbləğ ayrıldı, o da sahibkarlara yönəldildi. Yəni bunları üst-üstə toplayanda söhbət 600-700 milyon manatlıq bir dəstəkdən gedir. Hətta kasıb Gürcüstan vətəndaşlarına kommunal ödənişlərdə də güzəşt etdi, bizdə isə olmadı. Sözüm odur ki, birinci mərhələdən hökumət yetərincə üzüağ çıxmadı.

- İcazələrin verilməsində yeni qaydalar tətbiq olunur. Siz də narazısınız bu məsələdən. Hansı problemlər var?

- Məsələ ondadır ki, münasibətlərin tənzimlənməsi mərhələsində də proseslər hamar getmədi. Karantin sərtləşdirildi, qaydalar müəyyənləşdirildi, hərəkət məhdudiyyət qoyuldu. Məhdudiyyət gətirən biznesi başa düşdük, tutaq ki, ticarət mərkəzləridir, kafe-restoranlardır, hərçənd hökumət bu obyektlərə hansı dəstəyin veriləcəyini açıqlamır, anlaşılandır bunlara məhdudiyyət gətirilməsi. Bir də var məhdudlaşdırılmayan fəaliyyət sahələri. İki gündür (müsahibə iki gün əvvəl götürülüb-red.) məlum olur ki, misal üçün fəaliyyəti məhdudlaşdırılmır, kodu da icazə verilənlər siyahısındadır, amma elektron xidmət iki gündür ki, fəaliyyətinə icazə verilən insanların icazəsini avtomatik olaraq ləğv edir. Belə çıxır ki, elektron sistem NK-nın qərarı ilə təsdiqlənmiş siyahını tanımır. Bu, onu göstərir ki, proses idarə olunmur. Elektron sistem də insan idarə edir. Deməli, insan amili orada hansısa qüsurlu yanaşma tətbiq edib. 195-ə zəng edirsən aidiyyatı düymə yoxdur, bu şikayəti etmək üçün müraciət mümkün deyil. Olsa da, 195 saatlarla telefona cavab vermir. Prosesin düzgün qurulmaması onu göstərir ki, bizim idarəetməmiz böhran vəziyyətinə hazır deyil.

- Birinci karantin dönəmində sanki işlər rəvan gedirdi. Əsas problem 190 manatı almaq üçün müraciətlə bağlı idi. İkinci dəfə sərt karantin tətbiqində isə narazılıq edilən məqamlar çoxdur...

- Problemlər onda da çox olurdu, sadəcə insanların səbri hələ tam idi. Prosesin çox uzanması problemlərin artmasına səbəb oldu. İkinci dönəmdə məsələn, biznes tamamilə yaddan çıxdı. Birinci dönəmdə heç insanların ölkə ərazisinda fəaliyyətinə də məhdudiyyətlər qoyulmamışdı. Psioxoloji baxımdan bu, çox ciddi təsir göstərir. Hökumət birinci karantin dönəmində kimin rayon qeydiyyatı varsa rayona getməyinə qadağa qoymamışdı. Amma indi deyirlər qeydiyyatı olan da, olmayan da buraxılmır. Bilirsiniz ki, Azərbaycanda ikili sakinlik mövcuddur. İnsanların böyük əksəriyyətinin həm kənddə, həm şəhərdə mülkü mövcuddur. Ölkə qanunvericiliyinə əsasən bir yerdə qeydiyyat məcburidir, amma çox yerdə mülkün ola bilər. Həm Bakıda həm rayonda mülkü olan adamlar var, qış aylarında burda olur, yayda rayonda, yaxud rayonda da iş qurub, Bakıda da, gəlib-getməlidir, həmin adamlar üçün problem yarandı. Mənə elə gəlir ki, ikinci dönəmdə qaydaların daha sərt olması, biznesə yardımların kəsilməsi, texniki baxımdan yaranan idarəolunmazlıq problemlərin artmasına səbəb oldu. Görünür, vaxt uzandıqca insanların da səbri tükənir, narazılıqlar artır, idarəetmədə peşəkarlıq da uzunmüddətli davam gətirməyə imkan vermir.

- Karantin dönəmində kommunal xidmət göstərən qurumların fəaliyyətini necə dəyərləndirirsiz? Problemlərin çoxalması müşahidə edilir, narazılıqlar artır...

- Şübhəsiz ki, idarəetmə komplektdir, vahiddir. Nəzərə alın ki, bizim kommunal sektor tamamilə dövlətin mülkiyyətində və inhisarındadır. Özəl sektorda olsaydı bir qədər fərqli situasiya olardı, keyfiyyət olardı. Dövlət idarəetməsində hansı problemlər varsa eyni problemlər o xidmətlərdə də mövcuddur. Nə qədər ki, Azərbaycanda kommunal xidmət sektorunda liberallaşma getməyib və bu xidmətlər dövlətin monopoliyasındadır, eyni zamanda istehlakçı ilə xidmət göstərən şirkətlər arasındakı münasibətlər bərabərhüquqlu müqavilə münasibətlərinə əsaslanmır vəziyyət bu cür davam edəcək. İndiki halda birtərəfli qaydada kommunal xidmətləri göstərən şirkətlərin hər cür hüququ var, vətəndaşın isə yalnız vəzifələri mövcuddur. Məsələn, internet xidmətində “Aztelekom”a hüquq verilib ki, ayın 5-i çatanda birtərəfli qaydada xidmət alan müştərinin internetini kəssin. Bunu, qanun hüquq kimi tanıyır müqavilədə. Amma 1 gün, 2 gün mənim internetimi kəsirlər, üzərimə də vəzifə qoyurlar ki, pulu ödəməlisən. Mənim hüququm odur ki, 1 saat da olsa internetim kəsilməsin, kəsilsə də kompensasiya olunsun. Çünki mən aylıq ödəyirəm, saata vuranda 30 günə 720 saat edir, o 1 saat internetimi verə bilmirsə mənə kompensasiya ödənməlidir. Amma müştəriyə bu hüquq tanınmır. Eləcə də elektrik enejisi, ödənişin vaxtı 1 gün keçən kimi gəlib enerjini kəsirlər, amma bir neçə saat mənə elektrik enejisi verilməyəndə heç bir kompensasiya olmur. Digərləri də onun kimi. Bütün hüquqlar şirkətlərə aiddir, xidmət alan isə dinməz-söyləməz tabe olmalıdır.

- Özəl sektorun fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu dövrdə dövlətin və vətəndaşın yanında olmağı bacardımı bu sektor?

- Açığı, mən liberal iqtisadçıyam. O cür çağırışları doğru saymıram. Özəl sektorun bir marağı var: mənfəət. Mən restoran sahibinə deyə bilmərəm ki, sən dövlət maraqları güdməlisən. Amma əlbəttə restoran sahibi ictimai maraqlara qulluq edir: keyfiyyətli yemək bişirir, insanların qidalanmasına yardım edir. Bütün biznes belədir. Dövlət bu gün hamıdan güclüdür. Dövlətin bu dəqiqə əlində olan ehtiyatların həcmi biznesin və ev təsərrüfatlarının əlində olan ehtiyatlardan çoxdur. Bank hesablarına baxın, biznes depozitlərinə, vətəndaşların depozitlərinə baxın və dövlətin əlində olan ehtiyatlara baxın. Şübhəsiz ki, əgər bir o mərhələyə çatsaq ki, dövlətin bütün ehtiyatları tükənsin, o zaman mən də deyərəm ki, biznes də, vətəndaş da birləşib dövlətə dəstək olsun. Bu gün dövlət özünün bütün ehtiyatlarını, resurslarını qorumaq istəyir, böhrandan insanları çıxarmağa daha az vəsait xərcləyir, hesab edir ki, biznesin, vətəndaşın bütün ehtiyatları tükənməlidir. Bu, bütün iqtisadi qanunauyğunluqlara ziddir. İqtisadiyyat siyasəti sevmir. Biznesin şəxsi marağı qorunmayan ölkədə dövlət və dövlətçilik olmaz. Mülkiyyət hüququ ən ali, ən müqəddəs hüquqdur. Biznesin mülkiyyət hüququ qorunmayan ölkədə biz hesab etsək ki, dövlətçiliyimiz qorunacaq, bu yanlış yanaşma olar. Bəzən deyirlər neçə ildir dövlət biznesə göz yumub, indi biznes dövlətə kömək etməlidir. Göz yummayaydı, niyə yumurdu? Dövlət vaxtında şərait yaradaydı bazarda daha çox şirkət olaydı, vergisini yığaydı, bu gün möhtac qalmazdı. Bu gün Azərbaycanda 2 milyon ailə təsərrüfatı var, təxminən 800 min də biznes var. Təsəvvür edin, ailə təsərrüfatının hərəsinin bank hesabında yüz min dollar, biznesin də hər birinin 2 milyondan tutmuş 200-300 milyonadək pulu var, bu cəmiyyət necə cəmiyyət olardı? Təbii ki, heç nəyə, heç kimə ehtiyacı olmazdı, o ehtiyatlar hesabına ayaqda qalardı. Bu gün Azərbaycanda hər 5 ailədən birinin heç depoziti yoxdur, hər 5 biznesdən 4-ü müflis vəziyyətindədir. Bunun günahkarı hökumətdir, idarəetmədir. Bütün sərvətləri kiçik bir qrupun əlində cəmləşdirəndən sonra biznesdən dəstək gözləmək yersizdir. Ona görə də biznesdən çox mənim üçün hökumətin davranışlarını qiymətləndirməkdir. Bir şeyi də nəzərə alın ki, bugünkü biznes 2015 devalvasiyasından sonra hələ də özünə gələ bilməyən biznesdir.

- Bəs bu pandemiyadan sonra sizcə nə qədər çəkəcək biznesin özünə gəlməyi? Ümumiyyətlə, bizi nə gözləyir postpandemiya dövründə?

- Pandemiyadan sonra əlbəttə ki, situasiya yenə neftin dünya bazar qiymətindən asılı olacaq. Çünki bilirsiniz ki, bizim iqtisadiyyatımız neftdən asılıdır. Neftin qiyməti aşağı olsa, ölkədə tədiyyə balansının kəsiri qorunub saxlansa bizim üçün yaxşı olmayacaq. Neftin qiymətinin indiki səviyyədə olması belə bizim üçün sərfəli deyil, neft 40 dollardan aşağı olacaqsa, makroiqtisadi sabitlik üçün təhlükə olacaqsa, bərpa bizim üçün daha uzun çəkəcək. Amma əlbəttə, neftin qiyməti bərpa olunacağı halda dövlət sektoru bir qədər özünə gəlsə, əsas problem ev təsərrüfatlarının və biznesin olacaq. Burada da bərpanın nə qədər sürətli getməsində əsas məsələ hökumətin davranışlarıdır. Yəni postpandemiya dövründə biznesi və vətəndaşları ayaqda saxlamaq üçün onların gəlirlərini artıraraq, ölkədə istehlak tələbini stimullaşdıraraq, iqtisadi inkişafı sürətləndirməklə bağlı verəcəyi qərarlardan asılı olacaq. Əgər hökumət pandemiya dövründə buraxdığı səhvləri, yanlış idarəetməni, qərarlardakı ləngimələri postpandemiya dövründə də davam etdirəcəksə, əlbəttə o proses daha çox uzanacaq. Hökumət artıq gerçək islahatlara başlamalıdır. Kadr dəyişikliyi islahat deyil. Məsələn, icra başçılarının dəyişildiyi rayonlarda insanlardan soruşun görün həyatlarında nə dəyişib? Çox az dəyişiklik var. Ola bilsin ki, insanlardan çağırıb pul istəmirlər, amma geniş mənada, rayon iqtisadiyyatını dirçəltmək, iqtisadi münasibətlər sistemini dəyişmək üçün heç nə dəyişməyib. Çünki köhnə asılılıq münasibətləri qalıb. Dayanıqlı inkişaf istəyiriksə, hökumət bütün mənalarda islahatlara getməlidir.

AFN.az-a verilən müsahibənin linki: