23 Ağustos 2018 Perşembe

Sabit Bağırov: BENEFİSİARLARIN AÇIQLANMASI NƏYƏ GÖRƏ VACİBDİR?


2017-ci ildə Azərbaycan MHŞT-ni tərk etməsinə baxmayaraq MHŞT prinsiplərinə sadiq qaldığını bildirdi. Bu Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2017-ci il tarixli Fərmanında[1] əks etdirilir. Sənədin 1-ci bəndində belə bir qərar qeyd edilir:

“Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilsin”

Fərmana əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır və Hasilat Sənayesində illik hesabtların hazırlanması və dərc edilməsi davam etdirilir. 2016-cı il üzrə Hesabat, demək olar ki, MHŞT Standartının tələblərinə uyğun hazırlanmışdır[2].

2016-cı il MHŞT Standartında tələblərlə yanaşı tövsiyələr də əks etdirilir. Bunlardan biri benefisiar sahibliyin açıqlanmasına aiddir. Benefisiar sahiblik nə deməkdir?

Azərbaycan Qanunvericiliyində bu gün bu məvhumun açılışı verilmir. Bununla belə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikası Qanununun[3] “Əsas anlayışlar” Maddəsində Benefisiar Mülkiyyətçi anlayışı verilir:
1.0.12. benefisiar mülkiyyətçi - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir;

Bu anlayış Qanuna 2017-ci il mayın 13-də daxil edilib. Qanunun öncəki mətnində benefisiar mülkiyyətçi anlayışı yox, sadəcə benefisiar anlayışı verilmişdir və bir qədər başqa şəkildə[4]. Qanuna bu dəyişiklik edildikdən sonra bir sıra digər qanunlarda benefisiar anlayışı benefisiar mülkiyyətçi anlayışı ilə əvəz edildi.

Hazırda benefisiar mülkiyyətçi anlayışından bir sıra qanunlarda istifadə edilir. Məsələn:
§  “Banklar haqqında” (qanuna müvafiq dəyişiklik 31.05.2018 tarixində edilib);
§  Qiymətli kağızlar bazarı haqqında” (qanuna müvafiq dəyişiklik 31.05.2018 tarixində edilib);
§  “İnvestisiya fondları haqqında” (qanuna müvafiq dəyişiklik 31.05.2018 tarixində edilib);
§  “Poçt haqqında” (qanuna müvafiq dəyişiklik 31.05.2018 tarixində edilib);
§  “Sığorta fəaliyyəti haqqında” (qanuna müvafiq dəyişiklik 31.05.2018 tarixində edilib);
§  İnzibati Xətalar Məcəlləsi (qanuna müvafiq dəyişiklik 13.06.2017 tarixində edilib)”.
Benefisiar mülkiyyətçi anlayışı yalnız qanunlara deyil, digər normativ aktlara da daxil edilib. Məsələn, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında TƏLİMAT”da[5] benefisiar anlayışı benefisiar mülkiyyətçi anlayışı ilə 11.10.2017 tarixdə əvəz edilib.
Beləliklə, bizim araşdırmalarımıza əsasən, benefisiar mülkiyyətçi anlayışı ilk dəfə Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaqanunda istifadə edilib (13.05.2017 tarixindən).
Benefisiar sahiblik məvhumunun yaranması 2016-cı ilin ikinci yarısına təsadüf edir. Bəllidir ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2016-cı ildə yeni Standart[6] qəbul edilmişdi. Standartın 2.5 bəndi belə adlanır: Beneficial ownership. Standart Azərbaycan dilinə tərcümə edilərkən Beneficial ownership Benefisiar sahiblik kimi tərcümə edilmişdir.

Beləliklə, Benefisiar sahiblik məvhumu Benefisiar mülkiyyətçi məvhumundan bir il öncə Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2016-cı ildə qəbul edilən Standartın tərcüməsi zamanı istifadə edilmişdir. Standartda benefisiar sahiblik anlayışı (2.5.f.i bəndində) belə verilir[7]:

Şirkətə münasibətdə benefisiar sahib birbaşa və ya dolayısı ilə korporativ təşkilata sahib olan və ya həmin korporativ təşkilata nəzarət edən fiziki şəxs(lər)dir.

Bu anlayış Benefisiar mülkiyyətçi anlayışı ilə müqaisədə daha sadə və yalnız korporasiya sahiblərinə aiddir. Nəzərə alaraq ki, Benefisiar mülkiyyətçi anlayışı artıq bir çox qanunvericilik aktlarında tətbiq edilməkdədir (yuxarıda bir sıra qanunlar sadalanıb), gələcəkdə Hasilat Sənayesində Şəffaflıq məsələlərinə dair sənədlərdə də bu  məvhumdan istifadə edilməsi məqsədə uyğun görünür. Əks halda bir çox qanunvericilik aktlarına (qanunlar, qərarlar və s.) yenidən dəyişiklik etmək lazım olacaq. Qanunşünaslar yəgin ki, bu iki məvhumdan hansından istifadənin məqsədə uyğun olması barədə qərara gəlməlidirlər.

İlk dəfə benefisiar mülkiyyətçilərin (bundan sonra sadəcə benefisiar) açıqlanması tövsiyələri Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2013-cü il Standartında verilmişdir. MHŞT üzrə 2016-cı ildə yeni Standart qəbul edilmişdi və bu sənədin 2.5 bəndi Beneficial ownership məsələlərinə həsr edilir. Standartın 2.5.a bəndində benefisiar mülkiyyətçilər üzrə xüsusi reyestrin yaradılması tövsiyə edilir:

“Tətbiq edən ölkələrə mineral ehtiyatlar sahələri üzrə tenderdə iştirak edən, fəaliyyət göstərən və ya sərmayə qoyan korporativ təşkilat(lar)ın, o cümlədən onların benefisiar sahib(lər)inin və sahiblik səviyyəsinin ictimaiyyət üçün açıq reyestrini (benefisiarların adları, sahiblik səviyyəsi, sahibliyin və ya nəzarətin necə aparıldığı barədə məlumatlar daxil olmaqla) aparmaq tövsiyə edilir”.

Gördüyümüz kimi, benefisiarlar reyestrinin açıq olması vacibdir.

Hasilat Sənayesində Şəffaflıq standartında (2.5.b bəndi) beneficiar sahibkarlığın aşkarlanması barədə bəzi tələblər mövcuddur:

i. benefisiar sahibliyin açıqlanması üzrə dövlət siyasəti və ÇQ-nin müzakirələri MHŞT Hesabatında sənədləşdirilməlidir. Sənədləşdirmə benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair müvafiq hüquqi müddəaların xüsusatlarını, mövcud açıqlama təcrübəsini, nəzərdə tutulmuş və ya həyata keçirilən islahatları əhatə etməlidir.

ii. Çoxtərəfli qrup 2017-ci il 1 yanvar tarixinədək aşağıdakı (c)-(f) bəndlərinə uyğun olaraq benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsini dərc etməlidir. Çoxtərəfli qrup Yol Xəritəsində bütün vacib tədbirləri və son tarixləri müəyyən edərək ÇQ-nin illik fəaliyyət hesabatının tərkib hissəsi kimi həmin yol xəritəsinin icrasını qiymətləndirməlidir.

Qeyd edək ki, Azərbaycan 2017-ci ilin apelinə qədər (yəni MHŞT üzvü olarkən) MHŞT Standartının yuxarıdakı “i” bəndinə riayət edirdi. Eyni ilə, Azərbaycan MHŞT iştirakçısı olan dövrdə, benefisiar sahibliyin açıqlanmasına dair Yol Xəritəsini Çoxtərəfli qrupda hazırlayaraq 2016-cı ilin dekabrında dərc etmişdir[8].

2016-cı il MHŞT Standartında benefisiarların açıqlanmasının tətbiqi vaxtına dair qeydlər də var (2.5.c). Belə ki, 1 yanvar 2020-ci il tarixdən etibarən MHŞT hesabatına daxil edilməsi məqsədilə tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatların açıqlanması tələb olunur. Bu tələb mineral ehtiyatlar sahələri üzrə tenderdə iştirak edən, fəaliyyət göstərən və ya sərmayə yatıran korporativ təşkilat(lar)a şamil olunur və benefisiar sahiblərinin adları, sahiblik səviyyəsi, sahibliyin və ya nəzarətin necə aparıldığı barədə məlumatları əks etdirməlidir. Benefisiar sahiblik barədə məlumatlarda hər hansı boşluq və ya çatışmazlıqlar, benefisiar sahibliklə bağlı məlumatların hamısını və ya bir hissəsini təqdim etməyən müəssisələrin adları göstərilməklə MHŞT Hesabatında açıqlanmalıdır. Əgər hər hansı ölkə bu tələbin 1 yanvar 2020-ci il tarixinədək icrasında öz konstitusiyasından irəli gələn maneə və ya ciddi praktiki maneələrlə rastlaşarsa, həmin ölkə MHŞT Standartının 8.1 tələbinə əsasən uyğunlaşdırılmış tətbiq üçün müraciət edə bilər.

Bəs Azərbaycan Hökumətinin benefisiarların açıqlanması məsələsinə münasibəti necədir? Müsbət və ya ən azı diqqətlə yanaşmasından aşağıdakı faktlar xəbər verir:
  1. 2016-cı ildə Benefisiar Sahibliyin açıqlanmasına dair Çoxtərəfli Qrup tərəfindən Yol Xəritəsi təsdiqlənmişdir (bu Yol Xəritəsi barədə bəzi məlumatlar daha sonra təqdim edilir); 
  2. Hazırda Hökumət Komissiyası həmin Xəritənin tətbiqinə dair Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən layihəni dəstəkləyir;
  3. 2017-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən elan edildiyi qrant müsabiqəsi mövzularına “HSŞ və benefisiar sahiblik: digər ölkələrin təcrübəsinin təhlili və bu təcrübədən Azərbaycanda istifadəyə dair təkliflərin hazırlanması” mövzusu da daxil edilmişdir[9]. Bu məqalə məhz həmin müsabiqədə qalib gəlmiş İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq ictimai birliyinin layihəsi çərçivəsində hazırlanıb (müəllif həmin layihənin icrasında ekspert qismində iştirak etmişdir).

Beləliklə, Azərbaycan Hökumətinin benefisiarların açıqlanması məsələsinə maraq göstərməsini qeyd edə bilərik.

Benefisiarların açıqlanmasına dair 2016-cı ilin dekabrında aşkarlanan Azərbaycan Yol Xəritəsi (YX) bu bölmələrdən ibarətdir[10]:

§  Giriş;

§  Əhatə dairəsi;

§  Məqsəd;

§  Benefisiar Sahibliyin Anlayışı;

§  Yol Xəritəsinin Strukturu;

§  Başlıca Tədbirlər;

§  Monitorinq;

§  Büdcə;

§  Məzmun (Tədbirlər)

Yol Xəritəsinin Giriş bölməsində qeyd edilir ki, bu sənəd: “... Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (bundan sonra "MSŞT") tövsiyələrinə uyğun hazırlanmışdır”.
Sənəddə bu da qeyd edilir: “Benefisiar sahibliyin açıqlanması çərçivəsinin əsas məqsədi mədən sənayesində daha çox şəffaflığa nail olmaq və məsuliyyətsiz hüquqi şəxslər tərəfindən korrupsiya və vergidən yayınma hallarının qarşısının alınmasıdır.”

Yol Xəritəsinin Tədbirlər bölməsi 11 istiqaməti əhatə edir: 

  1. Benefisiar sahibliyin (BS) və milli islahat prioritetləri ilə əlaqə; 
  2. BS üzrə tələb olunan hüquqi islahatlar;
  3. BS-nin açıqlanması üçün institusional çərçivə;
  4. Benefisiar sahibliyin anlayışı;
  5. Siyasi Xadimlərin hesabat öhdəlikləri;
  6. Toplanmali və açıqlanmalı olan məlumatın detallı olma səviyyəsi;
  7. Məlumatarın toplanması və açıqlığı;
  8. Təqdim olunan məlumatın dəqiqliyinin təmin olunması;
  9. Təqdim olunan məlumatların yenilənməsi;
  10. Biliklərin Artırılması;
  11. Monitorinq.

İkinci istiqamət üzrə YX-də aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

§  Qanunvericiliyə aşağıdakı dəyişiklikləri etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə müzakirlər aparmaq;
§  benefisiar sahiblik anlayışı və benefisiar sahibliyin açıqlanması prosesinin təsbit olunması üçün Azərbaycan Respublikasının "Yerin təki haqqında" Qanununa müvafiq dəyişikliklərin edilməsi;
§  BS-nin açıqlanması mexanizminin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən aparılan kommersiya hüquqi şəxslərinin mövcud reyestrinə inteqrasiya edilmə məqsədilə Azərbaycan Respublikasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa müvafiq dəyişikliklərin edilməsi;
§  Yuxarıda qeyd olunan dəyişikliklərin layihələrinin hazırlanması.
YX-nə əsasən qanunvericiliyə dəyişikliklər layihələrinin hazırlanması 2018-ci il iyunun sonuna qədər tamamlanmalı idi. Bu işin görülməsi kənar hüquqi məsləhətçi tərəfindən  nəzərdə tutulurdu. Və bu fəaliyyəti Asiya İnkişaf Bankının dəstəyi ilə BDO şirkəti[11] həyata keçirir. Gecikmə isə Azərbaycanın MHŞT-ni tərk etməsi ilə əlaqədardır.

Yuxarıda qeyd edilən Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanununun[12] 2-ci maddəsi “Yerin təkindən istifadənin prinsipləri” adlanır. Bu maddədə belə bir prinsip var:

§  yerin təkindən istifadənin aşkarlıq şəraitində həyata keçirilməsi;
Lakin bu aşkarlığın açılışı verilmir.
Həmin Qanunun 8-ci maddəsi “Yer təkinin istifadəçiləri”, 9-cu maddəsi isə “Yer təki istifadəçilərinin hüquqları və vəzifələri” adlanır. Bu maddələrdə benifisiarların açıqlanmasına dair hər hansı tələb mövcud deyil.

Azərbaycan Respublikasının «Kommersiya sirri haqqında» Qanununun[13] 4-cü maddəsi “Kommersiya sirri hesab edilən məlumatlar” adlanır. Bu maddədə aşağıdakılar qeyd edilir:

4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir:

4.1.1. dövlət sirrini təşkil edən məlumatlar;

4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 

Beləliklə, bu Qanun Benefisiar Sahibliyə dair məlumatları kommersiya sirri hesab etmir.

Azərbaycan Respublikasının «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri  haqqında» Qanununun[14] 18-ci maddəsi “Dövlət reyestrinin aşkarlığı” adlanır. Bu maddədə qeyd edilir ki:

18.1. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya alınmaması barədə məlumat verməlidir.

18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc edilir.[83]

Beləliklə, məhz bu qanun benefisiarların rəsmi açıqlanmasının qarşısını alır.

Beynəlxalq təcrübə göstərir ki, benefisiarları açıqlanmayan korporasiyaların arxasında nominal firmalar və direktorlar durur. Bu da korrupsiya, vergidənqaçma və terrorizmin gizli maliyyələşdirilməsi üçün geniş imkanlar yaradır. Əksinə, benefisiarların açıqlanması: 

  1. Açıqlama korrupsiya və vergidənqaçma risklərini azaldır. Benefisiar yüksək vəzifəli məmurdursa, onun şirkətinin müxtəlif dövlət satın-almaları tenderlərində haqqsız uğur qazanması şansı yüksək ola bilər. Bu isə dövlət büdcəsinin müəyyən itkilərə məruz qalması və ümumiyyətlə rəqabət mühitinin korlaması deməkdir. Məhz bu səbəblərdən Azərbaycan qanunvericiliyi məmurların sahibkarlıq fəaliyyəti ilə məşqul olmalarını qadağan edir. Benefisiarın məmur olub-olmamasından asılı olmayaraq, onun gizli qalması vergidən qaçma imkanları yaradır;
  2. Əhəmiyyətli siyasi vəzifələri icra edən şəxsləri maraqlar münaqişəsi hallarından qaçırır. Bu yalnız o zaman mümkün ola bilər ki, qanunvericilik aydın şəkildə benefisiar sahibliyin açıqlanmasını təmin edir;
  3. Benefisiarlarını açıqlayan şirkətlər üçün kənar maliyyəyə əlçatanılıq asanlaşır, çünki, qiymətli kağızlar bazarlarına qapılar açılır və öz səhim və istiqrazlarını satmaq imkanları yaranır;
  4. Benefisiarlarını açıqlayan şirkətlərə investorların inamı artır. Hansı potensial investor sahibi bilinməyən, və ya qeyri rəsmi bəlli olan şirkətin qiymətli kaçızını alar?;
  5. Benefisiarlarını açıqlayan şirkətlərə ictimai etimad artır; 
  6. Benefisiarların açıqlanması terrorizmin maliyyələşdirilməsi risklərini azaldır.

Bu gün Azərbaycanda hasilat sənayesində şəffaflığı tənzimlənməyən və qapalı qalan bir şey varmı? Təəssüf ki, hələ var:

§  Hansı normativ sənədin (Qanun, Fərman və s) əsasında xarici şirkətlər seçilir və onlarla kontraktlar imzalanır? Kontraktlar imzalandıqdan sonra Milli Məclisdə təsdiqlənərək Qanun qüvvəsini alır. Lakin buna aparan yol hər hansı qanunvericilik aktı ilə tənzimlənmir. Uzun illər ərzində formalaşmış praktika mövcuddur, lakin bunun kifayət olması suallar doğurur. Axı bu sahə adi sahibkarlıq fəaliyyəti sahəsi deyil, dövlətə məxsus təbii ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqəlidir. Bu sahədə lisenziya hüququ ən ciddi səviyyədə qanunvericiliklə tənzimlənməlidir. Çox güman ki, belə bir qanunvericilik aktı var, amma nədənsə açıqlanmır;

§  Neft və qaz ehtiyyatlarına dair audit nəticələri. Belə audit xarici şirkət tərəfindən SOCARın sifarişi ilə aparılıb, lakin nəticələri açıqlanmır. Bu gün Azərbaycan vətəndaşı/eksperti/jurnalisti/investoru, o cümlədən xaricilər, etibarlı məlumat mənbəyi kimi BP şirkətinin Statistik məlumatlar bazasına müraciət etməli olur;

§  Hasilat sənayesində fəaliyyət göstərən bir sıra şirkətlərin (təbii ki, bu transmilli şirkətlər deyil. Onların benefisiarları bəllidir) benefisiarları. Bəzi hallarda neft və qaz kontraktları imzalamış şirlətlərin veb-səhifələri belə yoxdur.

Bütün bu halların aradan qaldırılması son dərəcədə vacibdir.

MHŞT-də 51 ölkə iştirak edir. Bunların 50-sində Benefisiar Sahibliyin açıqlanmasına dair həmin ölkələrdəki Çoxtərəfli Qruplar tərəfindən Yol Xəritələri (YX) təsdiqlənmişdir[15]. Bütün YX-lərlə MHŞT veb-səhifəsindən tanış olmaq mümkündür[16]. YX-lər MHŞT-nin müvafiq tövsiyələri əsasında hazırlanıb və buna görə oxşardırlar. YX-lərdəki əsas tədbir qanunvericiliyə dəyişiklik edərək benefisiarların açıqlanmasını təmin etməkdir.

MHŞT iştirakçısı olan ölkələrindən bəziləri benefisiarların açıqlanmasında böyük uğurlar qazanmışlar. Bunlardan bəziləri barədə məlumat vermək istərdik.

Qırğızıstan benefisiarların açıqlanması sahəsindəki səylərinə görə 2017-ci ildə, 23-24 Oktyabrda, Cakartada keçirilən “Mülkiyyətçilər açıqlansın” confransda MHŞT Sədrinin (Frederik Reynfeld) xüsusi mükafatını ala bilmişdi[17]. Həmin konfransda 50-dən çox ölkənin hökumət nümayəndələri iştirak etmişdi.

İlk dəfə benefisiarların açıqlanması cəhdi 2014-cü il üzrə MHŞT hazırlanarkən edilmişdir.

Ölkənin «Yerin təki haqqında» Qanuna edilən dəyişikliklərlə hasilat sənayesində fəaliyyət göstərmək istəyən şirkətlər benefisiarlarını açıqlamalıdır. Qanunvericilik eyni zamanda yalan məlumatlara görə ciddi cərimələr nəzərdə tutur. Hazırda hökumət xüsusi reyestrin yaradılması üzərində işləyir.

YX-nin hazırlanmasında Qırğızstan Hökumətinə Avropa Yenidənqurma və İnkişaf Bankı yardım edib. Birləşmiş Krallığın yardımı ilə isə Bişkekdə benefisiarların açıqlanması mövzusunda 3 təlim proqramı icra edilib: 1) ölkə MHŞT Şurası üzvləri; 2) Vətəndaş Cəmiyyəti təmsilçiləri və 3) jurnalistlər üçün. Bundan başqa, benefisiarların açıqlanmasına dair məlumatlandırma üzrə Kommunikasiya Strategiyası tərtib edilib[18]. Bundan başqa, biznes dairələrinin xahişi ilə hüquq şirkəti Kalikova & Associates benefisiarların açıqlanmasına dair risk analizi keçirmiş. Nəticələr təqdim edilərək maraqlı tərəflər bildirmişlər ki, benefisiarların açıqlanması heç bir həll edilə bilməyən risklərlə üzləşməyəcək.

Qazaxstan da «Yerin təki haqqında» məcəlləyə dəyişikliklər edərək neft, qaz və dağ-mədən şirkətləri tərəfindən benefisiarların açıqlanmasını məcburi edib[19]. Yəni hər hansı şirkət lisenziya üçün müraciət etdikdə mütləq benefisiarlarını açıqlamalıdır və benefisiarlar arasında hər hansı dəyişiklik olarsa bu barədə məlumatı təqdim etməlidir. Qanunun pilot tətbiqinə ölkə öz 2016-cı il üzrə hesabatında başlamışdır.

Ukraina. Bu ölkə hüquqi şəxslərin benefisiar sahibliyi üzrə dünyada ilk Registr və məmurların aktivləri üzrə xüsusi reyestr yaradıb[20]. Hökumət 2014-cü ildən bütün şirkətləri əhatə edən bu işlərə başlayıb. Artıq şirkətlərin 70 %-i əhatə edilib (hasilat sənayesi daxil). Bütün məlumatlar açıq və əlçatandır. Registr Ədliyyə Nazirliyi tərəfindən aparılır. Benefisiarların açıqlanması sahəsindəki səylərinə görə 2017-ci ildə, 23-24 Oktyabrda, Cakartada keçirilən “Mülkiyyətçilər açıqlansın” confransda Ukraina Hökuməti “Şərəfli Qeydə” layiq görülmüşdür.

Monqolustan. Benefisiarların açıqlanması cəhdi ilk dəfə 2013-cü il üzrə MHŞT Hesabatı hazırlanarkən edilmişdir[21]. Çoxtərəfli Qrup 250 şirkətə təklif etmişdir ki, onlar könüllü olaraq 5%-dən artıq paya malik benefisiarlarını açıqlasınlar. 215 şirkət bunu etmişdir. Sonrakı illər üzrə Hesabatlarda daha az sayda şirkət benefisiarlarını könüllü olaraq açıqlamışlar. Məsələn, 2016-cı il üzrə Hesabatda 213 şirkətdən yalnız 47-si benefisiarlarını açıqlamışlar. YX-nə əsasən 2018-ci il üzrə Hesabatda (2019-cu ildə açıqlanacaq) bütün şirkətlərin benefisiarları açıqlanmalıdır. Benefisiarların açıqlanması məsələsi Korrupsiya ilə Mübarizə üzrə 2017-2023 illər üçün Milli Proqrama və 2014-2025-ci illər üzrə Mineral Resurslar Sahəsində Dövlət Siyasəti sənədinə daxil edilmişdir[22].

Albaniya. 2016-cı ildə Limada keçirilən MHŞT Qlobal Konfransında Albaniya Enerji Naziri bəyan etmişdir ki, Albaniya Hökuməti benefisiarların açıqlanmasının tərəfdarıdır. 2017-ci ildə Albaniya MHŞT Katibliyi MHŞT Qanunu layihəsini hazırlamış və burada benefisiarların açıqlanması tələb edilir. Qanunun qəbulu gözlənilir. 2015-ci il üzrə MHŞT Hesabatı hazırlanarkən 134 şirkətə benefisiarlarını açıqlamaq təklif edilmişdir. Bunlardan yalnız 31-i müvafiq məlumatları təqdim edib. 2016-cı ildə Albaniya MHŞT Katibliyi vətəndaşlar arasında sorğu keçirərək onlar iki sual vermişdi: 1) Şirkətlərin əsl sahibləri Sizə bəllidirmi? 2) Hesab edirsinizmi ki, şirkətlər sahiblərini gizlədirlər? Sorğuların nəticələri göstərmiş ki, vətəndaşlar şirkətlərin arxasında siyasətçilərin olduğunu təxmin edirdilər[23].

Birləşmiş Krallıq. Benefisiarların açıqlanmasını təmin etmək məqsədi ilə 2015-ci ildə qanunvericiliyə dəyişikliklər edilmiş və bunların nəticəsində benefisiar sahiblik (böyük nəzarətə malik şəxslər) üzrə dünyada ən nəhəng reyestr yaradıb[24]. Bu reyestrin maraqlı adı var: “Nəhəng nəzarət imkanları olan insanlar”. Bütün sektorlardan olan 4 milyona yaxın Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkətləri əhatə edən, bu reyestr açıqdır və əlçatandır. Bu reyestr Birləşmiş Krallığın “Kiçik bizneslər, sahibkarlıq və məşğulluq haqqında” Qanuna əsasən 2016-cı ilin iyun ayında yaradılıb. Bu günə 2 milyard insan reyestrə daxil olub. Reyestr “Şirkətlər Evi”[25] registrin bir hissəsi kimi yaradılıb. Məlumatların açıqlanması Vətəndaş Cəmiyyəti qurumlarına imkan vermişdir ki, öz qiymətləndirmələrini aparsınlar və hökumət səhvləri tapılarsa onlar düzəldilsin və beləliklə məlumat bazasının etibarlığı yüksəldilsin. Benefisiarların açıqlanması sahəsindəki səylərinə görə 2017-ci ildə, 23-24 Oktyabrda, Cakartada keçirilən “Mülkiyyətçilər açıqlansın” confransda Birləşmiş Krallıq Hökuməti “Şərəfli Qeydə” layiq görülmüşdür.

Təkrarən qeyd edək ki, bütün MHŞT iştirakçısı olan ölkələrdə benefisiarların açıqlanmasına dair Yol Xəritələri təsdiq edilib və 2020-ci il yanvarın 1-dən bütün benefisiarlar aşkarlanması planlaşdırılır. Bütün bu ölkələrdə YX-lərin hazırlanması və ümumiyyətlə, şirkət benefisiarlarının açıqlanmasında vətəndaş cəmiyyəti fəal iştirak edib və etməkdədir.

Onu da qeyd edək ki, benefisiarların açıqlanması problemi tək MHŞT marağında yox, daha qlobal xarakter daşıyır. Səbəbləri də həmin yuxarıda qeyd edilənlərdir.

Avropa Birliyinin Çirkli Pulların Yuyulması ilə mübarizə Direktivinin 30 maddəsi (Article 30 of the 4th EU Anti-Money Laundering Directive (4AMLD) tələb edir ki, AB ölkələrinin qanunvericiliyində şirkətlərin və ümumiyyətlə hüquqi şəxslərin benefisiarları barədə məlumatlara dair müddəalar olsun və 16 Noyabr 2016-cı il tarixinə dəqiq məlumatlar onların xüsusi reyestrlərdə əks etdirilsin. AB-nin növbəti Direktivi 5AMLD (14 May 2018-də qəbul edilib və 9 iyul 2018-də qüvvəyə minib) mərkəzləşdirilmiş reyestr barədə qeydləri əks etdirir[26]. Qlobal benefisiarlar haqqında Reestrdə[27] 5,078,866 şirkət barədə açıq və pulsuz məlumatlar təqdim edilir (bura daxildir: UK PSC Register, Denmark Central Business Register (CVR), Slovakia Public Sector Partners Register, Ukraine Unified States Register (EDR) and EITI pilot data məlumatları). 

Qeyd edək ki, benefisiarların reyestrlərinə (registrlərinə) bu və ya benefisiarın daxil edilməsi meyarı kimi onun həmin şirkətdə neçə faiz paya malik olmasıdır. Bu günə bu faiz müxtəlif ölkələrdə fərqlidir: 5-25% arasında müşahidə edilir. Fikrimizcə, meyyarın 10%-dan yuxarı olması əsl sahiblərin daha asan gizlənməsi risklərini artırır.

Beləliklə dünya ölkələri benefisiarların açıqlanması istiqamətində sürətlə irəliləyir. Azərbaycandan bu prosesdən kənarda qala bilərmi? Qala bilməlidirmi? Fikrimizcə qala bilməz və ölkəmiz də civil ölkələrlə bir addımlamalıdır. Bunun üçün nələri vacib hesab edirik:

  1. Azərbaycan Respublikasının «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Qanununa dəyişiklik edilərək Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların açıqlığı təmin edilməlidir. Belə bir dəyişiklik edilərsə, benefisiarların açıqlanması fəaliyyət növündən asılı    olmayaraq bütün şirkətlərə aid olacaq. Yox, əgər bu hələlik mümkün olmazsa və yalnız hasilat sənayesində işləyən şirkətlərə dair benefisiarların açıqlanması qərarı qəbul edilərsə, bu halda «Yerin təki haqqında» Qanuna dəyişiklikləri etməklə məhdudlaşmaq olar; 
  2. Hasilat sənayesində bu və ya digər şirkətlə danışıqlar aparılarkən həmin şirkətin benefisiarlarının açıq olmasına diqqət yetirilməlidir. Benefisiarları açıq olmayan şirkətlərlə müqavilələrin imzalanmasına yol verilməməlidir;
  3. Nəzərə alaraq ki, Benefisiar mülkiyyətçi anlayışı artıq bir çox qanunvericilik aktlarında tətbiq edilməkdədir, gələcəkdə Hasilat Sənayesində Şəffaflıq məsələlərinə dair sənədlərdə də bu mə məvhumdan istifadə edilməsi məqsədə uyğun görünür.
  4. Benefisiarların açıqlanması vacibliyi mediada təbliğ edilməlidir;
  5. Vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən Hasilat Sənayesində fəaliyyət göstərən bütün şirkətlərə öz benefisiarlarının açıqlanması çağırışı ilə müraciət etməlidir. Çağırış eşidilərsə, çox yaxşı. Edilməzsə, bu da növbəti addımlara səbəb olacaq; 
  6. SOCAR tərəfindən imzalanmış bütün kontraktlar üzrə tərəfmüqabil olan şirkətlərin benefisiarlarınən 2020-ci ildən açıqlanması istiqamətində müvafiq işlər görülməlidir; 
  7. 2020-ci ilə qədər adlarını könüllü açıqlayan Azərbaycan şirkətlərinin benefisiarlarına amnistiya elan edilməsi məsələsi nəzərdən keçirilməlidir.

Bütün bunlar, fikrimizcə mühüm addımlar ola bilər. Azərbaycanın gələcək dayanıqlı iqtisadi artımı qeyri-neft sektorunun inkişafı ilə yanaşı yaxşı idarəetmə prinsiplərinin (Şəffaflıq, Hesabatlılıq, Qanunun aliliyi, İştirakçılıq) tətbiqindən də asılıdır. Bunu unutmamalıyıq.    




[4] benefisiar - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, habelə xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən fiziki şəxsdir;

Hiç yorum yok:

Yorum Gönder