Avqustun 7-də Avrasiya Bilik Mərkəzi tərəfindən "Covid-19 Pandemiyasının Azərbaycan İqtisadiyyatına təsirləri" mövzusunda vebinar keçirilib. Onlayn (Zoom) formada keçirilən seminarda 38 dinləyici, o cümlədən bir neçə dövlət qurumunun təmsilçisi, iqtisadçı-ekspertlər iştirak edib.
Seminarda ekspertlər Azər Meytiyevin “Covid-19-un
makroiqtisadi təsirləri”, Rövşən Ağayevin “Covid-19-un dövlət büdcəsinə təsirləri”,
İnqilab Əhmədovun “Covid-19-un Neft Fonduna təsirləri” və Samir Əliyevin “Covid-19-un
SOCAR-a təsirləri” haqqında təhlilləri dinlənilib.
İqtisadçı-ekspert A.Mehtiyev qeyd edib ki,
pandemiyanın makroiqtisadi vəziyyətə mənfi təsiri güclüdür. Məruzəçisinin
fikrincə, pandemiyanın makroiqtisadi proqseslərə təsirlərini qiymətləndirməsi
üçün bütün iqtisadi proseslərin qiymətləndirilməsi aparılmalıdır. Belə ki, həm
iqtisadi artım, məşğulluq, işsizlik səviyyəsinə təsirlərinə baxılmalı, həm də
onun istehlak qiymətləri indeksinə, xarici sektor üzrə proseslərə təsirləri təhlil
edilməlidir.
A.Mehtiyev bildirdi ki, rəsmi statistikaya əsasən,
2020-ci ilin birinci yarısında ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin
eyni dövrünə nisbətən 2,7 faiz azalıb. Ekspert hesab edir ki, pandemiyanın
iqtisadiyyata təsiri qiymətləndirilən zaman yalnız 2,7 faizlik azalma əsas
götürülməməlidir. Onun fikrincə, pandemiyadan öncə ilin birinci yarısı üçün
gözlənilən iqtisadi artım imkanları da nəzərə alınmalıdır. Ekspert söylədi ki,
iqtisadi artım gözləntisi ilə 2,7 faizlik geriləmə nəzərə alındığında
pandemiyanın makroiqtisadi təsirlərinin daha güclü olduğu aydınlaşır.
A.Mehtiyev təklif edir ki, pandemiyanın təsirlərindən
ən çox əziyyət çəkən risk qrupları müəyyənləşdirilməlidir. O bu məqsədlə məşğulluq
statitikasının Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğunlaşdırmağı tövsiyə
etdi.
Ekspert R.Ağayev məruzəsində qeyd etdi ki, birinci
yarımildə pandemiyanın təsirləri dövlət büdcəsinin gəlirlərində müşahidə edilmədi.
Amma ikinci yarımildə vergi xidməti və gömrük komitəsinin xətti ilə gəlirlərin
azalacağının proqnozlaşdırılması, dövlət büdcəsinə düzəlişlər etmək zərurətini
yaratdı.
R.Ağayev söylədi ki, hökumət ikinci yarımildə vergi
və gömrük gəlirlərinin azalmasını Dövlət Neft Fondundan transfert məbləğinin
artırılması hesabına kompensasiya edəcək: “Qeyri-neft sektoru üzrə 10,6 milyard
manatlıq gəlir proqnozlaşdırılmışdı. Bunun 4 milyard manatı Dövlət Gömrük Komitəsi,
5,68 milyard manatı Vergi Xidməti vasitəsilə təmin edilməli idi. Yenidən
baxılan büdcədə gömrük öhdəlikləri 170 milyon manat, Vergi Xidmətinin öhdəlikləri
280 milyon manat azalacaq. Neft sektorundan vergi gəlirləri də azalacaq. Əvvəlki
büdcə sənədində neft sektorundan 2,18 milyard manat vergi gəliri
proqnozlaşdırılırdı. Dürüstləşdirilmiş büdcədə neft sektoru üzrə vergi proqnozu
1,79 milyard manata endirilib.
Ümumilikdə, 680 milyon manatdan çox azalma gözlənilir.
Azalma Neft Fondundan transferti artırmaqla kompensasiya ediləcək. Dəqiqləşdirilən
büdcədə transfert məbləği 850 milyon manat artırılacaq. Bu artımın sayəsində
dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faizə çatacaq. Əvvəlki
büdcə sənədində gəlirlərdə neft sektorunun payı 56 faiz proqnozlaşdırılırdı. Bu
səviyyə devalvasiyadan sonrakı illərdə ən yüksək səviyyələrdən biridir”.
Covid-19-un Neft Fonduna təsirləri haqqında danışan
ekspert İ.Əhmədov qeyd etdi ki, pandemiya dövründə Azərbaycan iqtisadiyyatını “xilas
edən” Neft Fondu olub. Məruzəçi bildirdi ki, bu dövrdə Neft Fondunun üzərinə
düşən yük bir qədər də artıb: “2019-cu ili Neft Fondu yaxşı nəticələrlə başa
vurmuşdu. Fond ili 43,3 milyard dollar dəyərində olan aktivlərlə yekunlaşdırdı.
2020-ci ilin birinci rübündə Fondun aktivləri nəzərəçarpacaq dərəcədə azaldı və
bu hamımızda narahatçılıq doğurdu. Birinci rübdəki dinamikaya əsaslanıb belə
güman etmək olardı ki, il ərzində Fondun aktivləri xeyli azalacaq. Amma 6 aylıq
yekunlar göstərdi ki, Neft Fondu 2019-cu ilin sonunda formalaşan aktivləri demək
olar ki, qoruyub saxlaya bildi”.
İ.Əhmədov söylədi ki, bu ilin birinci yarısında
aktivlərin qorunmasına yenilənmiş “Azəri-Günəşli-Çıraqlı” müqaviləsinə görə hər
ilin birinci rübündə və ya birinci yarısında 450 milyon dollar dəyərində
bonusun ödənilməsi, aktivlərdə olan qızılın dəyərinin 30 faiz bahalaşması rol
oynadı.
Ekspert proqnozlaşdırır ki, ikinci yarımildə Fondun
aktivlərində azalma qaçınılmaz olacaq. Onun sözlərinə görə, Azərbaycanın OPEC+
çərçivəsində hasilatı azaltması, dövlət büdcəsinə transfertlərin artırılması və
aşağı neft qiymətlərinin təsiri ilə il ərzində aktivlərdə 8-10 faiz azalma baş
verə bilər.
Pandemiyanın SOCAR-a təsirləri ilə bağlı məlumat
verən ekspert Samir Əliyev vurğuladı ki, neftin ucuzlaşması dövlət neft şirkətinin
maliyyə vəziyyətinə ciddi təsir edib. O bununla əlaqədar olaraq SOCAR-ın dövlət
büdcəsi qarşısındakı öhdəliyinin 1,4 milyard manatdan 1,2 milyarda endirildyini
dedi.
S.Əliyevin açıqladığı məlumata əsasən, son illərdə
SOCAR-ın Azərbaycanın neft hasilatındakı payı artaraq 21 faizə çatıb. İllik qaz
hasilatındakı payı isə azalaraq 19 faizə enib.
Ekspert bildirdi ki, neftin ucuzlaşması nəticəsində
SOCAR 3 istiqamətdə xərclərini azaldıb: “SOCAR büdcə xərclərini
optimallaşdırmaq adı altında ixtisarlara gedib. Birincisi, işçilərə ödənilən vəsaitlər
azaldılıb. Bununla bağlı aylıq əlavə ödənişlərin məbləği 50 faiz azaldılıb.
İkincisi, işçilərin bir hissəsinin ixtisarı nəzərdə tutulub. Hasilatın müvəqqəti
məhdudlaşdırılması nəticəsində SOCAR-da müvəqqəti işçilər yaranıb. Bu işçilərin
kadrların ehtiyat bazasına daxil ediləcəyi bildirlir. Bundan başqa bəzi ştat
vahidlərinin ixtisara salınması nəzərdə tutulur. Üçüncüsü, satınalma fəaliyyətinin
məhdudlaşdırılması ilə bağlı qərar olub. Bütün növ satınalma əməliyyatları
dayandırılıb”.
Hiç yorum yok:
Yorum Gönder