Neftin qiymətinin kəskin enməsi hökuməti büdcəyə yenidən baxmağa məcbur etdi. Gəlir və xərclərdə ümumilikdə ciddi dəyişiklik edilməsə də büdcənin funksional istiqamətləri üzrə ciddi dəyişikliklər edilib.
Büdcədəki
dəyişiklikləri zəruri edən amilləri qiymətləndirən "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Rövşən
Ağayevin fikrincə, pandemiyanın uzanması digər ölkələrlə müqayisədə təbii
resurs ölkələrinin iqtisadiyyatına ikiqat zərər vurur. Onun sözlərinə görə, bir
tərəfdən əhalinin sağlamlığının qorunması üçün iqtisadiyyat qapadılır və
iqtisadiyyat tənəzzüllə üzləşir, digər tərəfdən məcmu tələbin azalması səbəbindən
dünya birjalarında neft kəskin ucuzlaşır. Kəskin ucuzlaşma Azərbaycan kimi
iqtisadiyyatı təbii resurslardan daxil olan gəlirlərdən asılı olan ölkələrdə
hökumətin qazancını azaldır. R.Ağayev söylədi ki, 2020-ci ilin birinci rübündə
neftin orta qiyməti 59 dollar olub, bu ilin 6 ayında isə 38,7 dollar təşkil edib.
O belə bir vəziyyətdə hökumətin büdcənin dəyişdirilməsi ilə bağlı qərar qəbul
etmək məcburiyyətində qaldığını dedi: “Büdcə ilə bağlı dəyişikliklərin ilk
siqnalını Hesablama Palatasının sədri bu ilin aprel ayında mediaya verdiyi
açıqlamada vurğulamışdı. O qeyd etmişdi ki, büdcə dəyişiklikləri qaçınılmazdır.
Makroiqtisadi nəticələrdə pisləşmə aydın görünür. İlk 6 ayın büdcə gəlirlərində
pandemiyanın təsirləri özünü göstərmədi. Büdcədə ümumi mədaxildə 20 faizdən çox
artım var və Vergi Xidmətinin xətti ilə daxilolmada 10 faiz ətrafında artım olub.
Hökumət
proqnozlaşdırır ki, qarşıdakı 6 ayda büdcənin vergi və gömrük gəlirlərində
ciddi azalma olacaq. Buna görə də Dövlət Neft Fondundan transfertlər
artırılmağa qərar verilib. Vergi və gömrük gəlirlərindəki azalmanı Neft
Fondundan transfertin 8 faizə yaxın (850 milyon manat) artımaqla kompensasiya
etmək planlaşdırılır.
Transfertin
məbləğinin artması dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 58
faizə yüksələcək. Neft gəlirlərinin dövlət büdcəsinin payındakı bu nisbətn
devalvasiyadan sonrakı dövrdə qəbul edilən büdcələrdə ən yüksək səviyyələrdən
biridir”.
R.Ağayev
söylədi ki, dövlət büdcəsinin vergi gəlirlərində azalma olacaq: “2020-ci ilin təsdiqlənən
büdcəsində qeyri-neft sektoru üzrə 10,605 milyon manat vəsait
proqnozlaşdırılır. Bunun 4 milyard manatı Dövlət Gömrük Komitəsinin, 5,685
milyard manatı Vergi Xidməti vasitəsilə təmin edilməliydi. Yenidən baxılan büdcədə
Gömrük Komitəsinin büdcə öhdəlikləri 170 milyon manat azaldılıb. Qeyri-neft
sektoru üzrə vergi gəlirlərində isə 285 milyon manat azalma proqnozlaşdırılır.
İlin əvvəlində
Dövlət Vergi Xidmətinin ümumilikdə 7,875 miyard manat vergi toplayacağı təsdiqlənmişdi.
Dəqiqləşdirilən büdcədə Vergi Xidmətinin xətti ilə daxilolmaların 685 milyon
manat azalacağı proqnozlaşdırılır.
Vergi
Xidməti verginin 2,180 milyard manatını neft-qaz sektorundan, 5,685 milyard
manat qeyri-neft sektoru üzrə toplamalı idi. Dəyişdirilmiş büdcədə 1,790
milyard manat neft-qaz sektoru, 5,4 milyard manat isə qeyri-neft sektoru üzrə
vergi öhdəliyi müəyyənləşdirilib. Neft-qaz sektoru üzrə vergi gəlirlərində 390
milyon manat azalma gözlənilir.
Ümumilikdə
685 milyon manatlıq vergi azalmasının daha çox hissəsi mənfəət vergisi üzrə
müşahidə ediləcək. Mənfəət vergisi üzrə mədaxil 388,8 milyon manat azalma ilə
ümumi azalmanın 55 fazini təşkil edəcək. Bunun əsas hissəsi neft-qaz sektoru ilə
bağlıdır.
Əlavə dəyər
vergisində 5,3 faiz, yəni 106,6 milyon manat azalma baş verəcəyi
proqnozlaşdırılır. Gəlir vergisində 45 milyon manat azalma gözlənilir”.
Ekspert
qeyd etdi ki, hökumət əvvəlki böhran dövrünün acı təcrübəsini nəzərə alaraq
büdcə xərclərində azalmaya getmədi: “Hökumət pandemiya dövründə iqtisadi fəallığın
aşağı düşməsi riskini nəzərə alaraq büdcə xərlcərini azaltmadı. 2020-ci ilin
dövlət büdcəsinin xərcləri 26,895 milyard manat proqnozlaşıdırılmışdı. Büdcə dəyişikliyi
nəticəsində məcmu xərclər 597,5 milyon manat (2,2%) artırılaraq 27,497 milyard
manata çatdırılıb.
Xərclərdə
aparılan dəyişikliklərə əsasən, dövlət büdcəsinin 12 funksional xərc bölməsindən
2 istiqamət üzrə xərclər artırılıb, 9 bölmə üzrə xərclər azaldılıb, 1 bölmə üzrə
xərclərin həcmi olduğu kimi saxlanıb.
2015 və
2016-cı ildə ölkədə investisiya xərlərində ciddi azalmaya gedildi. Bunun təsiri
ilə 2016-cı ildə iqtisadiyyatda ciddi geriləmə baş verdi. Bu təcrübəni nəzərə
alaraq 2020-ci ildə baş verən böhrana baxmayaraq investisiya xərclərində
azalmaya gedilmədi”.
Ekspert
hesab edir ki, sərt karantin rejiminin ilin 3-cü rübündə davam etməsi və ölkənin
daha geniş ərazisini əhatə etməsi nəticəsində işsizlik və yoxsulluğun miqyası
genişlənəcək. O mənfi dinamikanın istehlak tələbini daraldacağını və iqtisadi
artımın daha da zəiflədəcəyini proqnozlaşdırır. Onun fikrincə, eyni zamanda, həm
kiçik və orta biznes, həm də ev təsərrüfatları sərt karantin rejiminin müddəti
uzandıqca, ehtiyatlarını daha çox xərcləməsi də iqtisadi daralma üçün ciddi
risk formalaşdırır.
R.Ağayev
yaranmış vəziyyəti nəzərə alaraq dövlət büdcəsi ilə bağlı hökumətə tövsiyələrini
də verdi: “Vergi orqanlarının hesabatlılığının təkmilləşdirilməsi, vergi
daxilolmalarının sahəvi və mülkiyyət strukturuna dair aylıq və rüblük
hesabatların açıqlanması vacibdir. Büdcə xərcləri, xüsusilə investisiya xərclərilə
bağlı informasiya açıqlığının təmin edilməsinə ehtiyac var. Hər bir layihə üzrə
mənbələr (kredit, büdcə, büdcədənkənar fondlar və s.) göstərilməklə investisiya
layihələrinin siyahısı ictimaiyyət üçün əlçatan olmalıdır.
Büdcə
proseslərində ictimai iştirakçılıq yüksəldilməlidir. Hazırkı şəraitdə büdcə
aparılan dəyişikliklərlə bağlı müzakirələrə peşəkar “beyin mərkəzləri” və vətəndaş
cəmiyyəti də cəlb edilməlidir. Büdcədə aparılan dəyişiklərin ilkin layihəsi
hazırlanmazdan öncə parlament komitələrinin iştirakı ilə büdcə dinləmələri təşkil
edilməlidir.
Pandemiya
dövründə yaranan əlavə xərclər, onların funksional və iqtisadi strukturu ilə
bağlı aylıq icmal hazırlanmalı, ictimaiyyətə təqdim edilməsinə ehtiyac var.
2022-ci ildən gec olmayaraq dövlət büdcəsinin bütün funksional istiqamətləri əhatə
olunmaqla nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı qərar qəbul edilməsi məqsədəuyğundur.
“Büdcə qaydası”na yenidən baxılmasına, onun tətbiqinin dayandırılması şərtlərinin
maksimum sərtləşdirilməsinə, qaydanın büdcə xərclərinə deyil, neft gəlirlərinə
məhdudiyyətlər əsasında yenidən işlənməsinə ehtiyac var”.
Hiç yorum yok:
Yorum Gönder