23 Temmuz 2020 Perşembe

Pandemiya kiçik sahibkarlara daha çox çətinlik yaradır


 
Pandemiya və onunla əlaqədar tətbiq edilən sərt karantin rejimindən zərər görən iqtisadi fəaliyyət sahələrinin sayı artır. Karantin rejimi bəzi sahələrə birbaşa zərər vursa da onun digər sahələrə dolayı neqativ təsirləri müşahidə edilir. İlk dövrlərdə əsasən ticarət, xidmət, nəqliyyat və bəzi sənaye sahələrinə zərərin olduğu bildirilirdi. Amma zamanla karantin rejiminin digər sahələrə mənfi təsiri aydın görünür. 
"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı İlkin Qarayevin fikrincə, iqtisadi fəaliyyət sahələri yenidən monitorinq olunmalı və pandemiyadan zərər görən iqtisadi fəaliyyət sahələrinin sayı dəqiqləşdirilməlidir. Onun sözlərinə görə, digər sahələrə, burada fəaliyyət göstərən sahibkarlara da dövlət dəstəyi olmalıdır.
İ.Qarayev qeyd etdi ki, karantinlə əlaqədar məhdudiyyət gətirilən sahələrdə fəaliyyət göstərən sahibkarların hamısı çətinliklə üzləşib. Həmsöhbətimiz onların arasında kifayət qədər mikro, kiçik və orta sahibkarlıq subyektlərinin olduğunu söylədi: “Fərdi sahibkarlar nəzərə alınmasa, Azərbaycanda 150,5 min təsərrüfat subyekti, sahibkar var. Onların 123 minə yaxını mikro sahibkarlıq müəssisəsi, 7 mindən çoxu kiçik müəssisə, 2,9 mini orta müəssisədir. Ümumilikdə təsərrüfat subyektlərinin 132,5 mindən çoxu və yaxud 85 faizi mikro, kiçik və orta sahibkarlıq subyektidir.
Onların əsas hissəsi ticarət, tikinti, emal sənayesi, kənd təsərrüfatı, peşə, elm, texniki fəaliyyət və digər müxtəlif xidmət sahələrində fəaliyyət göstərir. Kiçik sahibkarların maliyyə-iqtisadi imkanları böyük sahibkarlıq subyektlərindən zəif olur. Buna görə də məhdudiyyət tətbiq olunan sahələrin əksəriyyətində daha çox kiçik və orta sahibkarlar əziyyət çəkib. Pandemiya dövründə onların fəaliyyət göstərməməsi onlar üçün ciddi iqtisadi problemlər yaradıb. Bəziləri icarə haqqında razılıq əldə edib, bəziləri icarəyə verənlə razılaşma əldə edə bilməyib, işçilərin əmək haqqının ödənilməsində çətinliklər yaranıb. Bərbərlik, gözəllik salonları, masaj xidməti göstərənlər, idman, pərakəndə ticarət və başqa sahələrdə fəaliyyət göstərən kiçik sahibkarların zərəri böyükdür”.
İ.Qarayev hesab edir ki, hökumət mövcud vəziyyəti yenidən qiymətləndirməli və dəqiqləşdirmə aparılmalıdır.  Onun fikrincə, zərər görən sahələrin siyahısına yenidən baxılmalı və onların sayı artırılmalıdır. O xüsusən kiçik sahibkarlara dəstəyin daha güclü təşkilini vacib hesab edir: “Dövlət zərər görən sahələrdə çalışan kiçik və orta sahibkarlara subsidiya, güzəştli kreditlər, vergi güzəştləri verməlidir. Bu cür iqtisadi və maliyyə dəstəyi olmasa, sahibkarlar öz fəaliyyətini tam dayandıra bilər ki, bu da həm məşğulluğa, həm də dövlətin vergi gəlirlərinə mənfi təsir göstərəcək.
Sektorlar üzrə götürdükdə elə sahələr var ki, böyük sahibkarlar da ciddi zərər məruz qalıb. Məsələn, turizm sahəsində böyük hotel sahiblərinin zərəri daha çoxdur. Turizm, ictimai iaşə, pərakəndə ticarət, gündəlik tələbat malı olmayan malların ticarəti bu sahələrdə hamısına zərbə dəyib. Lakin iqtisadi zərbəyə davamlılıq imkanı kiçik və orta sahibkarlarda aşağı olduğundan onlara əlavə dəstəklər olmalıdır”.

Hiç yorum yok:

Yorum Gönder