“Dövlətin
xarici borcları üçün risk mənbəyi dövlət müəssisələrinin maliyyə vəziyyətinin qənaətbəxş
olmamasıdır. Dövlət müəssisələri tərəfindən zəmanətlə götürülən kreditlərin müəyyən
bir qismi geri qaytarıla bilmir və nəticədə dövlətin fiskal yükü artır”.
Bu açıqlamanı
iqtisadçı-ekspert Rövşən Camalov verib. O qeyd edib ki, 2014-cü ildən etibarən
xarici dövlət borcunun ÜDM-yə nisbətinin artımını görürük. 2015-ci ildən
2018-ci ilin əvvəllərinə qədər artım tempi bir qədər də güclənib. 2014-cü ildən
sonra xarici dövlət borcunun ÜDM-yə nisbətinin artımını zəruri edən səbəblər neftin kəskin ucuzlaşması, daha sonra milli
valyutanın dəyər itirməsi, həmçinin faktiki borc məbləğinin artmasıdır. R.Camalov
bildirib ki, 2017-ci ildə faktiki borc məbləğində kəskin artımın şahidi olduq.
Həmin ildə borcun kəskin artması Azərbaycan Beynəlxalq Bankı ilə bağlı yaranan
böhranla əlaqəlidir. İqtisadçı xatırlatdı ki, Dünya Bankının məlumatlarına əsasən
2014-2016-cı illərdə Azərbaycanın xarici dövlət borcu 19,5 faiz artıb.
R.Camalov deyir ki, xarici dövlət borclarının əsas
hissəsi “Azərbaycan Hava Yolları” (AZAL), Dövlət Neft Şirkəti (SOCAR), “Azərkosmos”,
“Azərenerji”, “Azəralüminium”, “Azərbaycan
Dəmir Yolları” tərəfindən alınıb. Bu dövlət şirkətləri xarici borclanmaya
getmiş və ciddi fiskal yük yaratmış hesab olunur.
2014-2017-ci illərdə dövlətin xarici borc yükünün
artması 2018-ci ildə “Azərbaycan Respublikasının dövlət borcunun idarə edilməsinə
dair orta və uzunmüddət üçün strategiya”nın qəbul edilməsinə zərurət yaratdı.
Strategiya 2018-2015-ci illəri əhatə edir.
R.Camalovun sözlərinə görə, bu strategiyanın 3 əsas
məqsədi var: “İqtisadiyyatın ehtiyaclarının nəzərə alınmaqla dövlət borcunun
dayanıqlığının təmin edilməsi, dövlətin maliyyə ehtiyaclarının ödənilməsi
zamanı ən aşağı risk və ən az xərclə borclanmanın təmin edilməsi, ölkədaxili
maliyyə bazarlarının inkişafıdır. Strategiyanın əsas məqsədi ondan ibarətdir
ki, 7 il ərzində xarici borcun məbləği və onun ÜDM-yə nisbəti azaldılmalıdır.
İlkin mərhələdə xarici borcun ÜDM-nin 30 faizini keçməməsinə nəzarət etmək və
strategiyanın sonuncu illərinə qədər nisbətin 20 faizə qədər azaldılmasına nail
olmaqdır”.
İqtisadçı dedi ki, sənəddə hədəflər ciddi qoyulub,
amma strategiyanın zəif tərəfləri də var: “Borcların idarə edilməsi, borclanma
mexanizmlərinin təkmilləşdirilməsi, dövlət zəmanəti ilə borclanan müəssisələrin
fəaliyyətinin şəffaflaşdırılması, hesbatlılığının gücləndirilməsi, alınan
borcların təyinatı üzrə xərclənməsinin təmin edilməsi istiqamətlərində hər
hansı bir fəaliyyət müəyyən edilməyib.
Xarici borcların böyük hissəsinin 2020-ci ildən
sonra ödənilməsi planlaşdırılır. Buna görə də gələn ildən dövlət büdcəsində
dövlət borcu ilə bağlı xərclərdə artım müşahidə olunacaq. 2016-cı ildən xarici
borcla bağlı xərclərdə artım müşahidə edilib. 2017-ci ildə dövlət büdcəsində
borcun əsas və faiz hissələrinin ödənilməsinə 1,5 milyard manat nəzərdə tutulduğu halda, 2018 və
2019-cu ildə 2-2,2 milyard manat həcmində məbləğ nəzərdə tutulub. 2020-ci ildə
xarici borcla bağlı xidmət xərcləri 1,7 milyard manata yaxın olacaq.
Hesab edirəm ki, xarici borclarla bağlı risklərin
azaldılması üçün dövlət şirkətlərinin özəlləşdirilməsinə yenidən baxılması,
hesabatlılıq və maliyyə şəffaflığı pribsiplərinin əsas götürülməsi, dövlət şirkətlərində
səmərəli idarəetmə mexanizmlərinin qurulmasına nail olmaq lazımdır. Dövlət şirkətlərinin
özəlləşməsi bu sahədə səmərəliliyi artıra bilər. Amma o, digər bir çətinliyi –
kommunal xidmətlərin haqlarının artmasını yarada bilər”.
Hiç yorum yok:
Yorum Gönder