22 Temmuz 2020 Çarşamba

Milli Məclis dövlət büdcəsində dəyişikliyə baxmaya bilər




Pandemiya ilə əlaqədar Milli Məclis səviyyəsində dövlət büdcəsinə əlavə və dəyişikliklərin  edilməsinə ehtiyac yaranmaya bilər. Dövlət büdcəsinə dəyişikliklərlə bağlı hökumət rəsmilərinin ilk açıqlamalarında dəyişikliklərin may və ya iyunda olacağı bildirilirdi. Amma Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərərgahın iyulun 20-də keçirilən brifinqində qeyd edib ki, hazırda dövlət büdcəsinə dəyişiklik edilməsinə ehtiyac yoxdur. O bildirib ki, 6 ayın nəticələrinə görə, büdcədə qalıq var. “Büdcə gəlirləri və xərclərinin dinamikası normaldır”, - deyən Ş.Mövsümov payızda bir daha büdcənin nəzərdən keçirəcəklərini söyləyib.
Sfera.az xatırladır ki, 6 ayın nəticələrinə əsasən, büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra olunub. Dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 2,9 faiz və ya 338 milyon manat çox icra olunmaqla 12 milyard 23 milyon manat təşkil edib. Daxilolmalar üzrə proqnoz göstəricilərini İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti 327 milyon manat və yaxud 8,9 faiz, Dövlət Gömrük Komitəsi 98 milyon manat və ya 5,1 faiz artıqlaması ilə icra edib. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti üzrə daxilolmalar 100 faiz, digər daxilolmalar üzrə proqnoz isə 15,2 milyon manat çox icra olunub.
Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə proqnozun 102 milyon manat az, dövlət büdcəsi xərclərinin isə 105 milyon manat artıq və ya 100,9 faiz icra olunmasına baxmayaraq, 2020-ci il 1 iyul tarixinə dövlət büdcəsində 292 milyon manat məbləğində və ya proqnozdan 233 milyon manat çox profisit yaranıb. Hesabat dövründə dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulmuş bütün dövlət vəzifələrinin, sosial proqram və layihələrin icrası tam həcmdə təmin edilib. 
Bununla belə Prezidentin yanında ilin birinci yarısının yekunları ilə bağlı keçirilən müşavirədə Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, yaranmış vəziyyətə uyğun yeni ehtiyacların maliyyələşdirilməsi, dövlət büdcəsinin gəlir və xərcləri arasında tarazlığın təmin edilməsi məqsədilə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılaraq düzəlişlər olunması məqsədəuyğundur.
Bəs, bu dəyişikliklər Milli Məclisdə müzakirə edilmədən həyata keçirilə bilərmi?
"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Rasim Həsənov qeyd etdi ki, hökumətin dövlət büdcəsinə hansı məqsədlə dəyişiklik etmək istəyi dəqiq bilinmir. Onun sözlərinə görə, dəyişikliklərin istiqamətindən asılı olaraq düzəlişlərə Milli Məclis səviyyəsində baxılmaya bilər: “Dəyişikliklərin nədən ibarət olacağı dəqiq bəyan olunarsa, o zaman biz dəqiq deyə bilərdik ki, dövlət büdcəsindəki dəyişikliklərə Milli Məclis səviyyəsində baxılması lazımdır, ya yox.
Son bir neçə ildə büdcə idarəçiliyində hökumətin rolu artırılıb. Büdcə mexanizmində hökumətə və prezidentə zərurət yarandıqda əməli dəyişikliklər etmək imkanı verilib. Ona görə də Milli Məclis səviyyəsinə qaldırılmadan da büdcə sənədində xeyli dəyişiklik etmək mümkündür.
Dünya təcrübəsində belədir ki, hər hansı bir bölmədə dəyişiklik olarsa, bölmələrarası köçürmələrə ehtiyac yaranarsa, büdcə hökmən qanunvericilik səviyyəsində dəyişilməlidir. Bu, ölkənin büdcə ilə bağlı milli qanunvericiliyindən asılıdır. Son illərdə Azərbaycanın büdcə qanunvericiliyində icra strukturlarına geniş sərbəstlik verilib. Ona görə də bizim qanunvericiliyimizdə büdcə klassik büdcə anlamından fərqlənir. Bu imkanı nəzərə alaraq hesab edirəm ki, büdcədəki dəyişikliklərin Milli Məclis səviyyəsində edilməsinə ehtiyac yaranmaya bilər”.
R.Həsənov dövlət büdcəsinin ehtiyatlı tərtib olunduğunu da bildirdi. “Son illərdə büdcə layihələri hazırlanan zaman ehtiyat imkanlar daha çox nəzərə alınır”, - deyən iqtisadçı söylədi ki, ilk 6 ayın nəticələri büdcənin üzərinə əlavə böyük yük düşmədiyini göstərir. Onun fikrincə, həm büdcənin gəlirlərinin təmin edilməsində, həm də xərclərin həyata keçirilməsində çətinlik müşahidə olunmadığından hökumət dövlət büdcəsinin xərclər hissəsində dəyişiklik etməklə ehtiyac duyulan xərcləri ödəyə bilər.





Hiç yorum yok:

Yorum Gönder