23 Ağustos 2018 Perşembe

Sabit Bağırov: BENEFİSİARLARIN AÇIQLANMASI NƏYƏ GÖRƏ VACİBDİR?


2017-ci ildə Azərbaycan MHŞT-ni tərk etməsinə baxmayaraq MHŞT prinsiplərinə sadiq qaldığını bildirdi. Bu Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2017-ci il tarixli Fərmanında[1] əks etdirilir. Sənədin 1-ci bəndində belə bir qərar qeyd edilir:

“Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilsin”

Fərmana əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır və Hasilat Sənayesində illik hesabtların hazırlanması və dərc edilməsi davam etdirilir. 2016-cı il üzrə Hesabat, demək olar ki, MHŞT Standartının tələblərinə uyğun hazırlanmışdır[2].

2016-cı il MHŞT Standartında tələblərlə yanaşı tövsiyələr də əks etdirilir. Bunlardan biri benefisiar sahibliyin açıqlanmasına aiddir. Benefisiar sahiblik nə deməkdir?

Azərbaycan Qanunvericiliyində bu gün bu məvhumun açılışı verilmir. Bununla belə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikası Qanununun[3] “Əsas anlayışlar” Maddəsində Benefisiar Mülkiyyətçi anlayışı verilir:
1.0.12. benefisiar mülkiyyətçi - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir;