27 Ocak 2021 Çarşamba

"İqtisadi Forum" Ekspert Qrupunun növbəti toplantısı keçirilib



Yanvarın 27-də "İqtisadi Forum" ekspert qrupunun növbəti toplantısı keçirilib. Toplantıda cari məsələlər və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidentinin imzaladığı Fərmandan irəli gələn məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Ekspertlər SOCAR-da səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək yolları ilə bağlı öz fikirlərini bildiriblər. 


23 Ocak 2021 Cumartesi

Samir Əliyev: "SOCAR səhmdar cəmiyyətə çevrilməlidir"


"Azərbaycanın ən böyük şirkəti olan SOCAR dövlət şirkətləri içində korporativ idarəetmə standartlarından ən çox uzaq olan şirkət olub. Məlumat üçün bildirim ki, büdcə daxilolmalarının bir qayda olaraq 6-8%-i, vergi gəlirlərinin 15-17%-i bu şirkətin payına düşür. 2018-ci ilin sonuna şirkətdə çalışan işçilərin sayı 51125 nəfər olub. 2019-cu ildə şirkətin aktivlərinin həcmi65,4 milyard AZN, ümumi gəlirləri isə 83,8 milyard AZN olub. Belə bir böyük şirkətin nəzarətdən kənar qalması əlbəttə düzgün deyil".
Bu haqda "İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı Samir Əliyev facebook-dakı statusunda (https://www.facebook.com/samiraliyev/posts/10221882040894194) qeyd edib. SOCAR-ın hesabatlarında dövri olaraq vurğulanır ki, şirkət Korporativ idarəetmə prinsiplərinə əsasən, mərkəzləşdirilmiş idarəetmə sistemi tətbiq edir. S.Əliyev hesab edir ki, reallıq bundan uzaq olduğunu göstərir: "Uzun müddət SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi müşahidə şurası mövcud olmayıb. Bu funksiyanı ölkə prezidenti həyata keçirib. Şirkətin idarə heyəti funksiyasını isə Şirkət Şurası icra edib. Şuranınn tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslər daxil olub. SOCAR-da audit fəaliyyəti Şirkətin Prezidenti yanında yaradılmış Audit Komitəsi tərəfindən həyata keçirilib. Halbuki Mülki Məcəllənin 107-ci maddəsinə görə, Audit komitəsi cəmiyyətin direktorlar şurası (müşahidə şurası) tərəfindən yaradılır və ona tabedir.
Göründüyü kimi korporativ standartlarda daxili audit bölmələri icraçı orqana (idarə heyəti) deyil, nəzarət edən quruma direktorlar şurasına (müşahidə şurasına)tabedir. Bu tabeçilikdə məqsəd icra prosesinə nəzarət etmək, şəffaflığı təmin etməkdir. SOCAR-ın nümunəsində isə icraçı qurumun rəhbəri həm daxili nəzarət bölməsini yaradır, həm də ona nəzarət edir. İcra qurumunun fəaliyyətinə isə daxili nəzarət yoxdur. Prezidentin son Fərmanı SOCAR-da korporativ idarəetmənin qurulması istiqamətində atılan addımdır. Çünki burada qarşılıqlı nəarət mexanizmi formalaşacaq. Yəni İdarə Heyətinin Müşahidə Şurası qarşısında hesabatlılığı, Audit Komitəsinin İdarə Heyətindən asılı olmadan onun fəaliyyətinə nəzarəti qarşılıq nəzarət üçün effektiv mexanizm hesab olunur".


S.Əliyev qeyd edib ki, yeni yaradılmış Müşhaidə Şurası qarşısında həlli vacib olan məsələlər durur:
- SOCAR-ın hüquqi statusundakı qeyri-müəyyənliyin aradan qaldırılması və onun səhmdar cəmiyyətinə çevrilməsinin təmin edilməsi
- Şirkətin yaxın 5-10 il üçün Strateji İnkişaf sənədinin hazırlanması
- Şirkətin, o cümlədən törəmə şirkətlərinin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılması
- Şirkətin xarici borc öhdəliklərinin idarə edilməsi
- Şirkətin hüquqi və şaqulu inteqrasiya hədəflərinin məhdudlaşdırılaraq kiçildilməsi
- SOCAR ilə dövlət arasında maliyyə axınlarını tənzimləyən müvafiq normativlər və qaydaların qəbulu
Onun fikrincə, yeni dəyişiklik faktiki olaraq Rövnəq Abdullayev vəzifəsində qalacağı təqdirdə onun səlahiyyətinin məhdudlaşdırılması deməkdir: "Ancaq həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin üzvlərinin prezident tərəfindən təyini gələcəkdə Şirkətdə ikihakimiyyətlilik yarada bilər. Hər halda bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının acı təcrübəsi var. Ona görə də banklarda olduğu kimi İdarə heyəti üzvlərinin Müşahidə Şurası tərəfindən təsdiqi daha uğurlu sayılır".


19 Ocak 2021 Salı

Pandemiyanın yaşlı insanlara təsiri öyrənilib

Yanvarın 18-də Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "Ahıllara pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələr" mövzusunda ZOOM konfrans keçirilib. Konfransa dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 24 nəfər iştirak edib.

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev qeyd etdi ki, karantin tədbirləri insanlarda sosial-iqtisadi sıxıntılar yaradır. S.Əliyev söylədi ki, bu sıxıntıları nəzərə alaraq ekspertlərlə birgə problemləri öyrənmək və problemlərin aradan qaldırılması yollarını tapmaq, təkliflər hazırlayıb təqdim etmək qərarına gəliblər. O pandemiyanın təsirlərini öyrənmək üçün 3 həssas sosial qrupun seçildiyini bildirdi. Bunlar işsizlər, ahıllar və çoxuşaqlı ailələrdə. S.Əliyev dedi ki, hə 3 istiqamət üzrə pandemiyanın təsirləri tədqiq edilib.
Bu istiqamətlərdən biri ahıllarla bağlıdır. Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov "Ahıllara pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələr" mövzusunda təqdimat hazırlayıb.

İ.Əhmovun təqdimatı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://iqtisadiforum.blogspot.com/2021/01/covid-19-un-azrbaycanda-ahllara-tsirlri.html



Covid-19-un Azərbaycanda ahıllara təsirləri





Hədəf və Fokus 


* Covid-19 pandemiyasının ahıllara təsirləri; 

* Ahıllara sosial xidmətin təşkili; 

* Covid-19-un üzə çıxartdığı problemlər; 

* Universal tələblərə yönəlik fəaliyyətin təşkili.


Ahılların sosial müdafiə siyasətinin təşkilinin hüquqi-normativ bazası 

* "Sosial xidmət haqqında" qanun: (2011);
* "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" (2006); 
* “Əmək pensiyaları haqında” qanun (2006) 

*NK-nın 236 saylı Sərancamı "Bütün yaşlar üçün cəmiyyətin qurulması" (DOST);
* "2020-2026- cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya"layihəsi


BMT-nin ahıllar üçün təsbit edilmiş prinsipləri 
(1991) 

* Müstəqillik; 

* İştirakçılıq;

* Qayğı; 

* Özünü realizə etmək; 

* Ləyaqət

Beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi


* BMT-nin (1952) "Sosial Müdafiə (Minimum Standartlar)" C102 Konvensiyası 59 ölkə tərəfindən ratifikasiya edilib. Azərbaycan qəbul etməyib. 

* BMT-nin digər, 128 nömrəli Konvensiya (1967). Azərbaycan qəbul etməyib;

* Dünya Sosial İnkişaf Hesabatında, Dayanıqlı İnkişaf Məqsədləri indeksində (SDG) Azərbaycan 193 ölkə arasında 54-cü yerdə qərarlaşıb. 

* Fəal Yaşlaşma İndeksi;

* Qlobal Yaş İzləmə İndeksində (2015) Azərbaycan təmsil olunmayıb.

Statistika-uçot informasiya bazası 


* 2021-ci il 1 yanvar - 70 və daha yuxarı yaşda olan əhalinin say 420.6 min nəfər.

* Hər 1000 kişiyə 2021-ci ilin əvvəlinə 1448 qadın düşür. Bu o deməkdir ki, ahılların strukturunda qadınlar kişilərə nisbətən xeyli üstünlük təşkil edir. Kişilərin cəmi sayı 171.7 min, qadınların sayı isə 248.8 min nəfərdir.

* Ahılların 25 % (106,4 min) Bakıda, 16,6%-i (69,8 min) Aran iqtisadi rayonunda, 14,2% -i ( 60.4 min) Gəncə-Qazax iqtisadi rayonunda, 10 %-i (42.3 min) Yuxarı Qarabağ iqtisadi rayonunda, 7.6 % -i (32.1 min) Lənkəran iqtisadi rayonunda və s. məskunlaşıb.

* 2021-ci ilin əvvəlinə 1, 271 mln. pensiyaçı var, onların 742 min nəfər yaşa görə pensiya alanlardır. Yaşa görə pensiya alanların orta aylıq pensiya məbləği 291.5 man. təşkil edir. 

* Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2020-ci ilin əvvəlinə ahıl və kimsəsiz vətəndaşlar üçün olan sosial xidmət müəssisələrində 308 nəfər yaşayıb.


Pandemiyanın ahıllara təsirləri


* Ahılların, bütün digər sosial qrup təmsiliçiləri kimi gəlirliliyi (ailə gəliri nəzər alınmaqla) azalır və bununla da sosial durumları pisləşir;
* Ahılların sağlamlığı, xüsusən də sosial məsafə tələblərinin tətbiqi ilə, yeni çağırışlarla üzləşərək təsirli dərəcədə pisləşir;
*Ahıllar özləri Covid-19-un potensial qurbanları olmaqla yanaşı, həm də bu və ya digər sahələrdə fəaliyyət göstərən işçilərdir;
* Ahıllar arasında infeksiya riski, və nəticədə ölüm və ağır xəstələrin sayı, daha çoxdur;
* Covid-19-un əsas tələbi olan “Evdə Qal” kampaniyası bu həssas qrup üçün əvvəllər də aktual olan “şiddət və laqeydlik” problemini bir qədər də ciddiləşdirir.


Sosial xidmət: məlumatlılıq və idarəetmə


* Assimetrik informasiya problemi;
* “Sosial xidmətlər agentliyi” publik şəxs;
* Sosial xidmət dövlətin monopoliyasındadır;
 * Yerli özünüidarəetmə və sosial xidmət.


Ahıllarla bağlı üzə çıxan problemlər 

* Ahılların hüquq və azadlıqlarının, habelə sosial rifahının tənzimlənməsi məsələləri yalnız bir aidiyyəti qurumun fəaliyyətində (ƏƏSM) cəmlənib;

* Ahılların durumunu, onların demoqrafik, cinsi, mili, sektoral,regional və funksional xarakteristikasını əks etdirən əhatəli statistika mövcud deyil; 

* Ahılların keyfiyyətli sosial xidmətlə əhatə olunması problemi, cəmiyyətdə hələ də domimantlıq təşkil edən bir sıra demoqrafik və kultural dəyərlər səbəbindən, ilk baxışdan kritik görünmür;

* Ahıllar bütün sosial qrup insanlar arasında ən çox aktiv fəaliyyətə ehtiyacı olanlardır. 


Nəticə


* Pandemiya ölkədə ahılların sosial-rifah halının arzu edilən səviyyədə olmadığını üzə çıxartdı; 

* Çoxsaylı beynəlxalq konvensiyalara və tələblər onu göstərdi ki, ahılların spesifik həyat tərzini və onların qarşılaşdığı problemiləri nəzərə alsaq, dövlətin vəzifəsi yalnız onların minimum ehtiyaclarını ödəməklə bitməməlidir;

* Ahılların aktiv həyat tərzini təmin etmək, onların bu yönümdə müstəqilliyini qorumaq ən ümdə vəzifələrdən biri olmalıdır;

* Ahılların əhatəli, dürüst və daim yenilənən və ictimaiyyət üçün əlçatan məlumat bazası yoxdur.
 
* Hökuməti bir sıra beynəlxalq konvensiyalara qoşulsa da, hələ bu sahədə öndə gedən ölkələr sırasında deyilik;

* Beynəlxalq indekslərdə aktiv deyilik;

* Yaxşı təcrübələri öyrənib, tətbiq etməkdə aktiv deyilik;

* Statistik baza, bir sıra digər sahələrdə olduğu kimi, ahılların məlumatlılığı ilə bağlı təkmil deyil;

* Hökumətin pandemiya dövründə sosial xidmət işinin qurulmasında səyləri epizodik xarakter daşıdı və burada ciddi infrastrukturun yenidən qurulmasına ehtiyac var;

* Ahıllara sosial xidmətin keyfiyyətli və əlçatan edilməsi üçün yerli özünüidarəetmə qurumları, bələdiyyələr iştirak etmir;

* ƏƏSMN könüllüləri bu işə cəlb etməsi təqdirəlayiqdir, amma kifayət deyil.


Tövsiyələr

* Hökumət ilk növbədə ahıllarla bağlı fəaliyətin beynəlxalq tələblərə cavab istiqaməti elan edib, onu ƏƏSMN ilə yanaşı digər əlaqəli qurumlarla koordinasyalı işləsə daha yüksək nəticə əldə emək olar;

* Bütün halarda ahılların mövcud vəziyyətini düzgün qiymətləndirilməsi və onun keyfiyyətli izlənməsi üçün ictimaiyyət üçün əlçatan olan əhatəli məlumat bazasıın yaradılmasından keçir;

* Hökumətin sosial xidmət işinin köklü surətdə yaxşılaşdırılması üçün bələdiyyələricəlbl edilməlidir və bu işi yerlərdə digər sosial işlə birgə bələdiyyələrin əsas prioritetinə çevirmək lazım olacaq;

* ƏƏSMN könüllülərlə əməkdaşlıq fəaliyyətində ciddi dəyişiklik edib, onları yerli qurumlarla əlaqəli fəaliyyət göstərməyə sövq etmək işin xeyrinə olardı.

"Gömrük idxalda qiymətləri bahalaşdırır. Bu qurum ləğv edilməldir" - Rövşən Ağayevlə müsahibə


Azərbaycanın gömrük və vergi sisteminin hər ikisi məhsul və xidmətlərdən Əlavə Dəyər vergisi toplayır. Büdcəyə ödənişlərdə də əsas yeri ƏDV üzrə yığılan vergilər tutur. Hər iki qurumun eyni vergini toplaması özlüyündə absurddur. Nəzərə alaq ki, ƏDV satış zamanı məhsulun və ya xidmətin üzərinə əlavə olunur, onun idxal zamanı sahibkarın üzərinə yüklənməsi iqtisadiyyatımız üçün müsbət hal deyil. Eyni zamanda, bu günlərdə açıqlanan gömrük statistikasına görə, 2020-ci ildə Azərbaycana idxal 2.9 mlrd. dollar və ya 27,3% azalma var. Gömrük sisteminin büdcəyə ödənişləri isə cəmi 470 mln. manat və ya 11% azalıb. Nisbətdəki bu fərq necə formalaşıb?

ENA.az-ın suallarını iqtisadçı Rövşən Ağayev cavablandırıb.

- Xarici ticarət dövriyyəsi 2020-ci ildə 24 milyard 471 milyon dollar olub. 2019-cu ildə isə 33 milyard 302 milyon dollar idi, deməli 2020-ci ildə 36%-lik azalma baş verib. Büdcə daxilolması 3 milyard 938 milyon dollar olub, 2019-cu ildə 4 milyard 408 milyon dollar idi və burada 470 milyon dollar, 11,9 %-lik bir azalma qeydə alınıb. Bu il idxal 10 milyard 730 milyon dollar olub və ötən illə müqayisədə 2 milyard 937 milyon dollar və ya 27,3% azalıb. Rövşən müəllim, bu nisbət fərqləri nə dərəcədə realdır?

- Müqayisə aparsaq, bu il ƏDV-nin həcmində 263 milyon dollarlıq azalma var. Bizim xarici ticarətimiz Türkiyədəki kimi deyil. Türkiyədə ixrac çox böyük həcmdə vergiyə cəlb edilir, ona görə də Türkiyə kimi ölkələrdə xarci ticarətin ümumi dövriyyəsinin statistikası geniş analiz olunur. Ancaq Azərbaycanda elə deyil, çox kiçik istisnalarla, dəriyə və s., tətbiq edilməklə, demək olar ki, ixracdan vergi yoxdur. Bizdə ixracdan bir ödəmə var, onu da vergi saymırlar. Belə ki, büdcə sistemi haqqında qanunda qiymətləri tənzimlənən məhsulların topdan satış qiymətləri ilə dünya bazarındakı fərqi büdcəyə alırlar, ancaq xarici ticarət vergisi saymırlar. Ona görə də daha çox idxala baxmalıyıq və idxaldakı 27,3 faizlik azalma müqabilində vergidə 12%-lik bir azalma diqqətə çarpır. Bu azalma nə ilə bağlıdır? Qeyd edim ki, nisbət birə-bir uyğun gəlməyə bilər. Məsələn, Azərbaycan Dövlət Neft Fondu üçün alınan böyük həcmdə monetar qızılın idxalı vergidən azaddır. Dövlət idxalı 2019-cu ildə 4,1 milyard dollar, 2020-ci ildə 1,8 milyard dollar olub, yəni 2,3 milyard dollar azalma var. İdxaldakı həmin 3 milyard azalmanın 2.3 milyardını belə vergidən azad təyinatlı hesab edərək kənara qoyun. Yerdə qalan 600-700 milyon dollarlıq vergiyə cəlb edilən hissə haqqında danışmaq olar və düşünürəm ki, bu nisbət normal bir azalmadır. Amma bununla belə vergi ödəmə əmsalı xeyli yüksəlib. Belə ki, 2019-da büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9% idisə, 2020-də 21,6% olub. Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb.

- Ortadakı fərq nisbətində büdcədən yayındırılan vəsaitin həcminin azalmasının da rolu varmı? Yəni 2020-ci ilin əvvəlində gömrükdə başlayan şəffaflaşdırma prosesini nəzərdə tuturam.

- Şəffaflaşma ilə bağlı nağıllara artıq inanmıram. Azərbaycanda gömrük indeksi 22% bahalaşıb. Eyni araşdırmanı idxal mallarınnın daxilindəki qiymətlərdə də apardım və gördüm ki, bahalaşma 2-3%-dir. Necə olur ki, idxalda məhsullar 22% bahalanır, amma istehlak malları bazarında cəmi 2% qalxır. Açıq-aşkar görünür ki, idxal mallarının qiymətini gömrükdə bahalaşdırırlar. Şəffaflaşdırmaya o vaxt inanmaq olar ki, o öz nəticəsini istehlak bazarında göstərəydi. Vergi orqanlarının özündə bu böyük problemlər yaradır, çünki gömrük qiymətləri artırır, sonradan sahibkarın daxili satışında vergi hesablanmasında çətinlik yaradır. Çünki gömrükdən idxal dəyəri məhsulun maya dəyəri kimi oturur. Real satış qiyməti də bu qiymətə yaxındır. Vergi sisteminin əməkdaşları daxildə bu məsələni etiraf edirlər, ancaq qarşısını da almırlar.

- Sahibkarlar bir neçə dəfə təklif ediblər ki, gömrük orqanları ƏDV-ni yığmasın, bu işi onsuz da vergi icra edir.

- Bəli, belə olmalıdır. Bunu biz də təklif etmişdik.

- Bu halda belə çıxır ki, gömrüyün büdcəsi boş qalacaq. Bu qurum ancaq gömrük rüsumunu yığmaqla məşğul olacaq, o da il ərzində 1 milyard manat təşkil edir.

- Bu qurum ləğv edilməlidir. Vergi, fiskal orqanlar birləşməlidir. Verginin bir cibi olmalıdır ki, sahibkar ödədiyini bir sistem üzərindən görsün. Açıq-aşkar görünür ki, buna hansısa maraqlar imkan vermir. O boyda birləşməyə getdilər, İqtisadiyyat Nazirliyi ilə Vergilər Nazirliyi bir-birilə əlaqəsi olmayan qurumlar idi, onu birləşdirə bildilər, amma gömrüyə dəymədilər.

Müsahibəni ENA.az saytından aşağıdakı linkdən oxumaq olar:

https://ena.az/az/news/id-31034?fbclid=IwAR1J7-VJRWjcV68SwlRXXVSSCB_1K5_vo2OfBB9d8I48CsAXmwiIZtuC5nA

15 Ocak 2021 Cuma

Çörək bahalaşacaq? – “Buğdanın qiyməti rekord həddə yüksəlib, çörəyin çəkisində azalma var”



2020-ci ilin dekabr ayından beynəlxalq birjalarda buğdanın davamlı bahalaşması müşahidə olunur. Dekabrın 9-da bir buşel (27,21 kq) buğdanın qiyməti 5,75 dollar olduğu halda, hazırda 6,58 dollardır. Qısa müddətdə buğdanın dəyəri 14,4 faiz artıb.

Metrik hesablama ilə ifadə etsək, buğdanın bir tonunun qiyməti 211 dollardan 242 dollara qədər yüksəlib. Mövcud qiymət son 7 ilin ən yüksək qiymətidir. Sonuncu dəfə 2014-cü ilin martında buğda mövcud qiymətə satılıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Sefera.az-a bildirib ki, artıq ölkəmizdə həm buğdanın, həm də unun qiymətində artım var:

"Regionlarda qiyməti 28 manat olan un kisəsi hazırda 30 manata satılır. Bakıdakı bəzi marketlərdə əvvəllər 50 qəpiyə olan təndir çörəyi artıq 60 qəpiyə satılır. Zavod çörəyinin qiyməti dəyişməsə də çəkisində fərq var. Mən aldığım zavod çörəyini hər həftə çəkirəm. Son 10 gündə zavod çörəyinin çəkisində 70 qram azalma var. Unun da qiyməti yüksəlib. Pərakəndə satılan unun bir kiloqramı təxminən 20 qəpik bahalaşıb”.

V.Məhərrmov deyib ki, xarici bazarlardakı qiymətlərin Azərbaycana təsirini azaltmaq üçün ölkəmiz ərzaq buğdasına olan tələbatını daxili istehsal hesabına 100 faiz ödəməlidir:

"Azərbaycanda 2020-ci ildə buğda istehsalı əvvəlki ilə nisbətən 311 min ton azalıb. Ötən il buğda istehsalı 2,21 milyon ton nəzərdə tutulduğu halda faktiki istehsal nəzərdə tutulandan 350 min ton az olub.

Bu, çox ciddi göstəricidir. Onsuz da Azərbaycan özünü yerli buğda ilə təmin edə bilmirdi, idxaldan asılılıq yüksək idi. 2019-cu ildə ölkəmizə 1,585 milyon ton buğda idxal edilib ki, bu da ölkənin istehlak etdiyi buğdanın 69 faizi qədərdir.

Belə bir vəziyyətdə dünya bazarında buğdanın qiymətinin artması Azərbaycana birbaşa təsir edəcək. Azərbaycan idxaldan asılı olan ölkədir. Rusiya qərar qəbul edib ki, onlar istehsal etdiyi məhsulu emal etdikdən sonra satacaqlar. Bu o deməkdir ki, daha yüksək qiymətə un alacağıq”.

Həmsöhbətimiz vurğuladı ki, ölkəmiz özünü buğda ilə tam təmin edə bilər:"Bunu edə bilərik. Bunun üçün məhsuldarlıq artırılmalıdır. 2020-ci ildə buğda istehsalında məhsuldarlıq azalaraq 29 sentner olub. Bu, Azərbaycan üçün çox pis göstəricidir. Özbəkistanda orta məhsuldarlıq 49 sentner, Misirdə 70 sentnerdir. Məhsuldarlıq Rusiyada, ABŞ-da 30-35 sentner ola bilər. Həmin ölkələrdə ərazilər o qədər böyükdür ki, məhsuldarlıq 15-20 sentner olduqda belə çox məhsul toplanılır. Amma Azərbaycanda məhsuldarlıq qaldırılmalıdır.

Məhsuldarlığın artıırlması istiqamətində təsirli tədbirlər görülmür. Niyə görülmədiyinin cavabı budur ki, bu sahəni bilən kifayət qədər peşəkarlar yoxdur.

Kadr çatışmazlığı nazirliklə bərabər yerlərdə də var. Yaxşı kadr yetişdirilməsi üçün stimul olmalıdır. Məsələn, Rusiyada aqronomlar üçün işlədiyi ərazidə ev təklif edilir. Sonra müəyyən kompensasiya ödənilir, yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün subsidiya, ucuz istehlak krediti verilir.

Azərbaycanda kadr hazırlığını stimullaşdırmaq üçün müəyyən mərhələdə yerlərdə olan aqrar inkişaf mərkəzlərində tələbələri işə cəlb edib, onlara yüksək təqaüd vermək olar. Yaxud, tələbə yaxşı nəticələr əldə edən fermerin yanında təcrübə keçməyə göndərilə bilər. Elə fermer təsərrüfatları var ki, orada məhsuldarlıq 70 sentnerdir.

Bu gün Kənd Təsərrüfatı Nazirliyi gələcək üçün kadr yetişdirilməsi işini təşkil etməlidir. Əks təqdirdə 10 il sonra eyni vəziyyətlə üz-üzə qalacağıq”.

Yazını bu linkdən də oxumaq olar: https://sfera.az/orek-bahalasacaq-bugdanin-qiymeti-rekord-hedde-yukselib-coreyin-cekisinde-azalma-var/

13 Ocak 2021 Çarşamba

İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri ilə bağlı konfrans keçirilib



Yanvarın 12-də Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlər: hökumətin siyasəti və nəticələr" mövzusunda ZOOM konfrans keçirilib. Konfransa dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 26 nəfər iştirak edib.

"İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlər: hökumətin siyasəti və nəticələr" mövzusunda təqdimatla İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev çıxış edib.

R.Ağayev bildirib ki, 2020-ci ildə sərt karantin rejiminin tətbiqilə bağlı 600 min nəfər işsiz şəxsə (o cümlədən qeyri-formal işləyən şəxslərə) birdəfəlik ödəmə proqramı çərçivəsində aylıq 190 manat məbləğində müavinət ödənilib. Ümumilikdə həmin proqramın icrası üçün 450 milyon manat vəsait sərf olunub. 

R.Ağayev qeyd edib ki, qeyri-formal məşğulluğun miqyası böyük olduğundan bir çox insan müavinət ala bilməyib: "Qeyri-formal məşğulluq işsizlik üçün ən ciddi problemdir, çünki bu təbəqə müqaviləsiz və sığortasız çalışdığıü üçün istənilən riskli və böhranlı şəraitdə sosial müdafiəsiz qalırlar. Qeyri-rəsmi məşğulluğun əhəmiyyətli bir hissəsi küçə ticarəti, evdə yaşlılara və uşaqlara baxım, mənzillərə xidmət (ustaların fəaliyyəti) və s. kimi işləri əhatə edir. Pandemiya və sərt karantik rejiminin tətbiqi, izolyasiya tədbirləri insanların böyük əksəriyyətini bu tip xidmətlərdən imtina etməyə, küçə xidmətlərini məcburi qaydada təxirə salmağa məcbur edir. Rəsmi statistikaya görə, hazırda 4,888 milyon nəfər məşğul əhalinin cəmi 1,682 milyon nəfəri (34,4%-i) əmək müqaviləsi) ilə çalışır və işszilik sığortası ödəyir. Ən yaxşı halda iqtisadi fəal hesab olunan əhalilinin hər 3 nəfərindən 1 nəfərinin işsizlikdən sığortası mövcuddur". 

Məruzəçi söylədi ki, Covid-19 pandemiyasının son 1 ildə dünyanı üzləşdirdiyi ağır sosial-iqtisadi şərait göstərdi ki, hökumətlər istənilən fövqəladə və gözlənilməz dövr üçün risk həssaslı sosial müdafiə sistemi, eləcə də işsizlikdən müdafiə mexanizmləri qurmalıdırlar: "Covid-19 koronavirus pandemiyası Azərbaycanda potensial olaraq isşizlik riski ilə üzləşə biləcək əhalinin sosial müdafiəsinin təşkili ilə bağlı bir sıra çağırışları ortaya qoydu. Məlum oldu ki, sakit dövrlərdən fərqli olaraq iqtisadiyyatın qapadılmasına, iqtisadiyyatın daralmasına səbəb olan hadisələr baş verdiyi mərhələdə genişmiqyaslı qeyri-formal məşğulluq daha ciddi sosial təhlükəsizlik probleminə çevrilir".

R.Ağayevin "İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlər: hökumətin siyasəti və nəticələr" mövzusundakı təqdimatı ilə daha geniş şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür. 

https://iqtisadiforum.blogspot.com/2021/01/issizlr-pandemiyann-mnfi-tsirlrinin_13.html




İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələri


Azərbaycanda məşğul və işsiz hesab olunan şəxslər 


“Məşğulluq haqqında” Qanunun 1.1.6-cı maddəsi - İşsiz şəxs: 

* işi və qazancı olmayan, 

* işə başlamağa hazır olan 

* müvafiq dövlət orqanınında işsiz kimi qeydiyyata alınan 

* əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslər 

“Məşğulluq haqqında” Qanunun 1.1.7-cı maddəsi - İşaxtaran şəxs: 

dövlət məşğulluq xidmətinə münasib iş üçün müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs 

Məşğulluq haqqında” Qanunun 4-cü maddəsi - Məşğul şəxslər: 

* muzdla (əmək müqaviləsi əsasında) şləyənlər; 

* mülki-hüquqi xarakterli (qarşı tərəflə əmək münasibətləri yaratmadan) müqavilələrlə işləyənlər; 

* sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 

* haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; 

* Silahlı Qüvvələrdə xidmət edənlər; 

* ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar; 

* Ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.


İşszilərin qeydiyyatı 


“Məşğulluq haqqında” Qanunun 5-cü maddəsi – işsizlərin qeydiyyatı: 

* İşaxtaranlar elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran şəxslər kimi qeydiyyata alınırlar;

* İşaxtaran kimi qeydiyyat zamanı elektron informasiya sistemində olan məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir; 

* Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü ərzində ona münasib iş təklif olunmalıdı

* Belə təklif olmadıqda və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildikdə şəxs işsiz kimi qeydiyyata alınır


İşsizlik probleminin həlli sahəsində dövlətin vəzifələri 


“Məşğulluq haqqında” Qanunun 6-cı maddəsi: 

(I) işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin təmin edilməsi, işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərən tədbirlərin görülməsi, 

(II) işsizlikdən icbari sığortanın tətbiqi


Azərbaycanda işszilərin müdafiəsi – sığorta sistemi 


“İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulan tələb və mexanizmlər 

* İşsizlikdən sığorta sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır 

* İşsizlik sığortası üçün işəgötürən (sığortaedən) əmək ödənişi fondunun 0.5%-i, işçi (sığortaolunan) isə ona hesablanmış əmək haqqının 0.5%-i qədər sığorta haqqı ödəyir 

* Sığorta ödənişlərinin 3 növü müəyəyn edilib: əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi. 

* İşsizlik başlanmazdan öncəki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan sığortaolunanlar itirilmiş orta aylıq əmək haqqının 50%-i intervalında müavinət ala bilirlər 

* Sığorta stajı işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il olarsa, qanunvericiliklə nəzərdə tutulan minimum məbləğdə sığorta ödənişi ala bilir


Azərbaycanda məşğulluğun və işsizliyin statistik uçotunun təşkili 


DSK təsdiqlədiyi 15 may 2012-ci il tarixli 26/6 nömrəli qərarı: 

* Hər rüb respondentlərin 25%-i rotasiya edilməklə 21 min ev təsərrüfatı arasında əhalinin iqtisadi fəallığına dair seçmə statistik müayinə aparır 

* Müayinə üçün sorğu anketi Beynəlxalq Əmək Təşkilatının (BƏT) işsizliyin ölçülməsilə bağlı metodologiyasına uyğun hazırlanıb. 

* Sorğuya yalnız 15 yaşı tamam olmuş şəxslər cəlb edilir 

* 6 ay və daha çox müddətə: ezamiyyətdə, xarici ölkələrdə olanlar, xəstəxanada müalicə olunanlar, yaşadığı yerdən kənarda təhsil alanlar, hərbi xidmətdə olanlar, məhkəmənin qərarı ilə cəza çəkən və məcburi müalicə olunanlar sorğuya cəlb edilmirlər 

* Metodologiyaya görə müayinə həftəsində az 1 saat işləyib gəlir əldə edibsə, işsiz kimi qeyd edilmir 

* Əgər iş olmayıbsa bunun səbələri dəqiqləşdir


Azərbaycanda məşğulluğun və işsizliyin statistik uçotunun təşkili



DSK və məşğulluq xidmətinin işsizlik göstəriciləri arasında bir sıra obyektiv səbəbdən fərqlər var 

Təcrübədə bəzən şəxslər dövlət məşğulluq xidmətinin təklif etdiyi işləri özləri üçün münasib saymır və imtina edir 

Nəticədə belə şəxslərı işsiz status verilmir 

DSK-nın müayinələrində isə respondentlərin hansısa işi münasib sayıb-saymaması meyar deyil, sorğuda istinad olunan dövrə işi və qazancı olmayan şəxs işsiz kimi uçota alınırlar 

Fərqin digər mühüm səbəbi odur ki, heç də bütün işsiz şəxslər rəsmi məşğulluq orqanına müraciət etmir 

Çünki bəzən onların müavinət ala, yaxud münasib iş tapa biləcəklərinə inamı olmur və onlar müraciət etmirlər. 

Halbuk həmin şəxsləri DSK-nın müayinəsi aşkarlaya bilir.


Pandemiya dövründə Azərbaycan hökumətinin işsizlərə və məşğulluğa dəstəyi


2020-c ildə sərt karantin rejiminin tətbiqilə bağlı 600 min nəfər işsiz şəxsə (o cümlədən qeyri-formal işləyən şəxslərə) birdəfəlik ödəmə proqramı çərçivəsində aylıq 190 manat məbləğində müavinət ödənilib 

Ümumilikdə həmin proqramın icrası üçün 450 milyon manat vəsait sərf olundu


Böhran şəraitində Azərbaycanda işsizlərin sosial müdafiəsi imkanlarını məhdudlaşdıran hüquqi və institusional mexanizmlər 


Qeyri-formal məşğulluğun miqyasının böyük olması: 

* Qeyri-formal məşğulluq işsizlik üçün ən ciddi problemdir, çünki bu təbəqə müqaviləsiz və sığortasız çalışdığıü üçün istənilən riskli və böhranlı şəraitdə sosial müdafiəsiz qalırlar 

* BƏT-nin son hesabatlardan birində qeyd edilir ki, dünyada mövcud olan 1.6 mlrd. nəfər qeyri-formal məşğul əhalinin əhəmiyyətli hissəsi Covid-19 pandemiyasının ciddi şəkildə təsrilənirlər və onların qazancları azı 60% itkiyə məruz qalır 

* Hesabatda qeyd olunur ki, dünyada hər 10 işçidən 6 nəfəri qeyri-formal sektorda çalışır. 

* Qeyri-rəsmi məşğulluğun əhəmiyyətli bir hissəsi küçə ticarəti, evdə yaşlılara və uşaqlara baxım, mənzillərə xidmət (ustaların fəaliyyəti) və s. kimi işləri əhatə edir 

* Pandemiya və sərt karantik rejiminin tətbiqi, izolyasiya tədbirləri insanların böyük əksəriyyətini bu tip xidmətlərdən imtina etməyə, küçə xidmətlərini məcburi qaydada təxirə salmağa məcbur edir 

* Belə şəraitdə gündəlik və təsadüfi qazanclarla özünün və ailəsinin fizoloji ehtiyaclarını qarşılayan qeyri-formal çalışanların və özünəməşğul insanların dövlətin sosial dəstəyi olmadan keçinməsi imkansızdır 

* Azərbaycanda əmək, mülki və vergi qanunvericiliyinə görə, əmək müqaviləsi və mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyəti yerinə yetirənlər, sahibkarlıq fəaliyyəti göstərənlər, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəni rəsmiləşdirərək həyata keçirənlər formal məşğullardır 

* Bunlardan kənar çalışanların hamısı qeyri-formal məşğul hesab edilir 

* Rəsmi statistikaya görə, hazırda 4.888 mln. nəfər məşğul əhalinin cəmi 1.682 mln. nəfəri (34,4%-i) əmək müqaviləsi) ilə çalışır və işszilik sığortası ödəyir 

* Hesablama Palatasının məlumatına görə, aktiv fəaliyyətdə olan fiziki şəxs vergi ödəyicilərinin sayı isə 414,6 min nəfər olub 

* Yəni ən yaxşı halda iqtisadi fəal hesab olunan əhalilinin hər 3 nəfərindən 1 nəfərinin işsizlikdən sığortası mövcuddur 

* Ümumilikdə isə rəsmi məşğul əhalinin sayı ümumi iqtisadi fəali əhalidə xüsusi çəkisi 40%-dən çox deyil


İş qüvvəsinin məşğulluq strukturuna görə bölgüsü 



BƏT-nin məlumatları göstərir ki, dünyanın inkişaf etmiş ölkələrinin demək olar ki, hamısında, istisnasız olaraq məşğulluğun strukturunda əmək müqaviləsi ilə, muzdlu işçi statusunda çalışanlar yüksək xüsusi çəkiyə malikdir


Böhran şəraitində Azərbaycanda işsizlərin sosial müdafiəsi imkanlarını məhdudlaşdıran hüquqi və institusional mexanizmlər 

Qeyri-muzdlu işçilər işsizlikdən sığorta mexanizminin əhatə dairəsinə daxil deyil, sığorta mexanizminin əhatə dairəsi məhduddur 

* “İşsizlikdən sığorta haqqında” Qanunun məqsədi kimi sığortaolunanların itirilmiş əmək haqqının kompensasiya edilməsi göstərilir 

* Bir sıra fərdi xidmətlər təqdim edən sərbəst peşə sahibləri və məşğul əhali var ki, onlar sahibkar statusu aldığı üçün sığortalanmaq hüququna sahib deyillər 

* “Məşğul haqqında” Qanun torpaq ölçüsü nəzərə alınmadan bütün torpaq payçılarını məşğul əhaliyə aid edir və istənilən stiuasiyada onların işsiz kimi müraciət etməsinə hüquqi cəhətdən istisna yaradır 


Böhran şəraitində Azərbaycanda işsizlərin sosial müdafiəsi imkanlarını məhdudlaşdıran hüquqi və institusional mexanizmlər 

Bəzi hüquqi mexanizmlərin və anlayışların qeyri-məyyən və yayğın olması işaxtaran şəxslərin müəyyən hissəsini işsizlik sığortası ilə əhatə olunmaq imkanına subyektiv maneələr yaradır 

* Məsələn, “Məşğulluq haqqında Qanun”un 6-cı maddəsində təsbit edilən “münasib iş” anlayışını göstərmək mümkündür 

* Həmin maddəyə əsasən, işaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedibgəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır 

* Münasib iş yerinin işaxtaranın yaşayış yerindən maksimum uzaqlığı ilə bağlı şərtlər həmin ərazidə nəqliyyat şəbəkəsinin imkanları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar tərəfindən müəyyən edilir 

* Səlahiyyətli dövlət qurumları tərəfindən təklif olunan işin münasibliyini müəyyən meyar və şərtlər normativ-hüqquqi sənəd kimi hələ də hazırlanmayıb 

* Belə vəziyyətdə yerli məşğulluq qurumları öz subyektiv baxışları əsasında təklif olunan işin münasib olub-olmaması barədə qərar verir 

* Nəticədə bir sıra işaxtaran vətəndaşlar reallıqda onun üçün münasib olmayan (yaşayış yerindən kifayət qədər uzaq, yüksək nəqliyyat xərcləri tələb edən və s.) işdən imtina etdiyi üçün işsiz kimi qeydə alınmaq və müavinət təyin edilmək hüququnu da itirmiş olur


Riskli həssaslı işsizlikdən sosial müdafiə: dünya örnəkləri 


* Covid-19 pandemiyasının son 1 ildə dünyanı üzləşdirdiyi ağır sosial-iqtisadi şərait göstərdi ki, hökumətlər istənilən fövqəladə və gözlənilməz dövr üçün risk həssaslı sosial müdafiə sistemi, eləcə də işsizlikdən müdafiə mexanizmləri qurmalıdırlar 

* Bəzi ölkələrdə müxtəlif səbəblərdən sığorta mexanizmlərdən kənarda qalan əmək qabiliyyətli əhalinin sosial təhlükəsizliyinin təmin ediməsi üçün sığortaya əsaslanmayan işsizlik müavinətiləri də verilir 

* Yəni passiv işszilik tədbirləri yalnız sığorta mexanizminə əsaslanmır, bəzi ölkələrdə (xüsudən sosial dövlət modelində) hökumətin büdcəsi hesabına işszilik yardımının da verilməsi təcrübəs var 

* Bir qayda olaraq belə yardmlar qanunvericiliklə müəyyən edilən minimum yaşayışın və ya minimum işszilik müavinətinin məbləğinə bərabər götürülür. Məsələn, Avstraliya, Lüksemburq və Yeni Zelandiya kimi ölkələrdə işsizlik yardım sistemi tətbiq edilir 

* Amma Avstriya, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İspaniya, Niderland və İsveçdə isə icbari və könüllü işsizlik sigortası sistemilə yanaşı işsizlik yardım sistemi də tətbiq olunur 

* Bu ölkələrdə işsizlik yardımı sistemi yerli hökumətlərin səlahiyyət dairəsinə daxil edilib. 

* İnsanların çox az hissəsi işsizlik müavinətindən asılı olmaqla bu sosial siyasət alətindən asılı olmaq istəyər 

* Əksinə daha çox sayda insan layiqli əmək haqqı əsasında münasib işdə çalışmağa üstünlük verir 

* Əgər xeyli sayda insan müavinət almağa can atırsa, bunun səbəbini ilk növbədə adekvat və layiqli işin tapılmamasında axtarmaq gərəkdir


Riskli həssaslı işsizlikdən sosial müdafiə: dünya örnəkləri 


* Beynəlxalq Əmək Konfransının 2011-ci ildə “Sosial ədalət naminə sosial təminat” mövzusunda keçirdiyi 100-cü sessiyada qeyd edilib ki, bu sahədə Yaponiyanın təcrübəsinə baxmaq olar 

* Yaponiya qanunvericiliyinə görə, iqtisadi böhran və ya təbiət hadisələri (sunami, zəlzələ) nəticəsində cəmiyyət böyük itkilərlə üzləşərsə, işszlük müavinətinin ödənmə müddəti əlavə olaraq 90 günədək uzadıla bilər. 

* Bu ölkədə natamam iş vaxtı rejimində (həftədə 30 saatdan az) çalışanlara və mövsümi işləyənlərə (il ərzində 4 aydan az) də müavinət ödənilir 

*Son 24 ayda 6 ay sığorta stajı alanlar da müavinət almaq hüququna malikdir. 

* Yaxud iqtisadi böhran nəticəsində işsizlik səviyyəsi 4%-i ötdükdə əlavə olaraq 60 gün müavinət ödənilməsi barədə hökumət qərar verə bilər 

* İşsizliyin yaranma səbəblərindən asıkı olaraq müavinətin ən azı 90 gün, ən çoxu 330 gün ödənilməsi nəzərdə tutulur  Müavinətin məbləği itirilmiş əmək haqqının 45%-80% intervalında ola bilər 

* Yaxud Almaniyada özünüməşğul əhalinin könüllü işsizlik sığortası proqramına qoşulmasına icazə verilir 

* Minimum sosial norma və standartlar haqqında 102 saylı Konvensiyası insanların işsizlik riskilə üzləşdiyi zamanı sosial müdafiəsiz qalmaması üçün onların sosial sığorta ilə əhatə edilməsinin zəruriliyini önə çəkir 

* Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında 168 saylı Konvensiyaya görə, yalnız tam olaraq işini itirmiş şəxslər deyil, həmçinin qismən işsiz sayılan (iş vaxtının qısaldılması səbəbindən) şəxslər də işsizlik müavinəti ala bilməlidir. Konvensiyanın əsas müddəalrından biri budur ki, əvvəllər işsizlikdən sosial müdafiə sisteminin iştirakçısı olmayan (ilk dəfə əmək bazarının yeni iştirakçıları, əvvəllər özünüməşğulluqla qazanc əldə edənlər və s.) şəxslər də işsizlik riskilə üzləşdikdə müavinət ala bilmək imkanına sahib olmalıdırlar. 

* Sosial müdafiənin minimum şərtləri haqqında 202 saylı Tövsiyəyə əsasən, müxtəlif səbəblərdən gəlir səviyyəsi işsizlik müavinəti təyin edilməyə imkan verməyən şəxslər belə risk halında ölkədə qəbul edilmiş minimum sosial müdafiə şərtlərinə uyğun baza gəlirlərinə uyğun vəsaitlə təmin edilməlidir. 

* Dünya ölkələrində əsasən sığorta mexanizmi tətbiq edilsə də, müəyyən sayda ölkələrdə sığorta mexanizminə əsaslanmayan işsizlik müavinəti sistemi də mövcuddur 

* 82 ölkə icbari, 3 ölkə paralel olaraq könüllü işsizlik sığortası sistemi tətbiq edir, 24 ölkədə isə sıortaya əsaslanmayan, ümumi sosial müdafiə tədbirləri çərçivəsində dəstək mexanizmləri mövcuddur


Riskli həssaslı işsizlikdən sosial müdafiə: dünya örnəkləri 


* Dünya Bankının Covid-19 pandemiyası dövründə müxtəlif ölkələrdə həyata keçirilən məşğulluq tədbirlərinə dair hazırladığı İcmala görə 131 ölkədə böhrana qarşı ümumi 286 sosial müdafiə tədbirinin 82-i bilavasitə məşğulluqla bağlı olub 

* Həmin tədbirləri bir neçə istiqamət üzrə qruplaşdırmaq mümkündür və bura daxildir: 

* İşsizlik müavinətinin ödənmə müddətinin uzadılması, 

* qeyri-formal sektorda çalışan, yaxud özünəməşğulluqla əhatə olunan və işsizlik sığortası ilə əhatə edilməyən isşzilərə maddi yardımlarına təyin edilməsi, 

* isşziliklə üzləşən insanlara ərzaq yardımlarının göstərilməsi, 

* Covid-19 virusuna yoluxaraq işləmək imkanını itirən insanların bütün zəruri tibbi dəstəklə təmin edilməsi, 

* iş yerlərinin bağlanmaması üçün işəgötürənlərə subsidiyaların verilməsi, pensiyaya çıxmasına 6 ayadək qalan və pandemiya ilə əlaqədar işini itirmiş şəxslərin erkən pensiya hüququ qazanması, 

* işsizlik sığortası ilə əhatə olunan əmək qabiliyyətli şəxslər üçün sığorta stajı tələbinin müvəqqəti olaraq təxirə salınması və s 

* İƏİT-nın hazırladığı 2020-ci il üzrə məşğulluq icmalında da pandemiya dövründə dünya ölkələrinin üzləşdikləri işsizlik problemləri və həyata keçirilən tədbirlərə ətraflı toxunulub. 

* Hesabatda qeyd olunur ki, ABŞ kimi özünün son 50 illk tarixində işsizliyin ən aşağı səviyyəsinə nail olmuş ölkədə pandemiya elan olunandan dərhal sonra işsizlik ən yüksək həddə - 14,7%-ə yüksəldi 

* Hökumətin iş yerlərini qorumaqla bağlı bütün səylərinə baxmayaraq 2020-ci ilin mart-may ayları ərzində işsizlik müacinəti almaq üçün müraciət edənlərin sayı 40 mln. nəfəri ötdü. 

* Yaxud İsraildə işsizlik sığortası almaq üçün müraciət edənlərin sayı böhranın başlanma dövrünə nisbətən 7 dəfədən çox artdı. 

* Bu cür statistika İƏİT ölkələrinin üçdə ikisini qlobal pandemiya elan olunmasının elə ilk ayında işsizlik üçün vəsaitlərin həcmini artırmaqla bağlı qərar qəbul etməyə məcbur buraxdı. 

* Onların əhəmiyyətli hissəsi müavinət təyin olunmaq üçün minimum sığorta stajının tətbiqi tələbini dayandırdılar 

* İspaniyada sınaq müddətində özünü doğrultmadığı üçün əmək müqaviləsinə xitam verilən işçilərə hökumət dəstək verdi, 

* ABŞ və Finlandiyada özünüməşğulların gəlirlərin kompensasiyasına vəsait ayrıldı, 

* Norveç əmək haqqına görə işsizliyin əvəzlənmə əmsalını 62,5%-dən 80%-ə yüksəltdi.


Tədqiqatın əsas nəticələri və risk həssaslı işsizlikdən sosial müdafiə sisteminin formalaşdırılması üçün təkliflər 

* Covid-19 koronavirus pandemiyası Azərbaycanda potensial olaraq isşizlik riski ilə üzləşə biləcək əhalinin sosial müdafiəsinin təşkili ilə bağlı bir sıra çağırışları ortaya qoydu. 

* Məlum oldu ki, sakit dövrlərdən fərqli olaraq iqtisadiyyatın qapadılmasına, iqtisadiyyatın daralmasına səbəb olan hadisələr baş verdiyi mərhələdə genişmiqyaslı qeyri-formal məşğulluq daha ciddi sosial təhlükəsizlik probleminə çevrilir 

* Həm də ayrıca götürülmüş sosial sığortasız fərdlər üçün deyil, bütövlükdə dövlət üçün təhlükəsizlik məsələsi kimi qarşıya çıxır 

* Bu baxımdan müstəqil qiymətləndirmələrə görə, Azərbaycanda iqtisadi fəal əhalinin yarısından çoxnun qeyri-formal məşğulluq sferasında olması ciddi narahatlıq doğuran məqamlardan biridir 

* Digər tərəfdən, işsizliyin statistik uçotu, məşğulluğun strukturuna dair statistik hesabatlılıq sahəsində həlli vacib olan problemlər qalmaqdadır 

* Tədqiqatın üzə çıxardığı problemlərdən çıxış edərək Azərbaycanda risk həssaslı işsizlikdən müdafiə sisteminin formalaşdırılması üçün aşağıdakı addımların atılması zəruri hesab edilir: 


Tədqiqatın əsas nəticələri və risk həssaslı işsizlikdən sosial müdafiə sisteminin formalaşdırılması üçün təkliflər 


* Hökumətin konkret sektorlar və konkret dövrlər üzrə qeyri-rəsmi məşğullğun miqyasının məhdudlaşdırılması üçün hədəflər müəyyələşdirməsi çox önəmlidir. 

* Məsələn, yaxın 5 və ya 10 ildə bu qeyri-formal məşğulluğun miqyasının hansı həddə qədər kiçiləcəyi və hansı mexanizmlər vasitəsilə buna nail olunacağı ictimaiyyətə rəsmi sənədlər vasitəsilə bəyan edilməlidir; 

* İşsizlik və məşğulluq statistikasının təkmilləşdirilməsinə ehtiyac var 

* Xüsusilə də qeyri-formal məşğul əhalinin sayı, onların sektorlar və regionlar üzrə bölgüsü, 

* məşğulluq statusuna görə iqtisadi fəal əhalinin ölkə və regionlar üzrə bölgüsü, 

* iqtisadiyyatın sektorları üzrə məşğulluq statistikasının regional əsasda açıqlanaması təmin edilməlidir;



Tədqiqatın əsas nəticələri və risk həssaslı işsizlikdən sosial müdafiə sisteminin formalaşdırılması üçün təkliflər 


* Beynəlxalq Əmək Təşkilatının metadologiyası əsasında işsizliyin müayinəsinin aylıq aparılmasına, əldə edilən nəticələrlə bağlı daha detallı və operativ məlumatlar açıqlanmasına ehtiyac var. 

* Belə ki, bu müayinənin aylıq keçirilməsinə, nəticələrinin bütün bölgələr üzrə hər növbəti ayın 20-dən gec olamayaraq açıqlanması təmin edilməlidir; 

* İşsizlikdən sığorta mexanizminin əhatə dairəsinin genişləndirilməsi zəruridir 

* Belə ki, işsizlikdən sığorta ilə bağlı mövcud qanunvericilikdə nəzərdə tutulandan fərqli olaraq yalnız əmək müqaviləsi ilə işləyənlərin deyil, bir sıra qeyri-muzdlu statusa malik işçilərin də sığorta mexanizminə cəlb edilməsi təmin edilməlidir. 

* Torpağın ölçüsü nəzərə alınmadan bütün torpaq mülkiyyətçilərinin məşğul əhali hesab edilməsi və həmin əhali qrupunun işsizlik sığortası mexanizmindən kənarda saxlanması təcrübəsinə son verilməsi zəruridir 

* Hər hansı istisna və meyar olmadan torpaq sahiblərinin eyni səviyyədə məşğul əhali kateqoriyasına aid edilməsi sosial ədalət prinsipinin pozulması ilə yanaşı, bu sosial qrupu daima sosial risklərdən müdafiəsiz saxlayır; 

* Qanunvericilikdə insanların işsiz kimi qeydə alınmasına və isşizlik sığortası ilə əhatə olunmasına subyektiv və bürokratik maneələr yaradan hüquqi mexanizmlər təkmilləşdirilməlidir. 

* Məsələn, məşğulluğa dair qanunvericilikdə təsbit edilən “münasib iş” anlayışı ilə bağlı dəqiq meyar və prinsiplər, 

* münasib iş yerinin işaxtaran üçün maksimum uzaqlığını müəyyən edən tələblər normativ-hüquqi akt statusu ilə təsdiqlənməli, 

* bütün ölkə üzrə məşulluq orqanları vahid sənədə istinad etməli və öz subyektiv rəyləri əsasında “münasib iş” anlayışından istifadə etməməlidirlər.




12 Ocak 2021 Salı

200 manatlıq pensiya ilə vətəndaş nə qədər məhsul və ya xidmət ala bilir?



2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.

Pensiya və təqaüdlərin artım səbəblərini və onun rifaha təsirini iqtisadçı Rövşən Ağayev “Margin.az”a şərh edib. O bildirib ki, 2014-2020-ci illərdə pensiyanın orta məbləği təqribən 40 faizlik artımla 263,6 manat olub.

İqtisadçı bildirib ki, minimum pensiyanın məbləğində isə daha çox artım qeydə alınıb:

“Belə ki, minimum pensiya 110 manatdan 200 manata qədər artıb. Sosial pensiyanın həcmində isə 2 dəfədən çox artım var. Burada əsas məsələ təkcə pensiyanın məbləği deyil, eyni zamanda alıcılıq qabiliyyətidir. Məsələn, 200 manatlıq pensiya ilə vətəndaş nə qədər məhsul və ya xidmət ala bilir? Məsələn beş il bundan əvvəl insanlar 100 manat pensiya ilə və indiki 200 manat məbləğində pensiya ilə nə qədər məhsul və ya xidmət ala bilir? Önəmli olan budur”.

Yazı ilə daha geniş aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://margin.az/xeber/200-manatliq-pensiya-ile-vetendas-ne-qeder-mehsul-ve-ya-xidmet-ala-bilir/4819?fbclid=IwAR1-gADgiSJ3Z5Au7m3aCwLWFNbqMgNE_s9DzT-FWA0HwnhlHdPWazLYu4Y#.X_1fYzUOyB8.facebook