28 Ağustos 2020 Cuma

Rasim Həsənov: “Dövlət büdcəsinin xərclərində səmərəliliyi artırmaq üçün xərclərə nəzarət gücləndirilməlidir”



Dövlət büdcəsinin xərclərinin optimallaşdırılması üçün potensial və imkanlar hələ də mövcuddur. Bu potensialın reallaşdırılması dərəcəsi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin məbləğinə təsir edən əsas göstəricilərdəndir.
Bu açıqlamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov verib.
V.Gülməmmədov qeyd edib ki, yaşadığımız şərait dövlət vəsaitlərinin qənaətli və səmərəli istifadəsi ilə bağlı meyarların daha ciddi şəkildə tətbiqini tələb edir: “Ən əsası isə, bu, Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və icra üçün qurumlar qarşısında müəyyənləşdirilmiş bir tələbdir. Vəsaitlərin səmərəli və qənaətli istifadəsinin təmin edilməsi yollarından biri də rəqabətliliyin təmin olunmasından keçir”. 
Burada büdcə xərclərinin səmərəliliyinin artırılması dedikdə nə nəzərdə tutulur?
Professor, iqtisadçı-ekspert Rasim Həsənov bildirdi ki, 2020-ci ildə pandemiya və neft böhranı dövlətin büdcə gəlirlərinin azalmasına ciddi təsir göstərib. Onun fikrincə, bu baxımdan xərclərə də hər hansı bir formada qənaət olunmasına zəruri ehtiyac yaranıb. Ancaq R.Həsənov bu zəruri ehtiyacın təmin edilməsi zamanı dövlət büdcəsinin əsas funksiyalarının nəzərə alınmasının vacib olduğunu dedi: “Bu zəruri ehtiyac bir dövlətin əsas sosial funksiyalarının yerinə yetirilməsinə maneə olmamalı və dövlət büdcəsinin tənzimləyici rolunu kiçiltməməlidir. Dövlət hər hansı bir sahədə, məsələn, nəqliyyat infrastrukturunda yeni tikintilərin maliyyələşməsini dayandıra bilər. Ancaq bu, məqsədəuyğundurmu? Bilirik ki, formalaşmış iqtisadi struktura görə Azərbaycan iqtisadiyyatında fəallığı təmin edən əsas bölmə dövlət sektorudur. Dövlət sektorunda işləyən, daha çox iş yeri açan, generasiya baxımından digər sahələrin işini canlandıran bir istiqamət infrastruktur obyektlərinin tikintisidir.
Ona görə də hesab edirəm ki, infrasturktur obyektlərinin tikintisinə ayrılan pulu azaltmağa dəyməz”.
R.Həsənov bildirdi ki, büdcə xərclərinin səmərəliliyinin artırılması deyəndə ilk növbədə səmərəliləşdirmənin meyarı müəyyən edilməlidir: “Əgər meyar kimi xərcin azaldılması başa düşülürsə, hesab edirəm ki, müasir dövrdə bundan danışmağa dəyməz.
Ümumiyyətlə, dövlət büdcənin fəlsəfəsini götürsək, onun 3 mühüm istiqamətini müəyyənləşdirmək olar. 
Birinci iqtiqamət, ölkədə dövlət idarəetməsinin və sosial münasibətlərin tənzimlənməsidir. Bu istiqamətə uyğun olaraq idarəetmənin təşkili və sosial funksiyaların yerinə yetirilməsi ilə bağlı xərclər ayrılır.
İkinci istiqamət, iqtisadi dövriyyənin normal ölçülərdə olmasının dəstəklənməsidir.
Üçüncü iqtiqamət, iqtisadiyyatın bir sıra sektorlarının bilavasitə dövlətin dəstəyi ilə inkişaf etdirilməsidir.
Ölkəmizdə dövlət büdcəsi bu 3 əsas iqtiqamət üzrə istifadə edilir. 
Mənim fikrimcə, dövlət büdcəsinin xərclərində səmərəliliyi artırmaq üçün xərclərə nəzarət gücləndirilməlidir. Cənab Prezident də dedi ki, dövlət xərcləmələrinə nəzarət ciddi şəkildə artmalıdır. İstərdim ki, optimallaşma deyəndə dövlət xərclərinə nəzarətin daha geniş əhatə olunması kimi başa düşülsün, bütün xərcləmələrin əsas hissəsində nəzarət təmin olunsun.
Nəzarətin də bir neçə istiqaməti var: düzgün xərcləmək, səmərəli xərcləmək və nəticəli xərcləmək. Ən vacib nəzarət səmərəli və nəticəli xərcləmək üzərində olmalıdır. İndi düzgün xərcləmək məsələsi böyük problem deyil. Elektron hökumətin olması, əməliyyatların elektronlaşdırılması xərclərin düzgünlüyünə nəzarət etməyə təminat verir. Əsas diqqət səmərəli və nəticəli xərcləməyə yönəlməlidir”.


27 Ağustos 2020 Perşembe

“Benefisiar sahibliyin açıqlanması” mövzusunda 3-cü ZOOM vebinarı keçirilib


2020-ci il avqustun 27-də “Benefisiar sahibliyin açıqlanması” mövzusunda 3-cü ZOOM vebinarı keçirilib. Vebinarda 3 təqdimat dinlənilib. İqtisadçı prosessor İnqilab Əhmədov “Benefisiar sahiblik: mahiyyəti, MHŞT və digər beynəlxalq təşəbbüslərin tələbləri, beynəlxalq təcrübə” haqqında, maliyyə-bank sektoru üzrə ekspert Samir Əliyev “Mövcud məlumat mənbələri: xüsusi portallar və digər beynəlxalq imkanlar” barəsində, iqtisadçı-ekspert, İqtisad Universitetinin dosenti Azər Mehtiyev “Azərbaycanda hazırkı durum: imkanlar və maneələr” haqqında məruzə edib.

İ.Əhmədov məruzəsində benefisiar sahiblik haqqında məlumat verib, onun nəyə görə vacib olmasını izah edib, Siyasi Nüfuz Sahibləri (SNS) kimlərdir, onların nəzərdən keçirilməsinin vacib edən səbəblər, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində hazırkı durum və gözləntilər, digər beynəlxalq tələblər və uğurlu təcrübələr barəsində danışıb.

S.Əliyevin çıxışı 3 istiqamətdə olub. O Açıq Sahiblik (OpenOwnership), Təbii Resursların İdarəetməsi İnstitutunun (NRGI) data bazaları haqqında, İctimai qeydiyyat (public registration) barəsində və Verifikasiya mexanizmləri haqqında fikirlərini çatdırıb.

A.Mehtiyev təqdimatında isə Hasilat Sənayesi Şəffaflıq Komissiyasının hesabatları barəsində, eyni zamanda 2018-2019-cu illərdə Asiya İnkişaf Bankının maliyyə dəstəyi və Azərbaycan Hökumətinin dəstəyi ilə Britaniyanın audit şirkəti olan BDO-nun benefisiar sahiblik üzrə apardığı xüsusi tədqiqatlar və hazırladığı tövsiyələr haqqında məlumat verib. Bunlardan başqa məruzəçi Azərbaycanda benefisiar sahibliyin tətbiqi barədə imkanlar, maneələr, həlli yolları haqqında danışıb.

Vebinarın 21 nəfər iştirakçısı olub və məruzələrdən sonra onları maraqlandıran suallar cavablandırılıb.


26 Ağustos 2020 Çarşamba

“İqtisadi Forum” Ekspert Qrupunun növbəti görüşü keçirilib


2020-ci ilin avqsutun 26-da “İqtisadi Forum” Ekspert Qrupunun ZOOM konfransı formatında növbəti görüşü keçirilib. Gündəliyə iki məsələ - telekommunikasiya sektorunda dövlət inhisarçılığı və sentyabr ayına dair fəaliyyət planı daxil edilib. 
Telekommunikasiya sektorundakı vəziyyətlə bağlı ekspert Rövşən Ağayev "Azərbaycanda telekommunikasiya xidmətləri sektorunda idarəetmənin səmərəliliyinin artırılması perspektivləri" mövzusunda təqdimatla çıxış edib. 
Telekommunikasiya sektoru haqqında məlumat verən R.Ağayev qeyd etdi ki, sektorun iqtisadiyyatda payı az olsa da real böyümə sürətinə görə 2 qabaqcıl sahələrdən biridir. Ekspert son 10 ildə sektorda real olaraq 2 dəfə böyüməyə nail olunduğunu, nominal qiymətlərlə isə sektorun təxminən 5 dəfə böyüdüyünü dedi. 
R.Ağayev telekommunikasiya sektorunda dövlətin hələ də önəmli paya sahib olduğunu, sektorda iri dövlət şirkətlərinin fəaliyyət göstərdiyini və bu şirkətlərdə hələ də korporativ idarəetmənin təşkil edilmədiyini bildirdi. O dövlət şirkətlərinin informasiya açıqlılığının da aşağı səviyyədə olduğunu qeyd etdi.
Təqdimatdan sonra ekspertlər sentyabr ayına dair fəaliyyət planını müzakirə etdilər. 








24 Ağustos 2020 Pazartesi

Elçin Rəşidov: "Gömrük qaydaları hamı üçün eyni olmalıdır, Azərbaycanda bu prinsip gözlənilməyib"



Azərbaycanın Baş Nazirinin 2020-ci ilin avqustun 21-də imzaladığı qərara əsasən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Otuz gündən sonra qüvvəyə minəcək Qərara əsasən, ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. Hazırda qüvvədə olan güzəşt limiti dəyəri 1500 ABŞ dollara (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollar) qədər olan mallara aid edilir.
Həmçinin, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndi bu məbləğ 1 000 ABŞ dollarıdır.

Nazirlər Kabinetinin qəbul etdiyi qərarla bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidovun fikirlərini öyrəndik. 

- Elçin bəy, Nazirlər Kabinetinin indi belə bir qərar qəbul etməsi nə ilə bağlı ola bilər?   

- Dəyişikliyin hardan qaynaqlandığını deyə bilmərəm. Çünki verilən bütün qərarlar siyasi qərarlardır. Məsələn, hazırda bizdə devalvasiyaya ehtiyac var, amma devalvasiya baş vermir. Nəinki, devalvasiyaya, hətta üzən, sərbəst məzənnə rejiminə keçidə ehtiyac var, amma bu baş vermir. Çünki siyasi qərar belədir. 

Siyasi qərar o deməkdir ki, bəzən populist olmağa məcbur olur və mümkün şəkildə kütlələrin, yaxud da hansısa oliqarxların, hansısa məmurların mənafeyini güdməli olur. Yaxud kimlərinsə məsləhəti ilə təhrif olunmuş və ya təhrif olunmamış şəkildə düzgün və ya yanlış formada verilir. Buna görə də deyə bilmərəm ki, bu qərar niyə qədul edilib.

- Belə bir limit bir çox ölkədə tətbiq olunur. Digər ölkələrdə vəziyyət necədir? 

- Limitin azaldılması bir çox ölkədə rast gəlinən təcrübədir. O cümlədən Azərbaycanla ticarət əlaqələri olan ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, həmin ölkələrdə də limitin azaldılması ilə bağlı analoji qaydalar tətbiq edilib. Bizimlə ticarət əlaqəsi olan ölkələrdə bu limit 300 dollardan da aşağıdır. Azərbaycandakı bu qərar bir qədər liberallıqdan geri addımdır, amma müəyyən qədər simmetriya yaradır. Azərbaycanın qəbul etdiyi qərarı o qədər də zərərli hesab etmirəm. 

Bu qərar əksər istehlakçılara təsir etməyəcək. İstehlak məqsədilə fiziki şəxslər tərəfindən xaricdən alınan elektron məhsulların dəyəri 300 dollardan kiçikdir. Əksəriyyəti 100 dollardan aşağı dəyərə sahib olan mallardır. Limitdən yüksək dəyərdə olan mallar üçün müvafiq vergi və rüsumlar ödənilməlidir.  

Amma fiziki şəxslər üçün limitin saxlanılmasının da tərəfdarıyam. Çox kiçik məbləğlər üçün vergi hesablanması, əməliyyat aparılması əlavə xərcləri artırır. Buna görə də kiçik məbləğlərdə idxalda vergi və rüsumlardan azad edilmə saxlanılmalıdır.

- Son illərdə hökumət gömrük sistemində müəyyən dəyişikliklər edir. Dəyişiklikləri prinsipsə necə qiymətləndirirsiniz?

- Azərbaycan hökuməti gömrük siyasətində ayrı-seçkiliyə yol verməməli, hamıya eyni prinsiplə yanaşmalı, hamı üçün bərabər şərait yaratmalıdır. Gömrükdə tətbiq edilən qaydalar hamıya eyni şəkildə tətbiq edilməlidir. Əsas vacib prinsip budur. Bizim indiyə qədər mövcud olan problemimiz bu olub. Hazırda diqqəti problemə yox, yanlış yerə yönəldirlər. Bizim əsas problemimiz o olub ki, gömrük qaydaları bütün şirkətlərə və fiziki şəxslərə eyni formada tətbiq edilməyib. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli istehsalçı, ən səmərəli ticarətçi keçinə bilmir. Daha çox imtiyazlı istehsalçı və ticarətçi bazarı tutmuş olur. Baxmayaraq ki, onlar heç də ən səmərəli deyillər. Azərbaycanın öndə olan şirkətləri imtiyazlı şirkətlərdir və bizi lazımı şəkildə təmsil edə bilmirlər. O baxımdan mən bu qaydanı alqışlayıram.

Artıq belə məlumatlar var ki, bəzi məmur şirkətlərinin imtiyazları əlindən alınıb. Ümid edirəm ki, gələcəkdə hamısının imtiyazı əlindən alınacaq, hamı üçün bərabər qaydalar tətbiq olunacaq.

Nəyə görə hər hansı bir şirkət gətirdiyi mala görə gömrükdə rüsum ödəyirdi, amma fiziki şəxs ödəməli deyil? Bu hal ayrı-seçkilik yaradır. Sahibkar bir neçə dollar dəyəri olan malın idxalına görə də vergi və rüsum ödəyir. Halbuki, sahibkar həmin məhsulu satış üçün yox, nümunə, yoxlamaq, startap üçün də gətirə bilər. Buna görə də düşünürəm ki, fiziki şəxslər üçün də eyni qayda tətbiq edilməlidir. Hansı gömrük modelinin tətbiq edilməsindən asılı olmayaraq, biz ayrı-seçkiliyi aradan götürməliyik. Buna görə də yeni qayda ayrı-seçkiliyi müəyyən qədər də olsa, aradan qaldıran qaydadır, mütərəqqi yanaşmadır. Amma əgər bəzi şirkətlər üçün imtiyazlar saxlanılacaqsa bu, mürtəce addım olacaq. Ayrı-seçkiliyin azaldılması məmur şirkətlərinə də tətbiq edilməlidir. Hazırda bəzilərinə verilən imtiyazlar götürülür. Qaydalar hamı üçün eyni olanda iqtisadiyyat düzgün fəaliyyət göstərir, rəqabət şəraiti yaxşılaşır, ədalətli mühit formalaşır.

- İqtisadiyyatı bazar prinsipləri ilə idarə etməyə, liberal iqtisadiyyata keçidə meyillilik varmı?

- Azərbaycanda liberal iqtisadiyyata keçid prosesinin sürətləndirilməsi vacibdir. Hazırda bu, müşahidə edilmir. Bir tərəfdən liberal iqtisadiyyata keçilməsindən danışılır, digər tərəfdən ölkəmizə dövlət taksi gətirilir. Bu fakt liberal iqtisadiyyata keçid istəyini təkzib edir. Reallıqda liberal iqtisadiyyata keçid yoxdur, onun fəlsəfəsi hələlik tətbiq olunmur. Yalnız taksi məsələsi deyil. Məsələn, Əmanətlərin Sığortalanması Fondu ilə bağlı bütün problemlərin kökündə Fondun bazar iqtisadiyyatı qaydaları ilə fəaliyyət göstərməməsi dayanır. Nəticədə də məlum problemlər baş verir. Eynilə yeni yaradılan aqrar sığorta qaydaları da bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Ona görə də Aqrar Sığorta Fondu da oxşar problemlər yaradacaq.

Gömrükdə də bazar prinsipləri ədalətli şəkildə tətbiq edilməlidir. Hazırda dünyanın bir çox ölkəsində istifadə edilən əsas prinsip odur ki, gömrük qaydaları hamıya qarşı eyni şəkildə tətbiq edilməlidir. Azərbaycanda bu prinsip gözlənilməyib. Gömrük qaydaları bütün fiziki şəxslərə, şirkətlərə, sahibkarlara eyni qaydada tətbiq olunmayıb. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli, layiqli istehsalçının və ən səmərəli ticarətçinin bazarda payı çox olmur. Yalnız ən imtiyazlı istehsalçı və ticarətçi bazarı tutur. Baxmayaraq ki, imtiyazlı istehsalçı və ticarətçi bazarın ən yaxşıları deyil. Ədalətli rəqabət mühitinin əsas şərtlərindən biri hamı üçün bərabər imkanların və şəraitin yaradılmasıdır.

22 Ağustos 2020 Cumartesi

Azad sahibkarlığı olmayan 30 illik müstəqillik



Prezident İlham Əliyev avqustun 8-də keçirdiyi müşavirədə Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasından danışıb. Dövlət başçısı AZAL, SOCAR kimi iri dövlət şirkətlərini tənqid edib, eyni zamanda dövlət büdcəsindən vəsaitlər alan bir çox dövlət şirkətlərinin özəlləşdirilməsini təklif edib. “Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznes plan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik”, - prezident müşavirədə deyib. Prezident elə həmin gün Azərbaycan İnvestisiya Holdinq publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iri dövlət şirkətlərinin özəlləşdirilməsi mümkündürmü? İqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev ASTNA-ya bu mövzuda danışıb.

-Azər bəy, prezident avqustun 8-də keçirdiyi müşavirədə iqtisadiyyatın liberallaşdırılmasından danışıb. Sizcə, indiki şəraitdə və indiki şərtlərlə bunu etmək mümkündürmü?

-Əvvəla onu dəqiqləşdirmək lazımdır ki, liberallaşma deyəndə prezident nəyi nəzərdə tutur. Ona görə ki, ümumiyyətlə, liberallaşma deyəndə adətən ölkədə qanun qarşısında hər kəsin bərabərhüquqlu olması, hər kəs üçün bərabər şərtlərin yaradılması nəzərdə tutulur. Qanun qarşısında bərabərlik- heç kəsin qanunda nəzərdə tutulan şərtlərdən fərqli bir vəziyyətə malik olmamasını əks etdirir. Burada ən vacib şərt ədalətli və müstəqil məhkəmə sisteminin olmasından keçir. Azərbaycanda da uzun müddətdir ki, ən çox danışılan və ən çox problem kimi qabardılan məsələ bundan ibarətdir. Çünki rəqabətli iqtisadiyyat qurmağın əsas şərti bu hesab olunur. Xüsusilə, mülkiyyət hüququnun qorunması, məhkəmə qərarı olmadan mülkiyyətin kiminsə əlindən alınmasının mümkünsüzlüyü və s. Bu problemlərin olması İqtisadiyyatın Inkişafı üzrə Strateji Yol Xəritəsində də təsbit olunmuşdu və qeyd olunmuşdu ki, bu istiqamətlər üzrə islahatlar həyata keçiriləcək. Ancaq təəssüf ki, biz son illər atılan müəyyən addımlara rəğmən liberal iqtisadiyyatın bünövrəsini təşkil edən bu prinsiplərin təmin olunması istiqamətində hər hansı bir dəyişiklik görmürük. Bu baxımdan ölkədə liberal iqtisadiyyat qurmağın bünövrəsi buradan başlayır. Bu hüquqi institusional baxımdan məsələyə yanaşmadır. İkinci tərəfdən isə Azərbaycan artıq müstəqilliyini bərpa etməsinin 30-cu ilinə yaxınlaşır. Ancaq təəssüf ki, indiyə qədər ölkədə normal, azad sahibkarlıq formalaşmayıb. Ölkədə daha çox məmur sahibkarlığı mövcuddur. Bu da ölkə iqtisadiyyatını sərt inhisarlaşmaya gətirib çıxarıb. Rəqabət mühiti yoxdur. İndiyə qədər ölkədə normal, haqlı rəqabət şəraitində fəaliyyət göstərə biləcək sahibkarların yetişdirilməməsi həmin o liberallaşma şərtlərini xeyli dərəcədə çətinləşdirir.

-Prezident eyni zamanda büdcədən hər il yardım alan iri dövlət şirkətlərinin (AZAL, SOCAR, ADY) özəlləşdirilməsi barədə də danışıb. Təklif çox cazibədar səslənir. Amma bu addımın atılması yəqin ki, həmin sahələrin kuratorlarına və həmin sahələrə rəhbərlik edən məmur ordusuna sərf etməyəcək və onlar süni əngəllər yaradacaqlar. Sizcə, bunu önləmək üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, bu təklifə real baxmaq olarmı?

-Dövlət başçısı iri dövlət şirkətlərinin təsərrüfatçılıq prinsiplərini kəskin tənqid etdi və qeyd etdi ki, bu şirkətlər çox bədxərc fəaliyyət göstəriblər. Ancaq bunların qeyd edilməsi üçün çox uzun zaman keçib. Hətta 2000-ci illərdə artıq Azərbaycanda iri dövlət şirkətlərinin, kommunal sektorun xarici investorları cəlb etməklə uzunmüddətli idarəetməyə verilməsi məsələsi gündəmə gəlmişdi və bu prosesə start verilmişdi. Hətta bunun üçün müəyyən hüquqi baza da formalaşdırılmışdı. Lakin sonradan böyük neft pullarının ölkəyə daxil olması ilə bu məsələlər unuduldu və nəinki xarici investorların cəlb edilməsi ilə bu sektorun idarəetməyə verilməsi unuduldu, hətta dövlət büdcəsindən vəsait ayrılmasına rəğmən bu kommunal müəssisələrin, yəni iri dövlət şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində demək olar ki, ciddi bir addım atılmadı. Sadəcə olaraq onların adlarındakı “Dövlət şirkəti”, “Dövlət konserni” - Açıq və ya Qapalı Səhmdar Cəmiyyət kimi adlarla əvəz olundu. Ancaq bu adlar heç bir halda özünü doğrultmadı. Heç bir korporativ idarəetmə tətbiq edilmədi. Bu şirkətlərin fəaliyyətinin şəffaflığının, hesabatlılığının qurulması istiqamətində ciddi addımlar atılmadı. Həmin şirkətlərin özlərində də ciddi bir məsuliyyət mexanizmi formalaşdırılmadı. Bir tərəfdən, dövlət tərəfindən ayrılan vəsaitlərin necə istifadə olunması ilə bağlı hesabatlılıq sxemi qurulmadı. Digər tərəfdən, şirkətlərin özlərinin əldə etdiyi gəlirlərin hara və necə xərclənməsi açıqlanmadı. Həmin dövlət şirkətlərini idarə edənlərin böyük məbləğdə əməkhaqqı almalarına rəğmən idarəetmənin təkmilləşdirilməməsi ona gətirib çıxardı ki, bu şirkətlərdə dövlət satınalmaları, özlərinin fəaliyyətin təşkili istiqamətində proseslər qapalı həyata keçirildi və bu da korrupsiya, mənimsəmə imkanlarını genişləndirdi. Şirkətlər inkişaf etdikcə dövlət büdcəsinə daha çox vergilər ödəmək əvəzinə vergi ödəmələri azaldı. Düzdür, 2015-cü il böhranı zamanı şirkətlərdən bir qədər daha çox vergi toplanmağa başladı, lakin bu da müvəqqəti xarakter daşıdı. Yenidən dünya bazarında neft qiymətlərinin sabitləşməsi həmin şirkətlərə diqqətin azalması ilə nəticələndi. İndi hər dəfə neftin qiyməti aşağı düşəndə bu məsələ gündəmə gəlir. Ancaq elə 2015-ci il böhranından sonra iri dövlət şirkətlərinin fəaliyyətinin səmərəli artırılması istiqamətində müxtəlif qərarlar verilsə də hələ ki bu istiqamətdə ciddi bir addımın şahidi olmamışıq. Bu şirkətlərin özəlləşdirilməsi məsələsi də mürəkkəb bir məsələdir. Çünki bu şirkətlərin böyük əksəriyyəti Azərbaycan iqtisadiyyatında inhisarçı bir yer tutub. Məsələn, bu AZAL-a, SOCAR-a, “Azərsu”ya aiddir. Bütün bu şirkətlər əslinə qalsa təbii inhisar olan fəaliyyət sahələridir. Məsələn, AZAL və ya “Azərdəmiryol”. Aeroprt xidmətlərindən və dəmir yolundan istifadə, yük, sərnişin daşınmasının həyata keçirilməsi liberal olmalıdır. Burada çoxsaylı operator fəaliyyət göstərə bilər. Ancaq bizdə bütün bu fəaliyyət sahələri şirkətlər tərəfindən inhisara alınıb. Və bu inhisarçılıq məmur sahibkarlığının inkişafına xidmət edən bir elementə çevrilib. Bu baxımdan dövlət şirkətlərinin kifayət qədər ciddi problemləri mövcuddur.

-Prezident həmçinin deyib ki, Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələrin böyük əraziləri var, həmin ərazilərdə yeni sənaye müəssisələri yaradıla bilər. Bu təklifin reallaşmasını necə dəyərləndirirsiniz?

-Bir sıra kiçik və orta sənaye müəssisələrinin, məsələn, maşınqayırma və digər tipli müəssisələrin əraziləri qalmaqdadır. Onların özəlləşdirilməsi və ya hansısa investora satılması məsələsi çoxdan görülməli olan bir məsələ idi. Əslində 2015-ci il böhranından sonra bu məsələ qalxmışdı. Burada diqqəti cəlb edən bir neçə məsələ var. Əvvəla, Azərbaycanda privatization.az saytına baxsaq, orada bir neçə belə müəssisənin özəlləşməyə açıq elan olunduğu, hətta investisiya müsabiqələrinin elan olunduğunu görə bilərik. Ancaq qəribədir ki, bu işləməyən müəssisələrin çoxdan borcları yığılıb qalıb. Dövlət sanki həmin o borcları o investora ödətdirmək istəyir. Bu da investorlar üçün, xüsusilə xarici investorlar üçün cəlbedici olmayan bir şeydir. Çünki o müəssisələrin əslinə qalsa, əvvəlki fəaliyyətlərini davam etdirməsi mümkün deyil. Onların tamamilə yenidən qurulmasına, yeni texnologiyalar tətbiq edilməsinə ehtiyac var. Faktiki olaraq o müəssisələrin özəlləşdiriləcəyi halda orada yalnız torpaq sahəsindən söhbət gedə bilər. Hətta bir çox müəssisələrin, ümumiyyətlə, hər hansı bir formada yararlı olub-olmaması da sual altındadır. Bu baxımdan ilk növbədə o investisiya müsabiqələrində o borcların birdəfəlik silinməsinə ehtiyac var. İkincisi, həmin sahələr üzrə tanınmış xarici şirkətlər ölkəyə cəlb edilməlidir. Bu da artıq xarici investorlar üçün Azərbaycanın nə dərəcədə cəlbedici ölkə olması məsələsini gündəmə gətirir. Ölkə daxilində isə bu tip müəssisələri özəlləşdirə biləcək sahibkarların sayı məhduddur. Olsa da bunlar yalnız məmur sahibkarlar ola bilər. Yalnız məmurların Azərbaycanda bu qədər sərvəti almaq imkanı var. Bu isə ölkədə sərvətin daha kiçik qrupun adına cəmləşməsinə gətirib çıxaracaq bir addım ola bilər.

-İri dövlət şirkətlərinin özəlləşdirilməsi cazib təklif olsa da ölkədəki yazılmış və yazılmamış qanunlar xarici investorları ölkəyə gəlmək üçün həvəsləndirəcəkmi?

-Xarici investorların ölkəyə cəlb olunması xüsusi bir məsələdir. Ona görə ki, uzun illərdən Azərbaycana cəlb olunan xarici investorlar əsasən neft sektoruna cəlb edilib. Neft sektoru yüksək gəlirli olduğu üçün investorlar üçün cəlbedicidir. Neft sektoruna gələn investorlar üçün xüsusi hüquqi mühit hazırlanıb. Bu hasilatın pay bölgüsü sazişləridir ki, bu sazişlərin hər biri qanun səviyyəsində Milli Məclisdə qəbul olunur, prezident tərəfindən imzalanır və beynəlxalq müqavilə statusu alır. Həmin müqavilələrin şərtlərinin pozulması hallarına beynəlxalq məhkəmələrdə baxılır. Ancaq qeyri-neft sektoruna gələn investorların sayı çox azdır. Və bütün o investorlar birbaşa dövlət məmurları ilə bilavasitə əlaqə qurmaqla onların patronajlığı altında ölkəyə gəlir. Yalnız bunun hesabına fəaliyyət göstərə bilirlər. Gəldikləri sahədə faktiki olaraq inhisarçı mövqe tuturlar. Bu da onların məmurlarla münasibətləri hesabına mümkün olur. Ancaq ölkədə qanunların işləməməsi, ölkədə mülkiyyət hüquqlarının qorunmaması, məhkəmələrin müstəqil və ədalətli olmaması, idarəetmədə rüşvət və korrupsiyanın geniş yayılması haqda xarici investorlar beynəlxalq indekslərdən və reytinqlərdən məlumatlıdırlar. Onlar elə Azərbaycanda məhkəmə prosesləri haqda gedən məlumatlarda zaman-zaman dövlət məmurlarının biznesi necə yağmalamasının şahidi olurlar. Ayrı-ayrı nazirlər həbs olunduqda o nazirlərin biznes qurumlarının başına gətirdikləri haqda məlumatlardan xəbərdar olurlar. Və təbii ki, belə bir şəraitdə qeyri-neft sektoru üzrə ölkəyə investorun gəlməsi çətinləşir. Düzdür, xarici investorun gəlməsi üçün eyni zamanda bazarın həcmi, bazarın böyüməsi imkanları kimi amillər də rol oynayır. Ancaq Azərbaycanın coğrafi mövqeyi əslində bazarın böyüməsi üçün imkan verir. Lakin Azərbaycan indiyə qədər həmin imkanlardan da normal istifadə etməyib. Çünki Azərbaycanın gömrük-buraxılış məntəqələrində olan rüşvət və korrupsiyanın səviyyəsi o qədər yüksək olub ki, xarici investorlar hətta bu şəraitdə ölkəyə gəlsə belə onlar bazarın böyüməsi imkanlarından məhrum olurdular. Bu da Azərbaycan bazarının kiçik olmasına gətirib çıxarır ki, investorlar üçün də cəlbedicilik yaratmır. Bu baxımdan qanunvericilik mühitinin yaxşılaşdırılması ilə yanaşı biz mütləq gömrük- buraxılış məsələsini birdəfəlik həll etməliyik ki, bunun hesabına dünya iqtisadiyyatı ilə əlaqələr qurmaq mümkün olsun. Nəhayət, burada Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması məsələsi var. İnvestorlar üçün bu, çox önəmlidir ki, onların ölkədə istehsal etdikləri məhsulları bütün dünyaya sərbəst şəkildə aparmaq və beynəlxalq qanunlardan yararlanmaq imkanları olur. İndiki halda Azərbaycan bu imkanlara malik deyil. Xarici investorların cəlb olunması üçün Azərbaycanda şərtlər çox ağır olaraq qalır. Hökumət bu səbəbdən gələn investorlarla fərdi qaydada söhbət aparmalı olur. Adətən ərəb ölkələrindən olan pullu iş adamlarını ölkəyə cəlb edə bilirlər. Amma xarici investorların cəlb olunması təkcə pul cəlb olunması deyil. Xarici investorların ölkəyə cəlb olunmasından bizim ən böyük gözləntimiz müasir biznes mədəniyyətinin, menecmentliyin, texnologiyaların ölkəyə gətirilməsidir. Bizim buna ehtiyacımız var.

-Necə olur ki, iri dövlət şirkətləri büdcədən hər il yardım alırlar, amma onlara rəhbərlik edən şəxslərə malik çox sayda mal-mülk barədə onları sorğulayan yoxdur və bu vaxta qədər olmayıb? Liberal iqtisadiyyat qurmaq istəyən hakimiyyət niyə korrupsiya faktlarına göz yumur?

-Ümumiyyətlə, dövlət idarəetməsində və xüsusilə iri şirkətlərdə korrupsiya məsələsi ağır olaraq qalmaqdadır. Təəssüf ki, illər uzunu bu məsələ müzakirə olunsa da iri şirkətlərin xərcləri ildən-ilə artır və dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər alırlar. Buna baxmayaraq, onlar yüksək əməkhaqqı ilə təmin olunublar. Ancaq bunun müqabilində onların fəaliyyətində şəffaflığı, hesabatlılığı təmin edə biləcək mexanizmlər olmayıb. Ona görə hansı iri dövlət şirkətlərinin fəaliyyətinə baxsaq, ya şirkətlərin özü, ya da həmin şirkətlərin idarəetməsində olan şəxslər xaricdə, ofşor zonalarda çoxlu sayda şirkətlər yaradıblar. Demək olar ki, münasibətləri bu şirkətlər vasitəsilə həyata keçirirlər. Gəlirlərin böyük hissəsi həmin ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərə çatır. Şirkətlərin özləri cüzi bir gəlir əldə edirlər. Bu da gəlirlərin mənimsənilməsinə, yayındırılmasına, korrupsiyanın genişlənməsinə gətirib çıxarır. Əslinə qalsa, elə də böyük məbləğdə əməkhaqqı olmayan şirkət rəhbərliyinin çox böyük sərvətə malik olması ilə nəticələnir. Bütün bunlar barədə ölçü götürülməməsi məsuliyyətsizlik mexanizmi yaradıb. Bu mexanizmlər şəraitində şirkət rəhbərlərinin dəyişdirilməsi də heç nəyi həll etmir. Şirkət rəhbərliyi dəyişdirilsə də yenisi gəlib köhnə mexanizmləri davam etdirir. Bu baxımdan dövlət şirkətlərinin islahatı çox geniş aspektdə olmalıdır.

-Prezident iqtisadi liberalizmdən, iri dövlət şirkətlərinin özəlləşdirilməsindən danışır. Amma biz dəfələrlə bunun acı təcrübəsini yaşamışıq. Məsələn, dövlət bankı olan AZAL bankın gizlincə hakimiyyətdə olan şəxslər tərəfindən özəlləşdirilməsinin və adının dəyişdirilərək başqa ad altında fəaliyyət göstərməsinin şahidi olmuşuq. Və ya dövlət büdcəsinin vəsaitilə bu yaxınlarda xeyli taksinin ölkəyə gətirildiyi və taksi şirkətlərindən birinə verildiyi bütün mediada tirajlandı. Bu fakt bir qədər rəqabətli və azad şəkildə fəaliyyət göstərən digər taksi şirkətlərinin sıradan çıxacağından xəbər verir. İndi kim zəmanət verə bilər ki, iri dövlət şirkətlərinin özəlləşdirilməsindən hakimiyyətdə olan şəxslər sui-istifadə edərək həmin dövlət şirkətlərini özləri özəlləşdirməyəcəklər?

-Belə bir riskin olması ehtimalı çox yüksəkdir. Ona görə ki, həqiqətən də Azərbaycanda məmur sahibkarlardan və onların çevrəsindən başqa böyük sərvət və kapital toplaya bilən qurumlar çox azdır. Hətta çox az sayda sahibkar ola bilər ki, özəlləşmə prosesində öz vəsaitləri ilə iştirak edə bilsin. Ancaq bu, ümumiyyətlə, yox deyil. Normal rəqabətli mühit yaradılarsa və məmurlara bağlı sahibkarlar hər hansı formada bu cür özəlləşmə prosesindən kənarda saxlanılarsa, bacarıqlı sahibkarlar bu işlərə cəlb olunarsa, təbii ki, fərqli proseslər gedə bilər. Ancaq, ümumiyyətlə, iri dövlət şirkətlərinin özəlləşdirilməsinin bir və ya iki sahibkarın iştirakı ilə olması yolverilməzdir. Dünya təcrübəsi göstərir ki, bu cür kommunal sektorda olan iri dövlət şirkətləri hər zaman səhmləşmə yolu ilə, buraya daha çox investor cəlb olunması yolu ilə baş verməlidir. Bu, daha doğru olardı. Çünki çox sayda və həmçinin böyük paya malik investorların sayının çox olması lazımdır. Məsələn, söhbət yüz minlərlə kiçik investordan getmir, həm də 50-100 nəfər 4-5 faiz paylara malik səhmdarların formalaşması önəmlidir ki, məhz mülkiyyətin bölünməsi nəticədə nəzarət imkanlarını genişləndirən elementə çevrilsin. Ancaq bütün hallarda dövlət şirkətlərinin özəlləşdirilməsindən ötrü hər biri üçün ayrı-ayrılıqda mexanizmlər işlənməlidir. Hətta ehtiyac olarsa ayrıca qanunvericilik sənədləri hazırlanmalıdır. Çünki bunlar mürəkkəb proseslərdir. Bunların hansısa kiçik müəssisələrin özəlləşdirilməsi kimi ümumi qanunvericiliklə özəlləşdirilməsi düzgün deyil.

-Prezident həmçinin avqustun 8-də İnvestisiya Holdinq publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Sizcə, bu fərman iqtisadiyyatın liberrallaşdırılması, iri dövlət şirkətlərinin özəlləşdirilməsi, xarici investorların ölkəyə gəlişini şirnikləndirmək üçün yetərlidirmi? Ümumiyyətlə, İnvestisiya Holdinqin yaradılmasında məqsəd nədir? Və iqtisadiyyatın liberallaşdırılması, xarici investorların ölkəyə gəlişinə şərait yaratmaq üçün hansı problemlər həllini tapmalıdır?

-Vaxtilə, xüsusən 2015-ci il böhranından sonra dövlət şirkətlərinin tərkibində olan qeyri- profilli müəssisələrin özəlləşdirilməsi haqda müəyyən qərarlar da verilmişdi. Nazirlər Kabinetinin qərarı ilə ortamüddətli dövrdə özəlləşdirilməsi qadağan olunan dövlət müəssisələrinin siyahısı təsdiq olunmuşdu. Həmin qərarda 50-yə qədər şirkət var ki, onların ortamüddətli dövrdə özəlləşdirilməsi gözlənilmir. İndiki halda İnvestisiya Holdinqin yaradılması əslinə qalsa, həmin şirkətlərin idarə olunması, mexanizmlərin təkmilləşdirilməsi məqsədi daşıyır. İnvestisiya Holdinq bütün o şirkətlərin fəaliyyətinə nəzarət etməlidir. Onların şəffaflığının, hesabatlılığının qurulmasına nəzarət etməlidir. Həmin o şirkətlərdə korporativ idarəetmənin qurulması işini nəzarət altına almalıdır. Belə təcrübələr dünyanın müxtəlif ölkələrində müxtəlif formalarda tətbiq olunub. Azərbaycanda hökumət dövlət şirkətlərinin özəlləşməsindən danışır, digər tərəfdən isə başqa addımlar atır. Məsələn, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından alınan kreditlər hesabına həm ölkədə, həm də xaricdə xeyli şirkətin tikintisinə yönəlmiş vəsaitlər var idi. Həmin o vəsaitləri sahibkarlar ödəyə bilmədiyindən həmin şirkətlər müflis elan olunub satışa çıxarılmaqla xarici investorları cəlb etmək əvəzinə onlara nəzarət etmək üçün Azərbaycan Sənaye Korporasiyası yaradılıb. Həmin korporasiya o şirkətlərin sağlamlaşdırılması ilə məşğuldur. Amma indiyə qədər onların da fəaliyyəti haqda ortada bir hesabat yoxdur ki, korporasiya qarşıya qoyulan məqsədə nail ola bildi, ya yox. Əgər nail olublarsa həmin şirkətləri özəlləşdirməyə çıxarıb satmaq mümkündürmü? Onların sağlamlaşdırılması üçün dövlətin çəkdiyi xərcləri geri alıb əlavə vəsait cəlb etmək mümkündürmü? Bu, bir nümunə idi. Əgər o nümunə özünü doğrultmayıbsa, indi onun daha yeni variantını-Azərbaycan İnvestisiya Holdinqini yaratmaq nəyə xidmət edəcək? Azərbaycan İnvestisiya Holqinqi də yenə prezidentin təyin etdiyi məmurlar tərəfindən idarə olunacaqsa nəticəsi olmayacaq. Çünki məmur düşüncəsi biznes düşüncəsi deyil. Nə qədər ki Azərbaycanda biznes məmur düşüncəsi ilə idarə olunacaq, heç vaxt normal rəqabət mühiti və normal biznes alınmayacaq. Bu, olsa-olsa yeni yaradılmış nazirlik və ya komitədən uzağa gedə bilməyəcək.


İqtisadçı-alim: “Dünyada hər hansı texnoloji yeniliyin arxasında ərəb dayanmırsa...”



"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı-alim Azər Mehtiyev "musavat.com" saytına Azərbaycana cəlb edilən xarici investisiyalarla bağlı fikirlərini bildirib. Bununla bağlı olan yazını təqdim edirik:

- Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna xarici investisiyaların cəlbi həmişə diqqət mərkəzində olan məsələlərdən biridir. İqtisadiyyatı və ixracı şaxələndirməklə (diversifikasiya etməklə) neft-qaz gəlirlərindən asılılıq səviyyəsinin azaldılmasına qısa müddətdə nail olmaq istəyən Azərbaycan üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək hökumətin nail olmağı qarşısına qoyduğu 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılması” (2015-ci ildə 2.6 faiz olub) kimi müəyyən edilib.

Son illərdə hökumət xarici investorların ölkə iqtisadiyyatına gəlişini stimullaşdırmaq üçün Azərbaycanın bir sıra beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına nail olub. Bunlar sırasında Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətqabiliyyətlilik İndeksi, Dünya Bankının “Doing Business” və sair reytinqlərvar. Lakin buna baxmayaraq, 2016-cı ildə 10,1milyard dollar təşkil edən xarici investisiyaların həcmi 2018-ci ildə 8,2 milyard dollara düşüb ki, bunun da çox mühüm hissəsi neft-qaz sektoruna yatırımlardır.

Böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft-qaz sektoru hər zaman xarici investisiyalar üçün cəlbedici olub: 2000-2017-ci illər dövründə ölkə iqtisadiyyatına yönəldilən 77.8 milyard dollar məbləğində birbaşa xarici investisiyanın 85 faizindən çoxu (66.8 milyard dolları) neft-qaz sektorunun payına düşüb. Lakin ölkənin qeyri-neft/qaz sektoru, xüsusilə emal sənayesi həmin dövrdə xarici investorlarda kifayət qədər maraq yarada bilməyib. Ölkənin neft-qaz hasilatı sektorunda xarici investorların bu qədər fəal olduğu bir şəraitdə qeyri-neft/qaz (qeyri-hasilat) sahələrinə onların marağının belə az olması düşündürücü bir vəziyyətdir. Bu sektorlara birbaşa xarici investisiyarın artımına nail olmaq üçün xarici investorları çəkindirən amillərin aşkara çıxarılması və bunların aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi vacibdir.

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin dediyinə görə, indiyədək Azərbaycana böyük investorlar yalnız neft sektoruna gəlib: “Xarici investisiyaların da böyük əksəriyyəti neft sektoruna yönəldilib. Neft sektoruna gələn investorlara hasilatın pay bölgüsü saziş-qanunlarıyla faktiki olaraq dövlət zəmanəti verilir. Bu sazişlər üzrə yarana biləcək problemlər yalnız beynəlxalq məhkəmələrdə həll olunmalıdır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, neft müqavilələri imzalananda Azərbaycanın iqtisadi-siyasi durumu qeyri-sabit idi, ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər çoxuydu. Buna görə də gələn şirkətlər yüksək dövlət zəmanəti tələb edirdilər. Digər sahələrə gələn investorlar adətən hakimiyyətin yüksək təbəqələri ilə əlaqələri hesabına bura investisiya yatırıb, hansısa iş görüblər. Bu da Azərbaycan kimi məhkəmələrin müstəqil olmadığı, biznesə, mülkiyyətə münasibətdə təminatın çox zəif olduğu, məmur biznesinin geniş yayıldığı, korrupsiya və rüşvətxorluq risklərinin yüksək olduğu ölkələr üçün xarakterik haldır.Yəni xarici investorlar dövlətə etibar etməyərək, yüksək zəmanət istəyirlər. Bir çox hallarda bu zəmanəti də hakimiyyətin yüksək təbəqələrində olan bu və ya digər məmurun sayəsində ala bilirlər. Halbuki normalda investor sadəcə, investisiya yatırmaq istədiyi sahəni seçib, qanunların tələb etdiyi prosedurları keçməklə ora investisiya yatırmalı, normal biznesini qurmalıdır. Yəni investor qanunların işlədiyini görüb, qanunlara əmin olaraq iş qurmalıdır. Bu əminlik olmadıqda isə ölkə iqtisadiyyatına sərmayə qoymaq istəyənlərin sayı kəskin az olur, bu istəyə düşənlər isə qanunsuz yollarla zəmanətlər əldə etməli olurlar”.

Ekspert bildirir ki, indiki mühit, məhkəmə sistemi qaldığı müddətdə ölkəyə gəlmək istəyən investorların sayı az olaraq qalacaq: “Bu yolla gələn investorların sayəsində iqtisadiyyatda səmərəli dəyişikliklərin olacağını gözləmək əbəsdir. Buna görə də ən qısa müddətdə ölkə iqtisadiyyatını, iqtisadi, hüquqi və biznes mühitini investorları cəlb edəcək hala gətirməyə ehtiyac var. Ən mühüm şərt qanunun aliliyinin təmin olunması, məhkəmələrin müstəqil olmasıdır. Qanunlar hamıya münasibətdə eyni qüvvəyə malik olacaqsa, digər problemlər də öz-özünə həll olunacaq. Bu şəraitdə məmur biznesi, kimlərəsə üstünlüklərin verilməsi kimi neqativ hallar tam aradan qalxacaq”.

Qeyd edək ki, bir sıra mənbələr məhdud sayda xarici investorun neft sektorundakı hasilatın pay bölgüsü sazişləri kimi təminatlarla ölkəyə cəlb olunacağını bildirirlər. Bu sırada Çin və ərəb ölkələrindən olan investorlarla ciddi danışıqların da aparıldığı deyilir. Xüsusilə Səudiyyə Ərəbistanı ilə danışıqların artıq başladıldığı qeyd olunur. A.Mehtiyev bildirir ki, yüksək dövlət zəmanəti ilə məhdud sayda investorun ölkəyə gəlməsi Azərbaycan iqtisadiyyatı üçün zəruri olan investisiya axınının təmin olunması demək olmayacaq: “Bununla ölkədə sağlam rəqabət mühitinin formalaşması, investorlara üçün normal bazar şərtlərinin təmin olunmasına nail olunmayacaq. Digər tərəfdən, xarici investisiya yalnız maliyyə-pul demək deyil. Xarici investisiya müasir menecment təcrübəsinin, müasir idarəetmə texnologiyalarının ölkəyə gətirilməsi deməkdir. Ərəb şeyxlərinin bu təcrübə və texnologiyalara malik olduqlarını söyləmək çox çətindir. Onların çoxlu pulları ola bilər, amma bu, hələ müasir təcrübə və texnologiya, ən nəhayət, inkişaf demək deyil. Bu gün müasir dünyada hər hansı müasir texnoloji yenilik edən ərəb şirkəti, yaxud ərəb iş adamının adını çəkmək qeyri-mümkündür. Ərəb şeyxlərinin gəlib bura pul qoyub, qazanc götürməsi uğurlu xarici investisiya axını demək olmayacaq. Çünki ərəb investisiyaları Azərbaycan iqtisadiyyatının məmur biznesindən uzağa getməməsinə vəsilə ola bilər”...

21 Ağustos 2020 Cuma

Bahalaşmaya baxmayaraq yeyinti məhsullarının idxalı artır

Azərbaycanda 2020-ci ildə yeyinti məhsullarının idxalında artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin yanvar-iyul aylarına aid olan məlumatına əsasən, yeyinti məhsullarının idxal dəyəri 884 milyon dolları ötüb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28 milyon dollar və ya 3,3 faiz çoxdur.

Yeyinti məhsullarında idxalın artması daxildə pərakəndə ticarət dövriyyəsinin azalması fonunda baş verir. Bu il pərakəndə ticarətin azalmasına ictimai iaşə dövriyyəsinin və xarici turist səfərlərinin azalması da təsir edib.

Bəs, belə bir vəziyyətdə yeyinti məhsullarının idxalını artıran səbəblər nədir?

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov yeyinti məhsullarının idxalının artmasını xaricdə bəzi kənd təsərrüfatı mallarının bahalaşması, eyni zamanda daxildə istehsalın azalması ilə izah etdi.

Ekspert söylədi ki, idxal edilən məhsulların miqdarı ilə bərabər onların dəyəri də artıb: “Keçən ilin yanvar-iyul dövrü ilə müqayisədə idxal edilən ət 18 faiz, diri heyvanlar 34 faiz, süd 31 faiz, meyvə-tərəvəz 2 faizə yaxın, heyvan mənşəli yağlar 15 faiz, çay, buğda, düyü bahalaşıb, kərə yağının qiyməti dəyişməyib.

Əgər xaricdə qiymətlər artıbsa və sahibkarlar tərəfindən yüksək qiymətə mallar idxal edilirsə, deməli, daxildə ona tələbat var. Tələbat onunla bağlıdır ki, daxildə istehsal yetərli deyil, ən azından ötənilki səviyyədə deyil.

Gömrük statistikası göstərir ki, fiziki çəkidə də artım var. Fiziki çəkidə idxalda artım süddə 24,5 faiz, kərə yağında 37,6 faiz, meyvə-tərəvəzdə 9 faiz, çayda 14 faiz, bitki və heyvan mənşəli yağlarda 4 faiz, düyüdə 47 faiz qeydə alınıb. Bu məlumatlar ondan xəbər verir ki, ölkədə tələbat yaranıb və yaranan tələbatı qiymətlərin yüksək olmasına baxmayaraq idxal hesabına ödənilib”.

V.Məhərrəmov qeyd etdi ki, 2020-ci ilin yanvar-iyul ayları ərzində ölkəyə gələn xarici turistlərin sayı 2019-cu ilin eyni dövrünə nisbətən 1 milyon nəfərə yaxın azalıb. Onun fikrincə, turist sayında kəskin azalma idxal mallarına olan tələbi də azaltmalı idi. Turistlərin sayının azalmasına baxmayaraq idxalın artması ekspertin qənaətincə daxili tələbatın artmasından qaynaqlanır: “İdxal mallarına tələbin artması daxili istehsalın azalması ilə bağlıdır. Hökumət 2020-ci ildə buğda istehsalının azaldığını etiraf etmək istəmirdi. Taxıl istehsalı ilə bağlı mən bir neçə araşdırma apardım və həmin araşdırmaları dərc etdim. Araşdırma zamanı əkin sahələrində çəkilən fotolar da təqdim edilmişdi. Araşdırma zamanı üzə çıxdı ki, respublikanın əksər bölgələrində taxıl əkini həyata keçirilsə də bitki birinci 3-4 ayında məhv olub. Çünki arotexniki qaydalara əməl edilməyib.

Bu araşdırmalardan sonra etiraf olundu ki, Azərbaycanda buğda istehsalı azalıb. Bundan sonra məhv olan sahələrin statistikası aparılmır. Əvvəl deyirdilər ki, bu il 1,01 milyon hektarda taxıl əkini həyata keçirilib, indi isə əkinin 946 min hektarda aparıldığı deyilir. Əkin həyata keçirilməsi haqqında nazir açıqlama verib, Dövlət Statistika Komitəsi məlumat verib, amma buna baxmayaraq taxıl əkilən sahə azaldılır ki, məhsuldarlıq yüksək göstərilsin. Statistika Komitəsi niyə manipulyasiyaya yol verməlidir ki? Bu, sonradan mala və məhsula çəkilən xərcin hesablanması, rentabelliyinin səviyyəsinin müəyyən edilməsi məsələsində problem yaradır.

Buğda istehsalının azalması quraqlıqla əlaqələndirilir. Ancaq quraqlığın taxıl istehsalına bir o qədər də təsiri olmur. Quraqlıq tərəvəz və digər bitkilərə təsir edir. Ona görə ki, tərəvəz bitkilərinin suya tələbatı çox olur, nəinki taxılın.

İlin yekununda görəcəyik ki, başqa məhsulların istehsalı nə qədərdir. Amma indidən deyə bilərik ki, idxal mallarının bahalaşması fonunda onlara tələb varsa, deməli yerli istehsalın azalması prosesi gedib. Baha məhsulların idxal edilməsi ölkə daxilində ərzaq mallarının qiymətlərin yüksəlməsinə də səbəb olub”.

 


20 Ağustos 2020 Perşembe

Postpandemiya dövründə ölkə iqtisadiyyatını nə gözləyir?

"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev "Red Line Channel"in ("Qırmızı Xətt Kanalı") qonağı olub. Teleqram kanalında "Postpandemiya dövründə ölkə iqtisadiyyatını nə gözləyir?" mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb.
Azər Mehtiyev: "İlin birinci yarısında ölkə iqtisadiyyatı 2,7 faiz azalıb. Amma bu, pandemiyanın bütün təsirləri deyil. Nəzərə almaq lazımdır ki, bu il artım gözlənilirdi. Həm artım olmadı, həm də ötən ilin birinci yarısı ilə müqayisədə itkilərə məruz qaldıq".


İdarəetmə və ictimai xidmət qurumlarının yerli səviyyədə fəaliyyətində informasiya açıqlığının mövcud vəziyyəti monitorinq olunub


Avqustun 19-da İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Yerli vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi vasitəsilə Azərbaycanın regionlarında şəffaflıq təşəbbüslərinin və ictimai informasiyalara əlçatanlığın genişləndirilməsi” layihəsi çərçivəsində yekun konfrans təşkil edib. Konfransda 4 ərazidə - Mingəçevir şəhəri, Xaşmaz, Yevlax və Bərdə rayonlarında - yerli vətəndaş cəmiyyətinin iştirakı ilə təşkil olunmuş idarəetmə və ictimai xidmət qurumlarının yerli səviyyədə fəaliyyətində informasiya açıqlığının mövcud vəziyyətinin monitorinqinin və ərazidə keçirilən sorğuların nəticələri təqdim edilib, habelə layihə haqqında məlumat verilib.

Layihə haqqında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev məlumat verib. 

Daha sonra ictimai birliyin sədr müavini Rövşən Ağayev informasiya açıqlığının mövcud vəziyyətinin monitorinqi haqqında, ekspert Samir Əliyev isə keçirilən sorğuların nəticələri ilə bağlı təqdimatla çıxış edib. 





19 Ağustos 2020 Çarşamba

Abil Bayramov: "Bələdiyyələrin tam və müstəsna səlahiyyətlərə ehtiyacı var"

Dövlət mülkiyyətində olan bəzi müəssisələrin və bu müəssisələrin həyata keçirdiyi xidmətlərin bələdiyyələrə verilməsi məsələsi son aylarda yenidən aktuallaşıb. Belə ehtimal edilir ki, dövlət, səmərəli fəaliyyət göstərməyən müəssisələrin bir qismini özəlləşdirəcək, bəzilərini isə bələdiyyələrin idarəetməsinə verəcək.

Bu dəyişikliklərlə bələdiyyələrin səlahiyyətlərinin artırılmasını gözləyə bilərikmi?

“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı-ekspert Abil Bayramov bələdiyyələrin səlahiyyətlərinin kifayət qədər məhdud olduğunu, sosial və ictimai xidmətlərin böyük hissəsinin yerli icra qurumları tərəfindən həyata keçirildiyini dedi. O bildirdi ki, bir qayda olaraq yerli özünüidarəetmə sistemləri inkişaf edən ölkələrdə yerli sosial və ictimai xidmətlər bələdiyyələrin səlahiyyəti daxilindədir. Azərbaycanda isə həmin səlahiyyətlər bələdiyyələr üçün ümumi qaydada tanınsa da səlahiyyətlərin əhəmiyyətli hissəsini yerli icra qurumları həyata keçirir. Ekspert söylədi ki, qanunvericilikdə bir çox hallarda səlahiyyətlərin üst-üstə düşməsi hallarına rast gəlinir, bir çox hallarda isə yerli ictimai xidmətlərlə bağlı səlahiyyətlərin yerli icra qurumları üçün qanunvericilikdə tanınması halı var. A.Bayramov hesab edir ki, bu baxımdan bələdiyyələrin yerli hakimiyyət qurumları kimi əhaliyə keyfiyyətli ictimai xidmətlər göstərmək imkanları məhdudlaşıb: “Biz dəfələrlə təklif etmişik ki, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır və Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. Əgər səlahiyyətlər tam və müstəsna olmursa, o səlahiyyətlərin başqa hakimiyyət qurumları ilə toqquşması baş verir və əhaliyə göstərilən xidmətlərin keyfiyyəti də aşağı düşür.

Səlahiyyətlərin mərhələli şəkildə verilməsi daha məqsədə müvafiqdir. Amma bu prosesə əvvəl-axır başlamaq lazımdır. Bundan əlavə yalnız səlahiyyətlərin verilməsi yetərli deyil. Səlahiyyətlərin verilməsi ilə yanaşı, həmin səlahiyyətlərin həyata keçirilməsini təmin edə biləcək maliyyə mənbələri də verilməlidir. Çünki maliyyə mənbəyi olmadan səlahiyyət veriləndə, həmin səlahiyyətlərin həyata keçirilməsi mümkünsüz olur. Məsələn, hal-hazırda qanunvericliklə məhəllə daxili yollar bələdiyyələrin mülkiyyətinə verilib. Lakin bələdiyyələr həmin yolların təmiri, yenidən qurulması və s. sahəsində səlahiyyətlərini kifayət qədər yerinə yetirə bilmir. Çünki yol infrastrukturu bir qədər çox vəsait tələb edən sahədir. Buna görə də nə qədər onu təmin edəcək maliyyə mənbələri yoxdur, bələdiyyələr ona verilən səlahiyyətləri həyata keçirməkdə çətinlik çəkəcək. Eləcə də digər infrastruktur sahələri ilə bağlı eyni şeyi söyləmək mümkündür. Bələdiyyələrin səlahiyyətləri genişləndiriləcəksə, həmin səlahiyyətləri həyata keçirməyə imkan verən maliyyə təminatı da olmalıdır. Hazırda bələdiyyələrin maliyyə resursları çox məhduddur”.

A.Bayramov ilkin mərhələdə Mənzil İstimar Sahələrinin (“JEK”) funksiyalarının və maliyyə mənbələrinin bələdiyyələrə ötürülməsini məqsədəuyğun hesab edir: “Yeni Mənzil Məcəlləsi qəbul ediləndən sonra “JEK”-lərin fəaliyyətinin hüquqi əsasları aradan qalxıb. Qanunvericliklə bir neçə forma təklif edilir ki, onlardan biri də Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətləridir. Pilot layihə kimi bəzi ərazilərdə yaradılıb. Bələdiyyələr bu prosesdə iştirak ediblər.

Bələdiyyələrə imkan verilməlidir ki, onlar yerli əhəmiyyətli xidmətlərin təşkilində səlahiyyətli olsun. Təcrübədə müxtəlif nümunələr var. Ya bilavasitə bələdiyyənin özü bu prosesi həyata keçirir, ya da müəyyən özəl qurumlarla müqavilələr əsasında xidmətlərin göstərilməsini təşkil edir. Əsas məsələ səlahiyyətlərin bələdiyyələrə verilməsidir. Sonradan həmin səlahiyyətlərin hansı formada həyata keçirilməsi bələdiyyələrin ixtiyarında olan məsələ olacaq”.

 

 

 

12 Ağustos 2020 Çarşamba

“İqtisadi Forum” Ekspert Qrupunun növbəti görüşü keçirilib

2020-ci ilin avqsutun 12-də “İqtisadi Forum” Ekspert Qrupunun ZOOM konfransı formatında növbəti görüşü keçirilib. Görüşdə ekspertlər Asiya İnkişaf Bankının Hesabatında Azərbaycan dövlət müəssisələrinə dair qeydləri və Prezident İlham Əliyevin dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması məqsədilə Azərbaycan İnvestisiya Holdinqinin yardılması barədə Fərmanı ətrafında fikir mübadiləsi aparılıb. 
Asiya İnkişaf Bankının Hesabatı haqqında ekspert İnqilab Əhmədov təqdimatla çıxış edib.




Dövlət şirkətləri bir əldə cəmlənir yoxsa islah olunur?

Avqustun 6-da Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövət şirkətlərini səmərəsiz fəaliyyətə görə tənqid edib. Həmin tənqiddən bir gün sonra dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradıldı. 
"Açıq Azərbaycan" onlayn proqramının növbəti verilişi dövlət şirkətlərinin idarə edilməsində yeni modelin tətbiqinə həsr edilib. Verilişin qonaqları arasında "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşid də olub. Ekspertlər Azərbaycan İnvestisiya Holdinqi barədə fikirlərini bölüşüblər.



10 Ağustos 2020 Pazartesi

Avqustun 7-də keçirilən vebinarda təqdim edilən hesabatların videoyazısı

Avqustun 7-də Avrasiya Bilik Mərkəzi tərəfindən "Covid-19 Pandemiyasının Azərbaycan İqtisadiyyatına təsirləri" mövzusunda vebinar keçirilib. Onlayn (Zoom) formada keçirilən seminarda 38 dinləyici, o cümlədən bir neçə dövlət qurumunun təmsilçisi, iqtisadçı-ekspertlər iştirak edib.

Seminarda ekspertlər Azər Meytiyevin “Covid-19-un makroiqtisadi təsirləri”, Rövşən Ağayevin “Covid-19-un dövlət büdcəsinə təsirləri”, İnqilab Əhmədovun “Covid-19-un Neft Fonduna təsirləri” və Samir Əliyevin “Covid-19-un SOCAR-a təsirləri” haqqında təhlilləri dinlənilib.

Avqustun 7-də keçirilən vebinarda təqdim edilən hesabatların videoyazısı:


Rövşən Ağayev: “Hökumət əvvəlki böhran dövrünün acı təcrübəsini nəzərə alaraq büdcə xərclərində azalmaya getmədi”

 

Neftin qiymətinin kəskin enməsi hökuməti büdcəyə yenidən baxmağa məcbur etdi. Gəlir və xərclərdə ümumilikdə ciddi dəyişiklik edilməsə də büdcənin funksional istiqamətləri üzrə ciddi dəyişikliklər edilib.   

Büdcədəki dəyişiklikləri zəruri edən amilləri qiymətləndirən "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayevin fikrincə, pandemiyanın uzanması digər ölkələrlə müqayisədə təbii resurs ölkələrinin iqtisadiyyatına ikiqat zərər vurur. Onun sözlərinə görə, bir tərəfdən əhalinin sağlamlığının qorunması üçün iqtisadiyyat qapadılır və iqtisadiyyat tənəzzüllə üzləşir, digər tərəfdən məcmu tələbin azalması səbəbindən dünya birjalarında neft kəskin ucuzlaşır. Kəskin ucuzlaşma Azərbaycan kimi iqtisadiyyatı təbii resurslardan daxil olan gəlirlərdən asılı olan ölkələrdə hökumətin qazancını azaldır. R.Ağayev söylədi ki, 2020-ci ilin birinci rübündə neftin orta qiyməti 59 dollar olub, bu ilin 6 ayında isə 38,7 dollar təşkil edib. O belə bir vəziyyətdə hökumətin büdcənin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldığını dedi: “Büdcə ilə bağlı dəyişikliklərin ilk siqnalını Hesablama Palatasının sədri bu ilin aprel ayında mediaya verdiyi açıqlamada vurğulamışdı. O qeyd etmişdi ki, büdcə dəyişiklikləri qaçınılmazdır. Makroiqtisadi nəticələrdə pisləşmə aydın görünür. İlk 6 ayın büdcə gəlirlərində pandemiyanın təsirləri özünü göstərmədi. Büdcədə ümumi mədaxildə 20 faizdən çox artım var və Vergi Xidmətinin xətti ilə daxilolmada 10 faiz ətrafında artım olub.

Hökumət proqnozlaşdırır ki, qarşıdakı 6 ayda büdcənin vergi və gömrük gəlirlərində ciddi azalma olacaq. Buna görə də Dövlət Neft Fondundan transfertlər artırılmağa qərar verilib. Vergi və gömrük gəlirlərindəki azalmanı Neft Fondundan transfertin 8 faizə yaxın (850 milyon manat) artımaqla kompensasiya etmək planlaşdırılır.

Transfertin məbləğinin artması dövlət büdcəsinin gəlirlərində neft sektorunun payının 58 faizə yüksələcək. Neft gəlirlərinin dövlət büdcəsinin payındakı bu nisbətn devalvasiyadan sonrakı dövrdə qəbul edilən büdcələrdə ən yüksək səviyyələrdən biridir”.

R.Ağayev söylədi ki, dövlət büdcəsinin vergi gəlirlərində azalma olacaq: “2020-ci ilin təsdiqlənən büdcəsində qeyri-neft sektoru üzrə 10,605 milyon manat vəsait proqnozlaşdırılır. Bunun 4 milyard manatı Dövlət Gömrük Komitəsinin, 5,685 milyard manatı Vergi Xidməti vasitəsilə təmin edilməliydi. Yenidən baxılan büdcədə Gömrük Komitəsinin büdcə öhdəlikləri 170 milyon manat azaldılıb. Qeyri-neft sektoru üzrə vergi gəlirlərində isə 285 milyon manat azalma proqnozlaşdırılır.

İlin əvvəlində Dövlət Vergi Xidmətinin ümumilikdə 7,875 miyard manat vergi toplayacağı təsdiqlənmişdi. Dəqiqləşdirilən büdcədə Vergi Xidmətinin xətti ilə daxilolmaların 685 milyon manat azalacağı proqnozlaşdırılır.

Vergi Xidməti verginin 2,180 milyard manatını neft-qaz sektorundan, 5,685 milyard manat qeyri-neft sektoru üzrə toplamalı idi. Dəyişdirilmiş büdcədə 1,790 milyard manat neft-qaz sektoru, 5,4 milyard manat isə qeyri-neft sektoru üzrə vergi öhdəliyi müəyyənləşdirilib. Neft-qaz sektoru üzrə vergi gəlirlərində 390 milyon manat azalma gözlənilir.

Ümumilikdə 685 milyon manatlıq vergi azalmasının daha çox hissəsi mənfəət vergisi üzrə müşahidə ediləcək. Mənfəət vergisi üzrə mədaxil 388,8 milyon manat azalma ilə ümumi azalmanın 55 fazini təşkil edəcək. Bunun əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır.

Əlavə dəyər vergisində 5,3 faiz, yəni 106,6 milyon manat azalma baş verəcəyi proqnozlaşdırılır. Gəlir vergisində 45 milyon manat azalma gözlənilir”.

Ekspert qeyd etdi ki, hökumət əvvəlki böhran dövrünün acı təcrübəsini nəzərə alaraq büdcə xərclərində azalmaya getmədi: “Hökumət pandemiya dövründə iqtisadi fəallığın aşağı düşməsi riskini nəzərə alaraq büdcə xərlcərini azaltmadı. 2020-ci ilin dövlət büdcəsinin xərcləri 26,895 milyard manat proqnozlaşıdırılmışdı. Büdcə dəyişikliyi nəticəsində məcmu xərclər 597,5 milyon manat (2,2%) artırılaraq 27,497 milyard manata çatdırılıb.

Xərclərdə aparılan dəyişikliklərə əsasən, dövlət büdcəsinin 12 funksional xərc bölməsindən 2 istiqamət üzrə xərclər artırılıb, 9 bölmə üzrə xərclər azaldılıb, 1 bölmə üzrə xərclərin həcmi olduğu kimi saxlanıb.

2015 və 2016-cı ildə ölkədə investisiya xərlərində ciddi azalmaya gedildi. Bunun təsiri ilə 2016-cı ildə iqtisadiyyatda ciddi geriləmə baş verdi. Bu təcrübəni nəzərə alaraq 2020-ci ildə baş verən böhrana baxmayaraq investisiya xərclərində azalmaya gedilmədi”.

Ekspert hesab edir ki, sərt karantin rejiminin ilin 3-cü rübündə davam etməsi və ölkənin daha geniş ərazisini əhatə etməsi nəticəsində işsizlik və yoxsulluğun miqyası genişlənəcək. O mənfi dinamikanın istehlak tələbini daraldacağını və iqtisadi artımın daha da zəiflədəcəyini proqnozlaşdırır. Onun fikrincə, eyni zamanda, həm kiçik və orta biznes, həm də ev təsərrüfatları sərt karantin rejiminin müddəti uzandıqca, ehtiyatlarını daha çox xərcləməsi də iqtisadi daralma üçün ciddi risk formalaşdırır.

R.Ağayev yaranmış vəziyyəti nəzərə alaraq dövlət büdcəsi ilə bağlı hökumətə tövsiyələrini də verdi: “Vergi orqanlarının hesabatlılığının təkmilləşdirilməsi, vergi daxilolmalarının sahəvi və mülkiyyət strukturuna dair aylıq və rüblük hesabatların açıqlanması vacibdir. Büdcə xərcləri, xüsusilə investisiya xərclərilə bağlı informasiya açıqlığının təmin edilməsinə ehtiyac var. Hər bir layihə üzrə mənbələr (kredit, büdcə, büdcədənkənar fondlar və s.) göstərilməklə investisiya layihələrinin siyahısı ictimaiyyət üçün əlçatan olmalıdır.

Büdcə proseslərində ictimai iştirakçılıq yüksəldilməlidir. Hazırkı şəraitdə büdcə aparılan dəyişikliklərlə bağlı müzakirələrə peşəkar “beyin mərkəzləri” və vətəndaş cəmiyyəti də cəlb edilməlidir. Büdcədə aparılan dəyişiklərin ilkin layihəsi hazırlanmazdan öncə parlament komitələrinin iştirakı ilə büdcə dinləmələri təşkil edilməlidir.

Pandemiya dövründə yaranan əlavə xərclər, onların funksional və iqtisadi strukturu ilə bağlı aylıq icmal hazırlanmalı, ictimaiyyətə təqdim edilməsinə ehtiyac var. 2022-ci ildən gec olmayaraq dövlət büdcəsinin bütün funksional istiqamətləri əhatə olunmaqla nəticə əsaslı büdcə mexanizminə keçidlə bağlı qərar qəbul edilməsi məqsədəuyğundur. “Büdcə qaydası”na yenidən baxılmasına, onun tətbiqinin dayandırılması şərtlərinin maksimum sərtləşdirilməsinə, qaydanın büdcə xərclərinə deyil, neft gəlirlərinə məhdudiyyətlər əsasında yenidən işlənməsinə ehtiyac var”.

   

 

9 Ağustos 2020 Pazar

Azər Mehtiyev: "Pandemiyanın təsirlərini qiymətləndirmək üçün hökumətin yeni makroiqtisadi proqnozlarına ehtiyac var"

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirilən zaman yalnız ÜDM-dəki 2,7 faizlik azalma əsas götürülməməlidir. Pandemiyadan öncə ilin birinci yarısı üçün proqnozlaşdırılan iqtisadi artımların baş verməməsi də nəzərə alınmalıdır. Yalnız o halda pandemiyanın makroiqtisadiyyata təsirini düzgün qiymətləndirə bilərik”.

Bu açıqlamanı “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev verib. Onun fikrincə, ilin birinci yarısı üçün iqtisadi artım 2-3 faiz qiymətləndirilirdi. “Pandemiya ilə əlaqədar nəinki gözlənilən artım baş verməyib, həm də 2,7 faizlik geriləmə baş verib”, - deyən ekspert hesab edir ki, proqnoz və faktiki vəziyyətin müqayisədi itkiləri daha düzgün təsəvvür etməyə imkan verir.

A.Mehtiyevin qənaətincə, pandemiyanın makroiqtisadi proseslərə təsirini qiymətləndirmək üçün iqtisadi artım, məşğulluq, işsizlik səviyyəsi, istehlak qiymətləri indeksi, xarici sektor, pul-kredit və digər məsələlər üzrə prosesləri nəzərdən keçirmək lazımdır. O qeyd etdi ki, ilk 6 ayda iqtisadiyyatın əksər sahələrində geriləmə baş verib: “İlin birinci 2 ayında ÜDM istehsalında 2,4 faizlik artım tempi var idi. Martdan iqtisadi artım tempinin aşağı düşməsi baş verib, aprel-iyun aylarında isə mənfiyə keçib. Nəticədə birinci ilin yarısında 2,7 faizlik azalma müşahidə olunur.

Azalma həm neft-qaz, həm də qeyri-neft sektorunda qeydə alınıb. Qeyri-neft sektorunda azalma 2,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz geriləmə var. Neft və qeyri-neft sektorları üzrə azalmanın qrafikinə baxsaq, görürük ki, qeyri-neft sektorunda azalma martdan, neft sektorunda maydan azalma var. ÜDM-nin hər iki sektorunda azalmanın baş verməsi pandemiyanın yaranması ilə neft qiymətlərindəki azalmanın üst-üstə düşməsidir.

Aylar üzrə müqayisə etdikdə görürük ki, neft və qeyri-neft sektorunda əlavə dəyərin yaradılmasında ən pis nəticə apreldə olub. Apreldə bütün ölkə boyu birinci sərt karantinin tətbiq edildiyi dövrdür. May-iyun aylarından isə qeyri-neft sektorunda artıma meyililik özünü göstərir.

Sahələr üzrə götürdükdə ən böyük geriləmə turistlərin yerləşdirilməsi, ictimai iaşə xidmətindədir. Burada əlavə dəyərin yaradılmasında 47,9 faiz azalma var. İkinci ən böyük təsirə ticarət sektoru məruz qalıb. Bazar və yarmarkalar üzrə pərakəndə ticarət dövriyyəsi 17,3 faiz kiçilib. Ümumən itehlak bazarının ümumi həcmi 6,4 faiz, pərakəndə ticarət dövriyyəsi 1,9 faiz azalıb. Əhaliyə pullu xidmətlərin göstərilməsi isə 19,2 faiz geriləyib.

Pandemiyanın nəqliyyat sektoruna təsirləri də aydın görünür. Bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkə üzrə sərnişin daşınması 28,7 faiz azalıb. Yük daşınması isə yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz azalıb.

Tikinti sektorunda 14,5 faiz azalma var. 2016-cı ildən tikinti sektorunda başlayan böhran davam etməkdədir. Bu ilin birinci yarısında azalmada pandemiyanın da təsirləri var.

İnvestisiya xərcləri 6 milyard manat həcmində olub. İnvestisiya xərclərinin artım tempinə baxanda görürük ki, ilk 6 ayda 10 faiz artım qeydə alınıb, apreldən investisiya qoyuluşunda azalma var. Altı ayda investisiya qoyuluşu 2,7 faiz azalıb

Neft-qaz sektoru üzrə investisiyalarda 17,5 faiz artım var, amma qeyri-neft sektoru üzrə 15,5 faiz azalma olub.

Ticarət dövriyyəsində ümumi azalma 25,3 faiz, ixracda 22 faiz, idxalda 28,9 faizdir. Ancaq idxalda 2019-cu ildəki monetar qızıl alışını nəzərə almasaq azalma 5 faizdən bir qədər yüksəkdir.

Birinci 6 ayda inflyasiya 3 faiz olub və bahalaşmaya ərzaq qiymətlərindəki 5,5 faizlik artım güclü təsir edib. Ərzaq məhsullarının bahalaşması pandemiyanın təsiri ilə bağlıdır.

Bir neçə sahələr var ki, orada artımlar müşahidə edilir. Kənd təsərrüfatı, emal sənayesi, informasiya və rabitədə yaradılan əlavə dəyərdə artım var. Bu sahələrlə bağlı diqqəti cəlb edən əsas məqam onlarda da artım tempinin aşağı düşməsidir”.

A.Mehtiyev pandemiyanın müsbət təsir göstərdiyi sahələrin olduğunu da bildirdi. O həmin sahələrdən distant təhsil və elektron ticarətin adını çəkdi: “Təhsil sahəsində may ayından tədris dayandırılıb. Amma burada distant təhsilə keçidin sürətlənməsi qeydə alınıb. Bundan başqa elektron xidmətlər, o cümlədən elektron ticarət genişlənir. İnternet üzərindən verilən sifarişlər əsasında satışlarda artım var.

Lakin mövcud vəziyyət göstərir ki, bu sahələrdə də vəziyyət o qədər yaxşı deyil. İnfrasturkturun lazımı səviyyədə olmaması elektron ticarətin inkişafını çətinləşdirir”.

Ekspert pandemiyanın iqtisadi problemlərlə yanaşı sosial problemlər də yaratdığını vurğuladı: "Pandemiya işsizlərin sayının artmasına da səbəb olub. Rəsmi statistikaya əsasən, işsizlərin sayı 89,5 min nəfər və ya 34,5 faiz artıb. Bunu nəzərə alanda işsizlik səviyyəsi 4,8 faizdən 6,5 faizə yüksəlib. Hökumət pandemiya nəticəsində nə qədər məşğul insanın işini itirməsinə dair ayrıca statistika hazırlamalıdır.

Əvvəl 200 min insana 190 manat məbləğində kömək edildi. Sonra onların sayı 400 min nəfər artırıldı. Bu artımın nəyə əsaslandığı məlum olmadı. Apardığım hesablamalar göstərir ki, 1,3 milyon insan risk qrupuna daxildir və onların pandemiyanın təsiri ilə iş yerlərini itirməsi ehtimalı var. Buna görə də dövlət 600 min yox, 1,3 milyon insana yardım etməli idi.

Birinci yarımildə əhalinin nominal gəlirləri 0,6 faiz artıb. Əhalinin real gəlirləri isə 2,4 faiz azalıb. Çünki inflyasiya 3 faiz olub və nominal gəlirlər nəzərə alınarsa real gəlirin 2,4 faiz azaldığını görürük”.

A.Mehtiyevin fikrincə, pandemiyanın təsirlərini qiymətləndirmək üçün hökumətin yeni makroiqtisadi proqnozlarına ehtiyac var. Onun qənaətincə, məşğulluq statistikası təkmilləşdirilməli, pandemiyanın təsirlərindən ən çox əziyyət çəkən risk qrupları müəyyənləşdirilməli, bu məqsədlə məşğulluq statitikası Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğunlaşdırılmalıdır.

İşçilərin ixtisarının qarşısının inzibatı yolla alındığını deyən ekspert bildirdi ki, müəssisələr işçiləri işdən azad edə bilmir, rəsmi sənəddə onlar işçi kimi göstərilir, amma işçilər iş yerindən faktiki uzaqlaşdırılır və əmək haqqı ala bilmir. Ekspert hökumətə bu cür inzibati vasitələrdən istifadə etmək əvəzinə müəssisələrə işçilərə əmək haqqının ödənilməsində kömək göstərilməsini tövsiyə etdi. 

Sabit Bağırov: “Ya genişmiqyaslı islahatlar olmalıdır, ya da bizi iflas gözləyir”

Ermənistan ordusunun Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatlardan sonra bu hadisələrin arxasında Rusiyanın dayana biləcəyi barədə mülahizələr səsləndi. Bu hadisələrdə Rusiya amilinin böyük rol oynadığını söyləyən ekspertlər bildirirlər ki, şimal qonşumuz Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə və Avropaya uzanan kommunikasiya xətlərinə – neft və qaz boru kəmərlərinə nəzarəti ələ keçirmək, bununla da öz şərtlərini rəsmi Bakıya diktə etmək istəyir. Tovuz istiqamətində 4 gün davam edən döyüşlərdən sonra Türkiyənin ölkəmizə tam dəstək nümayiş etdirməsi və Azərbaycanda başlayan birgə hərbi təlimlər də məhz bununla əlaqələndirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov “Press Klub”a müsahibəsində bu və digər mövzuda suallara cavab verib. 

– Ermənistan ordusunun Tovuz istiqamətində hücumu, bu hücumun hədəfləri və ümumilikdə regionda baş verənlər gündəmin əsas mövzusu olaraq qalır. Bir çoxları hesab edirlər ki, Tovuz hadisələri Rusiyanın təhriki ilə törədilib və məqsəd Azərbaycanın həmin ərazidən keçən kommunikasiya xətlərini, neft və qaz kəmərlərini təhdid altında saxlamaqdır. Sizin bu barədə fikriniz necədir?

– Bu versiya əsaslı görünsə də, arqumentlər çox zəifdir. Çünki hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Rusiya və Azəbaycan rəhbərliyi arasında çox sıx əlaqələr və isti münasibətlər var. İkinci bir tərəfdən, Azərbaycan rəhbərliyi “Cənub Qaz Dəhlizi” ilə əlaqəli bütün məsələləri enerji şirkətləri və xarici dövlətlərlə yanaşı, ilk növbədə Rusiya ilə razılaşdırır. Əlbəttə, bu, mənim təəssüratlarımdır. Və bircə misal kimi mən “Nabucco” layihəsinin uğursuzluğunu qeyd edə bilərəm. Məhz bu layihə Rusiyanın Avropaya qaz ixracına az da olsa, rəqib ola bilərdi. Bu layihə daha böyük həcmlərdə Azərbaycan qazını Avropanın mərkəzində yerləşən ən böyük qazpaylayıcı terminala çatdıra bilərdi və Rusiya bu layihəyə qarşı idi. Nəhayət, mənim fikrimcə, Rusiya burada ciddi problemlər yaratmaq istəsəydi, bunu edərdi. “Çünki”lər daha çoxdur, amma əsasları, fikrimcə, qeyd etdiklərimdir. Hesab edirəm ki, Tovuzdakı hadisələr, bir neçə günlük atışmalara çevrilən kiçik təsadüfi hadisələrdən başladı. Bunun da səbəbi çox güman ki, erməni hərbçilərinin başıpozuqluğundan yaranmışdı. Bu hadisələrə dair cavabı tapılmalı ən vacib sual general Polad Həşimovun və digər yüksək rütbəli zabitlərimizin həlak olmasıdır. Hazırda bu istiqamətdə müvafiq qaydada istintaq prosesi gedir və ümid edirəm ki, araşdırmaların nəticələri tezliklə açıqlanacaq.

– Ümumiyyətlə, neft-qaz ehtiyatlarından istifadə, Azərbaycanın Avropanın yanacaq ehtiyaclarının ödənilməsində iştirakı, enerji layihələrinin regionun siyasi ab-havasına, Qarabağ münaqişəsinin həllinə təsir imkanlarını necə dəyərləndirirsiniz?

– Bu sualınıza çox qısa cavab vermək istəyirəm. Bu günə olan həqiqətlər ondan ibarətdir ki:

1) Avropa enerji bazarında Azərbaycanın rolu çox cüzidir və bir qədər artsa da, qətiyyən həlledici olmayacaq;

2) Avropa enerji bazarında Azərbaycan daha çox maraqlıdır, nəinki Avropa bizim resurslarda;

3) Ümumiyyətlə, Avropa ənənəvi enerji resurslarından alternativ, o cümlədən bərpa olunan resurslara doğru böyük addımlarla irəliləyir;

4) Avropa üçün daha böyük əhəmiyyət daşıyan digər dəyərlər var, o cümlədən insan haqları, azadlıqlar və s.

Bu həqiqətləri nəzərə alaraq Qarabağ münaqişəsinin həllində Avropa hansı rolu oynaya bilər sualına cavab aydındır.

Yeri gəlmişkən, Xalq Cəbhəsi hakimiyyətinin yıxılmasında BP şirkətinin mühüm rol oynadığı barədə indiyədək çox danışılıb. Elə indinin özündə də əksər Elçibəy fanatları əminliklə deyirlər ki, Xalq Cəbhəsi hakimiyyətini məhz BP şirkəti yıxıb. O dövrdə xarici şirkətlərlə neft müqavilələrinin müzakirəsində iştirak edən şəxs kimi nə deyə bilərsiniz, doğrudanmı, belə olub?

– Bu suala dəfələrlə cavab vermişəm, bilmirəm indi bu məsələlər kimi maraqlandırır. Həqiqət ondan ibarətdir ki, Xalq Cəbhəsi hakimiyyətinin sonlarına yaxın hazırlanan müqavilədə xarici şirkətlər arasında ən böyük iştirak payı BP-yə ayrılmışdı. İkinci bir tərəfdən, prezident Elçibəy tərəfindən mənə xüsusi olaraq tapşırılmışdı ki, gələcək kontraktdakı payların bölünməsində iki xarici şirkətin razı qalmasına çalışım. Bunlardan birincisi BP idi və prezidentin tapşırığı yerinə yetirilmişdi. Bu həqiqətlərə əsaslanaraq deyə bilərəm ki, “Xalq Cəbhəsi hakimiyyətini BP şirkəti yıxdı” fikri fərziyyədir və burada əsaslı bir arqument görmürəm. Lakin bəlkə mənə məlum olmayan başqa faktlar var, bilən varsa, söyləsin.

– Artıq dünyada neft erasının bitdiyi barədə fikirlər səsləndirilir. Neftin əvvəlki strateji əhəmiyyətini itirməsi Azərbaycana nə vəd edir?

-Genişmiqyaslı islahatlar və ya iflas!

– Müasir dünya bərpa olunan enerji mənbələrindən istifadəyə dair çeşidli strategiyalar və proqramlar üzərində işləyir. Sizcə, Azərbaycan bu istiqamətdə hansı addımları atmalıdır? Çatımazlıqlar nədir? Perspektivləri necə görürsünüz?

– Müvafiq inkişaf prosesləri qedir, lakin əsas problemlər qanunvericilikdəki boşluqlardır. Bir sıra yeni və yenilənmiş qanunlara çox böyük ehtiyac var. Bunlar: “Enerji resurslarından səmərəli istifadə və enerji effektliyi haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik enerjisinin istehsalı üçün bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında”,  “Energetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlardır. Adını çəkdiyim ilk dörd qanunun layihəsi 2 ildən çoxdur ki, dövlət qurumlarında razılaşdırılmaqdadır. Axırıncı adlarını çəkdiyim qanunların hazırlanmasına səhv etmirəmsə, yeni başlanıb. Bu altı qanunun qəbul edilməsi ölkəmizdə liberal bazar prinsiplərinə əsaslanan, səmərəli və effektiv işləyən enerji sektorunun formalaşmasında mühüm rol oynaya bilər. Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istərdim: “Energetika” sözündən istifadə həm sənədlərdən, həm də hətta müvafiq nazirliyin adından yığışdırılmalıdır. Çox arzulardım ki, bu sözü dilimizin qrammatikasına uyğun gələn “enerji” sözü ilə əvəz edək.

– Prezident İlham Əliyev bir neçə gün əvvəl hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanı necə dəyərləndirirsiniz? Bəzi mütəxəssislər bunu gecikmiş addım hesab edirlər.

– Hasilat sənayesində gəlirlərə dair məlumatların toplanması, ümumiləşdirilməsi və aşkarlanması gec-tez statistika qurumuna keçməliydi. Bu proseslər beynəlxalq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirak edən bəzi qabaqcıl ölkələrdə də baş verir. Lakin bizdə “Bu keçid tez və ya gec olmadımı?” sualına cavab vermək çətindir. Yeni fərmanla əlaqəli bir neçə vacib sual var ki, kimsə onları cavablandırmalı, məsələyə tam aydınlıq gətirilməlidir:

1) Şəffaflıq hesabatları beynəlxalq prinsiplərə cavab verəcəkmi? 2017-ci ildə imzalanmış fərmanda bunun vacibliyi birmənalı qeyd edilmişdi. Yeni fərmanda isə belə tələb qoyulmur. Bəlkə başqa bir əlavə normativ sənəd qəbul olunacaq? Məsələn, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən qaydalar?

2) 2003-cü ildən bu proseslərin fəal iştirakçısı olan və beynəlxalq səviyyədə hesabatların etibarlılığını artıran vətəndaş cəmiyyətinin rolu nə olacaq?

3) Son 15 ildə bu sahədə təcrübə qazanmış və beynəlxalq səviyyədə tanınan yerli müstəqil ekspertlərin rolu nə olacaq?

4) Dövlət Statistika Komitəsinin neft hasilatı sektorunda fəaliyyətdə olan şirkətlərdən və bir sıra dövlət qurumlarından xüsusi hesabatlar tələb etmək yetkisi çatacaqmı? Əvvəlki fərmana əsasən, bu proseslərə hökumətin yüksək rütbəli üzvlərindən ibarət olan xüsusi hökumət komissiyası rəhbərlik edirdi. Yeni fərmanda isə hökumət komissiyası barədə qeydlər yoxdur. Ona görə də bu məsələlərlə bağlı fərziyyələr üzərində fikir söyləmək istəmirəm. Hazırkı vəziyyətdə bu sualların cavabını hələ mən də bilmirəm. Düşünürəm ki, zamana ehtiyac var, bir müddətdən sonra bu məsələr aydınlaşdıqca, suallara da cavab tapa biləcəyik.

“Press Klub”a verilən müsahibənin linki: 

https://pressklub.az/ekskluziv/sabit-bagirov-ya-genismiqyasli-islahatlar-olmalidir-ya-da-bizi-iflas-gozl%C9%99yir