30 Aralık 2020 Çarşamba

2021-ci ilin dövlət büdcəsi hansı imkanlara sahibdir?


"İqtisadi Forum" Ekspert Qrupunun üzvləri, iqtisadçı-alim Azər Mehtiyev və Dövlət İqtisad Universitetinin müəllimi, iqtisadçı Xətai Əliyev İctimai Televiziyanın efirində yayımlanan "Diqqət Mərkəzi Yekun" verilişinin qonağı olublar. Verilişdə 2021-ci ilin dövlət büdcəsi haqqında ekspertlərin fikirləri dinlənilib.
Gələn ilin büdcəsinin gəlirlər hissəsi 25,427 milyard manat, xərclər hissəsi 28,543 milyard manat, büdcə kəsiri 3,116 milyard manat proqnozlaşdırılır.
"İqtisadi Forum" Ekspert Qrupunun üzvlərinin yeni ilin büdcəsi ilə bağlı fikirlərini aşağıdakı video-keçiddən izləmək olar:



25 Aralık 2020 Cuma

Niyə devalvasiya olmaz?



İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, "İqtisadi Forum" Ekspert Qrupunun üzvü Samir ƏLiyev devalvasiyanın zərərli təsirləri ilə bağlı fikirlərimi bölüşüb. Facebook səhifəsində (https://www.facebook.com/samiraliyev/posts/10221682499305779) bununla bağlı status paylaşan ekspert hesab edir ki, devalvasiya yaranmış vəziyyətdə çıxış yolu deyil.
S.Əliyevin devalvasiya ilə bağlı fikirlərini təqdim edirik:
- Hər ilin sonu yaxınlaşanda və ya dünya bazarlarında neft ucuzlaşanda Azərbaycanda devalvasiya söhbətləri gündəmə gəlir. 2015-ci ildə 2 dəfə devalvasiyanın şahidi olmuş vətəndaşlarımız bu sözün ağırlığını hələ də unutmayıblar. Bankların 1/3-i sıradan çıxdı, əmanətçilərin, şirkətlərin vəsaitlərinin bir hissəsi batdı, qiymətlər bahalaşdı. Əhalinin dollar kreditlərinə görə itkiləri dövlətin dəstəyi ilə kompensasiya olunsa da sahibkarların iki dəfədən çox artmış kredit yükü hələ də həll olunmamış qalır.
İndi devalvasiya söhbəti yenidən ortaya çıxıb. Çünki gələn il gözləntilərin əksinə olaraq pandemiya problemi çözülməzsə iqtisadiyyatlar yenidən qapanmaya məcbur olacaqlar. Bunun isə fəsadları aydındır: neftin ucuzlaşması fonunda büdcə gəlirləri kəskin azalır, karantin tədbirləri nəticəsində bir tərəfdən vergi və gömrük rüsumlarının azalması, digər tərəfdən sahibkarlara və əhaliyə maliyyə yardımları büdcə yırtığını böyüdür. Üstəgəl işğaldan azad olunmuş ərazilərin bərpası az olmayan əlavə vəsait tələb edir. Hökumət kəsirin daxili və xarici borclanma hesabına örtülməsini planlayır.
İndi ortaya sual çıxır. Devalvasiya çıxış yoludurmu? Və yaxud sualı başqa formada təqdim etmək istəyirəm. Devalvasiya etsək faydası çox olacaq yoxsa zərəri? Sualın qoyuluşundan asılı olmayaraq bir məsələni özümüz üçün dəqiqləşdirməliyik. Devalvasiya olacaqsa onun səviyyəsi nə qədər olmalıdır? Tutaq ki, 10%-lik devalvasiyanı optimal saymaq olarmı? Bəs 30%-i necə? Bəlkə bir az da artırıb 50% edək? Göründüyü kimi makroiqtisadi fəsadlarını müəyyənləşdirmədən devalvasiyanın optimal səviyyəsi haqqında fikir bildirmək düzgün deyil.
İlk öncə qeyd edim ki, bu gün zamanlama məsələsi də çox aktualdır. Yəni istənilən addımı düzgün zaman kəsiyində atılması onun faydasını daha da artırır və ya tələskənlik faydanı heç endirə bilər. Bunu devalvasiya barədə də demək olar. Fikrimcə, bu gün devalvasiya olmaması daha münasibdir. Niyə belə düşünürəm? Devalvasiyanıın müsbət və mənfi tərəflərini sadalamaq olar. Ancaq bu zaman tərəzinin hansı gözünün ağır gəlməsi daha vacibdir. İndiki halda ağır gələn tərəf devalvasiyanın zərərləridir. Heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin milli valyutanın məzənnəsindən asılılığı çox yüksəkdir. Əsas səbəb idxaldan yüksək asılılığlmızdır. Manatın dollara münasibətdə dəyəsizləşməsi daxili bazarda istisnasız olaraq qiymətlərin, o cümlədən yerli məhsulların kəskin bahalaşmasını şərtləndirir. Bu isə əhalinin sosial vəziyyətini pisləşdirir. 2015-ci ildən fərqli olaraq əhalinin həssaslığı daha artıb. Gəlirləri son illər azalıb və karantinin iqtisadi zərbəsi isə hələ də kompensasiya olunmayıb.
Devalvasiyanın ilk vuracağı zərbə yenə də maliyyə sektoru olacaq. Söhbət daha çox banklardan gedir. Bankların aktivlərinə və öhdəliklərinə diqqət yetirək. Dekabrın 1-i tarixində ölkə üzrə xarici valyutada verilən kreditlərin həcmi 4,4 milyard manat, cəlb edilmiş xarici valyuta depozitlərinin həcmi isə 13 milyard manata bərabərdir. Göründüyü kimi, fərq 8,6 milyard manatdır. 10%-lik devalvasiya kifayət edər ki, bankların əhali və şirkətlər qarşısındakı borcları bir anda 860 milyon manat artsın. Bu, hələ məsələnin bir tərəfidir. Dollar depozitlərinin 1,3 milyard manatı bankların öz puludur. Yəni artıq pulunu digər banka depozit şəklində qoyan bank sabah həmin pulu geri almaqda çətinlik çəkəcək. 6,3 milyard manat həcmində olan tələbolunanadək manat depozitlərinin devalvasiya şoku nəticəsində banklardan çıxarılma riski artır. Valyuta riskini düzgün idarə etməməyə görə 2015-ci ildə xeyli zərbə alan banklar bu dəfə problemi həll etməyə müvəffəq olublar. Ancaq ölkənin ən böyük və dövlət bankı olan Beynəlxalq Bank hazırda 1 milyard manatdan çox açıq valyuta mövqeyinə malikdir. 10%-lik devalvasiya bərpa prosesində olan bankın borc yükünü 100 milyon manat artıra bilər.
Bankların 4,4 milyard manat həcmində dollar kreditinə malik olması həmin vəsaitin hamısının vaxtında və itkisiz ala bilməsi anlamına gəlmir. Məhz 2015-ci il devalvasiyası dollar kreditlərinin geri qaytarılmasında problemlər yaratdı. Təsadüfi deyil ki, bu dövrdə problemli kreditlərin həcmi 976 milyondan AZN-dən 1,6 milyard AZN-ə qədər artdı.
Maliyyə sektorunda banklarla yanaşı sığorta şirkətləri də böyük zərbə alır. Vəsaitlərinin milli valyutada yerləşirən sığorta şirkətləri üçün devalvasiya baş verdikdə sığorta ödənişləri artır, bağlanan bankda isə vəsaitləri itir.
Devalvasiyanın mənfi tərəflərindən biri də xarici borca xidmət xərclərini artırmasıdır. Bu il hökumət və SOCAR birlikdə xaricə 4 milyard manata yaxın borc ödəməlidir. Bunun 2 milyard manatdan çoxu dövlətin payına düşür. Hökumət eyni zamanda daxildən 2 milyard manata qədər borc yığmağı planlaşdırır. Devalvasiya xarici borcu artırmaqla yanaşı daxili borcun cəlbediciliyini azaldacaq. Dövlət şirkətlərinin xarici borcları açıqlanmasa da onların həcminin yüksək olduğunu bilirik. Nəzərə alaq ki, SOCAR istisna olmaqla digrlərinin qazancı manatla, borcları isə xarici valyutadadır. SOCAR-da isə qazancının əsas hissəsi milli valyutada formalaşır. Məsələn, SOCAR hər il xaricə 1 milyard dollardan çox borc ödəyir.
Yekunda qeyd etmək istəyirəm ki, devalvasiyanın baş verməsi maliyyə sektorunu, o cümlədən bankları sırada çıxara bilər. Devalvasiyanın kəskinliyinin artması isə onun dağıdıcılıq qabiliyyətini daha da artırar. Devalvasiyadan sonra Mərkəzi Bank inflyasyanı cilovlamaq üçün pul-kredit siyasətinin sərtləşdirməyə məcbur olacaq. Bunun üçün uçot dərəcələrini artırmaq, pul kütləsini sıxmalı olacaq. Bu isə son aylar iqtisadi aktivliyi minimuma düşmüş biznes üçün arzuolunmaz haldır. Devalvasiyanın sosial-psixoloji fəsadları da ağırdır. Əhalinin milli valyutaya və bank sektoruna, sahibkarların və xarici investorların isə maktroiqtisadi sabitliyə inamını sarsıdır. İxraca dəstəyə gəlincə, devalvasiya xaricə neftdənkənar ancaq meyvə-tərəvəz satmaq gücündə olan iqtisadiyyatımızın ixrac potensialını ciddi artırmağa qadir olmayacaq. Hökumət qarşıdakı ildə manatın məzənnəsinin sabitliyini qorumalıdır. Ancaq əvvəl-axır manatı üzməyə öyrətmək lazım olacaq.


24 Aralık 2020 Perşembe

Pandemiyalı 2020: Azərbaycan iqtisadiyyatı üçün əsas nəticələr



İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "İqtisadi Forum" Ekspert Qrupunun üzvü Rövşən Ağayev pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və nəticələrlə bağlı analitik yazı hazırlayıb. Yazı bakuresearchinstitute.org saytında dərc edilib. Həmin yazını təqdim edirik.

Qlobal pandemiyanın elan edildiyi, az qala təqvim günlərinin yarısı sərt karantin rejimi altında keçən 2020-ci il artıq tarixə qovuşur. Ötən əsrin 30-cu illərinin resessiyasından sonra dünya iqtisadiyyatını heç bir böhran belə ağır sınağa çəkməmişdi. Təkcə ona görə yox ki iqtisadiyyatlar gözləmədikləri prosesə qəfil və hazırlıqsız yaxalanmışdılar; həm də o səbəbdən ki, bu böhranın mənşəyi iqtisadiyyatdan kənardan – səhiyyə sistemindən gəldi. Normal, heç bir maliyyə problemi olmayan sağlam və işlək müəssisələr karantin tələbləri altında dayanmağa, istehsalı (xidməti) saxlamağa, işçilərini ixtisar etməyə məcbur qaldılar. Son ildə hökumətlər istər istehsal sektorundan (tələb azlığı və ya təklif artıqlığı), istərsə maliyyə sektorundan (likvidlik və ya borc problemi, “şişmiş balonlar”, uzun dövr ərzində spekulyativ əməliyyatların nəticəsi kimi nəhəng miqyasda riskli aktivlərin yaranması və s.) qaynaqlanan böhranlara özlərini adaptasiya edə biliblər. Yola saldığımız bu il Azərbaycan iqtisadiyyatı üçün hansı problemlər yaratdı? Ən mühümü, iqtisadiyyat üçün hansı ciddi çağırışların, boşluqların olduğunu üzə çıxardı? 

Əsas sosial problemlər

Şübhəsiz ki, iqtisadiyyatdakı qapanmaların ən ciddi fəsadı işsizliyin böyük miqyasda genişlənməsi oldu. Uzun illər rəsmi təbliğatdan Azərbaycanda işsizliyin, ümumiyyətlə, problem olmadığı görünsə də, rəsmi statistikada işsizlik səviyyəsinin ayrı-ayrı illərdə 4-5%-i ötmədiyi əks olunsa da yaranmış dərin böhranda problemi gizlətməyin mümkün olmayacağı lap əvvəldən bəlli oldu. Hələ Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiqlənən Tədbirlər Planı işini itirmiş insanlara yardımların ayrılmasını nəzərdə tuturdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd edilirdi ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və ümumilikdə həmin şəxslərə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb. Halbuki Dövlət Statistika Komitəsinin (DSK) ötən il əmək bazarı ilə bağlı hazırladığı nəşrdə təqdim olunan məlumatlardan görünür ki, 2010-2019-cu illərdə dövlət məşğulluq orqanlarında işsiz statusu olan şəxslərin sayı 81.3 min nəfərdən, işsizlik müavinəti alan şəxslərin sayı 6.9 min nəfərdən, Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən işsiz kimi müəyyən olunan şəxslərin sayı 258 min nəfərdən çox olmayıb. Belə bir şəraitdə hökumətin “işini itirmiş qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub” kimi ifadəni işlətməsi pandemiyanın ölkədə çox ciddi şəkildə işsizlik problemi yaratmasının rəsmi etirafıdır. Üstəlik, DSK-nın hazırladığı aylıq sosial-iqtisadi bülletenlərdə açıqlanan məlumatlardan aydın olur ki, 2020-ci ilin əvvəlinə nisbətən DSK-nın işsiz kimi müəyyən etdiyi şəxslərin sayı 114 min nəfər və ya 45,2% artaraq 252 min nəfərdən 366 min nəfərə çatıb.

Hərçənd, nəzərə almaq lazımdır ki, Azərbaycanda hazırkı rəsmi mexanizmlər real işsizlik səviyyəsini aşkarlamaq imkanında deyil. Bunun əsas səbəblərindən biri Azərbaycanda rəsmi müqavilə əsasında çalışan və işsizlik sığortası ödəyən işçilərin sayının bütün iqtisadi fəal əhalinin çox az hissəsini təşkil etməsidir. Məsələn, Beynəlxalq Əmək Təşkilatının statistikasına görə, hazırda inkişaf etmiş ölkələrdə (Almaniya, ABŞ, Norveç və s.) işçi qüvvəsinin 85-90%-i muzdlu işçi kimi işsizlik sığortası ilə əhatə olunublar və potensial risklə üzləşdikdə işsiz kimi uçota alına bilirlər. Təşkilatın statistikasından aydın olur ki, Azərbaycanda həmin göstərici 32% ətrafındadır. Digər mühüm bir səbəb odur ki, Azərbaycanda hətta leqal çalışan çoxlu sayda işçi var ki, onların hüquqi statusu işsizlik sığortası ilə əhatə olunmağa, işsiz kimi tanınmağa imkan vermir. Belə ki, Vergi Məcəlləsinin 220.5-ci və 220.10-cu maddələri böyük qrup işçiləri sahibkarlıq fəaliyyətilə məşğul olan əmək qabiliyyətli şəxslər kimi təsbit edir. Bu qrupa aid olan məşğul əhali əmək müqaviləsi əsasında fəaliyyət göstərmədikləri üçün “İşsizlikdən sığorta haqqında” Qanun onları işsizlik sığortasının əhatəsinə daxil etmir. Halbuki bu şəxslər sərbəst peşə sahibləri kimi fərdi fəaliyyətlə məşğuldurlar, daima sosial risklə üzləşmələri realdır. Həmin qrup işçilərə fərdi qaydada sərnişin və yükdaşıma xidmətləri göstərən sürücülər, musiqi xidməti göstərənlər, əhaliyə fərdi məişət xidməti göstərənlər (çəkməçi, pinəçi, fərdi foto, audio-video xidmətləri, saat, televizor, soyuducu və digər məişət cihazlarını təmir edənlər), fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçuları, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi, iaşə obyektlərində müştərilərə xidmət göstərən ofisiantlar, nəqqaşlıq emalatxanalarında xidmət göstərənlər, bərbərlər daxildir. Pandemiya dövründə bu sadalanan peşə sahiblərinin, demək olar ki, hamısının fəaliyyəti sərt karantin rejiminin tələblərinə uyğun olaraq fəaliyyətlərini dayandırmalı oldular. Lakin mövcud qanunvercilik onları işsiz kimi tanımadı.

Məhz yuxarıda qeyd edilən 2 səbəbdən pandemiya dövründə işsizliyin real miqyasını ortaya çıxarmaq mümkün ola bilməzdi. Bununla belə, cəmi 10 ay içərisində işsiz sayının 45%-dən çox artması vəziyyətin nə dərəcədə kritik olduğunu və işsizliyin real artım dinamikasını nümayiş etdirir.

Pandemiyanın işsizliklə yanaşı yoxsulluğun miqyasına necə təsiri etdiyini də bilmək son dərəcə vacibdir. Xüsusilə də məsuliyyətli və peşəkar idarəetmə üçün risk həssaslı sosial siyasətin formalaşdırılması baxımından yoxsulluğun real miqyasının, səbəblərinin dəqiq müəyyən edilməsi son dərəcə önəmlidir. Bu baxımdan pandemiyanın elan olunmasından sonrakı 3-4 ay ərzində bütün regionları əhatə edən müayinələr əsasında operativ şəkildə yoxsulluğun ölçülməsi təmin edilə, nəticələrinə uyğun sosial siyasətdə korreksiyalar aparıla bilərdi. Nəzərə almaq lazımdır ki, DSK 11 ay ərzində əhalinin adambaşına nominal gəlirlərinin 2% azaldığını, inflyasiyanın 2,8% təşkil etdiyini bildirir. Bu isə əhalinin nominal gəlirlərinin faktiki olaraq 5%-ə yaxın azalması deməkdir. Bu, kiçik azalma deyil və insanların yoxsulluğunun artımına bilavasitə təsir edən amildir. (Təəssüf ki, Azərbaycanda ölkənin rayon və şəhərləri üzrə yoxsulluğun səviyyəsilə bağlı məlumatlar ictimaiyyətə, ümumiyyətlə, açıq deyil, ölkə üzrə göstərici isə operativ açıqlanmır.)

Bu il sosial siyasətdə narahatlıq doğuran istiqamətlərdən biri səhiyyə oldu. Səhiyyə sistemi gözlənilməz böhrana hazırlıqsız yaxalandı – o mənada ki, hər kəs üçün keyfiyyətli və əlçatan tibbi xidmətlərə imkan verən sığorta sisteminə keçid hələ də mümkün olmamışdı. Bunun nəticəsidir ki, Covid-19 virusuna yoluxan insanların əhəmiyyətli hissəsi dövlət səhiyyə sisteminin yardımından tam kənarda qalıblar. İnsanlar ağır vəziyyətdə çox baha qiymətə özəl laboratoriyaların test xidmətlərindən istifadə edir, müalicə üçün bütün vacib dərmanları özləri alır, özəl kanallarla tapdıqları həkimlərin xidmətindən şəxsi büdcələri hesabına yararlana bilirlər. Əhalinin xeyli hissəsinin vaxtında test etdirə və müalicə ala bilməməsinin nəticəsi artıq noyabr ayının əvvələrindən özünü daha aydın göstərməyə başlayıb: əvvəlki 3-4 ayla müqayisədə virusdan ölənlərin sayı birdən-birə 7-8 dəfə artıb. Dekabr ayında gündəlik ölüm sayı (orta hesabla 40-45) sabit olaraq davam edib. Halbuki dövlət büdcəsinin səhiyyə xərclərində kifayət qədər ciddi (2 dəfəyə yaxın) artım var. DSK-nın aylıq sosial-iqtisadi buraxılışlarında açıqladığı ən son statistikaya görə, 2020-ci ilin ilk 10 ayı ərzində səhiyyə xərcləri 1.395 mlrd. manat olduğu halda, əvvəlki ilin eyni dövründə 735 mln. manat təşkil etmişdi.

Makroiqtisadi şərait


2020-ci ilin 11 ayının nəticələrinə görə, ümumilikdə, ÜDM-də 4.3%, qeyri-neft sektorunun ÜDM-dəki payında 2.9%, neft sektorundakı payda isə 6.5% azalma baş verib. Əhalinin az qala üçdə birinin gəlir və məşğulluğunu təmin edən aqrar sektorda böyümə tempi son illərin ən aşağı səviyyəsinə düşüb. Məsələn, 2019-cu ildə bitkiçilik seqmentində 11%-dən çox artım olmuşdusa, cari ilin 11 ayında həmin göstərici 1%-ə enib. Öz növbəsində, yük dövriyyəsi 20%, sərnişin dövriyyəsi 40%, neftdənkənar sahələrə əsaslı kapital qoyuluşlarında 11% geriləmə qeydə alınıb.

Makroiqtisadi sabitliyin təminatçısı funksiyasını yerinə yetirən xarici valyuta ehtiyatlarında azalma qeydə alınmayıb. (Doğrudur, bu sahədə ən son məlumat sentyabrın sonuna aiddir və ilin son rübünün nəticələrinin həmin göstəriciyə həlledici təsiri olacaq.) Neft Fondunun açıqladığı son hesabata görə, ilin əvvəlinə nisbətən Fondun aktivlərində cəmi 0.08% (86.6 mln. dollar) azalma olub. Lakin həmin dövrdə Mərkəzi Bankın sərəncamında olan ehtiyatların 233 mln. dollara yaxın artması hesabına ölkənin məcmu strateji valyuta ehtiyatlarını hətta 150 mln. dollara yaxın artırmaq mümkün olub. Dünya səhm və qızıl bazarındakı əlverişli qiymət konyukturu Neft Fondunun aktivlərinin əriməsinin qarşısını alsa da, antiböhran tədbirlərilə bağlı hökumətin artan xərc ehtiyacları, eləcə də dünya bazarında xam neftin qiymətinin kəskin ucuzlaşması Fondun büdcəsində iri məbləğdə defisitin yaranmasına səbəb olub. Belə ki, 2020-ci ilin 3-cü rübünün yekunlarına görə, Neft Fondunun büdcə kəsiri 2.453 mlrd. manat (təxminən 1.5 mlrd. dollar) təşkil edib. Kəsirin yaranması əsasən gəlirlərin azalması ilə bağlı olub. Fondun 2019-cu ilin ilk 9 ayını əhatə edən hesabatına görə, cari ilin eyni dövründə gəlirlər 8.122 mlrd. manat və ya 2.2 dəfə azalıb. Xərclərdə artım isə 1.366 mlrd. manat (17.7%) təşkil edib.

Pandemiyanın ağır şərtlərinə baxmayaraq hökumət dövlət büdcəsində sabitliyi qoruya bildi. Belə ki, 2020-ci ilin 11 ayının yekunlarına görə, büdcə gəlirləri 22.241 mlrd. manat olub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1.109 mlrd. manat (5.2%) çoxdur. Doğrudur, bu artım biznesin və vətəndaşın vergiləri hesabına deyil, Neft Fondunun transfertləri hesabına təmin edilib. İlk 9 ay üzrə büdcə statistikası göstərir ki, Fonddan dövlət büdcəsinə transfertlərin məbləği 2019-cu illə müqayisədə 1.316 mlrd. manat (18%-ə yaxın) artıb. Bu artım sayəsində vergi daxilolmalarındakı azalmaları da kompensasiya etmək və büdcənin profisitini (78,2 mln. manat) qorumaq mümkün olub. Məsələn, DSK-nın məlumatları əsasında ilk 10 ayın nəticələrini müqayisə etsək, əsas vergilər (ƏDV, mənfəət, aksizlər, yol, torpaq vergiləri, sadələşdirilmiş vergi və s.) üzrə daxilolmalarda 166 mln. manat, o cümlədən gömrük xəttilə daxilolmalarda 376 mln. manat azalma baş verib. Amma bir vacib məqamı nəzərə almaq lazımdır: qısamüddətli böhran dövrlərində Azərbaycan iqtisadiyyatının durumuna fiskal göstəricilər əsasında qiymət vermək bizi yanlış analitik nəticələrə apara bilər. Çünki hazırkı siyasi və iqtisadi idarəçilik, monopol şirkətlərin yüksək rolu böhran dövrlərində yazılmış deyil, əsasən yazılmamış qaydalar əsasında büdcəyə resurs cəlb etməyə imkan yaradır. Bu baxımdan Azərbaycanda makroiqtisadi şəraitin qısamüddətli qiymətləndirilməsində fiskal göstəricilərdən daha çox monetar dəyişənləri və xarici iqtisadi əlaqələri izləməkdə fayda var.

İqtisadiyyatın Mərkəzi Bank tərəfindən pulla təminatında il boyu kəskin azalmalar müşahidə edilib. Manatla pul bazası 2019-cu ilin sonlarına nisbətən sərt karantin rejiminin tətbiq edildiyi ilk dövrlərdə (aprel-may aylarında) 10%-dən çox (1.2 mlrd. manata yaxın) azalsa da, 2020-ci ilin ikinci yarısından etibarən əvvəlki səviyyəsinə qayıtmağa başladı. Lakin oktyabr ayının sonunda manatla pul bazası 12.104 mlrd. manat təşkil edib ki, bu səviyyə də ötən ilin sonlarında mövcud olan göstəricidən 0.4% azdır. Mənzərənin daha aydın olması üçün onu da nəzərə alaq ki, 2015-ci ildə milli valyutanın kəskin dəyər itirməsinin və dünya bazarlarında xam neftin qiymətinin ciddi səviyyədə azalmasının təsiri altında Azərbaycan iqtisadiyyatında yaranan geriləmənin ardınca pul bazası qlobal pandemiya elan edilənədək dinamik şəkildə artıb. Bu artımı bir tərəfdən devalvasiya nəticəsində iqtisadiyyatda yaranan ikirəqəmli inflyasiya, digər tərəfdən isə kreditlərin və büdcə xərclərinin nəzərəçarpan artımı sürətləndirmişdi.

İqtisadiyyatın pulla təminatının səviyyəsinə təsir edən faktorların dinamikası




Qrafik analiz göstərir ki, 2017-2019-cu illərdə müşahidə edilən yüksək kreditləşmənin dayanması, il ərzində iqtisadi fəallığın azalmasının nəticəsi olaraq verilən kreditlərin 3.3% azalması iqtisadiyyatın Mərkəzi Bank tərəfindən pulla təminatını da məhdudlaşdırıb. 2019-cu ildə əvvəlki illərlə müqayisədə fiskal genişlənmənin kəskin yavaşıması fonunda pul bazasının son dərəcə yüksək templə (27,3%) artması kreditləşmədə 17.5% artımın baş verdiyi dövrə təsadüf edir. Bu fakt təsdiqləyir ki, iqtisadiyyatın pula tələbinin artımında kredit emissiyası fiskal genişlənmədən daha həlledici amil kimi çıxış edir.

Pandemiya ilində makroiqtisadi şəraiti, eləcə də iqtisadiyyatın itkilərini əks etdirən daha bir mənbə ödəmələr balansıdır. Ödəmələr balansı hesabat dövründə (rüb, yarım il, il) əmtəə, xidmət və maliyyə alətləri əsasında rezidentlər və qeyri-rezidentlərin iqtisadi əlaqələrinin statistik uçotu sistemidir. Cari hesablar balansının yekun saldosu yaranmış iqtisadi situasiyada rezidentlərin xarici subyektlər qarşısında ya qazandığını, ya da itirdiyini əks etdirir. Hesabat dövründə qalıq mənfi olduqda milli iqtisadiyyatın itkilərə məruz qaldığını, qalıq müsbət olduqda milli iqtisadiyyatın rezidentlərlə əlaqələrdən daha qazanclı çıxdığını göstərir. Bütövlükdə tədiyə balansı iqtisadiyyatın kapital üçün nə dərəcədə cəlbedici olduğunu qiymətləndirməyə imkan verir. Mərkəzi Bankın ən son statistikasına görə, 2016-cı ildən sonra ilk dəfə 2020-ci ilin 9 ayında Azərbaycanın cari hesablar balansında defisit (208,3 mln. dollar məbləğində) yaranıb. Eyni zamanda, defisit maliyyə hesabından da yan keçməyib: bu hesabda 2.106 mlrd. dollarlıq kəsir yaranıb. Bütövlükdə tədiyə hesabının 9 aylıq yekununda 1.804 mlrd. dollarlıq mənfi saldo (ölkənin məcmu ehtiyat aktivlərinin azalması) qeydə alınıb.

Tədiyə balansının neqativ göstəricilərinə baxmayaraq hökumət il boyu manatın dollar qarşısında məzənnəsini qoruya bilib (1 dollar=1.7 manat). Bununla belə, Mərkəzi Bankın məlumatları göstərir ki, bir sıra mühüm xarici iqtisadi tərəfdaşlarımızın valyutaları qarşısında manatın nominal olaraq bahalaşması baş verib. Azərbaycan milli valyutasının real məzənnəsində 2015-ci ilin devalvasiyasından sonra ən yüksək bahalaşma son 10 aya təsadüf edir. 2020-ci ildə manatın qeyri-neft sektoru üzrə hesablanan real məzənnəsi 6.6% bahalaşıb. Milli valyutanın real bahalaşması neqativ prosesdir və yerli iqtisadiyyatın rəqabət qabiliyyətini aşağı salır. Manat türk lirəsinə qarşı 31,5%, Belarus rubluna qarşı 22.2%, rus rubluna qarşı 19.5%, Ukrayna qrivnasına qarşı 18,9%, gürcü larisinə qarşı 15,1% dəyər qazanıb.

Beləliklə, 2020-ci il bütün ölkələr kimi Azərbaycan üçün də iqtisadi baxımdan ağır şərtlər altında bitməkdədir. Növbəti il qlobal iqtisadiyyatın bərpası ilk növbədə pandemiyanın nə dərəcədə erkən bitməsindən asılı olacaq. Azərbaycan iqtisadiyyatı üçünsə başqa ciddi sınaqlar da var: işğaldan azad edilimiş ərazilərin bərpası üçün resursların təkcə tapılması yox, həm də səmərəli və şəffaf istifadəsi son dərəcə önəmlidir. İqtisadiyyatın artıq zəruri institusional və struktur islahatlar olmadan inkişafın keyfiyyət mərhələsinə keçə bilmədiyi aydın görünür. 2021-ci ildə bu islahatlara iradə olacaqmı? Çox yaxın zamanda bilinəcək.

bakuresearchinstitute.org saytında dərc edilən yazının linki - https://bakuresearchinstitute.org/az/pandemic-2020-key-outcomes-for-azerbaijans-economy/?fbclid=IwAR33ykYYQegPQ7MoCmyjOKbkCvp6OPoHUlvLbLXBloHhy_ybdHvxRQG-KuE

22 Aralık 2020 Salı

Rövşən Ağayev: "İqtisadi fəal əhalinin 70%-ə qədəri istənilən böhran stiuasiyasında sosial risk altına düşür"



Azərbaycanın sosial müdafiə sisteminin risk həssaslığı qiymətləndirilib. Ekspertlər qlobal pandemiyanın və sərt karantin rejiminin tətbiqinin sosial təsirlərini öyrənib.
Qiymətləndirmə istiqamətlərindən biri də işsizlik məsələsi olub.
Bu haqda facebook səhifəsində açıqlama verən iqtisadçı-ekspert Rövşən Ağayev qeyd edib ki, Azərbaycanın məşğulluq və sığorta qanunvericiliyi yalnız əmək müqavilələrilə işləyənləri işsizlikdən sığortalayır. Ölkəmizdə iqtisadi fəal əhalinin hər 3 nəfərindən 1-nin əmək müqaviləsilə çalışdığını xatırladan R.Ağayev qanunvericiliyin formalaşdırdığı qaydalara görə iqtisadi fəal əhalinin 70%-ə qədərinin istənilən böhran stiuasiyasında sosial risk altına düşdüyün vurğulayıb: "Bunun nəticəsidir ki, Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal sosial müdafiə hesabatına görə, Azərbaycan dünyada işsizlikdən sığorta ilə ən məhdud səviyyədə əhatə olunan ölkələr sırasındadır. Hesabata görə, bizdə potensial işsizlərin ən yaxşı halda 2-3%-i işsizlik müavinəti ala bilir. Amma, məsələn, inkişaf etmiş ölkələrdə həmin göstərici 60%-dən aşağı deyil.
Bizdə problem yalnız işsizliyin etibarlı ölçüm sisteminin olmamasından qaynaqlanmır. Əsas problem hüquqidir.
Yuxarıda qeyd elədiyim kimi, qanunvericlik yalnız əmək müqavailəsi əsasında çalışan əmək qabiliyyətli insanları sığortalayır. Belə ki, Vergi Məcəlləsinin 220.5 və 220.10-cu maddələrilə sadələşdirilmiş vergi ödəyiciləri olan bir sıra fəalliyyətlər həm gəlir əldəetmə, həm sosial risk səviyyəsinə, həm də fəaliyyətin xarakterinə görə muzdlu fəaliyyətə yaxındırlar və onların işsizlik sığortasından kənarda saxlanaması xeyli sayda əmək qabiliyyətıli insanı iqtisadi böhranlar zamanı sosial cəhətdən müdafiəsiz saxlayır. Onların bir çoxunun sərbəst peşə sahibləri statusu alıb işsılik sığortasına cəlbi vacibdir. Bura kimlər daxildir? Çəkməçi, pinəçi, fərdi foto və audio-video xidmətləri göstərənlər, saatsaz, televizor, soyuducu və digər məişət cihazlarının təmir edənlər, ev qulluqçuları, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə və fərdi sürücülər, bağban, aşbaz, gözətçi və ofisiantlar, dərzilər və s.
Yaxud məşğulluq qanunvericliyi torpaq payı olanları işsiz saymır və işsizlik sığortasının əhatənəsi daxil etmir. Halbuki 4 nəfərlik ailə üçün 1 hektar torpaq heç yaşayış minimumu səviyyəsində gəlir əldə etməyə imkan vemir. Torpağın sahəsinə fərq qoymadan bütün torpaq payı alan kənd əhalisini ucdantutma məşğul saymaq bir ayrı ciddi iqtisadi problemdir.
Amma hətta bu məqamə kənara qoysaq, birdən hansı səbəbdən həmin torpaq ailənin əlindən çıxdı, o zaman işsizlik sığortası olmayan bu insanlar nəyə görə avtomatik işsizlikdən sığortalanmasınlar.
Başqa problemlər də var, yazacam ki, bəlkə qanunvericililərimiz üçün maraqlı olar..."

Statusla aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.facebook.com/rovshan.agayev.90/posts/10219695404518047


21 Aralık 2020 Pazartesi

Rövşən Ağayev: "Beynəlxalq ekspertlər Azərbaycanda təhsilə kifayət qədər vəsait xərclənmədiyini deyir"


"İqtisadi Forum" Ekspert Qrupunun üzvü Rövşən Ağayevin openazerbaijan.org saytında təhsilə ayrılan büdcə xərcləri ilə bağlı araşdırma yazısı dərc edilib. Həmin yazını təqdim edirik.

Azərbaycanın dövlət büdcəsində təhsil xərclərinin payı azalmaqdadır. Hökumət son illər təhsil xərclərinin artırılmasını əsas hədəf kimi seçdiyini bildirirdi, ancaq rəqəmlər əksini deyir: 2015-2019-cu illərdə Azərbaycanda təhsil xərclərinin bütün büdcə xərclərinə nisbəti 9,9%-dən 8,7%-ə düşüb, təhsil xərclərinin ÜDM-də (Ümumi Daxili Məhsulda) payı 2.5-3% intervalında olub. İnkişaf etmiş ölkələrlə müqayisədə bu göstərici aşağıdır. Məsələn, OECD (Organisation for Economic Co-operation and Development—İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri üzrə orta göstərici 5%-dir, bəzi ölkələrdə (Norveç, Böyük Britaniya, Yeni Zelandiya və s.) 6% və daha yüksəkdir.

2015-2019-cu illərdə ümumilikdə təhsil xərclərinin məbləğində əhəmiyyətli artım qeydə alınıb. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin məbləği 2015-ci illə müqayisədə 2019-cu ildə 591 mln. manat çox olub-2196 mln. manata çatıb. Həmin illərdə təhsil xərclərinin orta illik artımı 9% ətrafında olub. Ancaq təhlil edəndə görürük ki, bu artım tempi ümumi büdcə xərclərinə proporsionaldır.

Ən az vəsait peşə və orta ixtisas təhsilinə ayrılıb

Təhsil pillələri üzrə analiz etdikdə, aydın olur ki, Azərbaycanda təhsil xərclərinin əsas hissəsi orta təhsilə, ən az hissəsi peşə təhsilinin (texniki-peşə liseyləri və kolleclər) maliyyələşdirilməsinə yönəldilir.

Büdcə məlumatları göstərir ki, 2015-2019-cu illərdə təhsil xərclərinin 3-4%-i texniki-peşə və orta ixtisas (kollec) təhsilinə, 9-10%-i məktəbəqədər təhsilə, 10-11%-i ali təhsilə, 54-58%-i orta təhsilə ayrılıb.

Azərbaycanda ali təhsil xərclərinin həm məcmu büdcə xərclərində, həm də ÜDM-dəki payı aşağıdır. 2019-cu ildə ali təhsil xərclərinin büdcə xərclərinə nisbəti 0,9%, ÜDM-ə nisbəti 0,25% təşkil edib. Müqayisə üçün qeyd edək, OECD-ə üzv dövlətlərin bəzilərində (məsələn, Çili, Kanada, Norveç və s.) hökumətin ali təhsil xərclərinin ÜDM-ə nisbəti 1-1,5% intervalında dəyişir. Dünya Bankının ekspertləri də Azərbaycan təhsil sisteminin durumu ilə bağlı analizlərin nəticələrinə istinad edərək təhsil sisteminə yönələn maliyyənin ÜDM-ə nisbətinin aşağı olduğunu qeyd edirlər.

Təhsilin İnkişafı Strategiyasına necə əməl olunur?

Azərbaycan hökumətinin 2013-cü ildə qəbul elədiyi Təhsilin inkişafı Strategiyasının prioritetlərdən biri məhz təhsilin maliyyələşdirilməsilə bağlıdır. Sənəddə qeyd edilir ki, təhsil müəssisələrinin maliyyələşdirilməsi onların təqdim etdiyi təhsilin nəticələrindən asılı olmalı, həmçinin adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinə keçid təmin olunmalıdır.

Strategiyanın reallaşdırılması ilə bağlı Fəaliyyət Planına əsasən, 2016-cı ildən başlayaraq, təhsil xərclərinin ÜDM-ə nisbətinin 5-6%-ə çatdırılması nəzərdə tutulurdu. Lakin bu nisbət nəinki artmadı, bir az da azalmağa başladı: 2016-cı ildə təhsil xərclərinin ÜDM-də payı 3% idi, 3 il sonra-- 2019-cu ildə bu göstərici 2,7%-ə endi.

Strategiyanın hədəflərindən biri də, tam orta təhsil xərclərinin adambaşına ÜDM-ə nisbətinin 2 dəfəyədək artırılması idi (2016-2022-ci illərdə). 2016-cı ildə orta təhsil xərclərinin adambaşına ÜDM-ə nisbətinin 11.3% olduğunu nəzərə alsaq (şagird hesabı), rəqəm 2022-ci ilədək 22%-i ötməlidir. Lakin 2019-cu ilin nəticələrinə görə, bu göstəricinin səviyyəsi hətta bir qədər aşağı düşüb-- 10%-dən az olub.

Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində aparılan analiz əsas problemləri üzə çıxarır; təhsil xərclərinin ÜDM-dəki payının aşağı olduğunu, bəzi təhsil pillərinə (peşə təhsili və ali təhsil) çox az vəsait ayrıldığını görürük.

Təhsilin məhdud maliyyə resurslarına malik olması həm orta təhsilin keyfiyyətinin aşağı olmasına (orta təhsil müəssisələrinin PİSA, TIIMS və PIRLS beynəlxalq qiymətləndirmə proqramlarında əldə etdiyi zəif nəticələrə əsasən), həm ali təhsil müəssisələrinin beynəlxalq univerisitet reytinqlərində əlverişli mövqe qazana bilməməsinə neqativ təsir göstərir.

Bu problemləri nəzərə alsaq, hökumətin təhsil xərclərinin ÜDM-ə nisbətiylə bağlı hədəf göstərici müəyyən etməsi və bunu ortamüddətli büdcə strategiyasına daxil etməsi mühüm şərtdir. Bununla yanaşı, ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsi üçün onların elmi büdcəsi əhəmiyyəli səviyyədə artırılmalı, elmi naliyyətlərin kommersiyalaşdırılması yolunda addımlar atılmalıdır.

Yazının linki: http://openazerbaijan.org/blog/t-hsil-ayr-lan-pullar-azal-b-b-s-diqq-t/?fbclid=IwAR0eLv4ZIOZ0xqYMRgaEv5rs-7sAAnycCurrHs02bATPmC0Hk5TaqPd7dS4 

17 Aralık 2020 Perşembe

"Iqtisadi Forum" ekspert qrupunun növbəti toplantısı keçirilib




Dekabrın 16-da "İqtisadi Forum" Ekspert Qrupunun növbəti ZOOM konfransı keçirilib. Konfransda 17 nəfər iştirakçı olub və onların diqqətiтə 2 məruzə təqdim edilib.
Ekspert Abil Bayramov "Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və inkişaf üçün islahatların əsas istiqamətləri" mövzusunda, Sabit Bağırov "Startapların maliyyələşdirilməsində kraudfandinq, kraudinvestinq və kraudlendinq alətlərinin Azərbaycanda istifadə perspektivləri" mövzisunda təqdimatla çıxış ediblər.
A.Bayramob bildirib ki, sosial sahibkarlıq ən vacib və əhəmiyyətli sosial problemlərin həllinə istiqamətlənir. Ekspert söylədi ki, sahibkarlığın bu növü kifayət qədər çevikdir bazar şərtlərindəki dəyişikliklərə operativ cavab verə bilir: "Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün vacib bir amildir. O, sosial və ekoloji problemlərin effektiv, innovativ və davamlı həll yollarını tapmağa yönəlik fəaliyyətləri əhatə edir, biznes fəaliyyətinin yeni üsullarını təklif edir, əhalinin həssas qruplarının tələbatlarının ödənilməsinə və müxtəlif sahələrdə xidmətlərin göstərilməsinə yönəlik yaradıcı həll yolları təkilif edirlər. Sosial müəssisələr iş yerləri yarada, qabaqcıl xidmətlər və məhsullar təmin edə bilir".
A.Bayramov qeyd etdi ki, Azərbaycanda sosial sahibkarlıqla bağlı yetərli məlumat yoxdur. Yalnız son illərdə bu sahədə təşəbbüslərin artdığını deyən ekspert vurğuladı ki, sosial sahibkarlıqla bağlı ayrıca qanunvericilik aktı olmadığından bu və ya digər təşkilatın fəaliyyətinin sosial sahibkarlıq kimi qiymətləndirilməsi çətindir. Buna baxmayaraq, o mövcud beynəlxalq təcrübəyə əsaslanaraq bir sıra təşəbbüsləri sosial sahibkarlıq nümunələri hesab etməyin mümkün olduğunu dedi.
A.Bayramov Azərbaycanda sosial sahibkarlığın inkişafına istiqamətlənmiş ümumi təkliflər də verdi: "Sosial sahibkarlıqla bağlı təkmil normativ-hüquqi baza formalaşdırılmalıdır. Sosial müəssisələrin sertifikatlaşdırılmalı, sosial sahibkarlar üçün güzəştlər (kreditlər, sahələrin icarəsi, kommunal xidmətlərin ödənilməsi,), o cümlədən vergi güzəştləri müəyyənləşdirilməlidir.
Sosial sahibkarlığın dəstəklənməsi üçün xüsusi institutların yaradılması yaxşı olardı".
Digər məruzəçi S.Bağırov kraudfandinq, kraudinvestinq və kraudlendinq alətləri haqqında məlumat verdi. Ekspert qeyd etdi ki, bu alətlərin hesabına xüsusi platforma üzərindən maliyyə vəsaitinə ehtiyacı olan layihələri, işləri, təşəbbüslər və s dəstəklənir. Dəstək tədbirlərindən fiziki şəxslərlə bərabər, hüquqi şəxslər də faydalana bilir.
Ekspert söylədi ki, kraudfandiq ehtiyacı olanlar üçün yardımların xüsusi internet platformalarında toplanmasıdır. Kraudinvestinq startaplara və kiçik müəssisələrə kapital cəlb etmək üçün alternativ maliyyə alətidir. Kraudlendinq isə onlayn xidmətlər vasitəsi ilə fiziki şəxslərə və ya müəssisələrə borc pul vermək təcrübəsidir.
S.Bağırov söylədi ki, dünyada geniş yayılan bu alətlərdən Azərbaycanda geniş istifadə edilmir. Ekspert ölkəmizdə bu təcrübənin hələ ilkin təşəkkül dövrünü yaşadığını bildirdi. 

Hər iki məruzə ilə bağlı daha geniş şəkildə blokumuzda tanış ola bilərsiniz:
  • http://iqtisadiforum.blogspot.com/2020/12/sosial-sahibkarlq-beynlxalq-v-yerli.html
















16 Aralık 2020 Çarşamba

Sosial sahibkarlıq beynəlxalq və yerli təcrübədə: inkişaf üçün mümkün dövlət dəstəyi mexanizmləri


Sosial sahibkarlığın əhəmiyyəti

  • Ən vacib və əhəmiyyətli sosial problemlərin həllinə istiqamətlənməklə sosial dəyər yarada bilir
  • Kifayət qədər çevikdir və böhran proseslərinin təsiri altında belə, bazar şərtlərindəki dəyişikliklərə operativ cavab verə bilir
  • Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün vacib bir amildir, çünki o, sosial və ekoloji problemlərin effektiv, innovativ və davamlı həll yollarını tapmağa yönəlik fəaliyyətləri əhatə edir. 
  • Sosial müəssisələr biznes fəaliyyətinin yeni üsullarını təklif edir 
  • Hər şeydən öncə əhalinin həssas qruplarının tələbatlarının ödənilməsinə və müxtəlif sahələrdə xidmətlərin göstərilməsinə yönəlik yaradıcı həll yolları təkilif edirlər 
  • Sosial müəssisələr iş yerləri yarada, qabaqcıl xidmətlər və məhsullar təmin edə bilir.

Sosial sahibkarlığın cəmiyyətin sosial-iqtisadi inkişafında rolu 
(Böyük Britaniya)
  • Böyük Britaniyada bütün kiçik müəssisələrin 7% -i sosial sahibkarlıq müəssisələridir. Bu isə 24 milyard funt sterlinq gəliri və 800.000 nəfərlik işçi heyətinə malik 68.000 müəssisə deməkdir. 2017-ci ildə İngiltərədə 1,44 milyon insanın çalışdığı 470 mindən çox sosial müəssisə var idi. 
  • Birləşmiş Krallığın Sosial müəssisəsinin (BKSM) “ The Hidden Revolution” da dərc olunan 2018-ci il hesabatına əsasən, Birləşmiş Krallığın Sosial müəssisə sektoru iqtisadiyyata kənd təsərrüfatı sektorundan üç dəfə artıq töhfə verir. Bu, əvvəlki gözləntilərdən qat-qat daha əhəmiyyətlidir. 
  • Sosial müəssisələr BK-ın iqtisadiyyatında 60 milyard funt sterlinq, ÜDM-də 3 faiz və bütün məşğulluq sferasında 5 faiz paya malikdir. 
  • Britaniyanın 5 ən yaxşı kooperativi (sosial sahibkarlığın bir forması) Amazon, Facebook, Apple, eBay və Starbucks şirkətlərinin birlikdə ödədiklərindən daha çox vergi ödəyir.

Sosial sahibkarlığın cəmiyyətin sosial-iqtisadi inkişafında rolu 
(İtaliya)
  • Italiya sosial sahibkarlıq fəaliyyətinin qanunvericilik bazasını işləyib hazırlayan ilk ölkələrdən biridir. 
  • 2005-ci ildə İtaliya ərazisində 5000-dən artıq sosial kooperativ çalışırdı. 20011-ci ildə isə ölkədə onların sayı 7300-ə çatmışdı və onlarda 267 min əməkdaş (o cümlədən vətəndaşların həssas qruplarını təmsil edən 30 min əməkdaş) çalışırdı. Kooperativlər 4 milyon müştəriyə xidmət göstərir. İtaliyada əhalinin hər 100 min nəfərinə 12,5 sosial kooperativ düşür. 
  • Hal-hazırda ölkədə göstərilən bütün sosial xidmətlərin 60%-i sosial kooperativlərin payına düşür.
  • 2015-ci ildə sosial kooperativlərin ümumi dövriyyəsi 7 milyard avro təşkil edirdi. Dövriyyənin yarıdan çoxu sosial xidmətlər göstərən kooperativlərin payına düşürdü. Sosial kooperativlərin 30%-i sosial inteqrasiya ilə məşğuldur, bütün sosial kooperativlərin 10%-i isə iki sahədə fəaliyyət göstərir.
Sosial sahibkarlığın cəmiyyətin sosial-iqtisadi inkişafında rolu 
(Fransa)
  • 2015-ci ildə Fransada sosial və birgə iqtisadiyyat sektorunun payına 223 000 müəssisə, 2,34 milyon işçi və milli məşğulluğun 10,3 faizi, ümumi daxili məhsulun (ÜDM) təxminən 8 faizi düşürdü. 
  • Bu sektoru təmsil edən təşkilatlarda 2,35 milyon işçi çalışır. Həmin sektorun illik əməkhaqqı fondu 50,5 miyard avro təşkil edir. Bu, Fransanın bütün özəl şirkətlərində ştatda olan işçilərə il ərzində ödənilən əməkhaqqının 10%-i deməkdir. 
  • Son illər ərzində sosial sahibkarlıq sektoru tərəfindən 440 min yeni iş yeri açılmışdır. Bu, həmin sahədə məşğulluğun 23% artımını əks etdirir və özəl sektorda məşğulluğun səviyyəsindən 16% artıqdır. 
  • Fransada sosial sahibkarlıq aşağıdakı sahələrdə daha fəal şəkildə inkişaf edir: sosial təminat, idman və asudə vaxt, maliyyə və sığorta, incəsənət və mədəniyyət, təhsil və səhiyyə.

Sosial sahibkarlığın cəmiyyətin sosial-iqtisadi inkişafında rolu 
(Belçika)

  • 2015-ci ilin əvvəli üçün Belçikada 18074 sosial müəəsisə qeydə alınmışdır ki, bunun da 38%-i Flamand regionunda, 35%-i Vallon regionunda, 27%-i isə paytaxt Brüssel regionunda fəaliyyət göstərir. Sosial müəssisələrdə 371488 nəfər işlə təmin olunmuşdur. Bu, 2008-ci ildə həmin təşkilatlarda çalışan işçilərin sayından 11,5% çoxdur. Sosial sahibkarlıq strukturunda çalışanlar bütün işləyən əhalinin 11,9%-ni təşkil edir. 
  • Belçikada sosial müəssisələrin müxtəlif sahələrdə fəaliyyət göstərməsinə baxmayaraq, bu sektorda çalışanların əksəriyyəti səhiyyə və sosial xidmətlər sahəsində çalışanlardan ibarətdir. Belə ki, səhiyyə sahəsində çalışanlar 29,1%, sosial xidmətlər sahəsində çalışanlar isə 23,4% təşkil edirlər. Sosial müəssisələrin əsas gəlir mənbələri məhsulların satışından gələn gəlirlər və qrantlar hesabına alınan gəlirlərdir. Məhsul və xidmətlərin satışından əldə edilən gəlirlər ümumi gəlirlərin 56%-ni, qrant gəlirləri isə 40%-ni təşkil edir. Yerdə qalan 4% isə dotasiyalardan və digər maliyyələşmə mənbələrindən əldə edilən gəlirlərdir.

Sosial sahibkarlığa dövlət dəstəyi sahəsində xarici ölkələrin təcrübəsi 
(ABŞ)
  • 2010-cu ildə gəlir əsaslı korporasiya qanunvericiliyini qəbul edən Merilend ştatı ABŞ-da bir ilkə imza atmışdır. Bunun ardınca Vaşinqton şəhəri də daxil olmaqla, daha 31 ştat oxşar qanunvericilik aktları qəbul etmişdir. 
  • Sosial İnnovasiya və Vətəndaş İştirakı İdarəsi, Milli və İctimai Xidmət Korporasiyası və ABŞ Kiçik Biznes Administrasiyası sosial müəssisə ekosistemində aktyorlar (subyektlər) olmaqla, bu sektorun inkişafını gücləndirmək üçün müxtəlif proqramlar təklif edirlər. 
  • ABŞ hökuməti sosial müəssisələrə maliyyə məsələlərinin həlli üçün müəyyən maliyyə dəstəyi, o cümlədən, qrantlar verir. Bu baxımdan Milli və İctimai Xidmət Korporasiyasının Sosial İnnovasiya Fondu adlı qrant proqramını xüsusi olaraq qeyd etmək lazımdır. 5 il müddətinə 1 milyon dollardan 5 milyon dollara qədər qrant verən bu fond aşağıdakı sahələrdə problemlərin cəmiyyət səviyyəsində həllinə yardım göstərməyi nəzərdə tutur: İqtisadi imkanlar, sağlam gələcək və gənclərin inkişafı
  • Dövlət investisiyası əhəmiyyətli dərəcədə, həmçinin, ABŞ Kiçik Biznes İdarəçiliyinin İnvestisiya Fondu kimi stimullaşdırıcı investisiya sistemlərinin vasitəsilə də təmin edilir. Həmin fond hər il 200 milyon ABŞ dolları məbləğində vəsaiti kiçik biznes investisiya strategiyalarına yardım kimi ayırır. 
  • Dövlət tərəfindən Milli Stimullaşdırıcı Təşəbbüs adı altında qabiliyyətlərin inkişaf etdirilməsi və insan kapitalı sahəsində həyata keçirilən layihələrin dəstəklənməsi üçün də bir sıra addımlar atılır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) burada çox mühüm rol oynayır. Məsələn, inkişaf etməkdə olan ölkələrdə yenicə fəaliyyətə başlamış müəssisələrin inkişafını sürətləndirmək üçün ildə 10 milyon ABŞ dolları qədər yardımı nəzərdə tutan Sahibkarlıq Təşəbbüsünün Gücləndirilməsində Tərəfdaşlıq adlı proqramı göstərmək olar.
Sosial sahibkarlığa dövlət dəstəyi sahəsində xarici ölkələrin təcrübəsi 
(Böyük Britaniya)

  • 2012-ci ildə qüvvəyə minən Sosial Dəyər Aktı ictimai xidmətlərin göstərilməsi üçün sosial müəssisələrə daha geniş imkanlar açır. 2014-cü ildə hökumətin qəbul etdiyi Vergi Güzəştləri haqqında qərar sosial müəssisə investorlarına 30%-lik vergi güzəştinin verilməsini nəzərdə tutur. 
  • 2001-ci ildə Ticarət və Sənaye Departamentinin nəzdində Sosial Müəssisə şöbəsi yaradılmışdır. Daha sonra, 2005-ci ildə sosial müəssisələrə uyğun olan İctimai Maraq Şirkəti (Community İnterest Company) adlı yeni bir korporativ təşkilat yaradılmış və onun fəaliyyətini tənzimləyən qanunvericilik sənədi qəbul olunmuşdur. 
  • Birləşmiş Krallığın Sosial Müəssisələr Birliyi və Sosial Sahibkarlıq Tərəfdaşlığı (Sosial Sahibkarlar Məktəbi, CAN, Plunkett Fondu və Birləşmiş Krallığın Sosial Firmalar Birliyi tərəfindən yaradılmışdır) kimi şəbəkələr hökumətin strateji tərəfdaşlarıdır. Onlar sosial sektoru hökumət qarşısında, hökuməti isə icmalar qarşısında davamlı qaydada təmsil etmək üçün dördillik proqram çərçivəsində dövlətdən maliyyə dəstəyi alırlar.
  • Hökumət, həmçinin, ictimai xidmətlərin göstərilməsi məqsədilə dövlətlə imzalanmış kontraktların idarə olunması üçün zəruri olan bacarıqların inkişaf etdirilməsi məqsədilə sosial müəssisələrə yardım olaraq, maliyyə vəsaiti ayırmışdır. Misal olaraq, İnvestisiya və Kontrakt Hazırlığı Fondunu (Vəsaitinin 10 milyon funt sterlinqi Vətəndaş Cəmiyyət Ofisinin adından Sosial İnvestisiya Biznesi adlı qurum tərəfindən idarə olunur) göstərə bilərik. Bu fond yeni investisiya formalarının təhlükəsizliyini təmin etmək və ictimai xidmət müqavilələrini qazanmaq üçün sosial müəssisələrin daha yaxşı təzhiz olunması məqsədini güdür. 
  • Bacarıqların inkişaf etdirilməsi üçün hökumət ictimai müqavilələrlə işləməyə hazır olmaqda sosial müəssisələrə kömək edən İnvestisiya və Müqavilə Hazırlığı Fondunu təsis etmişdir. Bu məqsədlə hökumət tərəfindən yaradılan digər fond Sosial İnkubator Fondudur. Bu fond sosial inkubatorlara grantlar verir və inkubasiyaya daha çox yardım göstərmək və yeni inkubatorları bazara cəlb etməklə, sosial müəssisələrin startap layihələrinin sosial investisiya bazarına daxil olmasına yardım edir.

Sosial sahibkarlığa dövlət dəstəyi sahəsində xarici ölkələrin təcrübəsi 
(Cənubi Koreya)

  • 2016-cı ildə Sosial Müəssisələrə Yardım haqqında Qanunu qəbul etməklə, Cənubi Koreya bu addımı atan bir neçə Asiya ölkəsindən biri olmuşdur. Bu qanunda qarşıya qoyulan məqsəd sosial xidmətləri genişləndirməklə vətəndaşların həyat səviyyəsini yaxşılaşdırmağa, sosial inteqrasiyaya və iş yerlərinin yaradılmasına töhfə verməkdən ibarətdir. Həmin qanuna görə kooperativlər, ictimai korporasiyalar, qeyri-kommersiya təşkilatları və sosial rifah korporasiyalarına Məşğulluq və Əmək Nazirliyi tərəfindən sosial müəssisələr kimi sertifikatlar verilə bilər. 
  • Smayl Mikrokredit Bank Fondu (Smile Microcredit Bank Foundation) və Kiçik Biznes Korporasiyası adlı təşkilatlar sertifikatı olan sosial müəssisələrə istiqrazlar təklif edir. Bu istiqrazlar illik 3-4,5% faiz olmaqla, 5-8 il müddətinə verilir. İstiqrazın maksimum məbləği 4.5 milyon von (1 KRW = 0.0009168 USD) təşkil edir. Bundan başqa, Regional Credit Zəmanəti Fondu və KODİT Kredit Zəmanəti Fondu kimi qurumlar ümid verən sosial müəssisələrin borclarının ödənilməsi üçün kredit zəmanətini təmin edirlər.
  • Sosial Müəssisə Akademiyası sosial sahibkarların idarəçilik bacarıqlarının artırılması üçün treninqlər keçirir. Koreya Sosisal Sahibkarlığın İnkişafı Agentliyi, həmçinin, sosial müəssisəıər arasında yarışlar keçirməklə, onları mükafatlandırır, yaradıcı sosial müəssisələrə investorlarla əlaqə qurmaqda və professional məsləhətlər almaqda yardım göstərir, eləcə də startap layihələrinin xərclərini ödəmək üçün subsidiyalar verir (real qiymətləndirmə aparmaqla, bu subsidiyaların məbləği 50 milyon von civarında ola bilər). 
  • Koreya Sosisal Sahibkarlığın İnkişafı Agentliyi informasiya və şəbəkənin təşkili ilə bağlı da zəruri addımlar atır. Buna misal olaraq Sosial Müəssisə Həftəsi, Sosial Müəssisə Günü Mərasimi və həftəlik görüşlər kimi tədbirləri göstərmək olar. Bu tədbirlərdə sosial müəssisələri təmsil edən səhmdarlar, hökumətin və özəl şirkətlərin nümayəndələri bir araya gəlməklə, şəbəkələr qurmaq və sosial müəssisələrin müstəqil idarə olunmasını əks etdirən qiymətləndirmə hesabatları ilə bağlı informasiya mübadiləsi aparmaq imkanı əldə edirlər.

Sosial sahibkarlığa dövlət dəstəyi sahəsində xarici ölkələrin təcrübəsi 
(Latviya)

  • 2017-ci ildə Latviyada sosial sahibkarlıq üçün əlverişli şəraitin yaradılmasına yönəlik “Sosial sahibkarlıq haqqında” qanun qəbul edildi. Qanun 2018-ciilin aprelində qüvvəyə minib. Bununla yanaşı Sosial İnkişaf Nazirliyi 2022-ci ilədək ümumi məbləği 12 milyon avro təşkil edəcək yeni sosial sahibkarlığa dəstək proqramı başladıb. Qanuna əsasən, Latviyada sosial müəssisələrin yaradılmasında məqsəd sosial problemlərin həllidir (pozitiv sosial məqsəd). Sosial müəssisə meyarları aşağıdakılardır: 
  • Zəruri mal və xidmətlər istehsal edən bazar iştirakçısıdır; 
  • əldə edilən mənfəət sosial məqsədlərə nail olmaq üçün yenidən investisiya olunur; 
  • muzdlu işçiləri var; 
  • məqsədli qrupların nümayəndələri – evsizlər, işsizlər və ya fiziki və zehni qüsurları olan şəxslər işə götürülür və ya götürülmələri planlaşdırılır.

Azərbaycanda sosial sahibkarlıq

  • Azərbaycanda sosial sahibkarlıqla bağlı yetərli məlumatlılıq yoxdur. Yalnız son illərdə bu sahədə təşəbbüslər artmaqdadır. 
  • Sosial sahibkarlıqla bağlı ayrıca qanunvericilik aktı olmadığından bu və ya digər təşkilatın fəaliyyətinin sosial sahibkarlıq kimi qiymətləndirilməsi çətindir. Buna baxmayaraq, mövcud beynəlxalq təcrübəyə əsaslanaraq bir sıra təşəbbüsləri sosial sahibkarlıq nümunələri hesab etmək mümkündür.
Mövcud qanunvericilik

  • «Məşğulluq haqqında» AR Qanunu sosial müəssisəni sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün yaradılan ixtisaslaşdırılmış hüquqi şəxs kimi nəzərdə tutur. 
  • “Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı (17 mart 2020-ci il) sosial müəssisə meyarı kimi aşağıdakıları müəyyənləşdirir: 
        - işçilərin orta illik sayını; 
        - şəxslərə məşğulluq imkanlarının artırılması üçün iş yerində təlim, o cümlədən peşəyönümü və                peşəhazırlığı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi; 
        - şəxslərin peşə-əmək reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi.


Sosial sahibkarlığın inkişafına istiqamətlənmiş ümumi təkliflər

  • Sosial sahibkarlıqla bağlı təkmil normativ-hüquqi bazanın formalaşdırılması; 
  • Sosial müəssisələrin sertifikatlaşdırılması; 
  • Sosial sahibkarlar üçün güzəştlərin (kreditlər, sahələrin icarəsi, kommunal xidmətlərin ödənilməsi,), o cümlədən vergi güzəştlərinin müəyyənləşdirilməsi; 
  • Sosial sahibkarlığın dəstəklənməsi üçün xüsusi institutların yaradılması; 
  • Sosial sahibkarlığın inkişafı üzrə məqsədlərin və uyğun tədbirlərin dövlət proqramlarına, yol xəritələrinə daxil edilməsi və ya ayrıca proqramların qəbul edilməsi;

Sosial sahibkarlığın inkişafına istiqamətlənmiş ümumi təkliflər

  • Sosial sahibkarlıq-dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi;
  • Sosial sahibkarlara dövlət satınalmalarında iştirak üçün daha əlverişli imkanların yaradılması;
  • Sosial sahibkarların bacarıqlarının artırılması üzrə xüsusi proqramların həyata keçirilməsi;
  • Sosial sahibkarlıqla bağlı məlumatlılığın artırılması, ideyanın KİV və sosial şəbəkələr vasitəsilə populyarlaşdırılması.

Təqdim etdi: Abil Bayramov


15 Aralık 2020 Salı

Azərbaycanda müharibədən zərərçəkənlər üçün Fəda Fondu yaradılıb.


Azərbaycanda müharibədən zərərçəkənlər üçün Fəda Fondu yaradılıb. Fond Azərbaycanda və xaricdə yaşayan 7 fiziki şəxs təsərfindən təsis olunub. Təsisçilər Anar Əhmədov (Niderland), Leiden Universitetin dosenti, Arzu Abdullayeva (Azərbaycan), Helsinki Vətəndaş Asambleyasının regional təmsilçisi, İnqilab Əhmədov (Azərbaycan), Xəzər Universitetinin professoru, Avrasiya Bilik Mərkəzinin direktoru, Leyla İsmayılova (ABŞ), Çikaqo Universitetinin dosenti, Sabina Rakçeyeva (Britaniya), müsiqiçi, Avropa Mədəniyyət Parlamentinin üzvü, Sabit Bağırov (Azərbaycan), Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) prezidenti və 
Söhrab Fərhadov (Azərbaycan), Milli Kart, İH Sədr müavinidir.
Fondun əsas məramı müharibədən zərərçəkən insanlara Azərbaycan kökənli həmvətənlərdən yardımların toplanması və zərərçəkənlərə çatdırılmasıdır. Hazırkı fəaliyyət həm cəbhədə şəhid vermiş və ya yaralıları olan ailələri, həm də cəbhəboyu bölgələrdə erməni raket hücumları nəticəsində şəhid olmuş və yaralıları olan ailələri özündə ehtiva edir.
Fondun fəaliyyətinin 2020-ci ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulub. Bu dövr sona catdıqda fəaliyyətin uzadılmasına ehtiyac olarsa, fəaliyyətin davam etdirilməsi müzakirə edilib müvafiq qərar qəbul ediləcək.
Fondun vəsaiti ianələr hesabına formalaşacaq. Maraqlanıb ianə etmək istəyənlər, aşağıdakı linkə daxil olub, orada göstərilən hesaba vəsait köçürə bilər.

https://fedafund.org/



Rasim Həsənov: "Mən tərəfdarıyam ki, Qarabağın bərpasına daha çox dünyada tanınan xarici şirkətlər dəvət edilsin"



İşğaldan azad edilən ərazilərin bərpası, burada iqtisadi fəaliyyətin təmin edilməsi məqsədilə böyük maliyyə vəsaitlərinə, irihəmcli investisiyalara ehtiyac olacaq. Bu qədər vəsaitin yalnız dövlətin imkanları hesabına təmin edilməsi real deyil. Neft qiymətlərinin əlverişli olmadığı indiki şəraitdə tələb olunan vəsaitin dövlət büdcəsinin, yaxud Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilməsi ehtimalı azdır.

Bəs, belə olan vəziyyətdə maliyyə vəsaiti hansı qaynaqlar hesabına təmin edilməlidir?

Sfera.az xatırladır ki, bununla bağlı müxtəlif təkliflər səsləndirilir. Həmin təkliflər arasında dövlətin borclanmaya getməsi, öz maliyyə resurslarından istifadə etməsi, investisiyanın təşviq edilməsi və s. kimi variantlar var.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin bərpası üçün sosial-iqtisadi konsepsiya hazırlanıb. Hazırda sənəd müzakirə mərhələsindədir və müzakirələrdən sonrakı yekun variant hökumətə təqdim ediləcək.

Bununla bağlı məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyatı qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən sosial-iqtisadi konsepsiya hazırlanıb: "Həmin konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr, şəhərsalma və ərazi qurulması ilə bağlı olan məsələlərdə təbii ki, zəruri hüquqi-iqtisadi-maliyyə güzəştləri və təşviqlər sistemi nəzərdə tutulur”.

İqtisad elmləri doktoru, professor Rasim Həsənov hesab edir ki, işğaldan azad edilən ərazilərin bərpası, burada iqtisadi fəaliyyətin təmin edilməsi məqsədilə hökumət müxtəlif maliyyə mənbələrindən və imkanlardan istifadə etməlidir.

İqtisadçı-ekspertin fikrincə, bu məqsədlə borclanmadan da istifadə oluna bilər. "Borclanma iqtisadi fəaliyyətdə əsrlərlə sınaqdan keçirilmiş ənənəvi üsuldur. Bəzi iqtisadi problemləri zamanında həll etmək üçün borclanmadan istifadə etmək olar”, - deyən R.Həsənov borc cəlb etmək üçün daxili mənbələrdən istifadə edilməsi imkanlarının da mümkün olduğunu düşünür.

Amma o bu məsələyə görə daxili borclanmaya ciddi önəm verilməsinin tərəfdarı deyil. Onun fikrincə, daxili borclanmadan sərbəst və liberal şəraitdə istifadə etmək olar: "Kimlər istərsə ki, bu məsələyə könüllü şəkildə qoşulsun, onlara imkan yaratmaq lazımdır. Ancaq daxili borclanmanı əsas maliyyələşdirmə vasitəsinə çevrilməsinin tərəfdarı deyiləm, mən bunu düzgün yol hesab etmirəm. İndiki zamanda kütləvi çəkildə istiqraz buraxmaqla daxildən borc cəlb edilməsinə ehtiyac yoxdur. Bundansa, dövlətin öz resurslarından istifadə etmək daha məqsədə müvafiqdir”.

R.Həsənov deyir ki, Qarabağın işğaldan azad edilən hissəsinin bərpa-yenidənqurulması və iqtisadi fəaliyyətin təmin edilməsi məsələsində nüanslar çoxdur: "Qarabağın yenidən dirçəldilməsi məsələsinə 2 aspektdən yanaşmaq lazımdır. Birincisi, əhalinin məskunlaşması və infrastrukturun qurulması məsələləridir. Bunu Azərbaycan dövləti etməlidir və bu məsələlərin həllində dövlət güzəştli kreditlər və s. hesabına vəsait cəlb edə bilər.

İkinci vacib məsələ iqtisadi fəaliyyətin təmin olunmasıdır. İqtisadi fəaliyyətin təmin olunmasını ərazidə güzəştli iqtisadi rejim yaradıb investorları cəlb etməklə həll edilməlidir. Mən tərəfdarıyam ki, Qarabağın bərpasına daha çox dünyada tanınan xarici şirkətlər dəvət edilsin. Qarabağın müəyyən hissəsində məqsədli zonalar, inkişaf mərkəzləri, yəni, texnoparklar, sənaye parkları kimi mərkəzlər yaratmaq yolu ilə xarici şirkətlərin investisiyalarını cəlb etmək lazımdır”.

İqtisadçı-ekspert söylədi ki, Azərbaycan dövlətinin özünün iqtisadi resirsları da güclüdür və yəqin ki, Qarabağın dirçəldilməsində həmin resurslardan da istifadə ediləcək. R.Həsənov əmindir ki, iqtisadi dirçəliş məsələsi nə qədər ağır məsələ olsa da dövlətin qətiyyəti, xalqın birliyi sayəsində qısa müddətdə həll olunacaq.

İşğaldan azad edilən regionun bərpasında, burada iqtisadi fəaliyyətin təmin edilməsində dövlət büdcəsinin də üzərinə yük düşəcəyini qeyd edən R.Həsənov bunun dövlət büdcəsinin təyinatına uyğun olduğunu bildirdi: "Dövlət büdcəsinin ümumi təyinatlarından biri də ondan ibarətdir ki, bu tipli məsələlərdə dövlət fəal iştirak etsin. Buna görə də bərpa-yenidənqurma işlərində büdcənin üzərinə yük düşməsində problem yoxdur. Büdcənin müzakirəsində gecikmə var. Hamı da bilir ki, gecikmə məhz Qarabağın işğaldan azad edilməsindən sonra yaranan yeni şəraitlə bağlıdır. Hökumət hansısa məsələlərin həllini ən yaxın dövrdə planlamağa çalışır və burda da dövlətin ehtiyatlarından səmərəli şəkildə istifadə edilə bilər”.

Yazı ilə bu linkdən də tanış olmaq mümkündür:

https://sfera.az/qarabagin-berpasi-ucun-vesait-nece-celb-edilmelidir-ekspert-muxtelif-menbelerden-istifadeni-teklif-edir/

10 Aralık 2020 Perşembe

Samir Əliyev: “Gələn ilin dövlət büdcəsi və Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı sənəd...”



Növbəti ildə manatın dollar qarşısında yumşaq devalvasiyaya gedəcəyi istisna edilmir. Əksər ekspertlər bu mövzuda həmfikirdir ki, həm pandemiya səbəbindən sərtləşən karantin qaydalarının vurduğu iqtisadi ziyanın kompensasiyası, həm də işğaldan azad edilən ərazilərin bərpası üçün hökumətin kifayət qədər ciddi maliyyəyə ehtiyacı olacaq. Bunun üçün isə hazırda əsas mənbə Neft Fondudur. Hökumət Neft Fondunun ehtiyatlarına qənaət etmək üçün devalvasiyaya getməklə əlavə manat kütləsi yarada bilər. Hazırda bu fikirlərin dominant olması səbəbindən banklar da kredit verilməsində bir qədər tərəddüd edir deyə məlumatlar da yayılmaqdadır.

Mövzunu “Yeni Müsavat” üçün ətraflı şərh edən iqtisadçı ekspert Samir Əliyev vurğuladı ki, həqiqətən də gələn il Azərbaycan üçün xərclərin artması baxımından çətin il olacaq: “Koronavirusun artıq ikinci dalğası başlayıb və bu birinci dalğadan daha ağır keçir, yoluxma sayı dəfələrlə yüksəkdir. Optimist düşünməyə imkan verən proqnozlar da var, söhbət vaksinlərdən gedir. Artıq vaksinləşmə başlayır, xüsusən də gələn ilin əvvəlində kütləviləşəcək. Gözləntilər var ki, yaya doğru problem əhəmiyyətli dərəcədə həll ediləcək. Vaksinləşmənin kütləvi nəticələrini yəqin ki, yaz aylarında görə biləcəyik. Bu isə onu deməyə əsas verir ki, 2021-ci il cari illə müqayisədə dünya səviyyəsində iqtisadi aktivlik daha da artacaq. Azərbaycan üçün bu daha çox iki baxımdan əhəmiyyətlidir. Birinci amil neftin qiyməti, ikincisi isə karantin tədbirlərinin yumşalması. Karantin tədbirlərinin sərtləşdirilməsi yəqin ki, qarşıdakı iki ayda davam edəcək. Bu həm ölkə üçün müəyyən çətinliklərin yaranması deməkdir, həm də əhalinin sosial vəziyyətinin pisləşməsi anlamına gəlir. Bu baxımdan karantin tədbirlərinin sərtləşdirilməsi iqtisadi baxımdan arzuolunmazdır.

Əsas məqam isə neftin qiymətidir. Hazırda neft dünya bazarında 50 dollara yaxınlaşmaqdadır, hələ ki, 50 dollar olmayıb. Ancaq ehtimal edilir ki, vaksinlərin tətbiqi nəticəsində tələbat arta bilər, neftin qiyməti qalxa bilər. Müəyyən proqnozlar var, 55-60 dollara qədər qalxması ehtimal edilir. O baxımdan gələn il Azərbaycanda devalvasiyanın olmasını şərtləndirəcək əsas amil məhz neftin qiymətidir. Əgər neft kəskin bahalaşmazsa, yəni 60 dollar və daha yüksək səviyyəyə çıxmazsa, bu halda milli valyutanın sabitliyi sual altına düşəcək".

İqtisadçı vurğuladı ki, növbəti ildə devalvasiyanın olacağı ilə bağlı dəqiq fikir söyləmək çətindir: “Çünki bunu şərtləndirən amillər var. Biz proqnoz verə bilmək üçün hökumətin yaxın günlərdə qəbul edəcəyi iki sənədə diqqət yetirməliyik. Bunun birincisi 2021-ci ilin dövlət büdcəsidir, hansı ki, onun qəbulu çox gecikib və dekabra qalıb. Biz bu sənədə baxmaqla hökumətin gələn il üçün hansı xərc istiqamətində addımlar atacağını və bunun mənbəyinin haradan olduğunu görə bilərik. İkinci sənəd isə Mərkəzi Bankın hər il açıqladığı növbəti ilin pul-kredit siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatdır. Bu bir qayda olaraq dekabr ayının sonuncu iş günü açıqlanır. Həm gələn ilin dövlət büdcəsi , həm də Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı iki sənədə baxmaqla hökumətin gələn ildəki davranışını müəyyən edə bilərik. Bu gün bunu demək çox çətindir”.

S.Əliyevin fikrincə, 2020-ci illə müqayisədə gələn il devalvasiya ehtimalını artıran şərtlər çoxdur: “Birinci şərt koronavirusun daha ağır keçməsidir. Bu amil 2020-ci ildə də var idi, xəstəlik yazda başladı, yaya doğru azaldı. Ancaq indi qışa doğru getdiyimiz üçün xəstəliyin təsirləri daha çox ola bilər. Bundan başqa, ikinci amil işğaldan azad olunmuş ərazilərdə bərpa prosesidir. Ərazilərin abadlaşdırılması, həyata qaytarılması üçün böyük vəsaitlər tələb olunur ki, bunun da əsas hissəsi dövlət büdcəsi hesabına olacaq. Bu isə əlavə mənbə deməkdir. Bu vəsaitləri dövlət büdcəsi haradan tapmalıdır? Ya vergiləri artırmaq yolu ilə- bu indiki zamanda mümkün deyil, arzuolunmaz ssenaridir. Əksinə hökumət indiki durumda vergi güzəştləri tətbiq etməlidir. İkinci versiya isə Neft Fondudur. Onsuz da neftin ucuzlaşması hesabına Neft Fondunun aktivlərinin müəyyən bir hissəsi ilin əvvəlində xərclənib və ilin sonunda da aktivlərə müraciət etməli olacaq. Növbəti il də yenidən DNF-nin aktivlərinə müraciət etmək təbii ki, problemin tam həlli demək deyil. Mənbə olaraq müəyyən qədər Neft Fondundan istifadə edilsə də, bu vəsaitlər kifayət etməyəcək. Digər mənbələr özəl sektor və xarici investisiyalardır. Xarici investorlar hələ ki, o qədər də maraq göstərmir və bu da ölkədə investisiya mühitinin o qədər də yaxşı səviyyədə olmaması ilə bağlıdır. Bu da hökuməti vadar edəcək ki, manatın məzənnəsini bir qədər aşağı salsın və onun hesabına əlavə pul kütləsi yaratsın. Əlbəttə bu cəlbedici yanaşmadır, ancaq digər neqativ təsirləri də var”.

Samir Əliyevin fikrincə, hökumətin devalvasiyadan qazancı olduğu kimi , itirəcəkləri də az deyil: “Çünki avtomatik olaraq ölkədə ciddi inflyasiya yaradacaq, qiymətlər artacaq, dövlət devalvasiya hesabına qazandığı vəsaiti inflyasiya hesabına itirəcək. Çünki məcburən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək versin. Qazandığının bir hissəsini bu istiqamətdə yönəltmək məcburiyyətində qalacaq. Digər tərəfdən həm dövlətin, həm də dövlət şirkətlərinin xarici borcları var, devalvasiya bu borcların qaytarılmasını da çətinləşdirəcək. Bu mənada dövlət qazandığı pulun bir hissəsini itirmək məcburiyyətində qalacaq. Bu mənada devalvasiya da hökumətə sərf etmir və mümkün qədər devalvasiyadan çəkinəcək. Ancaq heç də hər şey dövlətin mövqeyindən asılı deyil. Neftin qiyməti azalarsa, yaxın müddətdə bahalaşması gözlənilməzsə, vəsaitləri təmin etmək üçün devalvasiyaya gedə bilər. Yaxşı halda isə vaksinlərin tətbiqi nəticəsində effekt əldə olunarsa, iqtisadi aktivlik yaranarsa, neftin qiymətinə pozitiv təsir edə bilər, ən azından aşağı düşməz və stabil qalar. Bu mənada hökumət devalvasiyaya getmək üçün ən azı ilin birinci rübünü gözləmə mövqeyində qalacaq. Fors-major bir hadisə baş verməzsə, neft 30 dolların altına düşməzsə hökumət yaza qədər gözləyə bilər. Hazırda hökumət devalvasiyanın ağır nəticələrini anlayır, onun fərqindədir, devalvasiyaya getməkdə maraqlı deyil. Fors-major hallar baş verməzsə, buna getməyəcək. Qeyd etdiyim iki sənəd açıqlandıqdan sonra bu haqda daha əminliklə fikir söyləmək olar”.

Yazını aşağıdakı linkdən də izləmək olar: 

https://www.musavat.com/news/manat-carpaz-ates-altinda_760891.html?fbclid=IwAR3HCge1sm6vaxG1vElHxqLgtCHrm7o1xvu15RjP4_fDqY92jxqS4C5JE2k

9 Aralık 2020 Çarşamba

Karantin dövründə sahibkarlara hansı köməkliklər edilməlidir?


Azərbaycanda Covid-19 virusunun yayılma sürətinin artması və daha çox insanın virusa yoluxması hökuməti yenidən sərt karantin qaydalarını tətbiq etməyə məcbur etdi. Nazirlər Kabinetinin qərarına əsasən dekabrın 14-dən 2021-ci ilin yanvarın 18-nə kimi Bakı yarımadasında və respublika əhəmiyyətli bir sıra şəhərlərdə ictimai və iqtisadi fəaliyyətə ciddi məhdudiyyətlər tətbiq olunacaq. 

Məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağı sahələr arasında iqtisadi fəaliyyətlə bağlı sahələr də var. Əvvəlki dövrlərdə tətbiq edilən sərt karantin təcrübəsi göstərdi ki, bu vəziyyət biznes dairələrinə, onların iqtisadi dövriyyəsinə, mənfəətinə ciddi neqativ təsirə malikdir. Buna görə də əksər sahələrdə iqtisadi fəallığın aşağı düşəcəyi proqnozlaşdırılır. Xüsusən kiçik biznesin məhdudlaşdırıcı tədbirlərdən əziyyət çəkəcəyi gözlənilir.

Bəs, bu vəziyyətdə hansı konkredit addımlar atılmalıdır ki, sahibkarlara dəyən zərər minimuma düşsün?

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev bildirdi ki, 2020-ci ilin mart ayından tətbiq edilən ümumi karantin vəziyyəti biznes sahələrini çətin vəziyyətə salıb, onların bəziləri tamamilə müflisləşib və fəaliyyətini dayandırıb, bəziləri isə fəaliyyətini zərərlə də olsa davam etdirir. Onun sözlərinə görə ümumən sərt karantin iqtisadi vəziyyəti ağırlaşdırıb və bundan bütün sahələrdə fəaliyyət göstərən sahibkarlar, fərdi şəxslər, muzdla çalışanlar əziyyət çəkir. Buna görə də İ.Qarayev biznes fəaliyyəti ilə bağlı sahibkarlara güzəşt və dəstəyin verilməsinin vacib olduğunu düşünür. O bununla bağlı bəzi təkliflər verdi: “Sahibkarları qorumaq lazımdır ki, onlar müflis olmasın, sərbəst vəsaitləri sıfıra enməsin. Əks təqdirdə pandemiyadan sonra onların biznes fəaliyyətini genişləndirmək imkanı çox məhdud olacaq. Sahibkarların vəziyyətinin ağırlaşması iş yerlərinin də bağlanmasına səbəb olur. Bu da əlavə məşğulluq problemi yaradır. 


Pandemiyadan zərər çəkən sahibkarlıq sahələri müəyyən olunandan sonra onlara konkret məsələlərlə bağlı dəstək verilməlidir. Kredit tətillərinin verilməsi məqsədəuyğundur. Zərər görən sahibkarların kredit borclarını müəyyən müddətə, məsələn 3-6 ay ərzində dayandırmaq yaxşı olardı. 

Analogiya üzrə vergi yığımları da dayandırılmalıdır. Qaydalara görə ötən ilin dövriyyəsi əsas götürülərək müəssisənin gəlir vergisinə sərəncam qoyulur. Bu qaydaya əsasən öncədən hesabdan vəsait götürülür, vəsait olmadıqda isə hesab dondurulur. İndiki dövrdə belə bir qaydanın tətbiqi məntiqsizdir. 2019-cu illə indiki ağır ilin anologiyasını aparmaq düzgün deyil. Bu qaydanın tətbiqi müvəqqəti dayandırılmalıdır. Məsələn, bir il ərzində hesaba sərənsam qoyulması məhdudlaşdırılmalıdır. Çünki sahibkarların vəziyyəti yaxşı deyil və onların hesabına sərəncam qoymaqla vəziyyətləri bir qədər də ağırlaşır.

Vergi tətillərinin tətbiq olunması vacibdir. Bəzi vergilərin ödənilməsində sahibkarlar çətinlik çəkir. Onlara da vergilərin ödənilməsində 3-6 aylıq güzəşt müddəti tətbiq edilə bilər.

Subsidiyaların artırılması və genişləndirilməsi vacibdir. Bəzi sahələrə subsidiya verilir. Amma yaxşı olardı ki, zərər çəkən sahələrdəki sahibkarlara da subsidiya ayrılsın.

Əmək haqlarının ödənişi ilə bağlı verilən dəstəkdə problemlər var. Sahibkarlar gəlir əldə etmirsə ya əmək haqqı ödəməməlidir, ya da işçiləri işdən azad etməlidir. Pandemiya dövründə işdən azad etməyə icazə verilmir. Belə olan halda əmək haqqı ödənişində kömək edilməlidir. Əvvəlki sərt karantin dövründə hökumət əmək haqqı ödənişi ilə bağlı köməklik etmişdi. İndi bu məsələni bir qədər də genişləndirmək lazımdır.

İxraca dəstək tədbirlərinin artırılması bir qədər də gücləndirilməli və genişləndirilməlidir. Ölkəmizə valyuta daxil olması üçün, qeyri-neft sekrtorunun ixrac imkanlarının yaxşılaşdırılması məqsədilə ixraca dəstək vacibdir.

Yeni yaradılan sahibkarlar üçün dəstək mexanizmləri hazırlanmalıdır. İlk dəfə biznesə başlayan sahibkara vergi güzəştləri, ucuz kreditlər, hətta subsidiyalar verilməlidir. Bu istiqamətdə ayrıca dəstək proqramının olması yaxşı olardı.

Eyni zamanda şirkətlərin, sahibkarların xarici valyutada olan kredit borcları milli valyutaya dəyişdirilməsi nəzərdən keçirilməlidir.

Bunlar edilərsə, sahibkarların özlərindən asılı olmayan çətin vəziyyət bir qədər yüngülləşər.

Bəzi spesifik sahələr var ki, onlara yanaşma xüsusi olmalıdır”.

İ.Qarayev söylədi ki, sərt karantin dövründə turizm, otelçilik, ictimai iaşə sektoru, pərakəndə ticarət dövriyyəsi, o cümlədən qeyri-ərzaq mallarının ticarəti daha çox çətinlik çəkəcək. Bundan başqa digər xidmət sahələri, o cümlədən bərbər, təhsil, xırda təmir sahələri ilə məşğul olan sahibkarların vəziyyəti ağırlaşacaq.

30 Kasım 2020 Pazartesi

Rövşən Ağayev: "İşğaldan azad edilən bölgələrin ən böyük potensialı turizmlə bağlı ola bilər"


İşğal altında olan ərazilərin azad edilməsindən sonra müzakirə olunan əsas məsələlərdən biri də həmin ərazilərin iqtisadi potensialı ilə bağlıdır.
"İqtisadi Forum" Ekspert Qrupunun üzvü Rövşən Ağayev facebook səhifəsində işğaldan azad edilən ərazilərin iqtisadi imkanları ilə bağlı öz fikirlərini ifadə edib. R.Ağayev qeyd edib ki, rəsmi statistikada məlumat qıtlığı olduğundan hərtərəfli analiz aparmaq çətindir. Bununla belə o işğaldan azad edilən ərazilərin 3 cəhətini fərqləndirib.
Ekspert deyib ki, bu bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır: "Bir real fakt deyim, aydın olsun. Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95%-ni neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir və mövcud ÜDM-nin 0,12%-i qədərdir. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu, yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil".
R.Ağayev hesab edir ki, bölgələrin ən böyük potensialı turizmlə bağlı ola bilər: "Tibbi turizm üçün unikal imkanlar var. Eynu dərəcədə tarixi və istirahət turizmi üçün də imkanlar genişdir. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər - söhbət ən azı 1,5 milyard dollardan gedir".
Ekspert işğaldan azad edilən ərazilərin aqrar potensialı böyük olduğunu da qeyd edib: "Yeddi rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torapqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqları.
Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanlara malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir. Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 180 min hektar təşkil edir ki, ondan ən yaxşı halda 15%-i əkinə yararlıdır. Bu 2 rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. 7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir.
Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var. Azərbaycan kərə yağ idxalının 50%-ni, ət və ət məhsularının 15%-ə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq, ixrac yönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür".

Qeyd: Rövşən Ağayevin sözügedən statusu ilə aşağıdakı linkdən tanış olmaq mümkündür

https://www.facebook.com/rovshan.agayev.90/posts/10219517659914543

27 Kasım 2020 Cuma

Samir Əliyev: "“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun ömrü başa çatır"


2020-ci ilin dekabrın 4-ü “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun ömrü başa çatır.

"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı-ekspert Samir Əliyev facebook səhifəsində bununla bağlı şərh yazıb. O şərhində qanunun tətbiq müddətinin uzadılmayacağı qənaətində olduğunu bildirib:

“Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələki bu barədə xəbər yoxdur", - deyən S. Əliyev güman edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələbləri qüvvəyə minəcək: "Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq.
Əslində bütün çatışmazlıqlara rəğmən tam sığortalanma mexanizmi öz işini gördü və onu tarixə göndərməyin vaxtı çatıb. Son dəfə bağlanmış 4 bankın təcrübəsi göstərdi ki, tam sığortalanma mexanizmi xeyli problemlər yaradır. Məhdud kompensasiya verilməsini nəzərdə tutan və gələn həftədən qüvvəyə minəcək Qanunun isə təkmilləşdirilməsinə ehtiyac var”

S.Əliyev hesab edir ki, əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi üçün aşağıdakı təklifləri nəzərdən keçirmək olar.

1.Əmanətlərin tam sığortalanması mexanizmindən imtina etmək və kompensasiya məbləğinə limitin tətbiqi. Bunun üçün 2020-ci il dekabrın 4-də qüvvədən düşəcək “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddətini uzatmamaq kifayət edir.

2. Qorunan əmanətlər üçün kompensasiya məbləğinin artırılması. Kompensasiya məbləğinin həcmi hazırkı 30 min manat səviyyəsindən ən azı 70 min manat səviyyəsinə qaldırıla bilər.

3. Qorunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi. Xarici ölkələrdə olduğu kimi, fərdi sahibkarların cari hesablarının, mənzil-kommunal xidməti göstərən şirkətlərin depozitlərinin sığortalanması təmin edilə bilər. Eyni zamanda, nağdsız ödənişləri stimullaşdırmaq üçün ödəniş kartlarında (əməkhaqqı, sosial müavinətlər, sahibkarların cari hesabları) olan bütün vəsaitlər sığortalanır.

4. Əksdollarlaşma siyasətinin davam etdirilməsi. Əhalini milli valyutada olan əmanətlərə təşviq etmək üçün xarici valyutada olan əmanətlərin sığortalanması üçün illik faiz dərəcəsi 1%-ə endirilə bilər. Digər addım kimi xarici valyutada olan əmanətlərin kompensasiya məbləğini azaltmaq olar.

5. Kompensasiya verilməsi müddətinin dəqiqləşdirilməsi və qısaldılması. Qanunvericilikdə kompensasiyanın verilməsinə başlanması müddəti konkret göstərilməlidir. Eyni zamanda, bu müddət 5 təqvim gününə kimi qısaldıla bilər.

6. Ləğvetmə prosesində şəffaflığın təmin edilməsi. Ləğvetmə komissiyasının tərkibinə ictimaiyyət nümayəndələrinin, ekspertlərin daxil edilməsi, hərracların keçirilməsi prosedurlarının şəffaflaşdırılması vacibdir. Məlumatlar Fondun saytında detallı yerləşdirilməlidir.

7. Əmanətlərin Sığortalanması Fondunun işində şəffaflığın təmin edilməsi. Fond öz fəaliyyəti barədə detallı proqram və audit hesabatlarını açıqlamalıdır. Eyni zamanda, qorunan və qorunmayan əmanətlərin həcmi, valyuta strukturu, əmanət hesabları üzrə bölgüsü və s. meyarlar üzrə statistik məlumat bazası açıqlanmalıdır.


Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-dək qaldırılıb.

S.Əliyevin facebook-dakı şərhi ilə bu linkdən tanış olmaq mümkündür: 

https://www.facebook.com/samir.aliyev/posts/10221477385858071

23 Kasım 2020 Pazartesi

Azər Mehtiyev: "Orada şəhidlərimizin qanı axıb, məmurlar bunu nəzərə almalıdırlar"


"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı alim Azər Mehtiyev "Kanal13" inetnet TV-nin qonağı olub. Verilişdə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azər Mehtiyev bildirib ki, tarixən müharibələrdə qələbə qazanan ölkələrdə böyük dirçəliş dövrü yaşanır. Onun fikrincə, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi inkişafına layiqincə qoşula bilməsi üçün ciddi işlənilən bir dövlət proqramına ehtiyac var: "Həmin proqramda bölgənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. İlk növbədə həmin ərazilərdə istehsal və sosial infrastrukturun qurulması prosesi başlayacaq. Bununla paralel olaraq regionda olan potensialın iqtisadi dövriyyə qoşulması prosesi də həyata keçiriləcək. Ərazilər sıfırdan yenidən qurulacaq. Hər şeyin yenidən qurulmasının üstünlüyü də olacaq. Bu vəziyyət bizə işğaldan azad edilən ərazilərin inkişafında yeni yanaşmanın tətbiqinə imkan yaradacaq".

A.Mehtiyevin fikirləri ilə tam şəkildə buradan tanış olmaq mümkündür:



19 Kasım 2020 Perşembe

Ekspert işğaldan azad edilən ərazilərlə bağlı sosial-iqtisadi inkişaf proqramının qəbulunu təklif edir

 

Qarabağın işğaldan azad edilən ərazilərində kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Bura həm heyvandarlığın, həm də bitkiçiliyin inkişaf etdirilməsi üçün əlverişlidir. Kənd Təsərrüfatı Nazirliyinin və müstəqil ekspertlərin açıqlamaları göstərir ki, işğaldan azad edilən ərazilərin istismarı respublikada kənd təsərrüfatının inkişafına güclü dəstək olacaq.

Bəs, bu ərazilərdə kənd təsərrüfatı fəaliyyətini təmin etmək məqsədilə ilk növbədə hansı tədbirlər görülməlidir ki, ərazilərin istismarı mümkün olsun?

Sfera.az-a danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, hökumət bu məqsədlə qısa müddətdə Dağlıq Qarabağın və ətraf rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı hazırlamalıdır. O təklif edir ki, dövlət proqramının hazırlanması zamanı regionu və sosial-iqtisadi sahələri yaxşı bilən mütəxəsislər cəlb edilsin, onların rəyi nəzərə alınsın. “Yanaşma bu cür olarsa, işğaldan azad edilən ərazilərdə qısa müddətdə iqtisadi fəaliyyətə başlamaq olar”, - deyən V.Məhərrəmov regionun həm heyvandarlıq, həm də bitkiçiyini inkişafı üçün böyük imkanlara sahib olduğunu söylədi: “Qarabağda daha çox heyvandarlığın inkişaf etdirilməsi üçün münbit şərait var. Burada kənd təsərrüfatına yararlı ərazilərin əsasını otlaq əraziləri, təbii biçənəklər təşkil edir. Bu vəziyyət həmin ərazilərdə heyvandarlığın inkişaf etdirilməsinə imkan yaradır”.

V.Məhərrəmovun fikrincə, ilk növbədə suvarmanın düzgün təşkili olmalıdır: “Son 20 ildə iqlim dəyişikliyi baş verib və bunun regiona təsiri olub. Mən bu ərazilərin işğal altında qaldığı dövrdə necə və hansı məqsədlə istifadə edilməsi ilə bağlı araşdırma aparmışam. Məlum olur ki, işğal altında qaldığı dövrdə ərazilərdə məhsuldarlıq, xüsusən taxılçılıqda çox aşağı olub. Bu onunla bağlıdır ki, ərazidə su olsa da suvarma işləri düzgün təşkil edilməyib. Əvvəlki qədər intensiv qar yağışları olmasa da mütəmadi yağışlar yağır, çoxlu sayda iri və xırda göllər var, o göllərə su yığılır. İndi həmin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Suyu həm örüş, həm də əkin sahələrinə çatdırmaq lazımdır”.

Ekspert qeyd etdi ki, digər mühüm məsələ torpaqların münbitliyinin artırılmasıdır: “Kənd təsərrüfatı məhsulunu torpaq olmayan mühitdə də yetişdirmək olur. Əsas su və kimyəvi elemetlər olduqdan sonra bitki məhsulunu yetişdirmək mümkündür. İşğaldan azad edilən ərzilərdə xeyli işlər görülməlidir ki, torpaqlar münbitləşsin. Əvvəllər bizim kəndlilərin istifadə etdiyi ərazilərdə uzun müddət yağışların yağması bitkinin yetişməsi üçün zəruri olan elementləri yuyub torpağın alt hissəsinə aparıb. Həmin torpaqlar yenidən münbitləşdirilməlidir, ona həm üzvi, həm də mineral gübrələr verilməlidir.

Düşünürəm ki, örüş sahələrinin münbitləşdirilməsinə bir o qədər də ehtiyac yoxdur. Çünki örüş sahələrində olan bitkilər cürüdükcə torpaqların hums qatını artırıb. Amma əkin ərazilərində bu baş verməyib.

Bütün işlərin görülmə müddəti hökumətin çevikliyindən asılı olacaq. Mütəxəsislər gedib yerində baxmalıdır və müəyyən etməlidir ki, harda hansı işlərin görülməlidir. Məsələn, örüş sahələrindən istifadə qısa müddətdə mümkün olacaq. Hazırda örüş ərazilərinə qış yağışları yağır yazda həmin sahələrdən istifadə etmək mümkündür. Amma burada da işi düzgü təşkil etmək lazımdır. Digər rayonlarda buraxılan səhvlər burada buraxılmamalıdır. Örüş ərazilərinin ilk növbədə növbəli otarılması təşkil edilməlidir, sonra toxum səpilib suvarma işi aparılmalıdır ki, sahələrdə seyrəklik aradan qalxsın”.

V.Məhərrəmov bütün işlərin görülməsi üçün əlavə investisiyalara ehtiyac yaranacağını da dedi: “Məlumdur ki, bu ərazilərdə yaşamış insanların bəzilərinin hazırda iri və xırda buynuzlu heyvanları var. Onlar sahib olduqları heyvanları aparıb otlaq ərazilərindən örüş sahəsi kimi istifadə edə bilər.

Heyvandarlığın inkişafı üçün həm də qüvvəli, qarışıq yemə ehtiyac var. Buna görə də hökmən taxıl əkini həyata keçirilməlidir, əldə edilən məhsulu üyüdüb yem kimi verilməlidir. Əvvəlki kimi primitiv qaydada yox, yeni texnologiyadan istifadə etməklə yemləmə təşkil edilməlidir ki, ət və süd istehsalı daha çox olsun.

Əkinçilik sahələrini də qısa müddətdə istismar etmək olar. Əkin sahələri analiz edilərək, müəyyənləşdirilməlidir ki, hansı kimyəvi element var, nə qədərdir və hansı elementin nə qədər əlavə edilməsiə ehtiyac var. Bu müəyyən ediləndən sonra dərhal əkin işləri aparılıb, aqrotexniki qaydalara əməl edilməlidir.

Qeyd etdiyim işlər üçün uzun müddət lazım deyil.

İşğaldan azad edilən ərazilərdə kən təsərrüfatı gəaliyyəti üçün böyük vəsaitə ehtiyac olacaq. Əlavə kənd təsərrüfatı və digər texnikalar alınmalıdır. Traktorlara, aqreqatlara, kombaynlara, yükdaşıma üçün avtonəqliyyat vasitələrinə ehtiyac olacaq”.

16 Kasım 2020 Pazartesi

35 yaşlı Avropa Xartiyasının 20 yaşlı Azərbaycan bələdiyyələri üçün öhdəlikləri



Oktyabrın 15-i Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının elan edilməsinin 35 yaşı tamam oldu. Xartiya 1985-ci il oktyabr ayının 15-də imzalanmaya açıq elan edilib və 1988-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minib. İlk olaraq 5 ölkə – Almaniya, Avstriya, Danimarka, Lixtenşteyn, Lüksemburq Xartiyanı qəbul edib. Daha sonra Avropa Şurasına üzv olan digər ölkələr imzalanma prosesinə qoşulublar.

Keçmiş SSRİ ölkələri arasında Xartiyanın ən tez qüvvəyə mindiyi ölkə Estoniya (1995), ən gec qüvvəyə mindiyi ölkə isə Gürcüstan (2005) olub. Latviyada 1997-ci ildə, Ukrayna, Moldova və Rusiyada 1998-ci ildə, Litvada 1999-cu ildə, Azərbaycan və Ermənistanda isə 2002-ci ildə qüvvəyə minib. Hazırda Xartiyanı Avropa Şurasının 47 üzv ölkəsi ratifikasiya edib.

Yerli Özünüidarəyə Dair Avropa Xartiyası yerli hakimiyyətlərin hüquqlarının müdafiəsi standartlarını tənzimləyir və onu ratifikasiya etmiş üzv dövlətlərdən bir sıra şərtlərin və prinsiplərin icbari qaydada icrasını tələb edir. Xartiyanın preambulasında qeyd edilir ki, Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış dövlətlər yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş əsaslarından birini təşkil etdiyini, dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun demokratik prinsiplərə aid olduğunu, real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin etməsini, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokratik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti, onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan vəsaitlər baxımından geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu qəbul edirlər.

Xartiyanın tələblərinə görə, onu ratifikasiya edən hər bir ölkə Xartiyanın 1-ci hissəsinin (maddə 1 – 11) ən azı iyirmi bəndinə riayət etməyi öhdəsinə götürməlidir və onlardan ən azı on bənd aşağıdakı bəndlər arasından seçilməlidir:

* maddə 2
* maddə 3, 1-ci və 2-ci bəndlər
* maddə 4, 1-ci, 2-ci, 4-cü bəndlər
* maddə 5
* maddə 7, 1-ci bənd
* maddə 8, 2-ci bənd
* maddə 9, 1-ci, 2-ci və 3-cü bəndlər
* maddə 10, 1-ci bənd
* maddə 11.


Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, 2001-ci il dekabrın 25-də, Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını qəbul edib və sənəd 2002-ci ildə parlament tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Hökumət minimal tələbləri ödəməklə yanaşı, əlavə olaraq aşağıdakı maddə və bəndlər üzrə öhdəliklər götürdüyünü bəyan edib:

* maddə 4-ün VI bəndi;
* maddə 6, I və II bəndləri;
* maddə 7-nin III bəndi;
* maddə 8-in III bəndi;
* maddə 9-un IV, VII və VIII bəndləri;
* maddə 10-un II və III bəndləri


Xartiyanın əsas vacib bəndlərindən olan, ancaq Azərbaycanın qəbul etmədiyi bəndərdən biri 4.3-cü bənddir. Bənddə deyilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir. Bu bənd dövlət öhdəliklərinin əksmərkəzləşməsinin ümumi prinsiplərini nəzərdə tutur. Onun mahiyyəti odur ki, dövlət öhdəliklərinin icrası üçün səlahiyyətlər yuxarıdan aşağı yox, aşağıdan yuxarı bölüşdürülməlidir. Dövlətin strateji öhdəlikləri (məsələn, hərbi-sənaye kompleksi) öz üzərinə götürməsi anlaşılandır. Ancaq dövlət yerli əhəmiyyətli öhdəliklərin böyük hissəsini “mənimsəyərək” yerli özünüidarə qurumlarını səlahiyyətsiz qoyursa, bu halda ölkədə idarəetmənin mərkəzləşməsi baş verir. Xartiyada vətəndaşlara daha yaxın olan hakimiyyət orqanları qismində yerli hakimiyyət qurumu olan bələdiyyələr nəzərdə tutulur. Çünki hesab edilir ki, mərkəzi hakimiyyət orqanlarından fərqli olaraq yerli problemləri məhz bələdiyyələr dərindən bilirlər. 4.3.-cü bənddə səlahiyyətlərin yalnız xüsusi hallarda (vəzifənin həcmi və xarakteri, səmərəlilik və qənaət tələbləri) digərinə ötürülməsi qeyd edilir. Burada ötürülmə prinsipi səlahiyyətin onu bələdiyyə qurumu icra etmək gücündə olmadıqda mərkəzi hakimiyyətə ötürülə bilməsini nəzərdə tutur. Bu, subsidiarlıq prinsipi adlanır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı verdiyi tövsiyələrdə bələdiyyə qanunvericiliyinə subsidiarlıq prinsiplərinin daxil edilməsini qeyd edib.

Qəbul edilməyən digər 7.2.-ci bənddə yazılır: Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini həyata keçirmələri ilə bağlı çəkdikləri xərclərin müvafiq pul kompensasiyasını, həmçinin, zərurət olduqda, əldən çıxmış faydaya, yaxud əməkhaqqına görə kompensasiyanı və müvafiq sosial sığortanı almağa imkan verməlidir. Bu bənd ona yönəlib ki, seçilmiş şəxslər öz funksiyalarını icra edərkən üçüncü tərəfin əngəlləri ilə üzləşməsinlər və müəyyən kateqoriyadan olan şəxslər maddi təminat çətinliyinə görə namizədliklərini irəli sürmək imkanından məhrum olmasınlar. Maddi təminat olaraq funksiyanın icrası üçün bələdiyyə üzvünə zəruri maliyyə kompensasiyasının verilməsi, tam iş gününü bələdiyyəyə həsr edən bələdiyyə üzvünün əvvəlki iş yerində aylıq maaşını itirməsi müqabilində maliyyə ilə təmin olunması nəzərdə tutulur. Azərbaycanda bələdiyyə qurumlarının mövcud maliyyə imkanlarının zəif olması bu öhdəliyin icrasına mane olur. Xüsusilə kənd bələdiyyələrinin illik büdcəsinin gəlirləri bələdiyyə üzvlərinin maliyyə təminatına imkan vermir. Rəsmi məlumata görə, 2019-cu ildə Ağstafa rayonunda bələdiyyələrin orta illik büdcəsi 5370 manat olub. Analoji göstərici Daşkəsəndə 6200 manat, Goranboyda 4640 manat, Cəlilabadda 4800 manat, Lerikdə 2850 manat, Yardımlıda 2860 manat olub. Sadə bir hesablama aparaq: təkcə bələdiyyə sədrinə minimum əməkhaqqı (aylıq 250 manat) vermək üçün əməkhaqqı fondunun illik həcmi 4000 manat olmalıdır. Elə bələdiyyələr var ki, onların büdcəsi bələdiyyə sədrinin əməkhaqqını ödəməyə imkan vermir. Belə olan halda, digər bələdiyyə üzvlərinə əməkhaqqı ödəmək mümkünsüz olur.

Xartiyanın 9-cu maddəsi yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələrinə həsr olunub. Azərbaycan bu maddənin 5-ci və 6-cı bəndlərini qəbul etməyib. 5-ci bənddə deyilir ki, Maliyyə baxımından daha zəif olan yerli özünüidarə orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının, yaxud yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bərabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbirlərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır. 6-cı bəndində isə yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmağın zəruriliyi qeyd edilir. Bu bəndlərdə resursların bölüşdürülməsinin konkret meyarlar əsasında həyata keçirilməsi və bu mexanizmin qanunvericiliklə tənzimlənməsi, habelə bu qanunvericiliyin hazırlanması prosesində yerli hakimiyyətlərlə məsləhətləşmələr aparılmasının zəruriliyi qeyd edilir. Hazırda qanunvericilik dövlət büdcəsindən bələdiyyələrə məqsədli və məqsədsiz maliyyə yardımı edilməsini nəzərdə tutur. Məqsədli maliyyə yardımı verilməsi təcrübəsinə bələdiyyələrin 20 illik fəaliyyəti dövründə ancaq son iki ildə başlanıb. Məqsədsiz maliyyə yardımına gəlincə, bu vəsaitlərin bölüşdürülməsinin meyarları məhduddur və ədalətli bölgünü təmin edə bilmir. 2019-cu ildə dövlət büdcəsində bütün bələdiyyələrə verilən maliyyə yardımının həcmi 5,7 milyon manat olub və bu mənbənin yerli büdcə gəlirlərində payı 15,9% təşkil edib. Dövlət büdcəsindən bələdiyyələrə verilən maliyyə yardımının dövlət büdcəsinin ümumi xərclərində payı 0,02% təşkil edib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Qrupu Azərbaycan hökumətinin Xartiyanın tələblərini yerinə yetirmə səviyyəsini qiymətləndirmək üçün 2 dəfə monitorinq aparıb. İlk monitorinqin nəticəsi olaraq 2003-cü ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycan hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsinin zəruriliyini ifadə edən “Azərbaycanda yerli və regional demokratiya” adlı Tövsiyə (126 saylı) ünvanlayıb. Növbəti monitorinq 2012-ci ildə keçirilib və 326 saylı ikinci Tövsiyə verilib. 3-cü monitorinqin keçirilməsi 2020-ci ildə nəzərdə tutulsa da, COVİD-19 pandemiyasının yayılması səbəbindən monitorinq fəaliyyəti növbəti ilə təxirə salınıb.

Hər iki Tövsiyədə qaldırılan problemlərin mahiyyəti və xarakteri eynidir. 326 saylı sonuncu Tövsiyə sənədində Konqres dərin təəssüf hissi ilə 126 saylı sənəddə milli hakimiyyət orqanlarına ünvanlanmış tövsiyələrin əksəriyyətinin indiyədək həyata keçirilmədiyini vurğulayaraq Azərbaycan hökumətini Xartiyanın ratifikasiya edilmiş maddələrinə əməl etməyə çağırıb. Konqres Azərbaycanda yerli özünüidarə institutunun Xartiyanın tələblərinə uyğun gəlməyən problemlərini qeyd edib. Onların bəziləri bunlardır:

“Bələdiyyələrin statusu haqqında“ Qanunda yerli özünüidarəetmə anlayışının qeyri-kafi və qeyri-dəqiq müəyyənliyi (Xartiyanın 2 və 3-cü maddələri);
Yerli idarəetmə sistemində paralelliyin mövcudluğu. Konstitusiyaya uyğun olaraq, yerli idarəetmə həm dövlət orqanları hesab edilən yerli icra hakimiyyəti orqanları tərəfindən, həm də son dərəcə məhdud rola malik bələdiyyələr tərəfindən həyata keçirilir (Xartiyanın 3 və 4-cü maddələri);
Bələdiyyələri dövlət idarəetmə orqanlarının bir hissəsi olan yerli icra hakimiyyəti orqanlarının faktiki tabeliyinə salan subordinasiya münasibətlərinin mövcudluğu (Xartiyanın 3 və 4-cü maddələri);
Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında vəzifə və səlahiyyətlərin dəqiq bölünməməsi (Xartiyanın 4-cü maddəsi);
Bələdiyyələrin zəif maliyyə potensialının olması. Bu, onlara təqdim edilən dövlət transfertlərinin aşağı səviyyədə olması və bələdiyyələrin malik olduqları vergi toplanması mexanizmlərinin səmərəsizliyi ilə bağlıdır (Xartiyanın 9-cu maddəsi);
Birbaşa onlara aid olan bütün məsələlər üzrə planlaşdırma və qərar qəbuletmə zamanı bələdiyyələrlə və milli bələdiyyə assosiasiyaları ilə lazımi vaxtlarda və müvafiq qaydada məsləhətləşmə prosedurlarının olmaması (Xartiyanın 4(6)-cı maddəsi);
Bir tərəfdən bələdiyyə qulluqçularının statusu və səlahiyyətlərini, digər tərəfdən isə onların hüquq və vəzifələrini tənzimləyən qanunvericilikdə olan boşluqlar (Xartiyanın 6-cı maddəsi);


Konqres Azərbaycanda yerli özünüidarə institutunda mövcud olan problemləri qabardanda əsasən 3 vacib məqamı xüsusi qeyd edir. Bu, yerli özünüidarə qurumlarının statusunun qeyri-müəyyənliyi, səlahiyyətlərinin məhdudluğu və maliyyə imkanlarının azlığıdır. Məsələn, Monitorinq Qrupu Xartiyanın 2 və 3-cü maddələrinə istinad edərək Azərbaycanda yerli özünüidarəetmə anlayışının qeyri-kafi və qeyri-dəqiq müəyyənləşdirildiyini qeyd edir. Xartiyanın 3-cü maddəsində yerli özünüidarə anlayışının izahı verilir. Xartiyaya görə, yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda isə bələdiyyələrin dövlət işlərinin bir hissəsini yerinə yetirmək hüququ tanınır. «Yerli Özünüidarə haqqında» Avropa Xartiyasının müddəalarına dair «İzahedici Hesabat» adlı sənəddə göstərilir ki, 3-cü maddədə qeyd edilən “qabiliyyət” sözü özündə müəyyən dövlət işlərinin effektiv idarə edilməsi üçün zəruri vəsaitlə təminolma zəruriliyini ehtiva edir. “Məsuliyyəti öz üzərinə götürmək” ifadəsinin izahı budur ki, yerli özünüidarə orqanlarının fəaliyyəti yuxarı hakimiyyət orqanlarının iradəsini yerinə yetirməklə məhdudlaşmır. Bu baxımdan Konqres təklif edir ki, qanunvericiliyə yenidən baxılaraq bələdiyyələrin ümumi dövlət idarəçiliyi orqanları qismində dövlət hakimiyyətini həyata keçirən əksmərkəzləşdirilmiş qurumlar kimi tanınması təmin edilsin.

Bələdiyyələrin maliyyə imkanına gəlincə, onun həqiqətən zəif olduğunu görə bilərik. 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən 1606 bələdiyyənin ümumi illik büdcəsi 36,4 milyon manat olub. Bu, o deməkdir ki, adambaşına düşən büdcə gəlirlərinin həcmi 3,6 manata bərabərdir. Bir bələdiyyənin orta illik büdcəsi 22,7 min manat olub. Bakı şəhərində bələdiyyələrin orta illik büdcəsi 185,8 min manat, Abşeron rayonu üzrə 111,8 min manat olduğu halda, digər ərazilər üzrə bu göstərici orta hesabla 15,2 min manat olub. Büdcə gəlirlərinin 27,1%-i 53 bələdiyyəni özündə birləşdirən Bakı şəhəri, 9,2%-i 30 bələdiyyəni birləşdirən Abşeron rayonu bələdiyyələrinin payına düşür.

Xatırladım ki, Azərbaycan hökuməti Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını xüsusi bəyanatla ratifikasiya edib. Bəyanatda qeyd edilib ki, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğalı həmin əraziləri tərk etmək məcburiyyətində qalmış yüz minlərlə məcburi köçkünü yerli özünüidarə hüququnu həyata keçirmək imkanından məhrum edib. Bu hüququn bərpası yalnız işğal faktı aradan qaldırıldıqdan və məcburi köçkünlər tərk etmək məcburiyyətində qaldıqları yaşayış məskənlərinə qayıtdıqdan sonra mümkündür. 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş döyüşlər nəticəsində Azərbaycan dövləti işğal olunmuş ərazilərin əksər hissəsini geri qaytarmağa müvəffəq olsa da, obyektiv səbəblərdən həmin ərazilərdə müəyyən müddət əhalinin yerli özünüidarə hüquqlarının bərpası mümkün olmayacaq.

Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının ayrı-ayrı maddələrinin qəbulu və ona əməl edilməsi səviyyəsi hökumətlərin öz ölkəsində yerli demokratiyanın inkişafına marağını göstərən bir indikatordur. Yerli demokratiya özündə yerli səviyyədə vətəndaş iştirakçılığı, əhali rəylərinin qərar qəbulu prosesində nəzərə alınmasını, şəffaflığı və hesabatlılığı ehtiva edir. Bütün bunlara güclü yerli özünüidarə institutları qurmaqla və əksmərkəzləşmə islahatları aparmaqla nail olmaq olar. Azərbaycan ilk gündən Xartiyanın tələb olunan minimal öhdəliklərini qəbul etsə də, hələ vacib olan bəndlərin qəbuluna tələsmir.

Qeyd: Yazı ilə aşağıdakı linkdən də tanış olmaq olar

https://bakuresearchinstitute.org/az/35-year-old-european-charter-obligations-for-20-year-old-azerbaijani-municipalities/?fbclid=IwAR3U_FEEZzJaafIHqKWzfGly0MmnZysxdEm4cia2ljy7TZ9Z_r2tXOKhzCM