30 Eylül 2018 Pazar

"Ödədiyini açıqla" Beynəlxalq təşkilatın Bakıda Avrasiya Regional Konfransı keçirilib

26-27 sentyabrda Bakıda "Ödədiyini açıqla" Beynəlxalq təşkilatın Bakıda Avrasiya Regional Konfransı keçirilib. Konfransda 21 xarici (Qazaxstan, Monqoliya, Albaniya, Rusiya, Tacikistan, Qırğızstan, Britaniya, Fransa, ABŞ, İsveç) və 21 yerli ekspert iştirak etmişdir. Konfransın gündəliyi ilə buradan tanış ola bilərsiniz:
https://drive.google.com/drive/folders/1bO-jUKMmn6Kr_Fu1_fsK2AXarA1EF3nM?usp=sharing

Konfransdan şəkillərə burada baxa bilərsiniz:
https://photos.app.goo.gl/BJDwVbRCDza3nXta8 

Konfransın təşkilatçıları: PWYP, NRGI və Biznesin Tədrisi və Məsləhətlər MMC 

5 Eylül 2018 Çarşamba

Samir Əliyev: “Türkiyədə 2018-ci ilin ilk 6 ayında cari hesablar balansında mənfi saldo $21 milyarddan $31 milyarda qədər artıb.”



  
27.08.2018
www.1905.az portalının suallarını iqtisadçı Samir Əliyev cavablandırdı.


– Türkiyə Cümhuriyyətinin iqtisadi durumunu necə səciyyələndirərdiniz və Qurban bayramından sonra üçün proqnozlarınız nədən ibarətdir?


– Əlbəttə ki, Türkiyə bizim qonşu ölkədir. Yəni bizi təkcə milli bağlar bağlamır, biz həm də əsas xarici ticarət tərəfdaşıyıq. Xarici ticarətin statistikasına baxsaq görərik ki, Rusiya, Türkiyə bizim əsas ticarət tərəfdaşlarımızdır. İdxalda Rusiya və Türkiyənin payı eynidir. Bunlar bizim ən böyük idxalçı ölkələrdir. Ona görə Türkiyədə baş verən istənilən iqtisadi və siyasi proses bizim ölkəyə hansısa formada təsir etməlidir. Yəqin ki, iqtisadi proseslər daha çox təsir edir, nəinki siyasi proseslər. İlk dövrdə Ərdoğanın gəlişi ilə hakimiyyət arasındakı koordinasiyanın bərpa olunması prosesi baş verdi. Özünüz də bilirsiniz ki, orada hakimiyyət tez-tez dəyişirdi, koalision hökumətlər qurulurdu, dağılırdı. Amma, Ərdoğanın hakimiyyətə gəlməyi ilə təkhakimiyyətlilik yarandı və təbii ki, bunun iqtisadi səmərəsi də oldu.


– Yəni Siz 16 il əvvəl AKP-nin (Adalet ve Kalkınma Partisi – red.) hakimiyyətə gəlməyini nəzərdə tutursunuz.


23 Ağustos 2018 Perşembe

Sabit Bağırov: BENEFİSİARLARIN AÇIQLANMASI NƏYƏ GÖRƏ VACİBDİR?


2017-ci ildə Azərbaycan MHŞT-ni tərk etməsinə baxmayaraq MHŞT prinsiplərinə sadiq qaldığını bildirdi. Bu Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2017-ci il tarixli Fərmanında[1] əks etdirilir. Sənədin 1-ci bəndində belə bir qərar qeyd edilir:

“Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilsin”

Fərmana əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmışdır və Hasilat Sənayesində illik hesabtların hazırlanması və dərc edilməsi davam etdirilir. 2016-cı il üzrə Hesabat, demək olar ki, MHŞT Standartının tələblərinə uyğun hazırlanmışdır[2].

2016-cı il MHŞT Standartında tələblərlə yanaşı tövsiyələr də əks etdirilir. Bunlardan biri benefisiar sahibliyin açıqlanmasına aiddir. Benefisiar sahiblik nə deməkdir?

Azərbaycan Qanunvericiliyində bu gün bu məvhumun açılışı verilmir. Bununla belə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqındaAzərbaycan Respublikası Qanununun[3] “Əsas anlayışlar” Maddəsində Benefisiar Mülkiyyətçi anlayışı verilir:
1.0.12. benefisiar mülkiyyətçi - pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir;

26 Temmuz 2018 Perşembe

Azər Mehtiyev



Rusiya Ali İqtisadiyyat Məktəbi elmi tədqiqat və ixtiralara ən çox vəsait ayıran ölkələrin siyahısını açıqlayıb. 2016-cı ilin göstəricilərini əhatə edən reytinq cədvəlini Statistik Tədqiqatlar və İqtisadi Biliklər İnstitutu hazırlayıb. Siyahıya ABŞ başçılıq edir. Bu ölkə 2016-cı ildə elmi tədqiqat və kəşflərə ümumilikdə 511,1 milyard dollar xərcləyib. Reytinq cədvəlinin ikinci pilləsində 451,2 milyard dollarla Çin, üçüncü pilləsində 168,6 milyard dollarla Yaponiya qərarlaşır. 

Elmi tədqiqat və kəşflərə çəkilən xərclərin həcminə görə ilk onluqda sonrakı sıralama belədir:

Almaniya – 118,5 milyard dollar
Cənubi Koreya – 79,4 milyard dollar
Fransa – 62,2 milyard dollar
Hindistan – 50,1 milyard dollar
Böyük Britaniya – 47,2 milyard dollar
Braziliya – 41,1 milyard dollar
Rusiya – 39,9 milyard dollar.

Azərbaycan həmin siyahıda yer almasa da bildirək ki, 2018-ci il üçün ölkədə elmə ayrılan vəsait 128.1 mln. manat təşkil edir. 

Bəs, görəsən, həmin vəsait elmin inkişafı üçün yetərlidirmi? 

Mövzu ilə əlaqədar Toplum TV olaraq iqtisadçı- ekspert Azər Mehtiyevdən müsahibə aldıq. 

-  Azər bəy, 2018-ci il üçün ölkədə elmə ayrılan vəsait 128.1 mln. manat təşkil edir. Sizcə, bu vəsait hara gedir? 

19 Mayıs 2018 Cumartesi

ELAN

Sənədlərin qəbulu müddəti uzadıldı!


“Gənc iqtisadçı” proqramına iştirakçıların qəbulu haqqında
ELAN


“Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu” “Biznesin Tədrisi və Məsləhətlər” MMC ilə birlikdə “Gənc iqtisadçı” Proqramına iştirakçıların qəbulunu elan edir. Proqramda iştirak edəcək gənclər (30 yaşa qədər) xüsusi təlimlərdən keçərək elmi araşdırma aparmaq və iqtisadi inkişaf mövzularında Siyasət Yazısını (Poliсy Paper) hazırlamaq istiqamətlərində bilik və bacarıqlar əldə edə biləcəklər.  Müvəffəqiyyətlə təlim proqramını bitirən iştirakçılar Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (ABŞ) sertifikatı ilə mükafatlandırılacaq. Onlardan ən uğurlu 6 (altı) gəncə əlavə olaraq Notebook hədiyə ediləcəkdir.
Proqram iştirakçılarının ilkin seçim kriteriləri bunlardır:
Mütləq kriterilər: 1) Yaş <= 30; 2) İştirakçının cinsi: önəmli deyil; 3) Təhsili: Universitetin 3-cü kursundan aşağı olmaması, maqisterlər, doktorantlar; 4) İxtisaslaşma: iqtisadiyyat və ya iqtisadi prosesləri tənzimləyən qanunvericilik; 5) Kompyüter bilikləri: Microsoft office (WORD, EXCELL, POWER POINT); 6) istənilən iqtisadi mövzuda maksimum 3 səhifəlik yazı (bu və ya digər mövcud problemin təsviri və ya hər hansı iqtisadi vəziyyətin təhlili).
Əlavə kriterilər: 1) Xarici dil səviyyəsi; 2) hər hansı kursların bitirilməsini təsdiq edən sertifikatlar.
Seçimin son mərhələsində müraciət edənlər müsahibəyə dəvət olunacaqlar.
Proqrama bunlar daxildir:
  1. Policy Paper mövzusunda 2 günlük təlimdə iştirak (İyunun 27-28);
  2. Policy Paper mövzusunun seçilməsi (İyun-İyul 2018);
  3. Policy Paper-nin yazılması (İyul-Noyabr, 2018, Xüsusi Mentorun rəhbərliyində);
  4. Policy Paper-nin "İqtisadi Forum" İnternet TV-də müzakirəsi (Noyabr və ya Dekabr, 2018);
  5. Policy Paper-nin Dəyirmi masada təqdimatı (Yanvar və ya Fevral, 2019);
  6. Policy Paper-nin nəşri (Fevral 2019);
  7. Sertifikatla mükafatlandırma (Mart, 2019);
  8. Policy Paper-lərin müsabiqəsində iştirak (könüllüdür). 6 qalib Notebookla mükafatlandırılacaq (Aprel, 2019).
Proqramda iştirak etmək istəyən gənclər bu ünvana müraciət etməlidirlər:

Müraciətə CV, istənilən iqtisadi mövzuda maksimum 3 səhifəlik yazı və əgər varsa sertifikatların surətləri əlavə edilməlidir.
Suallarla da həmin e-ünvana müraciət etmək olar.
Müraciətin son tarixi: 4 İyun 2018, saat 18.00-a qədərdir
Proqram Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (ABŞ) dəstəyi ilə həyata keçirilir.

4 Mayıs 2018 Cuma

Bakıda “Bitcoin Pizza Day” keçiriləcək


Bu gün Blokçeyn Azərbaycan Mərkəzinin (BAM) toplantısı keçirilib. Toplantıda Mərkəzin qarşıdakı dövrdə həyata keçirəcəyi tədbirlər müzakirə olunub.
BAM yaxın vaxtlarda kriptovalyuta və blokçeyin texnologiyalardan yazan jurnalistlərin peşəkalığını artırmaq üçün təlimlər təşkil etməyi nəzərdə tutub. Qeyd edilib ki, təlimlər ödənişsiz olacaq.
Yaxın günlərdə BAM tərəfindən “Bitcoin Pizza Day” keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, 8 il öncə, hələ bitcoin-in populyar olmadığı zamanlarda,  22 may tarixində 10 min bitcoin ödənilərək  2 pizza alınıb. Hazırda isə həmin məbləğ 100 milyon dollara çatır.
Bu hadisədən sonra hər  il 22 may tarixində bitcoin istifadəçiləri arasında “Bitcoin Pizza Day” olaraq qeyd olunur. 
BAM-dan verilən xəbərə görə, həmin gün yığıncaqda kripto və blokçeyn texnologiyaları ilə maraqlananlar iştirak edəcək və müxtəlif təqdimatlar keçirəcək. Tədbirdə həmçinin blockchain.az  saytı da təqdim olunacaq.
BAM  yaxın vaxtlarda digər qurumlarla, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə sahibkarlar üçün “İCO  və Smart Contract” mövzusunda konfrans keçirməyi də planlaşdırır.
 

29 Nisan 2018 Pazar

AZƏRBAYCAN AÇIQ BÜDCƏ İNDEKSİNDƏ 17 BAL GERİLƏYİB


Kənan Aslanlı

Azərbaycan Açıq Büdcə İndeksi 2017 üzrə 100 mümkün baldan 34-nü toplayaraq 115 ölkə arasında 78-ci sıraya geriləyib. Azərbaycanın topladığı 34 bal 2015-ci ildəki nəticəsindən (51 bal) əhəmiyyətli dərəcədə aşağıdır.
Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership - IBP) dünyada dövlət büdcələrinin şəffaflığını və hesabatlılığını qiymətləndirən Açıq Büdcə İndeksinin 2017-ci il üzrə nəticələrini dərc edib. Açıq Büdcə İndeksi 145 indikator üzrə Açıq Büdcə Sorğusunun (Open Budget Survey) nəticələri əsasında tərtib edilir.
İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük büdcə icrası hesabatları, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.
Azərbaycanın yerləşdiyi sıra o deməkdir ki, bizim ölkə cəmiyyətə minimal büdcə məlumatı verən ölkələr səbətindədir. Qonşu ölkələrdən Gürcüstan (82/100) daha şəffaf büdcəsi olan 5 ölkədən biri seçilib. Türkiyə və Qazaxıstanın mövqelərində irəliləyiş, Rusiyada isə geriləmə var. Diaqram 1-də Azərbaycanın illər üzrə Açıq Büdcə İndeksini görmək mümkündür.

Diaqram 1-dən göründüyü kimi, 2015-ci ildən bəri Azərbaycanda cəmiyyətə verilən büdcə məlumatlarının səviyyəsi azalıb.
Açıq Büdcə İndeksinin ötən il üzrə nəticələrinə görə, Azərbaycanda 8 əsas büdcə sənədindən ikisini (büdcəöncəsi bəyanat, yarımillik büdcə icmalı) ümimiyyətlə açıqlanmır, birini isə (vətəndaş büdcəsi) gec yayımlanır. Azərbaycanda əsas büdcə sənədlərinin açıqlığı Diaqram 2-də verilib. Aylıq və ya rüblük büdcə icrası hesabatlarında, hökumətin büdcə layihəsində də məzmun zənginləşməli və verilən məlumatların miqyası artmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycan büdcəöncəsi bəyanatı və yarımillik büdcə icmalını ictimaiyyətə açıqlamalıdır. İllik əsasda nəşr edilən Audit Hesabatının məlumatlılıq məzmunu gücləndirilməlidir. Dövlət büdcəsinin şəffaflığı baxımından mövcud situasiyanın təkmilləşməyə ehtiyacı vardır.

Düzdür, 2014-2018-ci illərdə Azərbaycan hökuməti “Vətəndaşın Büdcə Bələdçisi” sənədini Maliyyə Nazirliyinin saytında yerləşdirilib, hökumətin büdcə layihəsində nəzərdə tutulan bəzi məlumatların miqyası artırılıb, amma bu ölkənin indeksinin yaxşılaşdırılması üçün yetərli deyil. Çünki, biri tərəfdən də yarımillik büdcə icmalının açıqlanmasının dayandırılması və təqdim olunan məlumatların keyfiyyətinin də aşağı düşməsi müşahidə olunur.
“Vətəndaşın Büdcə Bələdçisi” Azərbaycanın illik büdcəsinin asan və anlaşıla bilən bir icmaldır. Müvafiq ildə ediləcək xərcləmələri və bu xərclərin maliyyə mənbələri ilə bağlı təməl bilgiləri ehtiva edir və bunları sistemli şəkildə ictimaiyyətə çatdırır. Digər tərəfdən, icra ediləcək siyasətlərin sadə dildə cəmiyyətə açıqlanması, maliyyə ehtiyatlarının idarə edilməsinin təməl prinsiplərindən olan şəffaflıq və hesabatlılığın təmin edilməsi baxımından böyük önəm daşımaqdadır.
Açıq Büdcə İndeksinin metodoloji şərhlərinə əsasən hökumətlərin nəşr etməli və yaymalı olduqları “Vətəndaş Büdcəsi” (Citizens Budget) büdcə ili ərzində baş verəcək fəaliyyətlər və planlarla bağlı vətəndaşların məlumatını artırmaq və düzgün qavrayışını təmin etmək məqsədilə büdcə sənədinin qeyri-texniki dil və əlçatan formatda hazırlanan sadələşdirilmiş versiyası olmalıdır.
Aydın məsələdir ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsi üçün kifayət deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə bu sahədə vəziyyəti təkmilləşdirmək üçün Maliyyə Nazirliyi və Milli Məclisin birgə şəkildə mərkəzi hökumət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirilməsi vacibdir.
Ölkəmizdə büdcə üzərində kənar nəzarət büdcə şəffaflığı və ictimai iştirakçılıq komponentlərinə nisbətən indeksdə yüksək qiymətləndirilib (100-dən 63 bal). İndeksin Azərbaycan üzrə ölkə hesabatında ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində müəyyən təsir imkanlarına malik olduğu da vurğulanıb. Hesabata əsasən, ümumi mövqeyi güclənməli olan Milli Məclis xüsusilə maliyyə ilinin ortasında büdcəyə nəzarət tədbirlərini gücləndirməli və yeni hesabatlar açıqlamalıdır.
İctimai iştirakçılıq komponenti üzrə isə Azərbaycanın 100-dən cəmi 11 bal almağı göstərir ki, büdcə prosesində ictimaiyyətin iştirakı yox səviyyəsindədir. Açıq Büdcə İndeksinin tələblərinə görə, büdcə layihəsi hazırlananda və parlamentdə müzakirə olunanda ictimai iştirakçılıq təmin edilməlidir. Eləcə də dövlət və qeyri-hökumət təşkilatlarının iştiraki ilə qanunverici orqanda illik büdcənin formalaşdırılması və nəzarətlə bağlı ictimai dinləmələr keçirilməli, ictimaiyyətin müvafiq audit yoxlamalarında iştirak etməsi üçün formal mexanizmlər də yaradılmalıdır.


25 Nisan 2018 Çarşamba


Rovshan Agayev
Kənd təsərrüfatında kooperativlərin yaradılması vacibliyi

Azərbaycan hökuməti yaxın 3 ildə ölkədə 46 aqroholdinqin yaradılması prosesinin başa çatacağını bildirir. Rəsmi təbliğatın əsas vurğusu budur ki, həmin holdinqlər tam fəaliyyətə başlayandan sonra ölkənin ərazaq təhlükəsizliyinə böyük töhfə olmaqla yanaşı (daxili istehsalın genişlənməsi baxımından) ölkənin qeyri-neft ixrac potensialı da artacaq.
Rəsmi xəbərlərdə o da deyilir ki, bu holdinqlərin sərəncamında 150 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahəsi olacaq. Bu isə 800 min nəfərə yaxın xırda ailə təsərrüfatlarına islahat nəticəsində verilən pay torpaqlarının 12%-nə bərabər bir sahədir.
İlk baxışdan iri kənd təsərrüfatı holdinqlərinin yaradılması ilə bağlı rəsmi arqumentlər əsaslı görsənir. Lakin burda bir neçə problem var. Əvvəla, Azərbaycanda aqrar sektor ən azı 250-300 min nəfər ailənin əsas dolanışıq mənbəyidir. Bu ailələr əllərində ən yaxşı halda 1.5-2 hektar torpaq sahəsi olan xırda təsərrüfatlardır. Belə şəraitdə iri holdinqlərin dövlətin hər cür imtiyazları ilə və nəhəng resurslarla bazara daxil olması rəqabət prinsipini tamamilə alt-üst edir və kənd təsərrüfatında xırda-orta sahibkarlığın sürətlə sıradan çıxması riskini artırır. Hökumətin dövlət torpaq fondu, Aqrolizinq, Sahibkarlığa Kömək Milli Fondu və dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində 3-4 ildə 40-45 holdinqə verdiyi dəstəyi 20 ildə on minlərlə kiçik fermerə verdiyi dəstəyi müqayisə etmək kifayətdir ki, onların hansı fövqəladə hökumət dəstəyi ilə ortaya çıxdığı hər kəsə aydın olsun.
Belə holdinqlər yarana bilməzmi? Yarana bilər və yaranmasından iqtisadiyyatımız böyük fayda da götürə bilər. Amma 2 mühüm şərt çərçivəsində: 1) Bu cür holdinqlərin yaradılmasında dövlətin rolu minimum olmalı, əsasən özəl kapitalın hesabına baş verməlidir. Hansısa özəl sektor təmsilçisi 100 mln. manatlarla xərcləyib iri aqrar müəssisə yaradırsa, buna necə müdaxilə etmək olar? Amma onun yaranmasında bu və ya digər formada dövlət dəstəyi 30%-dən 50%-dək iştirak edəcəksə, burda yüksək səviyyəsdə şəffaflıq və ədalətli iştirakçılıq olmalıdır. Şəffaflıq odur ki, proses tam açıq olmalı, bu holdinqlərin rəsmi sabiblərinin kimliyi və dövlət vəsaitlərinin hansı şirkətlərə və şəxslərə dəstək olduğunu hər kəs bilməlidir. Ədalətli yanaşma odur ki, hər kəsin eyni dərəcədə dövlət dəstəyindən yararlanmaq haqqı olmalıdır. 2) Dövlət iri fermer təsərrüfatlarına göstərdiyi dəstəyin eynisini xırda təsərrüfatlara da göstərməlidr. Məsələn, ölkədə ötən ildən aqrar kopperativlərin yaradılması haqqında qanun qüvvəyə minib, bunun ardınca kooperativlərin inkişafı ilə bağlı proqram təsdiqlənib. Hökumət bu normativ sənədlərdən çıxış edərək yaxın 5 ildə ölkədə ən azı, məsələn 250 (yaxud 300,500 - say şərtidir) kooperativin yaradılmasını hədəf kimi qarşısına məqsəd qoa bilər. Bunun nümunəsini artıq Gürcüstan hökuməti edir. Gürcüstanda dağlıq ərazilərdə 0.1 hektar, aran ərazilərdə 0.3 hektar torpaq payı ilə kooperativ yaratmaq istəyən, lakin ən azı 20 payçının iştirakı ilə yaradılmlış üzümçülərə hökumət bilavasitə öz vəsaitləri hesabına 100 ton istehsal gücü olan emal müəssisəsi qurur. 
Gürcüstan təcrübəsi ilə bağlı məlumatın linkinə daxil ola bilərsiniz:


24 Nisan 2018 Salı


Azər Mehtiyev: Yaxın perspektivdə devalvasiyaya gözlənilmir
“TURAN” Agentliyinə müsahibə

2018 Aprel 23
Son günlər bəzi banklarda dollar alış-satışında problemlər yaşanır. Bu isə əhali arasında bəzi söz-söhbətlərə səbəb olub. İnsanlar arasında devalvasiya olacağı ilə bağlı qeyri-rəsmi xəbərlər dolaşır. Məsələyə Mərkəzi Bank rəhbərliyi tərəfindən aydınlıq gətirilsə də, bu insanlar arasında devalvasiya söz-söhbətini azaltmayıb. Bəs doğrudanmı yaxın vaxtlarda devalvasiya ola bilərmi? Devalvasiyaya zərurət varmı? İqtisadçı ekspert Azər Mehdiyev mövzu ilə bağlı suallarımızı cavablandırır.

- Azər bəy, xeyli müddətdir ki, banklarda dollar satışı ilə bağlı problemlər yaşanır. Banklar ya dollar satmaqdan imtina edirlər, ya da dolları müəyyən limitlə təklif edirlər. Bu da əhali arasında ajiotaja səbəb olub. Sizcə, bu nə ilə əlaqədar ola bilər? Belə söz-söhbət gəzir ki, bu devalvasiya ilə əlaqədardır. Bu söz- söhbət reallığa çevrilə bilərmi?
- Əvvəlcə ondan başlayaq ki, bu devalvasiyanın olacağı ilə bağlı söz-söhbətlər nədən qaynaqlanır? Məşhur bir məsəl var: "İlan vuran ala çatıdan qorxar.". Son illər Azərbaycanda xüsusilə iqtisadi sferada manatın başına gələn prosesləri götürsək, insanlar hələ bunun həyəcanını yaşayırlar, bunun təsiri altından çıxmayıblar. Azərbaycanda bir realllıq var ki, hər zaman siyasi proseslərdən sonra nəyinsə baş verəcəyini gözləyirlər. Diqqət etmisinizsə, hər zaman seçkidən sonra qiymətlərin bahalaşacağı ilə bağlı söhbətlər gəzir. 2015-ci ildəki devalvasiyadan sonra artıq bu söz-söhbətlər devalvasiya olacağına dair söhbətlərə çevrilib. Xüsusilə seçkinin vaxtının dəyişdirilməsindən sonra belə şərhlər yayılmışdı ki, guya ilin ikinci yarısında vəziyyət gərginləşəcək.

10 Nisan 2018 Salı

Samir Aliyev
MANATIN DEVALVASİYA EHTİMALI BARƏDƏ

ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. Fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.
Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var.
İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? Əlbəttə məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərinin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil. Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətini keçid elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu qarşıda çətinliklər gözləyir.

4 Nisan 2018 Çarşamba

Açıq Büdcə Sorğusunun nəticələri


Xəzər Universitetində Açıq Büdcə Sorğusunun 2017-ci il nəticələrinə həsr olunmuş forum keçirildi
2018-ci il aprelin 2-də Avrasiya Bilik Mərkəzi Xəzər Universitetində Açıq Büdcə Sorğusunun 2017-ci il nəticələrinə həsr olunmuş forum təşkil etmişdir. Dövlət strukturları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Xəzər Universitetində keçirilməkdə olan Təbii Resursların İdarə Olunması üzrə regional təlimin iştirakçiları da foruma qatılmışdılar.
Tədbirdə Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov Açıq Büdcə Sorğusunun mahiyyətindən və detallarından danışmışdır. Ekspertlər - Ukraynadan Volodimir Tarnay, Rusiyadan Andrey Alayev və Azərbaycandan Azər Mehtiyev sorğuda öz ölkələrinin göstəricilərindən və bu göstəricilərə təsir edən faktorlardan danışmışlar.



2017-Cİ İLİN NƏTİCƏLƏRİ: TƏDİYYƏ BALANSI NƏ GÖSTƏRİR?


Rövşən AĞAYEV

Mərkəzi Bank 2017-ci ilin tədiyə balansının məlumatlarını açıqlayıb. Devalvasiyadan sonra nəhayət ilk dəfə həm cari əməliyyatlarda, həm də bütövlükdə tədiyyə balansının ümumi saldosunda müsbət göstərici əldə edildi. Elə bu səbəbdən də 2015-2016-cı illərdən fərqli olaraq ötən il manatın məzənnə sabitliyini qorumaq (hətta 4%-ə qədər bahalandı) Mərkəzi Bankı qorumaq üçün çətin olmadı.
Cari əməliyyatlar üzrə 1.685 mlrd. dollar, tədiyyə balansı üzrı 1.590 mlrd. dollar müsbət saldo yaranıb.
Halbuki 2016-cı ildə cari əməliyyatlar üzrə 1.363 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 539 mln. dollar mənfi saldo qeydə alınmışdı.
2017-ci ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşmasının 2 səbəbi olub. Əsas səbəblərdən biri budur ki, neftin orta illik qiymətinin təxminən 30%-dən çox yüksək olması neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabında 7.4 mlrd. dollar profisit yaradıb və bu 2016-cı ilin göstəricisindən 3 mlrd. dollar çoxdur. Qeyri-neft sektorunun bu prosesə töhfəsi olmayıb. Belə ki, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabında həm 2016, həm də 2017-ci ildə eyni məbləğdə defisit qeydə olub - 5.7 mlrd. dollar.
İkinci mühüm səbəb odur ki, əgər 2016-cı ildə maliyyə hesabının kəsiri 2.8 mlrd. USD olmuşdusa, 2017-ci ildə defisit 201 mln. dollara enib.
Maliyyə hesabının kəsirinin azalmasının səbəbləri isə hökumətin kənara kapital axınlarına nəzarəti gücləndirməsi nəticəsində aktivlər formasında ölkədən çıxan vəsaitlərin təxminən 30% azalması (xüsusilə konsiqnasiya yolu ilə ixraca görə vəsaitlərin ölkəyə 180 gün ərzində qaytarlması) və indiyədək görünməmiş həcmdə ölkəyə xarici borcun alınması olub. Belə ki, 2017-ci ildə ticarət kreditləri üzrə aktivlərin xalis qalığı 2.1 mlrd. diollar təşkil edib, halbuki əvvəlki il bu göstərici 4.7 mlrd. dollardan çox olmuşduş.
Bundan əlavə, təkcə portfel invesitisiya formasında xarici borclanmanın xalis qalığı əvvəlki ilə nisbətən 6 dəfə artaraq 2.5 mlrd. dollara çatıb. Bu borclanma əsasən Cənubi-Qaz Neft dəhlizi ilə bağlı olub.
Amma eyni zamanda bəzi xarici aktivlər üzrə artım qeydə alınıb. Məsələn, depozitlər və nağd valyuta formasında xarici aktivlər 802 mln. dollar təşkil edib, lakin ondan oncəki il ölkənin depozitlər və nağd valyuta formasında xarici aktivlərinin artımı cəmi 4.8 mln. dollar olmuşdu. Depozitlər və nağd valyuta formasında xarici aktivlərin artımının 142.8 mln. dolları neft-qaz, yerdə qalan hissəsi isə (659 mln. dollar) qeyri-neft sektorunun hesabına təmin edilib.   


18 Şubat 2018 Pazar

Azərbaycanda dövlətin innovasiya siyasətinin təkmilləşdirilməsi yolları


Kənan ASLANLI



Abstrakt
Hökumətin innovasiya siyasəti ideyaların və ixtiraların istehlakçılar üçün dəyər yaradan məhsul və ya xidmətə çevrilməsi prosesinə dəsətəkdən ibarətdir. Burada ən mühüm komponentlər (i) innovativ ideyalara dəstək (maliyyə və texniki) və müvafiq təhsil sisteminin qurulması; (ii) innovasiyalar qarşısında duran əngəlləri rəqabət mühiti və hüquqi reformlarla azaltmaq; və (iii) hökumətin birbaşa maliyyələşdirdiyi və ya apardığı araşdırma və inkşaf fəaliyyətidir (R&D). Bu araşdırmanın mövzusu "Azərbaycanda innovasiya siyasətinin effektivliyinin artırılması yolları"-dır. Araşdırma əsasən bu suallar ətrafında aparılır: (i) innovativ fəaliyyət necə təşviq edilməlidir və hökumətin innovasiya siyasətinin məqsədləri və alətləri nələr olmalıdır? (ii) Azərbaycan kimi təbii resursdan asılı ölkədə effektiv innovasiya siyasəti üçün risklər və imkanlar nələrdir? (iii) Güclü innovasiya siyasəti modelinin elm-təhsil və maliyyələşmə kimi komponentləri üzrə hansı işlər görülməlidir? Metod olaraq masa araşdırması, statistik müqayisəli təhlil və ekspert intervyusu metodlarından istifadə edilib.

Yazının tamı ilə buradan tanış olmaq mümkündür:

Regionlarda klasterlərin yaradılması və inkişafı yolları


Rövşən AĞAYEV

 

Iqtisadi proseslərin idarə olunmasında klaster yanaşmasının tətbiqi son onilliklərdə ən müxtəlif ölkələrin təcrübəsində ərazi inkişafının əsas vasitələrindən birinə çevrilib. Xüsusilə də inkişaf etmiş ölkələrdə klasterlər biznesin təşkilinin ən geniş yayılmış formalarından biridir. Sahə tədqiqatçılarının klaster mexanizminin üstünlüyü ilə bağlı əsas arqumenti budur ki, ixtiyari ərazidə rəqabət mühitinin yaranması iqtisadiyyatın oxşar sahələri daxilində həm bir-birini dəstəkləyən, həm də bir-biri ilə rəqabət aparan subyektlərin mövcudluğu sayəsində mümkün olur.
Dünya təcrübəsində klaster inkişafının ən müxtəlif örnəkləri var. Məsələn, Norveçdə hökumət dəniz məhsullarının istehsalına əsaslanan regional klasterlərin inkişafını prioritet seçib. Yaxud Almaniyada avtomobul sənayesi, Finlandiyada telekommunikasiya sektoru klaster yanaşması əsasında inkişaf yolu seçib. İtaliya isə kiçik və orta sahibkarlığın klasterlər əsasında inkişafı sahəsində ən uğurlu ölkə nümunələrindən hesab olunur. Bu ölkədə geyim və ayaqqabı istehsalı üzrə ixtisaslaşan 10 minə yaxın KOS regional klasterlər çərçivəsində fəaliyyət göstərir.


Yazının tamı ilə buradan tanış olmaq mümkündür:


Manatın devalvasiyasının biznesə mənfi təsirinin azaldımasında dövlət siyasəti

Samir ƏLİYEV


2008-ci ildə ABŞ ipoteka bazarından start götürən qlobal maliyyə böhranı Avropa ölkələri də daxil olmaqla bütün ölkələri vurdu. ABŞ maliyyə bazarında yaranmış köpüyün partlaması Avropa Birliyinin, Yaponiyanın, Çinin bazarlarını çalxaladı. Dünya bazarlarında neftin ucuzlaşması isə Rusiya, Qazaxıstan, Azərbaycan kimi neft ixracatçlarının makroiqtisadi sabitliyini risk altına atdı. Həmin dövrdə bir sıra ölkələr milli valyutasını ucuzlaşdırsa da Azərbaycan öz valyutasını qorumaq siyasətini yürütdü və bunun üçün valyuta ehtiyatlarının bir hissəsini sərf etməli oldu. Qlobal böhran başlayan dövrdə - 2008-ci ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatı 6,1 milyard dollar olduğu halda 2009-cu ilin sonuna 5.2 milyard dollara qədər azalmışdı. Hətta 2009-cu ilin ortasına 4,7 milyard dollara qədər azalma qeydə alınmışdı.  Sonradan dünya bazarlarında neftin qiymətinin itirdiyi mövqeləri bərpası neft ixracatçısı olan ölkələrin iqtisadi çətinliyini aradan qaldırdı. Ancaq ABŞ, Avropa, Yaponiya kimi ölkələr bir müddət mübarizə aparmalı oldular.  
2014-cü ilin sonuna doğru dünya bazarlarında neftin yenidən dəyər itirməsi bu dəfə böhranın hədəfini konkretləşdirdi.  Brent markalı neftin qiyməti 2014-cü ilin ikinci yarısında təxminən 2 dəfə azalaraq bir barel üçün 115 dollardan 56 dollara qədər ucuzlaşdı. Sonrakı aylarda neftin qiyməti hətta 29 dollara qədər endi. İqtisadiyyatı neftdən asılı olan ölkələr neft gəlirlərinin azalması fonunda iqtisadi böhran mərhələsinə qədəm qoydular. Əvvəlcə milli valyutalarını və makroiqtisadi sabitliyi qorumaq üçün valyuta ehtiyatlarını sərf etdilər, sonra isə valyuta ehtiyatlarının qorumaq üçün milli valyutalarını ucuzlaşdırmalı oldular.  Qlobal maliyyə böhranın milli valyutanı qoruyan Azərbaycan hökuməti neftin ucuzlaşması fonunda 2 dəfə kəskin devalvasiyaya getməli oldu. 2015-ci ildə milli valyutanın məzənnəsi 50% ucuzlaşaraq 1 manat üçün 1.28 dollardan 0,65 dollara qədər düşdü. Sonrakı dövrdə manatın yumşaq ucuzlaşması davam etdirildi. Hazırda 1 manatın rəsmi məzənnəsi 0,53 dollara bərabərdir.

Yazının tamı ilə buradan tanış olmaq mümkündür:

LİZİNQ FƏALİYYƏTİNDƏ DÖVLƏT SİYASƏTİ

İlkin QARAYEV


Məlum olduğu kimi lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır.
Başqa sözlə desək lizinq – istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu istehlakçıya müəyyən müddətə icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növüdür. Dünyanın əksəriyyət ölkələrində lizinq iqtisadiyyata investisiya qoyuluşu üsullarından birinə çevrilib. Belə ki, inkişaf etmiş ölkələrdə iqtisadiyyata investisiya qoyuluşunun 25-30 faizi lizinq vasitəsilə həyata keçirilir, yeni növ məhsulların 80 faizə qədəri icarəyə götürülmüş avadanlıqlarda istehsal olunur. Özündə bank krediti, icarə, investisiya elementlərinin birləşdiyi münasibətlər kompleksi olan lizinq, sahibkarlığın inkişafına dəstək verən əsas maliyyə alətlərindəndir. İnkişaf etmiş ölkələrdə əsas vəsaitlər fondunun yenilənməsində uzunmüddətli maliyyələşmə olan lizinqdən geniş istifadə edilir.

Yazının tamı ilə buradan tanış olmaq mümkündür:

17 Şubat 2018 Cumartesi

Özəlləşdirmə: dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi

Rasim HƏSƏNOV


“Özəlləşdirmə: dövlət aktivlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi vasitəsi kimi” mövzusu üzrə analtik tədqiqatların əsas məqsədi, Azərbaycanda dövlət aktivlərindən istifadənin cari vəziyyətinin qiymətləndirilməsi və onun səmərəliliyinin yüksəldilməsi baxımından, mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsinin müasir vəziyyətinin, iqtisadi idarəetmə təcrübəsinin dövlət aktivlərinin səmərəliliyinə təsirlərinin qiymətləndirilməsi  və onun səmərəliliyinin yüksəldilməsi istiqamətində təklif və tövsiyyələrin hazırlanmasıdır.  Mövzu üzrə  tədqiqatların əsas  mənbələri kimi inkişaf etmiş  ölkələrdə və MDB ölkələrində dövlət aktivlərindən istifadə təcrübəsinin  elmi-analtik qiymətləndirmələri; BVF və DB-nın  dövlət aktivlərindən istifadənin səmərəliliyi haqqında metodoloji tövsiyyələri; Azərbaycanda dövlət aktivlərindən idarə edilməsi, istifadəsi və özəlləşdirmə haqqında qanunvericilik bazası və statistik baza (rəsmi və ekspert  bazası); müxtəlif tədqiqatçı və ekspertlərin mövzu üzrə işləri istifadə edilmişdir.

Yazının tamı ilə buradan tanış olmaq mümkündür:

16 Şubat 2018 Cuma

Azərbaycan iqtisadiyyatının diversifikasiya problemləri: Maneələr və həlli yollar

İNQİLAB ƏHMƏDOV


Müasir dünyada xarici şoklardan müdafiə olunan davamlı artım iqtisadiyyatını qurmaq hər bir dövlətin əsas məqsədlərindən biridir. Təcrübə göstərir ki, bir sıra ölkələrdə ayrı-ayrı dövrlərdə müşahidə edilən yüksək və hətta ən yüksək templi iqtisadi artım orta və uzun müddətli perspektivdə arzu edilən davamlı inkişafı təmin edə bilmir. Yüksək artım tempinin son anda davamlı inkişafı təmin etməyi üçün ilk növbədə iqtisadiyyatın sektoral strukturu mühüm əhəmiyyət kəsb edir. Optimal iqtisadi sektor anlayışı isə çox nisbidir və hər bir ölkənin iqtisadi siyasətini formalaşdıran çoxsaylı amillərdən,  məsələn təbii resursların mövcudluğundan, ölkənin yerləşdiyi coğrafi məkanından, habelə tarixi-ənənəvi inkişafından və s. asılıdır.
İqtisadi diversifikasiya heç bir halda panaseya deyil və hələ indiyə qədər heç bir ölkənin fundamental problemlərini həll etməyib.  Diversifikasiya iqtisadi artımı təmin edən amil də deyil. Və hətta onu da deməyə əsas var ki, diversifikasiyanı həyata keçirən ölkələr ilk mərhələlərdə nəinki iqtisadi artım nümayiş etdirmir, əksinə artım tempinin aşağı düşməsi mümkündür. Özü-özlüyündə diversifikasiya məqsəd də ola bilməz, ən yaxşı halda o iqtisadiyyatı çeşidli asılılıqdlardan nisbətən qurtulmaq üçün vasitə ola bilər. Və nəhayət dünya təcrübəsində çox az sayda nümünələr var ki, iqtisadi diversifikasiya siyasəti nisbətən uğurlu nəticə verib. Əksər halda isə hökumətlər iqtisadi diversifikasiyanı “əlində bayraq edərək” onu siyasi populizm xətrinə siyasətinin əsas sütünu kimi elan ediblər və nəticədə iqtisadiyyatda heç bir köklü dəyişikliklər baş verməyib.

Yazının tamı ilə buradan tanış olmaq mümkündür:

15 Şubat 2018 Perşembe

İNVESTİSİYALARIN STİMULLAŞDIRILMASI SİYASƏTİ: ONU NECƏ GÜCLƏNDİRMƏK OLAR?

Azər  Mehtiyev


Müstəqilliyinin ilk 10 ilində iqtisadi sahədə Azərbaycan hökumətinin qarşısında duran başlıca məsələlərdən biri - həmin dövr üçün xarakterik olan son dərəcədə məhdud imkanlar daxilində ölkədə iqtisadi canlanmanı təmin edə biləcək investisiya fəallığını yaratmaq üçün - nəyin bahasına olursa olsun, ölkəyə xarici investisiyaların cəlb edilməsinə nail olmaqdı. Hökumətin cavab tapmalı olğuğu başlıca sual belə idi: investisiyanı haradan cəlb etməli? O zaman ölkənin müstəqilliyinə olan təhdidlər xarici investisiyanın cəlb edilməsində başlıca məhdudiyyət kimi çıxış edirdi. Buna uyğun olaraq, hökumət əsas diqqətini o zaman xarici investorların maraqları baxımından ölkəmizdə yeganə cəlbedici sahə olan neftqaz ehtiyatlarına yönəltdi və qısa müddətdə böyük həcmlərdə xarici investisiyanın ölkəyə cəlb edilməsinə nail oldu.
Ölkənin “böyük neft gəlirləri” əldə etdiyi 2005-2014-cü illəri əhatə edən 10 ildə isə Azərbaycan hökumətinin sanki “investisiya qıtlığı”problemi olmadı. Hökumətin böyük maliyyə imkanları ona həm cari istehlaka yönəlik, həm də investisiya təyinatlı xərclərini sürətlə və böyük həcmlərdə artırmağa imkan verdi: ölkədə yüksək investisiya fəallığının əsas yükü məhz dövlətin üzərində oldu. Bu dövrdə hökumətin qarşısında duran əsas sual belə idi: investisiyaları haraya yönəltməli?

Yazının tamı ilə buradan tanış olmaq mümkündür: