30 Kasım 2020 Pazartesi

Rövşən Ağayev: "İşğaldan azad edilən bölgələrin ən böyük potensialı turizmlə bağlı ola bilər"


İşğal altında olan ərazilərin azad edilməsindən sonra müzakirə olunan əsas məsələlərdən biri də həmin ərazilərin iqtisadi potensialı ilə bağlıdır.
"İqtisadi Forum" Ekspert Qrupunun üzvü Rövşən Ağayev facebook səhifəsində işğaldan azad edilən ərazilərin iqtisadi imkanları ilə bağlı öz fikirlərini ifadə edib. R.Ağayev qeyd edib ki, rəsmi statistikada məlumat qıtlığı olduğundan hərtərəfli analiz aparmaq çətindir. Bununla belə o işğaldan azad edilən ərazilərin 3 cəhətini fərqləndirib.
Ekspert deyib ki, bu bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır: "Bir real fakt deyim, aydın olsun. Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95%-ni neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir və mövcud ÜDM-nin 0,12%-i qədərdir. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu, yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil".
R.Ağayev hesab edir ki, bölgələrin ən böyük potensialı turizmlə bağlı ola bilər: "Tibbi turizm üçün unikal imkanlar var. Eynu dərəcədə tarixi və istirahət turizmi üçün də imkanlar genişdir. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər - söhbət ən azı 1,5 milyard dollardan gedir".
Ekspert işğaldan azad edilən ərazilərin aqrar potensialı böyük olduğunu da qeyd edib: "Yeddi rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torapqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqları.
Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanlara malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir. Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 180 min hektar təşkil edir ki, ondan ən yaxşı halda 15%-i əkinə yararlıdır. Bu 2 rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. 7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir.
Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var. Azərbaycan kərə yağ idxalının 50%-ni, ət və ət məhsularının 15%-ə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq, ixrac yönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür".

Qeyd: Rövşən Ağayevin sözügedən statusu ilə aşağıdakı linkdən tanış olmaq mümkündür

https://www.facebook.com/rovshan.agayev.90/posts/10219517659914543

27 Kasım 2020 Cuma

Samir Əliyev: "“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun ömrü başa çatır"


2020-ci ilin dekabrın 4-ü “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun ömrü başa çatır.

"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı-ekspert Samir Əliyev facebook səhifəsində bununla bağlı şərh yazıb. O şərhində qanunun tətbiq müddətinin uzadılmayacağı qənaətində olduğunu bildirib:

“Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələki bu barədə xəbər yoxdur", - deyən S. Əliyev güman edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələbləri qüvvəyə minəcək: "Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq.
Əslində bütün çatışmazlıqlara rəğmən tam sığortalanma mexanizmi öz işini gördü və onu tarixə göndərməyin vaxtı çatıb. Son dəfə bağlanmış 4 bankın təcrübəsi göstərdi ki, tam sığortalanma mexanizmi xeyli problemlər yaradır. Məhdud kompensasiya verilməsini nəzərdə tutan və gələn həftədən qüvvəyə minəcək Qanunun isə təkmilləşdirilməsinə ehtiyac var”

S.Əliyev hesab edir ki, əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi üçün aşağıdakı təklifləri nəzərdən keçirmək olar.

1.Əmanətlərin tam sığortalanması mexanizmindən imtina etmək və kompensasiya məbləğinə limitin tətbiqi. Bunun üçün 2020-ci il dekabrın 4-də qüvvədən düşəcək “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddətini uzatmamaq kifayət edir.

2. Qorunan əmanətlər üçün kompensasiya məbləğinin artırılması. Kompensasiya məbləğinin həcmi hazırkı 30 min manat səviyyəsindən ən azı 70 min manat səviyyəsinə qaldırıla bilər.

3. Qorunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi. Xarici ölkələrdə olduğu kimi, fərdi sahibkarların cari hesablarının, mənzil-kommunal xidməti göstərən şirkətlərin depozitlərinin sığortalanması təmin edilə bilər. Eyni zamanda, nağdsız ödənişləri stimullaşdırmaq üçün ödəniş kartlarında (əməkhaqqı, sosial müavinətlər, sahibkarların cari hesabları) olan bütün vəsaitlər sığortalanır.

4. Əksdollarlaşma siyasətinin davam etdirilməsi. Əhalini milli valyutada olan əmanətlərə təşviq etmək üçün xarici valyutada olan əmanətlərin sığortalanması üçün illik faiz dərəcəsi 1%-ə endirilə bilər. Digər addım kimi xarici valyutada olan əmanətlərin kompensasiya məbləğini azaltmaq olar.

5. Kompensasiya verilməsi müddətinin dəqiqləşdirilməsi və qısaldılması. Qanunvericilikdə kompensasiyanın verilməsinə başlanması müddəti konkret göstərilməlidir. Eyni zamanda, bu müddət 5 təqvim gününə kimi qısaldıla bilər.

6. Ləğvetmə prosesində şəffaflığın təmin edilməsi. Ləğvetmə komissiyasının tərkibinə ictimaiyyət nümayəndələrinin, ekspertlərin daxil edilməsi, hərracların keçirilməsi prosedurlarının şəffaflaşdırılması vacibdir. Məlumatlar Fondun saytında detallı yerləşdirilməlidir.

7. Əmanətlərin Sığortalanması Fondunun işində şəffaflığın təmin edilməsi. Fond öz fəaliyyəti barədə detallı proqram və audit hesabatlarını açıqlamalıdır. Eyni zamanda, qorunan və qorunmayan əmanətlərin həcmi, valyuta strukturu, əmanət hesabları üzrə bölgüsü və s. meyarlar üzrə statistik məlumat bazası açıqlanmalıdır.


Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-dək qaldırılıb.

S.Əliyevin facebook-dakı şərhi ilə bu linkdən tanış olmaq mümkündür: 

https://www.facebook.com/samir.aliyev/posts/10221477385858071

23 Kasım 2020 Pazartesi

Azər Mehtiyev: "Orada şəhidlərimizin qanı axıb, məmurlar bunu nəzərə almalıdırlar"


"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı alim Azər Mehtiyev "Kanal13" inetnet TV-nin qonağı olub. Verilişdə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azər Mehtiyev bildirib ki, tarixən müharibələrdə qələbə qazanan ölkələrdə böyük dirçəliş dövrü yaşanır. Onun fikrincə, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi inkişafına layiqincə qoşula bilməsi üçün ciddi işlənilən bir dövlət proqramına ehtiyac var: "Həmin proqramda bölgənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. İlk növbədə həmin ərazilərdə istehsal və sosial infrastrukturun qurulması prosesi başlayacaq. Bununla paralel olaraq regionda olan potensialın iqtisadi dövriyyə qoşulması prosesi də həyata keçiriləcək. Ərazilər sıfırdan yenidən qurulacaq. Hər şeyin yenidən qurulmasının üstünlüyü də olacaq. Bu vəziyyət bizə işğaldan azad edilən ərazilərin inkişafında yeni yanaşmanın tətbiqinə imkan yaradacaq".

A.Mehtiyevin fikirləri ilə tam şəkildə buradan tanış olmaq mümkündür:



19 Kasım 2020 Perşembe

Ekspert işğaldan azad edilən ərazilərlə bağlı sosial-iqtisadi inkişaf proqramının qəbulunu təklif edir

 

Qarabağın işğaldan azad edilən ərazilərində kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Bura həm heyvandarlığın, həm də bitkiçiliyin inkişaf etdirilməsi üçün əlverişlidir. Kənd Təsərrüfatı Nazirliyinin və müstəqil ekspertlərin açıqlamaları göstərir ki, işğaldan azad edilən ərazilərin istismarı respublikada kənd təsərrüfatının inkişafına güclü dəstək olacaq.

Bəs, bu ərazilərdə kənd təsərrüfatı fəaliyyətini təmin etmək məqsədilə ilk növbədə hansı tədbirlər görülməlidir ki, ərazilərin istismarı mümkün olsun?

Sfera.az-a danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, hökumət bu məqsədlə qısa müddətdə Dağlıq Qarabağın və ətraf rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı hazırlamalıdır. O təklif edir ki, dövlət proqramının hazırlanması zamanı regionu və sosial-iqtisadi sahələri yaxşı bilən mütəxəsislər cəlb edilsin, onların rəyi nəzərə alınsın. “Yanaşma bu cür olarsa, işğaldan azad edilən ərazilərdə qısa müddətdə iqtisadi fəaliyyətə başlamaq olar”, - deyən V.Məhərrəmov regionun həm heyvandarlıq, həm də bitkiçiyini inkişafı üçün böyük imkanlara sahib olduğunu söylədi: “Qarabağda daha çox heyvandarlığın inkişaf etdirilməsi üçün münbit şərait var. Burada kənd təsərrüfatına yararlı ərazilərin əsasını otlaq əraziləri, təbii biçənəklər təşkil edir. Bu vəziyyət həmin ərazilərdə heyvandarlığın inkişaf etdirilməsinə imkan yaradır”.

V.Məhərrəmovun fikrincə, ilk növbədə suvarmanın düzgün təşkili olmalıdır: “Son 20 ildə iqlim dəyişikliyi baş verib və bunun regiona təsiri olub. Mən bu ərazilərin işğal altında qaldığı dövrdə necə və hansı məqsədlə istifadə edilməsi ilə bağlı araşdırma aparmışam. Məlum olur ki, işğal altında qaldığı dövrdə ərazilərdə məhsuldarlıq, xüsusən taxılçılıqda çox aşağı olub. Bu onunla bağlıdır ki, ərazidə su olsa da suvarma işləri düzgün təşkil edilməyib. Əvvəlki qədər intensiv qar yağışları olmasa da mütəmadi yağışlar yağır, çoxlu sayda iri və xırda göllər var, o göllərə su yığılır. İndi həmin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Suyu həm örüş, həm də əkin sahələrinə çatdırmaq lazımdır”.

Ekspert qeyd etdi ki, digər mühüm məsələ torpaqların münbitliyinin artırılmasıdır: “Kənd təsərrüfatı məhsulunu torpaq olmayan mühitdə də yetişdirmək olur. Əsas su və kimyəvi elemetlər olduqdan sonra bitki məhsulunu yetişdirmək mümkündür. İşğaldan azad edilən ərzilərdə xeyli işlər görülməlidir ki, torpaqlar münbitləşsin. Əvvəllər bizim kəndlilərin istifadə etdiyi ərazilərdə uzun müddət yağışların yağması bitkinin yetişməsi üçün zəruri olan elementləri yuyub torpağın alt hissəsinə aparıb. Həmin torpaqlar yenidən münbitləşdirilməlidir, ona həm üzvi, həm də mineral gübrələr verilməlidir.

Düşünürəm ki, örüş sahələrinin münbitləşdirilməsinə bir o qədər də ehtiyac yoxdur. Çünki örüş sahələrində olan bitkilər cürüdükcə torpaqların hums qatını artırıb. Amma əkin ərazilərində bu baş verməyib.

Bütün işlərin görülmə müddəti hökumətin çevikliyindən asılı olacaq. Mütəxəsislər gedib yerində baxmalıdır və müəyyən etməlidir ki, harda hansı işlərin görülməlidir. Məsələn, örüş sahələrindən istifadə qısa müddətdə mümkün olacaq. Hazırda örüş ərazilərinə qış yağışları yağır yazda həmin sahələrdən istifadə etmək mümkündür. Amma burada da işi düzgü təşkil etmək lazımdır. Digər rayonlarda buraxılan səhvlər burada buraxılmamalıdır. Örüş ərazilərinin ilk növbədə növbəli otarılması təşkil edilməlidir, sonra toxum səpilib suvarma işi aparılmalıdır ki, sahələrdə seyrəklik aradan qalxsın”.

V.Məhərrəmov bütün işlərin görülməsi üçün əlavə investisiyalara ehtiyac yaranacağını da dedi: “Məlumdur ki, bu ərazilərdə yaşamış insanların bəzilərinin hazırda iri və xırda buynuzlu heyvanları var. Onlar sahib olduqları heyvanları aparıb otlaq ərazilərindən örüş sahəsi kimi istifadə edə bilər.

Heyvandarlığın inkişafı üçün həm də qüvvəli, qarışıq yemə ehtiyac var. Buna görə də hökmən taxıl əkini həyata keçirilməlidir, əldə edilən məhsulu üyüdüb yem kimi verilməlidir. Əvvəlki kimi primitiv qaydada yox, yeni texnologiyadan istifadə etməklə yemləmə təşkil edilməlidir ki, ət və süd istehsalı daha çox olsun.

Əkinçilik sahələrini də qısa müddətdə istismar etmək olar. Əkin sahələri analiz edilərək, müəyyənləşdirilməlidir ki, hansı kimyəvi element var, nə qədərdir və hansı elementin nə qədər əlavə edilməsiə ehtiyac var. Bu müəyyən ediləndən sonra dərhal əkin işləri aparılıb, aqrotexniki qaydalara əməl edilməlidir.

Qeyd etdiyim işlər üçün uzun müddət lazım deyil.

İşğaldan azad edilən ərazilərdə kən təsərrüfatı gəaliyyəti üçün böyük vəsaitə ehtiyac olacaq. Əlavə kənd təsərrüfatı və digər texnikalar alınmalıdır. Traktorlara, aqreqatlara, kombaynlara, yükdaşıma üçün avtonəqliyyat vasitələrinə ehtiyac olacaq”.

16 Kasım 2020 Pazartesi

35 yaşlı Avropa Xartiyasının 20 yaşlı Azərbaycan bələdiyyələri üçün öhdəlikləri



Oktyabrın 15-i Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının elan edilməsinin 35 yaşı tamam oldu. Xartiya 1985-ci il oktyabr ayının 15-də imzalanmaya açıq elan edilib və 1988-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minib. İlk olaraq 5 ölkə – Almaniya, Avstriya, Danimarka, Lixtenşteyn, Lüksemburq Xartiyanı qəbul edib. Daha sonra Avropa Şurasına üzv olan digər ölkələr imzalanma prosesinə qoşulublar.

Keçmiş SSRİ ölkələri arasında Xartiyanın ən tez qüvvəyə mindiyi ölkə Estoniya (1995), ən gec qüvvəyə mindiyi ölkə isə Gürcüstan (2005) olub. Latviyada 1997-ci ildə, Ukrayna, Moldova və Rusiyada 1998-ci ildə, Litvada 1999-cu ildə, Azərbaycan və Ermənistanda isə 2002-ci ildə qüvvəyə minib. Hazırda Xartiyanı Avropa Şurasının 47 üzv ölkəsi ratifikasiya edib.

Yerli Özünüidarəyə Dair Avropa Xartiyası yerli hakimiyyətlərin hüquqlarının müdafiəsi standartlarını tənzimləyir və onu ratifikasiya etmiş üzv dövlətlərdən bir sıra şərtlərin və prinsiplərin icbari qaydada icrasını tələb edir. Xartiyanın preambulasında qeyd edilir ki, Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış dövlətlər yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş əsaslarından birini təşkil etdiyini, dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun demokratik prinsiplərə aid olduğunu, real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin etməsini, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokratik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti, onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan vəsaitlər baxımından geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu qəbul edirlər.

Xartiyanın tələblərinə görə, onu ratifikasiya edən hər bir ölkə Xartiyanın 1-ci hissəsinin (maddə 1 – 11) ən azı iyirmi bəndinə riayət etməyi öhdəsinə götürməlidir və onlardan ən azı on bənd aşağıdakı bəndlər arasından seçilməlidir:

* maddə 2
* maddə 3, 1-ci və 2-ci bəndlər
* maddə 4, 1-ci, 2-ci, 4-cü bəndlər
* maddə 5
* maddə 7, 1-ci bənd
* maddə 8, 2-ci bənd
* maddə 9, 1-ci, 2-ci və 3-cü bəndlər
* maddə 10, 1-ci bənd
* maddə 11.


Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, 2001-ci il dekabrın 25-də, Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını qəbul edib və sənəd 2002-ci ildə parlament tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Hökumət minimal tələbləri ödəməklə yanaşı, əlavə olaraq aşağıdakı maddə və bəndlər üzrə öhdəliklər götürdüyünü bəyan edib:

* maddə 4-ün VI bəndi;
* maddə 6, I və II bəndləri;
* maddə 7-nin III bəndi;
* maddə 8-in III bəndi;
* maddə 9-un IV, VII və VIII bəndləri;
* maddə 10-un II və III bəndləri


Xartiyanın əsas vacib bəndlərindən olan, ancaq Azərbaycanın qəbul etmədiyi bəndərdən biri 4.3-cü bənddir. Bənddə deyilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir. Bu bənd dövlət öhdəliklərinin əksmərkəzləşməsinin ümumi prinsiplərini nəzərdə tutur. Onun mahiyyəti odur ki, dövlət öhdəliklərinin icrası üçün səlahiyyətlər yuxarıdan aşağı yox, aşağıdan yuxarı bölüşdürülməlidir. Dövlətin strateji öhdəlikləri (məsələn, hərbi-sənaye kompleksi) öz üzərinə götürməsi anlaşılandır. Ancaq dövlət yerli əhəmiyyətli öhdəliklərin böyük hissəsini “mənimsəyərək” yerli özünüidarə qurumlarını səlahiyyətsiz qoyursa, bu halda ölkədə idarəetmənin mərkəzləşməsi baş verir. Xartiyada vətəndaşlara daha yaxın olan hakimiyyət orqanları qismində yerli hakimiyyət qurumu olan bələdiyyələr nəzərdə tutulur. Çünki hesab edilir ki, mərkəzi hakimiyyət orqanlarından fərqli olaraq yerli problemləri məhz bələdiyyələr dərindən bilirlər. 4.3.-cü bənddə səlahiyyətlərin yalnız xüsusi hallarda (vəzifənin həcmi və xarakteri, səmərəlilik və qənaət tələbləri) digərinə ötürülməsi qeyd edilir. Burada ötürülmə prinsipi səlahiyyətin onu bələdiyyə qurumu icra etmək gücündə olmadıqda mərkəzi hakimiyyətə ötürülə bilməsini nəzərdə tutur. Bu, subsidiarlıq prinsipi adlanır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı verdiyi tövsiyələrdə bələdiyyə qanunvericiliyinə subsidiarlıq prinsiplərinin daxil edilməsini qeyd edib.

Qəbul edilməyən digər 7.2.-ci bənddə yazılır: Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini həyata keçirmələri ilə bağlı çəkdikləri xərclərin müvafiq pul kompensasiyasını, həmçinin, zərurət olduqda, əldən çıxmış faydaya, yaxud əməkhaqqına görə kompensasiyanı və müvafiq sosial sığortanı almağa imkan verməlidir. Bu bənd ona yönəlib ki, seçilmiş şəxslər öz funksiyalarını icra edərkən üçüncü tərəfin əngəlləri ilə üzləşməsinlər və müəyyən kateqoriyadan olan şəxslər maddi təminat çətinliyinə görə namizədliklərini irəli sürmək imkanından məhrum olmasınlar. Maddi təminat olaraq funksiyanın icrası üçün bələdiyyə üzvünə zəruri maliyyə kompensasiyasının verilməsi, tam iş gününü bələdiyyəyə həsr edən bələdiyyə üzvünün əvvəlki iş yerində aylıq maaşını itirməsi müqabilində maliyyə ilə təmin olunması nəzərdə tutulur. Azərbaycanda bələdiyyə qurumlarının mövcud maliyyə imkanlarının zəif olması bu öhdəliyin icrasına mane olur. Xüsusilə kənd bələdiyyələrinin illik büdcəsinin gəlirləri bələdiyyə üzvlərinin maliyyə təminatına imkan vermir. Rəsmi məlumata görə, 2019-cu ildə Ağstafa rayonunda bələdiyyələrin orta illik büdcəsi 5370 manat olub. Analoji göstərici Daşkəsəndə 6200 manat, Goranboyda 4640 manat, Cəlilabadda 4800 manat, Lerikdə 2850 manat, Yardımlıda 2860 manat olub. Sadə bir hesablama aparaq: təkcə bələdiyyə sədrinə minimum əməkhaqqı (aylıq 250 manat) vermək üçün əməkhaqqı fondunun illik həcmi 4000 manat olmalıdır. Elə bələdiyyələr var ki, onların büdcəsi bələdiyyə sədrinin əməkhaqqını ödəməyə imkan vermir. Belə olan halda, digər bələdiyyə üzvlərinə əməkhaqqı ödəmək mümkünsüz olur.

Xartiyanın 9-cu maddəsi yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələrinə həsr olunub. Azərbaycan bu maddənin 5-ci və 6-cı bəndlərini qəbul etməyib. 5-ci bənddə deyilir ki, Maliyyə baxımından daha zəif olan yerli özünüidarə orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının, yaxud yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bərabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbirlərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır. 6-cı bəndində isə yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmağın zəruriliyi qeyd edilir. Bu bəndlərdə resursların bölüşdürülməsinin konkret meyarlar əsasında həyata keçirilməsi və bu mexanizmin qanunvericiliklə tənzimlənməsi, habelə bu qanunvericiliyin hazırlanması prosesində yerli hakimiyyətlərlə məsləhətləşmələr aparılmasının zəruriliyi qeyd edilir. Hazırda qanunvericilik dövlət büdcəsindən bələdiyyələrə məqsədli və məqsədsiz maliyyə yardımı edilməsini nəzərdə tutur. Məqsədli maliyyə yardımı verilməsi təcrübəsinə bələdiyyələrin 20 illik fəaliyyəti dövründə ancaq son iki ildə başlanıb. Məqsədsiz maliyyə yardımına gəlincə, bu vəsaitlərin bölüşdürülməsinin meyarları məhduddur və ədalətli bölgünü təmin edə bilmir. 2019-cu ildə dövlət büdcəsində bütün bələdiyyələrə verilən maliyyə yardımının həcmi 5,7 milyon manat olub və bu mənbənin yerli büdcə gəlirlərində payı 15,9% təşkil edib. Dövlət büdcəsindən bələdiyyələrə verilən maliyyə yardımının dövlət büdcəsinin ümumi xərclərində payı 0,02% təşkil edib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Qrupu Azərbaycan hökumətinin Xartiyanın tələblərini yerinə yetirmə səviyyəsini qiymətləndirmək üçün 2 dəfə monitorinq aparıb. İlk monitorinqin nəticəsi olaraq 2003-cü ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycan hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsinin zəruriliyini ifadə edən “Azərbaycanda yerli və regional demokratiya” adlı Tövsiyə (126 saylı) ünvanlayıb. Növbəti monitorinq 2012-ci ildə keçirilib və 326 saylı ikinci Tövsiyə verilib. 3-cü monitorinqin keçirilməsi 2020-ci ildə nəzərdə tutulsa da, COVİD-19 pandemiyasının yayılması səbəbindən monitorinq fəaliyyəti növbəti ilə təxirə salınıb.

Hər iki Tövsiyədə qaldırılan problemlərin mahiyyəti və xarakteri eynidir. 326 saylı sonuncu Tövsiyə sənədində Konqres dərin təəssüf hissi ilə 126 saylı sənəddə milli hakimiyyət orqanlarına ünvanlanmış tövsiyələrin əksəriyyətinin indiyədək həyata keçirilmədiyini vurğulayaraq Azərbaycan hökumətini Xartiyanın ratifikasiya edilmiş maddələrinə əməl etməyə çağırıb. Konqres Azərbaycanda yerli özünüidarə institutunun Xartiyanın tələblərinə uyğun gəlməyən problemlərini qeyd edib. Onların bəziləri bunlardır:

“Bələdiyyələrin statusu haqqında“ Qanunda yerli özünüidarəetmə anlayışının qeyri-kafi və qeyri-dəqiq müəyyənliyi (Xartiyanın 2 və 3-cü maddələri);
Yerli idarəetmə sistemində paralelliyin mövcudluğu. Konstitusiyaya uyğun olaraq, yerli idarəetmə həm dövlət orqanları hesab edilən yerli icra hakimiyyəti orqanları tərəfindən, həm də son dərəcə məhdud rola malik bələdiyyələr tərəfindən həyata keçirilir (Xartiyanın 3 və 4-cü maddələri);
Bələdiyyələri dövlət idarəetmə orqanlarının bir hissəsi olan yerli icra hakimiyyəti orqanlarının faktiki tabeliyinə salan subordinasiya münasibətlərinin mövcudluğu (Xartiyanın 3 və 4-cü maddələri);
Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında vəzifə və səlahiyyətlərin dəqiq bölünməməsi (Xartiyanın 4-cü maddəsi);
Bələdiyyələrin zəif maliyyə potensialının olması. Bu, onlara təqdim edilən dövlət transfertlərinin aşağı səviyyədə olması və bələdiyyələrin malik olduqları vergi toplanması mexanizmlərinin səmərəsizliyi ilə bağlıdır (Xartiyanın 9-cu maddəsi);
Birbaşa onlara aid olan bütün məsələlər üzrə planlaşdırma və qərar qəbuletmə zamanı bələdiyyələrlə və milli bələdiyyə assosiasiyaları ilə lazımi vaxtlarda və müvafiq qaydada məsləhətləşmə prosedurlarının olmaması (Xartiyanın 4(6)-cı maddəsi);
Bir tərəfdən bələdiyyə qulluqçularının statusu və səlahiyyətlərini, digər tərəfdən isə onların hüquq və vəzifələrini tənzimləyən qanunvericilikdə olan boşluqlar (Xartiyanın 6-cı maddəsi);


Konqres Azərbaycanda yerli özünüidarə institutunda mövcud olan problemləri qabardanda əsasən 3 vacib məqamı xüsusi qeyd edir. Bu, yerli özünüidarə qurumlarının statusunun qeyri-müəyyənliyi, səlahiyyətlərinin məhdudluğu və maliyyə imkanlarının azlığıdır. Məsələn, Monitorinq Qrupu Xartiyanın 2 və 3-cü maddələrinə istinad edərək Azərbaycanda yerli özünüidarəetmə anlayışının qeyri-kafi və qeyri-dəqiq müəyyənləşdirildiyini qeyd edir. Xartiyanın 3-cü maddəsində yerli özünüidarə anlayışının izahı verilir. Xartiyaya görə, yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda isə bələdiyyələrin dövlət işlərinin bir hissəsini yerinə yetirmək hüququ tanınır. «Yerli Özünüidarə haqqında» Avropa Xartiyasının müddəalarına dair «İzahedici Hesabat» adlı sənəddə göstərilir ki, 3-cü maddədə qeyd edilən “qabiliyyət” sözü özündə müəyyən dövlət işlərinin effektiv idarə edilməsi üçün zəruri vəsaitlə təminolma zəruriliyini ehtiva edir. “Məsuliyyəti öz üzərinə götürmək” ifadəsinin izahı budur ki, yerli özünüidarə orqanlarının fəaliyyəti yuxarı hakimiyyət orqanlarının iradəsini yerinə yetirməklə məhdudlaşmır. Bu baxımdan Konqres təklif edir ki, qanunvericiliyə yenidən baxılaraq bələdiyyələrin ümumi dövlət idarəçiliyi orqanları qismində dövlət hakimiyyətini həyata keçirən əksmərkəzləşdirilmiş qurumlar kimi tanınması təmin edilsin.

Bələdiyyələrin maliyyə imkanına gəlincə, onun həqiqətən zəif olduğunu görə bilərik. 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən 1606 bələdiyyənin ümumi illik büdcəsi 36,4 milyon manat olub. Bu, o deməkdir ki, adambaşına düşən büdcə gəlirlərinin həcmi 3,6 manata bərabərdir. Bir bələdiyyənin orta illik büdcəsi 22,7 min manat olub. Bakı şəhərində bələdiyyələrin orta illik büdcəsi 185,8 min manat, Abşeron rayonu üzrə 111,8 min manat olduğu halda, digər ərazilər üzrə bu göstərici orta hesabla 15,2 min manat olub. Büdcə gəlirlərinin 27,1%-i 53 bələdiyyəni özündə birləşdirən Bakı şəhəri, 9,2%-i 30 bələdiyyəni birləşdirən Abşeron rayonu bələdiyyələrinin payına düşür.

Xatırladım ki, Azərbaycan hökuməti Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını xüsusi bəyanatla ratifikasiya edib. Bəyanatda qeyd edilib ki, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğalı həmin əraziləri tərk etmək məcburiyyətində qalmış yüz minlərlə məcburi köçkünü yerli özünüidarə hüququnu həyata keçirmək imkanından məhrum edib. Bu hüququn bərpası yalnız işğal faktı aradan qaldırıldıqdan və məcburi köçkünlər tərk etmək məcburiyyətində qaldıqları yaşayış məskənlərinə qayıtdıqdan sonra mümkündür. 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş döyüşlər nəticəsində Azərbaycan dövləti işğal olunmuş ərazilərin əksər hissəsini geri qaytarmağa müvəffəq olsa da, obyektiv səbəblərdən həmin ərazilərdə müəyyən müddət əhalinin yerli özünüidarə hüquqlarının bərpası mümkün olmayacaq.

Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının ayrı-ayrı maddələrinin qəbulu və ona əməl edilməsi səviyyəsi hökumətlərin öz ölkəsində yerli demokratiyanın inkişafına marağını göstərən bir indikatordur. Yerli demokratiya özündə yerli səviyyədə vətəndaş iştirakçılığı, əhali rəylərinin qərar qəbulu prosesində nəzərə alınmasını, şəffaflığı və hesabatlılığı ehtiva edir. Bütün bunlara güclü yerli özünüidarə institutları qurmaqla və əksmərkəzləşmə islahatları aparmaqla nail olmaq olar. Azərbaycan ilk gündən Xartiyanın tələb olunan minimal öhdəliklərini qəbul etsə də, hələ vacib olan bəndlərin qəbuluna tələsmir.

Qeyd: Yazı ilə aşağıdakı linkdən də tanış olmaq olar

https://bakuresearchinstitute.org/az/35-year-old-european-charter-obligations-for-20-year-old-azerbaijani-municipalities/?fbclid=IwAR3U_FEEZzJaafIHqKWzfGly0MmnZysxdEm4cia2ljy7TZ9Z_r2tXOKhzCM  

6 Kasım 2020 Cuma

Rasim Həsənov: "İri büdcəli dövlət şirkətləri dərhal özəlləşdirilməlidir"


İqtisad elmləri doktoru, professor, "İqtisadi Forum" Ekspert Qrupunun üzvü Rasim Həsənov Amerikanın Səsinə müsahibə verib. Rasim Həsənov müsahibəsində Azərbaycanda böyük büdcəyə sahib olan dövlət müəssisələrinin özəlləşdirilməsi məsələlərindən danışıb.

Amerikanın Səsi: Prezident İlham Əliyev böyük büdcəli dövlət şirkətlərinin özəllədirməyə və ya xarici şirkətlərin idarəetməsinə verilməsinin mümkünlüyünü bildirib. Sizcə, dövlət şirkətlətləri özəlləşdirməyə çıxarılmalıdır, yaxud xarici şirkətlərin idarəetməsinə verilməlidir? Bunlardan hansı daha səmərəli olar?

Rasim Həsənov: Hər ikisi mümkündür. Məqsəd dövlət müəssisələrinin, dövlət aktivlərinin səmərəliliyinin yüksəldilməsidir. Dövlət müəssisələri ümumi bir anlayış deyil. Onun içərisində çox müxtəlif xarakterli və təyinatlı müəssisələr var. Ona görə də orada seçim fərdi olmalıdır. Hər bir müəssisəyə ictimai əhəmiyyətliliyinə, iqtisadiyyatda möveyinə və iqtisadiyyatda digər sahələrin işinə təsirinə görə baxaraq əsaslandırılmalı və seçilməlidir.

Amerikanın Səsi: Sizcə, Dövlət Neft Şirkəti, “Azərenerji”, “Azərsu”, “Azal” (Azərbaycan Hava Yolları) kimi nəhənglər də özəlləşdirməyə çıxarıla və ya xarici idarəetməyə verilə bilərmi?

Rasim Həsənov: Bu müəssisələr, əlbəttə, birmənalı olaraq özəlləşdirilməyə çıxarıla bilər. Özəlləşdirmə həmin müəssisələrin dövlətsizləşdirilməsinin bir forması olmalıdır. Özəlləşdirilə bilər. Amma o müəssisələrin idarəçiliyə verilməsində yalnız xidmət sahələrinin, məsələn, “Azərsu”, “Azərenerji” kimi sahələrin idarəetməyə verilməsindən danışa bilərik. SOCAR (Dövlət Neft Şirkəti) kimi şirkətin idarəetməyə verilməsi düzgün olmaz. O özəlləşdirilməlidir.

Amerikanın Səsi: Beynəlxalq prakitkada bu necədir?

Rasim Həsənov: Beynəlxalq praktikada xidmət sahələri üzrə dünyada məşhur olan şirkətlər var. Bu şirkətlər öz sahəsi üzrə idarəetməyə götürür və müəssisəni idarə edir. Bu daha doğrudur. Amma bilavasitə istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələr özəlləşdirilməlidir.

Amerikanın Səsi: Siz bu sahədə tədqiqatlar aparıbsınız. Tədqiqatlarınızın nəticəsi nə deyir?

Rasim Həsənov: Tədqiqatların nəticəsi birmənalı onu deyir ki, iri dövlət müəssisələrinin indiki idarəçilik forması günün tələblərinə qətiyyən cavab vermir. Təcili surətdə bu məsələ həll olunmalıdır. Nəhayət ki, hökumət də son zamanlar bu sahədə ciddi işlər görməyi planlaşdırır. Hesab edirəm ki, planlaşdırılan ciddi işlərin ümumi ictimai müzakirədən keçirilməsinin böyük əhəmiyyəti var. Buna zərurət var. Çünki, biz 30 illik müstəqillik dövründə təcrübəmizdə bunu dəfələrlə görmüşük. Bir neçə dəfə müəssisələr idarəçiliyə verilib, geri qaytarılıb. Özəlləşdirilən müəssisələrin səmərəliliyi son dərəcə aşağıdır. Bir çox hallarda bunu görürük. Bu gün özəlləşdirilmiş, yaxud özəlləşdirilmək üçün hazırlanmış müəssisələrin iqtisadiyyata nə qədər böyük yük olduğunu görürük. Ona görə də bu kimi məsələlərdə gecikmək olmaz və bu, Azərbaycandakı müasir iqtisadi islahatların prioritetlərindən biri olmalıdır.

Amerikanın Səsi: Sizcə, dövlətin nəzarətində olan böyük büdcəli şirkətlərin hamısı birlikdə özəlləşdirilməyə çıxarılmalıdır və ya ilk olaraq hansı şirkətdən başlamaq lazımdır?

Rasim Həsənov: Hesab edirəm ki, ilk olaraq xidmət sahələrindən başlamaq lazımdır. Xidmət sahələrinin müəssisələri təkcə iqtisadiyyata xidmət göstərmir, onlar həm də bir iqtisadi mühit formalaşdırır. Ona görə də ilk olaraq bu sahələrdən başlamaq lazımdır. Qeyd etdiyim kimi, bu müəssisələrin hər birinə fərdi yanaşma olduğuna görə, onların eyni vaxtda başlanmasında problem yoxdur.

Amerikanın Səsi: Əsas təndiq olunan sahələrdən biri də ölkədə tenderlərin şəffaf keçirilməməsidir. Məsələn, vaxtı ilə elektrik enejisinin paylanması üzrə Almaniyanın Simens şirkəti ilə Türkiyənin Barmek şirkəti arasındakı qalmaqalın şahidi olmuşuq. Simens tenderdə qalib gəldiyini bildirsə də idarəetmə Barmek şirkətinə verildi. Bu təcrübəyə əsaslanaraq tenderlərin şəffaf və ədalətli olacağına inanırsınızmı?

Rasim Həsənov: İnanıram ki, şəffaf və ədalətli tenderlərin keçirilməsini təmin etmək olar. Burada əsas məsələ nədir? Müəssisələrin özəlləşdirilməsində marjinal ( tələb və ehtiyaclarını təmin etmək) hədəf və məqsədlər önə çıxarılmamalıdır. Yəni, daha çox pul qazanmaq, daha baha satmaq məqsədləri yox, işi daha yaxşı təşkil etmək formasını tapmaqdan söhbət getməlidir. Güman edirəm ki, siyasi iradə olduqca, bu sahədə ciddi mütəxəssislər var və bu işi təşkil etmək tamamilə mümkündür.

Qeyd: müsahibə ilə aşağıdakı linkdən də tanış olmaq mümkündür

https://www.amerikaninsesi.org/a/rasim-h%C9%99s%C9%99nov-i%CC%87ri-b%C3%BCdc%C9%99li-d%C3%B6vl%C9%99t-%C5%9Firk%C9%99tl%C9%99ri-d%C9%99rhal-%C3%B6z%C9%99ll%C9%99%C5%9Fdirilm%C9%99lidir-/5649152.html