30 Eylül 2020 Çarşamba

Dövlət müəssisələrinə dair Səmərəlilik Çağırışları ilə bağlı yekun konfrans keçirilib

 

2020-ci il sentyabrın 29-da “Dövlət müəssisələrinə dair Səmərəlilik Çağırışları” mövzusunda yekun ZOOM konfrans keçirilib.

Mövzu ilə bağlı məlumat verən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov qeyd etdi ki, Azərbaycanda iri dövlət müəssisələri və səhmdar cəmiyyətlərinin səmərəlilik məsələləri aktual olaraq qalır. Məhz bu səbəbdən 6 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin çıxışında müvafiq tənqidlərin səsləndirildiyini söyləyən S.Bağırov xatırlatdı ki, səmərəliliyi artırmaq məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. “Bu Holdingin idarəetməsinə iri dövlət şirkətləri və müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətlər verilib”, - deyən S.Bağırov vurğuladı ki, burada məqsəd bu təsərrüfat subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

S.Bağırov bildirdi ki, “İqtisadi Forum” ekspert qrupunun üzvləri qeyd edilən problemlərlə əlaqəli müəyyən tədqiqatlar aparıb və tövsiyyələr paketi hazırlayıb.

Konfransda tədqiqat nəticələri və tövsiyələr haqqında hər bir ekspertin təqdimatı olub. Ekspertlərin hər biri səmərəliliyin iri dövlət müəssisələri və səhmdar cəmiyyətlərində artırılması istiqamətləri ilə bağlı məruzə edib.

SOCAR və onun İstehsalat Birliyi olan “Azəriqaz”da səmərəliliklə bağlı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev və Mədən Sənayesində Avrasiya Bilik Mərkəzinin rəhbəri, professor İnqilab Əhmədovun təqdimatları oldu.

Məruzəçilər qeyd etdi ki, “Azəriqaz”ın fəaliyyətində ən böyük problem onun məlumat qapalılığı, maliyyə uçotunda təkmil mühasibatlıq sisteminə malik olmamasısıdır. Bundan başqa “Azəriqaz”ın statusu da onun fəaliyyətinə problem yaradır. Belə ki, onun SOCAR-ın tərkibində istehsalat birliyi statusunda fəaliyyəti onun idarəçiliyi, rentabelliyi və məsuliyyətliliyi ilə bağlı öhdəliklər şirkətin üzərinə düşür: “Əgər SOCAR- ın bir şirkət kimi özünün korporativ idarəçilik statusu təkmil olsaydı, Birlik üçün bu status qənatbəxş sayıla bilərdi. Lakin, şirkətin öz problemləri fonunda qaz təsərrüfatı müəyyən mənada natamam idarəçiliklə qarşılaşır. Belə şəraitdə korporativ məsuliyyət məsələsi, xüsusilə daxili bazarda arxa plana keçir, Şirkət daha çox qazın ixracı ilə bağlı öhdəliklərini birinci plana çəkir”.

Məruzəçilər təklif etdi ki, “Azəriqaz”ın məlumat açıqlığı siyasəti yenidən qurulmalı, qaz təsərrüfatı ilə bağlı yeni qanunvericlik bazası yaradılmalı, “Azəriqaz”ın mövcud statusu təhlil edilib dəyişdirilməli və “Azəriqaz”ın özəlləşdirilməsi məsələsinə baxılmalıdır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, professor Azər Mehtiyev Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY) fəaliyyəti ilə bağlı məruzə etdi. A.Mehtiyev söylədi ki, ADY-nin idarəetmə modeli tam aydın və sistemli deyil. İdarəetmə modelində bəzi vacib elementlər məsələn, korporativ idarəetmə yoxdur.

Cəmiyyətin nizamnaməsindəki tələbi xatırladan A.Mehtiyev dedi ki, qurum illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur. Amma cəmiyyət hələ də nizamnamənin bu tələbini yerinə yetirmir.

A.Mehtiyev tövsiyə edir ki, ADY-nin strukturu optimallaşdırılmalı, qurumda real korporativ idarəetmə tətbiq edilməli, qurumun fəaliyyətinin şəffaflığı və hesabatlılığı təmin olunmalıdır.

Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov AZAL Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məruzə etdi. A.Bayramovun apardığı araşdırma göstərir ki, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün bərabər imkanların tanınmalıdır. Ekspert təklif edir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun özəl idarəçiliyə verilməli, Heydər Əliyev Hava Limanının hökumətin nəzarətində qalmaqda davam edəcəyi halda həm Heydər Əliyev Hava Limanında, həm də bölgələrdəki hava limanlarında məhsuldarlıq və xidmət səviyyəsinin artırılması məqsədilə cari effektivlik və hədəf göstəricilərinə münasibətdə boşluqların təhlili və tələb oluna biləcək yardım səviyyəsinin müəyyənləşdirilməlidir. A.Bayramov hava nəqliyyatı sahəsində dövlət-özəl əməkdaşlığının təşviq edilməsinin əhəmiyyətli olduğunu düşünür.

Ekspertin araşdırması nəticəsində məlum olub ki, AZAL fəaliyyətində şəffaflıq və hesabatlılıq aşağı səviyyədədir, qurumun fəaliyyətində korporativ idarəetmə tətbiq edilməyib.

Professor Rasim Həsənov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti haqqında məruzə etdi. R.Həsənovun tədqiqatının nəticəsinə əsasən, “Azərsu”nun konsolidə olunmuş maliyyə hesabatları dərc olunur. Hesabatlarda MHBS tələbləri və Korporativ İdarəetmə Standartları yalnız qismən təmin edilir. Lakin bu hesabatlar Fəaliyyət haqqında məlumatlar qiymətləndirmə üçün yetərli deyil.

Eyni zamanda iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları və onun icrası üzrə monitorinqin aparılması Qaydalarına əməl olunması haqqında məlumatlar da yoxdur.

R.Həsənov təklif edir ki, təcili olaraq Azərbaycanda Sudan istifadənin yaxşılaşdırlıması və problemlərin həlli üçün qüvvədə olan Su məcəlləsi ilə yanaşı Su strategiyası formalaşdırlmalı və realizasiyası təmin eidlməlidir.

Aqrar islahatlar Mərkəzinin rəhbəri Vahid Məhərrəmov Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində səmərəliliyin artırılması yolları ilə bağlı məruzə etdi. Ekspertin gəldiyi qənaət ondan ibarətdir ki, ölkədə istehsal olunan ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını mərkəzləşdirilmiş qaydada bir dövlət şirkəti tərəfindən deyil, açıq tender üsulu ilə həyata keçirilərsə, dövlət öz üzərinə düşən funksiyalarını yerinə yetirməklə yanaşı, birbaşa kiçik və orta fermerlərin, kənd təsərrüfatı məhsulu istehsalçılarının, bölgələrdə fəaliyyət göstərən özəl iaşə müəsisələrinin müsabiqələrə çıxış imkanını yaradar, onlar üçün kvota müəyyən edər və bununla həm də digər bir funksiyanı da yerinə yetirər, bu sahədə sağlam rəqabətli mühit yaratmış olar. Dövlət vəsaitləri hesabına dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının satın almalarının həyata keçirilməsində özəl sektorun iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması, büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə dövlət satınalmalarının bir yox, bir neçə podaratçı şirkətlər tərəfindən müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi bu sahədə dövlət vəsaitlərin səmərəli xərclənməsinə və minimum xərclərlə tələb olunan keyfiyyətdə malların satın alınmasını təmin etmək mümkün olar.

Telekommunikasiya sektorunda dövlətə məxsus qurumlarla bağlı məruzə edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev pardığı araşdırmanın nəticəsi olaraq bəzi təkliflər irəli sürdü. Ekspert təklif edir ki, islahatların ilk mərhələsi olaraq telekommunikasiya şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi, Direktorlar (Müşahidə) Şuralarının real fəaliyyəti və icra orqanları üzərində real nəzarət (təsir) imkanları təmin edilməlidir. Bununla bərabər bu şirkətlərin məlumat açıqlığına və şəffaflığına dair tələblər sərtləşdirilməlidir. Eyi zamanda şirkətlərin maliyyə hesabatlarının beynəlxaql standartlara uyğun tərtibi və açıqlanması təmin edilməlidir.

Qeyd edək ki, konfransda bir sıra dövlət qurumlarının nümayəndələri də işitirak edirdi. İştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırıldı.

 

24 Eylül 2020 Perşembe

Rasim Həsənov: "Su təhcizatı və təmizlənməsi ilə bağlı yerli sənayedə yaradılan hər bir işçi yeri, milli iqtisadiyyatda dolayısı ilə 3.68 iş yerinin yaranmasına səbəb olur".



Mövcud su ehtiyatlarından istifadə səviyyəsi əhalinin, iqtisadiyyatın suya olan tələbatının ödənilməsində ən önəmli amil hesab edilir. Suya qənaət edilməsi burada əsas şərtlərdən biri olsa da digər əhəmiyyətli məsələlər də var ki, onları nəzərə almaqla, tələblərə əməl etməklə su ehtiyatlarından istifadədə səmərəliliyi artırmaq olar. Bəs, bu məsələ dünya təcrübəsində necədir?

İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı professor Rasim Həsənovla söhbətimizdə su ehtiyatlarından düzgün istifadənin əhəmiyyətinə toxunulub.

- Su sektorunun səmərəliliyi nədir və dünya təcrübəsində necə qiymətləndirilir?

- Təmiz su insan həyatının təmin edilməsi və onun sağlamlığı üçün son dərəcə vacib ehtiyat növüdür. Xöşbəxtlikdən dünyada əslində hər insan yetəcək qədər şirin su ehtiyatları mövcuddur. Lakin iqtisadi inkişafın zəifliyi və müvafiq infrastrukturun olmaması səbəbindən milyonlarla insan, ilk növbədə uşaqlar, zəruri su təminatı, sanitariya və gigiyena xidmətlərinin olmaması ilə bağlı xəstəliklərdən ölür. Dünya əhalisinin 40% su çatışmazlığından əziyyət çəkir və bu rəqəm getdikcə artır. BMT ekspertlərinin qiymətləndirmələrinə görə, hazırda 783 milyon nəfər təmiz su təminatından məhrumdur. 1.7 milyard nəfər isə çay hövzələrində yaşamlarına rəğmən, əlavə içməli su təminatına ehtiyacı var.

Müasir inkişaf mərhələsində insanların su və gigiyena xidmətinə malik olma hüququ bəşəriyyət tərəfindən sübuta ehtiyacı olmayan arqument kimi qəbul edilmişdir. BMT-nin Baş məclisinin 2010-cu il iyul Qətnaməsinə görə, hər bir insan şəxsi istifadə və məişət ehtiyaclarının qarşılanması məqsədi ilə yetərli həcmdə (hazırda gündəlik 50-100 l) su əldə etmə hüququna malikdir. Belə su, qiymət və keyfiyyət baxımından əlçatan olmalıdır (suyun dəyəri ev təsərrüfatlarının xərclərinin üç faizindən çox olmamalıdır). BMT normalarına görə su eyni zamnada fiziki baxımadan əlçatan olmalıdır (su mənbəyi evdən 1000 mertdən çox uzaqlıqda olmamalıdır və onu gətirilməsi 30 dəqiqədən çox vaxt çəkməməlidir.) Azərbaycan respublikasında gündəlik su təminatı 56.2 l təşkil edir və su xərci, ev təsərrüfatı xərclərinin çox kiçik hissəsini təşkil edir.

Minilliyin inkişaf məqsədləri (MİM) su təhcizatı məsələlərini mühüm hədəflər kimi müəyəynləşdirmişdir və bu istiqamətdə son illərdə böyük həcmli işlər görülməkdədir. Məhz belə sistemli işlərin nəticəsi olaraq, hədəflərdə nəzərdə tutlmuş 2015-ci ilədək zəruri su təminatına malkik olmayanların sayının iki dəfəyədək azadılması məqsədi artıq 2010 –cu ildə təmin edilmişdir. Görülmüş işlər sayəsində 1990-cı ildən indiyədək. 2.6 mlrd n.,o cümədən zəif inkişaf etmiş ölkələrin əhalisinin 42 %-nin su təhcizatı yaaxşılaşdılrlmışdır. İndi UNİSEF məlumatlarına əsasən, dünya əhalisinin 91 % yaxşılaşdırlmış su təhcizatına malikdir.

BMT-n dayanıqlı inkişaf gündəliyində suya əlçatanlıq məqsədi 6-cı hədəf kimi qeyd olunub. Bu məqsəd, sağlamlıq, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi məsələləri ilə sıx bağlıdır. Məqsəd həçmçinin ekosistemlərin və təbiət hadisələrinin dayanıqlığı məsələlərinə aiddir. Qeyd olunan məqsədə nail olunması- suyun keyfyyətinin yaxşılaşdırlması, ekosisitemin su ilə birbaşa bağlı olan meşə, dağ, bataqlıqlar, çay və göllərin su resurslarından istifadənin effektivliyinin yüksəldilməsini ehtiva edir.

- Su ehtiyatlarından səmərəli istifadənin iqtisadi əhəmiyyəti də böyükdürmü?

- Suyun əhali sağlamlığı və həyat şəraiti ilə bağlı olması ilə yanaşı, onun mühüm iqtisadi amil olması əhəmiyyətli məsələdir. Ekspert qiymətləndirmələrinə görə, qlobal işçi qüvvəsinin üçdə ikisi su istehlakından bilavasitə asılıdır. Su təhcizatı və təmizlənməsi ilə bağlı yerli sənayedə yaradılan hər bir işçi yeri, milli iqtisadiyyatda dolayısı ilə 3.68 iş yerinin yaranmasına səbəb olur. “Yaşıl iqtisadiyyata” keçid isə su amilinin iqtisadiyyata təsirini daha da gücləndirir. Hazırda inkişaf etmiş və inkişaaf etməkdə olan ölkələrdə işçi qüvvəsinin təxminən 1%-i su ilə bağlı sektorlarda məşğuldur. Köhələn və qeyri səmərəli infrastrukturun modernizasiyasına yönəldilən investisiyalar özüdə su təsərrüfatında mühüm məşğulluq amilinə çevirilmişdir.

Qeyd etmək vacibdir ki, iqlim dəyişikliyi fonunda şirin suya olan tələb artmaqdadır. 80-ci illərdən başlayaraq, qrunt sularının istifadəsi ildə 1% artır. Eyni zamanda iqlim dəyişikliyi üzrə Hökumətlərarası komissiyanın qiymətləndirmələrinə görə, qlobal istiləşmənin hər bir faiz artımı, dünya əhalisinin 7%-nin bərpa olunan su ehtiyatlarının həcminin təxminən 20 % azalmasına səbəb olur.

BMT ekspertlərinin fikrincə XXI əsrdə su neft və qazdan daha vacib strateji məhsula çeviriləcəkdir. Son yüz ildə dünyada suyun istifadəsi 2 dəfə artmışdır. Dünya su komissiyasının məlumatlarına görə indi gün ərzində hər nəfərə yemək hazırlamaq və şəxsi gigiyena üçün 20-50 litr su (orta-40 l) tələb olunur. Lakin dünya əhalisinin 40% (3 mlrd.nəfər) su qıtllığından əziyyət çəkir. 2025-ci ildə isə su çatışmazlığından əziyyət çəkənlər dünya əhalisinin 2\3 təşkil edəcəkdir.

İnsana gündəlik yemək hazırlamaq üçün 2-4 litr su tələb olunursa, yeməyin məhsullarının istehsalı üçün 2000-5000 l tələb olunur. 1 kq taxıl istehsalı üçün -800-4000l, 1kq. ət üçün 2000-16 000 l, 1 kq.düyü üçün 3500 l su istifadə olunur

Ekspert qiymətləndirmələrinə görə su təminatı və sanitari şəraitinin yaxşılaşmasına qoyulan hər dollar investisiya 3-34 dollara qədər gəlir gətirir. Su probleminin bəşəriyyət üçün nə qədər önəmli olduğunun göstərmək üçün qeyd etməyi vacib sayırıq ki, dünyada iri çayların 260-ı iki və daha çox ölkənin ərazisində keçir və dəqiq tənzimləmə razılaşmalarının olmaması daima konfliktləri yaranması üçün əlverişlidrir. Son 50 ildə dünyada 507 su münaqişəsi olmuş, 21 dəfə bu silahlaı münaqişə forması almışdır. BMT-nin qiymətləndirmələrinə görə dünyada hərbi münaqişəyə çevirilə biləcək su ocaqları sırasında Araz və Kür çaylarıda vardır.

- Ölkəmizdə Su təchizatını yaxşılaşdırmaq üçün idarəetmənin təkmilləşdirilməsi nə dərəcədə zəruridir?

- Azərbaycanda hazırda sudan mühüm sosil-iqtisadi və tibbi ekoloji resurs kimi istifadə formal olaraq Dövlətin ciddi nəzarəti altındadır. Belə ki, Sudan istifadənin idarə edilməsi ilə bağlı Təbii ehtiyatlar və Ekologiya, Fövqaladə Hallar Nazirlikləri, həmçinin iri Dövlət şirkətləri olan Azərsu ASC və Melorasiya və su təsərrüfat ASC fəaliyyət göstərir. Lakin indi hamıya aydındır ki, belə “səpələnmiş” idarəçiliyin effektivliyi olduqca aşağıdır. Uzun illər ərzində bu sahəyə Dövlət büdcəsindən iri həcmli vəsaitlər ayrılır və Dövlət zəmanəti ilə iri həcmli xarci investisiyalar cəlb edilir, problemin həlli isə indiyədək mümkün olmamışdır. Yaranmış vəziyyəti, bütövlükdə bazar iqtisadi münasibətləri şəraitində Dövlət aktivlərindən istifadədə səmərəliliyin aşağı olmasını şərtləndirən amillərlə izah etmək mümkündür. Belə amillərə ilk növbədə iri dövlət şirkətlərinin (təbii və ya süni inhisarçı olmasından asılı olmayaraq) malik olduqları faktiki imtiyazlar və onların faktiki “dominant” hüquqları kompleksi aid edilməlidir. Belə “hüquqlar” iqtisadiyyatın digər iştirakçılarına ciddi maddi zərər vurmaqla yanaşı, həmin şirkətlərin Dövlət büdcəsi üçün ağır “yükə” çevirilməsini doğurur. Bu məsələ də son dövrlərdə Dövlət Başçısının ciddi müdaxiləsinə səbəb olmuşdur və fundamental qərarlar qəbul edilmişdir. Mən Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və İqtisadi Şuranın təsis edilməsi haqındakı Prezident Sərəncamlarını nəzərdə tuturam. Güman edirəm ki, yaxın dövrlərdə iqtisadiyyatda bunun faydasını görəcəyik.

Fikrimizcə burada həll olunmalı digər mühüm məsələ, xüsusi ilə infrastruktur sahələrində dünyada qəbul olunuş istehsalçı, daşıyıcı və paylayıcı şirkətlərin eyni qurumda cəmlənməsi təcrübəsinə son qoyulması olmalıdır. Bu vacib məsələdir, iqtisadi səmərəliliyin və funksional xidmət səviyyəsinin yüksəldilməsi üçün olduqca əhəmiyyətlidir. İdarəetmə ilə bağlı dediklərimiz bütövlükdə Su sekotoru üçündə təxirə salınmazvəzifələrdir

- Ölkəmizdə indiki mərhələdə Sudan istifadənin hansı strateji hədəfləri müəyyənləşdirilməlidir?

Yaranmış şəraitdə idarəçiliyin əsaslı yenidən qurulması ilə yanaşı hesab olunur ki, təcili olaraq Azərbaycanda Sudan istifadənin yaxşılaşdırlıması və problemlərin həlli üçün qüvvədə olan Su məcəlləsi ilə yanaşı Su strategiyası formalaşdırlmalı və realizasiyası təmin eidlməlidir. Bu strategiyanın mühüm vəzifələri sıarsında real Su balansının formalaşdırılması və onun mütamadi olaraq izlənilməsi mexanizminin yaradılması olmalıdır.

Araşdırmalar göstərir ki, ölkəmizdə sudan istifadənin strateji hədəfləri müasir inkişaf mərhıləsində ictimai məhsul istehsalının su tutumluluğu, su itkisi, su hövzələrinin çirklənməsinin aşağı salınması kimi müəyyənləşdirilməlidir. Qeyd olunanlar həm içməli həm də istehsal məqsədli su istifadəsində vacibdir. Belə ki, dünya təcrübəsi və istehsal prosesinin mahiyyəti baxımından hesab olunur ki, su tutumluğunun azadılması və onun marjinal faydalılığını yüksəldilməsi faktiki olaraq istehsalın enerji tutumluğunun azadılması doğurur və buna görədə bütövlükdə xərclərin azalması, sudan istifadənin nəticəliliyinin yüksəlməsi baş verir.



23 Eylül 2020 Çarşamba

Abil Bayramov: “Bir çox ölkə milli aviaşirkətlərin dövlət tərəfindən dəstəklənməsi təcrübəsinə son qoyulub”

 

Bazar iqtisadiyyatına keçid, eyni zamanda beynəlxalq hava nəqliyyatı bazarının müasir tələbləri mülki aviasiya sektorunda islahatların aparılmasına ehtiyac yaradıb. Mülki aviasiya müəssisələrinin fəaliyyəti daha sərt nəzarət altında olan sahədir. Eyni zamanda, mülki aviasiya bazarının vəziyyətinə xarici təsirin zəruriliyi şübhə altına alınır, mübahisələr yalnız dövlət tənzimlənməsinin dərəcəsi və metodları ilə əlaqədardır.

Amma müxtəlif şərhlərə əsasən hava nəqliyyatında dövlətlə bərabər özəl sektorun iştirakı üçün imkanların tanınmalıdır. Bu cür düşünənlər hesab edir ki, özəl sektorun da prosesə daxil edilməsi sərnişinlərin və yüklərin hava yoluyla minimum tranzit nöqtəsi ilə hərəkət etməsinə və nəticədə səyahət vaxtının azalmasına, müştəri məmnuniyyətinin artmasına və əməliyyat xərclərinin azalmasına kömək edə, daha ucuz aviabilet üçün potensialı formalaşdıra və rəqabət qabiliyyətliliyi artıra bilər.

“İqtisadi Forum” ekspert qrupunun üzvü, ekspert Abil Bayramovla müsahibəmizdə hava nəqliyyatının mövcud vəziyyəti, özəl sektorun iştirakçılıq səviyyəsi və digər mühüm məsələlərə toxunulub.

- AZAL-a dövlətin böyük maliyyə dəstəyi var. Amma buna baxmayaraq göstərilən xidmətlərin dəyərinin yüksək olduğu bildirilir. Bu ziddiyyət nə ilə bağlıdır?

- Bir çox ölkələrdə milli aviaşirkətlərin dövlət tərəfindən dəstəklənməsi təcrübəsinə son qoyulub. Bu, təkcə zərərlə işlədiyən aviaşirkətlərə (Məsələn, Macarıstanın milli aviaşirkəti “Malev” 2012-ci ildə bu səbəbdən fəaliyyətini dayandırıb) münasibətdə baş verməyib. Uğurlu fəaliyyət göstərən Lufthansa və British Airways artıq çoxdan hökumətdən ayrılıblar (Lufthansa 1997-ci ildə, British Airways isə 1980-ci illərin sonlarında tam olaraq özəl investorların sahibliyinə keçib). “Air France-KLM”-in səhmlərinin 14%-i fransız hökumətinə məxsusdur. Norvegian AİR-in baş direktoru Börn Kyos bildirib ki, Fransa və digər hökumətlər aviasiya biznesindən çıxmalıdırlar – onda bazar daha yaxşı işləyə bilər. Norveç hökuməti səhmlərin sonuncu 10%-ni yerli bazardakı əsas rəqibinə - “Scandinavian Airlines”ə satıb.

Lakin qeyd etdiyiniz kimi, AZAL-a dövlət tərəfindən böyük miqdarda maliyyə dəstəyi göstərilir. Bura dövlət büdcəsindən ayırmaları, dövlət zəmanətli kreditləri və s. aid etmək olar. Bütün bunların müqabilində xidmətlərin dəyərinin yüksək olması bir sıra amillərlə bağlıdır. Əsas problemlərdən biri idarəçiliklə – korporativ idarəetmənin tətbiq edilməməsi, fəaliyyətin səmərəliliyinin quymətləndirilməsi sisteminin çatışmazlığı, şəffaflıq və hesabatlılığın olmaması ilə bağlıdır. Digər mühüm səbəb AZAL-ın inhisarçı mövqeyi ilə bağlıdır. Aşağı büdcəli aviadaşıyıcıların bazara girişindəki çətinliklər xidmətlərin qiymətinin rəqabət şəraitində müəyyənləşdirilməsi imkanlarını azaldır.

Dövlət Statistika Komitəsi Azərbaycandan çıxanların daha çox hansı yolldan istifadə etməsi barədə məlumat açıqlayıb. Məsələnin diqqət çəkən tərəfi odur ki, ölkədən çıxanlar daha çox quru yoluna üstünlük veriblər.. Halbuki mənzil başına rahat və tez çatmaq üçün hava nəqliyyatı daha sərfəlidir. Amma “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə baha olması insanların bu nəqliyyat vasitəsindən istifadə etməsinə imkan vermir.Bu isə xaricə getmək istəyən insanların əksəriyyətinin Gürcüstan üzərindən uçmağa üstünlük verməsinə səbəb olur. Hətta Türkiyə və Avropaya belə, Gürcüstan aviaşirkətləri ilə gedənlərin sayı artır.

- AZAL fəaliyyəti ilə bağlı zəruri məlumatları açıqlayırmı?

AZAL-ın fəaliyyəti barədə detallı məlumatlar əldə etmək çətindir. Dövlət şirkəti olmasına baxmayaraq, AZAL yerli informasiya mənbələrində öz hesabatlarını açıqlamır. Halbuki “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 5.3-cü bəndinə əsasən, şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı qanunla müəyyən edilmiş qaydada dərc etdirməyə borcludur.

Bundan əlavə, “Mühasibat uçotu haqqında” qanunun və Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı və 1 oktyabr 2014-cü il tarixli 321 saylı qərarlarına əsasən AZAL həm ictimai əhəmiyyətli, həm də dövlət zənaməti ilə kredit alan qurum kimi növbəti ilin aprel ayının sonunadək audit hesabatı ilə birlikdə öz internet səhifəsində dərc etməlidir. Ancaq qurum hələ də hesabatlarını ictimaiyyətə açıqlamır.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin öz hesabatlarını ictimailəşdirməkdən yayınması Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə 2018-ci ilin yanvar ayında açıqlanmış hesabatında da öz əksini tapıb.

- Şirkətin fəaliyyətində səmərəliliyi artırmaq üçün hansı addımlar atılmalıdır?

- İlk növbədə “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində şəffaflıq və hesabatlılıq təmin edilməlidir. Qeyd etdiyimiz kimi, “Mühasibat uçotu haqqında” qanuna və Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı və 1 oktyabr 2014-cü il tarixli 321 saylı qərarlarına əsasən AZAL həm ictimai əhəmiyyətli, həm də dövlət zənaməti ilə kredit alan qurum kimi növbəti ilin aprel ayının sonunadək audit hesabatı ilə birlikdə öz internet səhifəsində dərc etməlidir. Lakin təəssüf ki, AZAL qanuvericiliyin bu tələbinə əməl etmir. Bu səbəbdən də, ictimai əhəmiyyət kəsb edən məlumatların dərc edilməməsinə görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məqsədəuyğundur.

Bundan əlavə, “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində korporativ idarəetmə tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini öyrənməklə effektiv korporativ idarəetmə sisteminin tətbiqi AZAL-da şəffaflığı təmin etməklə şirkətin beynəlxalq nüfuzunu artıra, investisiyaların cəlb olunmasını asanlaşdıra, cəlb olunan kapital üzrə xərcləri azalda bilər.

Xidmət standartları üzrə siyasətin işlənib hazırlanması da vacibdir. Belə standartların hazırlanması həm şirkətin məsuliyyətliliyini artıra, həm də müştəri məmnunluğunun daha yaxşı təmin olunmasına gətirib çıxara bilər.

- Hava nəqliyyatında özəl sektorun rolunun artırılması vacibdirmi?

- Hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün bərabər imkanlar tanınmalıdır. Hesab edirik ki, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün imkanların tanınması sərnişinlərin və yüklərin hava yoluyla minimum tranzit nöqtəsi ilə hərəkət etməsinə və nəticədə səyahət vaxtının azalmasına, müştəri məmnuniyyətinin artmasına və əməliyyat xərclərinin azalmasına kömək edə, daha ucuz aviabilet üçün potensialı formalaşdıra və rəqabət qabiliyyətliliyi artıra bilər. Dövlət və özəl müəssisələrin iştirakı fiziki infrastruktur layihələrinin maliyyələşdirilməsi baxımından da əhəmiyyətlidir. Çünki aviasiya infrastrukturu və avadanlıqlarının əsas elemntləri olan hava limanı obyektləri və avadanlıqları (terminallar, uçuş-eniş zolaqları, texniki xidmət obyektləri), intermodallıq (hava limanları ilə əlaqə), donanma (təyyarələrə mülkiyyət forması və satınalma variantları), rabitə və naviqasiya avadanlıqları kifayət qədər maliyyə tutumuna malikdirlər.

Bazarın tədricən liberallaşdırılması infrastruktura investisiyalar cəlb edə və aviaşirkətlər, yerüstü yükdaşıma, ictimai iaşə, texniki xidmət şirkətləri kimi xidmət tədarükçüləri üçün imkanlar aça, həmçinin, hava limanı obyektləri və avadanlıqları da daxil olmaqla aviasiya sektorunda çatışmayan kritik infrastruktur elementlərinə investisiyaları təşviq edə bilər. Gəlinən ümumi nəticə ondan ibarətdir ki, təhlükəsiz, etibarlı və effektiv aviasiya sektoru iqtisadi inkişafda mühüm rol oynaya bilər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun özəl idarəçiliyə verilməsi imkanları da nəzərdən keçirilməlidir. Bir sıra dünya ölkələri hava limanlarını dövlət nəzarətindən çıxarmağa və onları özəl idarəçiliyə verməyə başlayıb. Bunun üçün müxtəlif modellərdən istifadə edilib. Bir qayda olaraq, aktivlər hökumətin mülkiyyətində qalır, idarəetmə xidmətlərinin verilməsi üçün isə müəyyən müddətə konsessiya müqaviləsi bağlanılır. Səudiyyə Ərəbistanında Mədinə hava limanı “TAV Turkish Airports Group” ilə bağlanmış müqaviləyə əsasən, “tikinti-əməliyyat-transfer” modelindən istifadə etməklə özəl idarəçiliyə keçib. Səudiyyə Ərəbistanının digər hava limanları, Ər-Riyadda Dublin Hava Limanı Təşkilatı və Ciddədə Dublin Airport Service də daxil olmaqla özəl inzibati firmalarla idarəetmə müqavilələri bağlayıblar. Braziliyada bir sıra hava limanları həm yerli, həm də xarici investorların iştirakı ilə 30-40 illik müqavilələr üzrə konsessiyaya əsaslanan idarəçilikdədirlər.

Hava nəqliyyatı sahəsində dövlət-özəl əməkdaşlığı təşviq edilməlidir. Aviasiya sektorunda həm dövlət, həm də özəl maliyyə mənbələrinin olması mümkündür. Hava nəqliyyatında özəl investisiyalar xüsusilə sərnişin və yük daşımalarına yüksək tələbatın olduğu hallarda özünü döğruldur. Özəl sektoru təmsil edən müəssisələr hava limanı idarəçiliyi, uçuş zamanı iaşə xidmətləri, baqaj və digər yerüstü xidmətlər, pərakəndə ticarət mağazaları kimi sahələrdə xidmətlər təqdim edə bilərlər. Belə xidmətlərin göstərilməsinə konsessiyaya əvəz olaraq özəl şirkətlər hava limanı infrastrukturu və avadanlıqlarına ilkin sərmayələri həyata keçirə bilərlər. Dublin Hava Limanı Təşkilatı, Çangi Hava limanı Xidməti (Changi Airport Service) və Münhen Hava Limanları Qrupu («Flughafen München GmbH») kimi hava limanı qrupları öz ölkələrinin hüdudlarından kənarda hava limanları idarəçiliyi üzrə xidmətlər təqdim edirlər.

22 Eylül 2020 Salı

Rövşən Ağayev: “Mobil internetin dəyəri sabit şəbəkə üzrə verilən internetin dəyərindən az qala 10 dəfə bahadır”


Son illərdə rabitə və informasiya xidmətləri sektoru ən yüksək real böyümə tempinə malik 2 iqtisadi fəaliyyət sahəsindən biri olub. Dövlət Statisitka Komitəsinin 2010-cu ilin müqayisəli qiymətləri ilə apardığı hesablamaya görə, 2010-2017-ci illərdə real böyümə ümumilikdə Azərbaycan iqtisadiyyatı üzrə 9%, ticarət üzrə 41%, kənd təsərrüfatı üzrə 24%, emal sənayesi üzrə 20%, tikinti üzrə 19% təşkil etdiyi halda, rabitə və informasiya sektor real olaraq 2 dəfə artıb.
Müxtəlif ekspert qiymətləndirməsinə əsasən rabitə və informasiya xidmətləri sektorunun inkişaf imkanları daha böyükdür. Bunun üçün sektorda islahatların aparılması, rəqabət şəraitinin yaxşılaşdırılması lazımdır.

“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayevlə söhbətimizdə rabitə və informasiya xidmətləri sektorunda mövcud olan problemlər və bu sahənin inkişaf imkanlarına nəzər yetirilib.

- Rabitə və İnformasiya xidmətləri sektoru son illərdə sürətlə inkişaf edir. Sektorun inkişaf imkanları hələ də genişdirmi?

- Ən zəif iqtisadiyyat belə rəqəmsal texnologiyalar olmadan inkişaf edə bilmir. Rəqəmsal texnologiyalar birbaşa internetə bağlıdır. Düşünürəm ki, bizim iqtisadiyyatımız rəqəmsalaşma potensialına görə çox aşağıdır. İstər təhsil, istər sənaye, istər kənd təsərrüfatı olsun, buradakı inkişaf səviyyəsini qabaqcıl ölkələrlə müqayisə etsək bizim geridə olduğumuzu görərik. Azərbaycanda rəqəmsalaşma, müasir texnologiyalardan istifadə etmək sahəsində çox böyük imkanlar və potensial var. Bu potensial aşkarlanmalıdır, böyüməlidir və ondan istifadə genişlənməlidir. Məsələn, kənd təsərrüfatı primitiv üsullara əsaslanan, müasir texnologiyalardan zəif istifadə edilən bir sahədir. İnkişaf etmiş ölkələrdə fermerlər suvarma sistemlərini kompüter üzərindən idarə edir. Yaxud İsraildə bitkilərin əkini elə aparılır ki, əkin sıralarından hansına nə qədər suyunlazım olduğu siqnallar vasitəsilə, internet üzərindən kompüterə və ya telefona ötürülür. Sonra suvarma mərkəzindən həmin sıraya lazım olan miqdarda su ötürülür. Bu, çox sadə texnologiyadır.

Təhsil sistemi də yetərincə kompüterləşməyib, internetin imkanlarından istifadə aşağı səviyyədədir.

Eynilə bütövlükdə sənayemiz daha çox köhnə texnologiyalardan yararlanır. İstehsal texnoloji mürəkkəbliyinə görə 4 mərhələyə bölünür. Yüksək, orta yuxarı, orta aşağı və aşağı texnoloji. Aparılan araşdırmalar göstərir ki, bizim məhsullarımız aşağıdakı 2 mərhələyə uyğundur. Yuxarı 2 texnoloji potensial daha çox internet və rəqəmsal texnologiyalar üzərində qurulub.

Bu nə deməkdir? Bu o deməkdir ki, biz istehsalda yüksək texnoloji proseslərin tətbiqinə keçsək, daha çox rabitə və internet potesialının artırılmasına ehtiyac var. Yəni, potensial böyükdür.

- Bu sahədə dövlət və özəl müəssisələrin mövqeyi necədir?

- Rabitə və informasiya xidmətləri sahəsində özəl şirkətlərlə dövlət şirkətləri paralel fəaliyyət göstərir. Məsələn, mobil rabitədə özəl şirkətlər var, amma “Azercell”in timsalında dövlət şirkətləri də mövcuddur. “Azercell”in payının 51,3 faizi dövlətə məxsusdur.

Sabit şəbəkə telefon sektoruna baxdıqda görürük ki, burada da “Aztelekom”, “Baktelekom”, “Naxtel”in timsalında dövlət şirkətləri var.

Eyni zamanda internet xidmətləri sektorunda dövlət və özəl şirkətlərin paralel iştirakı müşahidə edilir. Burada 50-yə yaxın internet xidməti göstərən şirkət, yəni provayder fəaliyyət göstərir. Onun təxminən 47-si özəl şirkətlərdir. Ölkəmizə beynəlxalq internet kanallarından interneti alıb ötürən 2 şirkət var. Onların hər ikisi özəl şirkətdir.

Sektorda paralel fəaliyyət müşahidə edilsə də dövlət şirkətlərinin hökmran paya sahib olduğu görünür. Mobil rabitə bazarında özəl şirkətlər üstün mövqeyə malikdir. Amma digər 2 vacib sektorda dövlət şirkətlərinin aşkar üstünlüyü var. Sabit telefon şəbəkəsi sektorunda müştəri bazasının 96-97 faizi 3 dövlət şirkətinə məxsusdur. Faktiki olaraq sabit telefon şəbəkə bazarında 3 faizi özəl şirkətlərə məxsusdur. Bu sektorda tam dövlət monopoliyası var.

İnternet sektorunda da dövlət şirkətlərinin üstünlüyü var. Provayderlərin 47-i özəl şirkətdir. Belə başa düşülə bilər ki, üstünlük özəl şirkətlərə məxsusdur. Amma internet xidmətlərindən əldə edilən vəsaitin təxminən yarısı dövlət şirkətlərinə çatır. Bu, o deməkdir ki, 3-4 dövlət şirkəti internet xidmətlərindən gələn gəlirin yarısını əldə edir. Faktiki olaraq internet bazarında dövlət şirkətləri böyük paya sahibdir.

- Dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması, sektorun liberallaşdırılması səmərəliliyin əldə edilməsi baxımından əhəmiyyətli ola bilərmi?

- Dünya təcrübəsi göstərir ki, ötən əsrin 80-ci illərindən başlayaraq rabitə və informasiya xidmətləri sektorunda dövlətsizləşmə prosesi gedir və daha çox özəl şirkətlərin üstün paya malik olması baş verir. Bununla bərabər liberallaşma da baş verir.

Unutmayaq ki, özəlləşdirmə təkcə məqsəd deyil. Ola bilər ki, özəlləşmə baş versin, amma liberllaşma baş verməsin. Bu nə deməkdir? Bu o deməkdir ki, özəlləşdirmə olur, iki-üç özəl şirkət yaranır, ancaq monopol dövlət şirkətinin yerində, monopol özəl şirkət yaranır.

Sektorun qarşısında duran vəzifə bu deyil. İstehlakçı üçün lazım olan odur ki, bazarda çoxlu sayda şirkət olsun. Məsələn, mobil rabitə bazarında 3-4 şirkət yox, 5-6 şirkət olsaydı, bazarın 50 faizi bir şirkətin olmazdı. Bazar 15-25 faiz payla 5-6 şirkət arasında bölünsəydi, Azərbaycanın rabitə bazarında daha keyfiyyətli və ucuz xidmət olardı.

Hazırda sabit telefon xətti vasitəsilə internet xidmətləri genişzolaqlı mobil internet xidmətlərdən xeyli ucuzdur. Amma genişzolaqlı mobil internet xidmətləri daha keyfiyyətlidir. Sabit telefon xətti ilə ötürülən internet sürətindən mobil rabitədə daha yüksəkdir. Lakin ev telefonları vasitəsilə bir aylıq internetdən istifadə xərci 10-20 manat olduğu halda mobil internetin bir aylıq davamlı təminatı ən azı 100-120 manata başa gəlir. Mobil internetin dəyəri sabit şəbəkə üzrə verilən internetin dəyərindən az qala 10 dəfə bahadır. Bu nəyin nəticəsidir? Bu, mobil rabitə bazarında rəqabətin olmamasının göstəricisidir. Özəlləşmə var, amma liberallaşma getməyib. Ona görə də bizim məqsədimiz yalnız özəlləşdirmə deyil, onunla bərabər liberallaşma olmalıdır. Çalışmaz lazımdır ki, bazarda daha çox oyunçu olsun, onlar arasında rəqabət olsun, qiymətlər və xidmətlərin keyfiyyətini rəqabət diqtə etsin.

Özəlləşmə və liberallaşma gedəndə istehlakçı nöqteyi nəzərdən iki hədəfə nail olunur, səmərəlilik artır. Birinci, qiymətlər aşağı düşür, mobil internet qiymətləri ilə sabit internet qiymətlərin arasında 10 dəfə fərq yaranmır. Hazırda dünyada sabit şəbəkə vasitəsilə internetə qoşulma miqyası kəskin şəkildə azalır. İnkişaf etmiş ölkələrdə mobil rabitənin və internetin qiyməti o qədər aşağı enir. Avropada, ABŞ-da əhalinin 100 faizi mobil internetlə əhatə olunub. Bu ölkələrdə mobil rabitə bazarında liberallaşma getdiyinə, sağlam rərabət olduğuna görə istehlakçıların marağına uyğun olaraq qiymətlər ucuzlaşır.

İnternetə tələbin artmasının bir səbəbi də mənzillərdə internetə qoşulan qurğuların sayının artmasıdır. İnsanlar internetdən istifadə etməklə televizorda TV kanalları, müxtəlif video materialları izləyirr. Azərbaycanda internetin sürətinin zəif olması, bahalı olması, bu sahədə rəqabətin zəif olması, çeşidli xidmətlərin göstərilməməsi əhalinin mobil internetdən istifadə səviyyəsini zəiflədir.

İkincisi hədəf xidmətlərin keyfiyyətidir. İnternet daha sürətli və kəsintisiz olmalıdır. Liberallaşma bu hədəfə nail olmağa da kömək edəcək.

- Sizcə, rabitə və informasiya sektorunda göstərilən xidmətlərin keyfiyyəti və dəyəri uyğundurmu?

- Avropa ölkələrində əhalinin 90 faizdən çoxu genişzolaqlı mobil internetdən istifadə edir. Onların telefonları, mobil qurğuları daim internetə qoşulu olur. Azərbaycanda bununla bağlı məlumat yoxdur. Çünki məlumat açıqlanmır. Bu onunla bağlıdır ki, bizdə vəziyyət pisdir, göstərici çox aşağıdır. Mobil internetdən davamlı istifadə edilməməsinin səbəbi keyfiyyətin aşağı olması və qiymətlərin yüksək olması ilə bağlıdır.

İnternetin fasiləsiz, kəsintisiz verilməsi sabit şəbəkə internet xidmətlərində də müşahidə edilir. İnternetin sürətinin aşağı olması pandemiya dövründə özünü daha qabarıq biruzə verdi. Onlayn dəsrləri sabit aparmaq mümkün olmadı. Tez-tez internet əlaqəsi kəsilirdi.

Sabit şəbəkədə internet xidmətinin haqqı öncədən alınır və abunə haqqının vaxtı bitdikdən bir saat sonra internet kəsilir. Amma elə olur ki, istehlakçının interneti 1-2 gün kəsirilir və heç kim buna görə kompensasiya ödəmir. Deməli, xidmətdə keyfiyyət aşağıdır.

Qiymətlər yüksəkdir, bizim gəlirlərimizlə müqayisədə internet qiymətləri çox yüksəkdir. Məsələn, əhalinin gəliri ilə 100 Mb internetin qiyməti arasında olan fərq Avropada olan oxşar göstəricidən xeyli azdır. Avropalı gəliri ilə daha çox internetdən istifadə edə bilir. Ola bilər ki, mütləq ifadədə Avropada olan qiymətlər bizdə olan qiymətlərdən 2 dəfə yüksəkdir. Amma onların aldığı əmək haqqı Azərbaycanda olan əmək haqqı səviyyəsindən bir neçə dəfə yüksək olduğundan internet xidmətləri daha ucuzdur. Biz qiymət fərqini müqayisə edən zaman gəlirləri nəzərə almalıyıq.

Rasim Həsənov: "Azərbaycanda su ilə təminatda ciddi problemlər yaşanmaqdadır"


Azərbaycanda su sektorunun fəaliyyəti həmişə ciddi müzakirə mövzusu olub. Müasir dövrdə su probleminin daha da kəskinləşməsi bu sektora diqqəti artırıb. Buna görə də Ölkə Prezidentinin sədrliyi ilə 2020-ci ilin iyul ayının 27-də Hökumətin su problemlərinə həsr olunan xüsusi toplantısı keçirildi. Həmin toplantıda səsləndirilən məlumatlar göstərdi ki, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə vacib məsələlərdən biridir.
“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı professor Rasim Həsənovla müsahibəmizdə sözügedən sahədə mövcud olan problemlərə toxunulub və onların həll yollarına diqqət yetirilib. 

- Azərbaycanın mövcud su ehtiyatlarından səmərəli istifadə edilirmi?

- Fikrimcə, ökəmizdə su probleminin iki prizmadan: istifadə üçün yararlı su ehtiyatlarının potensialının yetərliliyi və bu potensialdan istifadənin sosial-iqtisadi və ekoloji müstəvilərdə istifadəsinin effektivliyi baxımından araşdırılması vacibdir.

Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevin sədriliyi lə keçirilən, su problemlərinə həsr edilən Hökumət müşavirəsində ölkədə ehtiyatların həcmi və bütövlükdə su istifadəsi ilə bağlı bəzi məlumatlar səsləndirilib. Məsələn, qeyd edildi ki, “bütövlükdə ölkəmizin su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir. ...Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatları 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatları yenidən qiymətləndirilməyib. 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılır. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. ”

Hesab edirik ki, Ölkə Başçısının bu fikirləri yetərlidir ki, Azərbaycanda su ehtiyatlarından istifadənin faktiki aşağı effektivliyə malik olması qənaətinə gəlinsin.

Qeyd etdiyimiz kimi, sudan istifadə potensialını ilk olaraq ehtiyatların xarakteri baxımından qiymətləndirmək vacibdir. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Azərbaycan Ekologiya və təbii sərvətlər Nazirliyinin məlumatlarına əsasən, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Qiymətləndirmələrə əsasən, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatları son onilliklərdə təqribən 15 faiz azalıb. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzərsahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalmışdır. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar.

Qeyd olunan Hökumət müşavirəsində həmçinin qeyd edildi ki, “2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz səviyyəsində idi. Hazırda bu rəqəmlər 70 və 82 faizə çatıbdır”.

Mütəxəssislər tərəfindən ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, 2020 ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir.

Beləliklə, demək olar ki, müasir dövrdə Azərbaycanda əhalinin içməli su ilə təminatında və həmçinin kənd təsərrüfatının suvarma suyu ilə təhciz edilməsində ciddi problemlər yaşanmaqdadır. Qeyd olunan məqamlar, su təminatının təşkilinin çox ciddi maliyyə -investisiya tələblərinə malik olduğunu nəzərdə aldıqda ölkədə su təminatı sisteminin fəaliyyətinin texniki-ekoloji aspektlərinə onun maliyyə-iqtisadi əsaslandırmaları ilə birgə baxılması son dərəcə vacibdir.

- Su idarəçiliyinin təkmilləşdirilməsi və su itkisinin azaldılması üçün hansı addımlar atılmalıdır?

- Dünya təsrübəsində su ehtiyatlarının idərəçiliyində təkmilləşdirmənin 3 istiqamətini müəyyənləşdirmək mümkündür:

1. Dövlətin birbaşa iştirakının genişləndirilməsi- belə yanaşmanın neqativləri səmərəliliyin azalması, yerli xüsusiyyətlərin nəzərə alınmaması səbəbindən təsərrüfatçılıq mühütinin pisləşməsi və dövlət büdcəsi xərclərinin əhəmiyyətli artımına səbəb ola bilir;

2. İdarəçiliyin, o cümlədən istismar funksiyalarının daha aşağı səviyyəyə ötürülməsi – özəlləşdirilmiş obyektlərin investisiya cəlbediciliyi və rəqabət mühiti olduqda milli maraqlara cavab verə bilər. Beləki bu yanaşma su idarəçiliyində “hövzə” prinsipinin pozulmasına, iri layihələrin realizasiyasına və su obyektlərinin qorunmasımın səmərəliliyinin aşağı düşməsinə və beləliklə də milli maraqlara xələl gətirə bilər;

3. Kompensasiyalı variant- idarəçiliyin müxtəlif səviyələrdə məhdudlaşdırlmasını, dövlətin su təsərrüaftçılığında səmərəliliyin yüksəldilməsini, büdcə vasitələrinin effektiv istifadəsini və su hövzələrinin zərərli təsirlərdən qorunmasını təmin edə bilər.

Son dövrlərdə bir sıra qabaqcıl ölkələrdə istehsalın resurs tutumluluğunun müxtəlif aspektlərinin qiymətləndirilməsi təcrübəsi genişlənməkdədir. Ənənəvi olaraq belə qiymətləndirmələr sırasında ən az fikir verilən istiqamət istehsalın su tutmululuğunun qiymətləndirilməsi hesab edilir. Lakin bütövlükdə su ehtiyatlarının xroniki çatışmazlığının getdikcə dərinləşməsi bu amilə diqqətin yetərincə yüksəlməsinə səbəb olmuşdur. Araşdırmalar göstərir ki, istehsalın su tutumluluğu göstəricisi ölkələr arası müqayisədə geniş spektrdə dəyişir. Ekspert qiymətləndirmələrinə əsasən Azərbaycanda iqtisadiyyatın su tutumluluğu ÜDM-ə nisbətdə 13% təşkil edir.

- Su balansının tərtib olunması bu məsələdə nə dərəcədə əhəmiyyət kəsb edir?

- Su idarəçiliyinin təkmilləşdirilməsinin mühüm bir istiqaməti düzgün Su balansının tərtib olunmasıdır. Bu məsələ məlum Prezident müşavirəsində Dövlət Başçısı tərəfindən haqlı olaraq kəskin şəkildə qoyuldu. Nəzərə almaq vacibdir ki, Azərbaycanda mövcud su ehtiyatlarının yalnız 20% yaxın hissəsi ölkə daxilində formalaşır. Qeyd etməyi məqsədəuyğun hesab edirik ki, Dünyada daxili su axınları hesabına adam başına düşən su ehtiyatlarının ən aşağı olduğu 12 ölkə sırasında Azərbaycan aşağıdan 10-cudur. Fikrimizcə bu fakt ölkəmizdə su probleminə diqqətin dahada ciddiləşməsi və müvafiq struktur və şirkətlərin fəaliyyətinə daha tələbkar yanaşmanı zəruri edir.

Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, təcili olaraq Azərbaycanda Sudan istifadənin yaxşılaşdırlıması və problemlərin həlli üçün qüvvədə olan Su məcəlləsi ilə yanaşı Su strategiyası formalaşdırlmalı və realizasiyası təmin eidlməlidir. Araşdırmalar göstərir ki, ölkəmizdə sudan istifadənin strateji hədəfləri müasir inkişaf mərhıləsində ictimai məhsul istehsalının su tutumluluğu, su itkisi, su hövzələrinin çirklənməsinin aşağı salınması kimi müəyyənləşdirilməlidir. Qeyd olunanlar həm içməli həm də istehsal məqsədli su istifadəsində vacibdir. Belə ki, dünya təcrübəsi və istehsal prosesinin mahiyyəti baxımından hesab olunur ki, su tutumluğunun azadılması faktiki olaraq istehsalın enerji tutumluğunun azadılması doğurur və buna görədə bütövlükdə xərclərin azalması, sudan istifadənin nəticəliliyinin yüksəlməsi baş verir.

21 Eylül 2020 Pazartesi

İnqilab Əhəmədov: ““Azəriqaz”ın ayrıca statusa malik olan dövlət müəssisəsinə çevrilməsi daha məqbuldur”


Dövlət şirkətlərinin dövlət büdcəsindən asılılığını azaltmaq məqsədilə təklif edilən variantlardan biri də həmin şirkətlərin özəlləşdirilməsi və ya uzunmüddətli idarəetməyə verilməsidir. Dövlət büdcəsindən daha çox vəsait cəlb edən təşkilatlar arasında “Azəriqaz” da var. Bu təşkilat 2019-cu ildə dövlət büdcəsinə 34,2 milyon manat vergi ödədiyi halda, büdcədən müxtəlif layihələrlə bağlı olaraq 462,3 milyon manat vəsait alıb.

Yaranmış vəziyyətdə təklif edilən variantlardan biri də “Azəriqaz”ın SOCAR-dan ayrılaraq uzunmüddətli idarəetməyə verilməsi, yaxud özəlləşdirilməsidir. Bu variant nə dərəcədə əlverişlidir?

“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı, professor İnqilab Əhmədovla söhbətimizdə bu və digər suallara aydınlıq gətirilib.

- “Azəriqaz”ın idarəetməsi SOCAR-ın tərkibində davam etdirilməlidirmi, yoxsa onun statusunda dəyişiklik olunmalıdır?

- 1996-cı ildə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. 2009-cu ilin iyulunda “Azəriqaz” QSC yenidən təşkil edilərək SOCAR-ın tərkibinə daxil olunub. Hazırda SOCAR-ın tərkibində İstehsalat Birliyi kimi fəaliyyətini davam etdirir. “Azəriqаz” qazın istеhsаlı, еmаlı, sахlаnmаsı, nəqli, pаylаnmаsı, həmçinin sənаyе və istеhlаkçı qurğulаrının tikintisi, istifаdəsi, nəzаrəti, sınаğı və sеrtifikаtlаşdırılmаsı, istеhsаlçılаr, pаylаyıcılаr, istеhlаkçılаr və qаz аnbаrlаrı аrаsındа, idхаl-iхrаc və trаnzit məqsədilə qаzın bоru kəmərləri vаsitəsilə uzаq məsаfələrə ötürülməsi və s. üzrə fəаliyyət göstərir.

İndiki status-kvo heç bir tərəfi, nə bütövlükdə iqtisadiyyatı, nə idarəetməni, nə müştəriləri, nə də bütövlükdə cəmiyyəti qane etmir. “Azəriqaz”ın SOCAR-ın tərkibindəki fəaliyyətində yaxşılığa doğru ciddi dəyişikliklər olmadı, daha çox problemlər yaratdı. Buna görə də bu status-kvo dəyişdirilməlidir.

Yaxın dövrlərdə dövlət şirkətlərinin, müəssisələrinin transformasiyası, dəyişdirilməsi, onların idarəedilməsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir. Bu fonda “Azəriqaz”ın ayrıca statusa malik olan dövlət müəssisəsinə çevrilməsi daha məqbuldur.

- “Azəriqaz”ın maliyyə göstəriciləri onun müstəqil fəaliyyətinə imkan verirmi?

- “Azəriqaz”ın maliyyə göstəriciləri hesabatlarda tam əksini tapmır. Ən yaxşı halda, ümumi məlumat daxilində qaz təsərrüfatı ilə bağlı məhdud statistika və analiz üçün heç bir əhəmiyyət daşımayan istehsal göstəriciləri, bəzən isə maliyyə məlumatı ola bilir.

SOCAR-ın illik maliyyə hesabatlarında qaz satışı ilə bağlı bir neçə statistik məlumatlardan başqa Azəriqaz-ın ayrıca istehsalat birliyi olaraq statistik məlumatları dərc edilmir. Bu səbəbdən qaz təsərrüfatı ilə bağlı maliyyə vəziyyətin təhlili və “Azəriqaz”ın nə qədər effektiv fəaliyyət göstərməsini təhlil etmək çətinləşir.

2018-ci ilin dövlət büdcəsində SOCAR üzrə büdcə daxilolmaları 1425,1 milyon manat olub ki, bu da 2017-cı illə müqayisədə 8,2% çoxdur. Bunlar “Azəriqaz” və “Azərkimya” dövlət müəssisələri ilə birlikdə Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərdir (fiziki şəxslərin gəlir vergisi istisnadır). Ötən il dövlət büdcəsinin ümumi gəlirlərinin 6,3%-i, dövlət büdcəsinin neft sahələrindən gəlirlərinin (7884 milyon AZN) 15,1%-i, neft sektorundan yığılan vergi daxilolmalarının (2441,5 milyon AZN) isə 58,4%-i SOCAR-ın payına düşüb. SOCAR-ın 2018-ci il maliyyə hesabatında neft və qaz hasilatı bir yerdə, habelə satış və paylaşdırma yenə neft və qazı üzrə birlikdə göstərilib.

2020-ci il 6 avqust tarixində dövlət başçısı dövlət müəssisələrinin səmərəsiz fəaliyyətini kəskin tənqid edərək, məhz qazlaşdırma işinin dövlət hesabına aparılmasını, əvəzində SOCAR və digər dövlət müəssisəlrin büdcədən yardım almasını qəbuledilməz sayıb.

Beləliklə, bu misal şirkətin maliyə idarəetməsində və bütövlükdə fəaliyyətində ciddi çatışmazlıqların olmasının və onun islahata ehtiyacı olmasını nümayiş etdirir.

- Belə vəziyyətdə “Azəriqaz”ın özəlləşdirilməsi və ya idarəetməyə verilməsi variantı nə dərəcədə əlverişli ola bilər?


- Bu məsələdə konkret və ehtiyatlı olmaq lazımdır. Özəlləşdirmə bütövlükdə qaz təsərrüfatına münasibətdə olmalıdırmı, yoxsa hansısa bir sahə özəlləşdirilməyə çıxarılmalıdırmı? Qaz böyük bir sərvətdir və ondan istifadə çoxpilləli, çoxmərhələli idarəetmə sayəsində mümkün olur. Bunun yeraltı sərvət kimi çıxarılması və nəql edilməsi bir işdir, ayrı bir biznesdir. Qazın hasilatı və nəqli çox geniş və ağır sahədir. Hazırda bu işləri SOCAR həyata keçirir. Son mərhələ qazın müştərilə satılması, bununla bağlı xidmətin təşkili ayrı bir fəaliyyət sahəsidir. Bu kontekslərdə mümkün özəlləşdirmə planlarına baxmaq lazımdır.

Mən hesab edirəm ki, bu məsələdə qabaqcıl ölkələrin yaxşı təcrübəsinə baxmaq lazımdır. Avropada kifayət qədər maraqlı təcrübə var. Həmçinin qonşu ölkələrdə də maraqlı təcrübələr mövcuddur. Fikrimcə, təbii inhisar xarakterli müəssisələrin müştərilərlə işləyən hissəsi özəlləşdirilə və ya idarəetməyə verilə bilər.

Ancaq qazın nəql edilməsi əksər ölkələrdə dövlətin strateji işidir və mən bunun özəlləşdirilməsini təsəvvür edə bilmirəm. Yaxud, qazın yerin təkindən çıxarılması işi SOCAR-ın biznesidir və hesab edirəm ki, dövlət neft şirkətində qalması daha məqbul variantdır.

“Azəriqaz”ın müştərilərlə işləyən hissəsinin rəqabətliliyin, hesabatlılığın, məsuliyyətlililiyin, biznes prinsiplərinin, xərc-fayda prinsiplərinin bərqərar edilməsi üçün özəlləşdirməsi arzu ediləndir.

- İstehlakçıların qazla təchizatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən “Azəriqaz”a maliyyə dəstəyi verilir. Gələcəkdə də maliyyə dəstəyin gücləndirilməsinə ehtiyac varmı?

- Hazırda “Azəriqaz” faktiki olaraq SOCAR-ın kölgəsində qalıb. SOCAR böyük vergi ödəyicisidir, böyük gəlir generatorudur, eyni zamanda dövlət büdcəsindən ən çox vəsait alan təşkilatdır. Böyük məbləğdə vəsaitin SOCAR-a ayrılmasının səbəblərindən biri də “Azəriqaz”la bağlıdır. Hər il SOCAR-a qaz təsərrüfatı ilə bağlı ayrı-ayrı proqramlar çərçivəsində, xüsusən də qazlaşdırmanın yaxşılaşdırılması proqramları çərçivəsində istisnasız olaraq böyük məbləğdə büdcədən vəsait ayrılır.

Belə bir vəziyyət böyük suallar doğurur. “Azəriqaz”da hesabatlılıq yüksək səviyyədə deyil, ayrı-ayrı məqamlarda korrupsiya halları qeydə alınır. Burada qaranlıq qalan məsələlər çoxdur. Prinsipcə, istehlakçılara qazın verilməsi sahəsinə biznes kimi baxılmalıdır. Bu təsərrüfat pul qazanıb, inkişaf proqramları çərçivəsində müəyyən investisiya qoymaq imkanına sahib olmalıdır. Qoyulan investisiyalar isə fayda gətirməlidir. İndiyə qədər belə olmalıydı.

Yaxud, əgər bu, mümkün olmayıbsa, konkret proqramlar çərçivəsində ünvanlı şəkildə pulun nəyə xərclənməsi, niyə görə həmin pulun “Azəriqaz”ın öz vəsaiti hesabına yox, dövlətin və ya büdcənin vəsaiti hesabına təmin edilməsi əsaslandırılmalı idi. Bu halda daha aydın olardı ki, qazlaşdırma ilə bağlı ayrılan vəsaitlər niyə dövlət büdcəsindən gəlir, niyə şirkətin və ya birliyin öz vəsaiti hesabına ödənilmir. Burad çoxlu sayda uyğunsuzluqlar var. Daxili bazardakı qiymətin xarici bazardakı qiymətlərdən fərqliliyi, “Azəriqaz”ın müştəriyə satdığı qazın maya dəyərinin hansı məbləğdə olması dəqiq göstərilməlidir, itkilərin çox yüksək olmasının səbəbləri dəqiq izah olunmalıdır.

Bu problemlərlə bağlı çoxlu suallar yaranır. Sualların çox olmasının səbəbi ondan xəbər verir ki, bu sahədə idarəetmə arzuedilən səviyyədə deyil və buna görə də hesabatlılıq, şəffaflıq yoxdur.

Mövcud vəziyyətlə əlaqədar olaraq hər il SOCAR-ın və “Azəriqaz”ın ən böyük niyyətlərindən biri mümkün qədər çox vəsaiti büdcədən əldə edib, qazlaşdırma istiqamətində sərf etməkdir. Bu hal biznes baxımından normal sayıla bilməz.


20 Eylül 2020 Pazar

"İri Dövlət Müəssisələrinin Səmərəliliyi Məsələləri" mövzusunda təlim-seminar keçirilib



Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ABŞ-ın Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin maliyyə dəstəyi ilə jurnalistlər üçün “İri Dövlət Müəssisələrinin Səmərəliliyi Məsələləri” mövzusunda təlim-seminar təşkil edib. ZOOM formatında təşkil edilən təlim sentyabrın 19-20 tarixlərini əhatə etməklə iki gün olub.

Təlimin birinci hissəsi sentyabrın 19-da keçirilib. On jurnalistin iştrak etdiyi təlimdə media nümayəndələri birinci gün ekspert Abil Bayramovun "İri dövlət müəssisələrinin səmərəliliyinin artırılması istiqamətində normativ aktlar" mövzusunda, iqtisadçı, professor Rasim Həsənovun "İri dövlət müəssisələrinin səmərəlilik problemlərinin həlli istiqamətləri" mövzusunda, iqtisadçı Samir Əliyevin "SOCAR-ın fəaliyyətində şəffaflıq və hesabatlılıq" mövzusunda məruzələrini dinləyib.

Təlimin sentyabrın 20-da keçirilən ikinci günündə daha 3 ekspert məruzə ilə çıxış edib. Jurnalistlər, iqtisadçı, professor İnqilab Əhmədovun "Azəriqaz İstehsalat Birliyi: səmərəliliyi artırmaq istiqamətləri" mövzusunda, iqtisadçı Rövşən Ağayevin "Telekommunikasiya sektorunda idarəetmə səmərəliliyinin artırılması perspektivləri" mövzusunda, iqtisadçı, professor Azər Mehtiyevin "Azərbaycan Dəmir Yolları: səmərəliliyin artırılmasına ehtiyac varmı?" mövzusunda olan məruzələrini dinləyiblər. 

Tədbirdə hər məruzə ilə bağlı jurnalistləri maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.





19 Eylül 2020 Cumartesi

Samir Əliyev: “SOCAR-ın orta və uzun müddətli dövrə hədəflənən vahid İnkişaf Strategiyasının işlənib hazırlanması vacibdir”

Azərbaycanda neft və qaz hasilatı sənayesində dövlətin iştirakı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə həyata keçirilir. SOCAR təkcə dövlət şirkəti deyil, həm də Azərbaycanın ən böyük şirkətidir, ən böyük vergiödəyicisidir. Şirkət təkcə 2019-cu ildə dövlət büdcəsinə 1,409 milyard manat, Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat məbləğində vergi ödəyib. Büdcə daxilolmalarının bir qayda olaraq 6%-8%-i, vergi gəlirlərinin 15-17%-i dövlət neft şirkətinin payına düşür. 2019-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə daxil olmuş vergi və digər icbari ödənişlərin 76,4%-i SOCAR-ın payına düşüb.

SOCAR-ın ölkə iqtisadiyyatında önəmli paya malik olması onun fəaliyyəti ilə bağlı məlumatlara ictimai marağı artırır. Bu baxımdan SOCAR-ın fəaliyyətində şəffaflıq və hesabatlılıq, eyni zamanda idarəetmənin müasir standartlara uyğunluq səviyyəsi vacib məsələlərdən biridir.

SOCAR-ın fəaliyyətində ictimaiyyətdə maraq doğuran məsələlərlə bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyevin fikirlərini öyrəndik:

- SOCAR-ın hesabatlılığını qənaətbəxş hesab etmək olarmı, şirkət fəaliyyəti haqqında yetəri qədər informasiya açıqlayırmı?

- 2014-cü ildə SOCAR-ın Nizamnaməsinə edilən dəyişikliyə əsasən hesabatın dərci məcburi öhdəliyə çevrilib. Şirkət birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir. Həmin bəndə görə, hesabat dövrü ərzində SOCAR və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə hesabatları eyni zamanda, Azərbaycan Maliyyə Nazirliyinə təqdim edir.

SOCAR 2008-ci il yanvar ayının 1-dən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçib. 2009-cu ildən başlayaraq Şirkət hər il rəsmi internet saytında kənar audit şirkəti tərəfindən hazırlanmış maliyyə hesabatları (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Konsolidasiya edilmiş maliyyə hesabatları) yerləşdirir.

Şirkət rəsmi internet saytında maliyyə hesabatı ilə yanaşı mütəmadi olaraq “İllik hesabat” (2004-2018-cı illər) və “Davamlı inkişaf üzrə hesabat” (2011-2018-cı illər) tərtib edərək yerləşdirir.

Qanunverici orqan olan Milli Məclisin SOCAR-ın fəaliyyətini yoxlamaq və nəzarət etmək səlahiyyəti məhdududur. Milli Məclisin orqanı olan Hesablama Palatasının SOCAR-ı məhdud həddə yoxlamaq səlahiyyəti mövcuddur. Ancaq bu vaxta qədər SOCAR-ın fəaiyyətinin yoxlanılması ilə bağlı məlumat yoxdur.

Şirkətin saytında 2009-cu ildən sonra maliyyə hesabatları yerləşdirilib. İndiyədək saytda yerləşdirilmiş və audit yoxlamasından keçmiş illər 2009-2019-ci illəri əhatə edib. Bu müddətdə yalnız bir şirkət - Ernst and Young Holding şirkəti tərəfindən audit aparılıb.

Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı ilə məşğul olan dövlət şirkətinin - SOCAR-ın fəaliyyəti cəmiyyətin daim diqqət mərkəzində olub və müxtəlif müzakirə yol açıb. Vətəndaş cəmiyyəti, o cümlədən KİV bu qurumdan lazımi məlumatları əldə etməkdə çətinlik çəkir. Şirkət fəaliyyəti barədə maliyyə və fəaliyyət hesabatları yerləşdirməsinə rəğmən ictimaiyyətə açıq olmaqda maraqlı görünmür. Rəsmi internet saytında son dövrlər xəbərlərin, xüsusən də satışla bağlı xəbərlərin seyrəlməsi müşahidə edilir. Şirkətin birgə və törəmə müəssisələrinin maliyyə və proqram fəaliyyəti barədə hesabatlara rast gəlinmir.

- Şirkətdə korporativ idarəetmə standartları beynəlxalq tələblərə uyğundurmu?

- SOCAR-da korporativ idarəetmə standartları tətbiq edilmir. Şirkətin Bakı Fond Birjasında emitent olaraq yerləşdirdiyi prospektdə qeyd edilir ki, Azərbaycanda xüsusi olaraq korporativ idarəetmə standartları mövcud olmadığından şirkətlərin idarəetmə forması ümumi olaraq Mülki Məcəllə ilə müəyyən edilir və SOCAR-ın hazırkı korporativ idarəetmə orqanlarının Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun yaradılması iddia edilir.

Şirkətin əksər hesabatlarında korporativ idarəetmə standartlarının tətbiqi dəfələrlə vurğulanır. Ancaq araşdırmalarımız göstərir ki, idarəetmə prinsipləri nəinki korporativ idarəetmə standartlarına, hətta şirkətin istinad etdiyi Məcəllənin tələbləri ilə tam uyğunluq təşkil etmir. Məcəllədə korporativ idarəetmənin vacib elementləri əksini tapsa da SOCAR-ın idarəetmə strukturunda buna rast gəlmək olmur.

Nizamnaməyə görə, SOCAR-ın strukturuna rəhbərlik, Şirkətin Şurası, 5 Komitə (Audit, Risklərin idarə edilməsi, Satınalmalar, Kadrların idarə edilməsi, İnformasiya təhlükəsizliyi komitələri), Baş ofis, filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (İdarələr), ortaq Neft Şirkətləri və Şirkət tərəfindən yaradılan təsisatlar daxildir. SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi müşahidə şurası mövcud deyil. Yeganə olaraq idarə heyəti funksiyasını yerinə yetirən Şirkət Şurası mövcuddur. Faktiki olaraq ümumi yığıncaq və müşahidə şurası funksiyalarını ölkə prezidenti icra edir. Şirkətdə qarşılıqlı nəzarət mexanizmləri mövcud deyil, nəzarət ancaq birtərəfli - şirkətin prezidenti tərəfindən sərəncamında olan strukturlara nəzərdə tutulur.

Şirkətin təşkilati-hüquqi formasının mövcud “dövlət müəssisəsi” statusundan təsərrüfat cəmiyyəti forması olan və səhmləri dövlətə məxsus səhmdar cəmiyyəti statusuna keçidi təmin edilməlidir.

Korporativ idarəetmə standartlarını tətbiq etməsi üçün nizamnaməyə dəyişikliklər edilərək idarəetmə strukturu dəyişilməli, hazırda fəaliyyətdə olan Şirkət Şurası ləğv edlməlidir. Əvəzində ölkə prezidenti tərəfindən təyin edilən strateji idarəçiliyə cavabdeh Müşahidə Şurası (və ya Direktorlar Şurası) yaradılmalıdır. Müşahidə Şurasının (və ya Direktorlar Şurası) isə icraçı qurumun - İdarə Heyətinin və Nəzarət-Təftiş (Audit) Komitəsinin rəhbər və işçilərini təyin edir.

Nizamnaməyə Şirkəti idarə edən strukturların (Müşahidə Şurası, İdarə Heyəti, Nəzarət-Təftiş (Audit) Komitəsi) rəhbər və üzvlərinin peşəkarlığına dair tələblər daxil edilməlidir.

- SOCAR-ın dövlətlə maliyyə münasibətlərini tənzimləyəcək dəqiq və aydın qaydalar sistemi mövcuddurmu?

- Mövcud qaydalar SOCAR-la dövlət arasında xüsusi yanaşmanı özündə əks etdirmir və dövlətlə adi müəssisə ilə olan münasibətlərdən demək olar ki, fərqlənmir.

Dövlət tərəfindən SOCAR-a maliyyə vəsaitlərinin ayrılması daha çox nizamnamə kapitalı və ya kredit ayırmaları vasitəsi ilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankı Borcverən qismində çıxış edərək, borcalan Azərbaycan bankları və təkrar borcalan qismində SOCAR-a dövlət zəmanəti ilə kredit vəsaiti ayırır. Zamin kimi Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, SOCAR və Azərbaycan bankları arasında dövlət zəmanətinin verilməsi barədə saziş imzalanır.

SOCAR ilə dövlət arasında maliyyə transferinə dair xüsusi münasibətləri əks etdirən yeganə sənəd Nazirlər Kabinetinin 2016-cı ildə qəbul etdiyi “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qərarıdır. Bu qərar fiskal transfer qaydalarını yox, SOCAR-ın gəlirlər və xərclər smetalarının dövlətin iştirakı ilə tərtibi, təsdiqi və dövlətin nəzarət prosedurlarını tənzimləyir.

Digər sənəd Nazirlər Kabinetinin 26 noyabr 2018-ci il tarixində qəbul etdiyi “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”dır. Bu Qaydaya əsasən, SOCAR dövlətə məxsus təsərrüfat cəmiyyəti olduğundan illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları özlərinin internet informasiya ehtiyatlarında hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq açıqlamalıdırlar.

Vergi Məcəlləsində də dövlət şirkətlərinə münasibətdə fərqli vergi rejimi müəyyən edilməyib. Yeganə olaraq Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) iştirak edən və Ələt iqtisadi zonasında vergitutma və vergi nəzarəti, vergi azadolmaları və güzəştləri ilə bağlı məsələlər bu Məcəllə ilə tənimlənmir.

- Dünyanın iri neft-qaz şirkətləri gələcək planlarını açıqlayır, onların bəziləri bərpa edilən enerji növlərinə investisiya qoyuluşunu artıracağını bəyan edir. SOCAR-ın gələcəyə baxış strategiyası olmalıdırmı və burada nələr hədəflənməlidir?

- SOCAR-ın məramı iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir. Belə bir iddialı məramın qarşılığında Şirkətin yaxın və ortamüddətli dövr üçün hədəflərini nəzərdə tutan ayrıca hər hansı inkişaf strategiyası mövcud deyil.

SOCAR-ın fəaliyyəti daha çox hökumətin qəbul etdiyi strategiyalarda rol almaq və töhfə vermək olub. Ancaq Şirkətin yaxın və ortamüddətli dövrdə qarşıya qoyduyu hədəflər və buna nail olmaq üçün fəaliyyət planını əks etdirən vahid bir sənədin - strategiyanın olması SOCAR-ın gələcəkdə dünyanın enerji sektorunda hansı rola malik olacağını planlaşdırmaq və hansı digər sektorlara daxil olmaq niyyətinin olub-olmadığını müəyyənləşdirmək çətindir.

SOCAR prezidenti tərəfindən şirkətin rəsmi internet saytında növbəti dəfə yeni Strategiyanın hazırlanması anonsunu verilib. O, açıqlamasında SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başladığını və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırdıqlarını bildirib.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın Qazprom şirkəti 2018-ci ildə elektroenergetika sahəsində 2018-2027-ci illəri əhatə edən Strategiya qəbul edib. Qazaxıstanın KazMunayQaz şirkətinin 2025-ci ilə kimi inkişaf Strategiyası mövcuddur.

Dünya bazarlarında bərpaolunan enerjinin payının sürətlə artdığı bir dövrdə neft-qaz hasilatı üzrə ixtisaslaşmış BP şirkəti 2030-cu ilə qədər olan strategiyasının əsas hədəflərini açıqlayıb. Strategiyanın əsas məğzini ənənvi enerjidaşıyıcıların yerini tədricən yaşıl enerjiyə verilməsi təşkil edir. Bunun üçün az karbonlu texnologiyalara investisiyaları artırmaq və neft və qaz hasilatını azaltmaq planlaşdırılır.

Şirkətin orta (5 illik) və uzun müddətli (15-20 illik) dövrə hədəflənən vahid İnkişaf Strategiyasının işlənib hazırlanması vacibdir. Yeni Strategiyada son illər dünyada müşahidə edilən bərpaolunan enerji istehsalı siyasətinin əksini tapması məqsədəuyğun olardı.

16 Eylül 2020 Çarşamba

Vahid Məhərrəmov: "Bu il taxıl əkilən sahələrin süni şəkildə azaldılması müşahidə edilib"

 

2020-ci ilin sentyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda taxıl istehsalı (qarğıdalısız) ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalıb. Qeyd edilən tarixə qədər 949,6 min hektar taxıl sahəsi biçilib və 2,915 milyon ton məhsul yığılıb. Biçilən sahə ümumi əkin sahəsinin 98,1 faizini təşkil edib və orta məhsuldarlıq 30,7 sentner olub.

2019-cu ilin sentyabrın 1-nə qədər 1 milyon 31,5 min hektar sahədə biçin işi aparılıb və sahələrdən 3,229 milyon ton taxıl yığılıb. Ötən il biçilən sahələrdə orta məhsuldarlıq 31,3 sentner təşkil edib.

Taxıl istehsalının 10 faizə yaxın azalması kənd təsərrüfatının məhsul istehsalına mənfi təsir göstərib. 2019-cu ilin ilk 8 ayında kənd təsərrüfatı üzrə istehsal 6,2 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,1 faiz, bitkiçilik məhsullarının istehsalı 9,2 faiz artdığı halda, bu ilin eyni dövründə kənd təsərrüfatı üzrə istehsal 1,9 faiz, heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsullarından 0,6 faiz artıb.

Bitkiçilikdə az da olsa artımın əldə edilməsinə tərəvəz istehsalının 4,5 faiz, kartof istehsalının 7,6 faiz, bostan məhsulları istehsalının 0,9 faiz, meyvə və giləmeyvə istehsalının 4,1 faiz, üzüm istehsalının 12,4 faiz, yaşıl çay yarpağı istehsalının 30,7 faiz, şәkәr çuğunduru istehsalının 12,2 faiz, tütün istehsalının 6,4 faiz artması kömək edib.

Taxıl istehsalında baş verən kəskin azalmanın səbəblərini şərh edən “İqtisadi Forum” ekspert qrupunun üzvü, aqrar sahə üzrə mütəxəsis Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanda bu il taxıl məhsullarından buğda istehsalı daha çox azaldıb. “Mənim apardığım hesablamalar göstərdi ki, indiyə qədər 1,8 milyon tondan bir qədər artıq buğda istehsal edilib. Ötən il eyni dövründə istehsal 2,2 milyon ton olmuşdu. Bu, çox ciddi geriləmədir”, - deyən ekspert söylədi ki, istehsal azalanda tələbatın ödənilməsi üçün idxal artacaq. O artıq bunun baş verdiyini dedi: “2019-cu ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında buğda idxalı az olmuşdu. Son 1 ayda isə 254 min ton buğda idxal edilib. Bir ayda bu qədər idxal miqdarı əvvəlki illərdə qeydə alınmayıb. Yəqin ki, növbəti aylarda da buğda idxalı artacaq və ilin axırında ümumi idxal 1,5 milyon tonu ötəcək.

Ötən il 1,58 milyon ton buğda idxal edilmişdi. 2020-ci ildə də təxminən bir o qədər buğda idxal edəcəyik”.

Ekspertun məlumatına əsasən, bu il taxıl əkilən sahələrin süni şəkildə azaldılması müşahidə edilib: “Əvvəl, ümumi taxıl əkilən sahələri 1,01 milyon hektar göstərmişdilər. Sonra təxminən 70 min hektara qədər sahədə məhsul istehsal etmək mümkün olmadı. Həmin sahələrdə əkin aparılmışdı, amma məhsul əldə edilmədi. Bunlar da fənd işlədib, həmin ərazini ümumi hesabdan çıxarıblar ki, məhsuldarlıq yüksək görünsün.

Bununla əslində qanun pozulub. Ona görə ki, həmin sahələri sığorta şirkətləri sığortalayıb. Oliqarxlara məxsus olan bu sahələrə görə sığorta şirkətləri vəsait ödəməlidir. Əgər bu sahələr rəsmi statistikada yoxdursa, burada bir paradoks yaranır. Belə olan halda sığorta ödənilməməlidir.

Bu variantdan sovet ittifaqının dövründə istifadə edirdilər. Sovet ittifaqı dövründə əvvəl əkin sahələrində müşahidələr aparırdılar. Məhsuldarlıq kəskin şəkildə aşağı olan sahələr hesabatdan çıxarılırdı. Burada məqsəd məhsuldarlığı yüksək göstərmək idi.

Müasir dövrdə belə bir təcrübədən istifadə etmək qanuna ziddir. Xərc çəkilib, əkin işləri aparılıb. Ölkə üzrə məhsulun maya dəyəri hesablananda həmin sahələrdəki çəkilən xərc ortaya çıxacaq. Hesab edirəm ki, bununla qanun pozuntusuna yol veriblər”.

Həmin sahələrdə məhsul istehsalının əldə edilməməsinin quraqlıqla əlaqələndirildiyini deyən V.Məhərrəmov bu arqumentin əsassız olduğunu vurğuladı: “Bizim apardığımız hesablamalara əsasən, ölkədə kifayət qədər su resursu var. Sadəcə olaraq həmin sudan səmərəli istifadə olunmur.

Taxıla birinci su səpin aparıldıqdan sonra verilməlidir. Birinci su veriləndə, sonra suvarma aparılmasa da məhsul əldə edilir. Çünki payız aylarında havalar yağışlı keçir və torpağa lazım olan miqdarda yağıntı düşür. Buna görə də bir dəfə suvarmaqla sahədən məhsul götürmək mümkündür. Görünür, həmin sahələrdə bir dəfə də olsun suvarma işi aparılmayıb.

Məhsul əldə edilməyən sahələr əvvəllər örüş kimi istifadə edilən sahələr olub. Həmin sahələrdə hums qatı çox zəifdir. Biz əvvəlcədən bunlara xəbərdarlıq etmişdik. Hums qatı zəif olduqda məhsul lazımı qədər mikroelementlərlə təmin edilməyəcək, digər tərəfdən suvarma zamanı torpaq suyu özünə çəkə bilməyəcək. Bu, nəzərə alınmalı idi”.

12 Eylül 2020 Cumartesi

Xətai Əliyev: "Təhsil krediti təhsil haqqı ilə bərabər yaşayış xərcinin ödənilməsini də əhatə etməlidir"


Azərbaycanda artıq xeyli müddətdir ki, dövlət vəsaiti hesabına təhsil kreditlərinin verilməsi məsələsi müzakirə olunur. Uzun müddət aparılan müzakirələrə baxmayaraq təhsil kreditlərinin verilməsi qaydası müəyyənləşməyib. 

Bugünlərdə millət vəkili Əli Məsimli deputat həmkarı ilə birgə “Təhsil kreditləri haqqında” yeni qanun layihəsi hazırladığını bildirib. Bu haqda məlumat verən millət vəkili Ə.Məsimli deyib ki, “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunması vacibdir: “Bu, qanun bir çox insanın təhsillə bağlı probleminin həllinə kömək edəcək”. 

Bəs, təhsil kreditləri necə olmalı və hansı şərtlərlə ayrılmalıdır? 

"İqtisadi Forum" ekspert qrupunun üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Emprik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Əliyev bununla bağlı sualları cavablandırıb:

- Uzun müddətdir ki, dövlət vəsaiti hesabına təhsil kreditlərinin verilməsi ilə bağlı müzakirələr aparılır. Sizcə model necə olmalıdır?

- Təhsil kreditlərinin tətbiqi və ondan istifadə dünyada geniş yayılan təcrübədir. Azərbaycan üçün də təhsil kreditləri aktual məsələdir. 

Hazırlanacaq qanun layihəsində təhsil kreditləri ilə bağlı əsas məsələ nə qədər resursun ayrılması, kreditin verilmə şərtləri və kreditlərdən düzgün istifadə olmalıdır. 

Bu cür kreditlər yalnız təhsil haqlarının ödənilməsinə yönəldiləcəksə, o, səmərəli olmayacaq. Təhsil alanın xərcləri yalnız təhsil haqqından ibarət deyil. Onların yaşayış xərclərinin ödənilməsi də vacib məsələlərdəndir. Magistr pilləsində çox sayda tələbə var ki, yaşayış xərclərini ödəyə bilmədiyindən elmdən uzaq düşür, gündəlik xərcini qarşılamaq üçün başqa işlə məşğul olur. Əgər təhsil krediti anlayışı yalnız təhsil haqlarının ödənilməsindən ibarət olacaqsa, onun iqtisadiyyata, gələcəyə doğru geri dönüşü çox məhdud olacaq. Buna görə də bu cür kreditlər təhsil haqqı ilə bərabər yaşayış xərcinin ödənilməsini də əhatə etməlidir. Ölkəmizdə savadlı olan tələbələrin əksəriyyəti təhsil haqqı ödəmir, dövlət hesabına oxuyur. Vəsait yalnız təhsil haqları üçün istifadə edilərsə, təhsil haqqı ödəməyənlər digər xərcləri üçün yararlana bilməyəcəksə, o zaman bilik iqtisadiyyatını formalaşdıra bilməyəcəyik.

Təhsil kreditlərində önəmli olan məsələlərdən biri də resursların nə qədər ayrılması və onun idarə edilməsidir. Azərbaycan praktikasında bilirik ki, adətən ayrılan resursların həcmi çox məhdud olur. Məhdud olan resursların isə ən yaxşı şəkildə istifadə edilməsi vacibdir. Resurslar məhdud olacaqsa, hökmən təhsil haqları ilə bərabər həm yaşayış, həm də digər xərcləri əhatə etməlidir.

Kreditlər yalnız təhsil haqları üçün nəzərdə tutularsa, bu variantda kreditlər universitetləri ayaqda tutmaq üçün istifadə ediləcək ki, bu da səmərəli olmayacaq. 

- Təhsil kreditlərinin bir neçə istiqamət üzrə ayrılmasını təklif edirsiniz? 

- Təhsil kreditləri prioritet istiqamətlər üzrə və ya elmi dərəcələrə görə də ayrıla bilər. Elmi dərəcə üzrə götürdükdə magistr və elmər namizədi dərəcəsi üzrə təhsil alanlara yönəlik olsa yaxşı olardı. Məhz bu dərəcə üzrə təhsil alanların öz ixtisasi üzrə elmi işlərini davam etdirə bilməməsi Azərbaycan üçün itkidir. Bakalavr mərhələsindən magistatura və doktoranturaya doğru getdikdə insanlar öz xərclərini ödəməyə çalışır və xərcləri ödəyə bilmədiyindən elmdən uzaqlaşır.

Əgər kreditlər magist pilləsinə doğru və ya ixtisaslaşmış bir istiqamətə yönəldilərsə, məbləği və şərtləri cəlbedici olsa, bunun bilik iqtisadiyyatının formalaşması baxımından təsirini gözləmək olar.

- Kreditlər üzrə faizlər maksimum qədər olmalıdır? 

- Təhsil kreditləri üzrə faiz dərəcələrinin mövcud kredit faizlərinin xeyli aşağı olması vacib şərtlərdən biridir. Bu kreditlər üzrə qazanc nəzərdə tutulmamalıdır. Zənnimcə, güzəştli ipoteka kreditlərində olduğu kimi 4 faizlə kredit ayrılarsa, məqbul olar. 

Amma əsas məsələ sadəcə faizlərin həddi deyil. Digər vacib məsələ kreditlərdən düzgün istifadəsidir. Ucuz kreditlərdə vəsaitlərdən düzgün istifadə, qeyri-qanuni şəkildə başqa istiqamətlərə yönəldilməməsi vacib məqamlardan biridir. Buna görə də kredit faizləri aşağı olmaqla bərabər, onun düzgün və ədalətli tənzimlənməsi də önəmlidir. Sahibkarlığın İnkişafı Fondunun və İpoteka Fondunun vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə bağlı problemlərə rast gəlinir. Təhsil kreditlərində də bu kimi məsələlərin yaşanmaması üçün layihə hazırlanan zaman nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Faizlərin 1-2 və ya 4 faiz olması önəmli deyil. Burada faiz qədər önəmli olan məsələ vəsaitlərin ayrılması zamanı qeyri-qanuni tələblərin irəli sürülməməsi və təyinatı üzrə istifadə olunmasıdır.

10 Eylül 2020 Perşembe

Qeyri-neft sektoru birbaşa xarici investisiyalara möhtac qalıb


Azərbaycan hökuməti qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyaların həcmini artırmaq fikrindədir. Bu məsələ Prezident İlham Əliyevin sentyabrın 9-da imzaladığı Fərmanda öz əksini tapıb. Həmin Fərmana əsasən ölkəmizdə Maliyyə Sabitliyi Şurası ləğv edilərək əvəzində İqtisadi Şura yaradılacaq.

İqtisadi Şuranın qarşısında qoyulan əsas tələblərdən biri də növbəti onillikdə ölkəmizdə iqtisadiyyatın ikiqat artımının təmin edilməsidir. Fərmanda qeyd olunur ki, postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

İqtisadi inkişafın sürətləndirilməsi üçün qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi nə dərəcədə əhəmiyyətlidir və bu məqsədlə hansı addımlar atılmalıdır?

Bununla bağlı fikirlərini açıqlayan "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev xatırlatdı ki, qeyri-neft sektoruna birbaşa xarici investisiyanın cəlb edilməsi məsələsi uzun müddət gündəmdə olan mövzulardan olub. O qeyd etdi ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə gələn xarici investisiyaların böyük hissəsi neft və qaz sektoruna qoyulmuşdu.

A.Mehtiyev söylədi ki, neft-qaz sektoru üzrə mənfəət normasının yüksək olması, xarici investorlar üçün xüsusi rejimin yaradılması, investorların gəlirlərinin təhlükəsizliyinə dövlət və beynəlxalq səviyyədə zəmanətin verilməsi sərmayə qoyuluşunu artırıb.

Ekspert dedi ki, qeyri-neft sektoruna gələn xarici investorlara belə təminat yoxdur: "Buna görə də qeyri-neft sektoruna sərmayə qoyan şirkətlərin heç biri tanınmış şirkət deyil. Sərmayə qoyanların əksəriyyəti məmurlarla müəyyən əlaqələr qurmaqla ölkəyə gələn sahibkarlardır. Son 30 ildə qeyri-neft sektorunda, xüsusən də istehsal sahəsində hansısa tanınmış investoru ölkəyə dəvət edib, ölkədə istehsal qura bilməmişik. Halbuki, yaxın qonşumuz olan Gürcüstan bu sahədə çox irəli gedib”.

A.Mehtiyev vurğuladı ki, tanınmış xarici investorların ölkəmizə gəlməsi, qeyri-neft sektoruna sərmayə qoyması bir çox məsələlər baxımından əhəmiyyətlidir: "Birincisi onlar öz gəlişi ilə investisiya gətirməklə ölkədə yeni iş yerləri yaradırlar. Digər tərəfdən müasir Qərb menecmentliyini, sahibkarlıq bacarıqlarını, müasir istehsal texnologiyalarını gətirirlər, ölkədə satıla bilən və ixrac edilə bilən məhsullar istehsal edirlər.

Xarici investorların qeyri-neft sektoruna gəlməsi üçün ölkədə möhkəm qanunçuluğun olması vacibdir. Neft sektoruna sərmayə qoyanlar bu cür məsələlərə o qədər də əhəmiyyət vermirlər.

Xarici investorlar mülkiyyət hüquqlarının toxunulmazlığına zəmanət istəyir, onlar əmin olmalıdırlar ki, qoyduqları vəsaiti istədikləri vaxt geri ala biləcəklər, mülkiyyətləri əlindən alınmayacaq. Bunlar onlar üçün çox mühüm bir zəmanətdir. Qanunlar işləmədikdə, ölkədə müstəqil məhkəmə sistemi olmadıqda investorlar heç bir halda ölkəyə gəlməz.

Ölkəmiz haqqında yayılan məlumatlar, verilən beynəlxalq reytinqlər xarici investorlar üçün cəlbedici deyil. Bu reytinqlərdə Azərbaycanın mövqeyi yaxşı deyil.

Bundan başqa zaman-zaman məmur sahibkarlığı, məmur özbaşınalığı haqqında yayılan məlumatlar haqlı olaraq xarici investorları çəkindirir”.

A.Mehtiyev onu da bildirdi ki, əvvəlki illərdə Azərbaycanda müstəqil azad sahibkarlığın inkişafı baxımından istək, maraq heç zaman hiss olunmayıb: "Buna görə də xarici investorların qeyri-neft sektoruna marağı aşağı səviyyədə olub. Baxmyaraq ki, Prezident 2017-ci ildə investisiya mühitinin yaxşılaşdırılması və xarici investorların ölkəyə cəlb edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdı. Həmin sərəncama əsasən xarici investorların cəlb edilməsi üçün yeni qanunların qəbul edilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə demək olar ki, addımlar atılmayıb.

Yeni yaradılan İqtisadi Şuranın nəsə edəcəyi də sual doğurur. Şuranın tərkibi əslində hökumətin tərkibidir. Əslində hökumət də öz səlahiyyətləri daxilində şuranın işlərini görə bilər”.


5 Eylül 2020 Cumartesi

Azər Mehtiyev: "Yeni yaranan səhmdar cəmiyyətlərdə hələ də xırda səhmdarların hüquqlarının müdafiəsi problemləri var"

"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev youtube.com saytında yayımlanan "Əkinçi" kanalının qonağı olub. İqtisadçı Azər Mehtiyev özəlləşdirmənin məqsədləri və özəlləşdirmənin Azərbaycanda necə keçirildiyi haqda danışıb.



4 Eylül 2020 Cuma

Rövşən Ağayev: "Telekommunikasiya sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdə korporativ idarəetmə ilə bağlı tələblər ödənmir"

"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayev rabitə sektoru ilə bağlı maraqlı araşdırma aparıb. Araşdırma ilə bağlı məqalə FED.az saytında yayımlanıb. Həmin yazını təqdim edirik.

İqtisadiyyatın dayanıqlı inkişafı üçün əvəzolunmaz mövqeyinə baxmayaraq, rabitə sektoru əlavə dəyər yaratmaq potensialı baxımından hələlik Azərbaycan iqtisadiyyatına nəzərəçarpacaq töhfə vermək gücündə deyil. 2019-cu ildə ÜDM-nin cəmi 1.8%-i rabitə və informasiya xidmətlərinin hesabına formalaşıb. Bununla belə, son 10 ildə bu sektor real böyümə tepmi ən yükək olan 2 iqtisadu fəaliyyət sahəsindən biridir (digər sahə isə turizmdir).

Dövlət Statisitka Komitəsinin 2010-cu ilin müqayisəli qiymətləri ilə apardığı hesablamaya görə, 2010-2018-ci illərdə real böyümə ümumilikdə Azərbaycan iqtisadiyyatı üzrə 9%, ticarət üzrə 41%, kənd təsərrüfatı üzrə 24%, emal sənayesi üzrə 20%, tikinti üzrə 19% təşkil etdiyi halda, rabitə və informasiya sektor real olaraq 2 dəfə artıb.

 

No description available.

Rabitə xidmətlərinin strukturunda isə əsas yeri mobil telefon rabitəsi tutur. Doğrudur, 2010-2018-ci illərdə mobil telefon rabitəsinin sektorun ümimi xidmətlərində payında azalma davam edib və 72.2%-dən 60,9%-ə enib. Şübhəsiz ki, telefon xidmətlərinin bazar payının azalması internetin sürətli inkişafı ilə bağlıdır. Həm mobil, həm də sabit telefon şəbəkəsi üzərindən internet xidmətlərinin genişlənməsi, istər ev təsərrüfatlarının, istərsə də biznesin müxtəlif proqramlar (WhatsApp, Signal, Facebook və s.) üzərindən görüntülü və səsli danışıq imkanlarının yaranması telefon xidmətlərinə tələbatı azaldıb.


No description available.

İnternet üzərindən ünsiyyət qurmaq üçün xidmətlərin təklif edilməsi ölkədaxili sabit telefon şəbəkəsinin və beynəlxalq telefon rabitəsinin də bazarda tutduğu yeri əhəmiyyətli dərəcədə sıxışdırıb. 2010-2018-ci illərdə şəhərlərarası və beynəlxalq telefon rabitəsinin rabitə xidmətlərində payı 15.7%-dən 3.5%-ə, ölkədaxili sabit telefon şəbəkəsinin xüsusi çəkisi isə 4.9%-dən 4.6%-dən enib.      

No description available.

Rəsmi statistik məlumatlardan göründüyü kimi 2010-cu ildə 3 telefon xidmət növü – mobil rabitə, ölkədaxili sabit şəbəkə və beynəlxalq (həmçinin şəhərlərarası) telefon xidmətlərinin ümumi dəyəri 1009 mln. manat və ya bütün rabitə xidmətlərinin dəyərinin 92,7%-ni təşkil etdiyi halda, 2018-ci ildə telefon xidmətlərinin dəyəri 995 mln. manata enmişdi (1.4% azalma). Halbuki həmin dövrdə internet xidmətərinin dəyəri 103 mln. manat (təxminən 3.5 dəfə) artaraq 145 mln. manata yüksəlmişdir. Təhlil aparılan dövrdə rabitə xidmələrinin dəyərinin 354 mln. manatlıq ümumi artımının təxminən üçdə biri internet xidmətlərinin sürətli artımı ilə bağlı olmuşdur.    

Telefon xidmətləri bazarınını əsas aktyorları: dövlət və özəl sektor

Azərbaycanın telefon xidmətləri sektorunda həm dövlət, həm də özəl rabitə müəssisələri fəaliyyət göstərir. Dövlət müəssisələri ilə paralel özəl operatorlar telefon xidmətləri sektorunun hər 3 seqmentində - mobil və sabit şəbəkə ilə telefon xidmətləri, eyni zamanda internet xidmətlərində mövcuddurlar.

Azərbaycanda 4 mobil telefon operatoru fəaliyyət göstərir. Onlardan 2-ü tamamilə özəl sektora məxsusdur - "Azerfon" və “Baksell” şirkətləri. Digər 2 şirkətdə “Azərsell” və “Naxtel” şirkətlərində dövlət də iştirak edir.

No description available.

“Naxtel”də dövlət payının həcmilə bağlı açıq informasiya mənbələrində hər hansı məlumat yoxdur. Şirkətin saytında yalnız qurumun 2015-ci ildə təsis edildiyi, 2017-ci ildən xidmətlər göstərməyə başladğı barədə informasiya var. Lakin “Azərsell” şirkətinin 51.3%-lik payını 222 milyon avro qarşılığında 2018-c ilin mart ayından dövlət mülkiyyətinə keçməsinə dair şirkətin öz saytında məlumat açıqlanıb. “Azərsell”də dövlət payı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “AzİnTelecom”una aiddir.

"Azerfon" və “Baksell” şirkətlərinin bazar payı birlikdə 50%-ə yaxındır. "Azerfon" rəsmi açıqladığı məlumatlarda abunəçi sayı barədə məlunat yoxdur, lakin digər şirkətlərin məlumatları əsasında bu göstəricini müəyyən etmək mümkündür. Məsələn, “Azərsell” şirkəti 5 mln. nəfər, “Baksell” şirkəti isə 3 mln. nəfərdən bir qədər artıq, “Naxtel” şirkəti isə 65 minə yaxın abunəçisi olduğunu açıqlayıb. Rəsmi statistikaya görə, bütün mobil telefon abunəçikərinin sayının 10.4 mln. nəfərə yaxın olduğunu nəzərə alsaq, deməli, "Azerfon" şirkətinin abunəçilərinin sayı 2.2-2.3 mln. nəfər intervalında dəyişir. Bu məlumatlardan çıxış etsək, abunəçi sayına görə bazarın 48%-i “Azərsell”, 29.4%-i “Baksell”, 22%-i “Azərfon”, 0.6%-i isə “Naxtel” şirkətlərinə məxsusdur. Əldə olunan gəlirlərə görə bazar payının müəyyən edilməsi üçün isə zəruri informasiyalar yoxdur. Belə ki, “Azərsell” istisna olmaqla yerdə qalan digər 3 mobil operatorun maliyyə hesabatları açıq deyil. “Azərsell”in 2018-ci il maliyyə hesabatına görə, şirkətin ümumi gəliri 421.2 mln. mamat olub. Rəsmi statistik məlumata görə, 2018-ci ildə bütün mobil telefon xidməti bazarı üzrə məcmu gəlirin 878 mln. manat olduğunu nəzərə alsaq, deməli “Azərsell” bazar üzrə bütün mədaxilin 48%-ni sahib olub. Bu fakt onu göstərir ki, abunəçi sayına əsasən bazar payı gəlirlərə əsasən bazar payı göstəricisinə uyğundur.

Mobil telefon bazarından fərqli olaraq sabit şəbəkə telefon xidmətlərundə dövlət sektoru dominantdır. Statistik məlumatlar göstərir ki, sabit şəbəkə telefon xidmətləri bazarında 7 şirkət fəaliyyət göstərir. Onlardan 3 dövlət şirkəti (“Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC və “Naxçıvan Telekom” MMC), yerdə qalan 4 müəssisə isə özəldir.

No description available.



Say etibarı ilə özəl sabit şəbəkə telefon şirkətləri üstün paya malikdir – 2018-ci ildə xidmət təklif edən 7 şirkətdən 4-ü və ya 57%-i qeyri-dövlət müəssisələri olub. 2010-2017-ci illərdə isə 6 şirkətdən 3-ü özəl sektora aid olmuşdur. Lakin bazar payı ilə bağlı digər göstəricilərdə özəl sabit şəbəkə şirkətlərinin xüsusi çəkisi çox aşağıdır. 2010-2018-ci illərdə özəl operatorların xüsusi çəkisi sabit şəbəkə xidmətlərinin dəyərində 35,7%-dən 8,4%-ə, ATS-lərin sayında 1.1%-dən 0.3%-ə, nömrə tutumunda 7.8%-dən 4,8%-ə, aktiv istifadə olunan nömrələrdə 7.4%-dən 4,4%-ə enmişdir. Mütləq rəqəmlərlə təhlil aparılan dövrdə özəl ATS-lərin sayı 16-dan 6-ya azalmış, dövlət ATS-lərin sayı 1378-dən 1943-ə yüksəlmiş, telefon xidmətlərdən əldə edilən gəlirlərin məbləği özəl sektor üzrə 18.9 mln. manatdan 5.5 mln. manata enmiş, dövlət sektoru üzrə 34.1 mln. manatdan 60.2 mln. manatadək artmış, aktiv istifadə olunan nömrə sayı özəl sektor üzrə 106.2 mindən 64 minə endiyi halda dövlət müəssisələri üzrə 1333.4 mln. ədəddən 1398.4 minə yüksəlmişdir. Beləliklə, bazar payını xarakterizə edən əsas göstəricilərdən çıxış etsək, sabit şəbəkə xidmətlərində dövlət sektorunun payı 95%-ə yaxındır.

Özəl sektora məxsus internet xidmətləri təqdim edən şirkətlər say etibarı ilə daha çoxdur. Rəsmi statistik məlumata görə, 2010-2018-ci illərdə internet xidməti göstərən ümumi müəssisələrin sayı 28-dən 41-ə, o cümlədən özəl operatorların sayı isə 28-dən 41-ə yüksəlib.

Bu dövr ərzində dövlət sektorunda internet xidməti göstərən operatorların sayı dəyişməz qalıb – 3 şirkət. Bu şirkətlər əsasən həm də sabit şəbəkə telefon xidməti göstərən şirkətlərdir (Aztelekomnet, Bakinternet və Azdatakom ). Bura yalnız pərakəndə xidmətlər bazarınını iştirakçıları daxildir.

No description available.


Beynəlxalq internet trafikinin ölkəyə çatdırılmasını təmin edən şirkətlərin fəaliyyəti ayrıdır və bu sahədə cəmi 2 şirkət – “Delta Telekom” və “Azərtelekom” fəaliyyət göstərir ki, onların hər ikisi özəl sektora məxsusdur. Bu şirkətlər beynəlxalq naqilli telefon əlaqəsini, internet, eləcə də məlumat və səs ötürülməsini təmin edir, əhaliyə və biznesə internet xidməti təklif edən operatorlara internet kanalları (topdansatış internet) açır.

Rəsmi statistika yalnız şəhərləarası və beynəlxaql telefon rabitəsi xidmətləri bazarında özəl sektora dair məlumat açıqlamır. Bu bazarda xidmələrin dəyəri 2010-2018-ci illərdə 3 dəfədən çox azalara 170 mln. manatdan 51 mln. manata qədər enmişdir.

Dövlət rabitə müəssisələrində mövcud idarəetmə və hesabatlılıq

Telekommunikasiya sektorunda mövcud olan bütün dövlət şirkətləri (“AzİnTelecom”, “Aztelekom” və “Bakı Telefon Rabitəsi”) təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi fəaliyyət gösətərirlər. NK-nin 12.07.2012-ci tarixli 292 saylı Qərarına əsasən, bu şirkətlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil deyil, lakin birbaşa tabeliyindədir.

Mülki Məcəllənin 87-ci maddəsinə əsasən, MMC bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. MMC-lərin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları vəsaitin dəyəri həddində risk daşıyırlar. Məcəllənin 91-ci maddəsinə əsasən, MMC-lərin ali orqanı iştirakçıların ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və ya təftiş komissiyası (müfəttiş) yaradılır. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.9-cu maddəsinə və “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısının təsqilənməsi haqqında” NK-nin 01.09.2016-cı il 338 saylı Qərarına əsasən publik hüquqi şəxslər, kredit və sığorta təşkilatları, investisiya fondları və telekkomunikasiya müəssisələri ictimai əhəmiyyətli qurumlar sayılır.

Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və (və ya) təkbaşına) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşına fəaliyyət göstərən icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Məcəllənin 91-1.-ci maddəsinə əsasən MMC-lərin direktorlar şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) verilə bilər. Direktorlar şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir, iclasda hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

Məcəllənin 91-2.-ci maddəsinə əsasən, MMC-nin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər.

Telekommunikasiya sektorunda mövcud olan aparıcı dövlət müəssisələrində menecment strukturunun hətta formal hüquqi tələblər baxımından korporativ idarəetmə modelinin elementlərinə nə dərəcədə uyğun gəldiyini dəyərləndirmək demək olar ki, mümkünsüzdür. İlk növbədə ona görə ki, bu şirkətlərin heç birinin idarəetmə strukturuna dair informasiyalar, onların fəaliyyətini tənzimləyən əsas sənəd (Nizamnamə) ictimaiyyət üçün əlçatan mənbələrdə mövcud deyil. Müvafiq qurumların internet saytlarında idarəetmə strukturu və onların fəaliyyətini tənzimləyən əsas hüquqi sənədlərlə bağlı heç bir məlumat yerləşdirilməyib.

Hətta formal olaraq Nizamnamə Müşahidə Şurasının mövcudluğunu nəzərdə tutsa belə, İƏİT-nin “Dövlət müəssisəslərində korporativ idarəetmə Qaydaları”nın tələblərinə uyğun olaraq dövlət telekommunikasiya şirkətləri özəl mülkiyyətə aid MMC-lərdən bir sıra əlamətlərinə görə fərqləndiyi halda korporativ idarəçilik modelini tətbiq edə bilir. Həmin əlamətlərə daxildir:

  • Şuranın, icra orqanının və müvafiq tənzimləyici nazirliyin (agentliyin) dəqiq müəyyən edilən səlahiyyətləri;
  • Müşahidə Şurasının təsdiqlənən tərkibi və digər idarəetmə orqanları ilə əlaqələrini tənzimləyən dəqiq hüquq normalar;
  • Bütün maraqlı tərəflərə, o cümlədən işçilərə qərar qəbulu ilə bağlı verilmiş səlahiyyətlərin çərçivəsi;
  • Məlumat açıqlığına,  hesabatlılığa və şəffaflığa dair müəyyənləşdirilmiş dəqiq tələblər.
Qaydalarda dövlət müəssisələrində fəaliyyət göstərməli olan Müşahidə Şuralarına qarşı dəqiq tələblər də müəyyən edilib. Şuralarının gücləndirilməsi və keyfiyyətinin artırılması dövlət müəssisəsələrinin korporativ idarəetmə təcrübələrinin təkmilləşdirilməsində fundamental addımdır. Bu təsisatlar şirkətin fəaliyyətinə görə əsas məsuliyyət daşıyan element kimi müəyyənləşdirilməli, onlar strateji idarəetmə funksiyasını yerinə yetirmək, həmçinin və menecmentin fəaliyyətinin monitorinqini aparmaq üçün lazım olan səlahiyyətlərə, səriştəyə və obyektivliyə malik olmalıdırlar. MŞ-larının hesabatları təşkilatı məsələlər, maliyyə fəaliyyəti, mühüm risk faktorları, mühüm hadisələr, maraqlı tərəflərlə əlaqələr və koordinasiya və ya sahiblik edən təşkilat tərəfindən verilən göstərişlərin təsiri barədə məlumat verməli və onları şərh etməlidir. Öz rollarını yerinə yetirmək üçün MŞ ümumi korporativ məqsədlər çərçivəsində korporativ strategiyanı müəyyən etməli, monitorinqini aparmalı və nəzərdən keçirməli, fəaliyyəti qiymətləndirmək üçün müvafiq meyarlar yaratmalı və əsas riskləri müəyyən etməli, maliyyə hesabatlarının dövlət müəssisəsinin cari fəaliyyətini və əlaqədar riskləri düzgün əks etdirdiyini təmin etməklə, açıqlama və məlumatın çatdırılması prosesini monitorinq etməli, menecmentin fəaliyyətini qiymətləndirməli və ona nəzarət etməlidir.

Dövlət müəssisələrinin MŞ-larının əsas funkisyalarından biri Baş İcraçı Direktorun təyin edilməsi və işdən azad edilməsi olmalıdır. Bu səlahiyyət olmadan DMM-lərin şuraları üçün monitorinqlə bağlı funksiyalarını tam yerinə yetirmək və dövlət müəssisəsinin fəaliyyətinin nəticələrinə görə məsuliyyət hiss etmək çətindir. Dövlətin əsas səhmdar olduğu bəzi təcrübələrdə yeganə mülkiyyətçi Baş İcraçı Direktoru birbaşa təyin edə bilər. Lakin bu halda MŞ-ları ilə məsləhətləşmə əsas şərtdir. Həmçinin belə şəraitdə Baş İcraçı Direktorun təyin edilməsi qaydaları və prosedurları şəffaf olmalı, peşəkarlıq meyarlarına əsaslanmalıdır.

Fəaliyyəti araşdırılan dövlət telekommunikasiya müəssislərinin hesabatlılıq və məlumat açıqlığı təcrübəsi də İƏİT-nin korporativ idarəetmə standartlarına cavab vermir. Həmin standartlara əsasən, dövlət müəssislərinin ictimaiyyət üçün açıqlanan hesabatları şirkətin ümumi fəaliyyəti və onun nəticələri, dövlətdən alınmış maliyyə yardımları və ya dövlətdın alınmış təminatlar barədə müfəssəl informasiyaları özündə əks etdiməlidir.

Artıq milli qanunvericilikdə də dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə standartlar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 04.06. 2019-cu il 257 saylı qərarı səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qayda və standartları müəyyən edir. Lakin sənədin adından göründüyü kimi bu normativ-hüquqi çərçivə səhmdar cəmiyyətlərə aiddir, dövlətin telekommunikasiya şirkətləri isə məhdud məsuliyyətli cəmiyyətlərdir. Qayadaların bütün istinasız olaraq bütün dövlət müəssisələrini əhatə etməsi üçün ya telekommunikasiya şirkətləri təcili olaraq səhmdar cəmiyyətlərə çevirilməlidir, ya da həmin hüquqi normalar dövlət mülkiyyətində olan MMC-lərə də şamil edilməlidir. Sənəddə səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin standartları kimi aşağıdakılar müəyyən edilib:
  • dövlət tərəfindən səhmdar funksiyasının effektiv şəkildə icrası;
  • effektiv fəaliyyət göstərən Müşahidə Şurasının (Direktorlar Şurası) təşkili;
  • səhmdar cəmiyyətin fəaliyyətinin şəffaflığının təminatı;
  • səmərəli və çevik icra sisteminin təşkili;
  • risklərin effektiv idarə edilməsi sisteminin formalaşdırılması;
  • korporativ idarəetmə prinsiplərinə riayət olunmasının təşkili;
  • korporativ sosial məsuliyyət.


Qaydalara əsasən dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin fəaliyyətini ümumi nəzarəti həyata keçirən Direktorlar Şurasının (Müşahidə Şurası) yaradılması, şəffaflığın təmin edilməsi üçün beynəlxalq tələblərə uyğun maliyyə hesabatlarının tərtibi və açıqlanması mühüm tələblər kimi əks olunub.

Azərbaycanın telekommunikasiya sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərinin hesabatlarının təhlili göstərir ki, bu sahədə nəinki korporativ idarəetmə ilə bağlı beynəlxalq standratların, eləcə də milli qanunveriliyin tələbləri ödənmir. Əvvəla, bu şirkətlərin heç birinin nizamnamə məqsədlərinə uyğun fəaliyyətlərinə və onlaırn nəticələrinə dair ümumi hesabat ümumiyyətlə açıqlanmır. Xüsusilə də bu cür hesabatlarda göstərilən xidmətlər, onların strukturu, həcmi, dinamikası, coğrafi bölgüsü barədə informasiyaların olması çox mühümdür. Digər tərəfdən isə “Mühasibat uçotu haqqında” Qanunun 8-ci maddəsi ictimai əhəmiyyətli qurumların öz maliyyə hesabatlarını beynəlxalq mühasibat uçotu standartlarına uyğun hazırlanmasını və yayılmasını tələb edir. Bu standartalar görə, maliyyə hesabatlarına maliyyə riskləri və onların idarə edilməsi, əlaqəli tərəflərlə əməliyyatlar, pul vəsaitləri və onların ekvivalentləri, ticarət və sair kreditor borcları, borc öhdəlikləri, cari və uzunmüddətli aktivlər, əmlak, tikili və avadanlıqlar, gəlirlərin kateqoriyalar üzrə analizi, xərclərin kateqoriyalar üzrə analizi, ödənilən vergilər, asılı müəssisələrə investisiyalar, kapitalda dəyişikliklər, fəaliyyət seqmentləri üzrə maliyyə məlumatları, maliyyə gəliri, maliyyə xərcləri və s. barədə çox geniş məlumatlar daxil edilməlidir.

“Mühasibat uçotu haqqında” Qanunun maliyyə hesabatlarının təqdim edilməsilə bağlı müddəalarının icrasını təmin etmək məqsədilə NK-nin 27.05.2010-cu il 97 saylı qərarı ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qayadaları” təsdiqlənib. Sənədin 1.3-cü maddəsi ictimai əhəmiyyətli qurumların maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun tərtib etməli olduğunu vurğulayır. Öz növbəsində, Qaydanın 2-ci maddəsi maliyyə hesabatlarının tərkibini müəyyən edir. Belə ki, ictimai əhəmiyyətli qurumların açıqladığı maliyyə hesabatları müəssisənin ümumi maliyyə vəziyyəti, mənfəət, zərər və digər məcmu gəlirin həcmi, kapitalda dəyişikliklər, pul vəsaitlərinin hərəkəti barədə ətraflı və izahedici qeydlərlə yayılmalıdır. Sənədin 5-ci maddəsinə əsasən, ictimai əhəmiyyətli qurumlar öz maliyyə hesabatlarını auditor rəyilə birlikdə internet səhifəsində yaymalıdır.

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin maliyyə hesabatları son dərəcə məhdud informasiya təqdim edir. “Aztelekom” MMC-nin ən son hesabatı 2019-cu ilə, “Bakı Telefon Rabitəsi” MMC-nin son hesabtı isə 2018-c ilə aiddir. Bu hesabatların hər ikisi eyni struktura və məlumat tutumuna malikdir, yalnız müəssisələrin ümumi gəlir və xərcləri, onların məhdud səviyyədə strukturu barədə məlumat açıqlayır.

“Azİntelekom” MMC-nin maliyyə hesabatı bu 2 şirkətlə müqayisədə daha əhatəlidir. Qurumun ən son maliyə hesabatı 2018-ci ilə aiddir. Bu hesabatda cari və uzunmüddətli aktivlər, onların strukturu, cari və uzunmüddətli öhdəliklər, kapital və mənfəət barədə məlumatlar əks olunub.

Şirkətlərin dövlət büdcəsi qarşısında öhdəlikləri, tədiyə növləri üzrə öhdəliklərin strukturu barədə də hesabatlarda hər hansı məlumat açıqlanmır. Eyni zamanda şirkətlərin öz gəlir mənbələri və borclanma hesabına hesabına həyata keçirdikləri investisya layihələri barədə də məlumatlar ictimaiyyət üçün qapalıdır.

Dövlət müəssisələrinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması yalnız şəffaflıq baxımından önəmli deyil. Bu cür hesabatlar həmçinin adıçəkilən subyektlərin fəaliyyətinin səmərəliliyini də ölçmək baxımından zəruri məlumat bazası formalaşdırır. Artıq ötən ildən etibarən fəaliyyətin səmərəliliyinin ölşülməsi dövlət təsərrüfat subyektləri üçün hüquqi öhdəliyə çevrilib. Belə ki, Nazirlər Kabinetinin 04.06.2019-cu il 257 saylı qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası” təsdiqlənib. Həmin qaydalara uyğun olaraq təklif olunan indikatorlar əsasında aparılan qiymətləndirmənin nəticəsinə görə, səmərəlilik əmsalı 50%-dən aşağı olduqda, dövlət şirkətlərinin fəaliyyəti qeyri-kafi, 100% olduqda çox yüksək qiymət alır (o cümlədən, 50-70% intervalı kafi, 70-90% arası yaxşı). Ümumilikdə fəaliyyətin səmərəliliyini qiymətləndirmək üçün əsas və əlavə qruplarda olmaqla 23 indikatorun tətbiqi nəzərdə tutulur. Bura vergidən öncəki mənfəətlilk səviyyəsi (EBİTDA), əməliyyat xərlərinin əsas əməliyyat gəlirlərinə nisbəti, cəlb edilmiş kapitalın rentabelliyi, səhmdar kapitalın rentabelliyi, səhmdar investisiyalarının gəlirliliyi, aktivlərin rentabelliyi, mütləq likvidlik əmsalı, əmək məhsuldarlığı, ödəmə qabiliyyətliliyi əmsalı, dividend ödənişi əmsalı, istehsal güclərinin istifadə əmsalı, enerji səmərəliliy və s. daxildir.

Rabitə sektorunda idarəetmənin səmərəliliyinin yüksəldilməsi perspektivləri

Avropa ölkələrində, hətta postsosialist ölkələrdə telekommunikasiya müəssisələrinin, xüsusən dövlət inhisarında olan sabit telefon şirkətlərinin özəlləşdirilməsi geniş yayılmış təcrübədir. Bu ölkələrdə 1990-2000-ci illərdə aparıcı telekommunikasiya şirkətlərinin özəlləşdirilməsi zamanı fərqli yanaşmalar olmuşdur. Məsələn, “MacarTelekom”un 67%-i, “BelçikaTelekom”un 49.9%-i, “CexTelekom”un 27%-i özəlləşdirilmişdi. Bu təcrübələrdə ortaq məqam isə istinasıq olaraq özəlləşdirən tərəfin xarici investor olmasıdır.

Türkiyədə sektorun aparıcı oyunçusu olan “Türktelekom”un dövlətsizləşdirilməsinə 2000-ci illərin əvvəlindən start verilmişdi. Hazırda həm sabit telefon, həm mobil telefon, həm də internet xidmətləri göstərən “Türktelekom”un paylarının 55%-i “LYY Telekomünikasyon A.Ş” şirkətinə, 30%-i dövlətə (o cümlədən, 25%-i Maliyyə və Xəzinə Nazirliyinə, 5%-i Türkiyə Varlıq Fonduna), 15%-i isə fond birjası vasitəsilə sərbəst bazara buraxılan səhmlərin sahiblərinə məxsusdur. “LYY Telekomünikasyon A.Ş” Türkiyənin 3 bankı (İş Bankası, Akbank və Garantibank) tərəfindən ortaq qurulan şirkətdir.

Azərbaycanda da son 20 ildə dövri olaraq telekommunikasiya sektorunda islahatlar hökumətin diqqət mərkəzində olub. İlk dəfə ölkə prezidentinin 29.03.2001-ci il 671 saylı sərəncamı ilə «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq Rabitə Nazirliyinin bir sıra bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında qərar qəbul edildi. Sərəncama görə, hazırda telekommunikasiya bazarında hökmran mövqe tutan “Bakı Telefon Rabitəsi” və «Aztelekom» MMC-lər özəlləşdirməyə açıq elan edilməli idi. Qəbul edilən sənəddə göstərilirdi ki, adıçəkilən müəssisələrin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.

Lakin ötən dövrdə bu 2 şirkətin dövlətsizləşdirilməsini nəzərdə tutan sərəncam icra edilməmiş qaldı. Bu müddətdə dəyişən yalnız onların təşkilati-hüquqi statusu oldu. İstehsalat birliyi kimi fəaliyyət göstərən «Aztelekom» 2015-ci ilin iyul ayında, “Bakı Telefon Rabitəsi” isə 2017-ci ilin iyul ayında məhdud məsuliyyətli cəmiyyətlərə çevrildilər.

2016-cı ildə telekommunikasiya sektorunda islahatlar yenidən hökumətin gündəliyinə qayıtdı. Ölkə prezidentinin 06.12.2016-cı il 1138 saylı fərmanı ilə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” təsdiqləndi. Xəritədə qeyd edilir ki, telekommunikasiya sektorunda liberal bazar prinsipləri əsasında ədalətli rəqabət mühitinin yaradılması, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinin və prosedurlarının müəyyənləşdirilməsi və tətbiqi islahatın əsas vəzifələrindən biridir. Bu qəbildən olan islahatların 2 əsas istiqaməti kimi aşağıdakılar müəyyən edilib:

  1. Sektor üzrə idarəetmə strukturlarının təkmilləşdirilməsi;
  2. Telekommunikasiya bazarının liberallaşdırılması
İdarəetmə strukturlarının təkmilləşdirilməsi ilk növbədə müstəqil tənzimləmə orqanının yaradılmasını nəzərdə tutur. Hazırda ölkədə telekommunikasiya sektorunda tənzimləyici funksiyasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir (RYTN). Paralel olaraq RYTN tabeliyində olan təşkilatlar vasitəsilə telekommunikasiya sektorunda əsas aktyorlardan biri kimi iştirak edir. Yol Xəritəsində qeyd edilir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən, müstəqil tənzimləyici qurum telekommunikasiya sektoruni tənzimlədikdə bazarın inkişafına və daha çox investisiya qoyulmasına zəmin yaranır.

Beynəlxalq təcrübədə telekommunikasiya sektoru üzrə tənzimləyici qurum bir sıra mühüm funksiyalar həyata keçirir. Məsələn, telekommunikasiya bazarının formalaşdırılması və inkişafının təmin edilməsi əsas funksiyalardan biridir. Tənzimləyici orqan bazarda tələb olunan iştirakçıların sayının müəyyən edilməsi üzrə qiymətləndirmələr aparır, bazar subyektlərinə lisenziyaların verilməsi, bazar iştirakçılarına nömrə resurslarının ayrılması və operatorlar arasında nömrə daşınması kimi məsələləri tənzimləyir. Eyni zamanda, bazar faktorları və tərəflərin mənafeləri nəzərə alınmaqla, rüsum və qiymətlərin (tariflərin) tənzimlənməsini, habelə sektor daxilində iştirakçıların fəaliyyəti ilə bağlı digər zəruri tənzimləmələri də həmin qurum həyata keçirir.

Onun daha vacib funksiyası İKT üzrə strateji məqsədlərə nail olunmasıdır. Belə məqsədlərə tənzimləyici qurum tərəfindən xidmət keyfiyyətinə nəzarət, istehlakçıların maraqlarının qorunmasını, keyfiyyət standartlarının və əhatə dairəsinə dair optimal tələblərin müəyyənləşdirilməsi kimi məsələlər daxildir.

Hökumətinin yanaşması budur ki, Azərbaycanda da telekommunikasiya sektoru hər hansı mərkəzi hakimiyyət orqanının nəzarəti alıtnda olmadan müstəqil yaradılmalıdır. Çünki tabeçilik olarsa, verilmiş qərarlar həmin mərkəzi icra hakimiyyəti orqanın qərarları ilə ziddiyyət təşkil etdikdə həmin qərarların ləğvi qaçılmazdır. Bundan əlavə, mərkəzi hakimiyyət orqanının tabeliyində çoxlu qurumlar var və tənzimləyici qurum da müstəqil olmadıqda sektorda rəqbət mühitini təmin etmək üçün həmin qurumların maraqlarını uzlaşdırmadan hər hansı avtonom addımlar ata bilməyəcək. Yol Xəritəsində nəzərdə tutulmuşdu ki, 2017-2020-ci illər ərzində müstəqil tənzimləyici orqanın fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar hazırlanmalı və təsdiqlənməli idi. Xəritədə qeyd edilirdi ki, islahatlarla bağlı yaradılmış işçi qrup 2017-ci ildə Azərbaycanda telekommunikasiya sektorunun inkişafı ilə bağlı çərçivə planını və tənzimləmə funksiyalarını müstəqil tənzimləyici qurumun həyata keçirməsi üçün müvafiq qurumun yaradılmasına dair məsələləri əhatə edən üçillik keçid planı hazırlayacaqdır. Üçillik keçid dövrü ərzində isə tənzimləyici qurumun vəzifə və funksiyalarını RYTN icra edəcəkdir. Artıq 2020-ci il son yaxınlaşır, amma bu istiqmətdə hansısa addımların atılmasına dair nə ictimaiyyət üçün açıqlanan hər hansı rəsmi sənəd və ya informasiya yoxdur.

Telekommunikasiya sektorunda liberallaşdırma islahatıları ilə bağlı Yol Xəritəsində 2 əsas tədbir nəzərdə tutulmuşdu: beynəlxalq internet kanallarına qoşulan operatorların sayının artırılması və sektorda özəlləşdirmə.

Hazırda beynəlxalq internet trafkinin ölkəyə gətirilməsi üzrə xidmətləri 2 şirkət həyata keçirir və Xəritədə həmin operatorların sayının 3-ə çatdırması hədəflənir. Bu hədəfə də 2020-ci ilə qədər yetişmək nəzərdə tutulmuşdu.

Telekommunikasiya sektorunda özəlləşdirməyə gəldikdə, Yol Xəritəsində qeyd edilir ki, Azərbaycanda sabit şəbəkədə genişzolaqlı xidmətlərin 50 faizdən çoxu azsaylı bazar subyektləri tərəfindən təqdim edilir. Genişzolaqlı şəbəkə bazarının liberallaşdırılması ölkədə rabitə əlaqəsinin gücləndirilməsi istiqamətində əsas təkanverici amillərindən biri ola bilər. Beynəlxalq təcrübədə dünya ölkələri bazarlarda rəqabət mühiti yaratmaqla, iştirakçıların paylarının effektiv tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirirlər. Buna görə də Azərbaycanın telekommunikasiya bazarında müşahidə edilən meyillər bu trendə orta və uzunmüddətli perspektivdə uyğunlaşdırılmalıdır. Sənəddə vurğulanır ki, region ölkələrində sabit genişzolaqlı xidmət üzrə yüksək xüsusi çəkiyə malik bazar iştirakçılarının bazar payları 2010–2015-ci illərdə azaldığı halda, Azərbaycanda belə iştirakçılar öz abunəçi bazasını genişləndirməklə bu göstəricini 2010-cu ildəki 40 faizdən 2015-ci ildə 66 faizədək artırmışlar

Hökumət hesab edir ki, beynəlxalq təcrübəyə istinad edilsə, bazarın liberallaşdırılması xidmətlərin qiymətlərinin optimallaşmasına, investisiya qoyuluşlarının həcminin və xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bazar iştirakçıları arasında liberallığın artırılması, rəqabət mühitinin təkmilləşdirilməsi beynəlxalq zənglərin orta qiymətlərinin 48 faiz, genişzolaqlı şəbəkə qiymətlərinin isə 32 faiz aşağı salınmasına imkan verə bilər. Beynəlxalq təcrübədə liberallaşdırma həyata keçirildikdən sonra beynəlxalq zənglərin həcminin 32-104 faiz aralığında artdığı, qiymətlərin isə 30-90 faiz aralığında azaldığı müşahidə edilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, beynəlxalq şlüzlər üzərində yüksək xüsusi çəkiyə malik iştirakçıların üstün mövqeyə malik olduğu ölkələrdə qanunsuz daxil olan trafik ümumi beynəlxalq trafikdə 30-60 faiz aralığında paya malikdir və bu da, öz növbəsində, vergidən yayınmalarla müşayiət olunur.

Yol Xəritəsində təklif edilir ki, xarici investorların cəlb edilməsi və RYTN-nin tabeliyində olan telekommunikasiya qurumlarının, ilk növbədə “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsi nəzərdən keçirilməlidir. Sənəddə bu fəaliyyətin icrası üçün 2018-2020-ci illər nəzərdə tutulsa da, hələ ki, hər hansı real addımlar atılmayıb.

Rəsmi statistik məlumatların da təhlilindən göründüyü kimi, sabit telefon şəbəkəsi xidmətləri bazarında özəl sektorun payı 4-5%-dən çox deyil. Ən son statisitkaya görə internet xidmətləri bazarında özəl sektorun nisbi üstünlüyü (55% ətrafında) olsa da, 2010-2018-ci illərdə bu sektorun bazr payı sürətlə azalaraq təxminən 90%-dən 55%-ə qədər geriləmişdir. Baxmayaraq ki, internet xidmətləri təqim edən bütün bazar iştirakçılarının 90%-dən çoxu qeyri-dövlət sektorunu təmsil edir. Amma beynəlxalq internet trafikinin ölkəyə gətirilməsi üzrə xidmətlərin cəmi 2 özəl şirkətin əlində təmərküzləşməsi göstərir ki, problem təkcə dövlət sektorunun inhisarçılığı ilə də yekunlaşmır. Yəni telekommunikasiya sektorunda islahatlar özəlləşdirməyə ilə məhdudlaşmamalı, daha geniş miqyaslı olmaqla liberallaşdırmanı nəzərdə tutulmalıdır. Çünki bəzən özəlləşdirmə dövlətin inhisarçılığını aradan qalıdırır, amma əvəzində özəl subyektin inhisarçılğığı yaranır. Liberallaşdırma islahatları isə mülkiyyət fərqi qoymadan rəqabətli bazarın, xidmətlərin göstərilməsində bütün oyunçulara bərabər şərtlərin yaradılmasını nəzərdə tutur.

“Antiinhisar fəaliyyəti haqqında” Qanuna əsasən, bazar payı 35 faizdən çox olan təsərrüfat subyekti hökmran mövqeyə malik subyekt hesab edilir. Hazırda Azərbaycanın telekommunikasiya sektorunda, xüsusilə sabit və mobil telefon xidmətləri bazarında çox az istisna ilə bütün oyunçular hökmran mövqeyə sahibdirlər. Qanunun 8-ci maddəsinə əsasən, hökmran mövqe tutan subyektlər rəqiblərinin bazara daxil olmasına əsassız manelər yaratmaq imkanına malikdirlərsə, bu inhisarçılıq hesab edilir və ona qarşı qanunvericlik qaydasında tədbirlər görülməlidir. Hazırda dövlət mülkiyyətində olan sabit telefon şəbəkə şirkətlərinin rəqiblərinə, xüsusən onların nömrələrinin, internet infrastrukturunun (xüsusən fiber-optik xətlərin) bazasında genişzolaqlı internet xidmətləri təklif edən müstəqil operatorlara qarşı bu cür manelər yaratmaq üçün texniki və texnoloji imkanları mövcuddur. Bu, dövlət şirkətlərinin həm zəruri infrastruktura, həm də bu infrastruktur üzərindən xidmət göstərmək imkanına malik olmasını nəzərdə tutur.

Nəhayət, vacib məqamlardan biri telekommunikasiya şirkətlərinə münasibətdə antinhisar qanunvericiliyində olan ziddiyətli müddəaların mövcudluğudur. Belə ki, NK-nin 19.07.2013-cü il 189 saylı qərarına əsasən, “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC kimi dövlət rabitə şirkətləri təbii inhisar subyektlərinin siyahısına daxil edilib. Halbuki həm “Antiinhisar fəliyyəti haqqında” Qanunda, həm də “Təbii inhisarlar haqqında” Qanunda müəyyənləşdirilən “təbii inhisar” anlayışı bu qurumların fəaliyyətinin xarakterinə uyğun deyil. Adıçəkilən normativ-hüquqi sənədlərdə təbii inhisar dedikdə, istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi əmtəə (xidmət) istehlakda başqa əmtəə (xidmət) ilə əvəz edilə bilməyən bazar vəziyyətidir. Lakin real təcrübədə həm sabit telefon, həm də genişzolaqlı internet xidmətləri bazarında çoxsaylı bazar oyunçularının (eləcə də özəl subyektlərin) mövcudluğu, onların əlverişli qiymətə və zəruri keyfiyyətdə xidmətlər təqdim edə bilməsi, dövlətin təbii inhisar subyekti hesab olunan rəqiblərini əvəzləyə bilmək potensialına malik olması telekommumikasiya şirkətlərini müvafiq siyahıdan çıxarmağı zəruri edir. Bunun üçün ilk növbədə “Təbii inhisarlar haqqında” Qanunun “təbii inhisar subyektlərinin fəaliyyət sahələri” adlanan 5-ci maddəsindən rabitə xidmələrinin çıxarılması vacibdir.

Bütövlükdə aparılan analizlər əsasında rabitə sektorunda dövlətsizləşdirmə və liberallaşdırma islahatları ilə bağlı aşağıdakı addımların atılması zəruridir:

  • İslahatların ilk mərhələsi olaraq telekommunikasiya şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi, Direktorlar (Müşahidə) Şuralarının real fəaliyyəti və icra orqanları üzərində real nəzarət (təsir) imkanları təmin edilməlidir;
  • Bu şirkətlərin məlumat açıqlığına və şəffaflığına dair tələblər sərtləşdirilməlidir;
  • Şirkətlərin fəaliyyətini tənzimləyən normativ sənədlər, onların strukturu və səlahiyyətli şəxsləri barədə məlumatlar internet resursları vasitəsilə ictimailəşdirilməlidir;
  • Şirkətlərin maliyyə hesabatlarının beynəlxaql standartlara uyğun tərtibi və açıqlanması təmin edilməlidir;
  • Yol Xəritəsində nəzərdə tutulan hədəflərə uyğun olaraq islahatların 2-ci mərhələsi kimi dövlətə məxsus telekommunikasiya şirkətlərinin dövlətsizləşdirilməsi prosesi başa çatdırılmalıdır;
  • Telekommunikasiya şirkətlərinin dövlətsizləşdirilməsi modeli seçilərkən investisiya müsabiqələri vasitəsilə səhmlərin nəzarət zərfi strateji investora təklif edilsə də, Türkiyə modelində olduğu kimi səhmlərin müəyyən hissəsinin (25-30%-i) fond birjası vasitəsilə açıq bazarda satışa çıxarılması məqsədəuyğundur;
  • Yol Xəritəsində nəzərdə tutulan hədəflərə uyğun olaraq telekommunikasiya sektoru üzrə müstəqil tənzimləyici qurumun yaradılması və onun effektiv fəaliyyətinin təmin edilməsi prosesi qısa zamanda başa çatdırılmalıdır.
FED.az saytındakı yazı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: 

https://fed.az/az/ikt/rabite-sektorunu-ozellesdirmek-serfelidirmi-analitika-meqale-87427