24 Haziran 2020 Çarşamba

"Hökumət “bir müddət də devalvasiyaya getməyək, sonrasına baxarıq” düşüncəsi ilə hərəkət edir"



İki ildən çoxdur ölkədə manatın dollara nəzərən məzənnəsi sabitdir: 1 dollar = 1,70 manat. Halbuki bu dövrdə dəfələrlə dolların bahalaşacağı haqda proqnozlar verilib.  

Xatırladaq ki, 2015-ci ildə baş vermiş iki devalvasiya nəticəsində dolların məzənnəsi 0,78 manatdan 1,55 manata yüksəlib. 2016-cı ildə məzənnə 1,77 manata çatıb. 2017-ci ilin fevralında maksimal göstərici qeydə alınıb: 1,92 manat. Həmin ilin sonlarına dolların məzənnəsi 1,70 manat olub. İki ildən çoxdur dollar banklara 1,70 manata təklif olunur.

Məlumdur ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondu Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında milyardlarla məbləğdə dollar satır. 2020-ci ilin ilk yarısında (yanvar-iyun aylarında) Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında Dövlət Neft Fondundan 3 milyard 637 milyon dollar məbləğində vəsait alınıb. 

O biri yandan dünyada neftin qiyməti Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan aşağıdır. 2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollar götürülüb. Azərbaycan nefti “AzəriLayt” yanvar-mart aylarında büdcə qiymətindən yuxarı olub: yanvarda 70, fevralda 62, martda 53 dollar. Ancaq aprel ayından neftin qiyməti Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan aşağıdır. Apreldə “AzəriLayt”ın bir barrelinin qiyməti 19 dollardan, mayda 22 dollardan, iyunda 38 dollardan bir qədər yuxarı olub. Hazırda isə 43 dollar civarındadır.

Şübhəsiz, bütün bu proseslər koronavirus pandemiyası fonunda baş verir. Pandemiyanın ölkəmizə ayaq açdığı ilk dövrdə dollar ajiotajı yarandı, əhali banklarda növbəyə durub külli miqdarda valyuta almağa başladı. İndi bu ajiotaj zəifləyib. Amma koronavirus pandemiyası, karantin rejimləri davam edir, sözsüz ki, pandemiyanın və ona görə tətbiq edilən karantlərin ölkə iqtisadiyyatına vurduğu ziyanlar da davam edir. 

Belə bir vəziyyətdə - neftin uzuclaşdığı, pandemiyanın davam etdiyi bir şəraitdə manatın məzənnəsini nə vaxtadək sabit saxlamaq mümkün olacaq? Manatın başının üstünü kəsən təhlükə nə qədər realdır? Manatı nə gözləyir və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 

Moderator.az bu suallarla iqtisadçı ekspert Azər Mehtiyevə müraciət edib. 

Azər Mehtiyev deyib: “Qeyd etdiyiniz kimi, mart ayında dünya neft bazarında başlayan “qiymət savaşı”ndan sonra neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Sonradan bütün dünyanı bürüyən Covid-19 pandemiyasının təsiri nəticəsində neftə azalan tələb neft qiymətlərinin aşağı düşməsini daha da sürətləndirdi. Son zamanlar neftin qiymətində müəyyən artımların olmasına, hətta 35-40 dollar/barrel səviyyəsinədək qalxmasına baxmayaraq, yaxın 6 ayda neftin qiymətlərində dalğalanmanın davam edəcəyi, yəni enib-qalxmaların olacağı gözləniləndir. Əlbəttə ki, dünyada pandemiyanın davam etmə durumundan asılı olaraq vəziyyət fərqli istiqamətlərdə dəyişə bilər. Bütün hallarda pandemiyanın təsirlərinin hələ uzun müddət davam edəcəyi gözləniləndir. Bu isə o deməkdir ki, taleyi neft gəlirlərindən yüksək dərəcədə asılı olan ölkələrin hamısının, o cümlədən Azərbaycanın üzləşdiyi sınaq davam edəcək. 
Təbii ki, bu durum taleyinin neft gəlirlərindən asılılıq səviyyəsinin yüksək olduğu Azərbaycan iqtisadiyyatına, xüsusilə manatın taleyinə təsirsiz ötüşə bilməz. Həm də indiki halda bu təsir heç də yalnız neft gəlirlərinin azalması ilə qurtarmır. Belə ki, pandemiya ilə bağlı həyata keçirilən karantin tədbirləri səbəbindən bütövlükdə ölkənin, o cümlədən dövlətin digər sahələrdən də gəlirlərinin azalması baş verməkdədir. Amma eyni zamanda karantin tədbirləri ilə bağlı sosial müdafiə tədbirləri hesabına dövlətin xərclərinin artması baş verir. Əlbəttə, bütün bunlar manatın məzənnəsinin sabitliyinə ciddi təzyiqlər yaradır. Mart ayında neftin qiymətində baş verən dəyişikliklərə reaksiya olaraq əhali arasında yenidən panika yaranmış, dollara tələblər kəskin artmışdı (2015-ci il hadisələrinin “dərsləri” olaraq). Hökumət bir tərəfdən Dövlət Neft Fondunun vəsaiti hesabına dollar satışını artırmaqla, digər tərəfdən isə çox sərt inzibati tədbirlər hesabına panikanın dərinləşməsinin qarşısını ala bildi”. 
Azər Mehtiyev qeyd edib ki, Dövlət Neft Fondunun valyuta satışları hələlik nəzərdə tutulan hədləri keçməyib: “Belə ki, 2020-ci ilin dövlət büdcəsində il ərzində Fonddan dövlət büdcəsinə 11 milyard 350 milyon manatın transfer edilməsi nəzərdə tutulub ki, bu da təqribən 6.6 milyard dollardan çoxdur. Bu vəsaitlər dövlət büdcəsinə manatla transfer edildiyindən Fond həmin vəsaiti valyuta bazarında satışa çıxarır ki, buradan həmin vəsait banklar tərəfindən alınır. Bankların tələbləri ödənildikdən sonra satışa çıxarılan vəsait artıq qaldıqda onu Mərkəzi Bank alır. Qeyd etdiyiniz kimi, indiyəcən Fond 3.6 milyard dollar satışa çıxarıb. Yəni müəyyən edilmiş hədlər çərçivəsində Fond daha 3 milyard dolları satışa çıxaracaq. 
Amma neftin qiymətinin aşağı düşməsi artıq Fondun gəlirlərində kəskin azaltma yaradıb. Fondun gəlirləri əsasən (95%-i) neft-qaz sazişlərindən hökumətə çatan mənfəət, neft və qazın satışından daxilolmalar hesabına formalaşır. Bu ilin yanvar-fevral aylarında bu mənbədən Fonda daxilolmaların məbləği 1.1 milyard dollar olmuşdusa, martda 718 milyon, apreldə 338 milyon, mayda isə cəmi 138 milyon dollar məbləğində olub. Böyük ehtimalla bu il Fondun xərcləri onun gəlirlərindən çox ola bilər”. 

Bütün baş verənlərə rəğmən iqtisadçı ekspert xatırladır ki, hökumət və Mərkəzi Bank indiyəcən manatın dollara nəzərən məzənnəsini sabit saxlamağa nail olub: 

“Bunu əsas götürərək hökumət ölkədə makroiqtisadi sabitliyin təmin olduğunu iddia edir. Görünən budur ki, manatın məzənnəsi hələlik sabit olaraq qalır və hökumət bu sabitliyi saxlamaq niyyətindədir. Amma bu durumu həqiqətən maliyyə sabitliyi kimi qiymətləndirmək bir qədər mübahisəlidir. Çünki maliyyə sabitliyinin təmin edilməsi öz-özlüyündə məqsəd yox, vasitə olmalıdır. Yəni maliyyə sabitliyi ölkədə biznes mühitinin cəlbediciliyi və investorların inamının təmin edilməsi baxımından vacibdir. İndiki halda isə həm biznes, həm də geniş əhali təbəqələrinin hələ də hökumətin manatın məzənnəsini sabit saxlaya biləcəyinə, yəni devalvasiyaya getməyəcəyinə inanmadığı aydın görünür. Bu sabitliyin son dərəcə kəskin inzibati üsullarla qorunduğunu hamı görür. Valyuta alqı-satqısına tətbiq olunan inzibati maneələrin hüquqi əsasları olmamaqla yanaşı, mövcud qanunvericiliyə zidd olan, hətta insanların mülkiyyət hüquqlarını və iqtisadi azadlıqlarını ciddi şəkildə məhdudlaşdıran addımlar atılır. Belə bir inzibati sabitlik nəinki biznesi stimullaşdırmır, əksinə, biznesin qarşısını alır, vəsaitlərin müxtəlif gizli kanallarla ölkədən axmasına gətirib çıxara bilər”. 

Azər Mehtiyevin fikrincə, karantin rejiminin davam etdirilməsi və iqtisadi fəallığın azalması vəziyyətin daha da gərginləşəcəyini söyləməyə əsas verir: “Karantin tədbirləri üzündən əksər sahələrdə fəaliyyətin dayanması ölkədə yeni yaradılacaq dəyərin azalması demək olacaq. İlin birinci rübünün yekunlaırna görə, tədiyə balansının cari hesablar və maliyyə balanslarında defisit yaranıb. İlin birinci yarısının yekunlarında bu defisitin daha böyük olacağı qaçılmazdır. Karantinin uzanması halında dövlət büdcəsindən sosial müdafiə tədbirlərinə əlavə vəsaitin xərclənməsi zərurəti yarana bilər. Eyni zamanda iqtisadi fəallığın azalması həm də valyutaya tələbin azalmasında özünü göstərir. Yəni iqtisadi fəallıq artdıqca valyutaya tələb artacaq”. 

Bütün bunların qarşıdakı aylarda manata təzyiqləri gücləndirəcəyini söyləyən Azər Mehtiyev qeyd edib ki, Dövlət Neft Fondunun və Mərkəzi Bankın malik olduqları valyuta ehtiyatları hələlik prosesi nəzarətdə saxlamağa və manatın məzənnəsini qorumağa imkan verir: “Amma indiki şəraitdə “sabitlik naminə sabitlik” prinsipinin nə qədər doğru olub-olmamasını qiymətləndirməkdə fayda var. Bu sərt inzibati tədbirlər (belə tədbirlər insanlarda əks reaksiya doğurur, devalvasiyanın yaxınlaşması fikrini formalaşdırır) biznes mühitinin daha da pisləşməsi ilə nəticələnirsə, bunların davam etdirilməsi nə dərəcədə doğru ola bilər? Digər tərəfdən, hökumət devalvasiyaya gedərsə, bunun hansı ağır nəticələri ola bilər? Bu sualların cavabları ciddi araşdırmalar tələb edir. 

“Devalvasiya gözləniləndirmi?” kimi sualınıza cavab olaraq qeyd etməliyəm ki, indiki halda devalvasiya iqtisadi proseslərin nəticəsi kimi yox, siyasi qərar kimi meydana çıxan bir hadisədir. Sırf iqtisadi baxımdan Azərbaycan manatının məzənnəsi çoxdan azalmalıydı: iqtisadiyyatımızın indiki durumu manatın məzənnəsinin belə sabitliyini qorumaq iqtidarında deyil. Hətta pandemiyanın təsiri ilə bir çox ölkədə milli valyutalar ucuzlaşıb. Neft gəlirlərindən asılı ölkələrdə isə bu qaçılmaz olub. Azərbaycanda manatın məzənnəsinin sabitliyi iqtisadiyyatın gücünün yox, hökumətin malik olduğu valyuta ehtiyatlarının və atdığı inzibati addımların nəticəsidir. Hökumət “məzənnə tələsi” ilə üz-üzə qalıb: həm məzənnəni sabit saxlamaq, həm də dəyişikliyə getmək (yəni devalvasiyaya getmək) ciddi itkilərə gətirib çıxaracaq. Hansı daha təhlükəlidir? Bu sualın cavabını verə biləcək tədqiqatlar, təəssüf ki, ortada yoxdur.
Görünən odur ki, hökumət “hələ bir müddət də devalvasiyaya getməyək, sonrasına baxarıq” düşüncəsi ilə hərəkət edir və manatın sabitliyindən təbliğat vasitəsi kimi yararlanır”.  

"Moderator.az"-da gedən müsahibənin linki:

10 Haziran 2020 Çarşamba

Samir Əliyev: "Əhalinin informasiyaya əlçatanlığı arzuolunan səviyyədə deyil"

"İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev: "Əhalinin informasiyaya əlçatanlığı arzuolunan səviyyədə deyil. Vətəndaşlar informasiyaları ala bilməlidir. Xüsusən dövlət qurumları, bələdiyyə qurumları, dövlət mülkiyyətində tam və qismən olan şirkətlər, bazarda böyük paya sahib olan iri özəl şirkətlər informasiya açıqlığını təmin etməlidir. Burada kommersiya xarakterli məlumatlar nəzərdə tutulmur, qanunla yayılması zəruri olan məlumatların açıqlanması tələb edilir."
ARB 24 telekanalının Gündəm verilişinin 2020-ci il iyunun 6-da yayımlanan buraxılışında əhalinin ictimai məlumatlara əlçatanlılığı məsələsi ətrafında fikir mübadiləsi aparılıb