18 Mart 2021 Perşembe

Kənd təsərrüfatı istehsalının artması qida məhsullarının idxalını azalda bilmir



Hər il Azərbaycan kənd təsərrüfatı istehsalında davamlı artıma nail olsa da yeyinti məhsullarının idxalı azalmır, əksinə ildən-ilə artır. Aqrar məhsulların istehsalında artım 2020-ci ildə 2 faiz, 2019-cu ildə 7,2 faiz, 2018-ci ildə 4,6 faiz, 2017-ci ildə 4,2 faiz, 2016-cı ildə 2,6 faiz, 2015-ci ildə 6,6 faiz olduğu halda ötən müddətdə yeyinti məhsullarının idxalı təxminən 50 faiz artıb.

Rəsmi statistikaya görə, yeyinti məhsullarının idxalı 2015-ci ildə 7,8 faiz azalıb. Amma idxal 2016-cı ildə 35 faiz, 2017-ci ildə 6,1 faiz artıb, 2018-ci ildə 2,3 faiz azaldıqdan sonra yenidən 2019-cu ildə 19,7 faiz artıb, 2020-ci ildə sabit qalıb. 2021-ci ilin yanvar-fevral dövründə də yeyinti məhsullarının idxalında artım müşahidə edilir.

Bəs, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yeyinti məhsullarının idxalındakı paralel artımın səbəbi nədir?

Məsələ ilə bağlı Sfera.az saytına danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanda statistik məlumatlar dəqiq vəziyyəti əks etdirmir, buna görə də ziddiyyətli mənzərə yaranır. V.Məhərrəmov söylədi ki, ölkəmizdə statistika dəqiq məlumatlar əsasında toplanmır:

"Statistika Komitəsi bir neçə rayonun nümunəsində ümumi məlumatı formalaşdırır. Məsələn, 5 fərqi bölgədən olan rayonlarda məlumat toplanır və ona əsasən kənd təsərrüfatı məhsulun həcmində artımın, yaxud azalmanın olduğunu müəyyən edirlər. Bu, nisbi hesablamadır və dəqiq vəziyyəti əks etdirmir”.

V.Məhərrəmov 2020-ci ildə iqtisadi böhranın olmasına, əhalinin gəlirlərinin azalmasına baxmayaraq yeyinti məhsullarının idxalında ciddi azalmanın baş verməməsini məntiqsiz hesab edir:

"2019-cu ildə ölkəmizə gələn turistlərin sayı çox olduğu halda, ötən il turist sayında bir neçə dəfə azalma baş verdi. Faktiki olaraq xeyli sayda iş yeri bağlanıb, qeyri-rəsmi çalışanlara əməkhaqqı ödənişləri dayandırılıb. İaşə müəssisələri uzun müddət işləməyib, hazırda da şadlıq sarayları işləmir. Əhalinin sayında da artım zəifləyib. Nəticədə Azərbaycanda əhalisinin alıcılıq qabiliyyəti zəifləyib. Belə bir halda görürük ki, kənd təsərrüfatı məhsullarının istehsalda artım göstərilib, amma ixracda azalma var, idxalda isə kəskin artım var. Bu paradoksal haldır və buradakı məntiqi əlaqəni tapmaq olmur. Deməli, statistika reallığı əks etdirmir.

Statistikaya görə əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalındakı artım çox ciddidir. Bu da onunla bağlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi bütün rayonlarda Aqrar İnkişaf Mərkəzi yaradıb və həmin qurumlar statistik məlumatların toplanması ilə də məşğuldur. Onlar yerlərdə Dövlət Statistika Komititəsinin yerli təşkilatları ilə anlaşır, onlarla işləyir, həm də özləri Kənd Təsərrüfatı Nazirliyinə məlumatlar ötürür. Aqrar İnkişaf Mərkəzləri əksər hallarda statistik məlumatları şişirtməklə məşğuldur.

Məsələn, rəsmi statistikada keçən il soğan istehsalının artdığı göstərilir. İstehsal necə artıb ki, daxildə tələbatı ödəmək üçün 2020-ci ilin noyabrından Rusiyadan, Qazaxıstandan soğan idxalı artırılıb. Kartof istehsalında da artım göstərilir. Amma İrandan və digər ölkələrdən idxal artır. Əgər kartof, soğan istehsalında artım varsa, bazarlarda qiymətlər enməlidir. Lakin qiymətlər düşmür.

Əsas meyvə olan alma ilə təminatda da eyni vəziyyət yaranıb. Gürcüstandan alma idxalı artıb. Beş aydan çoxdur ki, daxili bazarda Gürcüstan alması Azərbaycanın istehsal etdiyi almadan çoxdur. Süd, un, bitki yağı, düyü idxalında da artım var”.

Ekspertin sözlərinə görə əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda yeyinti məhsullarının idxalının artması, kənd təsərrüfatı məhsullarının isə ixracının azalması yalnız yerli istehsalın azalması fonunda baş verə bilər.

Sfera.az saytında yazının linki: 

https://sfera.az/azerbaycanda-paradoksal-veziyyet-bazarlarda-qiymetler-enmelidir-amma/

15 Mart 2021 Pazartesi

İlkin Qarayev: "Kiçik sahibkarların vergi yükü azaldılmalıdır"


Türkiyə hökuməti mikro və kiçik sahibkarları gəlir vergisindən azad etməyi planlaşdırır. Hazırda Türkiyədə 850 min mikro və kiçik sahibkar var. Hökumətdə hesab edirlər ki, gəlir vergisindən azad etməklə kiçik sahibkarların maliyyə yükünü azaltmış olacaqlar.

Vergidən azadetmə ilə bərabər mikro və kiçik sahibkarlardan vergi hesabatları da tələb edilməyəcək.

Bəs, Azərbaycanda da mikro və kiçik sahibkarları vergidən azad edilməsi, yaxud vergi yükünün azaldılması lazımdırmı?

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev Sfera.az-a açlıqlamasında bildirdi ki, Türkiyədə nəzərdə tutulan güzəşt tam vergidən azadetmə yox, bir vergi növündən azadetmədir. İ.Qarayev dedi ki, Türkiyədə kiçik sahibkarlar gəlir vergisi ilə yanaşı həm də əlavə dəyər vergisi (ƏDV) ödəyicisidirlər.

Onun fikrincə, Azərbaycanda da mikro və kiçik sahibkarların vergi yükünün azaldılması məqsədə uyğundur. O qeyd etdi ki, kiçik sahibklar sədə vergi mexanizmindən istifadə etsələr daha yaxşı olardı.

İ.Qarayev söylədi ki, kiçik sahibkarların bəziləri sadələşdirilmiş, bəziləri gəlir vergisi ödəyicisidir və həmin sahibkarlar bu cür vergilərin hesablanmasında çətinliklə üzləşirlər. Kiçik sahibkarların hamısının maliyyə savadının yetəri qədər olmadığını deyən İ.Qarayev gəlir vergisi ilə müqayisədə dövriyyə vergisini hesablamağın asan olduğunu bildirdi: "Azərbaycanda bəzi fərdi sahibkarlar ƏDV, eyni zamanda gəlir vergisi ödəyicisidirlər. Burada gəlir vergisinin ləğv edilməsi, yalnız ƏDV-nin saxlanılması yaxşı olardı. Məsələn, Çində bu təcrübədən istifadə edilib və nəticələr yaxşı olub. Çinin bəzi regionlarının inkişafı üçün kiçik və orta sahibkarlardan yalnız ƏDV alınıb. ƏDV ödəyən sahibkar başqa vergilərdən azad idi. Bu güzəştdən sonra Çinin həmin regionlarında sahibkarlığın inkişafına təkan oldu.

Buna görə də Azərbaycanda da iki vergi ödəyən kiçik sahibkarların yalnız dövriyyə vergisi ödəməsi daha əlverişlidir. Yalnız sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisinin ödəyicisi olan mikro və kiçik sahibkarların isə vergidən müəyyən müddətə azad edilməsi məsələsini də öyrənmək lazımdır”.

İ.Qarayaver söylədi ki, mikro və kiçik sahibkarların əksəriyyəti hesabat verməkdə çətinlik çəkir və bu səbəbdən onlara bu məsələdə də güzəştlər olmalıdır: "Mikro və kiçik sahibkarlar hesabat verən zaman, vergi məbləğinin hesablanması zamanı səhvlərə yol verirlər. Bu cür səhvlərdən yayınmaq üçün kiçik sahibkarların bəziləri verginin hesablanması və ya hesabatın verilməsi üçün digər şəxslərin xidmətindən istifadə edir ki, bu da əlavə xərclər yaradır. Hesabatların sadələşdirilməsi və ya verilməməsi daha yaxşı olardı”.

9 Mart 2021 Salı

Pandemiyanın sosial həssas qruplara təsiri: müşahidə olunan problemlər və çıxış yolları mövzusunda yekun konfrans keçirilib




Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "Pandemiyanın sosial həssas qruplara təsiri: müşahidə olunan problemlər və çıxış yolları" mövzusunda yekun ZOOM konfrans keçirilib. Martın 9-da keçirilən konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 19 nəfər iştirak edib.
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev qeyd etdi ki, pandemiyanın təsirlərinin müxtəlif sahələr üzrə araşdırması aparılıb. S.Əliyev söylədi ki, ekspertlərlə birgə problemləri öyrənmək və problemlərin aradan qaldırılması yollarını tapmaq, təkliflər hazırlayıb təqdim etmək qərarına gəliblər. O pandemiyanın təsirlərini öyrənmək üçün 3 həssas sosial qrupun seçildiyini bildirdi. Bunlar işsizlər, ahıllar və çoxuşaqlı ailələrdir. S.Əliyev dedi ki, hər 3 istiqamət üzrə pandemiyanın təsirləri tədqiq edilib.Layihə çərçivəsində regionlarda sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyəti də qiymətləndirilib. 

5 Mart 2021 Cuma

Pandemiyanın regionlarda həssas qruplara təsiri

2021-ci ilin martın 5-də “İqtisadi Forum” İnternet TV-də “Pandemiyanın regionlarda həssas qruplara təsiri” mövzusunda veriliş təqdim edilib. Marşall Fondu və Regional Əməkdaşlıq üzrə Qara dəniz Trastının maliyyə dəstəyi ilə hazırlanan verilişin aparıcısı Bazar İqtisadiyyatı və Sahibkarlığa Yardım Fondunun prezidenti Sabit Bağırov olub. 
Verilişdə Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev, müstəqil araşdırmaçı Ülviyyə Babasoy və "Mingəçevir işıqları" qəzetinin Baş redaktoru Fərman Nəbiyev ekspert qismində iştirak ediblər.