29 Nisan 2018 Pazar

AZƏRBAYCAN AÇIQ BÜDCƏ İNDEKSİNDƏ 17 BAL GERİLƏYİB


Kənan Aslanlı

Azərbaycan Açıq Büdcə İndeksi 2017 üzrə 100 mümkün baldan 34-nü toplayaraq 115 ölkə arasında 78-ci sıraya geriləyib. Azərbaycanın topladığı 34 bal 2015-ci ildəki nəticəsindən (51 bal) əhəmiyyətli dərəcədə aşağıdır.
Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership - IBP) dünyada dövlət büdcələrinin şəffaflığını və hesabatlılığını qiymətləndirən Açıq Büdcə İndeksinin 2017-ci il üzrə nəticələrini dərc edib. Açıq Büdcə İndeksi 145 indikator üzrə Açıq Büdcə Sorğusunun (Open Budget Survey) nəticələri əsasında tərtib edilir.
İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük büdcə icrası hesabatları, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.
Azərbaycanın yerləşdiyi sıra o deməkdir ki, bizim ölkə cəmiyyətə minimal büdcə məlumatı verən ölkələr səbətindədir. Qonşu ölkələrdən Gürcüstan (82/100) daha şəffaf büdcəsi olan 5 ölkədən biri seçilib. Türkiyə və Qazaxıstanın mövqelərində irəliləyiş, Rusiyada isə geriləmə var. Diaqram 1-də Azərbaycanın illər üzrə Açıq Büdcə İndeksini görmək mümkündür.

Diaqram 1-dən göründüyü kimi, 2015-ci ildən bəri Azərbaycanda cəmiyyətə verilən büdcə məlumatlarının səviyyəsi azalıb.
Açıq Büdcə İndeksinin ötən il üzrə nəticələrinə görə, Azərbaycanda 8 əsas büdcə sənədindən ikisini (büdcəöncəsi bəyanat, yarımillik büdcə icmalı) ümimiyyətlə açıqlanmır, birini isə (vətəndaş büdcəsi) gec yayımlanır. Azərbaycanda əsas büdcə sənədlərinin açıqlığı Diaqram 2-də verilib. Aylıq və ya rüblük büdcə icrası hesabatlarında, hökumətin büdcə layihəsində də məzmun zənginləşməli və verilən məlumatların miqyası artmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycan büdcəöncəsi bəyanatı və yarımillik büdcə icmalını ictimaiyyətə açıqlamalıdır. İllik əsasda nəşr edilən Audit Hesabatının məlumatlılıq məzmunu gücləndirilməlidir. Dövlət büdcəsinin şəffaflığı baxımından mövcud situasiyanın təkmilləşməyə ehtiyacı vardır.

Düzdür, 2014-2018-ci illərdə Azərbaycan hökuməti “Vətəndaşın Büdcə Bələdçisi” sənədini Maliyyə Nazirliyinin saytında yerləşdirilib, hökumətin büdcə layihəsində nəzərdə tutulan bəzi məlumatların miqyası artırılıb, amma bu ölkənin indeksinin yaxşılaşdırılması üçün yetərli deyil. Çünki, biri tərəfdən də yarımillik büdcə icmalının açıqlanmasının dayandırılması və təqdim olunan məlumatların keyfiyyətinin də aşağı düşməsi müşahidə olunur.
“Vətəndaşın Büdcə Bələdçisi” Azərbaycanın illik büdcəsinin asan və anlaşıla bilən bir icmaldır. Müvafiq ildə ediləcək xərcləmələri və bu xərclərin maliyyə mənbələri ilə bağlı təməl bilgiləri ehtiva edir və bunları sistemli şəkildə ictimaiyyətə çatdırır. Digər tərəfdən, icra ediləcək siyasətlərin sadə dildə cəmiyyətə açıqlanması, maliyyə ehtiyatlarının idarə edilməsinin təməl prinsiplərindən olan şəffaflıq və hesabatlılığın təmin edilməsi baxımından böyük önəm daşımaqdadır.
Açıq Büdcə İndeksinin metodoloji şərhlərinə əsasən hökumətlərin nəşr etməli və yaymalı olduqları “Vətəndaş Büdcəsi” (Citizens Budget) büdcə ili ərzində baş verəcək fəaliyyətlər və planlarla bağlı vətəndaşların məlumatını artırmaq və düzgün qavrayışını təmin etmək məqsədilə büdcə sənədinin qeyri-texniki dil və əlçatan formatda hazırlanan sadələşdirilmiş versiyası olmalıdır.
Aydın məsələdir ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsi üçün kifayət deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə bu sahədə vəziyyəti təkmilləşdirmək üçün Maliyyə Nazirliyi və Milli Məclisin birgə şəkildə mərkəzi hökumət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirilməsi vacibdir.
Ölkəmizdə büdcə üzərində kənar nəzarət büdcə şəffaflığı və ictimai iştirakçılıq komponentlərinə nisbətən indeksdə yüksək qiymətləndirilib (100-dən 63 bal). İndeksin Azərbaycan üzrə ölkə hesabatında ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində müəyyən təsir imkanlarına malik olduğu da vurğulanıb. Hesabata əsasən, ümumi mövqeyi güclənməli olan Milli Məclis xüsusilə maliyyə ilinin ortasında büdcəyə nəzarət tədbirlərini gücləndirməli və yeni hesabatlar açıqlamalıdır.
İctimai iştirakçılıq komponenti üzrə isə Azərbaycanın 100-dən cəmi 11 bal almağı göstərir ki, büdcə prosesində ictimaiyyətin iştirakı yox səviyyəsindədir. Açıq Büdcə İndeksinin tələblərinə görə, büdcə layihəsi hazırlananda və parlamentdə müzakirə olunanda ictimai iştirakçılıq təmin edilməlidir. Eləcə də dövlət və qeyri-hökumət təşkilatlarının iştiraki ilə qanunverici orqanda illik büdcənin formalaşdırılması və nəzarətlə bağlı ictimai dinləmələr keçirilməli, ictimaiyyətin müvafiq audit yoxlamalarında iştirak etməsi üçün formal mexanizmlər də yaradılmalıdır.


25 Nisan 2018 Çarşamba


Rovshan Agayev
Kənd təsərrüfatında kooperativlərin yaradılması vacibliyi

Azərbaycan hökuməti yaxın 3 ildə ölkədə 46 aqroholdinqin yaradılması prosesinin başa çatacağını bildirir. Rəsmi təbliğatın əsas vurğusu budur ki, həmin holdinqlər tam fəaliyyətə başlayandan sonra ölkənin ərazaq təhlükəsizliyinə böyük töhfə olmaqla yanaşı (daxili istehsalın genişlənməsi baxımından) ölkənin qeyri-neft ixrac potensialı da artacaq.
Rəsmi xəbərlərdə o da deyilir ki, bu holdinqlərin sərəncamında 150 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahəsi olacaq. Bu isə 800 min nəfərə yaxın xırda ailə təsərrüfatlarına islahat nəticəsində verilən pay torpaqlarının 12%-nə bərabər bir sahədir.
İlk baxışdan iri kənd təsərrüfatı holdinqlərinin yaradılması ilə bağlı rəsmi arqumentlər əsaslı görsənir. Lakin burda bir neçə problem var. Əvvəla, Azərbaycanda aqrar sektor ən azı 250-300 min nəfər ailənin əsas dolanışıq mənbəyidir. Bu ailələr əllərində ən yaxşı halda 1.5-2 hektar torpaq sahəsi olan xırda təsərrüfatlardır. Belə şəraitdə iri holdinqlərin dövlətin hər cür imtiyazları ilə və nəhəng resurslarla bazara daxil olması rəqabət prinsipini tamamilə alt-üst edir və kənd təsərrüfatında xırda-orta sahibkarlığın sürətlə sıradan çıxması riskini artırır. Hökumətin dövlət torpaq fondu, Aqrolizinq, Sahibkarlığa Kömək Milli Fondu və dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində 3-4 ildə 40-45 holdinqə verdiyi dəstəyi 20 ildə on minlərlə kiçik fermerə verdiyi dəstəyi müqayisə etmək kifayətdir ki, onların hansı fövqəladə hökumət dəstəyi ilə ortaya çıxdığı hər kəsə aydın olsun.
Belə holdinqlər yarana bilməzmi? Yarana bilər və yaranmasından iqtisadiyyatımız böyük fayda da götürə bilər. Amma 2 mühüm şərt çərçivəsində: 1) Bu cür holdinqlərin yaradılmasında dövlətin rolu minimum olmalı, əsasən özəl kapitalın hesabına baş verməlidir. Hansısa özəl sektor təmsilçisi 100 mln. manatlarla xərcləyib iri aqrar müəssisə yaradırsa, buna necə müdaxilə etmək olar? Amma onun yaranmasında bu və ya digər formada dövlət dəstəyi 30%-dən 50%-dək iştirak edəcəksə, burda yüksək səviyyəsdə şəffaflıq və ədalətli iştirakçılıq olmalıdır. Şəffaflıq odur ki, proses tam açıq olmalı, bu holdinqlərin rəsmi sabiblərinin kimliyi və dövlət vəsaitlərinin hansı şirkətlərə və şəxslərə dəstək olduğunu hər kəs bilməlidir. Ədalətli yanaşma odur ki, hər kəsin eyni dərəcədə dövlət dəstəyindən yararlanmaq haqqı olmalıdır. 2) Dövlət iri fermer təsərrüfatlarına göstərdiyi dəstəyin eynisini xırda təsərrüfatlara da göstərməlidr. Məsələn, ölkədə ötən ildən aqrar kopperativlərin yaradılması haqqında qanun qüvvəyə minib, bunun ardınca kooperativlərin inkişafı ilə bağlı proqram təsdiqlənib. Hökumət bu normativ sənədlərdən çıxış edərək yaxın 5 ildə ölkədə ən azı, məsələn 250 (yaxud 300,500 - say şərtidir) kooperativin yaradılmasını hədəf kimi qarşısına məqsəd qoa bilər. Bunun nümunəsini artıq Gürcüstan hökuməti edir. Gürcüstanda dağlıq ərazilərdə 0.1 hektar, aran ərazilərdə 0.3 hektar torpaq payı ilə kooperativ yaratmaq istəyən, lakin ən azı 20 payçının iştirakı ilə yaradılmlış üzümçülərə hökumət bilavasitə öz vəsaitləri hesabına 100 ton istehsal gücü olan emal müəssisəsi qurur. 
Gürcüstan təcrübəsi ilə bağlı məlumatın linkinə daxil ola bilərsiniz:


24 Nisan 2018 Salı


Azər Mehtiyev: Yaxın perspektivdə devalvasiyaya gözlənilmir
“TURAN” Agentliyinə müsahibə

2018 Aprel 23
Son günlər bəzi banklarda dollar alış-satışında problemlər yaşanır. Bu isə əhali arasında bəzi söz-söhbətlərə səbəb olub. İnsanlar arasında devalvasiya olacağı ilə bağlı qeyri-rəsmi xəbərlər dolaşır. Məsələyə Mərkəzi Bank rəhbərliyi tərəfindən aydınlıq gətirilsə də, bu insanlar arasında devalvasiya söz-söhbətini azaltmayıb. Bəs doğrudanmı yaxın vaxtlarda devalvasiya ola bilərmi? Devalvasiyaya zərurət varmı? İqtisadçı ekspert Azər Mehdiyev mövzu ilə bağlı suallarımızı cavablandırır.

- Azər bəy, xeyli müddətdir ki, banklarda dollar satışı ilə bağlı problemlər yaşanır. Banklar ya dollar satmaqdan imtina edirlər, ya da dolları müəyyən limitlə təklif edirlər. Bu da əhali arasında ajiotaja səbəb olub. Sizcə, bu nə ilə əlaqədar ola bilər? Belə söz-söhbət gəzir ki, bu devalvasiya ilə əlaqədardır. Bu söz- söhbət reallığa çevrilə bilərmi?
- Əvvəlcə ondan başlayaq ki, bu devalvasiyanın olacağı ilə bağlı söz-söhbətlər nədən qaynaqlanır? Məşhur bir məsəl var: "İlan vuran ala çatıdan qorxar.". Son illər Azərbaycanda xüsusilə iqtisadi sferada manatın başına gələn prosesləri götürsək, insanlar hələ bunun həyəcanını yaşayırlar, bunun təsiri altından çıxmayıblar. Azərbaycanda bir realllıq var ki, hər zaman siyasi proseslərdən sonra nəyinsə baş verəcəyini gözləyirlər. Diqqət etmisinizsə, hər zaman seçkidən sonra qiymətlərin bahalaşacağı ilə bağlı söhbətlər gəzir. 2015-ci ildəki devalvasiyadan sonra artıq bu söz-söhbətlər devalvasiya olacağına dair söhbətlərə çevrilib. Xüsusilə seçkinin vaxtının dəyişdirilməsindən sonra belə şərhlər yayılmışdı ki, guya ilin ikinci yarısında vəziyyət gərginləşəcək.

10 Nisan 2018 Salı

Samir Aliyev
MANATIN DEVALVASİYA EHTİMALI BARƏDƏ

ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. Fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.
Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var.
İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? Əlbəttə məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərinin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil. Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətini keçid elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir manatı təhlükə gözləmir. İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu qarşıda çətinliklər gözləyir.

4 Nisan 2018 Çarşamba

Açıq Büdcə Sorğusunun nəticələri


Xəzər Universitetində Açıq Büdcə Sorğusunun 2017-ci il nəticələrinə həsr olunmuş forum keçirildi
2018-ci il aprelin 2-də Avrasiya Bilik Mərkəzi Xəzər Universitetində Açıq Büdcə Sorğusunun 2017-ci il nəticələrinə həsr olunmuş forum təşkil etmişdir. Dövlət strukturları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə Xəzər Universitetində keçirilməkdə olan Təbii Resursların İdarə Olunması üzrə regional təlimin iştirakçiları da foruma qatılmışdılar.
Tədbirdə Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov Açıq Büdcə Sorğusunun mahiyyətindən və detallarından danışmışdır. Ekspertlər - Ukraynadan Volodimir Tarnay, Rusiyadan Andrey Alayev və Azərbaycandan Azər Mehtiyev sorğuda öz ölkələrinin göstəricilərindən və bu göstəricilərə təsir edən faktorlardan danışmışlar.



2017-Cİ İLİN NƏTİCƏLƏRİ: TƏDİYYƏ BALANSI NƏ GÖSTƏRİR?


Rövşən AĞAYEV

Mərkəzi Bank 2017-ci ilin tədiyə balansının məlumatlarını açıqlayıb. Devalvasiyadan sonra nəhayət ilk dəfə həm cari əməliyyatlarda, həm də bütövlükdə tədiyyə balansının ümumi saldosunda müsbət göstərici əldə edildi. Elə bu səbəbdən də 2015-2016-cı illərdən fərqli olaraq ötən il manatın məzənnə sabitliyini qorumaq (hətta 4%-ə qədər bahalandı) Mərkəzi Bankı qorumaq üçün çətin olmadı.
Cari əməliyyatlar üzrə 1.685 mlrd. dollar, tədiyyə balansı üzrı 1.590 mlrd. dollar müsbət saldo yaranıb.
Halbuki 2016-cı ildə cari əməliyyatlar üzrə 1.363 mlrd. dollar, tədiyyə balansının ümumi yekunu üzrə 539 mln. dollar mənfi saldo qeydə alınmışdı.
2017-ci ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşmasının 2 səbəbi olub. Əsas səbəblərdən biri budur ki, neftin orta illik qiymətinin təxminən 30%-dən çox yüksək olması neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabında 7.4 mlrd. dollar profisit yaradıb və bu 2016-cı ilin göstəricisindən 3 mlrd. dollar çoxdur. Qeyri-neft sektorunun bu prosesə töhfəsi olmayıb. Belə ki, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabında həm 2016, həm də 2017-ci ildə eyni məbləğdə defisit qeydə olub - 5.7 mlrd. dollar.
İkinci mühüm səbəb odur ki, əgər 2016-cı ildə maliyyə hesabının kəsiri 2.8 mlrd. USD olmuşdusa, 2017-ci ildə defisit 201 mln. dollara enib.
Maliyyə hesabının kəsirinin azalmasının səbəbləri isə hökumətin kənara kapital axınlarına nəzarəti gücləndirməsi nəticəsində aktivlər formasında ölkədən çıxan vəsaitlərin təxminən 30% azalması (xüsusilə konsiqnasiya yolu ilə ixraca görə vəsaitlərin ölkəyə 180 gün ərzində qaytarlması) və indiyədək görünməmiş həcmdə ölkəyə xarici borcun alınması olub. Belə ki, 2017-ci ildə ticarət kreditləri üzrə aktivlərin xalis qalığı 2.1 mlrd. diollar təşkil edib, halbuki əvvəlki il bu göstərici 4.7 mlrd. dollardan çox olmuşduş.
Bundan əlavə, təkcə portfel invesitisiya formasında xarici borclanmanın xalis qalığı əvvəlki ilə nisbətən 6 dəfə artaraq 2.5 mlrd. dollara çatıb. Bu borclanma əsasən Cənubi-Qaz Neft dəhlizi ilə bağlı olub.
Amma eyni zamanda bəzi xarici aktivlər üzrə artım qeydə alınıb. Məsələn, depozitlər və nağd valyuta formasında xarici aktivlər 802 mln. dollar təşkil edib, lakin ondan oncəki il ölkənin depozitlər və nağd valyuta formasında xarici aktivlərinin artımı cəmi 4.8 mln. dollar olmuşdu. Depozitlər və nağd valyuta formasında xarici aktivlərin artımının 142.8 mln. dolları neft-qaz, yerdə qalan hissəsi isə (659 mln. dollar) qeyri-neft sektorunun hesabına təmin edilib.