19 Mart 2020 Perşembe

Samir Əliyev: “Neftin qiyməti dəyişəndə narahat olmağa başlayırıq"

“İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyev: “Neftin qiyməti dəyişəndə narahat olmağa başlayırıq. Ona görə ki, iqtisadiyyatımız neftdən asılıdır. Dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. Neftin ucuzlaşması sadəcə dövlət büdcəsinə təsir etmir. Neft ucuzlaşanda tədiyə balansı mənfi olur. Tədiyə balansı mənfi olduqda isə milli valyutaya təzyiq artır. Təzyiq artırısa, 2 yoldan biri seçilməlidir: ya təzyiqi azaltmaq üçün devalvasiyaya getmək lazımdır, ya da valyuta ehtiyatlarından istifadə edilməlidir”.


16 Mart 2020 Pazartesi

Koronavirus pandemiyasının Azərbaycanın iqtisadi vəziyyətinə təsiri çox güclü olub

Musavat TV-nin efirində yayımlanan "Müzakirə Masası" verilişinin 17.03.2020-ci il tarixli buraxılışında dünyanı bürüyən koronavirus ajiotajı, bu səbəbdən neftin qiymətinin kəskin aşağı düşməsi və Azərbaycanda bank sektorunda baş verənlər müzakirə olunub.
“İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyev yaranmış vəziyyətlə bağlı dinləyicilərin suallarını cavablandırıb. S.Əliyev hesab edir ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına, o cümlədən Azərbaycanın iqtisadi vəziyyətinə təsiri çox güclü olub. Onun sözlərinə görə, Azərbaycan həm 2008-2009-cu illər qlobal böhranının oxşar əlamətlərini görür, həm də 2014-2015-ci ildə neftin ucuzlaşmasının ağır şərtlərini yaşayır. Ekspert düşünür ki, mövcud vəziyyət 2008-2009-cu il və 2014-2015-ci ildə yaranan şəraitdən daha ağırdır. S.Əliyevin fikrincə, bu proses uzun müddət davam edərsə, onun nəticələri daha ağır olacaq.


14 Mart 2020 Cumartesi

S.Əliyev: "Banklar üçün əmanətlərin uzun müddətə yerləşdirilməsi daha məqbuldur"

“İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyevin fikrincə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq müddətinin uzadılması vacib qərar olub. Ekspert hesab edir ki, qanunun tətbiq müddəti 9 ay yox, ən azı bir il uzadılmalı idi. “Əmanətlər əsasən bir il müddətinə qoyulur”, - deyən S.Əliyev düşünür ki, qanunun tətbiq müddəti daha uzun olsaydı, əmanət qoyuluşunun müddəti də uzanardı. Onun sözlərinə görə, banklar üçün əmanətlərin uzun müddətə yerləşdirilməsi daha məqbuldur. Çünki bu halda banklar daha uzun müddətə kredit vermək imkanı qazanır.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin uzadılması ilə bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü S.Əliyev 2020-ci ilin martın 14-də CBC telekanalının suallarını cavablandırıb. Suallara verilən cavabla bağlı ətraflı açıqlamanı aşağıdakı keçiddən izləmək olar.


12 Mart 2020 Perşembe

Əmanətlərin tam sığortalanması təcrübəsi

“İqtisadi Forum” ekspert qrupunun üzvü Elçin Rəşidov: “Dünyanın əksər ölkələrində əmanətlərin sığortalanması təcrübəsi var. Ölkəmizdə əmanətlərin tam sığortalanmasının tətbiqinə 2016-cı ildən başlanılıb və biz bu məsələdə bir qədər gecikmişik. Əmanətlərin tam sığortalanmasında pozitiv elementlər çoxdur. Xüsusən də devalvasiyadan sonra əhalinin bank sektoruna etimadı azalıb, əmanət qoyuluşları azalıb. Həmin etimadı dövlət əmanətlərin tam sığortalanmasını gətirməklə təmin etdi. Bunun əmanətləri qorumağa və daha çox əmanət cəlb etməyə köməyi oldu”.
“ARB 24” telekanalının efirində 2020-ci ilin martın 12-də yayımlanan “Peşəkar mübahisə” proqramında əmanətlərin tam sığortalanması təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirədə “İqtisadi Forum” ekspert qrupunun üzvü E.Rəşidov də öz fikirlərini səsləndirib.
Səsləndirilən fikirlərlə bağlı daha ətraflı aşağıdakı keçiddən istifadə etməklə tanış olmaq mümkündür.