18 Mart 2021 Perşembe

Kənd təsərrüfatı istehsalının artması qida məhsullarının idxalını azalda bilmir



Hər il Azərbaycan kənd təsərrüfatı istehsalında davamlı artıma nail olsa da yeyinti məhsullarının idxalı azalmır, əksinə ildən-ilə artır. Aqrar məhsulların istehsalında artım 2020-ci ildə 2 faiz, 2019-cu ildə 7,2 faiz, 2018-ci ildə 4,6 faiz, 2017-ci ildə 4,2 faiz, 2016-cı ildə 2,6 faiz, 2015-ci ildə 6,6 faiz olduğu halda ötən müddətdə yeyinti məhsullarının idxalı təxminən 50 faiz artıb.

Rəsmi statistikaya görə, yeyinti məhsullarının idxalı 2015-ci ildə 7,8 faiz azalıb. Amma idxal 2016-cı ildə 35 faiz, 2017-ci ildə 6,1 faiz artıb, 2018-ci ildə 2,3 faiz azaldıqdan sonra yenidən 2019-cu ildə 19,7 faiz artıb, 2020-ci ildə sabit qalıb. 2021-ci ilin yanvar-fevral dövründə də yeyinti məhsullarının idxalında artım müşahidə edilir.

Bəs, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yeyinti məhsullarının idxalındakı paralel artımın səbəbi nədir?

Məsələ ilə bağlı Sfera.az saytına danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, Azərbaycanda statistik məlumatlar dəqiq vəziyyəti əks etdirmir, buna görə də ziddiyyətli mənzərə yaranır. V.Məhərrəmov söylədi ki, ölkəmizdə statistika dəqiq məlumatlar əsasında toplanmır:

"Statistika Komitəsi bir neçə rayonun nümunəsində ümumi məlumatı formalaşdırır. Məsələn, 5 fərqi bölgədən olan rayonlarda məlumat toplanır və ona əsasən kənd təsərrüfatı məhsulun həcmində artımın, yaxud azalmanın olduğunu müəyyən edirlər. Bu, nisbi hesablamadır və dəqiq vəziyyəti əks etdirmir”.

V.Məhərrəmov 2020-ci ildə iqtisadi böhranın olmasına, əhalinin gəlirlərinin azalmasına baxmayaraq yeyinti məhsullarının idxalında ciddi azalmanın baş verməməsini məntiqsiz hesab edir:

"2019-cu ildə ölkəmizə gələn turistlərin sayı çox olduğu halda, ötən il turist sayında bir neçə dəfə azalma baş verdi. Faktiki olaraq xeyli sayda iş yeri bağlanıb, qeyri-rəsmi çalışanlara əməkhaqqı ödənişləri dayandırılıb. İaşə müəssisələri uzun müddət işləməyib, hazırda da şadlıq sarayları işləmir. Əhalinin sayında da artım zəifləyib. Nəticədə Azərbaycanda əhalisinin alıcılıq qabiliyyəti zəifləyib. Belə bir halda görürük ki, kənd təsərrüfatı məhsullarının istehsalda artım göstərilib, amma ixracda azalma var, idxalda isə kəskin artım var. Bu paradoksal haldır və buradakı məntiqi əlaqəni tapmaq olmur. Deməli, statistika reallığı əks etdirmir.

Statistikaya görə əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalındakı artım çox ciddidir. Bu da onunla bağlıdır ki, Kənd Təsərrüfatı Nazirliyi bütün rayonlarda Aqrar İnkişaf Mərkəzi yaradıb və həmin qurumlar statistik məlumatların toplanması ilə də məşğuldur. Onlar yerlərdə Dövlət Statistika Komititəsinin yerli təşkilatları ilə anlaşır, onlarla işləyir, həm də özləri Kənd Təsərrüfatı Nazirliyinə məlumatlar ötürür. Aqrar İnkişaf Mərkəzləri əksər hallarda statistik məlumatları şişirtməklə məşğuldur.

Məsələn, rəsmi statistikada keçən il soğan istehsalının artdığı göstərilir. İstehsal necə artıb ki, daxildə tələbatı ödəmək üçün 2020-ci ilin noyabrından Rusiyadan, Qazaxıstandan soğan idxalı artırılıb. Kartof istehsalında da artım göstərilir. Amma İrandan və digər ölkələrdən idxal artır. Əgər kartof, soğan istehsalında artım varsa, bazarlarda qiymətlər enməlidir. Lakin qiymətlər düşmür.

Əsas meyvə olan alma ilə təminatda da eyni vəziyyət yaranıb. Gürcüstandan alma idxalı artıb. Beş aydan çoxdur ki, daxili bazarda Gürcüstan alması Azərbaycanın istehsal etdiyi almadan çoxdur. Süd, un, bitki yağı, düyü idxalında da artım var”.

Ekspertin sözlərinə görə əhalinin alıcılıq qabiliyyətinin azalması fonunda yeyinti məhsullarının idxalının artması, kənd təsərrüfatı məhsullarının isə ixracının azalması yalnız yerli istehsalın azalması fonunda baş verə bilər.

Sfera.az saytında yazının linki: 

https://sfera.az/azerbaycanda-paradoksal-veziyyet-bazarlarda-qiymetler-enmelidir-amma/

15 Mart 2021 Pazartesi

İlkin Qarayev: "Kiçik sahibkarların vergi yükü azaldılmalıdır"


Türkiyə hökuməti mikro və kiçik sahibkarları gəlir vergisindən azad etməyi planlaşdırır. Hazırda Türkiyədə 850 min mikro və kiçik sahibkar var. Hökumətdə hesab edirlər ki, gəlir vergisindən azad etməklə kiçik sahibkarların maliyyə yükünü azaltmış olacaqlar.

Vergidən azadetmə ilə bərabər mikro və kiçik sahibkarlardan vergi hesabatları da tələb edilməyəcək.

Bəs, Azərbaycanda da mikro və kiçik sahibkarları vergidən azad edilməsi, yaxud vergi yükünün azaldılması lazımdırmı?

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev Sfera.az-a açlıqlamasında bildirdi ki, Türkiyədə nəzərdə tutulan güzəşt tam vergidən azadetmə yox, bir vergi növündən azadetmədir. İ.Qarayev dedi ki, Türkiyədə kiçik sahibkarlar gəlir vergisi ilə yanaşı həm də əlavə dəyər vergisi (ƏDV) ödəyicisidirlər.

Onun fikrincə, Azərbaycanda da mikro və kiçik sahibkarların vergi yükünün azaldılması məqsədə uyğundur. O qeyd etdi ki, kiçik sahibklar sədə vergi mexanizmindən istifadə etsələr daha yaxşı olardı.

İ.Qarayev söylədi ki, kiçik sahibkarların bəziləri sadələşdirilmiş, bəziləri gəlir vergisi ödəyicisidir və həmin sahibkarlar bu cür vergilərin hesablanmasında çətinliklə üzləşirlər. Kiçik sahibkarların hamısının maliyyə savadının yetəri qədər olmadığını deyən İ.Qarayev gəlir vergisi ilə müqayisədə dövriyyə vergisini hesablamağın asan olduğunu bildirdi: "Azərbaycanda bəzi fərdi sahibkarlar ƏDV, eyni zamanda gəlir vergisi ödəyicisidirlər. Burada gəlir vergisinin ləğv edilməsi, yalnız ƏDV-nin saxlanılması yaxşı olardı. Məsələn, Çində bu təcrübədən istifadə edilib və nəticələr yaxşı olub. Çinin bəzi regionlarının inkişafı üçün kiçik və orta sahibkarlardan yalnız ƏDV alınıb. ƏDV ödəyən sahibkar başqa vergilərdən azad idi. Bu güzəştdən sonra Çinin həmin regionlarında sahibkarlığın inkişafına təkan oldu.

Buna görə də Azərbaycanda da iki vergi ödəyən kiçik sahibkarların yalnız dövriyyə vergisi ödəməsi daha əlverişlidir. Yalnız sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisinin ödəyicisi olan mikro və kiçik sahibkarların isə vergidən müəyyən müddətə azad edilməsi məsələsini də öyrənmək lazımdır”.

İ.Qarayaver söylədi ki, mikro və kiçik sahibkarların əksəriyyəti hesabat verməkdə çətinlik çəkir və bu səbəbdən onlara bu məsələdə də güzəştlər olmalıdır: "Mikro və kiçik sahibkarlar hesabat verən zaman, vergi məbləğinin hesablanması zamanı səhvlərə yol verirlər. Bu cür səhvlərdən yayınmaq üçün kiçik sahibkarların bəziləri verginin hesablanması və ya hesabatın verilməsi üçün digər şəxslərin xidmətindən istifadə edir ki, bu da əlavə xərclər yaradır. Hesabatların sadələşdirilməsi və ya verilməməsi daha yaxşı olardı”.

9 Mart 2021 Salı

Pandemiyanın sosial həssas qruplara təsiri: müşahidə olunan problemlər və çıxış yolları mövzusunda yekun konfrans keçirilib




Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "Pandemiyanın sosial həssas qruplara təsiri: müşahidə olunan problemlər və çıxış yolları" mövzusunda yekun ZOOM konfrans keçirilib. Martın 9-da keçirilən konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 19 nəfər iştirak edib.
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev qeyd etdi ki, pandemiyanın təsirlərinin müxtəlif sahələr üzrə araşdırması aparılıb. S.Əliyev söylədi ki, ekspertlərlə birgə problemləri öyrənmək və problemlərin aradan qaldırılması yollarını tapmaq, təkliflər hazırlayıb təqdim etmək qərarına gəliblər. O pandemiyanın təsirlərini öyrənmək üçün 3 həssas sosial qrupun seçildiyini bildirdi. Bunlar işsizlər, ahıllar və çoxuşaqlı ailələrdir. S.Əliyev dedi ki, hər 3 istiqamət üzrə pandemiyanın təsirləri tədqiq edilib.Layihə çərçivəsində regionlarda sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyəti də qiymətləndirilib. 

5 Mart 2021 Cuma

Pandemiyanın regionlarda həssas qruplara təsiri

2021-ci ilin martın 5-də “İqtisadi Forum” İnternet TV-də “Pandemiyanın regionlarda həssas qruplara təsiri” mövzusunda veriliş təqdim edilib. Marşall Fondu və Regional Əməkdaşlıq üzrə Qara dəniz Trastının maliyyə dəstəyi ilə hazırlanan verilişin aparıcısı Bazar İqtisadiyyatı və Sahibkarlığa Yardım Fondunun prezidenti Sabit Bağırov olub. 
Verilişdə Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev, müstəqil araşdırmaçı Ülviyyə Babasoy və "Mingəçevir işıqları" qəzetinin Baş redaktoru Fərman Nəbiyev ekspert qismində iştirak ediblər.






19 Şubat 2021 Cuma

Əməkhaqqı ilə bağlı yeni qərar kimlərə sərf edir?


Baş nazir Əli Əsədovun imzaladığı qərarla kənd təsərrüfatı müəssisələrində çalışan işçilərin əmək haqqının 20 faizə qədəri natura formasında ödənilə biləcək. Qaydalara görə işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları və digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəzləşdirilmək imkanı olacaq.

Nazirlər Kabinetinin bu qərarının hansı zərurətdən yarandığını Sfera.az saytına şərh edən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov söylədi ki, müstəqil Azərbaycanda bu təcrübə ilk dəfə tətbiq ediləcək. Ekspert xatırlatdı ki, sovet dövründə buna oxşar qayda kolxozlarda olub.

"Kolxozlarda idarə heyətinin qərarı ilə istehsal olunan məhsul natura formasında istehsalçılara verilə bilərdi”, - deyən V.Məhərrəmov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində belə bir qərarın qəbul edilməsi işçilərin haqqının pozulması deməkdir:

"Qərarda qeyd edilir ki, əmək haqqının 20 faizinin natura formasında ödənilməsi könüllü olacaq. Əgər könüllüdürsə, bu dəyişikliyə nə ehtiyac var? Kimsə razıdırsa, rəhbərliklə danışıb, əmək haqqının bir hissəsini natura şəklində ala bilər.

Bu qərar sahibkara imkan verəcək ki, müxtəlif yollarla işçiyə təzyiq edərək razılaşmanı imzalatsın. Sahibkar deyə bilər ki, pulu yoxdur, əmək haqqını tam ödəyə bilmir, ziyanla işləyir. Bu cür müxtəlif bəhanalər gətirərək işçini natura şəkilində əmək haqqı ödənişinə razı salacaq”.

V.Məhərrəmov yeni qaydanın işçilərdə narazılıq yaradacağını düşünür:

"İşçilərdə malın keyfiyyəti, qiyməti ilə bağlı narazılıq yaranacaq. Qərarda natura formasında əmək haqqının necə ödənilməsi tam incəliklərinə qədər müəyyənləşdirilməlidir. Veriləcək malın keyfiyyəti necə olacaq, bazar qiymətinə veriləcək, yoxsa başqa qiymət müəyyənləşdiriləcək? Məsələn, bazarda qiyməti 1 manat olan pomidor da var, 4 manat olan da. İstehsalçı bu qiymət fərqindən istifadə edib daha yüksək qiyməti götürə bilər.

Bu qərardan əslində aqroparklar, iri fermer təsərrüfatları faydalanacaq. Oliqarxlar üçün imkan yaranacaq ki, onlar istehsal etdikləri, amma satış üçün yararlı olmayan mallarını işçiyə satsın. Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı onun təxminən 20 faizi itkiyə gedir, keyfiyyəti aşağı olduğu üçün satışa yararlı olmur. İtkini sənədləşdirib işçilərə, fəhlələrə verəcəklər. Bu qərar çox ciddi ziddiyyət, problem və narazılıqlar yarada, insanları çıxılmaz vəziyyətə qoya bilər.

Təsəvvür edək ki, işçiyə maaş əvəzi 300-400 kq buğda verilib. İşçi bu qədər buğdanı nə etsin? Toyuq saxlamır, mal-qarası yoxdur. İndi dəyirman da yoxdur. Dəyirmanların hamısı mərkəzləşdirilmiş qaydada işləyir. İşçi məcbur olacaq ki, buğdanı aldığı qiymətdən daha aşağı qiymətə başqasına təklif etsin.
Məhkəməyə müraciət etsə də, xeyri olmayacaq. Çünki müqaviləsi var və əsaslandıracaqlar ki, bu razılaşmaya əsasən məhsul verilib”.

https://sfera.az/emek-haqqi-ile-bagli-yeni-qerar-kimlere-serf-edir-oliqarxlar-ucun-imkan-yaranacaq-ki/

Pandemiya dövründə regionlarda sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyəti qiymətləndirilib


Fevralın 19-da Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "Pandemiya dövründə regionlarda sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyətinin qiymətləndirilməsi" mövzusunda ZOOM konfrans keçirilib. Konfransa dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 15 nəfər iştirak edib.
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev qeyd etdi ki, pandemiyanın təsirlərinin müxtəlif sahələr üzrə araşdırması aparılıb. S.Əliyev söylədi ki, ekspertlərlə birgə problemləri öyrənmək və problemlərin aradan qaldırılması yollarını tapmaq, təkliflər hazırlayıb təqdim etmək qərarına gəliblər. O pandemiyanın təsirlərini öyrənmək üçün 3 həssas sosial qrupun seçildiyini bildirdi. Bunlar işsizlər, ahıllar və çoxuşaqlı ailələrdir. S.Əliyev dedi ki, hər 3 istiqamət üzrə pandemiyanın təsirləri tədqiq edilib.
Layihə çərçivəsində regionlarda sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyəti də qiymətləndirilib. Bu istiqamətdə 2 təqdimat olub. Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev “Pandemiya dövründə Mingəçevir şəhərində sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimat edib. AraşdırmaçıÜlviyyə Babsoy isə “Pandemiya dövründə Bərdə rayonunda sosial həssas qrupların statistik uçotunun mövcud vəziyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.





12 Şubat 2021 Cuma

Azərbaycanda pensiyaçıların sayı azalır


Azərbaycanda üçüncü ildir ki, pensiyaçıların sayında azalma müşahidə edilir. İlkin məlumatlara əsasən 2020-ci ildə pensiyaçıların sayı 1,25 milyon nəfər olub ki, bu da 2019-cu illə müqayisədə 20 min nəfər azdır.

Sfera.az rəsmi məlumatlara əsasən bildirir ki, pensiyaçıların sayı 2017-ci ilin sonunda 1,318 milyon nəfərə yüksəlib. 2018-ci ilin yekununda pensiyaçıların sayı 1,29 milyon nəfərə, 2019-cu ilin sonunda 1,27 milyona, 2020-ci ilin sonunda 1,25 milyon nəfərə qədər azalıb.

Azərbaycanda ən çox pensiyaçı 2005-ci ilin sonunda olub. Həmin tarixdə 1,399 milyon pensiyaçı var idi.

Bəs, pensiyaçıların sayının azalmasına səbəb nədir və bu dinamika hansı dövrə qədər davam edə bilər?

Sfera.az saytına açıqlama verən "İqtisadi Forum" Ekspert Qrupunun üzvü, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı-ekspert Rövşən Ağayev dedi ki, pensiyaçıların sayının azalması pensiyaçıxma yaşının artırılması ilə bağlıdır. Ekspert xatırlatdı ki, hər il pensiya yaşı 6 ay uzadılır. Belə ki, qanunvericiliyə əsasən 2021-ci ilin iyunun 30-na kimi kişilərdə, 2026-cı ilin ikinci yarısına kimi isə qadınlarda hər il pensiya yaşı 6 ay artırılır. R.Ağayevin fikrincə bu dəyişiklik pensiya çıxanların sayına təsir edir və gözləyə bilərik ki, 2027-ci ilə qədər pensiyaçıların sayı azalsın.

Amma pensiyaçıların sayına doğum və gözlənilən ömür uzunluğu göstəricilərinin də təsir etdiyini deyən R.Ağayev pensiya çıxanların sayındakı dəyişikliyi proqnozlaşdırmaq üçün bu amillərin nəzərə alınmasının vacib olduğunu vurğuladı:

"Hazırda qadınlar 62 yaşında pensiyaya çıxır. Bu yaşda olanlar 1959-cu ildə anadan olan şəxslərdir. 2027-ci ildə 1962-ci ildə doğulan qadınlar pensiya çıxacaq. Ola bilər ki, 1959-cu ildə doğulanların sayı azdır, amma 1962-ci ildə doğulanların sayı çoxdur.

Doğulanların sayındakı artım hesabına pensiyaçıların sayında azalma olmaya bilər. Ona görə də 2027-ci ilə qədər pensiyaçıların sayının azalacağına tam əmin olmaq çətindir”.

Ekspertbildirdi ki, Azərbaycanda pensiyaçıların ümumi əhaliyə nisbəti baxımından vəziyyət çox yaxşıdır:

"İnkişaf etmiş ölkələrdə pensiyaçıların sayının əhali sayına nisbəti 20-35 faiz intervalında dəyişir. Həmin ölkələrdə uzunömürlülüyün olması və doğumun aşağı olması pensiyaçıların sayını artırır. Azərbaycanda bu göstərici yaxşıdır. Ölkəmizdə əhalinin 12,5 faizi pensiyaçıdır”.

R.Ağayev hesab edir ki, Azərbaycanda pensiyaçıya düşən işləyənlərin sayı baxımından vəziyyət ağırdır:

"Bizdə rəsmi statistikaya əsasən 1,7 milyona yaxın muzdlu işçi var. Hər pensiyaçıya 1,36 işləyən düşür. Bu, çox pis göstəricidir. İnkişaf etmiş ölkələrdə hər pensiyaçıya 3-4 işləyən düşür. Çünki həmin ölkələrdə leqal məşğulluğun səviyyəsi çox yüksəkdir. Azərbaycanda leqal məşğulluqla bağlı vəziyyət kritikdir, hələ də gizli işləyənlərin sayı çoxdur”.

10 Şubat 2021 Çarşamba

Çoxuşaqlı ailələrin pandemiyasının mənfi təsirlərindən qorunması yolları öyrənilib



Fevralın 9-da Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "Çoxuşaqlı ailələrə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələr" mövzusunda ZOOM konfrans keçirilib. Konfransa dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 13 nəfər iştirak edib.
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev qeyd etdi ki, karantin tədbirləri insanlarda sosial-iqtisadi sıxıntılar yaradır. S.Əliyev söylədi ki, bu sıxıntıları nəzərə alaraq ekspertlərlə birgə problemləri öyrənmək və problemlərin aradan qaldırılması yollarını tapmaq, təkliflər hazırlayıb təqdim etmək qərarına gəliblər. O pandemiyanın təsirlərini öyrənmək üçün 3 həssas sosial qrupun seçildiyini bildirdi. Bunlar işsizlər, ahıllar və çoxuşaqlı ailələrdir. S.Əliyev dedi ki, hər 3 istiqamət üzrə pandemiyanın təsirləri tədqiq edilib.
Bu istiqamətlərdən biri də çoxuşaqlı ailələrdir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev "Çoxuşaqlı ailələrin Covid-19 pandemiyasının mənfi təsirlərindən qorunmasına yönəlik sosial müdafiə tədbirləri: mövcud durum və problemlər" mövzusunda təqdimatla çıxış edib.

A.Mehtiyevin təqdimatı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://iqtisadiforum.blogspot.com/2021/02/pandemiyann-coxusaql-aillr-tsiri.html


Çoxuşaqlı ailələrin Covid-19 pandemiyasının mənfi təsirlərindən qorunmasına yönəlik sosial müdafiə tədbirləri: mövcud durum və problemlər


Giriş

Cəmiyyətin Covid-19 pandemiyasının mənfi təsirlərinə həssas əsas risk qruplarından biri də çoxuşaqlı ailələrdir. Beynəlxalq təşkilatların və tədqiqat universitetlərin çoxsaylı araşdırmaları göstərir ki, pandemiyanın və onunla əlaqədar tətbiq olunan karantin tədbirlərinin çoxuşaqlı ailələrə təsirləri heç də yalnız iqtisadi xarakterli problemlərlə məhdudlaşmır: belə ailələrdə uşaqların üzləşdikləri sosial və psixoloji xarakterli problemlər təsir gücünə görə nəinki iqtisadi çətinliklərdən geri qalmır, əksinə, hətta daha dərin və uzunmüddətli təsirlər yarada bilir.

Buna görə də, beynəlxalq təşkilatlar tövsiyə edirlər ki, pandemiya şəraitində çoxuşaqlı ailələrə göstərilən yardımlar heç də yalnız maddi yardımlarla məhdudlaşmamalı, həm valideynlər, həm də uşaqlar müxtəlif psixoloji dəstək proqramları ilə əhatə olunmalı, valideynlərin ev şəraitində asudə vaxtın səmərəli təşkili, ailədaxili münasibətlərin düzgün təşkili və s. kimi məsləhət xidmətlərinə çıxışı təmin edilməlidir.

Dünya ölkələrinin təcrübələrinin araşdırılması göstərir ki, ayrı-ayrı ölkələrdə pandemiya dövründə belə ailələrə göstərilən dövlət sosial yardımlarının, habelə qeyri-maddi formada təqdim olunan ictimai qayğının həcmi və əhatə dairəsi həmin ölkələrin inkişaf səviyyəsindən, hökumətlərin maddi imkanlarından və gücündən asılı olaraq çox geniş diapazonda fərqlənir. Bu zaman uşaqlara və uşaqlı ailələrə dövlət sosial yardım sisteminin oturuşmuş və işlək mexanimlərinə malik ölkələr yaxşı mənada xüsusilə fərqlənirlər. Belə mexanizmlərə malik olmayan və hökumətlərinin imkanları məhdud olan ölkələrdə isə pandemiya çoxuşaqlı ailələrin daha da yoxsullaşmasını gücləndirib.

Çoxuşaqlılıq tarixən Azərbaycan cəmiyyətinin əsas xarakterik xüsusiyyətlərindən biri hesab olnur. SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycanın ayrı-ayrı bölgələrində, xüsusilə kənd yerlərində çoxuşaqlı ailələr bütün ailələrin əksəriyyətini təşkil edirdi. XX əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalmağa başlayıb. Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra ölkədə çoxuçaqlı ailələrin sayının azalması prosesi daha da sürətlənib: DSK-nın əhalinin siyahıyaalınma məlumatlarına əsasən, ölkədə 4 və daha çox uşağı olan ev təsərrüfatlarının sayı 1999-cu ildə 213.9 min olduğu halda, 2009-cu ildə bu say 126.7 minə düşüb, yəni 1.7 dəfə azalıb. 2019-cu ildə keşirilən əhalinin siyahıya alınmasının nəticələri üzrə məlumatlar hələ açıqlanmasa da, DSK-nın digər əlaqəli məlumatları əsasında apardığımız hesablamalar 2020-ci ildə ölkədə 4 və daha çox uşağı olan ailələrin sayının təqribən 70 min ətrafında olduğunu söyləməyə əsas verir. Statistik məlumatlara və formalaşmış təcrübəyə əsasən demək olar ki, bu ailələrin əksəriyyəti (təqribən 60%-ə qədəri) əsasən kənd yerlərində yaşayır. Bu tədqiqatda pandemiya və karantin şəraitində ölkədə çoxuşaqlı ailələrin, xüsusilə uşaqların üzləşə biləcəyi mənfi təsirlərin azaldılması, onların rifahının pisləşməsinin qarşısının alınması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət addımları araşdırılır.

Adətən belə siyasət tədbirləri 2 hissədən ibarət olur: i) çoxuşaqlı ailələrə münasibətdə hökumətin davamlı həyata keçirdiyi sosial nüdafiə tədbirləri və ii) bilavasitə pandemiyanın yaratda biləcəyi yeni mənfi təsirlərin qarşısının alınması yaxud azaldılmasına yönəlik addımlar. Buna görə də tədqiqat zamanı çoxuşaqlı ailələrə və onların sosial müdafiəsinə münasibətdə hökumətin mövcud siyasəti və belə siyasətin hüquqi bazası öyrənilir, pandemiya ilə bağlı hökumətin belə ailələlərə münasibətdə tətbiq etdiyi əlavə sosial müdafiə mexanizmləri araşdırılır.

Tədqiqat zamanaı araşdırmanın predmetinə uyğun həm zəruri hüquqi-normativ baza araşdırılıb, həm müvafiq dövlət və hökumət qurumlarının hesabatları öyrənilib, həm də zəruri məlumatların əldə edilməsi üçün müvafiq qurumlara informasiya sorğuları ilə müraciət olunub.

Yerli və xarici təcrübənin öyrənilməsi və araşdırılması nəticəsində tədqiqatın sonunda pandemiya və digər oxşar hallarda çoxuşaqlı ailələrin sosial müdafiəsinin təşkili və gücləndirilməsi sahəsində hökumət siyasətinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verilir.

                 1. Çoxuşaqlı ailələrin sosial müdafiəsi sahəsində hökumət siyasətinin əsas istiqamətləri və normativ-hüquqi bazası


Dünya ölkələrinin təcrübəsinə əsasən, hökumətin çoxuşaqlı ailələrə və onların sosial müdafiəsinə yönəlik siyasəti, bir qayda olaraq, onun ya demoqrafik siyasətinin (məsələn, ya doğumun stimullaşdırılmasına (Rusiya), ya da doğumun məhdudlaşdırılmasına (Çin) yönəlik), ya ailənin sosial müdafiəsi və uşaq haqqlarının qorunması siyasətinin (ABŞ və Avropa ölkələri), ya da yoxsulluğun azaldılması sahəsində siyasətinin mühüm tərkib hissəsi kimi meydana çıxır. Bu sahədə hökumətin qarşısında duran vəzifələrin miqyasından asılı olaraq hətta çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönəlik ayrıca siyasətin işlənilməsi də mümkündür.

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönəlik sistemli şəkildə işlənilmiş və ardıcıl həyata keçirilən vahid hökumət siyasəti yoxdur. Ayrı-ayrı dövlət proqramlarında və siyasət sənəalərində çoxuşaqlı ailələrə münasibət ya ümumi şəkildə ifadə olunur, ya da çoxuşaqlı ailələrin sosial müdafiəsi ilə bağlı müəyyən addımlar nəzərdə tutulur. 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nda[1] qeyd olunurdu ki, “Keçən illər ərzində ölkədə doğum əmsalının azalması müşahidə olunur... Doğum əmsalının azalmasına təsir edən amillərdən biri son illər ailələrdə çoxuşaqlılıqdan orta uşaqlılığa keçid meylinin güclənməsidir. Bunun nəticəsi olaraq, ailələrdə 3 və daha artıq doğulan uşaqların xüsusi çəkisinin azalması baş vermişdir”. Lakin həmin proqramda hökumətin qarşıya qoyduğu məqsəd və vəzifələr, habelə siyasət prioritetləri sırasında xüsusi olaraq çoxuşağlı ailələrə və onların sosial müdafiəsinə yönəlik hər-hansı müddəalar və tədbirlər nəzərdə tutulmurdu. Bu proqramdan sonra hökumətin demoqrafiya və əhali sakinliyi sahəsində başqa proqram sənədi olmayıb. 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-2030-cu illər üzrə Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsinin hazırlandığı bəyan edilsə[1] də, bu proqramın təsdiq edilməsi hələlik baş verməyib.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq ediliş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda ev təsərrüfatlarının tədqiqatının nəticələrinə uyğun olaraq, çoxuşaqlı ailələrin yüksək yoxsulluq riski daşıması amilini siyasət prioritetlərinin formalaşdırılması zamanı nəzərə alınmalı mühüm məsələlərdən biri kimi vurğulanıb: “Uşaqlar, çoxuşaqlı ailələr ən yüksək yoxsulluq riskinə malikdir. Ev təsərrüfatlarında uşaqlarla əlaqədar əlavə xərclər tələb olunduğundan həmin ailələrdə böyüklərin gəlir əldə etmək imkanlarını yaxşılaşdırmaqla yoxsulluq riskini azaltmaq mümkündür. Eyni zamanda aztəminatlı uşaqlı ailələrin zəruri yardımlarla təmin edilməsi məqsədilə onların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilməlidir. Çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən aşağı yaş qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini zəruri edir”[2]. Amma bu Dövlət Proqramında da xüsusilə çoxuşaqlı ailələrə və onların sosial müdafiəsinə yönəlik konkret siyasət addımları və tədbirləri nəzərdə tutulmamışdı.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”[3], dövlət başçısının 27 noyabr 2020-ci il il tarixli Sərəncamı ilə isə . “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”[4] təsdiq edilib. Strategiyada xüsusi olaraq çoxuşaqlı ailələrdə olan uşaqların hüquqları və sosial müdafiəsi ilə bağlı hər-hansı spesifik müddəa yoxdur. Amma aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi istiqamətində fəaliyyətlərin ola biləcəyi qeyd olunur.
    Bununla belə, hökumətin əhalinin sosial müdaiəsinə yönəlik siyasətində və müvafiq qanunvericilikdə çoxuşaqlı ailələrin sosial müdafiəsinə yönəlik ayrı-ayrı mexanizmlər mövcudur. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının Qanununun[5] (21 oktyabr 2005-ci il, № 1039–IIQ) “Sosial yardım almaq hüququ olan ailələr” adlı 3-cü maddəsində qeyd olunur ki, “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”. 
    Yeri gəlmişkən, Ünvanlı dövlət sosial yardımı (ÜDSY) dedikdə dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur. Aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Bu zaman ailənin gəlirləri dedikdə, ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, faktiki alınan alimentlərdən, kreditdən, şəxsi yardımçı təsərrüfatdan (iri və xırda buynuzlu malqara, ev quşları, arı ailəsi və s.) əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu nəzərdə tutulur.
    Orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ÜDSY almaq hüququna malikdirlər. Aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı dövlət sosial yardım alırlar[1]. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq olunmuşdu[2].

Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununa[3] (7 fevral 2006-cı il, № 55-IIIQ) 29 oktyabr 2013-cü il tarixli 791-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən əlavə və dəyişikliklər nəticəsində qanunun 4.0.1-cü bəndində qeyd olunan aylıq müavinətlərin sırasına “beşdən çox uşağı olan qadınlara müavinət” növü əlavə edildi. 2013-cü ildə qanuna edilən həmin əlavə və dəyişikliklərə əsasən beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. Bu müavinət uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən bu müavinətin məbləği hər uşağa görə 2019-ci ilin aprelin 1-dən 55 manat məbləğində müəyyənləşdirilib[4].

Müavinət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən tələb olunan sənədlər təqdim edildikdən sonra təyin edilir və ödənilir[5]. Tədqiqat zamanı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanan informasiya sorğusuna cavab olaraq Nazirlikdən bildiriblər ki, 2020-ci ildə 9 mindən çox uşağa görə 2532 ailəyə belə müavinət ödənilməkdədir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydasına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilib) əsasən “yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər” sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına daxildir[6].

Bir sıra dünya ölkələrinin təcrübələrində uşaqlı ailələr üçün nəzərdə tutulan sosial müdafiə tədbirləri sırasında vergi güzəştləri və vergidən azadedilmələr mühüm yer tutur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində xüsusi olaraq çoxuşaqlı ailələrə münasibətdə yalnız gəlir vergisi üzrə müəyyən güzəşt nəzərdə tutulur. Belə ki, Məcəllənin “Gəlir vergisindən azadolmalar və güzəştlər”adlı 102-ci maddəsinin 102.5-ci bəndinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır[1]. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 may 1994-cü il tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsinə əsasən ümumi tipli ümumtəhsil internet məktəblərinə çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər uşaqlar qəbul olunurlar[2].


2. “Çoxuşaqlı ailə”nin müəyyənliyi və sayı


Çoxuşaqlı ailələrə və onların sosial müdafiəsi sahəsində hökumət siyasətini müəyyən edən strategiya və proqram sənədlərin, habelə normativ-hüquqi aktların şərhi ilə bağlı yuxarıda verdiyimiz qısa icmaldan aydın olur ki, hökumətin bu sənədlərində “çoxuşaqlı ailə” ifadəsinin dəqiq müəyyənliyi yoxdur. Ailədəki uşaqların sayı meyar kimi götürülərək müavinətin verilməsi nəzərdə tutulan yalnız bir mexanizm var ki, bu da 5-dən çox uşağı olan analara verilən aylıq müavinətdir. Bu halda da ailədə məhz 6-cı uşağın doğulması və onun 1 yaşına çatması zamanı anaya aylıq müavinətin ödənilməsinə başlanılır. Yəni bu halda “çoxuşaqlılıq” 6 uşaqdan başlamış olur.

Amma vaxtıilə bu istiqamətdə müəyyən cəhdlər olb. Belə ki, mətbuatda gedən məlumatlara əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2012-ci ildə “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsi hazırlanıb və həmin layihədə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra konkret sosial müdafiə mexanizmlərinin tətbiqi nəzərdə tutulub[3]. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə etdiyimiz müraciətə cavab olaraq, Komitə bu məlumatı təsdiqlədi. Qanun layihəsi həmin dövrdə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi ilə də müzakirə edilmişdi.

Həmin qanun layihəsində “çoxuşaqlı ailə”nin müəyyənliyi üçün aşağıdakı meyarlar təklif olunurdu:

· övladlığa götürülən uşaqlar da daxil olmaqla tərkibində beş və daha çox uşağı olan (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla, habelə çağırış üzrə həqiqi hərbi xidmətdə olanlar-xidmət müddəti bitənədək);

· 3 və daha artıq əkiz uşaqları olan;

· atanın vəfat etməsi nəticəsində 3 və daha artıq uşağın təkbaşına ana tərəfindən böyüdüldüyü və tərbiyə edildiyi ailə.

Lakin həmin qanun layihəsinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalıb və müzakirələri qeyri-müəyyən müddətə təxirə salınıb.

Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin saytında[4] “Çoxuşaqlı ailələrlə bağlı təhlil” adlı bir araşdırma yazısına da rast gəldik. Görünür araşdırma haqqında qeyd olunan qanun layihəsinin əsaslandırılması üçün hazırlanıbmış. Araşdırmada Azərbaycanda çoxuşaqlı ailələrə münasibətdə həyata keçirilən dövlət dəstəyi tədbirlərinin yetərli olmaması vurğulanır: “Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir” [5]. Araşdırmada Fransa, İsveç, Finlandiya, Almaniya, Çexiya, Polşa və Rusiyada çoxuşaqlı ailələrə münasibətdə tətnbiq olunan sosial müdafiə tədbirləri barədə məlumat verilir.

DSK-nın saytında oolan statsitik məlumatlar bazasından və statistik bülletenlərindən də ölkədə olan çoxuşaqlı ailələrin sayı barəsində dəqiq məlumat əldə etmək mümkün deyildir. Tədqiqat çərçivəsində Dövlət Statistika Komitəsinə ünvanlanan informasiya sorğusuna verilən cavabda Komitə bildirib ki, “Azərbaycanda çoxuşaqlı ailələrin (4 və daha çox uşağı olan ailələr) sayı, çoxuşaqlı ailələrin ölkənin rayon və şəhərlər üzrə bölgüsü Komitə tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyildir”. Yəni Komitənin cavabında 4 və daha çox uşağı olan ailələr “çoxuşaqlı” qəbul olunur.

Bununla belə DSK-nın statistk məlumat bazasında uşaqların sayına görə ev təsərrüfatlarının bölgüsü barədə məlumatlar mövcuddur. Bu informasiyalar əhalinin siyahıyaalınma məlumatları əsasında toplandığından Komitənin mövcud bazasında müstəqillik dövrünə dair 1999-cu və 2009-cu illər üzrə məlumatları əldə edə bildik (2019-cu ildə keçirilən siyahıyaalınmanın nəticələrinin 2022-ci ildə açıqlanması gözlənilir). Həmin məlumatlara əsasən 1999-cu ildə ölkədə 4 və çox uşağı olan ev təsərrüfatlarının sayı 213.9 min olub ki, bu da bütün uşaqlı ev təsərrüfatlarının 16.7%-ni təşkil edib. Bu ev təsərrüfatlarının 124.8 mini (58.3%-i) kənd yerlərində, 89.1 mini isə şəhər yerlərində yaşayıb. 2009-cu ildə isə ölkədə 4 və çox uşağı olan ev təsərrüfatlarının sayı 126.7 min olub: bunların 69.9 mini (55.2%-i) kənd yerlərinə, qalan 56.8 mini isə şəhər yerlərinə aiddir. Məlumatlardan göründüyü kimi, 10 il ərzində azərbaycanda 4 və çox uşağı olan ev təsərrüfatlarının sayı 87.2 min ədəd, yaxud 41.2% azalıb.

DSK doğum ardıcıllığı üzrə diri doğulanların sayı haqqında illik məlumatları açıqlayır. Bu məlumatlarda il ərzində diri doğulanlar 1-ci, 2-ci, 3-cü, d-cü və 5-ci və çox uşaq olmaqla qruplaşdırılır. Məlumata əsasən, 2000-2019-cu illərdə ölkədə ailənin 4-cü və 5-ci (və çox) uşaqlarının doğulması hallarının sayı aşağıdakı diaqramdakı kimi olub (diaqram 1):


Diaqramdan göründüyü kimi, 2000-ci ildən 2009-cu ilədək olan dövrdə ölkədə ailələrdə 4-cü (və bundan sonrakı saylar üzrə) doğulan uşaqların sayı azalmağa meylli olub, 2010-2014-cü illərdə 4-cü uşaqların doğum sayında artım baş verib, sonrakı illərdə isə yeniən azalma meyli yaranıb. Bunun səbəbləri barədə çox dərinə getmədən, bunu qeyd edək ki, DSK-nın məlumatlarına əsasən, Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı 2000-ci ildə 2.0, 2005-2010-cu illər dövründə 2.3, 2011-ci ildə 2.4 olub. 2011-ci ildən sonrakı bütün illərdə bu əmsal ildən-ilə aşağı düşüb və 2019-cu ildə 1.8 təşkil edib. Nəsilvermə əmsalındakı bu azalma ölkənin gələcək demoqrafik vəziyyətinə münasibətdə yeni çağırışlar formalaşdırır.

DSK-nın yuxarıdakı diaqramda təqdim olunan məlumatları əsasında 2020-ci ildə ölkədə 18 yaşınadək 4 və daha çox uşağı olan ailələrin sayını müəyyən təqribiliklə qiymətləndirməyə imkan verir. 2002-2019-cu illər dövründə ailənin 4-cü uşağı olaraq doğulan ailələrin sayı 68425 təşkil edir. 5-ci və sonra doğulan uşaqlar 4 uşaqlı ailələrdə doğulduqlarından onlar da çoxuşaqlı ailələr kimi bu saya daxil olur. Əgər ali məktəblərdə oxuyan tələbələr də nəzərə alınarsa, onda 2020-ci ildə ölkədə 4 və daha çox uşağı olan ailələrin sayının təqribən 70-75 min olduğunu söyləmək olar.

3. Pandemiya şəraitində çoxuşaqlı ailələrə göstərilən sosial 
müdafiə və sosial qayğı tədbirləri


Çoxuşaqlı ailələr pandemiyanın müxtəlif cür mənfi təsirlərinə məruz qalan ən həssas risk qruplarından biridir. Buna görə də bu qrupa yönəlik dövlət dəstəyi mexanizmlərini müəyyənləşdirmək üçün, ilk növbədə, pandemiyanın və onunla bağlı tətbiq olunan karantin tədbirlərinin çoxuşaqlı ailələrə mümkün təsir kanalları dəqiqləşdirilməlidir.

Dünya Səkiyyə Təşkilatı, Dünya Bankı, UNİCEF, Save The Children, OECD və bir çox başqa beynəlxalq təşkilatların, habelə universitetlərin çoxsaylı araşdırmaları[1] göstərir ki, pandemiyanın və onunla əlaqədar tətbiq olunan karantin tədbirlərinin çoxuşaqlı ailələrə təsirləri heç də yalnız iqtisadi xarakterli problemlərlə məhdudlaşmır: belə ailələrdə uşaqların üzləşdikləri sosial və psixoloji xarakterli problemlər təsir gücünə görə nəinki iqtisadi çətinliklərdən geri qalmır, əksinə, hətta daha dərin və uzunmüddətli təsirlər yarada bilir.

Belə mümkün təsirlərə bunlar aid edilə bilər:

1) valideynlərin işlərindən və gəlirlərindən tam və ya qismən məhrum olması səbəbindən yaranan maddi sıxıntılar, habelə bununla əlaqədar meydana çıxan keyfiyyətli, vitaminlə zəngin və yetərli miqdarda qidalana bilməmə;

2) karantin şəraitində özünüqoruma və gigiyenik vasitələrlə təminat problemi;

3) distant təhsilə keçidlə bağlı evdə olan hər bir uşağın distant təhsilinin təşkili üçün tədrisin texniki vasitələri (kompüter, noutbuk, smart-telefon və s.) və yetərincə sürətli internetlə təminatı;

4) Covid-19 virusuna yoluxma zamanı əlavə müayinə və müalicə xərcləri;


5) idman və ya gündəlik gəzinti fəallığının azalması və günərzi evdəqalma səbəbindən ev şəraitində asudə vaxtın səmərəli təşkili problemləri;

6) sadalanan hallar üzündən uşaqların psixoloji durumunda yaranan gərginliklər və uşaqlar arasında münaqişələrin artması;

7) ailələrin evə qapanması səbəbindən artan ailədaxili münaqişələrin və valideynlər arasındakı gərginliklərin uşaqların psixologiyasına mənfi təsirləri;

8) uşaqlara münasibətdə valideyn basqılarının və zorakılığının artması və s..

Buna görə də, beynəlxalq təşkilatlar tövsiyə edirlər ki, pandemiya şəraitində çoxuşaqlı ailələrə göstərilən yardımlar heç də yalnız maddi yardımlarla məhdudlaşmamalı, həm valideynlər, həm də uşaqlar müxtəlif psixoloji dəstək proqramları ilə əhatə olunmalı, valideynlərin ev şəraitində asudə vaxtın səmərəli təşkili, ailədaxili münasibətlərin düzgün təşkili və s. kimi məsləhət xidmətlərinə çıxışı təmin edilməlidir.

Dünya ölkələrinin təcrübəsinə əsasən pandemiya şəraitində çoxuşaqlı ailələrə göstərilən dövlət dəstəyi mexanizmləri, adətən, belə ailələrə və uşaqlara münasibətdə dövlətin mövcud sosial müdafiə tədbirlərinə əlavə olaraq meydana çıxır. Yuxarıdakə təhlildən aydın olur ki, əslində Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsi istiqamətində davamlı fəaliyyət göstərən 2 mexanizm mövcuddur:

1) 6-cı uşaq 1 yaşına çatandan sonra anaya hər uşağa görə erilən aylıq müavinət (2020-ci ildə mbləği hər uşağa görə 55 manat olub) – göründüyü kimi, bu dəstək 4 və 5 uşağı olan ailələrə şamil olunmur, halbuki DSK-nın məlumatları da göstərir ki, ölkədə çoxuşaqlı ailələrin böyük əksəriyyəti məhz 4 uşaqlı ailələrdir, yəni 6 və bundan çox uşaqğı olan ailələrin sayı çox deyildir;

2) ünvanlı sosial yardım (ÜSY) mexanizmi – ailədə hər nəfər hesabı ilə gəlirlər ehtiyac meyarından (2020-ci ildə 160 manat) aşağı olduqda verilən əlavə maddi dəstək. 4 və çox sayda uşağı olan ailələrin 60 faizə qədərinin kənd yerlərində yaşadığını və torpaq payı olan ailələrə ünvanlı sosial yardımın verilmədiyi nəzərə alınarsa, onda çoxuşaqlı ailələrin böyük bir qisminin bu yardımdan kənarda qaldığını düşünmək olar. ƏƏSM Naziri S.Babayevin açıqladığı məlumata əsasən, “2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilmişdir. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatmışdır”[1]. ÜSY alan ailələrin nə qədərinin çoxuşaqlı ailələr olması ilə bağlı tədqiqat çərçivəsində ƏƏSMN-nə ünvanlanan suala da cavab almaq mümkün olmadı – Nazirliyin belə bir statitika aparmadığı bəlli oldu. Kənd yerlərində uşaqların müxtəlif formalarda işlərə cəlb olunmasının geniş yayılmasının bir səbəbi həm də budur. ABS əmək bazarı hesabatında[2] (2019) Azərbaycanda uşaq əməyi barədə məlumatlar yer alıb. Həmin hesabatda qeyd olunur ki, Azərbaycanda 5-14 yaş arası uşaqların 4.5%-i ya iqtisadiyyatın müxtəılif sahələrində çalışır, ya da müxtəlif cür məcburi əməyə cəlb olunurlar. 7-14 yaşarası uşaqların 4.9%-i həm məktəbə gedir, həm də çalışırlar. Hesabatda vurğulanır ki, Azərbaycanda uşaq əməyindən xüsusilə kənd təsərrüfatı sahəsində geniş istifadə olunmaqdadır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib[1]. Həmin Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapmışdı, amma pandemiya şəraitində məxsusi olaraq çoxuşaqlı ailələrə yönəlik hər-hansı dəstək tədbirləri nəzərdə tutulmamışdı. Tədbir Planında işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 200 min (sonradan bu say 600 minə qaldırıldı) aztəminatlı şəxsə 190 manatlıq birdəfəlik yardım verilməsi nəzərdə tutulurdu. Amma bu yardım ailədən yalnız 1 nəfərə verilə bilər.

Tədbirlər Planında nəzərdə tutulan yardım tədbirlərində əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Bunlar çoxuşaqlı ailələrin faydalana biləcəyi yardım mexanizmləri hesab olunur.

2021-ci il yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə ƏƏSM naziri S.Babayev qeyd edib ki, pandemiya dövründə “sosial tərəfdaşlarımızın dəstəyi ilə 110 min aztəminatlı ailəyə 3 dəfə ərzaq yardımları verildi”[2].

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) və Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinə (AQUPDK) ünvanladığımız sorğulara verilən cavablardan bəlli oldu ki, bu qurumların heç birində ölkə üzrə çoxuşaqlı ailələrin dəqiq sayı və dislokasiyası ilə bağlı məlumatlar yoxdur və hazırda bu məlumatların toplanması ilə məşğul olmurlar.

AQUPDK-ya ünvanladığımız informasiya sorğusuna verilən cavabda bildirilir ki, COVİD-19 pandemiyası dövründə Komitə aztəminatlı, o cümlədən çoxuşaqlı (4 və daha çox uşağı olan) ailələrə yönəlik aşağıdakı tədbirlər həyata keçirilib:

· COVİD-19 pandemiyası dövründə ailələrə dəstək olmaq üçün Komitə tərəfindən müxtəlif maarifləndirici tədbirlər, vebinarlar keçirilib, əhaliyə maariflənsirici vərəqlər paylanılıb, eyni zamanda onlara hüquqi və sosial-psixoloji xidmətlər göstərilib;

· Komitə və onun nəznindəki uşaq və ailələrə dəstək mərkəzlərinin fəaliyyətindən 10 mindən çox ailə bəhrələnib;

· 3245 vətəndaş "Ailələrə zəng" maarifləndirmə aksiyası vasitəsi ilə məlumatlandırılıb, 1020 ailəyə məlumat vərəqi paylanılıb, 1052 ailəyə ərzaq yardımı edilib;

· 340 nəfərə psixoloji dəstək göstərilib, 1562 nəfərə mərkəzlərin könüllüləri tərəfindən tikilən tibbi maskalar paylanılıb;

· Komitə tərəfindən "Ailədən ailəyə" dəstək aksiyası çərçivəsində 146 ailə tərəfindən həssas təbəqədən olan 745 ailəyə yardım göstərilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə və UNİSEF-in birgə təşkilatçılığı ilə regional mərkəzlərin fəaliyyət göstərdiyi regionlarda yaşayan 483 aztəminatlı ailəyə UADM əməkaşları və Asan Könüllüləri tərəfindən ərzaq yardımı edilib;

· ailənin psixoloji iqliminə yeniyetmə və gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsr edən amillərin müzakirəsi məqsədi ilə "Onlayn psixoloq xidməti" adlı layihə həyata keçirilir.

Amma Komitədə çoxuşaqlı ailələrin siyahısı və dislokasiyası barədə məlumat olmadığından bu qeyd olunan xidmətlərdən məhz çoxuşaqlı ailələrin nə dərəcədə faydalandığını demək çətindir.

MBT-nin İnsan hüquqları üzrə Ali Komissarlıq İdarəsinə Covid-19 pandemiyası ilə bağlı reaksiya tədbirləri ilə bağlı Azərbaycan Hökumətinin hesabatında[1] da hökumətin məxsusi olaraq çoxuşaqlı ailələrə yönəlik həyat keçirdiyi hər-hansı dəstək tədbiri barədə məlumat yoxdur. Hesabatda ailələrə və uşaqlara münasibətdə pandemiya dövründə həyata keçirilən tədbirlər barədə məlumat elə AQUPDK-nin bizim sorğuya cavabında qeyd etdiyi ümumi xarakterli tədbirərdir.

Layihənin icrası ilə bağlı 2 pilot ərazidə - Mingəçevir şəhəri və Bərdə rayonunda - araşdırma aparılıb. Mingəçevir şəhər və Bərdə rayon statistika idarələrindən layihə ekspertlərinə bildiriblər ki, ərazidə olan çoxuşaqlı ailələrin sayı ilə bağlı onlarda statistik məlumatlar yoxdur. Tədqiqat zamanı layihə ekspertləri tərəfindən hər iki ərazinin hər birində təsadüfi seçmə üsulu ilə 10 çoxuşaqlı ailədə pandemiyanın təsirləri və onlara göstərilən dövlət dəstəyi ilə bağlı sorğu keçirilib. Pandemiya şəraitində onların üzləşdikləri əsas çətinliklər sırasında sorğuda iştirak edən ailələr bunları qeyd ediblər: ərzaq təminatı ilə bağlı maddi çətinliklər; uşaqların distant onlayn dərslərdə iştirakı üçün zəruri olan texniki vasitələrin yoxluğu yaxud çatışmazlığı, internetin zəif olması, uşaqların təhsil haqqlarının ödənilməsi ilə bağlı çətinliklər, uşaqların sağlamlıq və tibbi müalicə xərclərinin ödənilməsi ilə bağlı çətinliklər və s..

“Pandemiya dövründə hansısa maddi dəstək almısınızmı?” sualına cavabında Bərdədəki 10 ailədən 9-u, Mingəçevirdə isə 5-i “xeyr” cavabını verib. Bərdədəki 1 ailə onlara bir dəfə ərzaq yardımı edildiyini, qalan vaxtlarda isə qohum-əqrəbadan yardım aldığını bildirib. Mingəçevirdə olan ailələrdən 2-si 4 ay ərzində 190 manatlıq yardım aldıqlarını deyiblər. Eyni zamanda, Bərdədəki 10 ailədən biri 5-dən çox uşağı olan anaya verilən aylıq müavinət aldığını, qalan 9 ailə isə dövlət qurumlarından hər-hansı formada yardım almadıqlarını bildiriblər. Eyniylə oxşar vəziyyət Mingəçevirdə olub: 9 ailə dövlət qurumlarından hər-hansı dəstək almadıqlarını, yalnız 1 ailə dəqiq demək istəmədiyi maddi dəstək aldığını bildirib.

“Pandemiya dövründə bələdiyyədən ailənizin durumu ilə maraqlanan olubmu?” - sualına cavabında Bərdə rayonundan olan 10 ailədən 8-i, Mingəçevir şəhərindən olan ailələrin isə 9-u mənfi cavab veriblər.

4. Çoxuşaqlı ailələrin sosial müdafiəsi və pandemiyanın məınfi təsirlərindən qorunması sahəsində uğurlu təcrübələr

Pandemiya şəraitində çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dünya ölkələrində 2 istiqamətdə tədbirlər fərqlənir: pandemiyaya qədər olan və hökumətin (həm də yerli hökumətlərin) davamlı olaraq həyata keçirdikləri sosial müdafiə tədbirlərinin davam etdirilməsi; 2) məhz pandemiya ilə əlaqədar yaranan mənfi təsirlərin azaldılması və aradan qaldırılmasına yönəlik addımlar.

Çoxuşaqlı ailələrin sosial müdafiəsi formaları və mexanizmləri sahəsində dünya ölkələrinin təcrübəsi çox zəngindir. OECD-nin tədqiqat qrupu hansı ölkələrin qanunvericiliyində uşaq və ailə yardımlarının nəzərə tutulduğunu müəyyənləşdirmək üçün 2012-2103-cü illərdə 183 ölkənin qanunvericiliyini araşdırılıb. Tədqiqat üzrə hazırlanmış hesabatdan[1] məlum olur ki, 108 ölkənin (59%) milli qanunvericiliyində müxtəlif sxemlər üzrə uşaq və ailə yardımları mövcuddur:

· bu ölkələrin 27-si universal yardım proqramları tətbiq edir: burada uşaq yardımları valideynlərin işləməsindən və ailənin gəlirlərindən asılı olmayaraq bütün uşaqlara şamil olunur və bilavasitə dövlət (regional hakimiyyət) büdcəsindən ödənilir. Belə yardımlar adətən sabit olur, lakin uşaqların yaşından və sayından asılı olaraq fərqləndirmələr də mümkündür;

· 32 ölkədə ehtiyaca görə müraciət əsasında yardımlar təşkil olunur və bunlar büdcə hesabına yaxud ailənin vergilərinin azaldılması hesabına həyata keçirilir;

· 32 ölkədə tətbiq olunan yardım sxemləri bilavasitə məşğulluqla əlaqələndirilir və yalnız iqtisadiyyatda işləyən şəxslərin ailələrinə şamil olunur: belə yardımlar işəgötürənlərin iştirakı ilə social sığorta proqramlarına əsaslanır;

· daha 17 ölkədə tətbiq olunan yardım sxemləri işə məşğulluğz bağlanır, amma ehtiyac üzrə müraciətlər əsasında dövlət büdcəsindən ödənişlərə əsaslanır.

OECD tədqiqat qrup müəyyən edib ki, tədqiqata cəlb etdikləri 183 ölkədən 75-nin (41%) qanunvericiliyində ailə və uşaqların dəstəklənməsi üzrə proqramlar nəzərdə tutulmur.

OECD-nin həmin tədqiqatının nəticələri vu xəritə-diaqramda təqdim olunub.

Ayrı-ayrı ölkələrdə uşaqlı ailələrə göstərilən dəstək proqramları haqqında maraqlı məlumatları Save The Children təşkilatının araşdırmalarından da əldə etmək olar[1].

Pandemiya dövründə müxtəlif ölkələrdə ailələrə, uşaqlara və xüsusilə çoxuşaqlı ailələrə göstərilən sosial yardım və qayğı tədbirləri haqqında aparıcı beynəlxalq təşkilatların (BMT, UNECEF, Dünya Səhiyyə Təşkilatı, OECD, Beynəlxalq Əmək Təşkilatı və s.) saytlarında çox maraqlı araşdırmaları izləmək mümkündür[2].

Avropa və Amerikanın bir çox ölkələrində pandemiya dövründə atılan addımlar ailələrə dəastək sahəsində əvvəllcədən mövcud mexanizmlərin tamamlanması üzrəində qurulub və yeni şəraitdə ailələrin yoxsullaşmasının qarşısını almağa, onların üzləşə biləcəkləri risklərdən qorunmasına hədəflənib. Məsələn, Kanada “Ailələr “Evdə Təhlükəsizdir” (Families “Safe at Home”) proqramı[3] mövcuddur. Həmin proqramın davamı olaraq “uşaq pulu” keçici olaraq artırıldı. “The Canada Child Benefit” (CCB) uşaqların böyüdülməsi üçün uyğun ailələrə vergidən azad aylıq ödənişli yardım növüdür. Yardımın məbləği uşaq sayına, uşaq yaşına, ailə vəziyyətinə və ailənin əvvəlki ilin vergi bəyannaməsindən əldə etdiyi xalis gəlirə görə dəyişir. Artıq ailələrə hər uşaq üçün 600 dollar yardım ödənişi edilirdi. Artıq CCB alan ailələr üçün müavinət 2020-ci ilin may ayında uşaq başına 300 dollar əlavə edildi. Məsələn, iki övladı olan bir ailə, adi aylıq CCB ödənişinə əlavə olaraq 600 dollar aldı, bu da maksimum 553,25 dollar ola bilər. 6 yaşınadək uşaq başına aylıq 466,83 dollar və 6-17 yaş arası uşaq üçün aylıq 466,83 dollar verilir. COVID-19 pandemiyası dövründə xüsusi ehtiyacı olan uşaqların valideynlərinə dəstək olmaq üçün British Columbia Hökuməti yeni bir Təcili Yardım Kömək Fondu yaratdı.

Böyük Britaniya hökuməti uşaqlı ailələrin sosial müdafiəsi sahəsində çox şaxələnmiş dəstək proqramlarına malikdir[4]. Bununla yanaşı hökumət karantin dövrlərində ailə üzvlərinin sayına uyğun olaraq əlavə dəstək proqramları həyata keçirmişdir. Eyni qaydada ABŞ, Fransa, Almaniya, İsveç və inkişaf etmiş digər ölkələrdə uşaqlı ailələrin müdafiəsi sahəsində mövcud proqramlara əlavə olaraq , karantin dövründə ailələrə ailə üzvlərinin sayından asılı olaraq həm maddi yardımlar verilmiş, həm də sosial qayğı, tədris və sair xarakterli dəstəklər tətbiq edilmişdir[5]. Türkiyə pandemiya dönəmində uşaqlı ailələrə 1000 (min) TL yardım etmə qərarı alındı. Bununla yaşanı mövcud olan yardımlardan biri də Sosial və Dəstək İqtisadi Yardımdır (SDİY)[6]. SDİY-ın məqsədi iqtisadi yoxsulluq içində olan, övladlarının təməl ehtiyaclarını ödəyə bilməyən və həyatını ən aşağı səviyyədə belə davam etdirməkdə çətinlik çəkən ailələrin müvəqqəti iqtisadi dəstək və psixo-sosial dəstək olmaqdır. Pandemiya dövründə məktəb şagurdlərinə, universitet tələbələrinə distant təhsilin əlçatanlığını artırmaq üçün müxtəlif formada (pulsuz internet paketin təqdim edilməsi, çoxuşaqlı ailələrə planşetlərin verilməsi və s.) dəstəklər təqdim edilmişdir[1].

Avropa ölkələrində pandemiya dövründə uşaqlı və çoxuşaqlı ailələrə dəstək proqramları yalnız maddi yardımlarla məhdudlaşmayıb. Bu ölkələrin əksəriyyətində pandemiyanın insanlar və ailələr üçün yaratdığı sosial-psixoloji çətinliklərin və gərginliklərin aradan qaldırılmasına yönəlik xüsusi dəstək proqramları, xüsusi onlayn saytlar vasitəsilə insanların prooblemlərinin aşkara çıxarılması və onlara çevik şəkildə mümkün həll yolları ilə kömək göstərilməsi, onlayn məsləhət proqramları, ailədaxili münasibətlərin və uşaqların asudə vaxtlarının səmərəli təşkili sahəsində məsləhət xidmətlərinin təşkili və s. kimi dəstək proqramları geniş tətbiq edilmişdir. Bu işlərdə hökumət və bələdiyyə qurumları ilə yanaşı çox sayda ictimai birliklər, önüllülər təşkilatları fəallıq göstərməkdədir[2].


Nəticə və tövsiyələr

Beləliklə, pandemiya şəraitində çoxuşaqlı ailələrə münasibətdə Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin araşdırılması göstərir ki:

1) ölkədə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi sahəsində belə ailələrin yalnız bir hissəsinin faydala biləcəkləri 2 mexanizm var: ÜSY və 5-dən çox uşağı olan analara aylıq müavinət. Bu mexanizmlərdən faydalaln ailələr elə pandemiya dövründə də həmin yardımları almaqd davam edib;

2) çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və pandemiyanın onlara mənfi təsirlərinin azaldılması istiqamətində hökumətin və hökumət qurumlarının məhz bu qrupa yönəlik ayrıca siyasəti olmayıb;

3) hazırda nə hökumət qurumlarında, nə də bələdiyyələrdə çoxuşaqlı ailələrin sayı və ərazilər üzrə dislokasiyası, onların həyat səviyyəsinin durumu və ehtiyacları ilə bağlı vəzyyəti əks etdirən statistik və digər məlumat bazası yoxdur;

4) pandemiya dövründə çoxuşaqlı ailələrin bəziləri 190 manatlıq birdəfəlik yardımlar ala biliblər; belə ailələrin aprel-may aylarında əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılmasından faydalanmaq imkanı olub (amma nə qədər ailənin bundan faydalanması barədə məlumat yoxdur); dövlət dəstək zərfində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Amma bu dəstək tədbirlərindən faydalanan ailələrin sayı barədə dəqiqləşdirilmiş məlumat yoxdur;

5) Müvafiq hökumət qurumları müxtəlif kanallarla aztəminatlı ailələrə ərzaq yardımları və başqa formada dəstəklərin göstərildiyini deyirlər, lakin bu yardımların hansı hissəsinin məhz çoxuşaqlı ailələrə çatması barədə dəqiqləşdirilmiş məlumatlar heç bir mənbədə yoxdur; 2 ərazidə məhdud sayda da olsa çoxuşaqlı ailələr arasında keçirilən sorğu göstərir ki, pandemiya dövründə belə ailələrin əksəriyyəti nə hökumət qurumlarından, nə də

6) bələdiyyələrdən ciddi dəstək görməyiblər və bu ailələr üzləşdikləri çətinliklərlə baş-başa qalıblar.


Tövsiyələr:

1) Azərbaycanda son onilliklərdə ev təsərrüfatlarında çoxuşaqlı ailələrin sayının azalmasının davamlı bir meyl olmasına baxmayaraq, hələ də ölkədə çoxuşaqlı ailələrin sayı 70 mindən çoxdur. Buna görə də hökumətin çoxuşaqlı ailələrə münasibətdə siyasət istiqamətlərini dəqiqləşdirməsinə ehtiyac var. Bunu zəruri edən amillərdən biri ölkədə nəsilvermə əmsalının artıq 2-dən aşağı düşməsidir. Çoxuşaqlı ailələrin sosial müdafiəsi yalnız mövcud ünvanlı sosial yardım proqramı çərçivəsində davam etməlidirmi yoxsa əlavə siyasət tədbirlərinə zərurət varmı? Bu sualın cavabı uzunmüddətli dövr üçün ölkənin demoqrafik siyasətinin məqsəd və prioritetlərinin müəyyənləşdirilməsindən keçir;

2) Hökumətin əlavə sosial müdafiə, sosial təminat və digər siyasət məqsədləri üçün «çoxuşaqlı ailə» statusunu və müəyyənlik meyarını dəqiqləşdirnməlidir;

3) Çoxuşaqlı ailələr üzrə statistik informasiya bazasının təkmilləşdirilməsi və hər ildə ölkədə mövcud çoxuşaqlı ailələrin dəqiq sayının müəyyən edilməsi üçün konkret tədbirlər həyata keçirilməlidir;

4) Xüsusilə kənd yerlərindəki çoxuşaqlı ailələrin ÜSY proqramlarına əlçatanlığının artırılması üçün torpaq payına malik ailələrə belə yardımın təqdim edilməməsi məsələsinə yenidən baxılmasına ehtiyac var;

5) Çoxuşaqlı ailələrin ərazilər üzrə dislokasiyası və vəziyyəti haqqında vahid məlumat bazasının yaradılması (AQUPDK, ƏƏSMN, DSK və s.) – belə məlumat bazası xüsusilə pandemiya və digər fövqəladə hallarda çevik siyasət üçün önəmlidir;

6) Çoxuşaqlı ailələrin həyat şəraiti və ehtiyacları barədə bələdiyyələr tərəfindən mütəmadi hesabatların hazırlanması zəruridir;

7) Orta və aşağı gəlirli ailələrdə uşaqların say artımının onların həyat səviyyəsinə təsirlərinin qiymətləndirilməsi üzrə tədqiqatların təşkilinə və belə tədqiqatların nəticələri əsasında cəmiyyətdə geniş müzakirələr təşkil edilməlidir. Bu prosesdə müstəqil vətəndaş cəmiyyəti qurumlarının genişmiqyaslı iştirakı təmin olunmalıdır.






9 Şubat 2021 Salı

Rövşən Ağayev: "Tarif Şurasının statusunda hüquqi baxımdan ciddi islahatlara ehtiyac var"

"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı Rövşən Ağayev "Əkinçi"yə müsahibə verib. Rövşən Ağayev müsahibəsində Tarif Şurasının fəaliyyəti, bəzi əmtəə və xidmətlərin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi haqqında düşüncələrini ifadə edib. 


8 Şubat 2021 Pazartesi

İri dövlət müəssisələri korporativ idarəetməyə keçid edir

"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov Kanal 13-ə müsahibə verib. Sabit Bağırov müsahibəsində SOCAR-ın və digər iri dövlət müəssisələrinin korporativ idarəetməyə keçidi, korporativ idarəetməyə keçidin iqtisadi səmərəliliyin, şəffaflığın artırılması, hesabatlılığın yaxşılaşdırılması, işçilərin əmək hüquqlarının və sosial durumunun müdafiəsinin yaxşılaşdırılması və s. müsbət nəticələri ilə bağlı fikirlərini bölüşüb.



3 Şubat 2021 Çarşamba

Vergi daxilolmalarında dolayı verginin payı artır


2021-ci ilin dövlət büdcəsinin layihəsinə əsasən vergi gəlirlərində dolayı vergilərin payı 58,5 faiz olacaq. Proqnoza əsasən vergi gəlirləri 9,866 milyard manat olacaq ki, bunun 5,769 milyard manatı dolayı, 4,097 milyard manatı birbaşa vergilərin payına düşəcək.

Dolayı vergi dedikdə əlavə dəyər vergisi (ƏDV) və aksiz vergisi nəzərdə tutulur. Digər vergilər birbaşa vergilərdir.

Sfera.az xatırladır ki, dolayı vergilərin payı 2011-ci ildə ilk dəfə olaraq 50 faizlik həddi keçib və sonrakı illərdə tədricən yüksəlib.

Dolayı vergi əmtəə və xidmətlərin qiymətlərinə edilən əlavələrdən tutulan vergi növləridir. Bu növ vergiləri istehsalçı və ya satıcı yox, istehlakçı ödəyir. Buna görə də kasıb, iqtisadiyyatı hələ tam oturuşmamış ölkələrdə əhalinin orta və kasıb təbəqəsi varlılara nisbətən daha çox dolayı vergilər verir.

Çünki onların gəlirinin daha çox hissəsi qida, kommunal, geyim xərclərinə gedir. İqtisadiyyatı inkişaf etmiş, sənaye və istehsal strukturları güclənən ölkələrdə isə birbaşa vergilərin payı yüksək olması ilə fərqlənir. Məsələn, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (bu təşkilata dünyanın sənayecə inkişaf etmiş və bu yolla zənginləşmiş ölkələrinin əksəriyyəti daxildir) üzv olan ölkələrdə dolayı verginin payı 30 faiz səviyyəsindədir. Dolayı verginin ən az olduğu ölkələrin önündə isə ABŞ gəlir. Burada dolayı vergi yükü 17-20 faizdir.

Dolayı verginin çoxluğu həm də başqa mənadə əhalinin xərclərinin artması deməkdir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev dolayı vergilərin payının artmasının zərərli olmadığını düşünür. "ƏDV üzrə daxilolmaların həcmi artır, digər tərəfdən əhalinin gəlirlərindən verginin tutulması dayandırılır. Bunun nəticəsində birbaşa vergilərdə azalma baş verib”, - deyən R.Atakişiyev hesab edir ki, islahatlar nəticəsində dövriyyənin leqallaşdırılması dolayı vergilər üzrə yığımları artırıb:

"Dövlətin apardığı siyasət nəticəsində ümumi vergi gəlirləri artır. Hələlik bu artım daha çox dolayı vergilər hesabına mümkün olur. Lakin gələcəkdə birbaşa vergilərin də xüsusi çəkisi yüksələcək.

Şəffaflaşdırma əmək münasibətlərinin də rəsmiləşdirilməsi sahəsində vəziyyəti yaxşılaşdırdı. Bu, imkan yaratdı ki, birbaşa vergilərdə artım zəifləsə də məcburi sosial sığorta ödənişləri artsın.

Çalışmalıyıq ki, dövlət büdcəsinin gəlirlərində vergi daxilolmalarının, rüsumların payı artsın. Dövlət Neft Fondundan transfertin payı 50 faizdən yüksəkdir. Hökumət Neft Fondundən transfertin həcmini azaltmalı, vergi və digər gəlirləri artırmalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisadçı Xətai Əliyevin fikrincə yaxşı olardı ki, birbaşa vergilərin məbləği daha çox olsun. Amma o dolayı vergilərin həcminin artmasının zərərli olmadığını da söylədi: "Dolayı vergilərin artması əslində iqtisadiyyatın ağardılmasının əlamətlərindən biridir. ƏDV vergisi ilə bağlı "ƏDV gerial” layihəsinin tətbiq edilməsi ticarət dövriyyəsinin rəsmiləşdirilməsinə böyük köməyi oldu. Əvvəlki dövrlərdə vergilərdən yayınma baş verirdi. Amma "ƏDV gerial” layihəsinin tətbiqindən sonra vergidən yayınma halları azalıb.

Dolayı vergilərin payının çox olmasına qeyri-neft sektoru üzrə vergi güzəştləri də təsir edib. 2019-cu ildən gəlir vergisinin tutulması 8 min manata qədər olan hissədə dayandırıldı. Bununla əlaqədar olaraq gəlir vergisində azalma başadüşüləndir.

Vergidaxilolmalarında ikinci ən böyük mənbə hüquqi şəxslərdən alınan mənfəət vergisidir. Pandemiya ilə əlaqədar olaraq mənfəət vergisi üzrə azalma var.
Bu baxımdan vergi daxilolmalarında dolayı vergilərin payının artmasını normal hesab etmək olar”.

27 Ocak 2021 Çarşamba

"İqtisadi Forum" Ekspert Qrupunun növbəti toplantısı keçirilib



Yanvarın 27-də "İqtisadi Forum" ekspert qrupunun növbəti toplantısı keçirilib. Toplantıda cari məsələlər və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidentinin imzaladığı Fərmandan irəli gələn məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Ekspertlər SOCAR-da səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək yolları ilə bağlı öz fikirlərini bildiriblər. 


23 Ocak 2021 Cumartesi

Samir Əliyev: "SOCAR səhmdar cəmiyyətə çevrilməlidir"


"Azərbaycanın ən böyük şirkəti olan SOCAR dövlət şirkətləri içində korporativ idarəetmə standartlarından ən çox uzaq olan şirkət olub. Məlumat üçün bildirim ki, büdcə daxilolmalarının bir qayda olaraq 6-8%-i, vergi gəlirlərinin 15-17%-i bu şirkətin payına düşür. 2018-ci ilin sonuna şirkətdə çalışan işçilərin sayı 51125 nəfər olub. 2019-cu ildə şirkətin aktivlərinin həcmi65,4 milyard AZN, ümumi gəlirləri isə 83,8 milyard AZN olub. Belə bir böyük şirkətin nəzarətdən kənar qalması əlbəttə düzgün deyil".
Bu haqda "İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı Samir Əliyev facebook-dakı statusunda (https://www.facebook.com/samiraliyev/posts/10221882040894194) qeyd edib. SOCAR-ın hesabatlarında dövri olaraq vurğulanır ki, şirkət Korporativ idarəetmə prinsiplərinə əsasən, mərkəzləşdirilmiş idarəetmə sistemi tətbiq edir. S.Əliyev hesab edir ki, reallıq bundan uzaq olduğunu göstərir: "Uzun müddət SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi müşahidə şurası mövcud olmayıb. Bu funksiyanı ölkə prezidenti həyata keçirib. Şirkətin idarə heyəti funksiyasını isə Şirkət Şurası icra edib. Şuranınn tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslər daxil olub. SOCAR-da audit fəaliyyəti Şirkətin Prezidenti yanında yaradılmış Audit Komitəsi tərəfindən həyata keçirilib. Halbuki Mülki Məcəllənin 107-ci maddəsinə görə, Audit komitəsi cəmiyyətin direktorlar şurası (müşahidə şurası) tərəfindən yaradılır və ona tabedir.
Göründüyü kimi korporativ standartlarda daxili audit bölmələri icraçı orqana (idarə heyəti) deyil, nəzarət edən quruma direktorlar şurasına (müşahidə şurasına)tabedir. Bu tabeçilikdə məqsəd icra prosesinə nəzarət etmək, şəffaflığı təmin etməkdir. SOCAR-ın nümunəsində isə icraçı qurumun rəhbəri həm daxili nəzarət bölməsini yaradır, həm də ona nəzarət edir. İcra qurumunun fəaliyyətinə isə daxili nəzarət yoxdur. Prezidentin son Fərmanı SOCAR-da korporativ idarəetmənin qurulması istiqamətində atılan addımdır. Çünki burada qarşılıqlı nəarət mexanizmi formalaşacaq. Yəni İdarə Heyətinin Müşahidə Şurası qarşısında hesabatlılığı, Audit Komitəsinin İdarə Heyətindən asılı olmadan onun fəaliyyətinə nəzarəti qarşılıq nəzarət üçün effektiv mexanizm hesab olunur".


S.Əliyev qeyd edib ki, yeni yaradılmış Müşhaidə Şurası qarşısında həlli vacib olan məsələlər durur:
- SOCAR-ın hüquqi statusundakı qeyri-müəyyənliyin aradan qaldırılması və onun səhmdar cəmiyyətinə çevrilməsinin təmin edilməsi
- Şirkətin yaxın 5-10 il üçün Strateji İnkişaf sənədinin hazırlanması
- Şirkətin, o cümlədən törəmə şirkətlərinin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılması
- Şirkətin xarici borc öhdəliklərinin idarə edilməsi
- Şirkətin hüquqi və şaqulu inteqrasiya hədəflərinin məhdudlaşdırılaraq kiçildilməsi
- SOCAR ilə dövlət arasında maliyyə axınlarını tənzimləyən müvafiq normativlər və qaydaların qəbulu
Onun fikrincə, yeni dəyişiklik faktiki olaraq Rövnəq Abdullayev vəzifəsində qalacağı təqdirdə onun səlahiyyətinin məhdudlaşdırılması deməkdir: "Ancaq həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin üzvlərinin prezident tərəfindən təyini gələcəkdə Şirkətdə ikihakimiyyətlilik yarada bilər. Hər halda bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının acı təcrübəsi var. Ona görə də banklarda olduğu kimi İdarə heyəti üzvlərinin Müşahidə Şurası tərəfindən təsdiqi daha uğurlu sayılır".


19 Ocak 2021 Salı

Pandemiyanın yaşlı insanlara təsiri öyrənilib

Yanvarın 18-də Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "Ahıllara pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələr" mövzusunda ZOOM konfrans keçirilib. Konfransa dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 24 nəfər iştirak edib.

Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev qeyd etdi ki, karantin tədbirləri insanlarda sosial-iqtisadi sıxıntılar yaradır. S.Əliyev söylədi ki, bu sıxıntıları nəzərə alaraq ekspertlərlə birgə problemləri öyrənmək və problemlərin aradan qaldırılması yollarını tapmaq, təkliflər hazırlayıb təqdim etmək qərarına gəliblər. O pandemiyanın təsirlərini öyrənmək üçün 3 həssas sosial qrupun seçildiyini bildirdi. Bunlar işsizlər, ahıllar və çoxuşaqlı ailələrdə. S.Əliyev dedi ki, hə 3 istiqamət üzrə pandemiyanın təsirləri tədqiq edilib.
Bu istiqamətlərdən biri ahıllarla bağlıdır. Avrasiya Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov "Ahıllara pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri: hökumətin siyasəti və nəticələr" mövzusunda təqdimat hazırlayıb.

İ.Əhmovun təqdimatı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://iqtisadiforum.blogspot.com/2021/01/covid-19-un-azrbaycanda-ahllara-tsirlri.html



Covid-19-un Azərbaycanda ahıllara təsirləri





Hədəf və Fokus 


* Covid-19 pandemiyasının ahıllara təsirləri; 

* Ahıllara sosial xidmətin təşkili; 

* Covid-19-un üzə çıxartdığı problemlər; 

* Universal tələblərə yönəlik fəaliyyətin təşkili.


Ahılların sosial müdafiə siyasətinin təşkilinin hüquqi-normativ bazası 

* "Sosial xidmət haqqında" qanun: (2011);
* "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" (2006); 
* “Əmək pensiyaları haqında” qanun (2006) 

*NK-nın 236 saylı Sərancamı "Bütün yaşlar üçün cəmiyyətin qurulması" (DOST);
* "2020-2026- cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya"layihəsi


BMT-nin ahıllar üçün təsbit edilmiş prinsipləri 
(1991) 

* Müstəqillik; 

* İştirakçılıq;

* Qayğı; 

* Özünü realizə etmək; 

* Ləyaqət

Beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi


* BMT-nin (1952) "Sosial Müdafiə (Minimum Standartlar)" C102 Konvensiyası 59 ölkə tərəfindən ratifikasiya edilib. Azərbaycan qəbul etməyib. 

* BMT-nin digər, 128 nömrəli Konvensiya (1967). Azərbaycan qəbul etməyib;

* Dünya Sosial İnkişaf Hesabatında, Dayanıqlı İnkişaf Məqsədləri indeksində (SDG) Azərbaycan 193 ölkə arasında 54-cü yerdə qərarlaşıb. 

* Fəal Yaşlaşma İndeksi;

* Qlobal Yaş İzləmə İndeksində (2015) Azərbaycan təmsil olunmayıb.

Statistika-uçot informasiya bazası 


* 2021-ci il 1 yanvar - 70 və daha yuxarı yaşda olan əhalinin say 420.6 min nəfər.

* Hər 1000 kişiyə 2021-ci ilin əvvəlinə 1448 qadın düşür. Bu o deməkdir ki, ahılların strukturunda qadınlar kişilərə nisbətən xeyli üstünlük təşkil edir. Kişilərin cəmi sayı 171.7 min, qadınların sayı isə 248.8 min nəfərdir.

* Ahılların 25 % (106,4 min) Bakıda, 16,6%-i (69,8 min) Aran iqtisadi rayonunda, 14,2% -i ( 60.4 min) Gəncə-Qazax iqtisadi rayonunda, 10 %-i (42.3 min) Yuxarı Qarabağ iqtisadi rayonunda, 7.6 % -i (32.1 min) Lənkəran iqtisadi rayonunda və s. məskunlaşıb.

* 2021-ci ilin əvvəlinə 1, 271 mln. pensiyaçı var, onların 742 min nəfər yaşa görə pensiya alanlardır. Yaşa görə pensiya alanların orta aylıq pensiya məbləği 291.5 man. təşkil edir. 

* Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2020-ci ilin əvvəlinə ahıl və kimsəsiz vətəndaşlar üçün olan sosial xidmət müəssisələrində 308 nəfər yaşayıb.


Pandemiyanın ahıllara təsirləri


* Ahılların, bütün digər sosial qrup təmsiliçiləri kimi gəlirliliyi (ailə gəliri nəzər alınmaqla) azalır və bununla da sosial durumları pisləşir;
* Ahılların sağlamlığı, xüsusən də sosial məsafə tələblərinin tətbiqi ilə, yeni çağırışlarla üzləşərək təsirli dərəcədə pisləşir;
*Ahıllar özləri Covid-19-un potensial qurbanları olmaqla yanaşı, həm də bu və ya digər sahələrdə fəaliyyət göstərən işçilərdir;
* Ahıllar arasında infeksiya riski, və nəticədə ölüm və ağır xəstələrin sayı, daha çoxdur;
* Covid-19-un əsas tələbi olan “Evdə Qal” kampaniyası bu həssas qrup üçün əvvəllər də aktual olan “şiddət və laqeydlik” problemini bir qədər də ciddiləşdirir.


Sosial xidmət: məlumatlılıq və idarəetmə


* Assimetrik informasiya problemi;
* “Sosial xidmətlər agentliyi” publik şəxs;
* Sosial xidmət dövlətin monopoliyasındadır;
 * Yerli özünüidarəetmə və sosial xidmət.


Ahıllarla bağlı üzə çıxan problemlər 

* Ahılların hüquq və azadlıqlarının, habelə sosial rifahının tənzimlənməsi məsələləri yalnız bir aidiyyəti qurumun fəaliyyətində (ƏƏSM) cəmlənib;

* Ahılların durumunu, onların demoqrafik, cinsi, mili, sektoral,regional və funksional xarakteristikasını əks etdirən əhatəli statistika mövcud deyil; 

* Ahılların keyfiyyətli sosial xidmətlə əhatə olunması problemi, cəmiyyətdə hələ də domimantlıq təşkil edən bir sıra demoqrafik və kultural dəyərlər səbəbindən, ilk baxışdan kritik görünmür;

* Ahıllar bütün sosial qrup insanlar arasında ən çox aktiv fəaliyyətə ehtiyacı olanlardır. 


Nəticə


* Pandemiya ölkədə ahılların sosial-rifah halının arzu edilən səviyyədə olmadığını üzə çıxartdı; 

* Çoxsaylı beynəlxalq konvensiyalara və tələblər onu göstərdi ki, ahılların spesifik həyat tərzini və onların qarşılaşdığı problemiləri nəzərə alsaq, dövlətin vəzifəsi yalnız onların minimum ehtiyaclarını ödəməklə bitməməlidir;

* Ahılların aktiv həyat tərzini təmin etmək, onların bu yönümdə müstəqilliyini qorumaq ən ümdə vəzifələrdən biri olmalıdır;

* Ahılların əhatəli, dürüst və daim yenilənən və ictimaiyyət üçün əlçatan məlumat bazası yoxdur.
 
* Hökuməti bir sıra beynəlxalq konvensiyalara qoşulsa da, hələ bu sahədə öndə gedən ölkələr sırasında deyilik;

* Beynəlxalq indekslərdə aktiv deyilik;

* Yaxşı təcrübələri öyrənib, tətbiq etməkdə aktiv deyilik;

* Statistik baza, bir sıra digər sahələrdə olduğu kimi, ahılların məlumatlılığı ilə bağlı təkmil deyil;

* Hökumətin pandemiya dövründə sosial xidmət işinin qurulmasında səyləri epizodik xarakter daşıdı və burada ciddi infrastrukturun yenidən qurulmasına ehtiyac var;

* Ahıllara sosial xidmətin keyfiyyətli və əlçatan edilməsi üçün yerli özünüidarəetmə qurumları, bələdiyyələr iştirak etmir;

* ƏƏSMN könüllüləri bu işə cəlb etməsi təqdirəlayiqdir, amma kifayət deyil.


Tövsiyələr

* Hökumət ilk növbədə ahıllarla bağlı fəaliyətin beynəlxalq tələblərə cavab istiqaməti elan edib, onu ƏƏSMN ilə yanaşı digər əlaqəli qurumlarla koordinasyalı işləsə daha yüksək nəticə əldə emək olar;

* Bütün halarda ahılların mövcud vəziyyətini düzgün qiymətləndirilməsi və onun keyfiyyətli izlənməsi üçün ictimaiyyət üçün əlçatan olan əhatəli məlumat bazasıın yaradılmasından keçir;

* Hökumətin sosial xidmət işinin köklü surətdə yaxşılaşdırılması üçün bələdiyyələricəlbl edilməlidir və bu işi yerlərdə digər sosial işlə birgə bələdiyyələrin əsas prioritetinə çevirmək lazım olacaq;

* ƏƏSMN könüllülərlə əməkdaşlıq fəaliyyətində ciddi dəyişiklik edib, onları yerli qurumlarla əlaqəli fəaliyyət göstərməyə sövq etmək işin xeyrinə olardı.

"Gömrük idxalda qiymətləri bahalaşdırır. Bu qurum ləğv edilməldir" - Rövşən Ağayevlə müsahibə


Azərbaycanın gömrük və vergi sisteminin hər ikisi məhsul və xidmətlərdən Əlavə Dəyər vergisi toplayır. Büdcəyə ödənişlərdə də əsas yeri ƏDV üzrə yığılan vergilər tutur. Hər iki qurumun eyni vergini toplaması özlüyündə absurddur. Nəzərə alaq ki, ƏDV satış zamanı məhsulun və ya xidmətin üzərinə əlavə olunur, onun idxal zamanı sahibkarın üzərinə yüklənməsi iqtisadiyyatımız üçün müsbət hal deyil. Eyni zamanda, bu günlərdə açıqlanan gömrük statistikasına görə, 2020-ci ildə Azərbaycana idxal 2.9 mlrd. dollar və ya 27,3% azalma var. Gömrük sisteminin büdcəyə ödənişləri isə cəmi 470 mln. manat və ya 11% azalıb. Nisbətdəki bu fərq necə formalaşıb?

ENA.az-ın suallarını iqtisadçı Rövşən Ağayev cavablandırıb.

- Xarici ticarət dövriyyəsi 2020-ci ildə 24 milyard 471 milyon dollar olub. 2019-cu ildə isə 33 milyard 302 milyon dollar idi, deməli 2020-ci ildə 36%-lik azalma baş verib. Büdcə daxilolması 3 milyard 938 milyon dollar olub, 2019-cu ildə 4 milyard 408 milyon dollar idi və burada 470 milyon dollar, 11,9 %-lik bir azalma qeydə alınıb. Bu il idxal 10 milyard 730 milyon dollar olub və ötən illə müqayisədə 2 milyard 937 milyon dollar və ya 27,3% azalıb. Rövşən müəllim, bu nisbət fərqləri nə dərəcədə realdır?

- Müqayisə aparsaq, bu il ƏDV-nin həcmində 263 milyon dollarlıq azalma var. Bizim xarici ticarətimiz Türkiyədəki kimi deyil. Türkiyədə ixrac çox böyük həcmdə vergiyə cəlb edilir, ona görə də Türkiyə kimi ölkələrdə xarci ticarətin ümumi dövriyyəsinin statistikası geniş analiz olunur. Ancaq Azərbaycanda elə deyil, çox kiçik istisnalarla, dəriyə və s., tətbiq edilməklə, demək olar ki, ixracdan vergi yoxdur. Bizdə ixracdan bir ödəmə var, onu da vergi saymırlar. Belə ki, büdcə sistemi haqqında qanunda qiymətləri tənzimlənən məhsulların topdan satış qiymətləri ilə dünya bazarındakı fərqi büdcəyə alırlar, ancaq xarici ticarət vergisi saymırlar. Ona görə də daha çox idxala baxmalıyıq və idxaldakı 27,3 faizlik azalma müqabilində vergidə 12%-lik bir azalma diqqətə çarpır. Bu azalma nə ilə bağlıdır? Qeyd edim ki, nisbət birə-bir uyğun gəlməyə bilər. Məsələn, Azərbaycan Dövlət Neft Fondu üçün alınan böyük həcmdə monetar qızılın idxalı vergidən azaddır. Dövlət idxalı 2019-cu ildə 4,1 milyard dollar, 2020-ci ildə 1,8 milyard dollar olub, yəni 2,3 milyard dollar azalma var. İdxaldakı həmin 3 milyard azalmanın 2.3 milyardını belə vergidən azad təyinatlı hesab edərək kənara qoyun. Yerdə qalan 600-700 milyon dollarlıq vergiyə cəlb edilən hissə haqqında danışmaq olar və düşünürəm ki, bu nisbət normal bir azalmadır. Amma bununla belə vergi ödəmə əmsalı xeyli yüksəlib. Belə ki, 2019-da büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9% idisə, 2020-də 21,6% olub. Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb.

- Ortadakı fərq nisbətində büdcədən yayındırılan vəsaitin həcminin azalmasının da rolu varmı? Yəni 2020-ci ilin əvvəlində gömrükdə başlayan şəffaflaşdırma prosesini nəzərdə tuturam.

- Şəffaflaşma ilə bağlı nağıllara artıq inanmıram. Azərbaycanda gömrük indeksi 22% bahalaşıb. Eyni araşdırmanı idxal mallarınnın daxilindəki qiymətlərdə də apardım və gördüm ki, bahalaşma 2-3%-dir. Necə olur ki, idxalda məhsullar 22% bahalanır, amma istehlak malları bazarında cəmi 2% qalxır. Açıq-aşkar görünür ki, idxal mallarının qiymətini gömrükdə bahalaşdırırlar. Şəffaflaşdırmaya o vaxt inanmaq olar ki, o öz nəticəsini istehlak bazarında göstərəydi. Vergi orqanlarının özündə bu böyük problemlər yaradır, çünki gömrük qiymətləri artırır, sonradan sahibkarın daxili satışında vergi hesablanmasında çətinlik yaradır. Çünki gömrükdən idxal dəyəri məhsulun maya dəyəri kimi oturur. Real satış qiyməti də bu qiymətə yaxındır. Vergi sisteminin əməkdaşları daxildə bu məsələni etiraf edirlər, ancaq qarşısını da almırlar.

- Sahibkarlar bir neçə dəfə təklif ediblər ki, gömrük orqanları ƏDV-ni yığmasın, bu işi onsuz da vergi icra edir.

- Bəli, belə olmalıdır. Bunu biz də təklif etmişdik.

- Bu halda belə çıxır ki, gömrüyün büdcəsi boş qalacaq. Bu qurum ancaq gömrük rüsumunu yığmaqla məşğul olacaq, o da il ərzində 1 milyard manat təşkil edir.

- Bu qurum ləğv edilməlidir. Vergi, fiskal orqanlar birləşməlidir. Verginin bir cibi olmalıdır ki, sahibkar ödədiyini bir sistem üzərindən görsün. Açıq-aşkar görünür ki, buna hansısa maraqlar imkan vermir. O boyda birləşməyə getdilər, İqtisadiyyat Nazirliyi ilə Vergilər Nazirliyi bir-birilə əlaqəsi olmayan qurumlar idi, onu birləşdirə bildilər, amma gömrüyə dəymədilər.

Müsahibəni ENA.az saytından aşağıdakı linkdən oxumaq olar:

https://ena.az/az/news/id-31034?fbclid=IwAR1J7-VJRWjcV68SwlRXXVSSCB_1K5_vo2OfBB9d8I48CsAXmwiIZtuC5nA