16 Mart 2020 Pazartesi

Koronavirus pandemiyasının Azərbaycanın iqtisadi vəziyyətinə təsiri çox güclü olub

Musavat TV-nin efirində yayımlanan "Müzakirə Masası" verilişinin 17.03.2020-ci il tarixli buraxılışında dünyanı bürüyən koronavirus ajiotajı, bu səbəbdən neftin qiymətinin kəskin aşağı düşməsi və Azərbaycanda bank sektorunda baş verənlər müzakirə olunub.
“İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyev yaranmış vəziyyətlə bağlı dinləyicilərin suallarını cavablandırıb. S.Əliyev hesab edir ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına, o cümlədən Azərbaycanın iqtisadi vəziyyətinə təsiri çox güclü olub. Onun sözlərinə görə, Azərbaycan həm 2008-2009-cu illər qlobal böhranının oxşar əlamətlərini görür, həm də 2014-2015-ci ildə neftin ucuzlaşmasının ağır şərtlərini yaşayır. Ekspert düşünür ki, mövcud vəziyyət 2008-2009-cu il və 2014-2015-ci ildə yaranan şəraitdən daha ağırdır. S.Əliyevin fikrincə, bu proses uzun müddət davam edərsə, onun nəticələri daha ağır olacaq.


14 Mart 2020 Cumartesi

S.Əliyev: "Banklar üçün əmanətlərin uzun müddətə yerləşdirilməsi daha məqbuldur"

“İqtisadi Forum” ekspert qrupunun üzvü Samir Əliyevin fikrincə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiq müddətinin uzadılması vacib qərar olub. Ekspert hesab edir ki, qanunun tətbiq müddəti 9 ay yox, ən azı bir il uzadılmalı idi. “Əmanətlər əsasən bir il müddətinə qoyulur”, - deyən S.Əliyev düşünür ki, qanunun tətbiq müddəti daha uzun olsaydı, əmanət qoyuluşunun müddəti də uzanardı. Onun sözlərinə görə, banklar üçün əmanətlərin uzun müddətə yerləşdirilməsi daha məqbuldur. Çünki bu halda banklar daha uzun müddətə kredit vermək imkanı qazanır.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddətinin uzadılması ilə bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü S.Əliyev 2020-ci ilin martın 14-də CBC telekanalının suallarını cavablandırıb. Suallara verilən cavabla bağlı ətraflı açıqlamanı aşağıdakı keçiddən izləmək olar.


12 Mart 2020 Perşembe

Əmanətlərin tam sığortalanması təcrübəsi

“İqtisadi Forum” ekspert qrupunun üzvü Elçin Rəşidov: “Dünyanın əksər ölkələrində əmanətlərin sığortalanması təcrübəsi var. Ölkəmizdə əmanətlərin tam sığortalanmasının tətbiqinə 2016-cı ildən başlanılıb və biz bu məsələdə bir qədər gecikmişik. Əmanətlərin tam sığortalanmasında pozitiv elementlər çoxdur. Xüsusən də devalvasiyadan sonra əhalinin bank sektoruna etimadı azalıb, əmanət qoyuluşları azalıb. Həmin etimadı dövlət əmanətlərin tam sığortalanmasını gətirməklə təmin etdi. Bunun əmanətləri qorumağa və daha çox əmanət cəlb etməyə köməyi oldu”.
“ARB 24” telekanalının efirində 2020-ci ilin martın 12-də yayımlanan “Peşəkar mübahisə” proqramında əmanətlərin tam sığortalanması təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirədə “İqtisadi Forum” ekspert qrupunun üzvü E.Rəşidov də öz fikirlərini səsləndirib.
Səsləndirilən fikirlərlə bağlı daha ətraflı aşağıdakı keçiddən istifadə etməklə tanış olmaq mümkündür.



19 Şubat 2020 Çarşamba

Biznes kreditləşməsi niyə zəifdir?

Biznes kreditlərinə olan maraq istehlak kreditlərinə olan maraq qədər niyə böyük deyil? İstehlak kreditləşməsi zamanı problemlərin yaranması nə ilə bağlı olur? “İqtisadi Forum” ekspert qrupunun üzvü Elçin Rəşidov “ARB 24” telekanalının efirində 2020-ci ilin fevralın 18-də yayımlanan “Peşəkar mübahisə” proqramında bu sualları cavablandırıb.
E.Rəşidov söyləyib ki, o, istehlak kreditlərinin birmənalı olaraq zərərli olması fikri ilə razılaşmır. Onun sözlərinə görə burada əsas məsələ istehlak kreditlərinin necə verilməsidir: “İstehlak kreditlərinin bəziləri risk daşıyıcısıdır, bəziləri isə risk daşımır. Bu zaman verilən qərarların keyfiyyətində problem var. İstehlak kreditlərində risk yüksəkdir. Riskin yüksək olmasına faizlərin yüksək olması da təsir edir. Faizlərin yüksək olması istehlak kreditlərinə, onların qaytarılmasına təsir göstərir”.


13 Şubat 2020 Perşembe

Daşınmaz əmlakın icbari sığortası (2-ci veriliş)

2020-ci ilin fevralın 10-da “İqtisadi Forum” verilişinin növbəti buraxılışı olub. Daşınmaz əmlakın icbari sığortası mövzusu yenidən müzakirəyə çıxarılıb.
Tədbirin aparıcısı, “İqtisadi Forum” ekspert qrupunun üzvü Sabit Bağırov olub.
S.Bağırov qeyd edib ki, birinci verilişdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı bir neçə sualı nəzərdən keçiriblər. Maraqla qarşılanması nəzərə alınaraq ikinci verilişdə də bu suallardan bəziləri ətrafında fikir mübadiləsi aparılıb. Maraqla qarşılanan suallardan biri daşınmaz əmlakın icbari sığortasının Konstitusiyaya zidd olub-olmamasıdır.
Verilişdə başqa suallara da cavab axtarılıb.
İştirakçılar: Elçin Rəşidov (iqtisadçı-ekspert), Xalid Kərimli (iqtisadçı-ekspert) və Sabit Bağırov (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri, aparıcı)). Veriliş ABŞ-ın Beynəlxalq İnkişaf Ağentliyinin (USAID) dəstəyi ilə hazırlanmışdır




6 Şubat 2020 Perşembe

Biznes sektoru lazım olan qədər kredit ala bilmir

“ARB 24” telekanalının efirində 2020-ci ilin fevralın 6-da yayımlanan “Peşəkar mübahisə” proqramında ekspertlərlə bank biznes münasibətləri, biznes sektorunun kreditləşməsində maneələr, girov məsələsi, çətinliklər və onların həll yolları ətrafında fikir mübadiləsi aparılıb. Verilişdə iştirak edən, “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev qeyd edib ki, biznes sektoru lazım olan miqdarda kredit ala bilmir. “Banklar kredit vermək üçün sahibkar tapa bilmir, sahibkarlar isə kredit ala bilmək üçün bank tapa bilmir”, - deyən S.Əliyev problemin kökünün dərin olduğunu söyləyib.






4 Şubat 2020 Salı

Biznes sektorunun kredit tələbatı ödənilmir 


2020-ci ilin fevralın 3-də Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda maliyyə-bank sistemininə aid bəzi məsələlərə toxunulub.

AzTV-nin efirində yayımlanan “Əsas məsələ” verilişinin növbəti buraxılışı konfransda maliyyə-bank sistemi ilə bağlı qaldırılan məsələlərə həsr olunub. Verilişdə iştirak edən “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev biznes sektoruna kredit qoyuluşunun artırılması, faizlərin aşağı salınması üçün zəruri olan məsələlərə toxunub: “Bizim üçün iki çağırış var. Birinci çağırış odur ki, biznes kreditləri artırılmalı, istehlak kreditləri azaldılmalıdır. İkinci çağırış isə faizlərin azaldılması ilə bağlıdır. Sahibkar maraqlıdır ki, aşağı faizlə kredit ala bilsin. Avropa, ABŞ kimi inkişaf etmiş ölkələrdə sahibkarın 2-3 faizlə kredit almaq imkanı var”.

Mövzu ilə bağlı ətraflı material aşağıdakı linkdə: