24 Nisan 2018 Salı


Azər Mehtiyev: Yaxın perspektivdə devalvasiyaya gözlənilmir
“TURAN” Agentliyinə müsahibə

2018 Aprel 23
Son günlər bəzi banklarda dollar alış-satışında problemlər yaşanır. Bu isə əhali arasında bəzi söz-söhbətlərə səbəb olub. İnsanlar arasında devalvasiya olacağı ilə bağlı qeyri-rəsmi xəbərlər dolaşır. Məsələyə Mərkəzi Bank rəhbərliyi tərəfindən aydınlıq gətirilsə də, bu insanlar arasında devalvasiya söz-söhbətini azaltmayıb. Bəs doğrudanmı yaxın vaxtlarda devalvasiya ola bilərmi? Devalvasiyaya zərurət varmı? İqtisadçı ekspert Azər Mehdiyev mövzu ilə bağlı suallarımızı cavablandırır.

- Azər bəy, xeyli müddətdir ki, banklarda dollar satışı ilə bağlı problemlər yaşanır. Banklar ya dollar satmaqdan imtina edirlər, ya da dolları müəyyən limitlə təklif edirlər. Bu da əhali arasında ajiotaja səbəb olub. Sizcə, bu nə ilə əlaqədar ola bilər? Belə söz-söhbət gəzir ki, bu devalvasiya ilə əlaqədardır. Bu söz- söhbət reallığa çevrilə bilərmi?
- Əvvəlcə ondan başlayaq ki, bu devalvasiyanın olacağı ilə bağlı söz-söhbətlər nədən qaynaqlanır? Məşhur bir məsəl var: "İlan vuran ala çatıdan qorxar.". Son illər Azərbaycanda xüsusilə iqtisadi sferada manatın başına gələn prosesləri götürsək, insanlar hələ bunun həyəcanını yaşayırlar, bunun təsiri altından çıxmayıblar. Azərbaycanda bir realllıq var ki, hər zaman siyasi proseslərdən sonra nəyinsə baş verəcəyini gözləyirlər. Diqqət etmisinizsə, hər zaman seçkidən sonra qiymətlərin bahalaşacağı ilə bağlı söhbətlər gəzir. 2015-ci ildəki devalvasiyadan sonra artıq bu söz-söhbətlər devalvasiya olacağına dair söhbətlərə çevrilib. Xüsusilə seçkinin vaxtının dəyişdirilməsindən sonra belə şərhlər yayılmışdı ki, guya ilin ikinci yarısında vəziyyət gərginləşəcək.
İqtisadi vəziyyətin gərginləşəcəyini nəzərə alan hökumət seçkini irəli çəkib. Yəni bu cür söhbətlər və nəhayət son vaxtlar Rusiyaya qarşı sanksiyaların tətbiqi, Suriya ətrafında baş verən proseslər, türk lirəsinin və rus rublunun dəyərdən düşməsi prosesləri, ayrı-ayrı bu kimi hadisələr insanlarda belə bir fikir formalaşdırıb ki, bütün bunlar Azərbaycana da təsirsiz ötüşməyəcək. Bir tərəfdən əhali arasında gəzən bu söz-söhbətin siyasi seçkilərlə üst-üstə düşməsi müəyyən qədər əhalinin gözləntilərini formalaşdırıb. Bu gözləntilərdən ilk əvvəldə çox ciddi bir məsələ var. Burda hökumətin sözünə etimadsızlıq, hakimiyyət qurumlarına inamsızlıq olduğu görünür. Çünki əgər 2015-ci ildə ilk devalvasiyada əvvəl Mərkəzi Bankın rəhbərinin "devalvasiya olmayacaq" deməsindən dərhal sonra, bu baş verirsə, əhali istər-istəməz bu proseslərdən bir nəticə çıxarmağa meylli olur. Və hamı öz işini ehtiyyatlı görməyə çalışır, məbləğindən asılı olmayaraq malik olduğu vəsaiti sığortalamaq istəyirlər. Əllərində manat vəsaiti olan insanlar onu dollara çevirməyə çalışır. Çünki 2015 və 2016-ci illərdə olan qeyri-sabit proseslərdən sonra 2017-ci ildə manatın sabitliyinin təmin olunması gərginliyi nisbətən aradan qaldırmış və iqtisadi proseslərdə dollarlaşma səviyyəsi xeyli azalmışdı. Amma növbədənkənar seçkilərlə bağlı yaranan söz-söhbət devalvasiya ola biləcəyi ehtimallarını da müzakirələrə gətirdi. Ən pisi isə odur ki, bəzən bu cür panik şərait yaradanlar bundan real olaraq qazanmaq istəyənlər ola bilər. Yəni əllərində resurs olanlar, valyuta əldə etmək istəyən müəyyən qruplar bu və ya digər şəkildə bundan faydalanmağa çalışıra bilərlər. Beləliklə, burda bir sıra amillər üst-üstə gəlir. Etimadsızlıq faktorundan tutmuş, siyasi proseslər, qonşu ölkələrdə baş verənlər və bu hadisələrdən gəlir əldə etmək düşüncəsində olan insanlar- bu cür hadisələrin üst-üstə düşməsi ilə nəticələnən panik vəziyyət sonda insanların gözləntilərini, xüsusilə devalvasiya olacağına dair gözləntisini yaradır. Təbii ki, belə olan halda da, valyutaya tələbatın artması baş verir. Həm də bu zaman proseslərin baş verdiyi təqvim dövrü də nəzərə alınmalıdır: adətən Novruz bayramları tətilindən sonra və ikinci rübün başlanğıcında iqtisadi fəallığın güclənməsi baş verir, xarici valyuta ilə mal alıb, satanların dollara tələbatının artması müşahidə olunur. Son aylar bankların da valyuta alışına maraqlarının artması müşahidə olunur: onlar valyuta aktivlərini artırırlar. Bütün bunlar devalvasiyaya gətirib çıxara bilərmi? - kimi sualı olarsa, ilk növbədə, manatın sabitliyinin iqtisadi və siyasi əsaslarına baxmaq vacibdir.
- Hazırda manatın devalvasiya üçün iqtisadi əsası varmı?
- İqtisadi proseslərin mövcud durumu, ölkənin valyuta ehtiyatlarının məbləği, neftin dünya bazar qiyməti və ölkənin tədiyə balansının durumuna əsasən deyə bilərik ki, yaxın aylarda devalvasiyaya gətirib çıxaracaq durum yoxdur. Ancaq 2014-cü ilədək olan dövrlə müqayisədə hazırda ölkədə valyuta axınlarına və valyuta rejiminə daha ciddi nəzarət olunur. İqtisadi fəallığın məhdudlaşması və valyuta rejimində edilən dəyişikliklər ölkədən valyuta axınlarını məhdudlaşdırıb. Aydındır ki, hələ də Azərbaycanda milli valyutanın möhkəmliyini təmin edən əsas amil neft gəlirləri, yəni neftin dünya bazar qiymətinin səviyyəsidir. Ölkənin valyuta gəlirləri yenə də əsasən neft və təbii qaz ixracından əldə olunur. Məsələn, 2017-ci ildə 13.8 mlrd. dollarlıq ixracın 12.2 mlrd. dolları (88.4%-i) xam neft, neft məhsulları və təbii qaz hesabına olub. Ötən il idxal isə 8.8 mlrd. dollar məbləğində olub ki, bu da qeyri-neft ixracından 5.5 dəfə çox deməkdir. Bununla belə, ötən ilin sonunda ölkənin xarici ticarət dövriyyəsində 5.0 mlrd. dollarlıq müsbət saldo, tədiyə balansında isə 1.6 mlrd. dollarlıq profisit yaranıb. Ötən ilin sonunda Mərkəzi Bankın valyuta ehtiyatlarında artım baş verib və ilin sonuna 5.3 mlrd. dollar olub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə ilin sonuna 38.8 mlrd dollar təşkil edib. Bu ilin ilk rübündə də neftin dünya bazar qiyməti kifayət qədər yüksək olub: hər barrelə üçün 50-70 dollar arasında dəyişib. İlin birinci rübündə ölkədən ixracın məbləği (3.4 mlrd. dollar - bunun təqribən 3 mlrd. dolları neft və neft məhsulları) idxaldan 1.2 mlrd. dollar çox olub. MB-nin valyuta ehtiyatlarında artım olub (martın sonuna 5.5 mlrd. dollar). Deməli, xarici ticarət dövriyyəsinin və tədiyə balansının mövcud durumu, ölkənin valyuta ehtiyatlarının miqdarı, hətta ölkənin xarici dövlət borcu üzrə ödənişlər də nəzərə alınmaqla, narahatlıq yaradacaq bir məqam ortaya qoymur. Ən vacibi neftin dünaya bazar qiyməti hazırda hökumət üçün çox sərfəli səviyyədədir. Həm proqnozlara əsasən, həm də son vaxtlar dünayada baş verən siyasi proseslər nəzərə alınarsa, yaxın aylarda neftin qiymətinin kəskin azalacağı gözlənilmir. Bu da ölkəyə kifayət qədər valyuta axınını təmin edir. Bu baxımdan neftlə bağlı məsələlər valyuta sabitliyi üçün əsas yaradır. Digər tərəfdən, artıq qeyd etdiyim ki, ölkədən valyuta axınlarına və valyuta rejiminə ciddi nəzarət olunur. Yeganə narahatlıq yaradan iqtisadi amil bizim qeyri-neft sektoru üzrə əsas xarici ticarət tərəfdaşlarımız olan qonşu Rusiya və Türkiyədə (habelə İranda) baş verən iqtisadi proseslər və onların milli valyutalarının dəyər itirməsidir. Bu ölkələrdə milli valyutaların dəyər itirməsi xüsusən Azərbaycandan olan ixracatçılar üçün problemlər yarada və ixracın azalmasına, eyni zamanda bu ölkələrdən Azərbaycana idxalın artmasını stimullaşdırılmasına gətirib çıxara bilər. Amma bunlar ölkəmizin valyuta ehtiyatlarına ciddi təhdid yaradacaq səviyyədə olduğunu düşünmürəm. Amma, bununla belə, MB manatın bu ölkələrin valyutalarına real effektiv məzənnələrində baş verən dəyişiklikləri izləməli və zəruri addımlar atmalıdır. İqtisadi amillərdən savayı devalvasiyaya siyasi amillər də səbəb ola bilər. Amma siyasi baxımdan da ölkədəki durum kifayət qədər sabit görünür. Yəni yaxın dövrdə hər-hansı qeyri-adi və gözlənilməz hadisələr baş verməzsə, mövcud siyasi amillərin də davalvasiya yaratması mümkün deyil.
- Sizin də qeyd etdiyiniz kimi, növbədənkənar seçkinin təyini və Mərkəzi bankın rəhbərinin bu yaxınlarda devalvasiya ilə bağlı verdiyi açıqlama bu panikanı bir qədər artırıb. Elman Rüstəmov dedi ki, manatı heç bir təhlükə gözləmir. Xatırladım ki, ilk devalvasiyadan əvvəl də Mərkəzi bankın rəhbərinin belə bir açıqlama verməsinə baxmayaraq 2 gün sonra onun dediyinin əksinin şahidi olduq. İndi də insanların çoxu onun bu dəfəki fikirlərinin təşvişi altındadır. Bəlkə belə panikalar yaratmaq kimlərinsə marağına xidmət edir? Ölkədə belə panik vəziyyətin yaranmasından kimlərsə faydalanmaq istəyir?
- Mən bir sıra amilləri sadalayanda dedim ki, cəmiyyətdə müxtəlif maraq qrupları mövcuddur. Həqiqətən dediyiniz amil, devalvasiyadan 2 gün əvvəl Mərkəzi Bankın rəhbərinin devalvasiya gözlənilmir deməsindən sonra bunun baş verənlərdən ciddi nəticələr çıxarılmalıdır. Hökumət nümayəndələrinin çıxışlarında və xalqa müraciətlərində daha səmimi olmaları, hər cür yalandan uzaq olmaları, çıxışları ilə əməllərinin üst-üstə düşmələri etimad qazanmaq üçün çox önəmlidir. Etimad iqtisadi sabitlik üçün çox vacibdir. Digər tərəfdən, hökumət dəqiq işlənmiş uzunmüddətli strategiyalar hazırlayıb açıqlamaqla və bunlara doğru-düzgün əməl etməklə insanlar, xüsusilə investorlar və bütünlüklə biznes üçün qeyri-müəyyənliyi aradan qaldıra bilir. Bunların hər ikisi iqtisadi sabitliyik üçün nəmlidir. Bunlar olmadıqda isə, cəmiyyətdə olan qeyri-müəyyənlikdən faydalanmaq istəyən maraq qrupları ola bilər ki, bunlar zaman-zaman panik vəziyyətlər yaratmaqla bunlardan faydalanmağa cəhd edə bilərlər. Dünya təcrübəsi göstərir ki, dövlət institutlarının zəif olduğu ölkələrdə belə hallar çox olur. Azərbaycanda çox böyük resurslara malik və belə panik durumlarda böyük qazanc əldə etməyə maraqlı olan qrupların olub-olmaması ilə bağlı hər-hansı araşdırma ortada yoxdur. Amma MB və Maliyyə Bazarlarına Nəzarət Palatası yaxud onların nəzarətində olan araşdırma qurumlarının bu istiqamətlərdə araşdırmalar aparması, belə cəhdlərin qarşısının vaxtında alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirməsi lazımdır. Bu gün vətəndaş cəmiyyətində, müstəqil araşdırmaçıların belə məsələləri araşdıra biləcək qədər imkanı yoxdur.
- Azər bəy, manatı real şəkildə, tənzimlənmə olmadan üzən məzənnə rejiminə buraxsalar, manatın real dəyəri nə qədər olar?
- Bizim belə bir araşdırmamız olmadığına görə, təəssüf ki, bu barədə dəqiq söz deyə bilməyəcəm. Ancaq bu gün manatın real olaraq bazar tərəfindən tənzimləyə biləcək üzən məzənnəyə keçməsi üçün hələ real şərait görünmür. Çünki iqtisadiyyatımız kifayət qədər şaxələnməyib. İqtisadiyyatımız, xüsusilə ölkəyə valyuta gətirən ixracımız əsasən neft və qazla bağlıdır. Neftin qiymətində baş verən dəyişkənlik mütləq şəkildə manatın sabitliyinə özünün birbaşa təsirini göstərir. Manat üzən məzənnəyə yalnız o halda keçə bilər ki, ölkə iqtisadiyyatı şaxələnmiş olsun: bir tərəfdən, neft-qazla yanaşı digər məhsul və xdimətlərdən irihəcmli valyuta gəlirlərimiz olsun, digər tərəfdən isə, qeyri-neft ixracınızla qeyri-neft idxalımız arasında ciddi bir tarazlıq yaranmış olsun. Başqa sözlə, milli valyutanın taleyinin bir (hətta bir neçə) ixrac məhslunun həcmindən və onun dünya bazar qiymətinini dəyişikliklərindən yüksək dərəcədə asılı olduğu bir şəraitdə tam üzən məzənnəyə keçid nəinki çox risklidir, hətta təhlükəli ola bilər: ən müxtəlif səbəblərdən məzənnədə tez-tez sıçrayışlı dəyişikliklər baş verə bilər ki, bu da maliyyə sabitsizliyi, yüksək inflyasiya və başqa mənfi nəticələr doğurmaqla qeyri-müəyyənliyi artıra bilər.
- Ekspertlər əvvəllər deyirdilər ki, hökumət manatın məzənnəsini saxlamaq üçün süni inzibati resurslardan istifadə edir. İndi necə? Sizcə, yenə də həmin resurslardan istifadə olunurmu? Ümumiyyətlə manatı bu formada qorumağa ehtiyac varmı?
- Əslində bu sualın cavabını da yuxarıda vermişəm. Tam üzən məzənnəyə keçid üçün real şərait hələ yoxdursa, tənzimləmə qaçılmaz olur. 2014-cü ilə qədər olan dövrdə ölkə böyük neft gəlirləri əldə edirdi. Belə neft gəlirləri əsasən Neft Fonduna daxil olurdu. Amma həmin dövrdə dövlət büdcəsi gəlirlərinin böyük hissəsi - yarıdan çoxunu Neft Fondunun transferləri hesabına formalaşırdı. Neft Fonduna dollarla daxil olan vəsaiti dövlət büdcəsinə transfer etmək üçün valyutanın manata çevrilməsi lazımdır. Neft Fondu valyutanı bazarda satmalı idi ki, vəsait manatla dövlət büdcəsinə köçürülsün. Bundan başqa, neft sazişlərində olan xarici podratçı şirkətlər də mənfəət vergisi üzrə büdcəyə ödənişlərini etmək üçün valyuta satışına məcbur idilər. Bazara bu qaədər valyuta çıxarılmasına rəğmən, bazarda bu qədər valyutaya tələb olmurdu (xarici ticarət əlaqələrində olan şirkətlərin tələbi dollar təklifindən çox aşağı olurdu). Nəticədə MB bazara çıxarılan dollaırn əksər hissəsini almağa məcbur idi (əks təqdirdə, manat çox məhkəmlənə bilərdi) və əslində MB-nin valyuta ehtiyatları buna görə sürətlə artmışdı. MB-nin bu addımı ölkə iqtisadiyyatda "holland sindromu"nu daha dərin formada baş verməsinin qarşısını almış oldu. Ancaq 2015-ci ildən sonra vəziyyət bir qədər dəyişib: ölkəyə valyuta daxilolmaları azalıb və elə görünür ki, sanki valyuta təklifi ilə ona olan tələb arasında kəskin "uçurum" yoxdur. Üzən məzənnəyə keçid təklifi də, ola bilsin ki, bundan qaynaqlanır. Lakin, yuxarıda da qeyd etdiyim kimi, hələ də ölkənin valyuta gəlirləri başlıca olaraq neft hesabınadır və neftin dünya bazar qiymətlərindən olan yüksək dərəcədə asılılıq qalmaqdadır. Üzən məzənnənin tətbiqi üçün şaxələnmiş və daha sabit iqtisadiyyata malik olmaq vacibdir. Diqqət yetirmisinizsə, ötən il maliyyə sabitliyinin təmin edilməsi üçün Mərkəzi Banka Neft Fondundan ciddi məbləğdə vəsait ayrılmışdı. Həmin vəsait əsasən manatın məzənnəsinin qorunması üçün nəzərdə tutulmuşdu. Bu il Neft Fondundan oxşar məqsədə vəsait ayrılmayıb. Hazırda manatın məzənnəsinin sabit saxlanması üçün müəyyən inzibati resurslardan istifadə qalmaqdadır və fikrimizcə, indiki halda bu qaçılmazdır. İxracın şaxələnməsi, başqa sözlə, ölkəyə valyuta daxilolmalarının çoxkanallılığı təmin edildikcə və neft gəlirlərindən asılılığın dərəcəsi azaldıqca, habelə ölkə bazarlarında rəqabətqabiliyyətli yerli istehsal malları artdıqca (hər cür malların kənardan alınması zərurəti aradan qalxdıqca) məzənnənin inzibati tənzimlənməsi dərəcəsi də getdikcə azaldıla bilər.

Hiç yorum yok:

Yorum Gönder