3 Şubat 2021 Çarşamba

Vergi daxilolmalarında dolayı verginin payı artır


2021-ci ilin dövlət büdcəsinin layihəsinə əsasən vergi gəlirlərində dolayı vergilərin payı 58,5 faiz olacaq. Proqnoza əsasən vergi gəlirləri 9,866 milyard manat olacaq ki, bunun 5,769 milyard manatı dolayı, 4,097 milyard manatı birbaşa vergilərin payına düşəcək.

Dolayı vergi dedikdə əlavə dəyər vergisi (ƏDV) və aksiz vergisi nəzərdə tutulur. Digər vergilər birbaşa vergilərdir.

Sfera.az xatırladır ki, dolayı vergilərin payı 2011-ci ildə ilk dəfə olaraq 50 faizlik həddi keçib və sonrakı illərdə tədricən yüksəlib.

Dolayı vergi əmtəə və xidmətlərin qiymətlərinə edilən əlavələrdən tutulan vergi növləridir. Bu növ vergiləri istehsalçı və ya satıcı yox, istehlakçı ödəyir. Buna görə də kasıb, iqtisadiyyatı hələ tam oturuşmamış ölkələrdə əhalinin orta və kasıb təbəqəsi varlılara nisbətən daha çox dolayı vergilər verir.

Çünki onların gəlirinin daha çox hissəsi qida, kommunal, geyim xərclərinə gedir. İqtisadiyyatı inkişaf etmiş, sənaye və istehsal strukturları güclənən ölkələrdə isə birbaşa vergilərin payı yüksək olması ilə fərqlənir. Məsələn, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (bu təşkilata dünyanın sənayecə inkişaf etmiş və bu yolla zənginləşmiş ölkələrinin əksəriyyəti daxildir) üzv olan ölkələrdə dolayı verginin payı 30 faiz səviyyəsindədir. Dolayı verginin ən az olduğu ölkələrin önündə isə ABŞ gəlir. Burada dolayı vergi yükü 17-20 faizdir.

Dolayı verginin çoxluğu həm də başqa mənadə əhalinin xərclərinin artması deməkdir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev dolayı vergilərin payının artmasının zərərli olmadığını düşünür. "ƏDV üzrə daxilolmaların həcmi artır, digər tərəfdən əhalinin gəlirlərindən verginin tutulması dayandırılır. Bunun nəticəsində birbaşa vergilərdə azalma baş verib”, - deyən R.Atakişiyev hesab edir ki, islahatlar nəticəsində dövriyyənin leqallaşdırılması dolayı vergilər üzrə yığımları artırıb:

"Dövlətin apardığı siyasət nəticəsində ümumi vergi gəlirləri artır. Hələlik bu artım daha çox dolayı vergilər hesabına mümkün olur. Lakin gələcəkdə birbaşa vergilərin də xüsusi çəkisi yüksələcək.

Şəffaflaşdırma əmək münasibətlərinin də rəsmiləşdirilməsi sahəsində vəziyyəti yaxşılaşdırdı. Bu, imkan yaratdı ki, birbaşa vergilərdə artım zəifləsə də məcburi sosial sığorta ödənişləri artsın.

Çalışmalıyıq ki, dövlət büdcəsinin gəlirlərində vergi daxilolmalarının, rüsumların payı artsın. Dövlət Neft Fondundan transfertin payı 50 faizdən yüksəkdir. Hökumət Neft Fondundən transfertin həcmini azaltmalı, vergi və digər gəlirləri artırmalıdır”.

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, iqtisadçı Xətai Əliyevin fikrincə yaxşı olardı ki, birbaşa vergilərin məbləği daha çox olsun. Amma o dolayı vergilərin həcminin artmasının zərərli olmadığını da söylədi: "Dolayı vergilərin artması əslində iqtisadiyyatın ağardılmasının əlamətlərindən biridir. ƏDV vergisi ilə bağlı "ƏDV gerial” layihəsinin tətbiq edilməsi ticarət dövriyyəsinin rəsmiləşdirilməsinə böyük köməyi oldu. Əvvəlki dövrlərdə vergilərdən yayınma baş verirdi. Amma "ƏDV gerial” layihəsinin tətbiqindən sonra vergidən yayınma halları azalıb.

Dolayı vergilərin payının çox olmasına qeyri-neft sektoru üzrə vergi güzəştləri də təsir edib. 2019-cu ildən gəlir vergisinin tutulması 8 min manata qədər olan hissədə dayandırıldı. Bununla əlaqədar olaraq gəlir vergisində azalma başadüşüləndir.

Vergidaxilolmalarında ikinci ən böyük mənbə hüquqi şəxslərdən alınan mənfəət vergisidir. Pandemiya ilə əlaqədar olaraq mənfəət vergisi üzrə azalma var.
Bu baxımdan vergi daxilolmalarında dolayı vergilərin payının artmasını normal hesab etmək olar”.

Hiç yorum yok:

Yorum Gönder