3 Eylül 2020 Perşembe

Vahid Məhərrəmov: “Kənd təsərrüfatı yarmarkalarında olan qiymətlər bazarlara təsir etmir”

 Azərbaycanda bir neçə ildir ki, dövlət büdcəsinin vəsaiti hesabına dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması həyata keçirilir. Bu iş dövlətə məxsus "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.


Qeyd edək ki, "Aqrar Tədarük və Təchizat” ASC "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin (2016-cı il 11 apreldən) hüquqi varisidir.

"Aqrar Tədarük və Təchizat” ASC ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə yaradılıb.

Bəs, bu qurumun fəaliyyətinin bazarda qiymətlərə, aqrar məhsulların istehsalına təsiri necə olub?

Aqrar sahə üzrə ekspert, "İqtisadi Forum" ekspert qrupunun üzvü Vahid Məhərrəmovun fikrincə, ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi səmərəli deyil. O qeyd etdi ki, qaydalara əsasən, ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir.

Ekspert söylədi ki, dövlət büdcəsində 2017-ci ildə 343,4 milyon manat, 2018-ci ildə 299, 2 milyon manat, 2019-cu ildə 412,5 milyon manat ərzaq məhsullarının alınması və təminatı xərci üçün ayrılıb, 2020-ci ildə isə bu məqsədlə 414 milyon ayrılması nəzərdə tutulur: "Sәhmdar cәmiyyәt hazırladığı hesabatda qeyd edilir ki, 2019-cu ildə satınalan tәşkilatların tәlәbatlarının öyrәnilmәsi mәqsәdilә tedaruk.az portalında elanlar yerlәşdirilmiş vә 163 mәhsul üzrә 310 istehsalçı vә satıcıdan tәklif qәbul edilib. Hәmin tәkliflәr üzrә müvafiq araşdırmalar aparıldıqdan sonra 177 istehsalçı vә satıcı ilә müqavilә imzalanıb. Dövlәt büdcәsindәn maliyyәlәşәn 867 müәssisә vә tәşkilatla satınalma müqavilәsi imzalanıb vә müqavilәyә әsasәn mәrkәzi vә yerli icra hakimiyyәti orqanlarına mәxsus 2014 tәchizetmә nöqtәsinә әrzaq tәchizatı hәyata keçirilmәyә başlanılıb.

2019-cu ildə mumilikdә, 57 629 ton mәhsul tәdarük olunduğu və il әrzindә ümumilikdә 2014 tәchizetmә nöqtәsinә 57 937 ton mәhsul tәchiz edildiyi bildirilir. Hesabatında 2019-cu il әrzindә Bakı şәhәri üzrә yarmarkalar tәşkil edildiyi qeyd edilir.

Cəmiyyət hesab edir ki, "yarmarkaların keçirilmәsindә әsas mәqsәd bazara intervensiya etmәklә süni qiymәt artımının qarşısının alınması, kәnd tәsәrrüfatı mәhsulları istehsalçılarının bazara çıxışının asanlaşdırılması, әhalini keyfiyyәtli vә bazar qiymәtlәri ilә müqayisәdә aşağı qiymәtә kәnd tәsәrrüfatı mәhsulları ilә tәmin etmәk olub”.

Cəmiyyətin hesabatında qeyd edilir ki, yarmarkalarda bir sıra mәhsul qiymәtlәri digәr bazarlarla müqayisәdә 20-30% aşağı olub. Əslində isə Bakı şәhәrində 15 ildən çoxdur ki, kәnd tәsәrrüfatı mәhsulları satışı yarmarkaları təşkil edilsə də, yarmarkalarda mövcud olan satış qiymətləri bazarlarda satılan məhsulun qiymətlərinə zərrə qədər də təsir etməyib”.

V.Məhərrəmov hesab edir ki, dövlət büdcəsi hesabına ərzaq məhsullarının alınması sistemi təkmilləşdirilməlidir: "Ərzaq və kənd təsərrüfatı məhsullarının dövlət vəsaitləri hesabına satın alınmasının təşkilini İqtisadiyyat və Maliyyə nazirliklərinin həyata keçirməsi daha məqsədə uyğundur. "Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda dəyişiklik edilməsi məsləhətdir. Regionlarda dövlət müəssisə və təşkilatların dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını birbaşa istehsalçılardan əldə edə bilməsi üçün şərait yaradılmalıdır. Dövlət müəsisə və təşkilatlar tender yolu ilə kiçik və orta kəndli təsərrüfatlarını müsabiqələrə cəlb etməklə təlabatlarının bir hissəsini onların hesabına ödəməlidir. Belə olan halda, xeyli sayda fermerlər, kəndlilər bazar imkanı əldə edər və bu sahədə rərabət mühiti yaranar, dövlət satınalmalarına yönələn büdcə vəsaitlərindən səmərəli istifadə olunar.

Kənd təsərrüfatı məhsullarının qiymətlərində tez-tez baş verən kəskin dəyişikliyin aradan qaldırılması, fermerlərin təlabatdan artıq istehsal etdikləri məhsulun satın alınaraq saxlanması və ölkənin ərzaq təhlükəsizliyini daha güvənli edilməsi üçün ümumi təlabatın 20 faizi qədər ehtiyat fondun yaranması məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılardan satın alınmasını "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi məqsədəuyğundur”.


2 Eylül 2020 Çarşamba

İnqilab Əhmədov: "Neft Fondu vəziyyətdən istifadə edib daha aqressiv siyasət apararaq səhmlərə investisiya etməlidir".



Dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinə dəyişiklikləri təsdiq edib. Fərmana uyğun olaraq Fondun büdcə gəlirləri 12 milyard 384 milyon manatdan 7 milyard 833 milyon manata qədər azaldılıb, büdcə xərcləri 11 milyard 590 milyon manatdan 12 milyard 440 milyon manata qədər artırılıb. Gəlirlərin az proqnozlaşdırılmasının səbəbi neftin qiymətinin 55 dollardan 35 dollara salınması ilə bağlıdır. Xərclərin artırılmasının əsas səbəbi isə dövlət büdcəsinə transfertin yuxarı həddinin 11,350 milyard manatdan 12,2 milyard manata qədər artırılmasıdır.

Neft Fondunun yenilənən büdcəsinin onun aktivlərinə təsirini qiymətləndirmək üçün “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı İnqilab Əhmədovun fikirlərini öyrəndik: 

- Neft Fondunun yenilənən büdcəsinə əsasən 2020-ci ildə 4,5 milyard manata yaxın (2,7 milyard dollar) kəsir proqnozlaşdırılır. Sizin proqnozunuza görə bu il Fondun aktivlərində kəskin azalma olacaqmı?

- Yaxın 3 ayda pandemiyanın təsiri ilə bağlı böyük tədqiqat aparmışıq. Tədqiqatda müəyyən hesablamalara əsaslanan Neft Fondunun aktivləri ilə bağlı gözlənti müəyyən edilib. 
Bu il neftin kəskin ucuzlaşması ilə əlaqədar böyük layihələrdən mənfəət nefti üzrə Neft Fonduna daxil olan vəsait kəskin azalıb. Azalmaların baş verməsi ilə paralel olaraq Neft Fondundan dövlət büdcəsinə transfert 850 milyon manat artırılıb. Gəlirin azalması, xərcin isə artması büdcədə böyük defisit yaradır. Neftin qiymətinin kəskin düşməsi fonunda Dövlət Neft Fondundan xərcləmələrin artırılması onun aktivlərinə mənfi təsir göstərəcək. Bizim hesablamalarımıza görə bu vəziyyət son anda ona gətirib çıxaracaq ki, Neft Fondunun aktivləri azalacaq. Proqnozlaşdırırıq ki, ilin yekununda Fondun aktivlərində 8-10 faiz azalma baş verəcək. 2020-ci ilin iyulun 1-də 43 milyard dollardan çox olan aktivlərin ilin sonunda 40 milyard dollardan bir qədər az olmasını gözləyirik.

- Belə bir vəziyyətdə Neft Fondunun investisiya siyasətində dəyişiklik olmalıdırmı?

- Belə çətin və təhlükəli dövrdə Neft Fondu mümkün qədər az risk edib, aktivləri qorumaq siyasətinə üstünlük verir. Bu baxımdan Fond rəhbərliyi hesab edir ki, riskli səhmlərə və onun kimi digər aktivlərə az investisiya edib, daha çox inkişaf etmiş ölkələrin dövlət qiymətli kağızlarına və bondlara sərmayə etməklə minimum, hətta sıfır səviyyəsində olan gəlirliliklə ən azından mövcud aktivləri qorumağa çalışmaq lazımdır. Bu, Neft Fondunun siyasətidir.
Biz hesab edirik ki, belə dövrdə bir qədər daha aqressiv, daha riskli fəaliyyət göstərmək olar. Bir sıra səbəblərdən bəzi səhimlərin qiyməti kəskin aşağı düşüb. Normal halda investisiya fondları belə şəraitdən istifadə edirlər. Azərbaycanın Dövlət Neft Fondu də investisiya fondudur. İnvestisiya fondları ucuzlaşan səhmlərə yatırım edib yaxın gələcəkdə böyük məbləğdə gəlir əldə edirlər. Biz Neft Fonduna bu cür davranmağı təklif edirik.
Dövlət Neft Fondunun aktivlərini tanınmış investisiya şirkətləri idarə edir. Buna görə də Neft Fondu da digər investisiya fondları kimi davrana bilər.
Artıq Fondun aktivlərinin strukturunda dəyişiklik baş verib. Qızıla yatırımlar artıb. Qaydalara əsaasən, Neft Fondunun aktivlərinin 10 faizi qızıla qoyula bilər. Amma aktivlərdə qızılın payı artıq 13 faizi ötüb. İnvestisiya ilə bağlı qaydalarda qızıla sərmayənin nəzərdə tutulandan 2-3 faiz az və ya çox olması mümkündür. Bundan istifadə edərək Fond qızılda olan aktivlərini artırır ki, bu da doğru addımdır. Çünki pandemiya dövründə özünü ən yaxşı aparan qızılın qiyməti olub. Qızıl böhranlı dövrlərdə özünü daha pozitiv aparır.
Əmlak bazarında ciddi dəyişiklik olmayacaq və yəqin ki, əmlak bazarına əlavə yatırımlar baş verməyəcək. İndiki dövrdə bu bazar risklidir və gəlirlilik sıfırın altındadır. Əmlak bazarı daha çox konservativ siyasət yürüdənlər üçün əlverişlidir.
Seçim qalır səhmlərlə və dövlət qiymətli kağızlarına. Fondun fikri odur ki, dövlət istiqrazlarına sərmayələr artırılmalıdır. Mənim fikrimcə, vəziyyətdən istifadə edib daha aqressiv siyasət apararaq məhz səhmlərə investisiya olmalıdır. İndi səhmlərə edilən investisiya yaxın gələcəkdə yaxşı gəlirlilik əldə etməyə imkan yaradacaq.


1 Eylül 2020 Salı

Samir Əliyev: "Taksilərdə vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir"



Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən Konsepsiya hazırlayır. Agenlik konsepsiyanın hazırlanmasının zəruriliyini aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmət keyfiyyətinin aşağı olması ilə əlaqələndirir. Bütün bu problemlərin həlli məqsədilə Konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur.
"İlk gündən cəmiyyətdə bu Konsepsiyaya münasibət heç də birmənalı olmadı. Əksəriyyət yeni qaydaların qüvvəyə minməsindən narahatdır və onun fəsadlarının ağır olacağını ehtimal edir". 
Bunu "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyev özünün facebook səhifəsində verdiyi şərhdə qeyd edib. 
S.Əliyev nəzərdə tutulan dəyişikliklərlə bağlı öz mövqeyini bildirib:

- Belə narahatçılığın yaranması başadüşüləndir. Hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir. Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu, sonra öz şirkətinə maliyyə dəstəyi verərək bahalı və müasir avtomobilər gətizdirdi, indi də müxtəlif tənzimləyici qaydalarla mövqeyni bazarda möhkəmləndirmək istəyir. Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq və bazarda ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq.

BNA bu Konsesiyanı irəli sürəndə yəqin ki xarici ölkələrin təcrübəsinə istinad edib. Doğrudan da bir sıra ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr mövcuddur. Bu tənzimləmələr əsasən 3 istiqamətdə olur: 1) tarifin tənzimlənməsi; 2) lisenziyaların tənzimlənməsi; 3) keyfiyyətin tənzimlənməsi. Ancaq son illər əksər ölkələrində, o cümlədən OECD ölkələrində taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası müşahidə edilir. Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə ucuzlaşır. Bu gün dünyada ride-sourcing və ride-sharing kimi taksi xidmətləri bazarda getdikcə payını artırır. Biz isə hələ də sovetsayağı idarəetmə vərdişlərindən əl çəkmirik.

Gələk BNA-nın əsaslandırmasına. BNA və təəssüf ki, bəzi ekspertlər iddia edir ki, indiki tariflər çox aşağı olduğundan sürücülərin gəlirləri aşağı olur və onlar narazılıq edirlər. Bu iddia doğru deyil. Təsəvvür edin hər gün xeyli sayda taksi Bakıdan Xırdalana (və əksinə), Sumqayıta (və əksinə) sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət 20 yanvar – Koroğlu metrostansiyası, 20 yanvar – Müşviqabad istiqamətində də var. Və yaxud Koroğlu stansiyalarından Bakı kəndlərinə olan marşrutları qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir? Yəqin BNA xəbərdardır ki, avtobusların yükünü məhz bu “birmanatlıq” taksilər azaldır. Və ya UBER, Bolt, Maksim və s kimi xidmətlərdə işləyənləri götürək. Məhz bu xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam və hər dəfə də sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, sərf edir. Bunların hamısı da öz şəxsi maşınlarından istifadə edirlər. Əsas narazılıq isə vergitutmanın ədalətsiz olması ilə bağlı olub. Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazana bilir. Əlbəttə pul heç zaman çox olmur və sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələki qane edir.

Vahid çağrı mərkəzinə gəlincə, bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil. Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmağından gedir. Bütün zənglər cavablandırılacaqmı yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq?

BNA-nın digər iradı xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. Agentik haqlıdır. Bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsinin təmin etməkdən ibarət olmalıdır. Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasib olması və dispetçerlə qısa müddətdə əlaqə saxlamaq mümkünlüyüdür.

Sonda qeyd etmək istəyirəm ki, vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq. Vergi ödəyicilərinin puluna baha qiymətə alınan və səmərəli olmayan taksi maşınlarına xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz. Qiymətləri yeni taksilər üçün əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasətin sonu bahalı və inhisarçı taksi xidməti ilə ykunlaşacaq.

S.Əliyevin statusu ilə aşağıdakı linkdən tanış olmaq olar: 


28 Ağustos 2020 Cuma

Rasim Həsənov: “Dövlət büdcəsinin xərclərində səmərəliliyi artırmaq üçün xərclərə nəzarət gücləndirilməlidir”



Dövlət büdcəsinin xərclərinin optimallaşdırılması üçün potensial və imkanlar hələ də mövcuddur. Bu potensialın reallaşdırılması dərəcəsi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin məbləğinə təsir edən əsas göstəricilərdəndir.
Bu açıqlamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov verib.
V.Gülməmmədov qeyd edib ki, yaşadığımız şərait dövlət vəsaitlərinin qənaətli və səmərəli istifadəsi ilə bağlı meyarların daha ciddi şəkildə tətbiqini tələb edir: “Ən əsası isə, bu, Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və icra üçün qurumlar qarşısında müəyyənləşdirilmiş bir tələbdir. Vəsaitlərin səmərəli və qənaətli istifadəsinin təmin edilməsi yollarından biri də rəqabətliliyin təmin olunmasından keçir”. 
Burada büdcə xərclərinin səmərəliliyinin artırılması dedikdə nə nəzərdə tutulur?
Professor, iqtisadçı-ekspert Rasim Həsənov bildirdi ki, 2020-ci ildə pandemiya və neft böhranı dövlətin büdcə gəlirlərinin azalmasına ciddi təsir göstərib. Onun fikrincə, bu baxımdan xərclərə də hər hansı bir formada qənaət olunmasına zəruri ehtiyac yaranıb. Ancaq R.Həsənov bu zəruri ehtiyacın təmin edilməsi zamanı dövlət büdcəsinin əsas funksiyalarının nəzərə alınmasının vacib olduğunu dedi: “Bu zəruri ehtiyac bir dövlətin əsas sosial funksiyalarının yerinə yetirilməsinə maneə olmamalı və dövlət büdcəsinin tənzimləyici rolunu kiçiltməməlidir. Dövlət hər hansı bir sahədə, məsələn, nəqliyyat infrastrukturunda yeni tikintilərin maliyyələşməsini dayandıra bilər. Ancaq bu, məqsədəuyğundurmu? Bilirik ki, formalaşmış iqtisadi struktura görə Azərbaycan iqtisadiyyatında fəallığı təmin edən əsas bölmə dövlət sektorudur. Dövlət sektorunda işləyən, daha çox iş yeri açan, generasiya baxımından digər sahələrin işini canlandıran bir istiqamət infrastruktur obyektlərinin tikintisidir.
Ona görə də hesab edirəm ki, infrasturktur obyektlərinin tikintisinə ayrılan pulu azaltmağa dəyməz”.
R.Həsənov bildirdi ki, büdcə xərclərinin səmərəliliyinin artırılması deyəndə ilk növbədə səmərəliləşdirmənin meyarı müəyyən edilməlidir: “Əgər meyar kimi xərcin azaldılması başa düşülürsə, hesab edirəm ki, müasir dövrdə bundan danışmağa dəyməz.
Ümumiyyətlə, dövlət büdcənin fəlsəfəsini götürsək, onun 3 mühüm istiqamətini müəyyənləşdirmək olar. 
Birinci iqtiqamət, ölkədə dövlət idarəetməsinin və sosial münasibətlərin tənzimlənməsidir. Bu istiqamətə uyğun olaraq idarəetmənin təşkili və sosial funksiyaların yerinə yetirilməsi ilə bağlı xərclər ayrılır.
İkinci istiqamət, iqtisadi dövriyyənin normal ölçülərdə olmasının dəstəklənməsidir.
Üçüncü iqtiqamət, iqtisadiyyatın bir sıra sektorlarının bilavasitə dövlətin dəstəyi ilə inkişaf etdirilməsidir.
Ölkəmizdə dövlət büdcəsi bu 3 əsas iqtiqamət üzrə istifadə edilir. 
Mənim fikrimcə, dövlət büdcəsinin xərclərində səmərəliliyi artırmaq üçün xərclərə nəzarət gücləndirilməlidir. Cənab Prezident də dedi ki, dövlət xərcləmələrinə nəzarət ciddi şəkildə artmalıdır. İstərdim ki, optimallaşma deyəndə dövlət xərclərinə nəzarətin daha geniş əhatə olunması kimi başa düşülsün, bütün xərcləmələrin əsas hissəsində nəzarət təmin olunsun.
Nəzarətin də bir neçə istiqaməti var: düzgün xərcləmək, səmərəli xərcləmək və nəticəli xərcləmək. Ən vacib nəzarət səmərəli və nəticəli xərcləmək üzərində olmalıdır. İndi düzgün xərcləmək məsələsi böyük problem deyil. Elektron hökumətin olması, əməliyyatların elektronlaşdırılması xərclərin düzgünlüyünə nəzarət etməyə təminat verir. Əsas diqqət səmərəli və nəticəli xərcləməyə yönəlməlidir”.


27 Ağustos 2020 Perşembe

“Benefisiar sahibliyin açıqlanması” mövzusunda 3-cü ZOOM vebinarı keçirilib


2020-ci il avqustun 27-də “Benefisiar sahibliyin açıqlanması” mövzusunda 3-cü ZOOM vebinarı keçirilib. Vebinarda 3 təqdimat dinlənilib. İqtisadçı prosessor İnqilab Əhmədov “Benefisiar sahiblik: mahiyyəti, MHŞT və digər beynəlxalq təşəbbüslərin tələbləri, beynəlxalq təcrübə” haqqında, maliyyə-bank sektoru üzrə ekspert Samir Əliyev “Mövcud məlumat mənbələri: xüsusi portallar və digər beynəlxalq imkanlar” barəsində, iqtisadçı-ekspert, İqtisad Universitetinin dosenti Azər Mehtiyev “Azərbaycanda hazırkı durum: imkanlar və maneələr” haqqında məruzə edib.

İ.Əhmədov məruzəsində benefisiar sahiblik haqqında məlumat verib, onun nəyə görə vacib olmasını izah edib, Siyasi Nüfuz Sahibləri (SNS) kimlərdir, onların nəzərdən keçirilməsinin vacib edən səbəblər, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində hazırkı durum və gözləntilər, digər beynəlxalq tələblər və uğurlu təcrübələr barəsində danışıb.

S.Əliyevin çıxışı 3 istiqamətdə olub. O Açıq Sahiblik (OpenOwnership), Təbii Resursların İdarəetməsi İnstitutunun (NRGI) data bazaları haqqında, İctimai qeydiyyat (public registration) barəsində və Verifikasiya mexanizmləri haqqında fikirlərini çatdırıb.

A.Mehtiyev təqdimatında isə Hasilat Sənayesi Şəffaflıq Komissiyasının hesabatları barəsində, eyni zamanda 2018-2019-cu illərdə Asiya İnkişaf Bankının maliyyə dəstəyi və Azərbaycan Hökumətinin dəstəyi ilə Britaniyanın audit şirkəti olan BDO-nun benefisiar sahiblik üzrə apardığı xüsusi tədqiqatlar və hazırladığı tövsiyələr haqqında məlumat verib. Bunlardan başqa məruzəçi Azərbaycanda benefisiar sahibliyin tətbiqi barədə imkanlar, maneələr, həlli yolları haqqında danışıb.

Vebinarın 21 nəfər iştirakçısı olub və məruzələrdən sonra onları maraqlandıran suallar cavablandırılıb.


26 Ağustos 2020 Çarşamba

“İqtisadi Forum” Ekspert Qrupunun növbəti görüşü keçirilib


2020-ci ilin avqsutun 26-da “İqtisadi Forum” Ekspert Qrupunun ZOOM konfransı formatında növbəti görüşü keçirilib. Gündəliyə iki məsələ - telekommunikasiya sektorunda dövlət inhisarçılığı və sentyabr ayına dair fəaliyyət planı daxil edilib. 
Telekommunikasiya sektorundakı vəziyyətlə bağlı ekspert Rövşən Ağayev "Azərbaycanda telekommunikasiya xidmətləri sektorunda idarəetmənin səmərəliliyinin artırılması perspektivləri" mövzusunda təqdimatla çıxış edib. 
Telekommunikasiya sektoru haqqında məlumat verən R.Ağayev qeyd etdi ki, sektorun iqtisadiyyatda payı az olsa da real böyümə sürətinə görə 2 qabaqcıl sahələrdən biridir. Ekspert son 10 ildə sektorda real olaraq 2 dəfə böyüməyə nail olunduğunu, nominal qiymətlərlə isə sektorun təxminən 5 dəfə böyüdüyünü dedi. 
R.Ağayev telekommunikasiya sektorunda dövlətin hələ də önəmli paya sahib olduğunu, sektorda iri dövlət şirkətlərinin fəaliyyət göstərdiyini və bu şirkətlərdə hələ də korporativ idarəetmənin təşkil edilmədiyini bildirdi. O dövlət şirkətlərinin informasiya açıqlılığının da aşağı səviyyədə olduğunu qeyd etdi.
Təqdimatdan sonra ekspertlər sentyabr ayına dair fəaliyyət planını müzakirə etdilər. 








24 Ağustos 2020 Pazartesi

Elçin Rəşidov: "Gömrük qaydaları hamı üçün eyni olmalıdır, Azərbaycanda bu prinsip gözlənilməyib"



Azərbaycanın Baş Nazirinin 2020-ci ilin avqustun 21-də imzaladığı qərara əsasən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Otuz gündən sonra qüvvəyə minəcək Qərara əsasən, ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. Hazırda qüvvədə olan güzəşt limiti dəyəri 1500 ABŞ dollara (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollar) qədər olan mallara aid edilir.
Həmçinin, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndi bu məbləğ 1 000 ABŞ dollarıdır.

Nazirlər Kabinetinin qəbul etdiyi qərarla bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidovun fikirlərini öyrəndik. 

- Elçin bəy, Nazirlər Kabinetinin indi belə bir qərar qəbul etməsi nə ilə bağlı ola bilər?   

- Dəyişikliyin hardan qaynaqlandığını deyə bilmərəm. Çünki verilən bütün qərarlar siyasi qərarlardır. Məsələn, hazırda bizdə devalvasiyaya ehtiyac var, amma devalvasiya baş vermir. Nəinki, devalvasiyaya, hətta üzən, sərbəst məzənnə rejiminə keçidə ehtiyac var, amma bu baş vermir. Çünki siyasi qərar belədir. 

Siyasi qərar o deməkdir ki, bəzən populist olmağa məcbur olur və mümkün şəkildə kütlələrin, yaxud da hansısa oliqarxların, hansısa məmurların mənafeyini güdməli olur. Yaxud kimlərinsə məsləhəti ilə təhrif olunmuş və ya təhrif olunmamış şəkildə düzgün və ya yanlış formada verilir. Buna görə də deyə bilmərəm ki, bu qərar niyə qədul edilib.

- Belə bir limit bir çox ölkədə tətbiq olunur. Digər ölkələrdə vəziyyət necədir? 

- Limitin azaldılması bir çox ölkədə rast gəlinən təcrübədir. O cümlədən Azərbaycanla ticarət əlaqələri olan ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, həmin ölkələrdə də limitin azaldılması ilə bağlı analoji qaydalar tətbiq edilib. Bizimlə ticarət əlaqəsi olan ölkələrdə bu limit 300 dollardan da aşağıdır. Azərbaycandakı bu qərar bir qədər liberallıqdan geri addımdır, amma müəyyən qədər simmetriya yaradır. Azərbaycanın qəbul etdiyi qərarı o qədər də zərərli hesab etmirəm. 

Bu qərar əksər istehlakçılara təsir etməyəcək. İstehlak məqsədilə fiziki şəxslər tərəfindən xaricdən alınan elektron məhsulların dəyəri 300 dollardan kiçikdir. Əksəriyyəti 100 dollardan aşağı dəyərə sahib olan mallardır. Limitdən yüksək dəyərdə olan mallar üçün müvafiq vergi və rüsumlar ödənilməlidir.  

Amma fiziki şəxslər üçün limitin saxlanılmasının da tərəfdarıyam. Çox kiçik məbləğlər üçün vergi hesablanması, əməliyyat aparılması əlavə xərcləri artırır. Buna görə də kiçik məbləğlərdə idxalda vergi və rüsumlardan azad edilmə saxlanılmalıdır.

- Son illərdə hökumət gömrük sistemində müəyyən dəyişikliklər edir. Dəyişiklikləri prinsipsə necə qiymətləndirirsiniz?

- Azərbaycan hökuməti gömrük siyasətində ayrı-seçkiliyə yol verməməli, hamıya eyni prinsiplə yanaşmalı, hamı üçün bərabər şərait yaratmalıdır. Gömrükdə tətbiq edilən qaydalar hamıya eyni şəkildə tətbiq edilməlidir. Əsas vacib prinsip budur. Bizim indiyə qədər mövcud olan problemimiz bu olub. Hazırda diqqəti problemə yox, yanlış yerə yönəldirlər. Bizim əsas problemimiz o olub ki, gömrük qaydaları bütün şirkətlərə və fiziki şəxslərə eyni formada tətbiq edilməyib. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli istehsalçı, ən səmərəli ticarətçi keçinə bilmir. Daha çox imtiyazlı istehsalçı və ticarətçi bazarı tutmuş olur. Baxmayaraq ki, onlar heç də ən səmərəli deyillər. Azərbaycanın öndə olan şirkətləri imtiyazlı şirkətlərdir və bizi lazımı şəkildə təmsil edə bilmirlər. O baxımdan mən bu qaydanı alqışlayıram.

Artıq belə məlumatlar var ki, bəzi məmur şirkətlərinin imtiyazları əlindən alınıb. Ümid edirəm ki, gələcəkdə hamısının imtiyazı əlindən alınacaq, hamı üçün bərabər qaydalar tətbiq olunacaq.

Nəyə görə hər hansı bir şirkət gətirdiyi mala görə gömrükdə rüsum ödəyirdi, amma fiziki şəxs ödəməli deyil? Bu hal ayrı-seçkilik yaradır. Sahibkar bir neçə dollar dəyəri olan malın idxalına görə də vergi və rüsum ödəyir. Halbuki, sahibkar həmin məhsulu satış üçün yox, nümunə, yoxlamaq, startap üçün də gətirə bilər. Buna görə də düşünürəm ki, fiziki şəxslər üçün də eyni qayda tətbiq edilməlidir. Hansı gömrük modelinin tətbiq edilməsindən asılı olmayaraq, biz ayrı-seçkiliyi aradan götürməliyik. Buna görə də yeni qayda ayrı-seçkiliyi müəyyən qədər də olsa, aradan qaldıran qaydadır, mütərəqqi yanaşmadır. Amma əgər bəzi şirkətlər üçün imtiyazlar saxlanılacaqsa bu, mürtəce addım olacaq. Ayrı-seçkiliyin azaldılması məmur şirkətlərinə də tətbiq edilməlidir. Hazırda bəzilərinə verilən imtiyazlar götürülür. Qaydalar hamı üçün eyni olanda iqtisadiyyat düzgün fəaliyyət göstərir, rəqabət şəraiti yaxşılaşır, ədalətli mühit formalaşır.

- İqtisadiyyatı bazar prinsipləri ilə idarə etməyə, liberal iqtisadiyyata keçidə meyillilik varmı?

- Azərbaycanda liberal iqtisadiyyata keçid prosesinin sürətləndirilməsi vacibdir. Hazırda bu, müşahidə edilmir. Bir tərəfdən liberal iqtisadiyyata keçilməsindən danışılır, digər tərəfdən ölkəmizə dövlət taksi gətirilir. Bu fakt liberal iqtisadiyyata keçid istəyini təkzib edir. Reallıqda liberal iqtisadiyyata keçid yoxdur, onun fəlsəfəsi hələlik tətbiq olunmur. Yalnız taksi məsələsi deyil. Məsələn, Əmanətlərin Sığortalanması Fondu ilə bağlı bütün problemlərin kökündə Fondun bazar iqtisadiyyatı qaydaları ilə fəaliyyət göstərməməsi dayanır. Nəticədə də məlum problemlər baş verir. Eynilə yeni yaradılan aqrar sığorta qaydaları da bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Ona görə də Aqrar Sığorta Fondu da oxşar problemlər yaradacaq.

Gömrükdə də bazar prinsipləri ədalətli şəkildə tətbiq edilməlidir. Hazırda dünyanın bir çox ölkəsində istifadə edilən əsas prinsip odur ki, gömrük qaydaları hamıya qarşı eyni şəkildə tətbiq edilməlidir. Azərbaycanda bu prinsip gözlənilməyib. Gömrük qaydaları bütün fiziki şəxslərə, şirkətlərə, sahibkarlara eyni qaydada tətbiq olunmayıb. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli, layiqli istehsalçının və ən səmərəli ticarətçinin bazarda payı çox olmur. Yalnız ən imtiyazlı istehsalçı və ticarətçi bazarı tutur. Baxmayaraq ki, imtiyazlı istehsalçı və ticarətçi bazarın ən yaxşıları deyil. Ədalətli rəqabət mühitinin əsas şərtlərindən biri hamı üçün bərabər imkanların və şəraitin yaradılmasıdır.