24 Ağustos 2020 Pazartesi

Elçin Rəşidov: "Gömrük qaydaları hamı üçün eyni olmalıdır, Azərbaycanda bu prinsip gözlənilməyib"



Azərbaycanın Baş Nazirinin 2020-ci ilin avqustun 21-də imzaladığı qərara əsasən “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Otuz gündən sonra qüvvəyə minəcək Qərara əsasən, ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. Hazırda qüvvədə olan güzəşt limiti dəyəri 1500 ABŞ dollara (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollar) qədər olan mallara aid edilir.
Həmçinin, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndi bu məbləğ 1 000 ABŞ dollarıdır.

Nazirlər Kabinetinin qəbul etdiyi qərarla bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidovun fikirlərini öyrəndik. 

- Elçin bəy, Nazirlər Kabinetinin indi belə bir qərar qəbul etməsi nə ilə bağlı ola bilər?   

- Dəyişikliyin hardan qaynaqlandığını deyə bilmərəm. Çünki verilən bütün qərarlar siyasi qərarlardır. Məsələn, hazırda bizdə devalvasiyaya ehtiyac var, amma devalvasiya baş vermir. Nəinki, devalvasiyaya, hətta üzən, sərbəst məzənnə rejiminə keçidə ehtiyac var, amma bu baş vermir. Çünki siyasi qərar belədir. 

Siyasi qərar o deməkdir ki, bəzən populist olmağa məcbur olur və mümkün şəkildə kütlələrin, yaxud da hansısa oliqarxların, hansısa məmurların mənafeyini güdməli olur. Yaxud kimlərinsə məsləhəti ilə təhrif olunmuş və ya təhrif olunmamış şəkildə düzgün və ya yanlış formada verilir. Buna görə də deyə bilmərəm ki, bu qərar niyə qədul edilib.

- Belə bir limit bir çox ölkədə tətbiq olunur. Digər ölkələrdə vəziyyət necədir? 

- Limitin azaldılması bir çox ölkədə rast gəlinən təcrübədir. O cümlədən Azərbaycanla ticarət əlaqələri olan ölkələrin təcrübəsinə diqqət yetirsək görərik ki, həmin ölkələrdə də limitin azaldılması ilə bağlı analoji qaydalar tətbiq edilib. Bizimlə ticarət əlaqəsi olan ölkələrdə bu limit 300 dollardan da aşağıdır. Azərbaycandakı bu qərar bir qədər liberallıqdan geri addımdır, amma müəyyən qədər simmetriya yaradır. Azərbaycanın qəbul etdiyi qərarı o qədər də zərərli hesab etmirəm. 

Bu qərar əksər istehlakçılara təsir etməyəcək. İstehlak məqsədilə fiziki şəxslər tərəfindən xaricdən alınan elektron məhsulların dəyəri 300 dollardan kiçikdir. Əksəriyyəti 100 dollardan aşağı dəyərə sahib olan mallardır. Limitdən yüksək dəyərdə olan mallar üçün müvafiq vergi və rüsumlar ödənilməlidir.  

Amma fiziki şəxslər üçün limitin saxlanılmasının da tərəfdarıyam. Çox kiçik məbləğlər üçün vergi hesablanması, əməliyyat aparılması əlavə xərcləri artırır. Buna görə də kiçik məbləğlərdə idxalda vergi və rüsumlardan azad edilmə saxlanılmalıdır.

- Son illərdə hökumət gömrük sistemində müəyyən dəyişikliklər edir. Dəyişiklikləri prinsipsə necə qiymətləndirirsiniz?

- Azərbaycan hökuməti gömrük siyasətində ayrı-seçkiliyə yol verməməli, hamıya eyni prinsiplə yanaşmalı, hamı üçün bərabər şərait yaratmalıdır. Gömrükdə tətbiq edilən qaydalar hamıya eyni şəkildə tətbiq edilməlidir. Əsas vacib prinsip budur. Bizim indiyə qədər mövcud olan problemimiz bu olub. Hazırda diqqəti problemə yox, yanlış yerə yönəldirlər. Bizim əsas problemimiz o olub ki, gömrük qaydaları bütün şirkətlərə və fiziki şəxslərə eyni formada tətbiq edilməyib. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli istehsalçı, ən səmərəli ticarətçi keçinə bilmir. Daha çox imtiyazlı istehsalçı və ticarətçi bazarı tutmuş olur. Baxmayaraq ki, onlar heç də ən səmərəli deyillər. Azərbaycanın öndə olan şirkətləri imtiyazlı şirkətlərdir və bizi lazımı şəkildə təmsil edə bilmirlər. O baxımdan mən bu qaydanı alqışlayıram.

Artıq belə məlumatlar var ki, bəzi məmur şirkətlərinin imtiyazları əlindən alınıb. Ümid edirəm ki, gələcəkdə hamısının imtiyazı əlindən alınacaq, hamı üçün bərabər qaydalar tətbiq olunacaq.

Nəyə görə hər hansı bir şirkət gətirdiyi mala görə gömrükdə rüsum ödəyirdi, amma fiziki şəxs ödəməli deyil? Bu hal ayrı-seçkilik yaradır. Sahibkar bir neçə dollar dəyəri olan malın idxalına görə də vergi və rüsum ödəyir. Halbuki, sahibkar həmin məhsulu satış üçün yox, nümunə, yoxlamaq, startap üçün də gətirə bilər. Buna görə də düşünürəm ki, fiziki şəxslər üçün də eyni qayda tətbiq edilməlidir. Hansı gömrük modelinin tətbiq edilməsindən asılı olmayaraq, biz ayrı-seçkiliyi aradan götürməliyik. Buna görə də yeni qayda ayrı-seçkiliyi müəyyən qədər də olsa, aradan qaldıran qaydadır, mütərəqqi yanaşmadır. Amma əgər bəzi şirkətlər üçün imtiyazlar saxlanılacaqsa bu, mürtəce addım olacaq. Ayrı-seçkiliyin azaldılması məmur şirkətlərinə də tətbiq edilməlidir. Hazırda bəzilərinə verilən imtiyazlar götürülür. Qaydalar hamı üçün eyni olanda iqtisadiyyat düzgün fəaliyyət göstərir, rəqabət şəraiti yaxşılaşır, ədalətli mühit formalaşır.

- İqtisadiyyatı bazar prinsipləri ilə idarə etməyə, liberal iqtisadiyyata keçidə meyillilik varmı?

- Azərbaycanda liberal iqtisadiyyata keçid prosesinin sürətləndirilməsi vacibdir. Hazırda bu, müşahidə edilmir. Bir tərəfdən liberal iqtisadiyyata keçilməsindən danışılır, digər tərəfdən ölkəmizə dövlət taksi gətirilir. Bu fakt liberal iqtisadiyyata keçid istəyini təkzib edir. Reallıqda liberal iqtisadiyyata keçid yoxdur, onun fəlsəfəsi hələlik tətbiq olunmur. Yalnız taksi məsələsi deyil. Məsələn, Əmanətlərin Sığortalanması Fondu ilə bağlı bütün problemlərin kökündə Fondun bazar iqtisadiyyatı qaydaları ilə fəaliyyət göstərməməsi dayanır. Nəticədə də məlum problemlər baş verir. Eynilə yeni yaradılan aqrar sığorta qaydaları da bazar iqtisadiyyatının prinsiplərinə ziddir. Ona görə də Aqrar Sığorta Fondu da oxşar problemlər yaradacaq.

Gömrükdə də bazar prinsipləri ədalətli şəkildə tətbiq edilməlidir. Hazırda dünyanın bir çox ölkəsində istifadə edilən əsas prinsip odur ki, gömrük qaydaları hamıya qarşı eyni şəkildə tətbiq edilməlidir. Azərbaycanda bu prinsip gözlənilməyib. Gömrük qaydaları bütün fiziki şəxslərə, şirkətlərə, sahibkarlara eyni qaydada tətbiq olunmayıb. Bu da nəticədə ölkədə ədalətli rəqabət mühitinin yaranmasına mane olub. Rəqabət mühiti yaranmayanda ən səmərəli, layiqli istehsalçının və ən səmərəli ticarətçinin bazarda payı çox olmur. Yalnız ən imtiyazlı istehsalçı və ticarətçi bazarı tutur. Baxmayaraq ki, imtiyazlı istehsalçı və ticarətçi bazarın ən yaxşıları deyil. Ədalətli rəqabət mühitinin əsas şərtlərindən biri hamı üçün bərabər imkanların və şəraitin yaradılmasıdır.

Hiç yorum yok:

Yorum Gönder