10 Aralık 2020 Perşembe

Samir Əliyev: “Gələn ilin dövlət büdcəsi və Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı sənəd...”



Növbəti ildə manatın dollar qarşısında yumşaq devalvasiyaya gedəcəyi istisna edilmir. Əksər ekspertlər bu mövzuda həmfikirdir ki, həm pandemiya səbəbindən sərtləşən karantin qaydalarının vurduğu iqtisadi ziyanın kompensasiyası, həm də işğaldan azad edilən ərazilərin bərpası üçün hökumətin kifayət qədər ciddi maliyyəyə ehtiyacı olacaq. Bunun üçün isə hazırda əsas mənbə Neft Fondudur. Hökumət Neft Fondunun ehtiyatlarına qənaət etmək üçün devalvasiyaya getməklə əlavə manat kütləsi yarada bilər. Hazırda bu fikirlərin dominant olması səbəbindən banklar da kredit verilməsində bir qədər tərəddüd edir deyə məlumatlar da yayılmaqdadır.

Mövzunu “Yeni Müsavat” üçün ətraflı şərh edən iqtisadçı ekspert Samir Əliyev vurğuladı ki, həqiqətən də gələn il Azərbaycan üçün xərclərin artması baxımından çətin il olacaq: “Koronavirusun artıq ikinci dalğası başlayıb və bu birinci dalğadan daha ağır keçir, yoluxma sayı dəfələrlə yüksəkdir. Optimist düşünməyə imkan verən proqnozlar da var, söhbət vaksinlərdən gedir. Artıq vaksinləşmə başlayır, xüsusən də gələn ilin əvvəlində kütləviləşəcək. Gözləntilər var ki, yaya doğru problem əhəmiyyətli dərəcədə həll ediləcək. Vaksinləşmənin kütləvi nəticələrini yəqin ki, yaz aylarında görə biləcəyik. Bu isə onu deməyə əsas verir ki, 2021-ci il cari illə müqayisədə dünya səviyyəsində iqtisadi aktivlik daha da artacaq. Azərbaycan üçün bu daha çox iki baxımdan əhəmiyyətlidir. Birinci amil neftin qiyməti, ikincisi isə karantin tədbirlərinin yumşalması. Karantin tədbirlərinin sərtləşdirilməsi yəqin ki, qarşıdakı iki ayda davam edəcək. Bu həm ölkə üçün müəyyən çətinliklərin yaranması deməkdir, həm də əhalinin sosial vəziyyətinin pisləşməsi anlamına gəlir. Bu baxımdan karantin tədbirlərinin sərtləşdirilməsi iqtisadi baxımdan arzuolunmazdır.

Əsas məqam isə neftin qiymətidir. Hazırda neft dünya bazarında 50 dollara yaxınlaşmaqdadır, hələ ki, 50 dollar olmayıb. Ancaq ehtimal edilir ki, vaksinlərin tətbiqi nəticəsində tələbat arta bilər, neftin qiyməti qalxa bilər. Müəyyən proqnozlar var, 55-60 dollara qədər qalxması ehtimal edilir. O baxımdan gələn il Azərbaycanda devalvasiyanın olmasını şərtləndirəcək əsas amil məhz neftin qiymətidir. Əgər neft kəskin bahalaşmazsa, yəni 60 dollar və daha yüksək səviyyəyə çıxmazsa, bu halda milli valyutanın sabitliyi sual altına düşəcək".

İqtisadçı vurğuladı ki, növbəti ildə devalvasiyanın olacağı ilə bağlı dəqiq fikir söyləmək çətindir: “Çünki bunu şərtləndirən amillər var. Biz proqnoz verə bilmək üçün hökumətin yaxın günlərdə qəbul edəcəyi iki sənədə diqqət yetirməliyik. Bunun birincisi 2021-ci ilin dövlət büdcəsidir, hansı ki, onun qəbulu çox gecikib və dekabra qalıb. Biz bu sənədə baxmaqla hökumətin gələn il üçün hansı xərc istiqamətində addımlar atacağını və bunun mənbəyinin haradan olduğunu görə bilərik. İkinci sənəd isə Mərkəzi Bankın hər il açıqladığı növbəti ilin pul-kredit siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatdır. Bu bir qayda olaraq dekabr ayının sonuncu iş günü açıqlanır. Həm gələn ilin dövlət büdcəsi , həm də Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı iki sənədə baxmaqla hökumətin gələn ildəki davranışını müəyyən edə bilərik. Bu gün bunu demək çox çətindir”.

S.Əliyevin fikrincə, 2020-ci illə müqayisədə gələn il devalvasiya ehtimalını artıran şərtlər çoxdur: “Birinci şərt koronavirusun daha ağır keçməsidir. Bu amil 2020-ci ildə də var idi, xəstəlik yazda başladı, yaya doğru azaldı. Ancaq indi qışa doğru getdiyimiz üçün xəstəliyin təsirləri daha çox ola bilər. Bundan başqa, ikinci amil işğaldan azad olunmuş ərazilərdə bərpa prosesidir. Ərazilərin abadlaşdırılması, həyata qaytarılması üçün böyük vəsaitlər tələb olunur ki, bunun da əsas hissəsi dövlət büdcəsi hesabına olacaq. Bu isə əlavə mənbə deməkdir. Bu vəsaitləri dövlət büdcəsi haradan tapmalıdır? Ya vergiləri artırmaq yolu ilə- bu indiki zamanda mümkün deyil, arzuolunmaz ssenaridir. Əksinə hökumət indiki durumda vergi güzəştləri tətbiq etməlidir. İkinci versiya isə Neft Fondudur. Onsuz da neftin ucuzlaşması hesabına Neft Fondunun aktivlərinin müəyyən bir hissəsi ilin əvvəlində xərclənib və ilin sonunda da aktivlərə müraciət etməli olacaq. Növbəti il də yenidən DNF-nin aktivlərinə müraciət etmək təbii ki, problemin tam həlli demək deyil. Mənbə olaraq müəyyən qədər Neft Fondundan istifadə edilsə də, bu vəsaitlər kifayət etməyəcək. Digər mənbələr özəl sektor və xarici investisiyalardır. Xarici investorlar hələ ki, o qədər də maraq göstərmir və bu da ölkədə investisiya mühitinin o qədər də yaxşı səviyyədə olmaması ilə bağlıdır. Bu da hökuməti vadar edəcək ki, manatın məzənnəsini bir qədər aşağı salsın və onun hesabına əlavə pul kütləsi yaratsın. Əlbəttə bu cəlbedici yanaşmadır, ancaq digər neqativ təsirləri də var”.

Samir Əliyevin fikrincə, hökumətin devalvasiyadan qazancı olduğu kimi , itirəcəkləri də az deyil: “Çünki avtomatik olaraq ölkədə ciddi inflyasiya yaradacaq, qiymətlər artacaq, dövlət devalvasiya hesabına qazandığı vəsaiti inflyasiya hesabına itirəcək. Çünki məcburən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək versin. Qazandığının bir hissəsini bu istiqamətdə yönəltmək məcburiyyətində qalacaq. Digər tərəfdən həm dövlətin, həm də dövlət şirkətlərinin xarici borcları var, devalvasiya bu borcların qaytarılmasını da çətinləşdirəcək. Bu mənada dövlət qazandığı pulun bir hissəsini itirmək məcburiyyətində qalacaq. Bu mənada devalvasiya da hökumətə sərf etmir və mümkün qədər devalvasiyadan çəkinəcək. Ancaq heç də hər şey dövlətin mövqeyindən asılı deyil. Neftin qiyməti azalarsa, yaxın müddətdə bahalaşması gözlənilməzsə, vəsaitləri təmin etmək üçün devalvasiyaya gedə bilər. Yaxşı halda isə vaksinlərin tətbiqi nəticəsində effekt əldə olunarsa, iqtisadi aktivlik yaranarsa, neftin qiymətinə pozitiv təsir edə bilər, ən azından aşağı düşməz və stabil qalar. Bu mənada hökumət devalvasiyaya getmək üçün ən azı ilin birinci rübünü gözləmə mövqeyində qalacaq. Fors-major bir hadisə baş verməzsə, neft 30 dolların altına düşməzsə hökumət yaza qədər gözləyə bilər. Hazırda hökumət devalvasiyanın ağır nəticələrini anlayır, onun fərqindədir, devalvasiyaya getməkdə maraqlı deyil. Fors-major hallar baş verməzsə, buna getməyəcək. Qeyd etdiyim iki sənəd açıqlandıqdan sonra bu haqda daha əminliklə fikir söyləmək olar”.

Yazını aşağıdakı linkdən də izləmək olar: 

https://www.musavat.com/news/manat-carpaz-ates-altinda_760891.html?fbclid=IwAR3HCge1sm6vaxG1vElHxqLgtCHrm7o1xvu15RjP4_fDqY92jxqS4C5JE2k

9 Aralık 2020 Çarşamba

Karantin dövründə sahibkarlara hansı köməkliklər edilməlidir?


Azərbaycanda Covid-19 virusunun yayılma sürətinin artması və daha çox insanın virusa yoluxması hökuməti yenidən sərt karantin qaydalarını tətbiq etməyə məcbur etdi. Nazirlər Kabinetinin qərarına əsasən dekabrın 14-dən 2021-ci ilin yanvarın 18-nə kimi Bakı yarımadasında və respublika əhəmiyyətli bir sıra şəhərlərdə ictimai və iqtisadi fəaliyyətə ciddi məhdudiyyətlər tətbiq olunacaq. 

Məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağı sahələr arasında iqtisadi fəaliyyətlə bağlı sahələr də var. Əvvəlki dövrlərdə tətbiq edilən sərt karantin təcrübəsi göstərdi ki, bu vəziyyət biznes dairələrinə, onların iqtisadi dövriyyəsinə, mənfəətinə ciddi neqativ təsirə malikdir. Buna görə də əksər sahələrdə iqtisadi fəallığın aşağı düşəcəyi proqnozlaşdırılır. Xüsusən kiçik biznesin məhdudlaşdırıcı tədbirlərdən əziyyət çəkəcəyi gözlənilir.

Bəs, bu vəziyyətdə hansı konkredit addımlar atılmalıdır ki, sahibkarlara dəyən zərər minimuma düşsün?

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev bildirdi ki, 2020-ci ilin mart ayından tətbiq edilən ümumi karantin vəziyyəti biznes sahələrini çətin vəziyyətə salıb, onların bəziləri tamamilə müflisləşib və fəaliyyətini dayandırıb, bəziləri isə fəaliyyətini zərərlə də olsa davam etdirir. Onun sözlərinə görə ümumən sərt karantin iqtisadi vəziyyəti ağırlaşdırıb və bundan bütün sahələrdə fəaliyyət göstərən sahibkarlar, fərdi şəxslər, muzdla çalışanlar əziyyət çəkir. Buna görə də İ.Qarayev biznes fəaliyyəti ilə bağlı sahibkarlara güzəşt və dəstəyin verilməsinin vacib olduğunu düşünür. O bununla bağlı bəzi təkliflər verdi: “Sahibkarları qorumaq lazımdır ki, onlar müflis olmasın, sərbəst vəsaitləri sıfıra enməsin. Əks təqdirdə pandemiyadan sonra onların biznes fəaliyyətini genişləndirmək imkanı çox məhdud olacaq. Sahibkarların vəziyyətinin ağırlaşması iş yerlərinin də bağlanmasına səbəb olur. Bu da əlavə məşğulluq problemi yaradır. 


Pandemiyadan zərər çəkən sahibkarlıq sahələri müəyyən olunandan sonra onlara konkret məsələlərlə bağlı dəstək verilməlidir. Kredit tətillərinin verilməsi məqsədəuyğundur. Zərər görən sahibkarların kredit borclarını müəyyən müddətə, məsələn 3-6 ay ərzində dayandırmaq yaxşı olardı. 

Analogiya üzrə vergi yığımları da dayandırılmalıdır. Qaydalara görə ötən ilin dövriyyəsi əsas götürülərək müəssisənin gəlir vergisinə sərəncam qoyulur. Bu qaydaya əsasən öncədən hesabdan vəsait götürülür, vəsait olmadıqda isə hesab dondurulur. İndiki dövrdə belə bir qaydanın tətbiqi məntiqsizdir. 2019-cu illə indiki ağır ilin anologiyasını aparmaq düzgün deyil. Bu qaydanın tətbiqi müvəqqəti dayandırılmalıdır. Məsələn, bir il ərzində hesaba sərənsam qoyulması məhdudlaşdırılmalıdır. Çünki sahibkarların vəziyyəti yaxşı deyil və onların hesabına sərəncam qoymaqla vəziyyətləri bir qədər də ağırlaşır.

Vergi tətillərinin tətbiq olunması vacibdir. Bəzi vergilərin ödənilməsində sahibkarlar çətinlik çəkir. Onlara da vergilərin ödənilməsində 3-6 aylıq güzəşt müddəti tətbiq edilə bilər.

Subsidiyaların artırılması və genişləndirilməsi vacibdir. Bəzi sahələrə subsidiya verilir. Amma yaxşı olardı ki, zərər çəkən sahələrdəki sahibkarlara da subsidiya ayrılsın.

Əmək haqlarının ödənişi ilə bağlı verilən dəstəkdə problemlər var. Sahibkarlar gəlir əldə etmirsə ya əmək haqqı ödəməməlidir, ya da işçiləri işdən azad etməlidir. Pandemiya dövründə işdən azad etməyə icazə verilmir. Belə olan halda əmək haqqı ödənişində kömək edilməlidir. Əvvəlki sərt karantin dövründə hökumət əmək haqqı ödənişi ilə bağlı köməklik etmişdi. İndi bu məsələni bir qədər də genişləndirmək lazımdır.

İxraca dəstək tədbirlərinin artırılması bir qədər də gücləndirilməli və genişləndirilməlidir. Ölkəmizə valyuta daxil olması üçün, qeyri-neft sekrtorunun ixrac imkanlarının yaxşılaşdırılması məqsədilə ixraca dəstək vacibdir.

Yeni yaradılan sahibkarlar üçün dəstək mexanizmləri hazırlanmalıdır. İlk dəfə biznesə başlayan sahibkara vergi güzəştləri, ucuz kreditlər, hətta subsidiyalar verilməlidir. Bu istiqamətdə ayrıca dəstək proqramının olması yaxşı olardı.

Eyni zamanda şirkətlərin, sahibkarların xarici valyutada olan kredit borcları milli valyutaya dəyişdirilməsi nəzərdən keçirilməlidir.

Bunlar edilərsə, sahibkarların özlərindən asılı olmayan çətin vəziyyət bir qədər yüngülləşər.

Bəzi spesifik sahələr var ki, onlara yanaşma xüsusi olmalıdır”.

İ.Qarayev söylədi ki, sərt karantin dövründə turizm, otelçilik, ictimai iaşə sektoru, pərakəndə ticarət dövriyyəsi, o cümlədən qeyri-ərzaq mallarının ticarəti daha çox çətinlik çəkəcək. Bundan başqa digər xidmət sahələri, o cümlədən bərbər, təhsil, xırda təmir sahələri ilə məşğul olan sahibkarların vəziyyəti ağırlaşacaq.

30 Kasım 2020 Pazartesi

Rövşən Ağayev: "İşğaldan azad edilən bölgələrin ən böyük potensialı turizmlə bağlı ola bilər"


İşğal altında olan ərazilərin azad edilməsindən sonra müzakirə olunan əsas məsələlərdən biri də həmin ərazilərin iqtisadi potensialı ilə bağlıdır.
"İqtisadi Forum" Ekspert Qrupunun üzvü Rövşən Ağayev facebook səhifəsində işğaldan azad edilən ərazilərin iqtisadi imkanları ilə bağlı öz fikirlərini ifadə edib. R.Ağayev qeyd edib ki, rəsmi statistikada məlumat qıtlığı olduğundan hərtərəfli analiz aparmaq çətindir. Bununla belə o işğaldan azad edilən ərazilərin 3 cəhətini fərqləndirib.
Ekspert deyib ki, bu bölgələrdə təbii ehtiyatlar var, lakin həmin ehtiyatların iqtisadiyyatımız üçün yüksək həcmdə əlavə dəyər yaradacağı ilə bağlı gözləntilər real hesablamalara əsaslanmır: "Bir real fakt deyim, aydın olsun. Hazırda Azərbaycanda təbii ehtiyatlara əsaslanan mədən sənayesinin yaratdığı əlavə dəyərin 95%-ni neft-qaz sektoru təmin edir. Qiymətli və digər növ metalların yaratdığı əlavə dəyərin illik həcmi heç 100 milyon manatı da keçmir və mövcud ÜDM-nin 0,12%-i qədərdir. Kəlbəcər və Zəngilan qiymətli metal istismarı baxımından Gədəbəy və Daşkəsənin mədən sənayesindən daha böyük potensiala malik olsa belə, bu, yeni iqtisadi dövriyyəyə qoşulmuş ərazilərimizin sahəsi və əhalisi baxımından yenə də böyük məbləğ deyil".
R.Ağayev hesab edir ki, bölgələrin ən böyük potensialı turizmlə bağlı ola bilər: "Tibbi turizm üçün unikal imkanlar var. Eynu dərəcədə tarixi və istirahət turizmi üçün də imkanlar genişdir. Çəkinmədən deyirəm ki, bu bölgələrin turizm gəlirləri indiyədək bütün Azərbaycanın əldə etdiyi turizm qazanclarından çox ola bilər - söhbət ən azı 1,5 milyard dollardan gedir".
Ekspert işğaldan azad edilən ərazilərin aqrar potensialı böyük olduğunu da qeyd edib: "Yeddi rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 535 min hektar təşkil edir. Ağdam, Füzuli və Cəbrayıl əsasən bitkiçilik üçün əlverişlidir. Bu 3 rayonun kənd təsərrüfatına yararlı torapqlarının ümumi sahəsi 290 min hektar təşkil edir ki, ondan da təxminən üçdə ikisi əkinə yararlıdır. Yerdə qalanı örüş və biçənək torpaqları.
Zəngilan və Qubadlı həm əkinçilik, həm də heyvandarlığın inkişafı üçün imkanlara malikdir. Bu 2 rayonun kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 67 min hektardır ki, ondan təxminən üçdə biri əkinə yararlı, yerdə qalanı örüş və biçənək əraziləridir. Kəlbəcər və Laçının kənd təsərrüfatına yararlı torpaqlarının ümümui həcmi 180 min hektar təşkil edir ki, ondan ən yaxşı halda 15%-i əkinə yararlıdır. Bu 2 rayonun torpaqları əsasən heyvandarlıq üçün əlverişlidir. 7 rayonun bazasında hesablasaq, kənd təsərrüfatına yararlı torpaqların yarısından çoxu heyvandarlıq üçün əlverişlidir.
Deməli, digər potensial sahə kimi aqrar sektora əsaslanan emal sənayesinin qurulması perspektivləri var. Azərbaycan kərə yağ idxalının 50%-ni, ət və ət məhsularının 15%-ə qədərini xaricdən alır. Bu asılılıqdan qurtarmaq mümkündür. Əlavə olaraq, ixrac yönümlü emal edilmiş (konservləşdirilmiş) ət məhsullarının emalının təşkili perspektivlərini araşdırmaq mümkündür".

Qeyd: Rövşən Ağayevin sözügedən statusu ilə aşağıdakı linkdən tanış olmaq mümkündür

https://www.facebook.com/rovshan.agayev.90/posts/10219517659914543

27 Kasım 2020 Cuma

Samir Əliyev: "“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun ömrü başa çatır"


2020-ci ilin dekabrın 4-ü “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun ömrü başa çatır.

"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı-ekspert Samir Əliyev facebook səhifəsində bununla bağlı şərh yazıb. O şərhində qanunun tətbiq müddətinin uzadılmayacağı qənaətində olduğunu bildirib:

“Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilmişdi. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələki bu barədə xəbər yoxdur", - deyən S. Əliyev güman edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələbləri qüvvəyə minəcək: "Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq.
Əslində bütün çatışmazlıqlara rəğmən tam sığortalanma mexanizmi öz işini gördü və onu tarixə göndərməyin vaxtı çatıb. Son dəfə bağlanmış 4 bankın təcrübəsi göstərdi ki, tam sığortalanma mexanizmi xeyli problemlər yaradır. Məhdud kompensasiya verilməsini nəzərdə tutan və gələn həftədən qüvvəyə minəcək Qanunun isə təkmilləşdirilməsinə ehtiyac var”

S.Əliyev hesab edir ki, əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi üçün aşağıdakı təklifləri nəzərdən keçirmək olar.

1.Əmanətlərin tam sığortalanması mexanizmindən imtina etmək və kompensasiya məbləğinə limitin tətbiqi. Bunun üçün 2020-ci il dekabrın 4-də qüvvədən düşəcək “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddətini uzatmamaq kifayət edir.

2. Qorunan əmanətlər üçün kompensasiya məbləğinin artırılması. Kompensasiya məbləğinin həcmi hazırkı 30 min manat səviyyəsindən ən azı 70 min manat səviyyəsinə qaldırıla bilər.

3. Qorunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi. Xarici ölkələrdə olduğu kimi, fərdi sahibkarların cari hesablarının, mənzil-kommunal xidməti göstərən şirkətlərin depozitlərinin sığortalanması təmin edilə bilər. Eyni zamanda, nağdsız ödənişləri stimullaşdırmaq üçün ödəniş kartlarında (əməkhaqqı, sosial müavinətlər, sahibkarların cari hesabları) olan bütün vəsaitlər sığortalanır.

4. Əksdollarlaşma siyasətinin davam etdirilməsi. Əhalini milli valyutada olan əmanətlərə təşviq etmək üçün xarici valyutada olan əmanətlərin sığortalanması üçün illik faiz dərəcəsi 1%-ə endirilə bilər. Digər addım kimi xarici valyutada olan əmanətlərin kompensasiya məbləğini azaltmaq olar.

5. Kompensasiya verilməsi müddətinin dəqiqləşdirilməsi və qısaldılması. Qanunvericilikdə kompensasiyanın verilməsinə başlanması müddəti konkret göstərilməlidir. Eyni zamanda, bu müddət 5 təqvim gününə kimi qısaldıla bilər.

6. Ləğvetmə prosesində şəffaflığın təmin edilməsi. Ləğvetmə komissiyasının tərkibinə ictimaiyyət nümayəndələrinin, ekspertlərin daxil edilməsi, hərracların keçirilməsi prosedurlarının şəffaflaşdırılması vacibdir. Məlumatlar Fondun saytında detallı yerləşdirilməlidir.

7. Əmanətlərin Sığortalanması Fondunun işində şəffaflığın təmin edilməsi. Fond öz fəaliyyəti barədə detallı proqram və audit hesabatlarını açıqlamalıdır. Eyni zamanda, qorunan və qorunmayan əmanətlərin həcmi, valyuta strukturu, əmanət hesabları üzrə bölgüsü və s. meyarlar üzrə statistik məlumat bazası açıqlanmalıdır.


Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-dək qaldırılıb.

S.Əliyevin facebook-dakı şərhi ilə bu linkdən tanış olmaq mümkündür: 

https://www.facebook.com/samir.aliyev/posts/10221477385858071

23 Kasım 2020 Pazartesi

Azər Mehtiyev: "Orada şəhidlərimizin qanı axıb, məmurlar bunu nəzərə almalıdırlar"


"İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı alim Azər Mehtiyev "Kanal13" inetnet TV-nin qonağı olub. Verilişdə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi mövzusu ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azər Mehtiyev bildirib ki, tarixən müharibələrdə qələbə qazanan ölkələrdə böyük dirçəliş dövrü yaşanır. Onun fikrincə, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi inkişafına layiqincə qoşula bilməsi üçün ciddi işlənilən bir dövlət proqramına ehtiyac var: "Həmin proqramda bölgənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalıdır. İlk növbədə həmin ərazilərdə istehsal və sosial infrastrukturun qurulması prosesi başlayacaq. Bununla paralel olaraq regionda olan potensialın iqtisadi dövriyyə qoşulması prosesi də həyata keçiriləcək. Ərazilər sıfırdan yenidən qurulacaq. Hər şeyin yenidən qurulmasının üstünlüyü də olacaq. Bu vəziyyət bizə işğaldan azad edilən ərazilərin inkişafında yeni yanaşmanın tətbiqinə imkan yaradacaq".

A.Mehtiyevin fikirləri ilə tam şəkildə buradan tanış olmaq mümkündür:



19 Kasım 2020 Perşembe

Ekspert işğaldan azad edilən ərazilərlə bağlı sosial-iqtisadi inkişaf proqramının qəbulunu təklif edir

 

Qarabağın işğaldan azad edilən ərazilərində kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Bura həm heyvandarlığın, həm də bitkiçiliyin inkişaf etdirilməsi üçün əlverişlidir. Kənd Təsərrüfatı Nazirliyinin və müstəqil ekspertlərin açıqlamaları göstərir ki, işğaldan azad edilən ərazilərin istismarı respublikada kənd təsərrüfatının inkişafına güclü dəstək olacaq.

Bəs, bu ərazilərdə kənd təsərrüfatı fəaliyyətini təmin etmək məqsədilə ilk növbədə hansı tədbirlər görülməlidir ki, ərazilərin istismarı mümkün olsun?

Sfera.az-a danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, hökumət bu məqsədlə qısa müddətdə Dağlıq Qarabağın və ətraf rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı hazırlamalıdır. O təklif edir ki, dövlət proqramının hazırlanması zamanı regionu və sosial-iqtisadi sahələri yaxşı bilən mütəxəsislər cəlb edilsin, onların rəyi nəzərə alınsın. “Yanaşma bu cür olarsa, işğaldan azad edilən ərazilərdə qısa müddətdə iqtisadi fəaliyyətə başlamaq olar”, - deyən V.Məhərrəmov regionun həm heyvandarlıq, həm də bitkiçiyini inkişafı üçün böyük imkanlara sahib olduğunu söylədi: “Qarabağda daha çox heyvandarlığın inkişaf etdirilməsi üçün münbit şərait var. Burada kənd təsərrüfatına yararlı ərazilərin əsasını otlaq əraziləri, təbii biçənəklər təşkil edir. Bu vəziyyət həmin ərazilərdə heyvandarlığın inkişaf etdirilməsinə imkan yaradır”.

V.Məhərrəmovun fikrincə, ilk növbədə suvarmanın düzgün təşkili olmalıdır: “Son 20 ildə iqlim dəyişikliyi baş verib və bunun regiona təsiri olub. Mən bu ərazilərin işğal altında qaldığı dövrdə necə və hansı məqsədlə istifadə edilməsi ilə bağlı araşdırma aparmışam. Məlum olur ki, işğal altında qaldığı dövrdə ərazilərdə məhsuldarlıq, xüsusən taxılçılıqda çox aşağı olub. Bu onunla bağlıdır ki, ərazidə su olsa da suvarma işləri düzgün təşkil edilməyib. Əvvəlki qədər intensiv qar yağışları olmasa da mütəmadi yağışlar yağır, çoxlu sayda iri və xırda göllər var, o göllərə su yığılır. İndi həmin su ehtiyatlarından səmərəli istifadə etmək lazımdır. Suyu həm örüş, həm də əkin sahələrinə çatdırmaq lazımdır”.

Ekspert qeyd etdi ki, digər mühüm məsələ torpaqların münbitliyinin artırılmasıdır: “Kənd təsərrüfatı məhsulunu torpaq olmayan mühitdə də yetişdirmək olur. Əsas su və kimyəvi elemetlər olduqdan sonra bitki məhsulunu yetişdirmək mümkündür. İşğaldan azad edilən ərzilərdə xeyli işlər görülməlidir ki, torpaqlar münbitləşsin. Əvvəllər bizim kəndlilərin istifadə etdiyi ərazilərdə uzun müddət yağışların yağması bitkinin yetişməsi üçün zəruri olan elementləri yuyub torpağın alt hissəsinə aparıb. Həmin torpaqlar yenidən münbitləşdirilməlidir, ona həm üzvi, həm də mineral gübrələr verilməlidir.

Düşünürəm ki, örüş sahələrinin münbitləşdirilməsinə bir o qədər də ehtiyac yoxdur. Çünki örüş sahələrində olan bitkilər cürüdükcə torpaqların hums qatını artırıb. Amma əkin ərazilərində bu baş verməyib.

Bütün işlərin görülmə müddəti hökumətin çevikliyindən asılı olacaq. Mütəxəsislər gedib yerində baxmalıdır və müəyyən etməlidir ki, harda hansı işlərin görülməlidir. Məsələn, örüş sahələrindən istifadə qısa müddətdə mümkün olacaq. Hazırda örüş ərazilərinə qış yağışları yağır yazda həmin sahələrdən istifadə etmək mümkündür. Amma burada da işi düzgü təşkil etmək lazımdır. Digər rayonlarda buraxılan səhvlər burada buraxılmamalıdır. Örüş ərazilərinin ilk növbədə növbəli otarılması təşkil edilməlidir, sonra toxum səpilib suvarma işi aparılmalıdır ki, sahələrdə seyrəklik aradan qalxsın”.

V.Məhərrəmov bütün işlərin görülməsi üçün əlavə investisiyalara ehtiyac yaranacağını da dedi: “Məlumdur ki, bu ərazilərdə yaşamış insanların bəzilərinin hazırda iri və xırda buynuzlu heyvanları var. Onlar sahib olduqları heyvanları aparıb otlaq ərazilərindən örüş sahəsi kimi istifadə edə bilər.

Heyvandarlığın inkişafı üçün həm də qüvvəli, qarışıq yemə ehtiyac var. Buna görə də hökmən taxıl əkini həyata keçirilməlidir, əldə edilən məhsulu üyüdüb yem kimi verilməlidir. Əvvəlki kimi primitiv qaydada yox, yeni texnologiyadan istifadə etməklə yemləmə təşkil edilməlidir ki, ət və süd istehsalı daha çox olsun.

Əkinçilik sahələrini də qısa müddətdə istismar etmək olar. Əkin sahələri analiz edilərək, müəyyənləşdirilməlidir ki, hansı kimyəvi element var, nə qədərdir və hansı elementin nə qədər əlavə edilməsiə ehtiyac var. Bu müəyyən ediləndən sonra dərhal əkin işləri aparılıb, aqrotexniki qaydalara əməl edilməlidir.

Qeyd etdiyim işlər üçün uzun müddət lazım deyil.

İşğaldan azad edilən ərazilərdə kən təsərrüfatı gəaliyyəti üçün böyük vəsaitə ehtiyac olacaq. Əlavə kənd təsərrüfatı və digər texnikalar alınmalıdır. Traktorlara, aqreqatlara, kombaynlara, yükdaşıma üçün avtonəqliyyat vasitələrinə ehtiyac olacaq”.

16 Kasım 2020 Pazartesi

35 yaşlı Avropa Xartiyasının 20 yaşlı Azərbaycan bələdiyyələri üçün öhdəlikləri



Oktyabrın 15-i Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının elan edilməsinin 35 yaşı tamam oldu. Xartiya 1985-ci il oktyabr ayının 15-də imzalanmaya açıq elan edilib və 1988-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minib. İlk olaraq 5 ölkə – Almaniya, Avstriya, Danimarka, Lixtenşteyn, Lüksemburq Xartiyanı qəbul edib. Daha sonra Avropa Şurasına üzv olan digər ölkələr imzalanma prosesinə qoşulublar.

Keçmiş SSRİ ölkələri arasında Xartiyanın ən tez qüvvəyə mindiyi ölkə Estoniya (1995), ən gec qüvvəyə mindiyi ölkə isə Gürcüstan (2005) olub. Latviyada 1997-ci ildə, Ukrayna, Moldova və Rusiyada 1998-ci ildə, Litvada 1999-cu ildə, Azərbaycan və Ermənistanda isə 2002-ci ildə qüvvəyə minib. Hazırda Xartiyanı Avropa Şurasının 47 üzv ölkəsi ratifikasiya edib.

Yerli Özünüidarəyə Dair Avropa Xartiyası yerli hakimiyyətlərin hüquqlarının müdafiəsi standartlarını tənzimləyir və onu ratifikasiya etmiş üzv dövlətlərdən bir sıra şərtlərin və prinsiplərin icbari qaydada icrasını tələb edir. Xartiyanın preambulasında qeyd edilir ki, Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış dövlətlər yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş əsaslarından birini təşkil etdiyini, dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun demokratik prinsiplərə aid olduğunu, real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin etməsini, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokratik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti, onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan vəsaitlər baxımından geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu qəbul edirlər.

Xartiyanın tələblərinə görə, onu ratifikasiya edən hər bir ölkə Xartiyanın 1-ci hissəsinin (maddə 1 – 11) ən azı iyirmi bəndinə riayət etməyi öhdəsinə götürməlidir və onlardan ən azı on bənd aşağıdakı bəndlər arasından seçilməlidir:

* maddə 2
* maddə 3, 1-ci və 2-ci bəndlər
* maddə 4, 1-ci, 2-ci, 4-cü bəndlər
* maddə 5
* maddə 7, 1-ci bənd
* maddə 8, 2-ci bənd
* maddə 9, 1-ci, 2-ci və 3-cü bəndlər
* maddə 10, 1-ci bənd
* maddə 11.


Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra, 2001-ci il dekabrın 25-də, Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını qəbul edib və sənəd 2002-ci ildə parlament tərəfindən ratifikasiya edilərək qüvvəyə minib. Hökumət minimal tələbləri ödəməklə yanaşı, əlavə olaraq aşağıdakı maddə və bəndlər üzrə öhdəliklər götürdüyünü bəyan edib:

* maddə 4-ün VI bəndi;
* maddə 6, I və II bəndləri;
* maddə 7-nin III bəndi;
* maddə 8-in III bəndi;
* maddə 9-un IV, VII və VIII bəndləri;
* maddə 10-un II və III bəndləri


Xartiyanın əsas vacib bəndlərindən olan, ancaq Azərbaycanın qəbul etmədiyi bəndərdən biri 4.3-cü bənddir. Bənddə deyilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir. Bu bənd dövlət öhdəliklərinin əksmərkəzləşməsinin ümumi prinsiplərini nəzərdə tutur. Onun mahiyyəti odur ki, dövlət öhdəliklərinin icrası üçün səlahiyyətlər yuxarıdan aşağı yox, aşağıdan yuxarı bölüşdürülməlidir. Dövlətin strateji öhdəlikləri (məsələn, hərbi-sənaye kompleksi) öz üzərinə götürməsi anlaşılandır. Ancaq dövlət yerli əhəmiyyətli öhdəliklərin böyük hissəsini “mənimsəyərək” yerli özünüidarə qurumlarını səlahiyyətsiz qoyursa, bu halda ölkədə idarəetmənin mərkəzləşməsi baş verir. Xartiyada vətəndaşlara daha yaxın olan hakimiyyət orqanları qismində yerli hakimiyyət qurumu olan bələdiyyələr nəzərdə tutulur. Çünki hesab edilir ki, mərkəzi hakimiyyət orqanlarından fərqli olaraq yerli problemləri məhz bələdiyyələr dərindən bilirlər. 4.3.-cü bənddə səlahiyyətlərin yalnız xüsusi hallarda (vəzifənin həcmi və xarakteri, səmərəlilik və qənaət tələbləri) digərinə ötürülməsi qeyd edilir. Burada ötürülmə prinsipi səlahiyyətin onu bələdiyyə qurumu icra etmək gücündə olmadıqda mərkəzi hakimiyyətə ötürülə bilməsini nəzərdə tutur. Bu, subsidiarlıq prinsipi adlanır. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı verdiyi tövsiyələrdə bələdiyyə qanunvericiliyinə subsidiarlıq prinsiplərinin daxil edilməsini qeyd edib.

Qəbul edilməyən digər 7.2.-ci bənddə yazılır: Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini həyata keçirmələri ilə bağlı çəkdikləri xərclərin müvafiq pul kompensasiyasını, həmçinin, zərurət olduqda, əldən çıxmış faydaya, yaxud əməkhaqqına görə kompensasiyanı və müvafiq sosial sığortanı almağa imkan verməlidir. Bu bənd ona yönəlib ki, seçilmiş şəxslər öz funksiyalarını icra edərkən üçüncü tərəfin əngəlləri ilə üzləşməsinlər və müəyyən kateqoriyadan olan şəxslər maddi təminat çətinliyinə görə namizədliklərini irəli sürmək imkanından məhrum olmasınlar. Maddi təminat olaraq funksiyanın icrası üçün bələdiyyə üzvünə zəruri maliyyə kompensasiyasının verilməsi, tam iş gününü bələdiyyəyə həsr edən bələdiyyə üzvünün əvvəlki iş yerində aylıq maaşını itirməsi müqabilində maliyyə ilə təmin olunması nəzərdə tutulur. Azərbaycanda bələdiyyə qurumlarının mövcud maliyyə imkanlarının zəif olması bu öhdəliyin icrasına mane olur. Xüsusilə kənd bələdiyyələrinin illik büdcəsinin gəlirləri bələdiyyə üzvlərinin maliyyə təminatına imkan vermir. Rəsmi məlumata görə, 2019-cu ildə Ağstafa rayonunda bələdiyyələrin orta illik büdcəsi 5370 manat olub. Analoji göstərici Daşkəsəndə 6200 manat, Goranboyda 4640 manat, Cəlilabadda 4800 manat, Lerikdə 2850 manat, Yardımlıda 2860 manat olub. Sadə bir hesablama aparaq: təkcə bələdiyyə sədrinə minimum əməkhaqqı (aylıq 250 manat) vermək üçün əməkhaqqı fondunun illik həcmi 4000 manat olmalıdır. Elə bələdiyyələr var ki, onların büdcəsi bələdiyyə sədrinin əməkhaqqını ödəməyə imkan vermir. Belə olan halda, digər bələdiyyə üzvlərinə əməkhaqqı ödəmək mümkünsüz olur.

Xartiyanın 9-cu maddəsi yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələrinə həsr olunub. Azərbaycan bu maddənin 5-ci və 6-cı bəndlərini qəbul etməyib. 5-ci bənddə deyilir ki, Maliyyə baxımından daha zəif olan yerli özünüidarə orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının, yaxud yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bərabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbirlərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır. 6-cı bəndində isə yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmağın zəruriliyi qeyd edilir. Bu bəndlərdə resursların bölüşdürülməsinin konkret meyarlar əsasında həyata keçirilməsi və bu mexanizmin qanunvericiliklə tənzimlənməsi, habelə bu qanunvericiliyin hazırlanması prosesində yerli hakimiyyətlərlə məsləhətləşmələr aparılmasının zəruriliyi qeyd edilir. Hazırda qanunvericilik dövlət büdcəsindən bələdiyyələrə məqsədli və məqsədsiz maliyyə yardımı edilməsini nəzərdə tutur. Məqsədli maliyyə yardımı verilməsi təcrübəsinə bələdiyyələrin 20 illik fəaliyyəti dövründə ancaq son iki ildə başlanıb. Məqsədsiz maliyyə yardımına gəlincə, bu vəsaitlərin bölüşdürülməsinin meyarları məhduddur və ədalətli bölgünü təmin edə bilmir. 2019-cu ildə dövlət büdcəsində bütün bələdiyyələrə verilən maliyyə yardımının həcmi 5,7 milyon manat olub və bu mənbənin yerli büdcə gəlirlərində payı 15,9% təşkil edib. Dövlət büdcəsindən bələdiyyələrə verilən maliyyə yardımının dövlət büdcəsinin ümumi xərclərində payı 0,02% təşkil edib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Qrupu Azərbaycan hökumətinin Xartiyanın tələblərini yerinə yetirmə səviyyəsini qiymətləndirmək üçün 2 dəfə monitorinq aparıb. İlk monitorinqin nəticəsi olaraq 2003-cü ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycan hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsinin zəruriliyini ifadə edən “Azərbaycanda yerli və regional demokratiya” adlı Tövsiyə (126 saylı) ünvanlayıb. Növbəti monitorinq 2012-ci ildə keçirilib və 326 saylı ikinci Tövsiyə verilib. 3-cü monitorinqin keçirilməsi 2020-ci ildə nəzərdə tutulsa da, COVİD-19 pandemiyasının yayılması səbəbindən monitorinq fəaliyyəti növbəti ilə təxirə salınıb.

Hər iki Tövsiyədə qaldırılan problemlərin mahiyyəti və xarakteri eynidir. 326 saylı sonuncu Tövsiyə sənədində Konqres dərin təəssüf hissi ilə 126 saylı sənəddə milli hakimiyyət orqanlarına ünvanlanmış tövsiyələrin əksəriyyətinin indiyədək həyata keçirilmədiyini vurğulayaraq Azərbaycan hökumətini Xartiyanın ratifikasiya edilmiş maddələrinə əməl etməyə çağırıb. Konqres Azərbaycanda yerli özünüidarə institutunun Xartiyanın tələblərinə uyğun gəlməyən problemlərini qeyd edib. Onların bəziləri bunlardır:

“Bələdiyyələrin statusu haqqında“ Qanunda yerli özünüidarəetmə anlayışının qeyri-kafi və qeyri-dəqiq müəyyənliyi (Xartiyanın 2 və 3-cü maddələri);
Yerli idarəetmə sistemində paralelliyin mövcudluğu. Konstitusiyaya uyğun olaraq, yerli idarəetmə həm dövlət orqanları hesab edilən yerli icra hakimiyyəti orqanları tərəfindən, həm də son dərəcə məhdud rola malik bələdiyyələr tərəfindən həyata keçirilir (Xartiyanın 3 və 4-cü maddələri);
Bələdiyyələri dövlət idarəetmə orqanlarının bir hissəsi olan yerli icra hakimiyyəti orqanlarının faktiki tabeliyinə salan subordinasiya münasibətlərinin mövcudluğu (Xartiyanın 3 və 4-cü maddələri);
Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında vəzifə və səlahiyyətlərin dəqiq bölünməməsi (Xartiyanın 4-cü maddəsi);
Bələdiyyələrin zəif maliyyə potensialının olması. Bu, onlara təqdim edilən dövlət transfertlərinin aşağı səviyyədə olması və bələdiyyələrin malik olduqları vergi toplanması mexanizmlərinin səmərəsizliyi ilə bağlıdır (Xartiyanın 9-cu maddəsi);
Birbaşa onlara aid olan bütün məsələlər üzrə planlaşdırma və qərar qəbuletmə zamanı bələdiyyələrlə və milli bələdiyyə assosiasiyaları ilə lazımi vaxtlarda və müvafiq qaydada məsləhətləşmə prosedurlarının olmaması (Xartiyanın 4(6)-cı maddəsi);
Bir tərəfdən bələdiyyə qulluqçularının statusu və səlahiyyətlərini, digər tərəfdən isə onların hüquq və vəzifələrini tənzimləyən qanunvericilikdə olan boşluqlar (Xartiyanın 6-cı maddəsi);


Konqres Azərbaycanda yerli özünüidarə institutunda mövcud olan problemləri qabardanda əsasən 3 vacib məqamı xüsusi qeyd edir. Bu, yerli özünüidarə qurumlarının statusunun qeyri-müəyyənliyi, səlahiyyətlərinin məhdudluğu və maliyyə imkanlarının azlığıdır. Məsələn, Monitorinq Qrupu Xartiyanın 2 və 3-cü maddələrinə istinad edərək Azərbaycanda yerli özünüidarəetmə anlayışının qeyri-kafi və qeyri-dəqiq müəyyənləşdirildiyini qeyd edir. Xartiyanın 3-cü maddəsində yerli özünüidarə anlayışının izahı verilir. Xartiyaya görə, yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda isə bələdiyyələrin dövlət işlərinin bir hissəsini yerinə yetirmək hüququ tanınır. «Yerli Özünüidarə haqqında» Avropa Xartiyasının müddəalarına dair «İzahedici Hesabat» adlı sənəddə göstərilir ki, 3-cü maddədə qeyd edilən “qabiliyyət” sözü özündə müəyyən dövlət işlərinin effektiv idarə edilməsi üçün zəruri vəsaitlə təminolma zəruriliyini ehtiva edir. “Məsuliyyəti öz üzərinə götürmək” ifadəsinin izahı budur ki, yerli özünüidarə orqanlarının fəaliyyəti yuxarı hakimiyyət orqanlarının iradəsini yerinə yetirməklə məhdudlaşmır. Bu baxımdan Konqres təklif edir ki, qanunvericiliyə yenidən baxılaraq bələdiyyələrin ümumi dövlət idarəçiliyi orqanları qismində dövlət hakimiyyətini həyata keçirən əksmərkəzləşdirilmiş qurumlar kimi tanınması təmin edilsin.

Bələdiyyələrin maliyyə imkanına gəlincə, onun həqiqətən zəif olduğunu görə bilərik. 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən 1606 bələdiyyənin ümumi illik büdcəsi 36,4 milyon manat olub. Bu, o deməkdir ki, adambaşına düşən büdcə gəlirlərinin həcmi 3,6 manata bərabərdir. Bir bələdiyyənin orta illik büdcəsi 22,7 min manat olub. Bakı şəhərində bələdiyyələrin orta illik büdcəsi 185,8 min manat, Abşeron rayonu üzrə 111,8 min manat olduğu halda, digər ərazilər üzrə bu göstərici orta hesabla 15,2 min manat olub. Büdcə gəlirlərinin 27,1%-i 53 bələdiyyəni özündə birləşdirən Bakı şəhəri, 9,2%-i 30 bələdiyyəni birləşdirən Abşeron rayonu bələdiyyələrinin payına düşür.

Xatırladım ki, Azərbaycan hökuməti Yerli Özünüidarəyə Dair Avropa Xartiyasını xüsusi bəyanatla ratifikasiya edib. Bəyanatda qeyd edilib ki, Azərbaycan Respublikası Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyil. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğalı həmin əraziləri tərk etmək məcburiyyətində qalmış yüz minlərlə məcburi köçkünü yerli özünüidarə hüququnu həyata keçirmək imkanından məhrum edib. Bu hüququn bərpası yalnız işğal faktı aradan qaldırıldıqdan və məcburi köçkünlər tərk etmək məcburiyyətində qaldıqları yaşayış məskənlərinə qayıtdıqdan sonra mümkündür. 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş döyüşlər nəticəsində Azərbaycan dövləti işğal olunmuş ərazilərin əksər hissəsini geri qaytarmağa müvəffəq olsa da, obyektiv səbəblərdən həmin ərazilərdə müəyyən müddət əhalinin yerli özünüidarə hüquqlarının bərpası mümkün olmayacaq.

Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının ayrı-ayrı maddələrinin qəbulu və ona əməl edilməsi səviyyəsi hökumətlərin öz ölkəsində yerli demokratiyanın inkişafına marağını göstərən bir indikatordur. Yerli demokratiya özündə yerli səviyyədə vətəndaş iştirakçılığı, əhali rəylərinin qərar qəbulu prosesində nəzərə alınmasını, şəffaflığı və hesabatlılığı ehtiva edir. Bütün bunlara güclü yerli özünüidarə institutları qurmaqla və əksmərkəzləşmə islahatları aparmaqla nail olmaq olar. Azərbaycan ilk gündən Xartiyanın tələb olunan minimal öhdəliklərini qəbul etsə də, hələ vacib olan bəndlərin qəbuluna tələsmir.

Qeyd: Yazı ilə aşağıdakı linkdən də tanış olmaq olar

https://bakuresearchinstitute.org/az/35-year-old-european-charter-obligations-for-20-year-old-azerbaijani-municipalities/?fbclid=IwAR3U_FEEZzJaafIHqKWzfGly0MmnZysxdEm4cia2ljy7TZ9Z_r2tXOKhzCM