20 Ekim 2020 Salı

Biznes Səmərəliliyi


“Səmərəliliyin 12 prinsipi” kitabının müəllifi Harrington Emersona əsasən səmərəlilik doğru işlərin düzgün yolla edilməsidir. Verilmiş resurslardan minimum şəkildə istifadə edilməklə maksimum məhsulun əldə edilməsi biznes səmərililiyinə verilmiş digər bir tərifdir. Səmərəliliklə effektivlik bəzən oxşar mənalar ifadə etsə də, bu iki məfhum arasında incə bir fərq vardır. Belə ki, effektivlik daha ümumi anlayış olub, şirkətin hədəflərinə çatması üçün uyğun biznes fəaliyyətinin olub-olmaması ilə bağlıdır. Başqa sözlə, səmərəlilik “işləri düzgün etmək”, effektivlik isə “doğru işləri etmək” mənasını özündə ehtiva edir.

Səmərəliliyin növləri

Maliyyə səmərəliliyi şirkətin aktivlərinin gəlir əldə etmək üçün optimal istifadəsinin ölçüsüdür. Şirkətin maliyyə səmərəliliyinin qiymətləndirilməsi zamanı istifadə olunan göstəricilərə aktivlərin dövretmə əmsalı, aktivlərin gəlirlilik əmsalı, inventar dövretmə əmsalı, mənfəət marjası kimi əmsalları aid etmək olar. Qiymətləndirmə zamanı bu əmsallara ayrı-ayrılıqda deyil, harmonik şəkildə baxılması zəruridir. Harmonik baxılma olmadan bu əmsalların ayrılıqda nəzərdən keçirilməsi şirkətin yalnız bir aspektdən qiymətləndirilməsinə və təhrif olunmuş nəticə çıxarılmasına səbəb ola bilər. Nümunə olaraq, səhmdar kapitalının rentabelliyinin (return on equity-ROE) ayrılıqda nəzərdən keçirilməsinə baxaq. Belə ki, bu əmsalın yüksək olması xalis mənfəətin artımından qaynaqlanırsa, bu artımı müsbət hesab edə bilərik. Lakin bu əmsalda artım şirkətin xarici borclanmasının artması hesabına səhmdar kapitalının azalmasından irəli gəlirsə, bu artım pozitiv işarə olmaya bilər. Bunu nəzərə alaraq, bu əmsaldan yekun nəticə çıxarmaq üçün digər maliyyə əmsalları da nəzərə alınmalıdır. Əməliyyat səmərəliliyi şirkətin istehsal zamanı xərclərini minimumlaşdırması, eyni zamanda məhsul keyfiyyətini maksimumlaşdırması deməkdir. Əməliyyat səmərəliliyi iş axını zamanı gecikmələrin və səhvlərin aradan qaldırılması, optimal inventar səviyyəsinin saxlanılması, məhsul keyfiyyətinin nəzarətdə saxlanılması, təchizat zəncirinin idarə edilməsi kimi müxtəlif biznes aspektlərini özündə ehtiva edir. Bu səmərəliliyi qiymətləndirmək üçün kapasitə istifadəsi (capacity utilization), dəyər yaradan zaman nisbəti (percent value-added time) kimi əmsallardan istifadə olunur. Eyni zamanda, sektora məxsus əməliyyat səmərəlilik göstəriciləri də vardır. Nümunə olaraq, neft sektoru üçün geniş istifadə olunan əməliyyat səmərəlilik göstəricisinə “axtarış və ya kəşfiyyat uğur dərəcəsi” göstəricisini qeyd etmək olar.
Ekoloji səmərəlilik daha az tullantı və çirklənmə yaratmaqla daha çox məhsul istehsal etməkdir. Davamlı İnkişaf üçün Ümumdünya Biznes Şurasına əsasən ekoloji səmərəliliyin 7 əsas şərti vardır;

· Məhsul istehsalında material intensivliyinin azaldılması;

· Məhsul istehsalında enerji intensivliyinin azaldılması;

· İstehsalat zamanı zərərli materialların yayılmasının qarşısının alınması;

· Tükənməyən mənbələrdən maksimum istifadə;

· Məhsulların uzunmüddətli davamlılığı;

· Məhsulların xidmət çeşidliliyinin artırılması;

· Təkrar Emal.

Bu səmərəliliyi qiymətləndirmək üçün istifadə olunan indikatorlardan biri şirkətin istehsal etdiyi məhsulun dəyərinin istehsal zamanı yaranan ətraf mühit xərclərinə nisbəti olaraq hesablanır.
Ətraf mühit xərclərinə havanın çirkənməsi, tullantılar, su, enerji istifadəsi və s. aiddir. Maraqlı məqamlardan biri odur ki, Sinqapur İdarəetmə Universitetinin 45 şirkət arasında araşdırmasına əsasən dövlət şirkətləri özəl şirkətlərə nisbətən resurs istifadəsi və emissiyanın azaldılması baxımından daha yaxşı nəticə göstərirlər. Qeyd etmək vacibdir ki, ekoloji səmərəlilik ölkələrin resurs asılılığının azalmasına da töhvə verir. Təsadüfi deyil ki, səmərəliliyin bu növü Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Komissiyası və bir çox yerli hökumətlər tərəfindən təşviq edilir.

Son olaraq, məqalənin başlığında sitat verdiyimiz Harrington Emersonun “Səmərəliliyin 12 prinsipi” kitabında verilmiş prinsiplərin bir neçəsi ilə tanış olaq:

1. Aydın şəkildə müəyyən edilmiş hədəflər (Clearly defined ideals) : “Əgər hansı limana getdiyini bilmirsənsə, sənin üçün heç bir külək əlverişli deyil” sitatı verilərək kitabda səmərəlilik üçün biznesin öz hədəflərini aydın şəkildə müəyyən etməsinin zəruriliyi vurğulanır.

2. Ümumi hisslər (Common sense): Kitabda qeyd edilir ki, hər bir insanın içində ümumi hisslər vardır ki, bu hisslər olmasaydı özümüzə inam, təşəbbüskarlıq qabiliyyətimiz əskik olardı. Lakin müəllifin burada bildirmək istədiyi hər birimizdə olan ümumi hisslər yox, “üstün bir ümumi hiss”-dir. Belə ki, müəllifə əsasən biznes idarəedicisi hər bir yenilikdə görüşünü həmin vəziyyətə uyğun dəyişə bilməli və həmin vəziyyət üçün ümumi hissə sahiblənməni bacarmalıdır.

3. Uyğun məsləhət (Competent council): İstehsal və idarəetmə prosesində ortaya çıxan bütün məsələlərdə yaxşı və səriştəli məsləhətlərə ehtiyac vardır. Belə ki, bir şəxsin bütün qərarları verməsi əvəzinə, hər bir məsələ üçün ona uyğun və adekvat məsləhət verə bilən birisi tapılmalıdır.

4. Fəaliyyət mükafatı (Performance reward) : Kitabda digər bir prinsip olaraq işçilərin yaxşı fəaliyyətinə görə mükafatlandırılması vurğulanır.

5. Ədalətli davranış (Fair deal): Hər bir işçiyə qarşı ədalətli davranılmalı və heç bir halda təzyiq göstərilməməlidir.

6. Etibarlı, vaxtında və adekvat qeydlər (Reliable, immediate and adequate records): Bu prinsipə əsasən rəhbərin işçilər və istehsal prosesi haqqında bütün lazımi və ən dolğun məlumatları vaxtında alması qərarların daha sürətli qəbul edilməsinə imkan verir.

Kitabda göstərilmiş digər prinsiplərə “coşğu”, “standardlar və cədvəllər”, “standard şərtlər”, “standard əməliyyatlar”, “standard yazılı təlimatlar” və “nizam-intizam” aiddir.

Nərgiz Əhmədova


Hiç yorum yok:

Yorum Gönder