8 Ekim 2020 Perşembe

Dövlət müəssisələrinin özəlləşdirilməsi


Azərbaycanda dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi ilə bağlı proqramların həyata keçirilməsinə baxmayaraq hələ də bir sıra göstəricilərdə dövlət müəssisələri önəmli paya sahibdir. ÜDM gəlirlərində, ümumi məşğulluqda, cəmi investisiyalarda dövlət müəssisələrinin xüsusi çəkisi nəzərəçarpacaq səviyyədədir. Dövlət müəssisələri əhali üçün vacib olan bir sıra sahələrdə, o cümlədən, kommunal, səhiyyə, nəqliyyat, təhsil və digər bu kimi sektorlarda xidmət göstərirlər. 
Dövlət müəssisələrinin bazarda əhəmiyyətli paya malik olması onların özəlləşdirilməsi məsələsini aktuallaşdırır. 
İqtisadçı, "İqtisadi Forum" ekspert qrupunun üzvü Lalə Həmidova dövlət müəssisələrinin özəlləşdirilməsi imkanları ilə bağlı araşdırma aparıb. Həmin araşdırmada dövlət müəssisələrinin rolu və özəlləşdirmənin təsir imkanları tədqiq olunub. 

Azərbaycanda Dövlətə Məxsus Müəssisələrin (DMM) rolu 

Hazırda DMM-lər bir çox ölkələrdə, o cümlədən Avropa və Mərkəzi Asiya Regionunda da əhəmiyyətli bazar iştirakçılarıdır. DMM-lərin özəlləşdirilməsi proqramları həyata keçirilməsinə baxmayaraq, DMM sektoru bir sıra göstəricilər - ÜDM gəlirlərində, ümumi məşğulluqda, cəmi investisiyalarda xüsusi çəkisi üzrə yenə də əhəmiyyətli paya malikdir. DMM-lər bu regionda əhali üçün vacib olan bir sıra sahələrdə, o cümlədən, kommunal, səhiyyə, nəqliyyat, təhsil və digər bu kimi sektorlarda xidmət göstərirlər (Dünya Bankı, 2017).




Azərbaycanda da DMM-lər vacib iqtisadi və sosial rol oynamağa davam edirlər. Onlar bir sıra sahələrdə:
* Iri ixracyönümlü sektorlarda – neft və qaz, enerji istehsalı və paylanması kimi sektorlarda mühüm paya malikdir;
* su təchizatı, dəmir yolu, hava nəqliyyatı və rabitə kimi ictimai xidmət sahələrində də əsas iştirakçıdırlar.

Bu xidmətlərin fasiləsizliyinin və onların keyfiyyətinin monitorinqi dövlətin mülkiyyətçi kimi əsas vəzifələrindən biridir.

Ölkəmizdə fəaliyyət göstərən DMM-lərin sayı və miqyası ilə bağlı məlumatlar məhdud xarakter daşıyır. DSK-ya əsasən, Azərbaycanda 2846 dövlət təşkilatı, qurumu və dövlət səhmli müəssisəsi mövcuddur. Dövlət sektorunu və DMM-ləri təşkil edən bu təsisatlarda təxminən 1,2 milyon insan çalışır ki, bu da ölkədə ümumi məşğulluğun 25%-ni təşkil edir.

Hökumət ən iri 20 DMM-in fəaliyyətini ümumi qanunvericilik və xüsusi normativ aktlar vasitəsilə tənzimləyir və nəzarət edir. Eyni zamanda, bu təşkilatlar, o cümlədən ən iri DMM-lər haqqında məlumatlar məhdud xarakterlidir və bir qayda olaraq ictimaiyyətə açıqlanmır. Belə bir təcrübə hökumətə DMM-lərin fəaliyyətini qiymətəndirməyə imkan vermir, və bazar iştirakçılarının şəffaflıq və açıqlama ilə bağlı gözləntilərini doğrultmur.

Dünya Bankının hesabatına əsasən Azərbaycanda fəaliyyət göstərən ən əhəmiyyətli 15 DMM-dən, yalnız 6 DMM öz maliyyə məlumatlarını açıqlayır, yalnız 4-ü şəffaflıq və məlumatların açıqlanması ilə bağlı ölkə qanunvericiliyinin tələblərinə və bazar iştirakçılarının gözləntilərinə cavab verir.

Azərbaycanda üç növ DMM mövcuddur: səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və xüsusi hüquqi-təşkilati forma. Əksər DMM-lər son 20 il ərzində səhmdar cəmiyyətlərinə çevrilmişlər, lakin xüsusi hüquqi-təşkilati formada yaradılmış bəzi müəssisələr hələ də mövcuddur. Bunlara bir neçə istehsalat birliyi (Sovet sisteminin mirası) və bir dövlət müəssisəsi – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) aiddir (tamamilə dövlətə məxsus olan və dövlət tərəfindən idarə edilən kvazi-dövlət şirkəti). Bəzi DMM-lər: Azərsu, Aztelekom və Bakı Telefon Rabitəsi öz sahələrində kvazidövlət və ya, demək olarki, inhisarçı statusuna malikdirlər.

Son illərdə Azərbaycan hökuməti DMM-lərin özəlləşdirilməsi və səhmdar cəmiyyətə çevrilməsi istiqamətində ciddi islahatlara başlayıb. Bu islahatların həyata keçirilməsi kiçik və orta DMM-lərin özəlləşdirilməsi, və iri müəssisələrdə idarəetmə və əməliyyatların təkmilləşdirilməsi baxımından qismən uğurlu olmuşdur. Azərbaycan hökuməti hazırda DMM-lərlə bağlı mülkiyyət və nəzarət funksiyaları, onların səmərəliliyi və dövlət büdcəsinə ayırmalarının artırılmasının istiqamətində çalışır.

Dövlət müəssisələri bazasında yaradılmış səhmdar cəmiyyətlərinin illər üzrə bölgüsü


Mənbə: www.privatization.az 


Dövlət mülkiyyətində olan müəssisələr (2019)


Mənbə: stat.gov.az 


Özəlləşdirmə: normativ-hüquqi aktlar

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə iqtisadiyyatında özəlləşdirmə prosesini həyata keçirmək və onu sürətləndirmək üçün bir çox normativ-hüquqi aktlar yaradılmışdır. Belə ki, 2000-ci ilin avqust ayında özəlləşdirmənin II Dövlət Proqramının qəbul edilməsi ilə özəlləşdirmə prosesinin ikinci mərhələsinə start verilmişdir. II-ci Proqrama dövlət əmlakının fərdi layihələr üzrə özəlləşdirilməsi, müflis elan olunmaqla satış üsulları daxil edilmiş, əmək kollektivi üzvlərinə verilən güzəştlər optimallaşdırılmış, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması, restrukturizasiyası, özəlləşdirilmiş müəssisələrin dövlət tərəfindən dəstəklənməsi, infrastruktur sahələrin idarəetməyə verilməsi vasitəsi ilə Dövlət – Özəl Tərəfdaşlığı prinsipinin tətbiqinə yer ayrılmışdır.

“Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin № 1003 saylı, 19 iyul 2016-cı il tarixli Fərmanında da qeyd edilir ki, ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilmişdir.

Adı çəkilən fərmanda Nazirlər Kabinetinə tapşırılmışdır ki:

- orta müddətli dövr ərzində: dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirsin, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirsin və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görsün;

- özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- özəlləşdirmə və idarəetməyə vermə prosesində meydana çıxan sosial problemlərin həllinə dair, o cümlədən istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların ödənilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Fərmanda həmdə qeyd olunur ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilsin.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin № 550s saylı, 21 oktyabr 2016-cı il tarixli Sərəncamında qeyd edilir ki;

1. “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin Siyahısı” təsdiq edilsin (siyahıda 417 müəssisənin adı qeyd edilir. Bunların arasında iri müəssisələrlə yanaşı müxtəlif kiçik müəssisələrin də adı qeyd edilir. Məsələn bu siyahıda SOCAR, Azərenerji, Azərsu, AZAL, Azərbaycan Dəmir Yolları və digər iri müəssisələrin adı çəkilir);

2. “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” təsdiq edilsin (bu siyahıda 136 müəssisənin adı çəkilir);

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyasının həyata keçirilməsi baxımından onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin özəlləşdirilməsi üçün tədbirlər görsün.

Azərbaycan Respublikasinin Nazirlər Kabineti №381 saylı, 4 sentyabr 2019-cu il tarixli digər qərarı ilə “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nı təsdiq etmişdir.

Həmin qərarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Qərarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır.

Qeyd olunanlarla yanaşı özəlləşdirməyə açıq elan edilən müəssisə və obyektlər barədə məlumatların ictimaiyyətə daha operativ, açıq və şəffaf yolla çatdırılması üçün, həmçinin investorların bu sahədə məlumatlılığının artırılması məqsədi ilə “Özəlləşdirmə Portalı” (www.privatization.az) yaradılmışdır. Portalda Azərbaycanın dünya və regional iqtisadiyyatda oynadığı rol, özəlləşmə sahəsində tətbiq edilən yeniliklər, özəlləşdirmə və idarəetmə sahəsində mövcud qanunvericilik bazası, müvafiq statistik göstəricilər təqdim edilir, habelə investorları maraqlandıran sualların onlayn şəklində operativ cavablandırılması üçün “onlayn əlaqə” xidməti də fəaliyyət göstərir.

Prioritet sektorlar daxil olmaqla, dövlət əmlakının idarə olunmasının səmərəliliyinin artırılması, özəlləşdirilməsi və idarəetməyə verilməsi sahələrində yeni yanaşmaların tətbiqinə başlanılmış, özəlləşdirilən dövlət əmlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq, o cümlədən elektron hərraclar və investisiya müsabiqələri vasitəsi ilə satışa çıxarılması təmin edilir.

Dövlət mülkiyyətinin idarə edilməsi sahəsində həyata keçirilən tədbirlər:

§ daşınmaz əmlakın qeydiyyatı,

§ torpaqların elektron kadastr uçotunun aparılması,

§ torpaqlardan səmərəli istifadə olunması və mühafizəsi sahəsində qeydiyyat prosesi sadələşdirilmiş, bu istiqamətdə elektron xidmətlərin sayı çoxaldılmış,

§ “Kütləvi çıxarış” kampaniyaları, “Mobil ofislər” fəaliyyətə başlanması,

§ vətəndaşın istəyindən asılı olaraq daşınmaz əmlaka dair çıxarışların elektron şəkildə verilməsi təmin edilməsi,

§ daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqqlarını hesablamağa imkan verən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilməsidir.

Dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikili və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətinə (SC) çevrilib və onların səhmləri çek və pul hərraclarında satılıb. Özəlləşdirilmə prosesində 250 mindən çox səhmdar səhm sahibi olmuş, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Ümumilikdə 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada faydalanmışdır. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdikləri təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1.1 milyard manat məbləğdə investisiyalar yatırılmış, istehsalın həcmi 1.5 milyard manat artmışdır (mənbə: www.privatization.az ).

Nəticə

Azərbaycanda enerji, nəqliyyat, rabitə və kommunal sektor dövlət şirkətləri tərəfindən idarə olunur. Neft gəlirlərindən böyük pay alan, habelə xarici maliyyə qurumlarından dövlət zəmanətli iri kreditlər almış bu sahələrdə davamlı modernləşdirmə tədbirləri həyata keçirilib, amma hökumətin gözləntiləri özünü doğrultmayıb.

Dövlət Neft Şirkəti, “Azərsu”, “Azərenerji”, “Azəriqaz” ASC-lər, AZAL, Bakı Metropoliteni, büdcəyə yük olaraq qalır. Onların büdcə qarşısında illik öhdəlikləri ilə büdcədən aldıqları investisiya xərcləri arasında kəskin disbalans var. Yəni, bəzən verdiklərindən daha çox vəsaiti investisiya xərci kimi geri alırlar. Əhalidən yığılan kommunal haqların, investisiya layihələrində, xarici kreditlərin xərclənməsində şəffaflığın aşağı səviyyədə olması başlıca problem olaraq qalır. Azərbaycanın 10 milyard dollara çatan xarici borcunun əsas hissəsini də bu qurumların aldıqları dövlət zəmanətli xarici kreditlər təşkil edir.


Hiç yorum yok:

Yorum Gönder