23 Ocak 2021 Cumartesi

Samir Əliyev: "SOCAR səhmdar cəmiyyətə çevrilməlidir"


"Azərbaycanın ən böyük şirkəti olan SOCAR dövlət şirkətləri içində korporativ idarəetmə standartlarından ən çox uzaq olan şirkət olub. Məlumat üçün bildirim ki, büdcə daxilolmalarının bir qayda olaraq 6-8%-i, vergi gəlirlərinin 15-17%-i bu şirkətin payına düşür. 2018-ci ilin sonuna şirkətdə çalışan işçilərin sayı 51125 nəfər olub. 2019-cu ildə şirkətin aktivlərinin həcmi65,4 milyard AZN, ümumi gəlirləri isə 83,8 milyard AZN olub. Belə bir böyük şirkətin nəzarətdən kənar qalması əlbəttə düzgün deyil".
Bu haqda "İqtisadi Forum" Ekspert Qrupunun üzvü, iqtisadçı Samir Əliyev facebook-dakı statusunda (https://www.facebook.com/samiraliyev/posts/10221882040894194) qeyd edib. SOCAR-ın hesabatlarında dövri olaraq vurğulanır ki, şirkət Korporativ idarəetmə prinsiplərinə əsasən, mərkəzləşdirilmiş idarəetmə sistemi tətbiq edir. S.Əliyev hesab edir ki, reallıq bundan uzaq olduğunu göstərir: "Uzun müddət SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi müşahidə şurası mövcud olmayıb. Bu funksiyanı ölkə prezidenti həyata keçirib. Şirkətin idarə heyəti funksiyasını isə Şirkət Şurası icra edib. Şuranınn tərkibinə şirkətin prezidenti, vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən müəyyən olunan digər vəzifəli şəxslər daxil olub. SOCAR-da audit fəaliyyəti Şirkətin Prezidenti yanında yaradılmış Audit Komitəsi tərəfindən həyata keçirilib. Halbuki Mülki Məcəllənin 107-ci maddəsinə görə, Audit komitəsi cəmiyyətin direktorlar şurası (müşahidə şurası) tərəfindən yaradılır və ona tabedir.
Göründüyü kimi korporativ standartlarda daxili audit bölmələri icraçı orqana (idarə heyəti) deyil, nəzarət edən quruma direktorlar şurasına (müşahidə şurasına)tabedir. Bu tabeçilikdə məqsəd icra prosesinə nəzarət etmək, şəffaflığı təmin etməkdir. SOCAR-ın nümunəsində isə icraçı qurumun rəhbəri həm daxili nəzarət bölməsini yaradır, həm də ona nəzarət edir. İcra qurumunun fəaliyyətinə isə daxili nəzarət yoxdur. Prezidentin son Fərmanı SOCAR-da korporativ idarəetmənin qurulması istiqamətində atılan addımdır. Çünki burada qarşılıqlı nəarət mexanizmi formalaşacaq. Yəni İdarə Heyətinin Müşahidə Şurası qarşısında hesabatlılığı, Audit Komitəsinin İdarə Heyətindən asılı olmadan onun fəaliyyətinə nəzarəti qarşılıq nəzarət üçün effektiv mexanizm hesab olunur".


S.Əliyev qeyd edib ki, yeni yaradılmış Müşhaidə Şurası qarşısında həlli vacib olan məsələlər durur:
- SOCAR-ın hüquqi statusundakı qeyri-müəyyənliyin aradan qaldırılması və onun səhmdar cəmiyyətinə çevrilməsinin təmin edilməsi
- Şirkətin yaxın 5-10 il üçün Strateji İnkişaf sənədinin hazırlanması
- Şirkətin, o cümlədən törəmə şirkətlərinin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılması
- Şirkətin xarici borc öhdəliklərinin idarə edilməsi
- Şirkətin hüquqi və şaqulu inteqrasiya hədəflərinin məhdudlaşdırılaraq kiçildilməsi
- SOCAR ilə dövlət arasında maliyyə axınlarını tənzimləyən müvafiq normativlər və qaydaların qəbulu
Onun fikrincə, yeni dəyişiklik faktiki olaraq Rövnəq Abdullayev vəzifəsində qalacağı təqdirdə onun səlahiyyətinin məhdudlaşdırılması deməkdir: "Ancaq həm Müşahidə Şurasının, həm də İdarə Heyətinin üzvlərinin prezident tərəfindən təyini gələcəkdə Şirkətdə ikihakimiyyətlilik yarada bilər. Hər halda bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının acı təcrübəsi var. Ona görə də banklarda olduğu kimi İdarə heyəti üzvlərinin Müşahidə Şurası tərəfindən təsdiqi daha uğurlu sayılır".


Hiç yorum yok:

Yorum Gönder