13 Ocak 2021 Çarşamba

İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirləri ilə bağlı konfrans keçirilib



Yanvarın 12-də Regional Əməkdaşlıq üzrə Qara Dəniz Trastının (The Black Sea Trust for Regional Cooperation) dəstəyi, Media və İctimai Təşəbbüslər Mərkəzinin təşkilatçılığı ilə "İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlər: hökumətin siyasəti və nəticələr" mövzusunda ZOOM konfrans keçirilib. Konfransa dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin nümayəndələri, yerli və xarici ekspertlərin iştirakı ilə təqdimat dinlənilib və onun ətrafında müzakirələr aparılıb. Tədbirdə ümumilikdə 26 nəfər iştirak edib.

"İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlər: hökumətin siyasəti və nəticələr" mövzusunda təqdimatla İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev çıxış edib.

R.Ağayev bildirib ki, 2020-ci ildə sərt karantin rejiminin tətbiqilə bağlı 600 min nəfər işsiz şəxsə (o cümlədən qeyri-formal işləyən şəxslərə) birdəfəlik ödəmə proqramı çərçivəsində aylıq 190 manat məbləğində müavinət ödənilib. Ümumilikdə həmin proqramın icrası üçün 450 milyon manat vəsait sərf olunub. 

R.Ağayev qeyd edib ki, qeyri-formal məşğulluğun miqyası böyük olduğundan bir çox insan müavinət ala bilməyib: "Qeyri-formal məşğulluq işsizlik üçün ən ciddi problemdir, çünki bu təbəqə müqaviləsiz və sığortasız çalışdığıü üçün istənilən riskli və böhranlı şəraitdə sosial müdafiəsiz qalırlar. Qeyri-rəsmi məşğulluğun əhəmiyyətli bir hissəsi küçə ticarəti, evdə yaşlılara və uşaqlara baxım, mənzillərə xidmət (ustaların fəaliyyəti) və s. kimi işləri əhatə edir. Pandemiya və sərt karantik rejiminin tətbiqi, izolyasiya tədbirləri insanların böyük əksəriyyətini bu tip xidmətlərdən imtina etməyə, küçə xidmətlərini məcburi qaydada təxirə salmağa məcbur edir. Rəsmi statistikaya görə, hazırda 4,888 milyon nəfər məşğul əhalinin cəmi 1,682 milyon nəfəri (34,4%-i) əmək müqaviləsi) ilə çalışır və işszilik sığortası ödəyir. Ən yaxşı halda iqtisadi fəal hesab olunan əhalilinin hər 3 nəfərindən 1 nəfərinin işsizlikdən sığortası mövcuddur". 

Məruzəçi söylədi ki, Covid-19 pandemiyasının son 1 ildə dünyanı üzləşdirdiyi ağır sosial-iqtisadi şərait göstərdi ki, hökumətlər istənilən fövqəladə və gözlənilməz dövr üçün risk həssaslı sosial müdafiə sistemi, eləcə də işsizlikdən müdafiə mexanizmləri qurmalıdırlar: "Covid-19 koronavirus pandemiyası Azərbaycanda potensial olaraq isşizlik riski ilə üzləşə biləcək əhalinin sosial müdafiəsinin təşkili ilə bağlı bir sıra çağırışları ortaya qoydu. Məlum oldu ki, sakit dövrlərdən fərqli olaraq iqtisadiyyatın qapadılmasına, iqtisadiyyatın daralmasına səbəb olan hadisələr baş verdiyi mərhələdə genişmiqyaslı qeyri-formal məşğulluq daha ciddi sosial təhlükəsizlik probleminə çevrilir".

R.Ağayevin "İşsizlərə pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlər: hökumətin siyasəti və nəticələr" mövzusundakı təqdimatı ilə daha geniş şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür. 

https://iqtisadiforum.blogspot.com/2021/01/issizlr-pandemiyann-mnfi-tsirlrinin_13.html




Hiç yorum yok:

Yorum Gönder