22 Ağustos 2020 Cumartesi

Azad sahibkarlığı olmayan 30 illik müstəqillik



Prezident İlham Əliyev avqustun 8-də keçirdiyi müşavirədə Azərbaycanda iqtisadiyyatın liberallaşdırılmasından danışıb. Dövlət başçısı AZAL, SOCAR kimi iri dövlət şirkətlərini tənqid edib, eyni zamanda dövlət büdcəsindən vəsaitlər alan bir çox dövlət şirkətlərinin özəlləşdirilməsini təklif edib. “Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznes plan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik”, - prezident müşavirədə deyib. Prezident elə həmin gün Azərbaycan İnvestisiya Holdinq publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iri dövlət şirkətlərinin özəlləşdirilməsi mümkündürmü? İqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev ASTNA-ya bu mövzuda danışıb.

-Azər bəy, prezident avqustun 8-də keçirdiyi müşavirədə iqtisadiyyatın liberallaşdırılmasından danışıb. Sizcə, indiki şəraitdə və indiki şərtlərlə bunu etmək mümkündürmü?

-Əvvəla onu dəqiqləşdirmək lazımdır ki, liberallaşma deyəndə prezident nəyi nəzərdə tutur. Ona görə ki, ümumiyyətlə, liberallaşma deyəndə adətən ölkədə qanun qarşısında hər kəsin bərabərhüquqlu olması, hər kəs üçün bərabər şərtlərin yaradılması nəzərdə tutulur. Qanun qarşısında bərabərlik- heç kəsin qanunda nəzərdə tutulan şərtlərdən fərqli bir vəziyyətə malik olmamasını əks etdirir. Burada ən vacib şərt ədalətli və müstəqil məhkəmə sisteminin olmasından keçir. Azərbaycanda da uzun müddətdir ki, ən çox danışılan və ən çox problem kimi qabardılan məsələ bundan ibarətdir. Çünki rəqabətli iqtisadiyyat qurmağın əsas şərti bu hesab olunur. Xüsusilə, mülkiyyət hüququnun qorunması, məhkəmə qərarı olmadan mülkiyyətin kiminsə əlindən alınmasının mümkünsüzlüyü və s. Bu problemlərin olması İqtisadiyyatın Inkişafı üzrə Strateji Yol Xəritəsində də təsbit olunmuşdu və qeyd olunmuşdu ki, bu istiqamətlər üzrə islahatlar həyata keçiriləcək. Ancaq təəssüf ki, biz son illər atılan müəyyən addımlara rəğmən liberal iqtisadiyyatın bünövrəsini təşkil edən bu prinsiplərin təmin olunması istiqamətində hər hansı bir dəyişiklik görmürük. Bu baxımdan ölkədə liberal iqtisadiyyat qurmağın bünövrəsi buradan başlayır. Bu hüquqi institusional baxımdan məsələyə yanaşmadır. İkinci tərəfdən isə Azərbaycan artıq müstəqilliyini bərpa etməsinin 30-cu ilinə yaxınlaşır. Ancaq təəssüf ki, indiyə qədər ölkədə normal, azad sahibkarlıq formalaşmayıb. Ölkədə daha çox məmur sahibkarlığı mövcuddur. Bu da ölkə iqtisadiyyatını sərt inhisarlaşmaya gətirib çıxarıb. Rəqabət mühiti yoxdur. İndiyə qədər ölkədə normal, haqlı rəqabət şəraitində fəaliyyət göstərə biləcək sahibkarların yetişdirilməməsi həmin o liberallaşma şərtlərini xeyli dərəcədə çətinləşdirir.

-Prezident eyni zamanda büdcədən hər il yardım alan iri dövlət şirkətlərinin (AZAL, SOCAR, ADY) özəlləşdirilməsi barədə də danışıb. Təklif çox cazibədar səslənir. Amma bu addımın atılması yəqin ki, həmin sahələrin kuratorlarına və həmin sahələrə rəhbərlik edən məmur ordusuna sərf etməyəcək və onlar süni əngəllər yaradacaqlar. Sizcə, bunu önləmək üçün hansı addımlar atılmalıdır? Ümumiyyətlə, bu təklifə real baxmaq olarmı?

-Dövlət başçısı iri dövlət şirkətlərinin təsərrüfatçılıq prinsiplərini kəskin tənqid etdi və qeyd etdi ki, bu şirkətlər çox bədxərc fəaliyyət göstəriblər. Ancaq bunların qeyd edilməsi üçün çox uzun zaman keçib. Hətta 2000-ci illərdə artıq Azərbaycanda iri dövlət şirkətlərinin, kommunal sektorun xarici investorları cəlb etməklə uzunmüddətli idarəetməyə verilməsi məsələsi gündəmə gəlmişdi və bu prosesə start verilmişdi. Hətta bunun üçün müəyyən hüquqi baza da formalaşdırılmışdı. Lakin sonradan böyük neft pullarının ölkəyə daxil olması ilə bu məsələlər unuduldu və nəinki xarici investorların cəlb edilməsi ilə bu sektorun idarəetməyə verilməsi unuduldu, hətta dövlət büdcəsindən vəsait ayrılmasına rəğmən bu kommunal müəssisələrin, yəni iri dövlət şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində demək olar ki, ciddi bir addım atılmadı. Sadəcə olaraq onların adlarındakı “Dövlət şirkəti”, “Dövlət konserni” - Açıq və ya Qapalı Səhmdar Cəmiyyət kimi adlarla əvəz olundu. Ancaq bu adlar heç bir halda özünü doğrultmadı. Heç bir korporativ idarəetmə tətbiq edilmədi. Bu şirkətlərin fəaliyyətinin şəffaflığının, hesabatlılığının qurulması istiqamətində ciddi addımlar atılmadı. Həmin şirkətlərin özlərində də ciddi bir məsuliyyət mexanizmi formalaşdırılmadı. Bir tərəfdən, dövlət tərəfindən ayrılan vəsaitlərin necə istifadə olunması ilə bağlı hesabatlılıq sxemi qurulmadı. Digər tərəfdən, şirkətlərin özlərinin əldə etdiyi gəlirlərin hara və necə xərclənməsi açıqlanmadı. Həmin dövlət şirkətlərini idarə edənlərin böyük məbləğdə əməkhaqqı almalarına rəğmən idarəetmənin təkmilləşdirilməməsi ona gətirib çıxardı ki, bu şirkətlərdə dövlət satınalmaları, özlərinin fəaliyyətin təşkili istiqamətində proseslər qapalı həyata keçirildi və bu da korrupsiya, mənimsəmə imkanlarını genişləndirdi. Şirkətlər inkişaf etdikcə dövlət büdcəsinə daha çox vergilər ödəmək əvəzinə vergi ödəmələri azaldı. Düzdür, 2015-cü il böhranı zamanı şirkətlərdən bir qədər daha çox vergi toplanmağa başladı, lakin bu da müvəqqəti xarakter daşıdı. Yenidən dünya bazarında neft qiymətlərinin sabitləşməsi həmin şirkətlərə diqqətin azalması ilə nəticələndi. İndi hər dəfə neftin qiyməti aşağı düşəndə bu məsələ gündəmə gəlir. Ancaq elə 2015-ci il böhranından sonra iri dövlət şirkətlərinin fəaliyyətinin səmərəli artırılması istiqamətində müxtəlif qərarlar verilsə də hələ ki bu istiqamətdə ciddi bir addımın şahidi olmamışıq. Bu şirkətlərin özəlləşdirilməsi məsələsi də mürəkkəb bir məsələdir. Çünki bu şirkətlərin böyük əksəriyyəti Azərbaycan iqtisadiyyatında inhisarçı bir yer tutub. Məsələn, bu AZAL-a, SOCAR-a, “Azərsu”ya aiddir. Bütün bu şirkətlər əslinə qalsa təbii inhisar olan fəaliyyət sahələridir. Məsələn, AZAL və ya “Azərdəmiryol”. Aeroprt xidmətlərindən və dəmir yolundan istifadə, yük, sərnişin daşınmasının həyata keçirilməsi liberal olmalıdır. Burada çoxsaylı operator fəaliyyət göstərə bilər. Ancaq bizdə bütün bu fəaliyyət sahələri şirkətlər tərəfindən inhisara alınıb. Və bu inhisarçılıq məmur sahibkarlığının inkişafına xidmət edən bir elementə çevrilib. Bu baxımdan dövlət şirkətlərinin kifayət qədər ciddi problemləri mövcuddur.

-Prezident həmçinin deyib ki, Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələrin böyük əraziləri var, həmin ərazilərdə yeni sənaye müəssisələri yaradıla bilər. Bu təklifin reallaşmasını necə dəyərləndirirsiniz?

-Bir sıra kiçik və orta sənaye müəssisələrinin, məsələn, maşınqayırma və digər tipli müəssisələrin əraziləri qalmaqdadır. Onların özəlləşdirilməsi və ya hansısa investora satılması məsələsi çoxdan görülməli olan bir məsələ idi. Əslində 2015-ci il böhranından sonra bu məsələ qalxmışdı. Burada diqqəti cəlb edən bir neçə məsələ var. Əvvəla, Azərbaycanda privatization.az saytına baxsaq, orada bir neçə belə müəssisənin özəlləşməyə açıq elan olunduğu, hətta investisiya müsabiqələrinin elan olunduğunu görə bilərik. Ancaq qəribədir ki, bu işləməyən müəssisələrin çoxdan borcları yığılıb qalıb. Dövlət sanki həmin o borcları o investora ödətdirmək istəyir. Bu da investorlar üçün, xüsusilə xarici investorlar üçün cəlbedici olmayan bir şeydir. Çünki o müəssisələrin əslinə qalsa, əvvəlki fəaliyyətlərini davam etdirməsi mümkün deyil. Onların tamamilə yenidən qurulmasına, yeni texnologiyalar tətbiq edilməsinə ehtiyac var. Faktiki olaraq o müəssisələrin özəlləşdiriləcəyi halda orada yalnız torpaq sahəsindən söhbət gedə bilər. Hətta bir çox müəssisələrin, ümumiyyətlə, hər hansı bir formada yararlı olub-olmaması da sual altındadır. Bu baxımdan ilk növbədə o investisiya müsabiqələrində o borcların birdəfəlik silinməsinə ehtiyac var. İkincisi, həmin sahələr üzrə tanınmış xarici şirkətlər ölkəyə cəlb edilməlidir. Bu da artıq xarici investorlar üçün Azərbaycanın nə dərəcədə cəlbedici ölkə olması məsələsini gündəmə gətirir. Ölkə daxilində isə bu tip müəssisələri özəlləşdirə biləcək sahibkarların sayı məhduddur. Olsa da bunlar yalnız məmur sahibkarlar ola bilər. Yalnız məmurların Azərbaycanda bu qədər sərvəti almaq imkanı var. Bu isə ölkədə sərvətin daha kiçik qrupun adına cəmləşməsinə gətirib çıxaracaq bir addım ola bilər.

-İri dövlət şirkətlərinin özəlləşdirilməsi cazib təklif olsa da ölkədəki yazılmış və yazılmamış qanunlar xarici investorları ölkəyə gəlmək üçün həvəsləndirəcəkmi?

-Xarici investorların ölkəyə cəlb olunması xüsusi bir məsələdir. Ona görə ki, uzun illərdən Azərbaycana cəlb olunan xarici investorlar əsasən neft sektoruna cəlb edilib. Neft sektoru yüksək gəlirli olduğu üçün investorlar üçün cəlbedicidir. Neft sektoruna gələn investorlar üçün xüsusi hüquqi mühit hazırlanıb. Bu hasilatın pay bölgüsü sazişləridir ki, bu sazişlərin hər biri qanun səviyyəsində Milli Məclisdə qəbul olunur, prezident tərəfindən imzalanır və beynəlxalq müqavilə statusu alır. Həmin müqavilələrin şərtlərinin pozulması hallarına beynəlxalq məhkəmələrdə baxılır. Ancaq qeyri-neft sektoruna gələn investorların sayı çox azdır. Və bütün o investorlar birbaşa dövlət məmurları ilə bilavasitə əlaqə qurmaqla onların patronajlığı altında ölkəyə gəlir. Yalnız bunun hesabına fəaliyyət göstərə bilirlər. Gəldikləri sahədə faktiki olaraq inhisarçı mövqe tuturlar. Bu da onların məmurlarla münasibətləri hesabına mümkün olur. Ancaq ölkədə qanunların işləməməsi, ölkədə mülkiyyət hüquqlarının qorunmaması, məhkəmələrin müstəqil və ədalətli olmaması, idarəetmədə rüşvət və korrupsiyanın geniş yayılması haqda xarici investorlar beynəlxalq indekslərdən və reytinqlərdən məlumatlıdırlar. Onlar elə Azərbaycanda məhkəmə prosesləri haqda gedən məlumatlarda zaman-zaman dövlət məmurlarının biznesi necə yağmalamasının şahidi olurlar. Ayrı-ayrı nazirlər həbs olunduqda o nazirlərin biznes qurumlarının başına gətirdikləri haqda məlumatlardan xəbərdar olurlar. Və təbii ki, belə bir şəraitdə qeyri-neft sektoru üzrə ölkəyə investorun gəlməsi çətinləşir. Düzdür, xarici investorun gəlməsi üçün eyni zamanda bazarın həcmi, bazarın böyüməsi imkanları kimi amillər də rol oynayır. Ancaq Azərbaycanın coğrafi mövqeyi əslində bazarın böyüməsi üçün imkan verir. Lakin Azərbaycan indiyə qədər həmin imkanlardan da normal istifadə etməyib. Çünki Azərbaycanın gömrük-buraxılış məntəqələrində olan rüşvət və korrupsiyanın səviyyəsi o qədər yüksək olub ki, xarici investorlar hətta bu şəraitdə ölkəyə gəlsə belə onlar bazarın böyüməsi imkanlarından məhrum olurdular. Bu da Azərbaycan bazarının kiçik olmasına gətirib çıxarır ki, investorlar üçün də cəlbedicilik yaratmır. Bu baxımdan qanunvericilik mühitinin yaxşılaşdırılması ilə yanaşı biz mütləq gömrük- buraxılış məsələsini birdəfəlik həll etməliyik ki, bunun hesabına dünya iqtisadiyyatı ilə əlaqələr qurmaq mümkün olsun. Nəhayət, burada Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olması məsələsi var. İnvestorlar üçün bu, çox önəmlidir ki, onların ölkədə istehsal etdikləri məhsulları bütün dünyaya sərbəst şəkildə aparmaq və beynəlxalq qanunlardan yararlanmaq imkanları olur. İndiki halda Azərbaycan bu imkanlara malik deyil. Xarici investorların cəlb olunması üçün Azərbaycanda şərtlər çox ağır olaraq qalır. Hökumət bu səbəbdən gələn investorlarla fərdi qaydada söhbət aparmalı olur. Adətən ərəb ölkələrindən olan pullu iş adamlarını ölkəyə cəlb edə bilirlər. Amma xarici investorların cəlb olunması təkcə pul cəlb olunması deyil. Xarici investorların ölkəyə cəlb olunmasından bizim ən böyük gözləntimiz müasir biznes mədəniyyətinin, menecmentliyin, texnologiyaların ölkəyə gətirilməsidir. Bizim buna ehtiyacımız var.

-Necə olur ki, iri dövlət şirkətləri büdcədən hər il yardım alırlar, amma onlara rəhbərlik edən şəxslərə malik çox sayda mal-mülk barədə onları sorğulayan yoxdur və bu vaxta qədər olmayıb? Liberal iqtisadiyyat qurmaq istəyən hakimiyyət niyə korrupsiya faktlarına göz yumur?

-Ümumiyyətlə, dövlət idarəetməsində və xüsusilə iri şirkətlərdə korrupsiya məsələsi ağır olaraq qalmaqdadır. Təəssüf ki, illər uzunu bu məsələ müzakirə olunsa da iri şirkətlərin xərcləri ildən-ilə artır və dövlət büdcəsindən böyük məbləğdə vəsaitlər alırlar. Buna baxmayaraq, onlar yüksək əməkhaqqı ilə təmin olunublar. Ancaq bunun müqabilində onların fəaliyyətində şəffaflığı, hesabatlılığı təmin edə biləcək mexanizmlər olmayıb. Ona görə hansı iri dövlət şirkətlərinin fəaliyyətinə baxsaq, ya şirkətlərin özü, ya da həmin şirkətlərin idarəetməsində olan şəxslər xaricdə, ofşor zonalarda çoxlu sayda şirkətlər yaradıblar. Demək olar ki, münasibətləri bu şirkətlər vasitəsilə həyata keçirirlər. Gəlirlərin böyük hissəsi həmin ofşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərə çatır. Şirkətlərin özləri cüzi bir gəlir əldə edirlər. Bu da gəlirlərin mənimsənilməsinə, yayındırılmasına, korrupsiyanın genişlənməsinə gətirib çıxarır. Əslinə qalsa, elə də böyük məbləğdə əməkhaqqı olmayan şirkət rəhbərliyinin çox böyük sərvətə malik olması ilə nəticələnir. Bütün bunlar barədə ölçü götürülməməsi məsuliyyətsizlik mexanizmi yaradıb. Bu mexanizmlər şəraitində şirkət rəhbərlərinin dəyişdirilməsi də heç nəyi həll etmir. Şirkət rəhbərliyi dəyişdirilsə də yenisi gəlib köhnə mexanizmləri davam etdirir. Bu baxımdan dövlət şirkətlərinin islahatı çox geniş aspektdə olmalıdır.

-Prezident iqtisadi liberalizmdən, iri dövlət şirkətlərinin özəlləşdirilməsindən danışır. Amma biz dəfələrlə bunun acı təcrübəsini yaşamışıq. Məsələn, dövlət bankı olan AZAL bankın gizlincə hakimiyyətdə olan şəxslər tərəfindən özəlləşdirilməsinin və adının dəyişdirilərək başqa ad altında fəaliyyət göstərməsinin şahidi olmuşuq. Və ya dövlət büdcəsinin vəsaitilə bu yaxınlarda xeyli taksinin ölkəyə gətirildiyi və taksi şirkətlərindən birinə verildiyi bütün mediada tirajlandı. Bu fakt bir qədər rəqabətli və azad şəkildə fəaliyyət göstərən digər taksi şirkətlərinin sıradan çıxacağından xəbər verir. İndi kim zəmanət verə bilər ki, iri dövlət şirkətlərinin özəlləşdirilməsindən hakimiyyətdə olan şəxslər sui-istifadə edərək həmin dövlət şirkətlərini özləri özəlləşdirməyəcəklər?

-Belə bir riskin olması ehtimalı çox yüksəkdir. Ona görə ki, həqiqətən də Azərbaycanda məmur sahibkarlardan və onların çevrəsindən başqa böyük sərvət və kapital toplaya bilən qurumlar çox azdır. Hətta çox az sayda sahibkar ola bilər ki, özəlləşmə prosesində öz vəsaitləri ilə iştirak edə bilsin. Ancaq bu, ümumiyyətlə, yox deyil. Normal rəqabətli mühit yaradılarsa və məmurlara bağlı sahibkarlar hər hansı formada bu cür özəlləşmə prosesindən kənarda saxlanılarsa, bacarıqlı sahibkarlar bu işlərə cəlb olunarsa, təbii ki, fərqli proseslər gedə bilər. Ancaq, ümumiyyətlə, iri dövlət şirkətlərinin özəlləşdirilməsinin bir və ya iki sahibkarın iştirakı ilə olması yolverilməzdir. Dünya təcrübəsi göstərir ki, bu cür kommunal sektorda olan iri dövlət şirkətləri hər zaman səhmləşmə yolu ilə, buraya daha çox investor cəlb olunması yolu ilə baş verməlidir. Bu, daha doğru olardı. Çünki çox sayda və həmçinin böyük paya malik investorların sayının çox olması lazımdır. Məsələn, söhbət yüz minlərlə kiçik investordan getmir, həm də 50-100 nəfər 4-5 faiz paylara malik səhmdarların formalaşması önəmlidir ki, məhz mülkiyyətin bölünməsi nəticədə nəzarət imkanlarını genişləndirən elementə çevrilsin. Ancaq bütün hallarda dövlət şirkətlərinin özəlləşdirilməsindən ötrü hər biri üçün ayrı-ayrılıqda mexanizmlər işlənməlidir. Hətta ehtiyac olarsa ayrıca qanunvericilik sənədləri hazırlanmalıdır. Çünki bunlar mürəkkəb proseslərdir. Bunların hansısa kiçik müəssisələrin özəlləşdirilməsi kimi ümumi qanunvericiliklə özəlləşdirilməsi düzgün deyil.

-Prezident həmçinin avqustun 8-də İnvestisiya Holdinq publik hüquqi şəxsin yaradılması ilə bağlı fərman imzalayıb. Sizcə, bu fərman iqtisadiyyatın liberrallaşdırılması, iri dövlət şirkətlərinin özəlləşdirilməsi, xarici investorların ölkəyə gəlişini şirnikləndirmək üçün yetərlidirmi? Ümumiyyətlə, İnvestisiya Holdinqin yaradılmasında məqsəd nədir? Və iqtisadiyyatın liberallaşdırılması, xarici investorların ölkəyə gəlişinə şərait yaratmaq üçün hansı problemlər həllini tapmalıdır?

-Vaxtilə, xüsusən 2015-ci il böhranından sonra dövlət şirkətlərinin tərkibində olan qeyri- profilli müəssisələrin özəlləşdirilməsi haqda müəyyən qərarlar da verilmişdi. Nazirlər Kabinetinin qərarı ilə ortamüddətli dövrdə özəlləşdirilməsi qadağan olunan dövlət müəssisələrinin siyahısı təsdiq olunmuşdu. Həmin qərarda 50-yə qədər şirkət var ki, onların ortamüddətli dövrdə özəlləşdirilməsi gözlənilmir. İndiki halda İnvestisiya Holdinqin yaradılması əslinə qalsa, həmin şirkətlərin idarə olunması, mexanizmlərin təkmilləşdirilməsi məqsədi daşıyır. İnvestisiya Holdinq bütün o şirkətlərin fəaliyyətinə nəzarət etməlidir. Onların şəffaflığının, hesabatlılığının qurulmasına nəzarət etməlidir. Həmin o şirkətlərdə korporativ idarəetmənin qurulması işini nəzarət altına almalıdır. Belə təcrübələr dünyanın müxtəlif ölkələrində müxtəlif formalarda tətbiq olunub. Azərbaycanda hökumət dövlət şirkətlərinin özəlləşməsindən danışır, digər tərəfdən isə başqa addımlar atır. Məsələn, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından alınan kreditlər hesabına həm ölkədə, həm də xaricdə xeyli şirkətin tikintisinə yönəlmiş vəsaitlər var idi. Həmin o vəsaitləri sahibkarlar ödəyə bilmədiyindən həmin şirkətlər müflis elan olunub satışa çıxarılmaqla xarici investorları cəlb etmək əvəzinə onlara nəzarət etmək üçün Azərbaycan Sənaye Korporasiyası yaradılıb. Həmin korporasiya o şirkətlərin sağlamlaşdırılması ilə məşğuldur. Amma indiyə qədər onların da fəaliyyəti haqda ortada bir hesabat yoxdur ki, korporasiya qarşıya qoyulan məqsədə nail ola bildi, ya yox. Əgər nail olublarsa həmin şirkətləri özəlləşdirməyə çıxarıb satmaq mümkündürmü? Onların sağlamlaşdırılması üçün dövlətin çəkdiyi xərcləri geri alıb əlavə vəsait cəlb etmək mümkündürmü? Bu, bir nümunə idi. Əgər o nümunə özünü doğrultmayıbsa, indi onun daha yeni variantını-Azərbaycan İnvestisiya Holdinqini yaratmaq nəyə xidmət edəcək? Azərbaycan İnvestisiya Holqinqi də yenə prezidentin təyin etdiyi məmurlar tərəfindən idarə olunacaqsa nəticəsi olmayacaq. Çünki məmur düşüncəsi biznes düşüncəsi deyil. Nə qədər ki Azərbaycanda biznes məmur düşüncəsi ilə idarə olunacaq, heç vaxt normal rəqabət mühiti və normal biznes alınmayacaq. Bu, olsa-olsa yeni yaradılmış nazirlik və ya komitədən uzağa gedə bilməyəcək.


Hiç yorum yok:

Yorum Gönder