8 Ağustos 2020 Cumartesi

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri geniş olub

 

Avqustun 7-də Avrasiya Bilik Mərkəzi tərəfindən "Covid-19 Pandemiyasının Azərbaycan İqtisadiyyatına təsirləri" mövzusunda vebinar keçirilib. Onlayn (Zoom) formada keçirilən seminarda 38 dinləyici, o cümlədən bir neçə dövlət qurumunun təmsilçisi, iqtisadçı-ekspertlər iştirak edib.

Seminarda ekspertlər Azər Meytiyevin “Covid-19-un makroiqtisadi təsirləri”, Rövşən Ağayevin “Covid-19-un dövlət büdcəsinə təsirləri”, İnqilab Əhmədovun “Covid-19-un Neft Fonduna təsirləri” və Samir Əliyevin “Covid-19-un SOCAR-a təsirləri” haqqında təhlilləri dinlənilib.   

İqtisadçı-ekspert A.Mehtiyev qeyd edib ki, pandemiyanın makroiqtisadi vəziyyətə mənfi təsiri güclüdür. Məruzəçisinin fikrincə, pandemiyanın makroiqtisadi proqseslərə təsirlərini qiymətləndirməsi üçün bütün iqtisadi proseslərin qiymətləndirilməsi aparılmalıdır. Belə ki, həm iqtisadi artım, məşğulluq, işsizlik səviyyəsinə təsirlərinə baxılmalı, həm də onun istehlak qiymətləri indeksinə, xarici sektor üzrə proseslərə təsirləri təhlil edilməlidir.

A.Mehtiyev bildirdi ki, rəsmi statistikaya əsasən, 2020-ci ilin birinci yarısında ümumi daxili məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrünə nisbətən 2,7 faiz azalıb. Ekspert hesab edir ki, pandemiyanın iqtisadiyyata təsiri qiymətləndirilən zaman yalnız 2,7 faizlik azalma əsas götürülməməlidir. Onun fikrincə, pandemiyadan öncə ilin birinci yarısı üçün gözlənilən iqtisadi artım imkanları da nəzərə alınmalıdır. Ekspert söylədi ki, iqtisadi artım gözləntisi ilə 2,7 faizlik geriləmə nəzərə alındığında pandemiyanın makroiqtisadi təsirlərinin daha güclü olduğu aydınlaşır.

A.Mehtiyev təklif edir ki, pandemiyanın təsirlərindən ən çox əziyyət çəkən risk qrupları müəyyənləşdirilməlidir. O bu məqsədlə məşğulluq statitikasının Beynəlxalq Əmək Təşkilatının tələblərinə uyğunlaşdırmağı tövsiyə etdi.

Ekspert R.Ağayev məruzəsində qeyd etdi ki, birinci yarımildə pandemiyanın təsirləri dövlət büdcəsinin gəlirlərində müşahidə edilmədi. Amma ikinci yarımildə vergi xidməti və gömrük komitəsinin xətti ilə gəlirlərin azalacağının proqnozlaşdırılması, dövlət büdcəsinə düzəlişlər etmək zərurətini yaratdı.

R.Ağayev söylədi ki, hökumət ikinci yarımildə vergi və gömrük gəlirlərinin azalmasını Dövlət Neft Fondundan transfert məbləğinin artırılması hesabına kompensasiya edəcək: “Qeyri-neft sektoru üzrə 10,6 milyard manatlıq gəlir proqnozlaşdırılmışdı. Bunun 4 milyard manatı Dövlət Gömrük Komitəsi, 5,68 milyard manatı Vergi Xidməti vasitəsilə təmin edilməli idi. Yenidən baxılan büdcədə gömrük öhdəlikləri 170 milyon manat, Vergi Xidmətinin öhdəlikləri 280 milyon manat azalacaq. Neft sektorundan vergi gəlirləri də azalacaq. Əvvəlki büdcə sənədində neft sektorundan 2,18 milyard manat vergi gəliri proqnozlaşdırılırdı. Dürüstləşdirilmiş büdcədə neft sektoru üzrə vergi proqnozu 1,79 milyard manata endirilib.  

Ümumilikdə, 680 milyon manatdan çox azalma gözlənilir. Azalma Neft Fondundan transferti artırmaqla kompensasiya ediləcək. Dəqiqləşdirilən büdcədə transfert məbləği 850 milyon manat artırılacaq. Bu artımın sayəsində dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faizə çatacaq. Əvvəlki büdcə sənədində gəlirlərdə neft sektorunun payı 56 faiz proqnozlaşdırılırdı. Bu səviyyə devalvasiyadan sonrakı illərdə ən yüksək səviyyələrdən biridir”.

Covid-19-un Neft Fonduna təsirləri haqqında danışan ekspert İ.Əhmədov qeyd etdi ki, pandemiya dövründə Azərbaycan iqtisadiyyatını “xilas edən” Neft Fondu olub. Məruzəçi bildirdi ki, bu dövrdə Neft Fondunun üzərinə düşən yük bir qədər də artıb: “2019-cu ili Neft Fondu yaxşı nəticələrlə başa vurmuşdu. Fond ili 43,3 milyard dollar dəyərində olan aktivlərlə yekunlaşdırdı. 2020-ci ilin birinci rübündə Fondun aktivləri nəzərəçarpacaq dərəcədə azaldı və bu hamımızda narahatçılıq doğurdu. Birinci rübdəki dinamikaya əsaslanıb belə güman etmək olardı ki, il ərzində Fondun aktivləri xeyli azalacaq. Amma 6 aylıq yekunlar göstərdi ki, Neft Fondu 2019-cu ilin sonunda formalaşan aktivləri demək olar ki, qoruyub saxlaya bildi”.

İ.Əhmədov söylədi ki, bu ilin birinci yarısında aktivlərin qorunmasına yenilənmiş “Azəri-Günəşli-Çıraqlı” müqaviləsinə görə hər ilin birinci rübündə və ya birinci yarısında 450 milyon dollar dəyərində bonusun ödənilməsi, aktivlərdə olan qızılın dəyərinin 30 faiz bahalaşması rol oynadı.

Ekspert proqnozlaşdırır ki, ikinci yarımildə Fondun aktivlərində azalma qaçınılmaz olacaq. Onun sözlərinə görə, Azərbaycanın OPEC+ çərçivəsində hasilatı azaltması, dövlət büdcəsinə transfertlərin artırılması və aşağı neft qiymətlərinin təsiri ilə il ərzində aktivlərdə 8-10 faiz azalma baş verə bilər.

Pandemiyanın SOCAR-a təsirləri ilə bağlı məlumat verən ekspert Samir Əliyev vurğuladı ki, neftin ucuzlaşması dövlət neft şirkətinin maliyyə vəziyyətinə ciddi təsir edib. O bununla əlaqədar olaraq SOCAR-ın dövlət büdcəsi qarşısındakı öhdəliyinin 1,4 milyard manatdan 1,2 milyarda endirildyini dedi.

S.Əliyevin açıqladığı məlumata əsasən, son illərdə SOCAR-ın Azərbaycanın neft hasilatındakı payı artaraq 21 faizə çatıb. İllik qaz hasilatındakı payı isə azalaraq 19 faizə enib.

Ekspert bildirdi ki, neftin ucuzlaşması nəticəsində SOCAR 3 istiqamətdə xərclərini azaldıb: “SOCAR büdcə xərclərini optimallaşdırmaq adı altında ixtisarlara gedib. Birincisi, işçilərə ödənilən vəsaitlər azaldılıb. Bununla bağlı aylıq əlavə ödənişlərin məbləği 50 faiz azaldılıb. İkincisi, işçilərin bir hissəsinin ixtisarı nəzərdə tutulub. Hasilatın müvəqqəti məhdudlaşdırılması nəticəsində SOCAR-da müvəqqəti işçilər yaranıb. Bu işçilərin kadrların ehtiyat bazasına daxil ediləcəyi bildirlir. Bundan başqa bəzi ştat vahidlərinin ixtisara salınması nəzərdə tutulur. Üçüncüsü, satınalma fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar olub. Bütün növ satınalma əməliyyatları dayandırılıb”.


     

 

 

 

 

Hiç yorum yok:

Yorum Gönder