4 Ağustos 2020 Salı

Samir Əliyev: "Əhalinin banklara etimadı sarsılıb”


Azərbaycanda hər dəfə banklar bağlanandan sonra orada əmanəti olmuş şəxslər pullarını geri qala bilmək üçün müxtəlif dövlət orqanlarının, məhkəmələrin qapılarında qalırlar. Üç ay öncə lisenziyası ləğv olunan dörd bankın – “Ata Bank”, “AG Bank”, “NBC Bank” və “Amrahbank”ın bir qrup əmanətçisi də dəfələrlə eyni səbəbdən Mərkəzi Bankın qarşısında etiraz aksiyaları keçirir. Əmanətçilər hesab edir ki, onları aldadıblar, bildirirlər ki, əllərində əmanətlərinin sığortalı olması barədə sənəd var.

Mərkəzi Bank isə cavab verir ki, ilin əvvəlində banklara depozit qəbulunu dayandırmaq barədə xəbərdarlıq olunub, banklar isə buna məhəl qoymayaraq, əmanət qəbulunu davam etdiriblər.

Nazirlər Kabineti məsələ ilə əlaqədar qanunvericiliyi təfsir etmək xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi iyulun 28-də məsələyə baxıb, amma qərar elan olunmayıb.

Etirazçıların qarşısına çıxan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev deyib ki, Konstitusiya Məhkəməsi hələ məsələni araşdırır: “İclas olub. İndi ekspert rəyləri toplanılır. Bayram günləri nəzərə alınmaqla və on gündən gec olmayaraq, Konstitusiya Məhkəməsi qərar qəbul edəcək və bu qərar vətəndaşların xeyrinə olacaq”.

“Amrahbank”ın əmanətçiləri deyirlər ki, bu bankla bağlı məsələ Konstitusiya Məhkəməsinə çıxarılmayıb: “Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu yalnız üç bankla əlaqəli Konstitusiya Məhkəməsinə müraciət edib. Axı dörd bank bağlanıb. Bizim pulumuz “Amrahbank”da batıb. Niyə əmanətçilərin bir hissəsinə qarşı ayrı-seçkilik edirlər?!”

Elə banklar var ki, illər öncə bağlanıb, amma onların əmanətçiləri hələ də pullarını ala bilməyib. Məsələn, “Bank Standard”, “Bank of Azerbaijan” kimi bankların lisenziyasının ləğvindən 4 ildən çox vaxt keçir. Vaxtilə ora əmanət qoymuş müştərilər var ki, pullarını geri almaq üçün indiyədək hüquqi müstəvidə mübarizə aparırlar.

Pərvin Məlikli 2015-ci ilin iyununda illik 9,5 faizlə banka 65 min dollar əmanət yatırıb. Bir il tamam olmamış – 2016-cı ilin aprelində əmanətçi ilə bank arasında yeni müqavilə imzalanıb. Razılaşmaya görə, əmanətin faiz dərəcəsi 3-ə endirilib. Əmanətçi bu yolla pulunu sığortalamaq istəyib.

Çünki həmin razılaşmadan az əvvəl – martın 1-də Əmanətlərin Sığortalanması Fondu yeni qərar qəbul edib. Qərara əsasən, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi 3 faizdən, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsi isə 12 faizdən çox olmamalıdır. Əgər xarici valyutada 3 faizdən, milli valyutada isə 12 faizdən yuxarıdırsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur, kompensasiya ödənilmir.

Bu qərardan bir neçə ay sonra – 2016-cı ilin sentyabrında “Bank Standard”ın lisenziyası ləğv edilib. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu P.Məliklinin pulunu qaytarmaqdan imtina edib. Əsas kimi isə bankla əmanətçi arasındakı ilkin müqaviləyə istinad edib. Həmin müqavilədə faiz dərəcəsi 9,5 olub. Bu halda, əmanət avtomatik olaraq sığortalanmayan əmanət sayılır.

Əmanətçi bununla razılaşmayıb. P.Məlikli bildirib ki, sonradan imzalanmış müqavilə əsas götürülməlidir. O müqavilədə isə faiz dərəcəsi 3-dür. Əmanətlərin Sığortalanması Fondu bu arqumentlə razılaşmadığına görə iş məhkəmə müstəvisinə çıxıb. P.Məlikli bir il ərzində əmanətinin üstünə də gəlmiş faizi hesablayaraq, 70 min dollar əsas borc, 2016-cı ilin sentyabrında bankın lisenziyası ləğv olunandan bu yana 10500 dollar faiz, mənəvi ziyana görə də 5000 manat kompensasiya tələb edib.

Bir ildən çox çəkən məhkəmə çəkişmələri bugünlərdə yekunlaşıb. Əmanətçiyə 70 min dollar əsas borcun qaytarılmasına qərar verilib. Faizlə bağlı hissədə əmanətçiyə “yox” deyilməsi isə belə əsaslandırılıb: bankın lisenziyası alınıb, artıq bank fəaliyyətini həyata keçirmir. Belə olan halda, depozit məbləğindən istifadə etməsi, ondan faydalanması və başqa əsasla istifadə etməsi, mənfəət əldə etməsi mümkün deyil. Ona görə də lisenziya alınandan sonrakı müddət üçün faizin hesablanması düzgün deyil.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev “Press Klub”a bildirdi ki, əmanətlərlə bağlı yaşananlar banklara etimadı sarsıdır. Bunun nəticəsidir ki, banklara əmanət qoyulması kəskin azalıb. Ekspertin sözlərinə görə, əvvəl azalma daha çox manatla qoyulan əmanətlərdə idi. Amma son vaxtlar insanlarda ümumiyyətlə, banklara inamsızlıq yaranıb:

“Dörd bank bağlanandan sonra vətəndaşlar banklardakı əmanətlərini geri çəkməyə başladılar. Çünki qorxdular ki, digər banklar da bağlana bilər. Ona görə də əhəmiyyətli azalma gedir. Bu da əhalinin banklara etimadının sarsıldığını göstərir. 2015-ci ildəki devalvasiyadan sonra etimad xeyli itmişdi. Amma bir qədər sonra müəyyən qədər bərpa olundu. Çox həssas bir inam yaranmışdı. Bu da yox oldu…”

S.Əliyev qeyd etdi ki, vətəndaşlar əmanətlərini ya çıxarıb özlərində saxlamağa üstünlük verirlər, ya da ilk beşlikdə olan ən böyük banklara köçürürlər. Bu da bank sektorunda təmərküzləşməyə gətirib çıxarır: “Bu halda əmanətlər eyni banklarda toplanır, başqa banklar isə əmanətsiz qalır”.

Ekspertin fikrincə, bütün bu problemlər əmanətlərin sığortalanması mexanizminin təkmil olmamasının nəticəsidir. İllərdir hər dəfə banklar bağlananda əmanətlərlə bağlı problemlər ortaya çıxsa da, yenə boşluqlar aradan qaldırılmır:

“Bu dəfə boşluq daha çox oldu. Nəticədə insanlar Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirirlər. Onlar əmanətlərinin sığortalı olduğunu düşündükləri halda, məlum olur ki, sığortalı deyilmiş. Burada bankların səhvləri, sui-istifadə halları var. Əmanət qəbulu qadağan edilsə də, bunu davam etdiriblər. İkinci bir problem yığım əmanəti ilə bağlıdır. İnsan banka əmanət qoyur, ürəyi istəyən vaxt o əmanəti artırır. Əvvəl 15 faizlə qoyub, sonradan sığortalanmış əmanətlərin faizi aşağı, məsələn, 10 faizə düşüb. Amma o, 15 faizlə qoymaqda davam edib. 10 faizə düşəndən sonra isə yatırılan əmanətlər sığortalanmırmış. Üçüncü problem əmanətlərin hansı valyuta ilə qoyulmasıdır. Qanuna görə, xarici valyuta ilə qoyulan əmanət xarici valyutada, milli valyuta ilə qoyulan milli valyutada götürülməlidir. Kiminsə bankda manatla əmanəti qalıb, bu adam sonradan xarici valyutada əmanət qoyub. İndi deyirlər ki, sənin əmanətin qarışıqdır, manatla qaytarırıq, qoyulduğu dövrün məzənnəsinə uyğun. Daha bir problem girov əmanətlərlə bağlıdır. Kiminsə məsələn, 10 min manat əmanəti olub. O əmanəti girov qoymaqla, həmin bankdan 5 min manat kredit götürüb. Bank bağlanandan sonra deyir ki, 5 min krediti həmin 10 min manat əmanətdən çıxın. Bunu eləmirlər. 10 min manatı bloklayırlar, deyirlər, 5 mini ödə qurtar, sonra 10 min manatı qaytararıq. Belə nümunələrin sayını artırmaq da olar. Bütün bunlar sığorta mexanizminin təkmil olmamasının göstəricisidir. Həm bankların, həm nəzarət edən qurumun, həm də Əmanətlərin Sığortalanması Fondunun öz işini düzgün qurmaması nəticəsində bu cür problemlər ortaya çıxır”.

S.Əliyev onu da əlavə etdi ki, böyük bankların pul problemi yoxdur. Onların büdcə vəsaitlərinə çıxışları var, iri şirkətlər müştəriləridir. Amma bir sıra banklar var ki, onların əmanətlərdən asılılığı çox yüksəkdir. Əhali o banklardakı əmanətlərini geri çəkəndə onlar əmanətsiz qalmaq təhlükəsilə üzləşir:

“Məsələ təkcə əmanətsiz qalmaq da deyil. Həm də əmanətləri qaytarmaq problemi ortaya çıxır. Hansısa bank bir gündə 1 milyon əmanəti qaytara bilər. Birdən-birə məlum olur ki, bir günə 10 milyonluq əmanət geri çəkilir. Bu da banklarda likvidlik probleminə, öhdəliklərini yerinə yetirməsində çətinliklərə gətirib çıxara bilər. Öhdəliyin yerinə yetirilməməsi isə həmin bankların bağlanması deməkdir. Mən hələ ki bu səbəbə görə bankın bağlanması təhlükəsini görmürəm. Amma belə davam etsə, problemlər həllini tapmasa, gələcəkdə çox böyük problemlərə gətirib çıxara bilər”.

"Press Klub"a verilən müsahibənin linki:

https://pressklub.az/ekskluziv/baglanmis-banklardaki-%C9%99man%C9%99tl%C9%99rin-qaytarilmasi-niy%C9%99-problem%C9%99-cevrilib/

Hiç yorum yok:

Yorum Gönder