22 Eylül 2020 Salı

Rövşən Ağayev: “Mobil internetin dəyəri sabit şəbəkə üzrə verilən internetin dəyərindən az qala 10 dəfə bahadır”


Son illərdə rabitə və informasiya xidmətləri sektoru ən yüksək real böyümə tempinə malik 2 iqtisadi fəaliyyət sahəsindən biri olub. Dövlət Statisitka Komitəsinin 2010-cu ilin müqayisəli qiymətləri ilə apardığı hesablamaya görə, 2010-2017-ci illərdə real böyümə ümumilikdə Azərbaycan iqtisadiyyatı üzrə 9%, ticarət üzrə 41%, kənd təsərrüfatı üzrə 24%, emal sənayesi üzrə 20%, tikinti üzrə 19% təşkil etdiyi halda, rabitə və informasiya sektor real olaraq 2 dəfə artıb.
Müxtəlif ekspert qiymətləndirməsinə əsasən rabitə və informasiya xidmətləri sektorunun inkişaf imkanları daha böyükdür. Bunun üçün sektorda islahatların aparılması, rəqabət şəraitinin yaxşılaşdırılması lazımdır.

“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayevlə söhbətimizdə rabitə və informasiya xidmətləri sektorunda mövcud olan problemlər və bu sahənin inkişaf imkanlarına nəzər yetirilib.

- Rabitə və İnformasiya xidmətləri sektoru son illərdə sürətlə inkişaf edir. Sektorun inkişaf imkanları hələ də genişdirmi?

- Ən zəif iqtisadiyyat belə rəqəmsal texnologiyalar olmadan inkişaf edə bilmir. Rəqəmsal texnologiyalar birbaşa internetə bağlıdır. Düşünürəm ki, bizim iqtisadiyyatımız rəqəmsalaşma potensialına görə çox aşağıdır. İstər təhsil, istər sənaye, istər kənd təsərrüfatı olsun, buradakı inkişaf səviyyəsini qabaqcıl ölkələrlə müqayisə etsək bizim geridə olduğumuzu görərik. Azərbaycanda rəqəmsalaşma, müasir texnologiyalardan istifadə etmək sahəsində çox böyük imkanlar və potensial var. Bu potensial aşkarlanmalıdır, böyüməlidir və ondan istifadə genişlənməlidir. Məsələn, kənd təsərrüfatı primitiv üsullara əsaslanan, müasir texnologiyalardan zəif istifadə edilən bir sahədir. İnkişaf etmiş ölkələrdə fermerlər suvarma sistemlərini kompüter üzərindən idarə edir. Yaxud İsraildə bitkilərin əkini elə aparılır ki, əkin sıralarından hansına nə qədər suyunlazım olduğu siqnallar vasitəsilə, internet üzərindən kompüterə və ya telefona ötürülür. Sonra suvarma mərkəzindən həmin sıraya lazım olan miqdarda su ötürülür. Bu, çox sadə texnologiyadır.

Təhsil sistemi də yetərincə kompüterləşməyib, internetin imkanlarından istifadə aşağı səviyyədədir.

Eynilə bütövlükdə sənayemiz daha çox köhnə texnologiyalardan yararlanır. İstehsal texnoloji mürəkkəbliyinə görə 4 mərhələyə bölünür. Yüksək, orta yuxarı, orta aşağı və aşağı texnoloji. Aparılan araşdırmalar göstərir ki, bizim məhsullarımız aşağıdakı 2 mərhələyə uyğundur. Yuxarı 2 texnoloji potensial daha çox internet və rəqəmsal texnologiyalar üzərində qurulub.

Bu nə deməkdir? Bu o deməkdir ki, biz istehsalda yüksək texnoloji proseslərin tətbiqinə keçsək, daha çox rabitə və internet potesialının artırılmasına ehtiyac var. Yəni, potensial böyükdür.

- Bu sahədə dövlət və özəl müəssisələrin mövqeyi necədir?

- Rabitə və informasiya xidmətləri sahəsində özəl şirkətlərlə dövlət şirkətləri paralel fəaliyyət göstərir. Məsələn, mobil rabitədə özəl şirkətlər var, amma “Azercell”in timsalında dövlət şirkətləri də mövcuddur. “Azercell”in payının 51,3 faizi dövlətə məxsusdur.

Sabit şəbəkə telefon sektoruna baxdıqda görürük ki, burada da “Aztelekom”, “Baktelekom”, “Naxtel”in timsalında dövlət şirkətləri var.

Eyni zamanda internet xidmətləri sektorunda dövlət və özəl şirkətlərin paralel iştirakı müşahidə edilir. Burada 50-yə yaxın internet xidməti göstərən şirkət, yəni provayder fəaliyyət göstərir. Onun təxminən 47-si özəl şirkətlərdir. Ölkəmizə beynəlxalq internet kanallarından interneti alıb ötürən 2 şirkət var. Onların hər ikisi özəl şirkətdir.

Sektorda paralel fəaliyyət müşahidə edilsə də dövlət şirkətlərinin hökmran paya sahib olduğu görünür. Mobil rabitə bazarında özəl şirkətlər üstün mövqeyə malikdir. Amma digər 2 vacib sektorda dövlət şirkətlərinin aşkar üstünlüyü var. Sabit telefon şəbəkəsi sektorunda müştəri bazasının 96-97 faizi 3 dövlət şirkətinə məxsusdur. Faktiki olaraq sabit telefon şəbəkə bazarında 3 faizi özəl şirkətlərə məxsusdur. Bu sektorda tam dövlət monopoliyası var.

İnternet sektorunda da dövlət şirkətlərinin üstünlüyü var. Provayderlərin 47-i özəl şirkətdir. Belə başa düşülə bilər ki, üstünlük özəl şirkətlərə məxsusdur. Amma internet xidmətlərindən əldə edilən vəsaitin təxminən yarısı dövlət şirkətlərinə çatır. Bu, o deməkdir ki, 3-4 dövlət şirkəti internet xidmətlərindən gələn gəlirin yarısını əldə edir. Faktiki olaraq internet bazarında dövlət şirkətləri böyük paya sahibdir.

- Dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması, sektorun liberallaşdırılması səmərəliliyin əldə edilməsi baxımından əhəmiyyətli ola bilərmi?

- Dünya təcrübəsi göstərir ki, ötən əsrin 80-ci illərindən başlayaraq rabitə və informasiya xidmətləri sektorunda dövlətsizləşmə prosesi gedir və daha çox özəl şirkətlərin üstün paya malik olması baş verir. Bununla bərabər liberallaşma da baş verir.

Unutmayaq ki, özəlləşdirmə təkcə məqsəd deyil. Ola bilər ki, özəlləşmə baş versin, amma liberllaşma baş verməsin. Bu nə deməkdir? Bu o deməkdir ki, özəlləşdirmə olur, iki-üç özəl şirkət yaranır, ancaq monopol dövlət şirkətinin yerində, monopol özəl şirkət yaranır.

Sektorun qarşısında duran vəzifə bu deyil. İstehlakçı üçün lazım olan odur ki, bazarda çoxlu sayda şirkət olsun. Məsələn, mobil rabitə bazarında 3-4 şirkət yox, 5-6 şirkət olsaydı, bazarın 50 faizi bir şirkətin olmazdı. Bazar 15-25 faiz payla 5-6 şirkət arasında bölünsəydi, Azərbaycanın rabitə bazarında daha keyfiyyətli və ucuz xidmət olardı.

Hazırda sabit telefon xətti vasitəsilə internet xidmətləri genişzolaqlı mobil internet xidmətlərdən xeyli ucuzdur. Amma genişzolaqlı mobil internet xidmətləri daha keyfiyyətlidir. Sabit telefon xətti ilə ötürülən internet sürətindən mobil rabitədə daha yüksəkdir. Lakin ev telefonları vasitəsilə bir aylıq internetdən istifadə xərci 10-20 manat olduğu halda mobil internetin bir aylıq davamlı təminatı ən azı 100-120 manata başa gəlir. Mobil internetin dəyəri sabit şəbəkə üzrə verilən internetin dəyərindən az qala 10 dəfə bahadır. Bu nəyin nəticəsidir? Bu, mobil rabitə bazarında rəqabətin olmamasının göstəricisidir. Özəlləşmə var, amma liberallaşma getməyib. Ona görə də bizim məqsədimiz yalnız özəlləşdirmə deyil, onunla bərabər liberallaşma olmalıdır. Çalışmaz lazımdır ki, bazarda daha çox oyunçu olsun, onlar arasında rəqabət olsun, qiymətlər və xidmətlərin keyfiyyətini rəqabət diqtə etsin.

Özəlləşmə və liberallaşma gedəndə istehlakçı nöqteyi nəzərdən iki hədəfə nail olunur, səmərəlilik artır. Birinci, qiymətlər aşağı düşür, mobil internet qiymətləri ilə sabit internet qiymətlərin arasında 10 dəfə fərq yaranmır. Hazırda dünyada sabit şəbəkə vasitəsilə internetə qoşulma miqyası kəskin şəkildə azalır. İnkişaf etmiş ölkələrdə mobil rabitənin və internetin qiyməti o qədər aşağı enir. Avropada, ABŞ-da əhalinin 100 faizi mobil internetlə əhatə olunub. Bu ölkələrdə mobil rabitə bazarında liberallaşma getdiyinə, sağlam rərabət olduğuna görə istehlakçıların marağına uyğun olaraq qiymətlər ucuzlaşır.

İnternetə tələbin artmasının bir səbəbi də mənzillərdə internetə qoşulan qurğuların sayının artmasıdır. İnsanlar internetdən istifadə etməklə televizorda TV kanalları, müxtəlif video materialları izləyirr. Azərbaycanda internetin sürətinin zəif olması, bahalı olması, bu sahədə rəqabətin zəif olması, çeşidli xidmətlərin göstərilməməsi əhalinin mobil internetdən istifadə səviyyəsini zəiflədir.

İkincisi hədəf xidmətlərin keyfiyyətidir. İnternet daha sürətli və kəsintisiz olmalıdır. Liberallaşma bu hədəfə nail olmağa da kömək edəcək.

- Sizcə, rabitə və informasiya sektorunda göstərilən xidmətlərin keyfiyyəti və dəyəri uyğundurmu?

- Avropa ölkələrində əhalinin 90 faizdən çoxu genişzolaqlı mobil internetdən istifadə edir. Onların telefonları, mobil qurğuları daim internetə qoşulu olur. Azərbaycanda bununla bağlı məlumat yoxdur. Çünki məlumat açıqlanmır. Bu onunla bağlıdır ki, bizdə vəziyyət pisdir, göstərici çox aşağıdır. Mobil internetdən davamlı istifadə edilməməsinin səbəbi keyfiyyətin aşağı olması və qiymətlərin yüksək olması ilə bağlıdır.

İnternetin fasiləsiz, kəsintisiz verilməsi sabit şəbəkə internet xidmətlərində də müşahidə edilir. İnternetin sürətinin aşağı olması pandemiya dövründə özünü daha qabarıq biruzə verdi. Onlayn dəsrləri sabit aparmaq mümkün olmadı. Tez-tez internet əlaqəsi kəsilirdi.

Sabit şəbəkədə internet xidmətinin haqqı öncədən alınır və abunə haqqının vaxtı bitdikdən bir saat sonra internet kəsilir. Amma elə olur ki, istehlakçının interneti 1-2 gün kəsirilir və heç kim buna görə kompensasiya ödəmir. Deməli, xidmətdə keyfiyyət aşağıdır.

Qiymətlər yüksəkdir, bizim gəlirlərimizlə müqayisədə internet qiymətləri çox yüksəkdir. Məsələn, əhalinin gəliri ilə 100 Mb internetin qiyməti arasında olan fərq Avropada olan oxşar göstəricidən xeyli azdır. Avropalı gəliri ilə daha çox internetdən istifadə edə bilir. Ola bilər ki, mütləq ifadədə Avropada olan qiymətlər bizdə olan qiymətlərdən 2 dəfə yüksəkdir. Amma onların aldığı əmək haqqı Azərbaycanda olan əmək haqqı səviyyəsindən bir neçə dəfə yüksək olduğundan internet xidmətləri daha ucuzdur. Biz qiymət fərqini müqayisə edən zaman gəlirləri nəzərə almalıyıq.

Hiç yorum yok:

Yorum Gönder