30 Eylül 2020 Çarşamba

Dövlət müəssisələrinə dair Səmərəlilik Çağırışları ilə bağlı yekun konfrans keçirilib

 

2020-ci il sentyabrın 29-da “Dövlət müəssisələrinə dair Səmərəlilik Çağırışları” mövzusunda yekun ZOOM konfrans keçirilib.

Mövzu ilə bağlı məlumat verən Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov qeyd etdi ki, Azərbaycanda iri dövlət müəssisələri və səhmdar cəmiyyətlərinin səmərəlilik məsələləri aktual olaraq qalır. Məhz bu səbəbdən 6 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin çıxışında müvafiq tənqidlərin səsləndirildiyini söyləyən S.Bağırov xatırlatdı ki, səmərəliliyi artırmaq məqsədilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. “Bu Holdingin idarəetməsinə iri dövlət şirkətləri və müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətlər verilib”, - deyən S.Bağırov vurğuladı ki, burada məqsəd bu təsərrüfat subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

S.Bağırov bildirdi ki, “İqtisadi Forum” ekspert qrupunun üzvləri qeyd edilən problemlərlə əlaqəli müəyyən tədqiqatlar aparıb və tövsiyyələr paketi hazırlayıb.

Konfransda tədqiqat nəticələri və tövsiyələr haqqında hər bir ekspertin təqdimatı olub. Ekspertlərin hər biri səmərəliliyin iri dövlət müəssisələri və səhmdar cəmiyyətlərində artırılması istiqamətləri ilə bağlı məruzə edib.

SOCAR və onun İstehsalat Birliyi olan “Azəriqaz”da səmərəliliklə bağlı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev və Mədən Sənayesində Avrasiya Bilik Mərkəzinin rəhbəri, professor İnqilab Əhmədovun təqdimatları oldu.

Məruzəçilər qeyd etdi ki, “Azəriqaz”ın fəaliyyətində ən böyük problem onun məlumat qapalılığı, maliyyə uçotunda təkmil mühasibatlıq sisteminə malik olmamasısıdır. Bundan başqa “Azəriqaz”ın statusu da onun fəaliyyətinə problem yaradır. Belə ki, onun SOCAR-ın tərkibində istehsalat birliyi statusunda fəaliyyəti onun idarəçiliyi, rentabelliyi və məsuliyyətliliyi ilə bağlı öhdəliklər şirkətin üzərinə düşür: “Əgər SOCAR- ın bir şirkət kimi özünün korporativ idarəçilik statusu təkmil olsaydı, Birlik üçün bu status qənatbəxş sayıla bilərdi. Lakin, şirkətin öz problemləri fonunda qaz təsərrüfatı müəyyən mənada natamam idarəçiliklə qarşılaşır. Belə şəraitdə korporativ məsuliyyət məsələsi, xüsusilə daxili bazarda arxa plana keçir, Şirkət daha çox qazın ixracı ilə bağlı öhdəliklərini birinci plana çəkir”.

Məruzəçilər təklif etdi ki, “Azəriqaz”ın məlumat açıqlığı siyasəti yenidən qurulmalı, qaz təsərrüfatı ilə bağlı yeni qanunvericlik bazası yaradılmalı, “Azəriqaz”ın mövcud statusu təhlil edilib dəyişdirilməli və “Azəriqaz”ın özəlləşdirilməsi məsələsinə baxılmalıdır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, professor Azər Mehtiyev Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY) fəaliyyəti ilə bağlı məruzə etdi. A.Mehtiyev söylədi ki, ADY-nin idarəetmə modeli tam aydın və sistemli deyil. İdarəetmə modelində bəzi vacib elementlər məsələn, korporativ idarəetmə yoxdur.

Cəmiyyətin nizamnaməsindəki tələbi xatırladan A.Mehtiyev dedi ki, qurum illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur. Amma cəmiyyət hələ də nizamnamənin bu tələbini yerinə yetirmir.

A.Mehtiyev tövsiyə edir ki, ADY-nin strukturu optimallaşdırılmalı, qurumda real korporativ idarəetmə tətbiq edilməli, qurumun fəaliyyətinin şəffaflığı və hesabatlılığı təmin olunmalıdır.

Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov AZAL Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı məruzə etdi. A.Bayramovun apardığı araşdırma göstərir ki, hava nəqliyyatında həm dövlət, həm də özəl sektorun iştirakı üçün bərabər imkanların tanınmalıdır. Ekspert təklif edir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun özəl idarəçiliyə verilməli, Heydər Əliyev Hava Limanının hökumətin nəzarətində qalmaqda davam edəcəyi halda həm Heydər Əliyev Hava Limanında, həm də bölgələrdəki hava limanlarında məhsuldarlıq və xidmət səviyyəsinin artırılması məqsədilə cari effektivlik və hədəf göstəricilərinə münasibətdə boşluqların təhlili və tələb oluna biləcək yardım səviyyəsinin müəyyənləşdirilməlidir. A.Bayramov hava nəqliyyatı sahəsində dövlət-özəl əməkdaşlığının təşviq edilməsinin əhəmiyyətli olduğunu düşünür.

Ekspertin araşdırması nəticəsində məlum olub ki, AZAL fəaliyyətində şəffaflıq və hesabatlılıq aşağı səviyyədədir, qurumun fəaliyyətində korporativ idarəetmə tətbiq edilməyib.

Professor Rasim Həsənov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti haqqında məruzə etdi. R.Həsənovun tədqiqatının nəticəsinə əsasən, “Azərsu”nun konsolidə olunmuş maliyyə hesabatları dərc olunur. Hesabatlarda MHBS tələbləri və Korporativ İdarəetmə Standartları yalnız qismən təmin edilir. Lakin bu hesabatlar Fəaliyyət haqqında məlumatlar qiymətləndirmə üçün yetərli deyil.

Eyni zamanda iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları və onun icrası üzrə monitorinqin aparılması Qaydalarına əməl olunması haqqında məlumatlar da yoxdur.

R.Həsənov təklif edir ki, təcili olaraq Azərbaycanda Sudan istifadənin yaxşılaşdırlıması və problemlərin həlli üçün qüvvədə olan Su məcəlləsi ilə yanaşı Su strategiyası formalaşdırlmalı və realizasiyası təmin eidlməlidir.

Aqrar islahatlar Mərkəzinin rəhbəri Vahid Məhərrəmov Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində səmərəliliyin artırılması yolları ilə bağlı məruzə etdi. Ekspertin gəldiyi qənaət ondan ibarətdir ki, ölkədə istehsal olunan ərzaq məhsullarının dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını mərkəzləşdirilmiş qaydada bir dövlət şirkəti tərəfindən deyil, açıq tender üsulu ilə həyata keçirilərsə, dövlət öz üzərinə düşən funksiyalarını yerinə yetirməklə yanaşı, birbaşa kiçik və orta fermerlərin, kənd təsərrüfatı məhsulu istehsalçılarının, bölgələrdə fəaliyyət göstərən özəl iaşə müəsisələrinin müsabiqələrə çıxış imkanını yaradar, onlar üçün kvota müəyyən edər və bununla həm də digər bir funksiyanı da yerinə yetirər, bu sahədə sağlam rəqabətli mühit yaratmış olar. Dövlət vəsaitləri hesabına dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının satın almalarının həyata keçirilməsində özəl sektorun iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması, büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi məqsədilə dövlət satınalmalarının bir yox, bir neçə podaratçı şirkətlər tərəfindən müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi bu sahədə dövlət vəsaitlərin səmərəli xərclənməsinə və minimum xərclərlə tələb olunan keyfiyyətdə malların satın alınmasını təmin etmək mümkün olar.

Telekommunikasiya sektorunda dövlətə məxsus qurumlarla bağlı məruzə edən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev pardığı araşdırmanın nəticəsi olaraq bəzi təkliflər irəli sürdü. Ekspert təklif edir ki, islahatların ilk mərhələsi olaraq telekommunikasiya şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi, Direktorlar (Müşahidə) Şuralarının real fəaliyyəti və icra orqanları üzərində real nəzarət (təsir) imkanları təmin edilməlidir. Bununla bərabər bu şirkətlərin məlumat açıqlığına və şəffaflığına dair tələblər sərtləşdirilməlidir. Eyi zamanda şirkətlərin maliyyə hesabatlarının beynəlxaql standartlara uyğun tərtibi və açıqlanması təmin edilməlidir.

Qeyd edək ki, konfransda bir sıra dövlət qurumlarının nümayəndələri də işitirak edirdi. İştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırıldı.

 

Hiç yorum yok:

Yorum Gönder