10 Eylül 2020 Perşembe

Qeyri-neft sektoru birbaşa xarici investisiyalara möhtac qalıb


Azərbaycan hökuməti qeyri-neft sektoruna qoyulan birbaşa xarici investisiyaların həcmini artırmaq fikrindədir. Bu məsələ Prezident İlham Əliyevin sentyabrın 9-da imzaladığı Fərmanda öz əksini tapıb. Həmin Fərmana əsasən ölkəmizdə Maliyyə Sabitliyi Şurası ləğv edilərək əvəzində İqtisadi Şura yaradılacaq.

İqtisadi Şuranın qarşısında qoyulan əsas tələblərdən biri də növbəti onillikdə ölkəmizdə iqtisadiyyatın ikiqat artımının təmin edilməsidir. Fərmanda qeyd olunur ki, postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

İqtisadi inkişafın sürətləndirilməsi üçün qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi nə dərəcədə əhəmiyyətlidir və bu məqsədlə hansı addımlar atılmalıdır?

Bununla bağlı fikirlərini açıqlayan "İqtisadi Forum" ekspert qrupunun üzvü, iqtisadçı Azər Mehtiyev xatırlatdı ki, qeyri-neft sektoruna birbaşa xarici investisiyanın cəlb edilməsi məsələsi uzun müddət gündəmdə olan mövzulardan olub. O qeyd etdi ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə gələn xarici investisiyaların böyük hissəsi neft və qaz sektoruna qoyulmuşdu.

A.Mehtiyev söylədi ki, neft-qaz sektoru üzrə mənfəət normasının yüksək olması, xarici investorlar üçün xüsusi rejimin yaradılması, investorların gəlirlərinin təhlükəsizliyinə dövlət və beynəlxalq səviyyədə zəmanətin verilməsi sərmayə qoyuluşunu artırıb.

Ekspert dedi ki, qeyri-neft sektoruna gələn xarici investorlara belə təminat yoxdur: "Buna görə də qeyri-neft sektoruna sərmayə qoyan şirkətlərin heç biri tanınmış şirkət deyil. Sərmayə qoyanların əksəriyyəti məmurlarla müəyyən əlaqələr qurmaqla ölkəyə gələn sahibkarlardır. Son 30 ildə qeyri-neft sektorunda, xüsusən də istehsal sahəsində hansısa tanınmış investoru ölkəyə dəvət edib, ölkədə istehsal qura bilməmişik. Halbuki, yaxın qonşumuz olan Gürcüstan bu sahədə çox irəli gedib”.

A.Mehtiyev vurğuladı ki, tanınmış xarici investorların ölkəmizə gəlməsi, qeyri-neft sektoruna sərmayə qoyması bir çox məsələlər baxımından əhəmiyyətlidir: "Birincisi onlar öz gəlişi ilə investisiya gətirməklə ölkədə yeni iş yerləri yaradırlar. Digər tərəfdən müasir Qərb menecmentliyini, sahibkarlıq bacarıqlarını, müasir istehsal texnologiyalarını gətirirlər, ölkədə satıla bilən və ixrac edilə bilən məhsullar istehsal edirlər.

Xarici investorların qeyri-neft sektoruna gəlməsi üçün ölkədə möhkəm qanunçuluğun olması vacibdir. Neft sektoruna sərmayə qoyanlar bu cür məsələlərə o qədər də əhəmiyyət vermirlər.

Xarici investorlar mülkiyyət hüquqlarının toxunulmazlığına zəmanət istəyir, onlar əmin olmalıdırlar ki, qoyduqları vəsaiti istədikləri vaxt geri ala biləcəklər, mülkiyyətləri əlindən alınmayacaq. Bunlar onlar üçün çox mühüm bir zəmanətdir. Qanunlar işləmədikdə, ölkədə müstəqil məhkəmə sistemi olmadıqda investorlar heç bir halda ölkəyə gəlməz.

Ölkəmiz haqqında yayılan məlumatlar, verilən beynəlxalq reytinqlər xarici investorlar üçün cəlbedici deyil. Bu reytinqlərdə Azərbaycanın mövqeyi yaxşı deyil.

Bundan başqa zaman-zaman məmur sahibkarlığı, məmur özbaşınalığı haqqında yayılan məlumatlar haqlı olaraq xarici investorları çəkindirir”.

A.Mehtiyev onu da bildirdi ki, əvvəlki illərdə Azərbaycanda müstəqil azad sahibkarlığın inkişafı baxımından istək, maraq heç zaman hiss olunmayıb: "Buna görə də xarici investorların qeyri-neft sektoruna marağı aşağı səviyyədə olub. Baxmyaraq ki, Prezident 2017-ci ildə investisiya mühitinin yaxşılaşdırılması və xarici investorların ölkəyə cəlb edilməsi ilə bağlı xüsusi sərəncam imzalamışdı. Həmin sərəncama əsasən xarici investorların cəlb edilməsi üçün yeni qanunların qəbul edilməsi nəzərdə tutulurdu. Bu istiqamətdə demək olar ki, addımlar atılmayıb.

Yeni yaradılan İqtisadi Şuranın nəsə edəcəyi də sual doğurur. Şuranın tərkibi əslində hökumətin tərkibidir. Əslində hökumət də öz səlahiyyətləri daxilində şuranın işlərini görə bilər”.


Hiç yorum yok:

Yorum Gönder