22 Eylül 2020 Salı

Rasim Həsənov: "Azərbaycanda su ilə təminatda ciddi problemlər yaşanmaqdadır"


Azərbaycanda su sektorunun fəaliyyəti həmişə ciddi müzakirə mövzusu olub. Müasir dövrdə su probleminin daha da kəskinləşməsi bu sektora diqqəti artırıb. Buna görə də Ölkə Prezidentinin sədrliyi ilə 2020-ci ilin iyul ayının 27-də Hökumətin su problemlərinə həsr olunan xüsusi toplantısı keçirildi. Həmin toplantıda səsləndirilən məlumatlar göstərdi ki, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə vacib məsələlərdən biridir.
“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı professor Rasim Həsənovla müsahibəmizdə sözügedən sahədə mövcud olan problemlərə toxunulub və onların həll yollarına diqqət yetirilib. 

- Azərbaycanın mövcud su ehtiyatlarından səmərəli istifadə edilirmi?

- Fikrimcə, ökəmizdə su probleminin iki prizmadan: istifadə üçün yararlı su ehtiyatlarının potensialının yetərliliyi və bu potensialdan istifadənin sosial-iqtisadi və ekoloji müstəvilərdə istifadəsinin effektivliyi baxımından araşdırılması vacibdir.

Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevin sədriliyi lə keçirilən, su problemlərinə həsr edilən Hökumət müşavirəsində ölkədə ehtiyatların həcmi və bütövlükdə su istifadəsi ilə bağlı bəzi məlumatlar səsləndirilib. Məsələn, qeyd edildi ki, “bütövlükdə ölkəmizin su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir. ...Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatları 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilmişdi. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatları yenidən qiymətləndirilməyib. 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılır. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. ”

Hesab edirik ki, Ölkə Başçısının bu fikirləri yetərlidir ki, Azərbaycanda su ehtiyatlarından istifadənin faktiki aşağı effektivliyə malik olması qənaətinə gəlinsin.

Qeyd etdiyimiz kimi, sudan istifadə potensialını ilk olaraq ehtiyatların xarakteri baxımından qiymətləndirmək vacibdir. Mütəxəssislərin qiymətləndirmələrinə əsasən, Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Azərbaycan Ekologiya və təbii sərvətlər Nazirliyinin məlumatlarına əsasən, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Qiymətləndirmələrə əsasən, iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatları son onilliklərdə təqribən 15 faiz azalıb. Beynəlxalq iqlim modelləri göstərir ki, 2050-ci ilədək su resurslarımız təqribən daha 15 faizə qədər azala bilər. Əvvəlki dövrlərdə quraqlıq müddəti 2-3 il davam edirdisə, son 8 ildə davamlı quraqlıqlar müşahidə olunur. İqlimin istiləşməsi ölkənin dağ çaylarını qidalandıran qar ehtiyatının və buzlaqların azalmasına da səbəb olur. Yağıntıların azalması Xəzərsahili rayonlar istisna olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Anomal hadisələrin sayı və sel-daşqın proseslərinin təkrarlanması artır. Kür və Qanıq çaylarında sululuq norma ilə müqayisədə 2019-cu ildə 29,2, son 6 ayda isə 45,8 faiz azalıb. Yağıntılar norma ilə müqayisədə 2019-cu ildə 17 faiz, 2020-ci ildə isə 25 faiz az olub. Əsas dağ çaylarımız formalaşan ərazilərdə son 10 ildə yağıntının miqdarı orta hesabla 8,7 dəfə azalmışdır. İqlimin inertliyini əsas götürsək, növbəti onillikdə iqlim norma ilə müqayisədə daha 8 faiz azalmanı ehtimal etmək olar.

Qeyd olunan Hökumət müşavirəsində həmçinin qeyd edildi ki, “2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40, Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz səviyyəsində idi. Hazırda bu rəqəmlər 70 və 82 faizə çatıbdır”.

Mütəxəssislər tərəfindən ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, 2020 ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir.

Beləliklə, demək olar ki, müasir dövrdə Azərbaycanda əhalinin içməli su ilə təminatında və həmçinin kənd təsərrüfatının suvarma suyu ilə təhciz edilməsində ciddi problemlər yaşanmaqdadır. Qeyd olunan məqamlar, su təminatının təşkilinin çox ciddi maliyyə -investisiya tələblərinə malik olduğunu nəzərdə aldıqda ölkədə su təminatı sisteminin fəaliyyətinin texniki-ekoloji aspektlərinə onun maliyyə-iqtisadi əsaslandırmaları ilə birgə baxılması son dərəcə vacibdir.

- Su idarəçiliyinin təkmilləşdirilməsi və su itkisinin azaldılması üçün hansı addımlar atılmalıdır?

- Dünya təsrübəsində su ehtiyatlarının idərəçiliyində təkmilləşdirmənin 3 istiqamətini müəyyənləşdirmək mümkündür:

1. Dövlətin birbaşa iştirakının genişləndirilməsi- belə yanaşmanın neqativləri səmərəliliyin azalması, yerli xüsusiyyətlərin nəzərə alınmaması səbəbindən təsərrüfatçılıq mühütinin pisləşməsi və dövlət büdcəsi xərclərinin əhəmiyyətli artımına səbəb ola bilir;

2. İdarəçiliyin, o cümlədən istismar funksiyalarının daha aşağı səviyyəyə ötürülməsi – özəlləşdirilmiş obyektlərin investisiya cəlbediciliyi və rəqabət mühiti olduqda milli maraqlara cavab verə bilər. Beləki bu yanaşma su idarəçiliyində “hövzə” prinsipinin pozulmasına, iri layihələrin realizasiyasına və su obyektlərinin qorunmasımın səmərəliliyinin aşağı düşməsinə və beləliklə də milli maraqlara xələl gətirə bilər;

3. Kompensasiyalı variant- idarəçiliyin müxtəlif səviyələrdə məhdudlaşdırlmasını, dövlətin su təsərrüaftçılığında səmərəliliyin yüksəldilməsini, büdcə vasitələrinin effektiv istifadəsini və su hövzələrinin zərərli təsirlərdən qorunmasını təmin edə bilər.

Son dövrlərdə bir sıra qabaqcıl ölkələrdə istehsalın resurs tutumluluğunun müxtəlif aspektlərinin qiymətləndirilməsi təcrübəsi genişlənməkdədir. Ənənəvi olaraq belə qiymətləndirmələr sırasında ən az fikir verilən istiqamət istehsalın su tutmululuğunun qiymətləndirilməsi hesab edilir. Lakin bütövlükdə su ehtiyatlarının xroniki çatışmazlığının getdikcə dərinləşməsi bu amilə diqqətin yetərincə yüksəlməsinə səbəb olmuşdur. Araşdırmalar göstərir ki, istehsalın su tutumluluğu göstəricisi ölkələr arası müqayisədə geniş spektrdə dəyişir. Ekspert qiymətləndirmələrinə əsasən Azərbaycanda iqtisadiyyatın su tutumluluğu ÜDM-ə nisbətdə 13% təşkil edir.

- Su balansının tərtib olunması bu məsələdə nə dərəcədə əhəmiyyət kəsb edir?

- Su idarəçiliyinin təkmilləşdirilməsinin mühüm bir istiqaməti düzgün Su balansının tərtib olunmasıdır. Bu məsələ məlum Prezident müşavirəsində Dövlət Başçısı tərəfindən haqlı olaraq kəskin şəkildə qoyuldu. Nəzərə almaq vacibdir ki, Azərbaycanda mövcud su ehtiyatlarının yalnız 20% yaxın hissəsi ölkə daxilində formalaşır. Qeyd etməyi məqsədəuyğun hesab edirik ki, Dünyada daxili su axınları hesabına adam başına düşən su ehtiyatlarının ən aşağı olduğu 12 ölkə sırasında Azərbaycan aşağıdan 10-cudur. Fikrimizcə bu fakt ölkəmizdə su probleminə diqqətin dahada ciddiləşməsi və müvafiq struktur və şirkətlərin fəaliyyətinə daha tələbkar yanaşmanı zəruri edir.

Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, təcili olaraq Azərbaycanda Sudan istifadənin yaxşılaşdırlıması və problemlərin həlli üçün qüvvədə olan Su məcəlləsi ilə yanaşı Su strategiyası formalaşdırlmalı və realizasiyası təmin eidlməlidir. Araşdırmalar göstərir ki, ölkəmizdə sudan istifadənin strateji hədəfləri müasir inkişaf mərhıləsində ictimai məhsul istehsalının su tutumluluğu, su itkisi, su hövzələrinin çirklənməsinin aşağı salınması kimi müəyyənləşdirilməlidir. Qeyd olunanlar həm içməli həm də istehsal məqsədli su istifadəsində vacibdir. Belə ki, dünya təcrübəsi və istehsal prosesinin mahiyyəti baxımından hesab olunur ki, su tutumluğunun azadılması faktiki olaraq istehsalın enerji tutumluğunun azadılması doğurur və buna görədə bütövlükdə xərclərin azalması, sudan istifadənin nəticəliliyinin yüksəlməsi baş verir.

Hiç yorum yok:

Yorum Gönder