21 Eylül 2020 Pazartesi

İnqilab Əhəmədov: ““Azəriqaz”ın ayrıca statusa malik olan dövlət müəssisəsinə çevrilməsi daha məqbuldur”


Dövlət şirkətlərinin dövlət büdcəsindən asılılığını azaltmaq məqsədilə təklif edilən variantlardan biri də həmin şirkətlərin özəlləşdirilməsi və ya uzunmüddətli idarəetməyə verilməsidir. Dövlət büdcəsindən daha çox vəsait cəlb edən təşkilatlar arasında “Azəriqaz” da var. Bu təşkilat 2019-cu ildə dövlət büdcəsinə 34,2 milyon manat vergi ödədiyi halda, büdcədən müxtəlif layihələrlə bağlı olaraq 462,3 milyon manat vəsait alıb.

Yaranmış vəziyyətdə təklif edilən variantlardan biri də “Azəriqaz”ın SOCAR-dan ayrılaraq uzunmüddətli idarəetməyə verilməsi, yaxud özəlləşdirilməsidir. Bu variant nə dərəcədə əlverişlidir?

“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı, professor İnqilab Əhmədovla söhbətimizdə bu və digər suallara aydınlıq gətirilib.

- “Azəriqaz”ın idarəetməsi SOCAR-ın tərkibində davam etdirilməlidirmi, yoxsa onun statusunda dəyişiklik olunmalıdır?

- 1996-cı ildə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. 2009-cu ilin iyulunda “Azəriqaz” QSC yenidən təşkil edilərək SOCAR-ın tərkibinə daxil olunub. Hazırda SOCAR-ın tərkibində İstehsalat Birliyi kimi fəaliyyətini davam etdirir. “Azəriqаz” qazın istеhsаlı, еmаlı, sахlаnmаsı, nəqli, pаylаnmаsı, həmçinin sənаyе və istеhlаkçı qurğulаrının tikintisi, istifаdəsi, nəzаrəti, sınаğı və sеrtifikаtlаşdırılmаsı, istеhsаlçılаr, pаylаyıcılаr, istеhlаkçılаr və qаz аnbаrlаrı аrаsındа, idхаl-iхrаc və trаnzit məqsədilə qаzın bоru kəmərləri vаsitəsilə uzаq məsаfələrə ötürülməsi və s. üzrə fəаliyyət göstərir.

İndiki status-kvo heç bir tərəfi, nə bütövlükdə iqtisadiyyatı, nə idarəetməni, nə müştəriləri, nə də bütövlükdə cəmiyyəti qane etmir. “Azəriqaz”ın SOCAR-ın tərkibindəki fəaliyyətində yaxşılığa doğru ciddi dəyişikliklər olmadı, daha çox problemlər yaratdı. Buna görə də bu status-kvo dəyişdirilməlidir.

Yaxın dövrlərdə dövlət şirkətlərinin, müəssisələrinin transformasiyası, dəyişdirilməsi, onların idarəedilməsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir. Bu fonda “Azəriqaz”ın ayrıca statusa malik olan dövlət müəssisəsinə çevrilməsi daha məqbuldur.

- “Azəriqaz”ın maliyyə göstəriciləri onun müstəqil fəaliyyətinə imkan verirmi?

- “Azəriqaz”ın maliyyə göstəriciləri hesabatlarda tam əksini tapmır. Ən yaxşı halda, ümumi məlumat daxilində qaz təsərrüfatı ilə bağlı məhdud statistika və analiz üçün heç bir əhəmiyyət daşımayan istehsal göstəriciləri, bəzən isə maliyyə məlumatı ola bilir.

SOCAR-ın illik maliyyə hesabatlarında qaz satışı ilə bağlı bir neçə statistik məlumatlardan başqa Azəriqaz-ın ayrıca istehsalat birliyi olaraq statistik məlumatları dərc edilmir. Bu səbəbdən qaz təsərrüfatı ilə bağlı maliyyə vəziyyətin təhlili və “Azəriqaz”ın nə qədər effektiv fəaliyyət göstərməsini təhlil etmək çətinləşir.

2018-ci ilin dövlət büdcəsində SOCAR üzrə büdcə daxilolmaları 1425,1 milyon manat olub ki, bu da 2017-cı illə müqayisədə 8,2% çoxdur. Bunlar “Azəriqaz” və “Azərkimya” dövlət müəssisələri ilə birlikdə Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlərdir (fiziki şəxslərin gəlir vergisi istisnadır). Ötən il dövlət büdcəsinin ümumi gəlirlərinin 6,3%-i, dövlət büdcəsinin neft sahələrindən gəlirlərinin (7884 milyon AZN) 15,1%-i, neft sektorundan yığılan vergi daxilolmalarının (2441,5 milyon AZN) isə 58,4%-i SOCAR-ın payına düşüb. SOCAR-ın 2018-ci il maliyyə hesabatında neft və qaz hasilatı bir yerdə, habelə satış və paylaşdırma yenə neft və qazı üzrə birlikdə göstərilib.

2020-ci il 6 avqust tarixində dövlət başçısı dövlət müəssisələrinin səmərəsiz fəaliyyətini kəskin tənqid edərək, məhz qazlaşdırma işinin dövlət hesabına aparılmasını, əvəzində SOCAR və digər dövlət müəssisəlrin büdcədən yardım almasını qəbuledilməz sayıb.

Beləliklə, bu misal şirkətin maliyə idarəetməsində və bütövlükdə fəaliyyətində ciddi çatışmazlıqların olmasının və onun islahata ehtiyacı olmasını nümayiş etdirir.

- Belə vəziyyətdə “Azəriqaz”ın özəlləşdirilməsi və ya idarəetməyə verilməsi variantı nə dərəcədə əlverişli ola bilər?


- Bu məsələdə konkret və ehtiyatlı olmaq lazımdır. Özəlləşdirmə bütövlükdə qaz təsərrüfatına münasibətdə olmalıdırmı, yoxsa hansısa bir sahə özəlləşdirilməyə çıxarılmalıdırmı? Qaz böyük bir sərvətdir və ondan istifadə çoxpilləli, çoxmərhələli idarəetmə sayəsində mümkün olur. Bunun yeraltı sərvət kimi çıxarılması və nəql edilməsi bir işdir, ayrı bir biznesdir. Qazın hasilatı və nəqli çox geniş və ağır sahədir. Hazırda bu işləri SOCAR həyata keçirir. Son mərhələ qazın müştərilə satılması, bununla bağlı xidmətin təşkili ayrı bir fəaliyyət sahəsidir. Bu kontekslərdə mümkün özəlləşdirmə planlarına baxmaq lazımdır.

Mən hesab edirəm ki, bu məsələdə qabaqcıl ölkələrin yaxşı təcrübəsinə baxmaq lazımdır. Avropada kifayət qədər maraqlı təcrübə var. Həmçinin qonşu ölkələrdə də maraqlı təcrübələr mövcuddur. Fikrimcə, təbii inhisar xarakterli müəssisələrin müştərilərlə işləyən hissəsi özəlləşdirilə və ya idarəetməyə verilə bilər.

Ancaq qazın nəql edilməsi əksər ölkələrdə dövlətin strateji işidir və mən bunun özəlləşdirilməsini təsəvvür edə bilmirəm. Yaxud, qazın yerin təkindən çıxarılması işi SOCAR-ın biznesidir və hesab edirəm ki, dövlət neft şirkətində qalması daha məqbul variantdır.

“Azəriqaz”ın müştərilərlə işləyən hissəsinin rəqabətliliyin, hesabatlılığın, məsuliyyətlililiyin, biznes prinsiplərinin, xərc-fayda prinsiplərinin bərqərar edilməsi üçün özəlləşdirməsi arzu ediləndir.

- İstehlakçıların qazla təchizatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən “Azəriqaz”a maliyyə dəstəyi verilir. Gələcəkdə də maliyyə dəstəyin gücləndirilməsinə ehtiyac varmı?

- Hazırda “Azəriqaz” faktiki olaraq SOCAR-ın kölgəsində qalıb. SOCAR böyük vergi ödəyicisidir, böyük gəlir generatorudur, eyni zamanda dövlət büdcəsindən ən çox vəsait alan təşkilatdır. Böyük məbləğdə vəsaitin SOCAR-a ayrılmasının səbəblərindən biri də “Azəriqaz”la bağlıdır. Hər il SOCAR-a qaz təsərrüfatı ilə bağlı ayrı-ayrı proqramlar çərçivəsində, xüsusən də qazlaşdırmanın yaxşılaşdırılması proqramları çərçivəsində istisnasız olaraq böyük məbləğdə büdcədən vəsait ayrılır.

Belə bir vəziyyət böyük suallar doğurur. “Azəriqaz”da hesabatlılıq yüksək səviyyədə deyil, ayrı-ayrı məqamlarda korrupsiya halları qeydə alınır. Burada qaranlıq qalan məsələlər çoxdur. Prinsipcə, istehlakçılara qazın verilməsi sahəsinə biznes kimi baxılmalıdır. Bu təsərrüfat pul qazanıb, inkişaf proqramları çərçivəsində müəyyən investisiya qoymaq imkanına sahib olmalıdır. Qoyulan investisiyalar isə fayda gətirməlidir. İndiyə qədər belə olmalıydı.

Yaxud, əgər bu, mümkün olmayıbsa, konkret proqramlar çərçivəsində ünvanlı şəkildə pulun nəyə xərclənməsi, niyə görə həmin pulun “Azəriqaz”ın öz vəsaiti hesabına yox, dövlətin və ya büdcənin vəsaiti hesabına təmin edilməsi əsaslandırılmalı idi. Bu halda daha aydın olardı ki, qazlaşdırma ilə bağlı ayrılan vəsaitlər niyə dövlət büdcəsindən gəlir, niyə şirkətin və ya birliyin öz vəsaiti hesabına ödənilmir. Burad çoxlu sayda uyğunsuzluqlar var. Daxili bazardakı qiymətin xarici bazardakı qiymətlərdən fərqliliyi, “Azəriqaz”ın müştəriyə satdığı qazın maya dəyərinin hansı məbləğdə olması dəqiq göstərilməlidir, itkilərin çox yüksək olmasının səbəbləri dəqiq izah olunmalıdır.

Bu problemlərlə bağlı çoxlu suallar yaranır. Sualların çox olmasının səbəbi ondan xəbər verir ki, bu sahədə idarəetmə arzuedilən səviyyədə deyil və buna görə də hesabatlılıq, şəffaflıq yoxdur.

Mövcud vəziyyətlə əlaqədar olaraq hər il SOCAR-ın və “Azəriqaz”ın ən böyük niyyətlərindən biri mümkün qədər çox vəsaiti büdcədən əldə edib, qazlaşdırma istiqamətində sərf etməkdir. Bu hal biznes baxımından normal sayıla bilməz.


Hiç yorum yok:

Yorum Gönder