19 Eylül 2020 Cumartesi

Samir Əliyev: “SOCAR-ın orta və uzun müddətli dövrə hədəflənən vahid İnkişaf Strategiyasının işlənib hazırlanması vacibdir”

Azərbaycanda neft və qaz hasilatı sənayesində dövlətin iştirakı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə həyata keçirilir. SOCAR təkcə dövlət şirkəti deyil, həm də Azərbaycanın ən böyük şirkətidir, ən böyük vergiödəyicisidir. Şirkət təkcə 2019-cu ildə dövlət büdcəsinə 1,409 milyard manat, Dövlət Sosial Müdafiə Fonduna 173,6 milyon manat məbləğində vergi ödəyib. Büdcə daxilolmalarının bir qayda olaraq 6%-8%-i, vergi gəlirlərinin 15-17%-i dövlət neft şirkətinin payına düşür. 2019-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyiciləri üzrə daxil olmuş vergi və digər icbari ödənişlərin 76,4%-i SOCAR-ın payına düşüb.

SOCAR-ın ölkə iqtisadiyyatında önəmli paya malik olması onun fəaliyyəti ilə bağlı məlumatlara ictimai marağı artırır. Bu baxımdan SOCAR-ın fəaliyyətində şəffaflıq və hesabatlılıq, eyni zamanda idarəetmənin müasir standartlara uyğunluq səviyyəsi vacib məsələlərdən biridir.

SOCAR-ın fəaliyyətində ictimaiyyətdə maraq doğuran məsələlərlə bağlı “İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Samir Əliyevin fikirlərini öyrəndik:

- SOCAR-ın hesabatlılığını qənaətbəxş hesab etmək olarmı, şirkət fəaliyyəti haqqında yetəri qədər informasiya açıqlayırmı?

- 2014-cü ildə SOCAR-ın Nizamnaməsinə edilən dəyişikliyə əsasən hesabatın dərci məcburi öhdəliyə çevrilib. Şirkət birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir. Həmin bəndə görə, hesabat dövrü ərzində SOCAR və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə hesabatları eyni zamanda, Azərbaycan Maliyyə Nazirliyinə təqdim edir.

SOCAR 2008-ci il yanvar ayının 1-dən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçib. 2009-cu ildən başlayaraq Şirkət hər il rəsmi internet saytında kənar audit şirkəti tərəfindən hazırlanmış maliyyə hesabatları (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun Konsolidasiya edilmiş maliyyə hesabatları) yerləşdirir.

Şirkət rəsmi internet saytında maliyyə hesabatı ilə yanaşı mütəmadi olaraq “İllik hesabat” (2004-2018-cı illər) və “Davamlı inkişaf üzrə hesabat” (2011-2018-cı illər) tərtib edərək yerləşdirir.

Qanunverici orqan olan Milli Məclisin SOCAR-ın fəaliyyətini yoxlamaq və nəzarət etmək səlahiyyəti məhdududur. Milli Məclisin orqanı olan Hesablama Palatasının SOCAR-ı məhdud həddə yoxlamaq səlahiyyəti mövcuddur. Ancaq bu vaxta qədər SOCAR-ın fəaiyyətinin yoxlanılması ilə bağlı məlumat yoxdur.

Şirkətin saytında 2009-cu ildən sonra maliyyə hesabatları yerləşdirilib. İndiyədək saytda yerləşdirilmiş və audit yoxlamasından keçmiş illər 2009-2019-ci illəri əhatə edib. Bu müddətdə yalnız bir şirkət - Ernst and Young Holding şirkəti tərəfindən audit aparılıb.

Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı ilə məşğul olan dövlət şirkətinin - SOCAR-ın fəaliyyəti cəmiyyətin daim diqqət mərkəzində olub və müxtəlif müzakirə yol açıb. Vətəndaş cəmiyyəti, o cümlədən KİV bu qurumdan lazımi məlumatları əldə etməkdə çətinlik çəkir. Şirkət fəaliyyəti barədə maliyyə və fəaliyyət hesabatları yerləşdirməsinə rəğmən ictimaiyyətə açıq olmaqda maraqlı görünmür. Rəsmi internet saytında son dövrlər xəbərlərin, xüsusən də satışla bağlı xəbərlərin seyrəlməsi müşahidə edilir. Şirkətin birgə və törəmə müəssisələrinin maliyyə və proqram fəaliyyəti barədə hesabatlara rast gəlinmir.

- Şirkətdə korporativ idarəetmə standartları beynəlxalq tələblərə uyğundurmu?

- SOCAR-da korporativ idarəetmə standartları tətbiq edilmir. Şirkətin Bakı Fond Birjasında emitent olaraq yerləşdirdiyi prospektdə qeyd edilir ki, Azərbaycanda xüsusi olaraq korporativ idarəetmə standartları mövcud olmadığından şirkətlərin idarəetmə forması ümumi olaraq Mülki Məcəllə ilə müəyyən edilir və SOCAR-ın hazırkı korporativ idarəetmə orqanlarının Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun yaradılması iddia edilir.

Şirkətin əksər hesabatlarında korporativ idarəetmə standartlarının tətbiqi dəfələrlə vurğulanır. Ancaq araşdırmalarımız göstərir ki, idarəetmə prinsipləri nəinki korporativ idarəetmə standartlarına, hətta şirkətin istinad etdiyi Məcəllənin tələbləri ilə tam uyğunluq təşkil etmir. Məcəllədə korporativ idarəetmənin vacib elementləri əksini tapsa da SOCAR-ın idarəetmə strukturunda buna rast gəlmək olmur.

Nizamnaməyə görə, SOCAR-ın strukturuna rəhbərlik, Şirkətin Şurası, 5 Komitə (Audit, Risklərin idarə edilməsi, Satınalmalar, Kadrların idarə edilməsi, İnformasiya təhlükəsizliyi komitələri), Baş ofis, filiallar, nümayəndəliklər və hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (İdarələr), ortaq Neft Şirkətləri və Şirkət tərəfindən yaradılan təsisatlar daxildir. SOCAR-ın idarəetməsində ümumi yığıncaq və onun seçdiyi müşahidə şurası mövcud deyil. Yeganə olaraq idarə heyəti funksiyasını yerinə yetirən Şirkət Şurası mövcuddur. Faktiki olaraq ümumi yığıncaq və müşahidə şurası funksiyalarını ölkə prezidenti icra edir. Şirkətdə qarşılıqlı nəzarət mexanizmləri mövcud deyil, nəzarət ancaq birtərəfli - şirkətin prezidenti tərəfindən sərəncamında olan strukturlara nəzərdə tutulur.

Şirkətin təşkilati-hüquqi formasının mövcud “dövlət müəssisəsi” statusundan təsərrüfat cəmiyyəti forması olan və səhmləri dövlətə məxsus səhmdar cəmiyyəti statusuna keçidi təmin edilməlidir.

Korporativ idarəetmə standartlarını tətbiq etməsi üçün nizamnaməyə dəyişikliklər edilərək idarəetmə strukturu dəyişilməli, hazırda fəaliyyətdə olan Şirkət Şurası ləğv edlməlidir. Əvəzində ölkə prezidenti tərəfindən təyin edilən strateji idarəçiliyə cavabdeh Müşahidə Şurası (və ya Direktorlar Şurası) yaradılmalıdır. Müşahidə Şurasının (və ya Direktorlar Şurası) isə icraçı qurumun - İdarə Heyətinin və Nəzarət-Təftiş (Audit) Komitəsinin rəhbər və işçilərini təyin edir.

Nizamnaməyə Şirkəti idarə edən strukturların (Müşahidə Şurası, İdarə Heyəti, Nəzarət-Təftiş (Audit) Komitəsi) rəhbər və üzvlərinin peşəkarlığına dair tələblər daxil edilməlidir.

- SOCAR-ın dövlətlə maliyyə münasibətlərini tənzimləyəcək dəqiq və aydın qaydalar sistemi mövcuddurmu?

- Mövcud qaydalar SOCAR-la dövlət arasında xüsusi yanaşmanı özündə əks etdirmir və dövlətlə adi müəssisə ilə olan münasibətlərdən demək olar ki, fərqlənmir.

Dövlət tərəfindən SOCAR-a maliyyə vəsaitlərinin ayrılması daha çox nizamnamə kapitalı və ya kredit ayırmaları vasitəsi ilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankı Borcverən qismində çıxış edərək, borcalan Azərbaycan bankları və təkrar borcalan qismində SOCAR-a dövlət zəmanəti ilə kredit vəsaiti ayırır. Zamin kimi Azərbaycan Hökuməti adından çıxış edən Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, SOCAR və Azərbaycan bankları arasında dövlət zəmanətinin verilməsi barədə saziş imzalanır.

SOCAR ilə dövlət arasında maliyyə transferinə dair xüsusi münasibətləri əks etdirən yeganə sənəd Nazirlər Kabinetinin 2016-cı ildə qəbul etdiyi “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Qərarıdır. Bu qərar fiskal transfer qaydalarını yox, SOCAR-ın gəlirlər və xərclər smetalarının dövlətin iştirakı ilə tərtibi, təsdiqi və dövlətin nəzarət prosedurlarını tənzimləyir.

Digər sənəd Nazirlər Kabinetinin 26 noyabr 2018-ci il tarixində qəbul etdiyi “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”dır. Bu Qaydaya əsasən, SOCAR dövlətə məxsus təsərrüfat cəmiyyəti olduğundan illik maliyyə fəaliyyətləri, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları özlərinin internet informasiya ehtiyatlarında hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq açıqlamalıdırlar.

Vergi Məcəlləsində də dövlət şirkətlərinə münasibətdə fərqli vergi rejimi müəyyən edilməyib. Yeganə olaraq Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) iştirak edən və Ələt iqtisadi zonasında vergitutma və vergi nəzarəti, vergi azadolmaları və güzəştləri ilə bağlı məsələlər bu Məcəllə ilə tənimlənmir.

- Dünyanın iri neft-qaz şirkətləri gələcək planlarını açıqlayır, onların bəziləri bərpa edilən enerji növlərinə investisiya qoyuluşunu artıracağını bəyan edir. SOCAR-ın gələcəyə baxış strategiyası olmalıdırmı və burada nələr hədəflənməlidir?

- SOCAR-ın məramı iri beynəlxalq neft-qaz şirkətinə çevrilməkdir. Belə bir iddialı məramın qarşılığında Şirkətin yaxın və ortamüddətli dövr üçün hədəflərini nəzərdə tutan ayrıca hər hansı inkişaf strategiyası mövcud deyil.

SOCAR-ın fəaliyyəti daha çox hökumətin qəbul etdiyi strategiyalarda rol almaq və töhfə vermək olub. Ancaq Şirkətin yaxın və ortamüddətli dövrdə qarşıya qoyduyu hədəflər və buna nail olmaq üçün fəaliyyət planını əks etdirən vahid bir sənədin - strategiyanın olması SOCAR-ın gələcəkdə dünyanın enerji sektorunda hansı rola malik olacağını planlaşdırmaq və hansı digər sektorlara daxil olmaq niyyətinin olub-olmadığını müəyyənləşdirmək çətindir.

SOCAR prezidenti tərəfindən şirkətin rəsmi internet saytında növbəti dəfə yeni Strategiyanın hazırlanması anonsunu verilib. O, açıqlamasında SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başladığını və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırdıqlarını bildirib.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın Qazprom şirkəti 2018-ci ildə elektroenergetika sahəsində 2018-2027-ci illəri əhatə edən Strategiya qəbul edib. Qazaxıstanın KazMunayQaz şirkətinin 2025-ci ilə kimi inkişaf Strategiyası mövcuddur.

Dünya bazarlarında bərpaolunan enerjinin payının sürətlə artdığı bir dövrdə neft-qaz hasilatı üzrə ixtisaslaşmış BP şirkəti 2030-cu ilə qədər olan strategiyasının əsas hədəflərini açıqlayıb. Strategiyanın əsas məğzini ənənvi enerjidaşıyıcıların yerini tədricən yaşıl enerjiyə verilməsi təşkil edir. Bunun üçün az karbonlu texnologiyalara investisiyaları artırmaq və neft və qaz hasilatını azaltmaq planlaşdırılır.

Şirkətin orta (5 illik) və uzun müddətli (15-20 illik) dövrə hədəflənən vahid İnkişaf Strategiyasının işlənib hazırlanması vacibdir. Yeni Strategiyada son illər dünyada müşahidə edilən bərpaolunan enerji istehsalı siyasətinin əksini tapması məqsədəuyğun olardı.

Hiç yorum yok:

Yorum Gönder