12 Eylül 2020 Cumartesi

Xətai Əliyev: "Təhsil krediti təhsil haqqı ilə bərabər yaşayış xərcinin ödənilməsini də əhatə etməlidir"


Azərbaycanda artıq xeyli müddətdir ki, dövlət vəsaiti hesabına təhsil kreditlərinin verilməsi məsələsi müzakirə olunur. Uzun müddət aparılan müzakirələrə baxmayaraq təhsil kreditlərinin verilməsi qaydası müəyyənləşməyib. 

Bugünlərdə millət vəkili Əli Məsimli deputat həmkarı ilə birgə “Təhsil kreditləri haqqında” yeni qanun layihəsi hazırladığını bildirib. Bu haqda məlumat verən millət vəkili Ə.Məsimli deyib ki, “Təhsil kreditləri haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunması vacibdir: “Bu, qanun bir çox insanın təhsillə bağlı probleminin həllinə kömək edəcək”. 

Bəs, təhsil kreditləri necə olmalı və hansı şərtlərlə ayrılmalıdır? 

"İqtisadi Forum" ekspert qrupunun üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Emprik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Əliyev bununla bağlı sualları cavablandırıb:

- Uzun müddətdir ki, dövlət vəsaiti hesabına təhsil kreditlərinin verilməsi ilə bağlı müzakirələr aparılır. Sizcə model necə olmalıdır?

- Təhsil kreditlərinin tətbiqi və ondan istifadə dünyada geniş yayılan təcrübədir. Azərbaycan üçün də təhsil kreditləri aktual məsələdir. 

Hazırlanacaq qanun layihəsində təhsil kreditləri ilə bağlı əsas məsələ nə qədər resursun ayrılması, kreditin verilmə şərtləri və kreditlərdən düzgün istifadə olmalıdır. 

Bu cür kreditlər yalnız təhsil haqlarının ödənilməsinə yönəldiləcəksə, o, səmərəli olmayacaq. Təhsil alanın xərcləri yalnız təhsil haqqından ibarət deyil. Onların yaşayış xərclərinin ödənilməsi də vacib məsələlərdəndir. Magistr pilləsində çox sayda tələbə var ki, yaşayış xərclərini ödəyə bilmədiyindən elmdən uzaq düşür, gündəlik xərcini qarşılamaq üçün başqa işlə məşğul olur. Əgər təhsil krediti anlayışı yalnız təhsil haqlarının ödənilməsindən ibarət olacaqsa, onun iqtisadiyyata, gələcəyə doğru geri dönüşü çox məhdud olacaq. Buna görə də bu cür kreditlər təhsil haqqı ilə bərabər yaşayış xərcinin ödənilməsini də əhatə etməlidir. Ölkəmizdə savadlı olan tələbələrin əksəriyyəti təhsil haqqı ödəmir, dövlət hesabına oxuyur. Vəsait yalnız təhsil haqları üçün istifadə edilərsə, təhsil haqqı ödəməyənlər digər xərcləri üçün yararlana bilməyəcəksə, o zaman bilik iqtisadiyyatını formalaşdıra bilməyəcəyik.

Təhsil kreditlərində önəmli olan məsələlərdən biri də resursların nə qədər ayrılması və onun idarə edilməsidir. Azərbaycan praktikasında bilirik ki, adətən ayrılan resursların həcmi çox məhdud olur. Məhdud olan resursların isə ən yaxşı şəkildə istifadə edilməsi vacibdir. Resurslar məhdud olacaqsa, hökmən təhsil haqları ilə bərabər həm yaşayış, həm də digər xərcləri əhatə etməlidir.

Kreditlər yalnız təhsil haqları üçün nəzərdə tutularsa, bu variantda kreditlər universitetləri ayaqda tutmaq üçün istifadə ediləcək ki, bu da səmərəli olmayacaq. 

- Təhsil kreditlərinin bir neçə istiqamət üzrə ayrılmasını təklif edirsiniz? 

- Təhsil kreditləri prioritet istiqamətlər üzrə və ya elmi dərəcələrə görə də ayrıla bilər. Elmi dərəcə üzrə götürdükdə magistr və elmər namizədi dərəcəsi üzrə təhsil alanlara yönəlik olsa yaxşı olardı. Məhz bu dərəcə üzrə təhsil alanların öz ixtisasi üzrə elmi işlərini davam etdirə bilməməsi Azərbaycan üçün itkidir. Bakalavr mərhələsindən magistatura və doktoranturaya doğru getdikdə insanlar öz xərclərini ödəməyə çalışır və xərcləri ödəyə bilmədiyindən elmdən uzaqlaşır.

Əgər kreditlər magist pilləsinə doğru və ya ixtisaslaşmış bir istiqamətə yönəldilərsə, məbləği və şərtləri cəlbedici olsa, bunun bilik iqtisadiyyatının formalaşması baxımından təsirini gözləmək olar.

- Kreditlər üzrə faizlər maksimum qədər olmalıdır? 

- Təhsil kreditləri üzrə faiz dərəcələrinin mövcud kredit faizlərinin xeyli aşağı olması vacib şərtlərdən biridir. Bu kreditlər üzrə qazanc nəzərdə tutulmamalıdır. Zənnimcə, güzəştli ipoteka kreditlərində olduğu kimi 4 faizlə kredit ayrılarsa, məqbul olar. 

Amma əsas məsələ sadəcə faizlərin həddi deyil. Digər vacib məsələ kreditlərdən düzgün istifadəsidir. Ucuz kreditlərdə vəsaitlərdən düzgün istifadə, qeyri-qanuni şəkildə başqa istiqamətlərə yönəldilməməsi vacib məqamlardan biridir. Buna görə də kredit faizləri aşağı olmaqla bərabər, onun düzgün və ədalətli tənzimlənməsi də önəmlidir. Sahibkarlığın İnkişafı Fondunun və İpoteka Fondunun vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə bağlı problemlərə rast gəlinir. Təhsil kreditlərində də bu kimi məsələlərin yaşanmaması üçün layihə hazırlanan zaman nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Faizlərin 1-2 və ya 4 faiz olması önəmli deyil. Burada faiz qədər önəmli olan məsələ vəsaitlərin ayrılması zamanı qeyri-qanuni tələblərin irəli sürülməməsi və təyinatı üzrə istifadə olunmasıdır.

Hiç yorum yok:

Yorum Gönder