25 Temmuz 2020 Cumartesi

Rasim Həsənov: "Dövlət borc fəaliyyətində müstəsna mövqeyə malikdir"

2020-ci il iyulun 24-də “İqtisadi Forum” ekspert qrupunun növbəti görüşü keçirilib. Görüşdə “İqtisadi Forum” ekspert qrupunun üzvü, pofessor Rasim Həsənov “Dövlət borcu və onun idarəçiliyi” mövzusunda təqdimatla çıxış edib.

R.Həsənov bildirdi ki, dövlət borc fəaliyyətində müstəsna mövqeyə  malikdir. Çünki borc burada həm iqtisadi siyasətin elementidir, həm də bütün iqtisadi proseslərə çox ciddi təsir vasitəsidir. “Borcu iqtisadi fəaliyyətin resursu”, - hesab edən ekspert qeyd etdi ki, ondan düzgün istifadə etmək vacibdir. Onun sözlərinə görə, əks təqdirdə borcun iqtisadiyyata xeyrindən çox zərəri olur: “Dünya ölkələrinin 43 faizi borclara münasibətdə təhlükəli zonadadır. Bu da ciddi göstərici hesab edilir. Azərbaycanda borcların əsas hissəsi dövlət maliyyəsində yox, dövlət sektorundadır.

Beynəlxalq təcrübədə ölkənin xarici borcunun dayanıqlığı göstəricisi əsasən 3 indikator vasitəsi ilə müəyyənləşdirilir: xarici borc/məhsul və xidmətrin ixracı;  beynəlxalq ehtiyatlar/xarici borc; xarici borc/əhali sayı. BVF-n tövsiyyələrinə əsasən  ölkənin xarici borcunun risk səviyyəsini məcmu xarici borc/ÜDM" göstəricisi ilə müəyyənləşdirmə məqsəduyğundur. 30% səviyyəsində -aşağı riskli, 50%-ən çox isə  yüksək  riskli borc hesab olunur.  Bu kriteriyalara uyğun olaraq Azərbaycanda xarici borcla bağlı təhlükə yoxdur”.

Beynəlxalq maliyyə institutunun məlumatlarına əsasən dünya üzrə borc tarixi maksimuma çataraq 2020 əvvəlinə qlobal milli məhsulun 322% çatmış və 253 trilyon dollar təşkil edib.  ABŞ-da borc yükü -327%, Yaponiya -540%, Avrozona ölkələri -388% olub. Ekspertlərin qiymətlndirmələrinə görə bunun əsas səbəbi faiz dərəcələrinin hamılıqla aşağı salınmasıdır.

R.Həsənov məlumat verdi ki, Azərbaycan dövlətinin borcu ilə bağlı ən mühüm sənəd 2018-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədidir. O bu sənəddə 3 strateji hədəfin müəyyən olunduğunu dedi: “ Həmin hədəflər dayanıqlı və idarəolunan dövlət borcu səviyyəsinə nail olmaq, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizmlərinin gücləndirilməsidir.

    2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu 16,87 milyard manat təşkil edir. Adambaşına dövlət borcu 1675,8 manat olub. Ümumi dövlət borcunun 15,454 milyard manatı (91,6 faizi) xaric borc, 1,415 milyard manatı daxili borcdur. Azərbaycanın dəyişən faiz dərəcəsi ilə olan borc öhdəliyi xarici borc məbləğinin 52,8 faizini, sabit dərəcə ilə olan isə 47,2 faizini təşkil edir.

Staretegiyada   2018-2025-ci illərdə   dövlət borcunun idarə olunması sahəsində əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM nisbətinin tədricən azaldılmasıdır. Dövlət zəmanəti ilə cəlb edilən xarici borcun tərkibinə əsasən, əsas borclara “Cənubi Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri (3,147 milyard dollar), “Azərenerji” ASC (928,2 milyon dollar), “Azərbaycan Dəmir Yolları” QSC (479 milyon dollar), SOCAR (460,6 milyon dollar) və sair təşkilatların (778,3 milyon dollar) xarici maliyyə mənbələrindən dövlət zəmanəti ilə cəlb etdikləri kreditlər daxildir. Daxili dövlət zəmanətli borcun tərkibinə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın toksik aktivlərinin alınması üçün “Aqrarkredit” tərəfindən buraxılan qiymətli kağızlara verilən dövlət zəmanəti (10,59 milyon manat), SOCAR-ın bir sıra layihələrinin maliyyələşdirilməsinə verilən dövlət zəmanəti (321,7 milyon manat) və Əmanətlərin Sığortalanması Fondunun xeyrinə buraxılan sadə veksel (800 milyon manat) üzrə borclar daxildir”.

     Ekspert R.Həsənov qeyd etdi ki, rəsmi məlumatlara əsasən  2020-ci ildə ümumi dövlət borcunun ÜDM-yə nisbəti 20,7 faiz,  dövlət büdcəsi xərclərinə  isə nisbəti 6,8 faiz səviyyəsində nəzərdə tutulub ki, bu da Strategiya ilə müəyyən edilən həddən 8,2 faiz bəndi aşağıdır: “Aparılan araşdırmalar göstərir ki, milli valyutanın məzənnəsində ola biləcək hər hansı dəyişiklik nəticəsində dövlət borcunun həcminin, həmçinin borca xidmət xərclərinin artması riski daim diqqət mərkəzində saxlanılmalıdır. Borclanmanın institusional təhlili vacibdir. Borcları alanların və istifadə edənlərin borclanma prosesində səmərəliliyin artırılmasının vacibliyi, dövlət borcunun xarakteri nəzərə alınmaqla, ən aşağı xərclə tələb olunan maliyyələşmənin təmin edilməsi mühüm hədəflərə çevirilməlidir”.

      Ekspert  hesab edir ki, ölkəmizdə  nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərdə və şirkətlərində mövcud kredit xətlərinə fərdi yanaşmaqla borc tənzimlənməlidir. Kredit layihələri və resursların istifadəsinə nəticəlilik və səmərəlilik baxımından maliyyə nəzarəti təmin olunmalı, xarici makroiqtisadi şokların büdcə və xərclərinə təsirinin azaldılması məqsədilə borc yükünün valyuta priorotetləri müəyyənləşdirilməli,   mütəmadi olaraq valyuta riskləri qiymətləndirilməlidir. Borclarla bağlı qanunvericilik təkmilləşdirilməsi və müfəssəl statistik məlumatların açıqlanması da tövsiyə edildi. 

Sonda mövzu ilə bağlı fikir mübadiləsi keçirildi.

 


Hiç yorum yok:

Yorum Gönder