18 Temmuz 2020 Cumartesi

Dövlət şirkətlərinin borclanması dövlətin fiskal yükünü artırır


   
“Dövlətin xarici borcları üçün risk mənbəyi dövlət müəssisələrinin maliyyə vəziyyətinin qənaətbəxş olmamasıdır. Dövlət müəssisələri tərəfindən zəmanətlə götürülən kreditlərin müəyyən bir qismi geri qaytarıla bilmir və nəticədə dövlətin fiskal yükü artır”.
Bu açıqlamanı iqtisadçı-ekspert Rövşən Camalov verib. O qeyd edib ki, 2014-cü ildən etibarən xarici dövlət borcunun ÜDM-yə nisbətinin artımını görürük. 2015-ci ildən 2018-ci ilin əvvəllərinə qədər artım tempi bir qədər də güclənib. 2014-cü ildən sonra xarici dövlət borcunun ÜDM-yə nisbətinin artımını zəruri edən səbəblər neftin kəskin ucuzlaşması, daha sonra milli valyutanın dəyər itirməsi, həmçinin faktiki borc məbləğinin artmasıdır. R.Camalov bildirib ki, 2017-ci ildə faktiki borc məbləğində kəskin artımın şahidi olduq. Həmin ildə borcun kəskin artması Azərbaycan Beynəlxalq Bankı ilə bağlı yaranan böhranla əlaqəlidir. İqtisadçı xatırlatdı ki, Dünya Bankının məlumatlarına əsasən 2014-2016-cı illərdə Azərbaycanın xarici dövlət borcu 19,5 faiz artıb.
R.Camalov deyir ki, xarici dövlət borclarının əsas hissəsi “Azərbaycan Hava Yolları” (AZAL), Dövlət Neft Şirkəti (SOCAR), “Azərkosmos”, “Azərenerji”, “Azəralüminium”,  “Azərbaycan Dəmir Yolları” tərəfindən alınıb. Bu dövlət şirkətləri xarici borclanmaya getmiş və ciddi fiskal yük yaratmış hesab olunur.
2014-2017-ci illərdə dövlətin xarici borc yükünün artması 2018-ci ildə “Azərbaycan Respublikasının dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddət üçün strategiya”nın qəbul edilməsinə zərurət yaratdı. Strategiya 2018-2015-ci illəri əhatə edir.
R.Camalovun sözlərinə görə, bu strategiyanın 3 əsas məqsədi var: “İqtisadiyyatın ehtiyaclarının nəzərə alınmaqla dövlət borcunun dayanıqlığının təmin edilməsi, dövlətin maliyyə ehtiyaclarının ödənilməsi zamanı ən aşağı risk və ən az xərclə borclanmanın təmin edilməsi, ölkədaxili maliyyə bazarlarının inkişafıdır. Strategiyanın əsas məqsədi ondan ibarətdir ki, 7 il ərzində xarici borcun məbləği və onun ÜDM-yə nisbəti azaldılmalıdır. İlkin mərhələdə xarici borcun ÜDM-nin 30 faizini keçməməsinə nəzarət etmək və strategiyanın sonuncu illərinə qədər nisbətin 20 faizə qədər azaldılmasına nail olmaqdır”.
İqtisadçı dedi ki, sənəddə hədəflər ciddi qoyulub, amma strategiyanın zəif tərəfləri də var: “Borcların idarə edilməsi, borclanma mexanizmlərinin təkmilləşdirilməsi, dövlət zəmanəti ilə borclanan müəssisələrin fəaliyyətinin şəffaflaşdırılması, hesbatlılığının gücləndirilməsi, alınan borcların təyinatı üzrə xərclənməsinin təmin edilməsi istiqamətlərində hər hansı bir fəaliyyət müəyyən edilməyib.
Xarici borcların böyük hissəsinin 2020-ci ildən sonra ödənilməsi planlaşdırılır. Buna görə də gələn ildən dövlət büdcəsində dövlət borcu ilə bağlı xərclərdə artım müşahidə olunacaq. 2016-cı ildən xarici borcla bağlı xərclərdə artım müşahidə edilib. 2017-ci ildə dövlət büdcəsində borcun əsas və faiz hissələrinin ödənilməsinə 1,5  milyard manat nəzərdə tutulduğu halda, 2018 və 2019-cu ildə 2-2,2 milyard manat həcmində məbləğ nəzərdə tutulub. 2020-ci ildə xarici borcla bağlı xidmət xərcləri 1,7 milyard manata yaxın olacaq.
Hesab edirəm ki, xarici borclarla bağlı risklərin azaldılması üçün dövlət şirkətlərinin özəlləşdirilməsinə yenidən baxılması, hesabatlılıq və maliyyə şəffaflığı pribsiplərinin əsas götürülməsi, dövlət şirkətlərində səmərəli idarəetmə mexanizmlərinin qurulmasına nail olmaq lazımdır. Dövlət şirkətlərinin özəlləşməsi bu sahədə səmərəliliyi artıra bilər. Amma o, digər bir çətinliyi – kommunal xidmətlərin haqlarının artmasını yarada bilər”.
                                                  

Hiç yorum yok:

Yorum Gönder