28 Temmuz 2020 Salı

Elçin Rəşidov: "Əmanətlərin Sığortalanması Fondu yenidən təşkil edilməlidir"


 
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqi bu ilin dekabrında başa çatacaq. Mərkəzi Bank rəsmilərinin açıqlamasına əsasən, həmin tarixə qədər əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanıb qəbul ediləcək. Yeni mexanizmdə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bəs, əmanətlərin sığortalanması sistemində hansı yeniliklər, dəyişikliklər olmalıdır?
“İqtisadi Forum” ekspert qrupunun üzvü, iqtisadçı Elçin Rəşidov hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) işləmə prinsipi bazar iqtisadiyyatı qaydalarına uyğunlaşdırılmalıdır. Onun fikrincə, hazırda ƏSF bazar prinsipləri ilə fəaliyyət göstərmir və bu vəziyyət həmişə problem yaradır.
“ƏSF-nin özünün əvvəldən işləmə mexanizmi, mayası bazar iqtisadiyyatı prinsiplərinə uyğun deyil və sığortaçı təşkilat kimi çıxış etmir”, - deyən E.Rəşidov söylədi ki, bütün problemlərin mənbəyi burdadır: “Sığortaçı təşkilat sığortalının risklərini sığortalayır. Burada sığortalı ilə sığortaçı arasında heç bir müqavilə yoxdur. Sığortalı kimdir? Sığortalı bankda əmanət yerləşdirəndir. Problem ondadır ki, sığortalı bankda əmanət yerləşdirdikdə avtomatik sığortalanır. Əmanətçi könüllü şəkildə pulunu ödəməklə vəsaitini sığortalaya bilməlidir. Fond kluba üzvlük haqqı toplayan kimi sığorta haqqı alır, sığortaladığı adamlarla, yəni, əmanətçilərlə müqavilə bağlamır. ƏSF üçün sığorta haqqını banklar toplayır.
Sığortaçı təşkilat bütün banklara eyni sığorta haqqı qoya bilməz. Sığorta haqqı bankın özünün riskinə uyğun olaraq əmanətə nisbətdə müəyyənləşdirilməlidir.  Bu nisbət bankın risk vəziyyətinə uyğun olaraq əmanətin məbləğinin 1-2 faizi qədərində ildə bir dəfə tutula bilər. Burada sığortaçı sığortalının qarşısında məsuliyyət götürür və müqavilə müddətində məsuliyyətdən qaça bilmir. Hazırda isə vəziyyət başqa cürdür.
ƏSF aktuar işlər aparmır, bankların risklərini ölçmür. ƏSF sığortanın riskini ölçmədən sığorta haqqını necə tələb edə bilər? Hansı sığorta təşkilatı sığortalının riskini ölçmədən sığorta haqqı müəyyənləşdirir? ƏSF yalnız sığorta haqqı toplamaqla məşğuldur”.
E.Rəşidov ƏSF-nin daha çox bank bağlayan təşkilat kimi tanındığını və bağlanan bankların inzibatçısı kimi çıxış etdiyini söylədi. Onun fikrincə, ƏSF-nin bu fəaliyyəti maraqların konfliktiki yaradır: “ƏSF əmanətlərin sığortalanmasını, qorunmasını və bununla da Azərbaycanda əmanət, depozit sektorunun böyüməsini, fondların dövriyyəsini təmin etməkdə maraqlı olmaqdansa, bankların bağlanmasında maraqlıdır. Yalnız banklar bağlananda ƏSF üçün iş imkanı yaranır. Bu zaman ƏSF nə edir? İlk işi bankların aktivini nəzarətə götürməkdir. Aktivlər hesabına sığortalı əmanətlər üzrə sığorta ödənişini edir. Burda da bazar iqtisadiyyatı qaydaları pozulur. Sığortaçı təşkilat sığorta ödənişlərini öz vəsaiti hesabına verməlidir, başqasının pulunu götürüb verməli deyil. Çünki banklardan sığorta haqqı alınıb və həmin vəsaitlər hesabına fond yaradılıb. Sığorta hadisəsi də baş verəndə həmin fondun vəsaitlərindən götürüb əmanətləri qaytarmalıdır. Hazırda sığortaçı ilə sığortalı arasında olan münasibətləri düzgün tənzimləmir.
Bankın aktivləri hesabına sığorta ödənişləri həyata keçirildiyinə görə sığortasız əmanətləri, sahibkarların bankda olan vəsaitini qaytarmaq imkanı məhdudlaşır və bir çox həmin pullar batır. ƏSF bu pulların batmasında iştirak edir. Əgər ƏSF sığortalanan əmanətləri aktivlərin hesabına yox, sığorta haqları hesabına yığılan vəsait hesabına qaytarsaydı, sığortasız əmanətçi və sahibkarlar da pullarını alardı.
ƏSF-nin həm sığortaçı, həm də ləğvedici olması 2 müxtəlif maraqların konfliktini əməli gətirir. Bu konflikti aradan qaldırmaq üçün qanun dəyişməlidir. Həmçinin, ƏSF-nin nizamnaməsi dəyişdirilməlidir və o, bazar iqtisadiyyatına uyğun formalaşdırılmalıdır. O, faktiki olaraq sığortaçı təşkilat deyil, əslində ləğvedici orqandır.
Hal-hazırda əmanətlərin sığortalanmasını özəl sığorta şirkətləri həyata keçirə bilmir. Çünki Mərkəzi Bankın davranışlarını heç kim proqnozlaşdırmaq imkanına sahib deyil. Buna görə də əmanətlərin sığortalanmasını dövlət öz üzərinə götürüb və bu məqsədlə ƏSF adında sığorta təşkilatı yaradıb. İstənilən halda dövlət ƏSF formasında sığorta təşkilatı yaratsa da bu qurum bazar prinsiplərinə əməl etməlidir”.
Ekspert düşünür ki, əmanətlərin sığortalanması üçün faiz limiti müəyyən edilməməlidir: “İmkan verilməlidir ki, banklar istədikləri faiz dərəcələri ilə əmanət cəlb etsin. Bankların hər hansı birinin likvidliyi pozularsa, risk yaradarsa, Mərkəzi Bank həmin bankın əmanətlərin qəbulu ilə bağlı lisenziyasını geri ala bilər.
ƏSF faizlərə limit qoymalı deyil. Limit müəyyən etmək sığorta təşkilatının səlahiyyəti çərçivəsində olan məsələ deyil. Banklar istədiyi faizlə əmanət qəbul edə bilməli və həmin əmanətlər sığortalanmalıdır. Əgər bankın vəziyyəti risklidirsə, ƏSF həmin bankda olan əmanətlərin sığortalanmasını dayandırmalıdır. Bunu da obyektiv şəkildə, bankın maliyyə hesabatları əsasında  əsaslandırmalıdır.
ƏSF əmanət faizlərini müəyyən etməkdə banklara sərbəstlik verməli, hər bank üzrə sığorta dərəcəsi müəyyənləşdirilməlidir, ƏSF bununla bağlı məlumatı saytında yerləşdirməlidir, saytda həmçinin hansı bankdakı əmanətlərin sığortalanmadığı göstərilməlidir, bundan sonra əmanətçilərin özü əmanət yerləşdirdiyi bankı müəyyənləşdirəcək. Əmanətçi istəsə ƏSF-nin özü ilə də birbaşa müqavilə bağlamaq imkanına sahib olmalıdır, eyni zamanda əmanətçi istəyinə uyğun olaraq əmanətini sığortalamaya da bilər. Çünki sığorta əlavə haqdır və əmanətçi sığortadan imtina etməklə həmin haqqı özünə götürəcək.   
Hazırkı qaydalarla sığorta haqqını banklar üzvlük haqqı şəklində ödəyir. Banklar üçün maraqlı deyil ki, onlar iflas olduqda əmanətçi pulunu ala bilib, yoxsa yox.
Bankların əmanətlər üzrə faiz dərəcələrini qaldırması sonsuz şəkildə baş verə bilməz. Çünki faizlər banklar üçün xərc olduğundan banklar faizlərin daha çox artmasında maraqlı olmayacaq.
Bank riskinin aşağı düşməsi üçün öz likvidliyini daha çox artırmağa çalışacaq. Likvidliyin həddən çox artırılması bank üçün səmərəli deyil. Bank cəlb etdiyi vəsaitlər hesabına kreditlər verməlidir ki, öhdəliyini icra edə bilsin. Digər tərəfdən kreditləri verən zaman özünün risk səviyyəsini aşağı tutmağa çalışacaq”.
Ekspert hesab edir ki, hazırkı situasiyada ƏSF bankların bağlanmasında maraqlı tərəf kimi görünür. Onun sözlərinə görə, vəziyyəti dəyişmək üçün hökmən ƏSF yenidən təşkil edilməlidir: “Yeni qanun və nizamnamə qəbul edilərək ƏSF yenidən təşkil edilməlidir. Qanunda ƏSF-nin ləğvedici kimi rolu olmamalıdır. Ləğvedici hüququ başqa təşkilatlara verilməlidir. Həmin təşkilatların da bankın aktivlərinə əl qoymaq hüququ olmamalıdır. ƏSF-nin nizamnaməsində göstərilməlidir ki, bank iflas olduqda əmanətlər fondun vəsaiti hesabına qaytarılacaq”.


Hiç yorum yok:

Yorum Gönder