8 Temmuz 2020 Çarşamba

Rövşən Ağayev: "Hökumət nəhayət gerçək islahatlara başlamalıdır"


Sərt karantin rejiminin ikinci mərhələsi bir sıra problemlərlə davam etməkdədir. Həm hökumətin qərarlarında, həm də vətəndaşların davranışlarında müşahidə olunan qüsurlar vəziyyətin daha da qəlizləşməsinə səbəb olub. "İqtisadi forum" ekspert qrupunun üzvü, iqtisadçı Rövşən Ağayev prosesin ilk günlərindən məsələ ilə bağlı məlumatlandırıcı, izahedici məlumatlar paylaşmaqla yanaşı, karantin rejimindən daha az itkilə çıxmaq üçün təkliflərini də əsirgəməyib. Ekspert AFN-ə müsahibəsində də bir xeyli maraqlı təkliflərlə çıxış edib.



- Rövşən müəllim, karantin tədbirlərini necə dəyərləndirirsiniz? Sizcə, hökumət operativ davrana bildimi?

- Hökumət situasiyaya adekvat qərarlar verə bilmir. Söhbət ondan gedir ki, çox ciddi şəkildə biznesin, ev təsərrüfatlarının itkiləri var. Yəni hökumət yalnız aprel-may aylarında biznesə çox kiçik şəkildə yardımlar göstərməklə və müəyyən vergi güzəştləri verməklə işini bitmiş saydı. Sanki itkilər aprel-mayda olacaq, sonra hər şey qaydasına düşəcək. Ancaq sonra məlum oldu ki, iyun ayında da məhdudiyyətlər davam edir, daha sonra iyul ayında karantin yenidən daha da sərtləşdirildi. Amma biz gördüyümüz səhnədə faktiki olaraq iqtisadiyyatın aldığı itkilərə adekvat deyil alınan qərarlar. Ola bilər ki, müəyyən fəaliyyət növlərinin fəaliyyətinə icazə verilir, amma iqtisadiyyatın inkişafı ümumi şəkildə dayanırsa, ev təsərrüfatlarının, insanların qazancı azalırsa, aydın məsələdir ki, bu işləyən biznesin özünə də təsir edir. İqtisadiyyatda bütün subyektlər bir-birindən qidalanır. Biznesin ayaqda qalması üçün gərək ev təsərrüfatlarının yaxşı qazancı olsun, bunun üçün də iş yerləri olmalı, biznes yaxşı çalışmalıdır. Hökumət bu əlaqənin davam etməsi üçün az bir miqdarda vəsait ayırmaqla işini bitmiş sayır. Lakin hökumət hesab edir ki, insanlar da, biznes də özünün bütün ehtiyatlarını xərcləməli, böhrandan necəsə çıxmalıdır, amma hökumətin ehtiyatlarına toxunulmamalıdır. Bu cür yanaşma iqtisadiyyatı iflasa aparar. Dövlət, hökumət biznesin, ev təsərrüfatlarının çiynində mövcuddur. Bunların iflasını biz devalvasiyada gördük. Ev təsərrüfatlarının büdcəsində fakti olaraq 3 il ərzində qənaət mənfi oldu. Çünki insanların xərcləri çoxaldı, gəlirləri aşağı düşdü, nəticədə məcbur olub əvvəlki illərdə yığdıqlarını yeməyə, bu da tükənəndən sonra borca girməyə başladılar. Bunu mən demirəm, rəsmi statistika deyir. Biznes də böyük çətinlik çəkdi, düzdür, hökumətin müəyyən dəstəyi oldu, amma nəticə ondan ibarət oldu ki, yenə biz pandemiya dövründə eyni durumla rastlaşdıq. Hökumət üzvləri 3,5 milyardlıq dəstək paketindən danışırlar, amma hələ ki, heç kim o paketin içini açıb ortaya qoymayıb. Biz onu görürük ki, 190 manat verildi iki ay 600 min insana, bir ay da 280 min insana veriləcəyini deyirlər, biznesə müəyyən yardım olundu, hansı ki, çox az – 500-600 manatdan 3-4 min manata qədər bir sahibkara pul ödəyirdilər. İtkilərin müqabilində bu, çox az idi. Özü də birdəfəlik oldu. Bir də işini itirmiş muzdlu işçilərə cüzi bir məbləğ ayrıldı, o da sahibkarlara yönəldildi. Yəni bunları üst-üstə toplayanda söhbət 600-700 milyon manatlıq bir dəstəkdən gedir. Hətta kasıb Gürcüstan vətəndaşlarına kommunal ödənişlərdə də güzəşt etdi, bizdə isə olmadı. Sözüm odur ki, birinci mərhələdən hökumət yetərincə üzüağ çıxmadı.

- İcazələrin verilməsində yeni qaydalar tətbiq olunur. Siz də narazısınız bu məsələdən. Hansı problemlər var?

- Məsələ ondadır ki, münasibətlərin tənzimlənməsi mərhələsində də proseslər hamar getmədi. Karantin sərtləşdirildi, qaydalar müəyyənləşdirildi, hərəkət məhdudiyyət qoyuldu. Məhdudiyyət gətirən biznesi başa düşdük, tutaq ki, ticarət mərkəzləridir, kafe-restoranlardır, hərçənd hökumət bu obyektlərə hansı dəstəyin veriləcəyini açıqlamır, anlaşılandır bunlara məhdudiyyət gətirilməsi. Bir də var məhdudlaşdırılmayan fəaliyyət sahələri. İki gündür (müsahibə iki gün əvvəl götürülüb-red.) məlum olur ki, misal üçün fəaliyyəti məhdudlaşdırılmır, kodu da icazə verilənlər siyahısındadır, amma elektron xidmət iki gündür ki, fəaliyyətinə icazə verilən insanların icazəsini avtomatik olaraq ləğv edir. Belə çıxır ki, elektron sistem NK-nın qərarı ilə təsdiqlənmiş siyahını tanımır. Bu, onu göstərir ki, proses idarə olunmur. Elektron sistem də insan idarə edir. Deməli, insan amili orada hansısa qüsurlu yanaşma tətbiq edib. 195-ə zəng edirsən aidiyyatı düymə yoxdur, bu şikayəti etmək üçün müraciət mümkün deyil. Olsa da, 195 saatlarla telefona cavab vermir. Prosesin düzgün qurulmaması onu göstərir ki, bizim idarəetməmiz böhran vəziyyətinə hazır deyil.

- Birinci karantin dönəmində sanki işlər rəvan gedirdi. Əsas problem 190 manatı almaq üçün müraciətlə bağlı idi. İkinci dəfə sərt karantin tətbiqində isə narazılıq edilən məqamlar çoxdur...

- Problemlər onda da çox olurdu, sadəcə insanların səbri hələ tam idi. Prosesin çox uzanması problemlərin artmasına səbəb oldu. İkinci dönəmdə məsələn, biznes tamamilə yaddan çıxdı. Birinci dönəmdə heç insanların ölkə ərazisinda fəaliyyətinə də məhdudiyyətlər qoyulmamışdı. Psioxoloji baxımdan bu, çox ciddi təsir göstərir. Hökumət birinci karantin dönəmində kimin rayon qeydiyyatı varsa rayona getməyinə qadağa qoymamışdı. Amma indi deyirlər qeydiyyatı olan da, olmayan da buraxılmır. Bilirsiniz ki, Azərbaycanda ikili sakinlik mövcuddur. İnsanların böyük əksəriyyətinin həm kənddə, həm şəhərdə mülkü mövcuddur. Ölkə qanunvericiliyinə əsasən bir yerdə qeydiyyat məcburidir, amma çox yerdə mülkün ola bilər. Həm Bakıda həm rayonda mülkü olan adamlar var, qış aylarında burda olur, yayda rayonda, yaxud rayonda da iş qurub, Bakıda da, gəlib-getməlidir, həmin adamlar üçün problem yarandı. Mənə elə gəlir ki, ikinci dönəmdə qaydaların daha sərt olması, biznesə yardımların kəsilməsi, texniki baxımdan yaranan idarəolunmazlıq problemlərin artmasına səbəb oldu. Görünür, vaxt uzandıqca insanların da səbri tükənir, narazılıqlar artır, idarəetmədə peşəkarlıq da uzunmüddətli davam gətirməyə imkan vermir.

- Karantin dönəmində kommunal xidmət göstərən qurumların fəaliyyətini necə dəyərləndirirsiz? Problemlərin çoxalması müşahidə edilir, narazılıqlar artır...

- Şübhəsiz ki, idarəetmə komplektdir, vahiddir. Nəzərə alın ki, bizim kommunal sektor tamamilə dövlətin mülkiyyətində və inhisarındadır. Özəl sektorda olsaydı bir qədər fərqli situasiya olardı, keyfiyyət olardı. Dövlət idarəetməsində hansı problemlər varsa eyni problemlər o xidmətlərdə də mövcuddur. Nə qədər ki, Azərbaycanda kommunal xidmət sektorunda liberallaşma getməyib və bu xidmətlər dövlətin monopoliyasındadır, eyni zamanda istehlakçı ilə xidmət göstərən şirkətlər arasındakı münasibətlər bərabərhüquqlu müqavilə münasibətlərinə əsaslanmır vəziyyət bu cür davam edəcək. İndiki halda birtərəfli qaydada kommunal xidmətləri göstərən şirkətlərin hər cür hüququ var, vətəndaşın isə yalnız vəzifələri mövcuddur. Məsələn, internet xidmətində “Aztelekom”a hüquq verilib ki, ayın 5-i çatanda birtərəfli qaydada xidmət alan müştərinin internetini kəssin. Bunu, qanun hüquq kimi tanıyır müqavilədə. Amma 1 gün, 2 gün mənim internetimi kəsirlər, üzərimə də vəzifə qoyurlar ki, pulu ödəməlisən. Mənim hüququm odur ki, 1 saat da olsa internetim kəsilməsin, kəsilsə də kompensasiya olunsun. Çünki mən aylıq ödəyirəm, saata vuranda 30 günə 720 saat edir, o 1 saat internetimi verə bilmirsə mənə kompensasiya ödənməlidir. Amma müştəriyə bu hüquq tanınmır. Eləcə də elektrik enejisi, ödənişin vaxtı 1 gün keçən kimi gəlib enerjini kəsirlər, amma bir neçə saat mənə elektrik enejisi verilməyəndə heç bir kompensasiya olmur. Digərləri də onun kimi. Bütün hüquqlar şirkətlərə aiddir, xidmət alan isə dinməz-söyləməz tabe olmalıdır.

- Özəl sektorun fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, bu dövrdə dövlətin və vətəndaşın yanında olmağı bacardımı bu sektor?

- Açığı, mən liberal iqtisadçıyam. O cür çağırışları doğru saymıram. Özəl sektorun bir marağı var: mənfəət. Mən restoran sahibinə deyə bilmərəm ki, sən dövlət maraqları güdməlisən. Amma əlbəttə restoran sahibi ictimai maraqlara qulluq edir: keyfiyyətli yemək bişirir, insanların qidalanmasına yardım edir. Bütün biznes belədir. Dövlət bu gün hamıdan güclüdür. Dövlətin bu dəqiqə əlində olan ehtiyatların həcmi biznesin və ev təsərrüfatlarının əlində olan ehtiyatlardan çoxdur. Bank hesablarına baxın, biznes depozitlərinə, vətəndaşların depozitlərinə baxın və dövlətin əlində olan ehtiyatlara baxın. Şübhəsiz ki, əgər bir o mərhələyə çatsaq ki, dövlətin bütün ehtiyatları tükənsin, o zaman mən də deyərəm ki, biznes də, vətəndaş da birləşib dövlətə dəstək olsun. Bu gün dövlət özünün bütün ehtiyatlarını, resurslarını qorumaq istəyir, böhrandan insanları çıxarmağa daha az vəsait xərcləyir, hesab edir ki, biznesin, vətəndaşın bütün ehtiyatları tükənməlidir. Bu, bütün iqtisadi qanunauyğunluqlara ziddir. İqtisadiyyat siyasəti sevmir. Biznesin şəxsi marağı qorunmayan ölkədə dövlət və dövlətçilik olmaz. Mülkiyyət hüququ ən ali, ən müqəddəs hüquqdur. Biznesin mülkiyyət hüququ qorunmayan ölkədə biz hesab etsək ki, dövlətçiliyimiz qorunacaq, bu yanlış yanaşma olar. Bəzən deyirlər neçə ildir dövlət biznesə göz yumub, indi biznes dövlətə kömək etməlidir. Göz yummayaydı, niyə yumurdu? Dövlət vaxtında şərait yaradaydı bazarda daha çox şirkət olaydı, vergisini yığaydı, bu gün möhtac qalmazdı. Bu gün Azərbaycanda 2 milyon ailə təsərrüfatı var, təxminən 800 min də biznes var. Təsəvvür edin, ailə təsərrüfatının hərəsinin bank hesabında yüz min dollar, biznesin də hər birinin 2 milyondan tutmuş 200-300 milyonadək pulu var, bu cəmiyyət necə cəmiyyət olardı? Təbii ki, heç nəyə, heç kimə ehtiyacı olmazdı, o ehtiyatlar hesabına ayaqda qalardı. Bu gün Azərbaycanda hər 5 ailədən birinin heç depoziti yoxdur, hər 5 biznesdən 4-ü müflis vəziyyətindədir. Bunun günahkarı hökumətdir, idarəetmədir. Bütün sərvətləri kiçik bir qrupun əlində cəmləşdirəndən sonra biznesdən dəstək gözləmək yersizdir. Ona görə də biznesdən çox mənim üçün hökumətin davranışlarını qiymətləndirməkdir. Bir şeyi də nəzərə alın ki, bugünkü biznes 2015 devalvasiyasından sonra hələ də özünə gələ bilməyən biznesdir.

- Bəs bu pandemiyadan sonra sizcə nə qədər çəkəcək biznesin özünə gəlməyi? Ümumiyyətlə, bizi nə gözləyir postpandemiya dövründə?

- Pandemiyadan sonra əlbəttə ki, situasiya yenə neftin dünya bazar qiymətindən asılı olacaq. Çünki bilirsiniz ki, bizim iqtisadiyyatımız neftdən asılıdır. Neftin qiyməti aşağı olsa, ölkədə tədiyyə balansının kəsiri qorunub saxlansa bizim üçün yaxşı olmayacaq. Neftin qiymətinin indiki səviyyədə olması belə bizim üçün sərfəli deyil, neft 40 dollardan aşağı olacaqsa, makroiqtisadi sabitlik üçün təhlükə olacaqsa, bərpa bizim üçün daha uzun çəkəcək. Amma əlbəttə, neftin qiyməti bərpa olunacağı halda dövlət sektoru bir qədər özünə gəlsə, əsas problem ev təsərrüfatlarının və biznesin olacaq. Burada da bərpanın nə qədər sürətli getməsində əsas məsələ hökumətin davranışlarıdır. Yəni postpandemiya dövründə biznesi və vətəndaşları ayaqda saxlamaq üçün onların gəlirlərini artıraraq, ölkədə istehlak tələbini stimullaşdıraraq, iqtisadi inkişafı sürətləndirməklə bağlı verəcəyi qərarlardan asılı olacaq. Əgər hökumət pandemiya dövründə buraxdığı səhvləri, yanlış idarəetməni, qərarlardakı ləngimələri postpandemiya dövründə də davam etdirəcəksə, əlbəttə o proses daha çox uzanacaq. Hökumət artıq gerçək islahatlara başlamalıdır. Kadr dəyişikliyi islahat deyil. Məsələn, icra başçılarının dəyişildiyi rayonlarda insanlardan soruşun görün həyatlarında nə dəyişib? Çox az dəyişiklik var. Ola bilsin ki, insanlardan çağırıb pul istəmirlər, amma geniş mənada, rayon iqtisadiyyatını dirçəltmək, iqtisadi münasibətlər sistemini dəyişmək üçün heç nə dəyişməyib. Çünki köhnə asılılıq münasibətləri qalıb. Dayanıqlı inkişaf istəyiriksə, hökumət bütün mənalarda islahatlara getməlidir.

AFN.az-a verilən müsahibənin linki:

Hiç yorum yok:

Yorum Gönder