29 Temmuz 2020 Çarşamba

İnqilab Əhmədov: "Neft gəlirlərindəki azalmanı qaz gəlirlərlərindəki artım əvəzləmək imkanına sahib deyil"



2020-ci ilin sonunda TAP layihəsinin işə düşməsi ilə Cənub Qaz Kəməri tam gücü ilə işləməyə başlayacaq və Azərbaycandan qaz ixracı xeyli artacaq. Proqnozlara əsasən, Avropaya qaz ixracının başlanması hesabına 2021-ci ildən Azərbaycan böyük gəlir əldə edəcək.
Qaz gəlirlərinin artması neft satışından əldə edilən gəlirlərin azalması fonunda baş verəcək. Bəs, qaz gəlirlərindəki artım neft gəlirlərindəki azalmanı kompensasiya edə biləcəkmi?  
2020-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yatağından 2,206 milyard dollar gəlir əldə edilib. “Şahdəniz” yatağından (kondensatla birgə) gəlir isə 197 milyon dollar olub. Bunun 131 milyon dolları kondensat satışından əldə edilib.
Qaz gəlirlərindəki artımın neft gəlirlərindəki azalmanı kompensasiya etmək imkanlarını şərh edən "İqtisadi Forum" ekspert qrupunun üzvü, professor İnqilab Əhmədov bildirdi ki, neft gəlirlərindəki azalmanı qaz gəlirlərlərindəki artım əvəzləmək imkanına sahib deyil. Onun sözlərinə görə bunun bir neçə səbəbi var və əsas səbəb neftin renta dəyərinin daha yüksək olmasıdır. “Neftin bazar qiyməti ilə maya dəyəri arasındakı fərq dəfələrlə çoxdur. Buna görə də ümumi gəlirlərdə neft gəlirlərinin yerini qazdan əldə edilən gəlirlər verə bilmir”, - deyən İ.Əhmədov Azərbaycanın qaz layihələrində maraqlı proseslər müşahidə edildiyini də söylədi. O qeyd etdi ki, qaz satışından əldə edilən gəlir gözlənildiyindən də azdır: “Bizim layıhələrdə nə cür əksini tapıbsa, gəlirliliyimiz qazın renta gücünə uyğun olaraq əldə edilmir. Fikrimcə, qaz gəlirlərimiz daha çox olmalı idi. Son illərdə “Şahdəniz”dən əldə etdiyimiz gəlirlərimiz il ərzində ən yaxşı halda bir neçə yüz milyon dollar təşkil edib. Neftdən əldə edilən gəlirlər fonunda qaz satışından daxil olan gəlirlər olduqca azdır. Bu da çoxlu səbəblərlə, o cümlədən layihələrdəki şərtlərlə bağlıdır”.
Həmsöhbətimiz vurğuladı ki, son illərdə neftin dəyərdən düşməsi, pandemiya ilə əlaqədar daha da ucuzlaşması neftdən çox qazın qiymətinə mənfi təsir göstərib: “Qazın qiyməti neftin qiyməti ilə əlaqəlidir. Hətta əvvəllər qaz satışı müqavilələrini bağlayanda neftin qiyməti nəzərə alınırdı. Sonrakı dövrlərdə müqavilələrdə neft qiymətlərindən asılılıq aradan qaldırıldı. Amma buna baxmayaraq yenə də qaz satışı müqavilələri bağlananda neftin qiyməti nəzərə alınır”.
İ.Əhmədov müxtəlif səbəblərin təsiri ilə qaz bazarlarında konyukturanın qaz ixrac edən ölkələr üçün əlverişli olmadığını və bu vəziyyətin uzun müddət qala biləcəyini söylədi: “Son illərdə qaz qiymətlərinin enməsinin bir səbəbi də maye qaz (LNG) satışlarının artmasıdır. Qaz artıq mobil əmtəəyə, daşına bilən əmtəəyə çevrilib. Qaz ixracında bazarın yaxın olması önəmli məsələdir. Azərbaycana ən yaxın və əlverişli bazar Avropa bazarıdır. Avropada qazın qiyməti ilə bağlı konyuktura qaz ixrac edən ölkələr üçün olduqca əlverişsizdir. Rusiyanın ən böyük qaz şirkəti “Qazprom”un Avropada milyardlarla dolar dəyərində itkiyə uğrayıb.  
Mövcud vəziyyət qaz gəlirlərinin yüksək olmayacağından xəbər verir və bunu indidən nəzərə almalıyıq. Yaxın illərdə, baxmayaraq ki, “Şahdəniz-2” və Cənub Qaz Kəməri tam gücü ilə işə salınacaq, ən yaxşı halda karbohidrogen gəlirlərinin şaxələnməsindən danışa bilərik. Ancaq biz heç bir halda ölkəyə son illərə qədər 10 milyardlarla dollar gəlir gətirən və hazırda gəliri 10 milyard dollardan da aşağı düşən neft gəlirlərinin qaz gəlirləri ilə əvəzlənməsinə nail ola bilməyəcəyik. Qaz gəlirlərində pik dövr 2023-2024-cü illərdə olacağı gözlənilir. Həmin illərdə xalis gəlirin bir neçə milyard dollar olacağı proqnozlaşdırılır. Bu məbləğ neft gəlirlərində azalan hissəni nəinki tam, hətta yarıya qədərini kompensasiya edə bilməyəcək”.

Hiç yorum yok:

Yorum Gönder