2 Temmuz 2020 Perşembe

“İqtisadi Forum” Ekspert Qrupu Maliyyə Nazirliyinin dövlət şirkətlərinə müraciətini müzakirə edib




2020-ci il iyulun 1-də “İqtisadi Forum” Ekspert Qrupunun ZOOM konfransı formatında növbəti görüşü keçirilib. Görüşdə ekspertlər Sabit Bağırov, Rasim Həsənov, İnqilab Əhmədov, Azər Mehtiyev, Rövşən Ağayev, Samir Əliyev, İlkin Qarayev, Vahid Məhərrəmov iştirak edib.

Konfransda Maliyyə Nazirliyinin dövlət şirkətlərinə 2020-ci ilin iyunun 29-da ünvanladığı müraciət, ekspert qrupu tərəfindən icra edilən layihələrdəki vəziyyət, dövlət şirkətlərində korporativ idarəetmənin tətbiqinin gecikməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın aparıcısı S.Bağırov qeyd etdi ki, Maliyyə Nazirliyi iyunun 29-da paylarının (səhmlərinin) 51 faizi və daha artıq hissəsi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlərinə, məhdud məsuliyyətli cəmiyyətlərinə müraciət edib. Müraciətdə dövlət şirkətlərindən 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-dək Maliyyə Naziriyinə təqdim etmələri tələb olunur. Dövlət şirkətlərinə qarşı belə bir müraciət Nazirlər Kabinetinin 2019-cu ilin iyunun 4-dəki Qərarı ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycan prezidenti 2016-cı ilin sentyabrın 5-də “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Nazirlər Kabineti dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi qaydasını, dövlət şirkətlərinin korporativ idarəetmə qaydaları və standartlarını, dövlət şirkətlərinin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi qaydasını təsdiq edib.

Görüş iştirakçıları qeyd edilən məsələ ilə bağlı öz fikirlərini ifadə ediblər. Ekspertlər bildirdilər ki, bir sıra hallarda yaxşı qərarlar qəbul edilsə də sonradan onların icrası səngiyir, səmərəsiz nəticələr verir.

Dövlət şirkətlərində korporativ idarəetmə ilə bağlı normativ hüquqi aktlar qəbul olunmasına baxmayaraq həmin qərarların tələblərinin həyata keçirilməsini də buna bir misaldır.

Normativ aktlarda dövlət şirkətlərinin korporativ idarəetməyə keçidinə dair ümumi tələblər olsa da konkret müddət müəyyənləşdirilməyib. Ekspertlər hesab edir ki, korporativ idarəetmənin təmin edilməsi prosesini sürətləndirmək məqsədilə normativ hüquqi sənədlərdə keçid müddəti müəyyənləşdirilməlidir.

 



Hiç yorum yok:

Yorum Gönder